Məqsəd Türkiyə ictimaiyyətinin “Xocalıya ədalət!”

kampaniyasına daha fəal qoşulmasına nail olmaqdır

 

AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadənin rəhbərliyi ilə respublikanın tanınmış filosof və hüquqşünaslarından ibarət bir qrup mütəxəssisin Türkiyəyə bir həftəlik işgüzar elmi səfəri uğurla başa çatmışdır.

 

 Nümayəndə heyətinə Fəlsəfə və Hüquq İnstitutu direktorunun müavini, hüquq elmləri doktoru, professor Bəhram Zahidov, şöbə müdiri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, Milli Aviasiya Akademiyasının dekanı, hüquq elmləri doktoru Aydın Qasımov və Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru, dosent Mübariz Yolçiyev daxil idi. Səfərin əsas məqsədi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət!” kampaniyasına dəstək olmaq, Türkiyənin təhsil və elm müəssisələrinin nümayəndələrini bu işə səfərbər etmək, eyni zamanda, daşnakların cidd-cəhdlə 100-cü ildönümünü dünya səviyyəsində keçirməyə çalışdıqları uydurma erməni soyqırımının əsl mahiyyətini elmi əsaslarla və tarixi faktlarla açmaq və bunları Türkiyə ictimaiyyətinə çatdırmaq idi. Səfər zamanı AMEA rəhbərliyinin beynəlxalq elmi əməkdaşlığın dərinləşməsinə dair tələblərinə uyğun olaraq, Türkiyə və Azərbaycan alimlərinin elmi əlaqələrinin genişləndirilməsinə də xüsusi diqqət yetirilmişdir.

Əvvəlcədən razılaşdırılmış plana uyğun olaraq, nümayəndə heyəti qədim tarixə malik İstanbul Universitetinin ədəbiyyat və ilahiyyat fakültələrində, din fəlsəfəsi kafedrasında alim və tədqiqatçılarla görüş keçirmiş, fəlsəfənin tədrisi və təcrübi olaraq tədqiqi ilə bağlı fikir mübadilələri aparmışlar. Görüşdə İstanbul Universitetinin ilahiyyət fakültəsinin dekanı, professor, dr. Murteza Bedir, İslam elmləri kafedrasının müdiri, professor  dr. Hidayet Aydar, Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə ortaq fəlsəfi problemlərin tədqiqinin aktuallığı barədə məruzələr etmiş və fikir mübadiləsi aparmışlar. Görüşdə Xocalı soyqırımının dünyada tanınmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət!” kampaniyasının mühüm əhəmiyyəti barədə ətraflı məlumat verilmiş, Türkiyə alimlərinin və tələbələrinin də fəal şəkildə bu kampaniyaya qoşulmasının vacibliyi vurğulanmışdır.

İstanbul Yıldız Texniki Universitetinin ədəbiyyat fakültəsinin fəlsəfə sektorunda Xocalı soyqırımı və Türkiyə ərazisində guya 100 il bundan əvvəl baş vermiş “erməni soyqırımı”na dair “dəyirmi masa” keçirilmiş, bu sahədə Azərbaycanda aparılan tədqiqatlar haqqında geniş məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyasının dərin ictimai-siyasi və mənəvi-əxlaqi əhəmiyyəti vardır. Belə tədbirlər Qərbdə, ABŞ-da, Avropada dəstəklənməklə yanaşı, kampaniyaya qoşulanların sayı ildən-ilə artmaqda və genişlənməkdədir. Görüşdə çıxış edən fəlsəfə sektoru müdirinin müavini, professor, dr. Şengül Çelik, görkəmli filosof, professor, dr. Caner Taslaman fəlsəfə və hüquq elmləri sahəsində kadrların hazırlanmasında elmi əməkdaşlığın vacibliyini vurğulamış və belə işgüzar görüşlərin təcrübi olaraq həyata keçirilməsinə xüsusi önəm verilməsinin əhəmiyyəti barədə danışmışlar.

Ankara şəhərində fəaliyyət göstərən, əsası 1926-cı ildə qoyulmuş və Türkiyənin ən böyük universitetlərindən biri olan Qazi Universitetində keçirilən elmi konfransda universitetin rektoru, tanınmış alim və elm təşkilatçısı, professor dr. Süleyman Büyükberber iştirak etmişdir. Konfransda professor İlham Məmmədzadə Dağlıq Qarabağ münaqişəsinin siyasi aspektləri haqqında məlumat vermiş və münaqişənin illərlə uzanmasının Azərbaycanın dinamik inkişafına və iqtisadiyyatına müəyyən qədər ziyan vurduğunu bildirmişdir. Natiq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyasının artıq beynəlxalq tədbirə çevrildiyini qeyd edərək, oxşar problemlərin dünyaya çatdırılmasında böyük və nüfuzlu dövlət olan Türkiyə Respublikasının rəhbərlərinin rolunu xüsusi vurğulamış və bu kampaniyaya qoşulmağın vacib olduğunu bildirmişdir.

Konfransda Qazi Universiteti dövlət və hüquq nəzəriyyəsi kafedrasının müdiri, professor, dr. İlyas Doğan, hüquq fakültəsinin konstitusiya hüququ kafedrasının müəllimi, dr. Erdal Abdulhakimoğulları, habelə nümayəndə heyəti üzvlərindən: professor Bəhram Zahidov “Xocalı soyqırımı: hüquqi baxış”,  professor Habil Qurbanov “20 Yanvar faciəsi: Xocalı soyqırımına gedən müdhiş yol”, hüquq elmləri doktoru Aydın Qasımov “Rus imperiyasının Qafqaz siyasəti və ermənilərin Dağlıq Qarabağa köçürülməsi”, dosent Mübariz Yolçiyev “Sumqayıt hadisələri və Xocalı soyqırımı” mövzularında geniş məruzələrlə çıxış etmişlər. Tələbə və müəllimlər qonaqlara çoxsaylı suallar vermiş, Azərbaycan-Türkiyə elmi əlaqələrinin genişlənməsini arzu etmişlər. Konfransdan vəcdə gələn şair Hanifi İşık “Azərbaycan” şeirini söyləmişdir.

Səfər zamanı Qazi Universitetinin ədəbiyyat fakültəsində filosoflarla ayrıca görüş keçirilmiş, əməkdaşlığın və kadr hazırlığının birgə aparılmasına, müştərək konfransların, “dəyirmi masa”ların, jurnal nəşrinin vacib və aktual olmasına dair təkliflər irəli sürülmüşdür. Sonda qonaqlara yadigar olaraq Qazi Universitetinin simvolu olan qızıl döş nişanları təqdim edilmişdir.

Ankara Strateji Araşdırmalar İnstitutunda keçirilən tədbirdə görkəmli alimlər və tədqiqatçılar iştirak etmişlər. Konfransda Xocalı soyqırımı və Türkiyə ərazisində uydurma erməni soyqırımının hüquqi, fəlsəfi və siyasi aspektlərinə dair geniş müzakirələr aparılmışdır.

Ölkə rəhbəri cənab İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş prinsip və şərtlərinə müvafiq olaraq həll edilməsi sahəsindəki gördüyü genişmiqyaslı tədbirlərdən danışan Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə, qardaş Türkiyə rəhbərliyinin, xüsusilə hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın, Baş nazir Əhməd Davudoğlunun səylərini yüksək qiymətləndirmişdir.

Hüquq elmləri doktoru, professor Bəhram Zahidov uydurma erməni soyqırımı ilə bağlı AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda, Tarix İnstitutunda, Ədəbiyyat İnstitutunda geniş tədqiqatlar aparıldığını, beynəlxalq konfranslarda tədqiqatların nəticələri barədə məruzələr edildiyini vurğulamışdır. Strateji Araşdırmalar Mərkəzinin prezidenti, professor, dr. Mehmet Özcan konfransdan və məruzələrdən məmnun qaldığını bildirmiş, siyasi və hüquqi problemlərə dair birgə tədbirlərin keçirilməsini vacib saymışdır. Qeyd edilmişdir ki, Azərbaycanın müstəqil dövlətlər sistemində, o cümlədən Rusiya Federasiyasında, Qazaxıstanda, Ukraynada, Belarusda əlaqələrindən istifadə edilərək Türkiyə ərazisində “erməni soyqırımı”nın əsl mahiyyəti haqqında həqiqətlərin dünyaya çatdırılmasında, eləcə də Qarabağ münaqişəsinin və Xocalı soyqırımının Türkiyənin sıx əlaqədə olduğu Avropa ölkələrində — Almaniyada, İtaliyada, Fransada və başqa ölkələrdə diqqətə çatdırılması sahəsində əməkdaşlıq və elmi əlaqələrin genişləndirilməsi çox vacibdir. Konfransın sonunda dinləyiciləri maraqlandıran suallara cavablar verilmiş və qonaqlara hədiyyələr təqdim edilmişdir.

Qaziantep şəhərindəki Zirvə Universitetində keçirilən konfransda Xocalı soyqırımı zamanı və ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsində həlak olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra konfrans öz işinə başlamışdır. Konfransın işi universitet televiziyası ilə translyasiya edilmişdir. İlham Məmmədzadə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyasına dair tamaşaçıları maraqlandıran suallara cavablar vermişdir. Konfransda Bəhram Zahidov “Xocalı soyqırımı: sülh və insanlıq əleyhinə cinayət kimi”, Habil Qurbanov “Dağlıq Qarabağ münaqişəsinin hüquqi nəticələri”, Aydın Qasımov “Ermənilərin Qarabağa köçürülməsinin tarixi zəminləri və hüquqi nəticələri”, Mübariz Yolçiyev “Sumqayıt hadisəsi erməni seperatizminin tərkib hissəsi kimi” mövzularında çıxış etmişlər. Konfrans haqqında Qaziantep televiziyası ilə məlumatlar verilmişdir.

Kayseri şəhərindəki Melikşah Universitetinin geniş dəhlizində türklərə qarşı həyata keçirilən qətliamlara – Xocalı soyqırımına, Axıska türklərinin doğma vətənlərindən qanunsuz olaraq köçürülməsinə, uyğurlara qarşı aparılan zorakılıq hərəkətlərini əks etdirən şəkillərdən ibarət geniş sərgi təşkil edilmişdir. Universitetin akt zalında “Xocalıya ədalət!” kampaniyasına dəstək məqsədilə keçirilən konfransı və anım mərasimini rektor, professor, dr. Mahmut D. Mat açmış və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Türkiyənin və Azərbaycanın dövlət himnləri konfrans iştirakçıları tərəfindən ayaq üstdə dinlənilmişdir. Universitetin rektoru öz məruzəsində Məlikşah Universiteti ilə Fəlsəfə və Hüquq İnstitutu arasında iki ildən çox davam edən elmi əməkdaşlığın uğurlu nəticələr verdiyini, birgə konfranslar keçirildiyini, jurnallar nəşr edildiyini, kadr əməkdaşlığı sahəsində əhəmiyyətli əlaqələr qurulduğunu qürur hissi ilə vurğulamışdır. Qeyd etmişdir ki, bu əlaqələrin yüksək səviyyədə təşkilində və həyata keçirilməsində AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadənin mühüm xidmətləri olmuşdur. Buna görə də Melikşah Universitetinin rəhbərliyi və Elmi Şurasının qərarı ilə professor İlham Məmmədzadəyə universitetin “Fəxri elmlər doktoru” adının verildiyini qeyd etmiş və diplomu təntənəli surətdə ona təqdim etmişdir. Konfransda, eyni zamanda, Məlikşah Universiteti rektorunun əmri ilə  nümayəndə heyətinin üzvləri — professorlar Bəhram Zahidov, Habil Qurbanov, hüquq elmləri doktoru Aydın Qasımov, dosent Mübariz Yolçiyev də mükafatlandırılmışlar.

AMEA Fəlsəfə və Hüquq İnstitutu ilə Türkiyə Respublikasının İstanbul, Yıldız Texniki, Qazi, Zirvə, Məlikşah universitetləri və Ankara Strateji Araşdırmalar İnstitutları arasında anlaşma memorandumlarının layihələri hazırlanmış və hazırda imzalanma mərhələsindədir. Qərara alınmışdır ki, ortaq mövzular və problemlər ətrafında tədqiqatlar, əməkdaşlıqlar birgə səylərlə genişləndirilsin, konfranslar, “dəyirmi masa”lar və birgə tədbirlər keçirilməsinə bundan sonra diqqətin artırılması vacib hesab edilsin.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət!” kampaniyasına dəstək məqsədilə keçirilən konfranslar və anım mərasimləri barədə Türkiyənin kütləvi informasiya vasitələrində məlumatlar verilmişdir.

 

Q. PİRİYEV

 

Xalq qəzeti.- 2015.- 20 mart.- S. 10.