Elmi inkişaf yolunun banisi
Xalqlarının tarixində
böyük rol oynamış fenomen şəxsiyyətlər
irəli sürdükləri cəlbedici ideyalarla insanları
konkret məram və məqsədlər ətrafında səfərbər
etmək, milli birliyi qorumaq və möhkəmləndirmək
imkanında olmuşlar.
Belə liderlər siyasi fəaliyyəti, ilk növbədə, cəmiyyətin ayrı-ayrı təbəqələrini inandıraraq nəcib məqsədlər naminə bir araya gətirmək, total ictimai şüurda pozitiv dönüş yaratmaq vasitəsi kimi dəyərləndirmişlər. Belə fenomen liderlərdən biri olaraq tarixə möhürünü vurmuş ulu öndər Heydər Əliyevin də böyük siyasətdə və dövlət idarəçiliyində qazandığı nailiyyətlər, ilk növbədə, xalqın səmimi dəstəyinə, ictimai inam amilinə söykənmiş, böyük strateqin mənəvi bütövlüyə, birliyə və həmrəyliyə xidmət edən siyasətinin məntiqi nəticəsi olmuşdur.
Heydər Əliyev qeyri-adi şəxsiyyət kimi insanları öz ideya və baxışları ətrafında toplamaq, onların iradələrinə, qərarlarına pozitiv təsir göstərmək imkanında olmuş, məhz bu xüsusiyyətləri sayəsində idarəçilikdə böyük uğurlara imza atmış, cəmiyyətin həlledici hissəsini arxasınca apara bilmişdir. Böyük öndər idarəçiliyinin bütün mərhələlərində elmə, alimə, təhsil işçilərinə yüksək dəyər vermiş, ölkəmizin məhz innovativ yeniliklər əsasında modernləşməsini vacib saymışdır. Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan az sonra - sentyabr ayının 21-də ictimaiyyətlə ilk görüş yeri kimi məhz Milli Elmlər Akademiyasını seçmiş, dərin məzmunlu nitqində intellektual potensialın daşıyıcıları olan elm xadimlərinin, ziyalıların cəmiyyətdəki roluna böyük önəm verdiyini bir daha nümayiş etdirmişdir.
Ulu öndər həmin görüşdən sonra da elm xadimlərinə davamlı qayğı göstərmiş, onların problemlərinin həlli, habelə AMEA-nın elmi-tədqiqat institutlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Ümummilli lider yeni ictimai-iqtisadi formasiyada elm xadimlərinin üzərinə düşən vəzifələri düzgün müəyyənləşdirmiş, bu istiqamətdə təxirəsalınmaz problemlərin həlli yönümündə qətiyyətli addımlar atmışdır. Ulu öndərin 1997-ci il yanvarın 31-də AMEA-da alimlərlə görüşü isə xüsusilə unudulmaz hadisəyə çevrilmişdir. Həmin görüşdə Heydər Əliyev Azərbaycan elminin inkişaf strategiyası ilə bağlı prioritet vəzifələrin nədən ibarət olduğunu böyük uzaqgörənliklə açıqlamışdır. Heydər Əliyev həmin görüşdə ictimai və humanitar elm sahələrində yeni dövrün tələblərinə uyğun yeniləşmənin, eləcə də Sovetlər birliyi dövründən qalmış, köhnəlmiş stereotiplərdən, səmərəsiz tədqiqat metodlarından uzaqlaşmağın vacibliyinə diqqət yönəltmişdir. Xüsusən də tarixçiləri Azərbaycanın keçmişi ilə bağlı həqiqətləri daha obyektiv araşdırmağa, dövlətçilik maraqları baxımından bu sahəyə xüsusi həssaslıqla yanaşmağa çağırmışdır: “İndi mən elmin inkişafı üçün strategiya haqqında ümumi fikirlərimi deyirəm, amma konkret olaraq bu məsələlərlə siz özünüz məşğul olmalısınız. Ancaq bir məsələ barəsində mən konkret təkliflərimi vermək istəyirəm. Bu da Azərbaycanın tarixi ilə bağlıdır. Məlumdur ki, geniş kütlə, xalq, millət üçün ən çox təsirlisi humanitar elmlərdir və xüsusən millətin, xalqın tarixi, ya ümumiyyətlə tarix onun ədəbiyyatının, mədəniyyətinin tarixidir. Bu, indi bizim üçün xüsusilə lazımdır. Əlbəttə, müstəqil Azərbaycanda fizika, riyaziyyat, biologiya, kimya, yaxud başqa fənlərin hamısı inkişaf etməlidir. Ancaq bunların hərəsinin özünəməxsus çərçivəsi var. Amma tarix hər bir insan üçün yeniyetməlikdən başlayaraq ömrünün sonuna qədər lazımdır. O cümlədən, mədəniyyətimizin, ədəbiyyatımızın, elmimizin tarixi lazımdır”.
Ulu öndər bu fikirdə idi ki, Azərbaycanın humanitar-ictimai və fundamental elm sahələri sürətlə yeniləşərək yeni dövrün reallıqlarına cavab verməli, dövlətçiliklə bağlı praktiki məqsədlərin gerçəkləşməsində, milli maraq və mənafelərin, milli ideologiyanın möhkəmlənməsində, ümumən cəmiyyətin proqressiv dəyərlər əsasında inkişafında lokomotivə çevrilməlidir. Ulu öndər bu islahatların həyata keçirilməsində AMEA-nın vəzifələrini düzgün müəyyənləşdirərək onun maddi-texniki bazasının, strukturunun təkmilləşdirilməsinə xidmət edən bir sıra mühüm sərəncamlar imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyasına lAzərbaycan Milli Elmlər Akademiyası” statusu verilmiş, 30 mart 2001-ci il və 1 iyul 2002-ci il tarixli sərəncamlarla Rəyasət Heyətinin və akademiya işçilərinin əmək haqları bir neçə dəfə artırılmışdır.
2002-ci ilin 12 avqustunda ulu öndər AMEA-nın Naxçıvan bölməsinin yaradılması haqqında tarixi sərancam imzalamış, Naxçıvan Ali Məclisinin iclas zalında Heydər Əliyevin iştirakı ilə bu bölmənin təşkilinə həsr olunmuş geniş müşavirə keçirilmişdir. Müşavirədə Heydər Əliyev blokada şəraitində yaşayan bu qədim Azərbaycan diyarının tarixinin, arxeologiya və etnoqrafiyasının, dilinin və ədəbi irsinin öyrənilməsinə daha çox ehtiyac duyulduğunu qeyd etmiş, habelə AMEA rəhbərliyinə bu sahədə genişmiqyaslı tədqiqatların aparılması, işçi qrupunun yaradılması məqsədilə müəyyən göstərişlər vermişdir.
Ulu öndər Heydər Əliyevin 4 yanvar 2003-cü il tarixli fərmanı ilə Milli Elmlər Akademiyasının statusu müəyyənləşdirilmiş, nizamnaməsi, habelə AMEA prezidenti təsdiq edilmişdir. Böyük öndərin bu addımı Milli Elmlər Akademiyası sistemində əsaslı islahatların aparılmasına, texniki bazanın modernləşdirilərək, beynəlxalq standartlara uyğunlaşdırılmasına imkan vermişdir. Beləliklə, dünya ölkələrinin elm sahəsində əldə etdiyi mütərəqqi təcrübənin mənimsənilməsinə, elmi-tədqiqat institutlarında, mərkəzlərdə işin keyfiyyət əmsalının artırılmasına, elmi ictimaiyyətin diqqətinin cəmiyyət həyatı üçün xüsusi aktuallıq kəsb edən problemlərə yönəlməsinə əlverişli şərait yaranmışdır.
Ümummilli lider Azərbaycanın milli-mənəvi dəyərlərinə, maddi mədəniyyət abidələrinə xalqın, millətin varlığının təcəssümü kimi həmişə böyük diqqət və qayğı göstərirdi. Milli Elmlər Akademiyasının həyatında baş vermiş əlamətdar hadisələrdən biri də 2002-ci il oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin böyük Azərbaycan dramaturqu Hüseyn Cavidin ev muzeyinin açılışında iştirakı və həmin gün Əlyazmalar İnstitutuna Azərbaycan şifahi və yazılı ədəbiyyatının şah əsəri olan “Kitabi-Dədə Qorqud”un ən qədim əlyazması olan Drezden əlyazmasının nəfis şəkildə hazırlanmış nüsxəsini (faksimilesini) hədiyyə kimi şəxsən təqdim etməsi olmuşdur. Ulu öndərin bu maddi və mənəvi dəstəyini alimlərimiz elmə dövlət qayğısının yeni nümunəsi kimi qəbul etmişdilər.
Dünya və Azərbaycan ensiklopedik ədəbiyyat nəşri təcrübəsi əsasında yaradılmış və 2003-cü ilin fevralın 21-də Azərbaycan MEA-nın Rəyasət Heyətinin iclas salonunda ictimaiyyətə təqdim edilmiş lNaxçıvan ensiklopediyası” da müstəqil Azərbaycanın (eləcə də Milli Elmlər Akademiyasının) ciddi elmi uğurlarından idi. Respublikada ilk dəfə işıq üzü görən bu ensiklopediya həm də dövlətimizin intellektual potensialının, iqtisadi inkişafının göstəricisi idi. Bu nəşr ədəbi-mədəni sahəyə baxışı bir sistem təşkil edən, ümumi rəhbərlik və təşkilatçılıqla yanaşı, mütəxəssislərin yadına düşməyən incə məqamlara da diqqət cəlb edən, mədəniyyətimizin, ədəbiyyatımızın gözəl bilicisi olan Heydər Əliyevin 1999-cu il 12 fevral tarixli “Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında” sərəncamına əsasən, Milli Elmlər Akademiyasının Rəyasət Heyəti nəzdində yaradılmış “Naxçıvan ensiklopediyası” qurumu tərəfindən hazırlanmışdı.
Məhz ulu öndərin nəcib təşəbbüsü əsasında gənclərin xarici ölkələrdə təhsil almağa göndərilməsi ənənəsi bərpa edilmişdi. 1997-ci ildən Azərbaycanın bilik səviyyəsi ilə seçilən gənclərinin Rusiya və Türkiyənin nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsinə başlanılmışdı. Bu əslində, ötən əsrin 70-80-ci illərində əsası qoyulmuş uğurlu təcrübənin yeni mərhələdə davamı idi. 1998-ci ilin 31 avqustunda 1970-1987-ci illərdə Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin ümumrespublika toplantısındakı nitqində həmin dövrü xatırlayan Heydər Əliyev demişdi: “Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım. Araşdırmalar apararkən mənə aydın oldu ki, Azərbaycandan kənarda respublikamızın özündə hazırlana bilməyən ixtisaslar üzrə ali təhsil almaq üçün respublikaya 50 nəfərlik limit verilibdir. Mən dərhal maraqlandım ki, bəs siz kimləri seçmisiniz, kimləri oxumağa göndərirsiniz? Siyahını aldım, çox təəssüfləndim. Onların əksəriyyəti azərbaycanlı deyildi. Sonrakı illərdə də bu məsələ bir az çətin idi. Bilirsiniz ki, Azərbaycanda bir çox millətlərin nümayəndələri vardır. O vaxt mən iki-üç ildən sonra hər il respublikadan kənarda oxumağa göndərilənlərin 97-98 faizinin azərbaycanlılardan ibarət olmasına nail oldum”.
Heydər Əliyevin Azərbaycanın elmi-intellektual potensialın gücləndirilməsi sahəsindəki siyasətini ötən 11 ildə inamla davam etdirən dövlət başçısı İlham Əliyev bu sahədə ardıcıl islahatlar həyata keçirir. Elmdə islahatlar prosesinin son illər daha geniş vüsət alması isə təsadüfi olmayıb ölkənin iqtisadi sahədə ciddi uğurlara imza atması ilə şərtlənir. Büdcə gəlirlərinin artımı ölkə rəhbərliyinə bu sahənin inkişaf strategiyasını dəqiq müəyyənləşdirməyə, mövcud problemlərin həlli istiqamətində qətiyyətli addımlar atmağa imkan verir.
Azərbaycan dövlətinin iqtisadi imkanları artdıqca, sivil dəyərləri, qabaqcıl ölkələrin elmi-texniki yeniliklərini, “nau-hau” texnologiyalarını dərindən mənimsəyən gənc, kreativ düşüncəli, vətənpərvər kadrların hazırlanması məsələsinə xüsusi diqqət yetirir. Müqayisə üçün bildirək ki, 2003-cü ildə elm xərclərinə cəmi 16,6 milyon manat vəsait ayrıldığı halda, 2015-ci ildə bu rəqəm 142,5 milyon manat təşkil edir. 2015-ci ilin elm xərclərində elmi tədqiqat layihələrinin Elmin İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi üçün 7,6 milyon manat, latın qrafikalı kitabların çap edilməsi üçün 5 milyon manat, elmi obyektlərin yenidən qurulması və əsaslı təmiri üçün 2 milyon manat, elmi-tədqiqat təminatının möhkəmləndirilməsi, müasir laboratoriya avadanlıqlarının alınması üçün 4,9 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Şübhəsiz, hər hansı islahatı uğurla həyata keçirmək, səmərəli nəticələr əldə etmək üçün, ilk növbədə, onun qanunverici bazasını formalaşdırmaq lazımdır. Ümumilikdə, son 11 ildə həyata keçirilmiş islahatlar Azərbaycan elminin inkişafında keyfiyyətcə yeni mərhələ açmış, bu sahənin fəaliyyətini tənzimləyən qanunvericilik aktları müasirləşdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 10 aprel 2008-ci il tarixli “Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında”, 4 may 2009-cu il tarixli “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında", 22 may 2009-cu il tarixli “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında", 22 oktyabr 2009-cu il tarixli “Elmin İnkişafına Yardım Fondunun yaradılması haqqında” sərəncamları da məhz elm sahəsində həllini gözləyən problemlərin aradan qaldırılmasına xidmət edir.
Şübhəsiz, cəmiyyət inkişaf etdikcə, elmin qarşısındakı prioritet vəzifələr də dəyişir. Yeni dövrün gerçəklikləri elmi tədqiqatların bütövlükdə iqtisadi-siyasi, mədəni-humanitar həyatla əlaqələndirilməsini zəruri edir. Eyni zamanda elmi tədqiqatların bütövlüklə insan amilinin rifah və tərəqqisinə xidmət etməsi qloballaşma əsrinin diktə etdiyi qaçılmaz reallıqdır. Elmlə idarəçiliyin səmərəli vəhdətinin təmini, bu sahəyə yönəldilən vəsaitlərin səmərəliliyinə nail olunması yeni mərhələdə qarşıda ciddi vəzifələr kimi durur. Ölkənin hazırkı və gələcək sosial-iqtisadi inkişaf modelləri ilə bağlı sanballı elmi proqnozların irəli sürülməsi, elmi-istehsalat təcrübələrinin dövrün tələbləri səviyyəsində həyata keçirilməsi, ali təhsilin müasirləşdirilməsi, dünya elminə çevik inteqrasiyanın təmin edilməsi alimlər qarşısına ciddi vəzifələr qoyur.
Bu vəzifələrin həlli məqsədilə son iki ildə AMEA sistemində islahatlar daha geniş vüsət almış, bu məqsədlə konkret fəaliyyət konsepsiyası hazırlanmışdır. AMEA-da aparılan struktur islahatlarında məqsəd akademiyanın fəaliyyətini mövcud qanunvericiliyin tələblərinə uyğun təmin etmək, hüquqi təminat bazasını möhkəmləndirmək və idarəetmə strukturunu təkmilləşdirməkdir. Təhsil və kadr siyasətinin müasir səviyyədə qurulması, informasiya və elmin kütləviləşdirilməsi sahələrində fəaliyyətin səmərəliliyinin artırılması da islahatların əsas hədəflərindəndir. Bu məqsədlə AMEA Rəyasət Heyətində müasir dövrün idarəetmə sistemlərinə uyğun yeni akademik bölmə və şöbələr yaradılmış, idarəetmə sisteminin müasirləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. İdarəetmədə çevikliyin və aparılan islahatların səmərəsinin artırılması, elmi müəssisələr üçün aktual məsələlərin geniş müzakirəsi, problemlərin səmərəli həll yollarının tapılması məqsədi ilə AMEA Elmi Müəssisələrinin Direktorlar Şurasının yaradılması da mühüm yeniliklərdən biri olmuşdur. AMEA-da magistratura pilləsinin açılması ilə yanaşı, hazırda doktorantura təhsilinin təkmilləşdirilməsi istiqamətində tədbirlər də davam etdirilir.
Elmi-tədqiqatların, əldə olunan innovativ nəticələrin həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırılması AMEA-nın fəaliyyətində mühüm yerlərdən birini tutur. Bununla bağlı akademiya nüfuzlu “Thomson Reuters” jurnalı ilə elmi təcrübələr həyata keçirir.
AMEA-da son illərdə həyata keçirilən tədbirlər ölkədə elmin inkişafı və təbliği, həmçinin elmin populyarlığının artırılması baxımından əhəmiyyətli olmuşdur. Azərbaycanda elm və biznesin əlaqələndirilməsi, eləcə də onların birgə inkişafı yolunda ilkin addımlarını atan AMEA ötən il bir sıra böyük biznes strukturları və holdinqlərlə əməkdaşlığa başlamış, akademiyanın təcrübə sənaye zavodunda əsaslı təmir və yenidənqurma işləri görülmüşdür. Cari ildə uğurları sıralayan akademiya ilk dəfə olaraq özünün brend məhsulunu istifadəyə vermişdir. Təcrübə sənaye zavodunda yüksək keyfiyyətlə istehsal olunan “Solidol”, “Niqrol” və başqa bu kimi 28 adda məhsul dünya bazarlarında da rəğbətlə qarşılanır.
2014-cü ildə, həmçinin akademiyanın nəzdində “Göytəpə arxeoloji parkı”nın layihəsinin təqdimatı keçirilmişdir. Təqdimatda qədim insan məskəninə aid zəngin tarixi və maddi-mədəniyyət nümunələrinin nümayiş olunmuş, elmi izahı verilmiş, parkın gələcək tarixi turizm əhəmiyyətindən danışılmışdır.
Akademiyanın nəzdində fəaliyyət göstərən elmi müəssisə və təşkilatların nailiyyətlərinin də sərgiləndiyi AMEA-nın ümumi yığıncağında bir sıra mühüm məsələlər müzakirə edilmiş, elmin inkişafı istiqamətində qarşıda duran vəzifələrdən danışılmışdır. Həmçinin, Azərbaycanın görkəmli alim və mütəfəkkirlərinin adlarına təsis olunmuş adlı mükafatlar da ötən ilin mühüm uğurlarından olmuşdur. “AMEA-2020: İnkişaf Konsepsiyası”nın hazırlanması da mühüm uğurlar sırasında qeyd oluna bilər.
Ötən il AMEA tərəfindən regionlarda ilk dəfə elmin kütləvi təbliğinə başlanılmışdır. Akademiyanın müntəzəm olaraq bölgələrə (Şəki, Şamaxı, Gəncə, Lənkəran və s.) səfər edən gənc alimləri orta məktəb şagirdləri və tələbələrlə elmin təbliği istiqamətində görüşlər keçirmişdir. Ölkəmizdə elmi jurnalistikanın formalaşmasında və onun inkişafında maraqlı olan akademiya bu istiqamətdə də mühüm nəticələrə hesablanmış bir neçə layihənin icrasına başlamışdır. Ötən ilin noyabr ayında ölkədə ilk dəfə keçirilmiş və cəmiyyətdə böyük marağa səbəb olmuş, eləcə də elmin təbliği və populyarlığının artırılmasında mühüm əhəmiyyət kəsb edən Bakı Elm Festivalı daha bir ənənənin əsasını qoymuşdur.
Akademiya bir sıra beynəlxalq təşkilatlar, eləcə də elmi qurumlarla əlaqələrini genişləndirmiş, Avropa Birliyinin “HORİZON-2020” proqramı üzrə keçirilən tədbirlər, Beynəlxalq Geodeziya İttifaqı, CERN və digər beynəlxalq elmi qurumlarla birgə layihələrdə iştirak etmişdir. AMEA rəhbərliyinin birbaşa iştirakı ilə İspaniya Kral, Rusiya, Macarıstan, Bolqarıstan, Polşa, Latviya və başqa ölkələrin elmlər akademiyaları ilə əməkdaşlığın yeni mərhələsinə başlanılmışdır.
Mühüm islahatlardan biri də akademiyanın nəzdində elmin aidiyyatı istiqamətləri üzrə Dünya Siyasəti, Elm Tarixi, Molekulyar Biologiya və Biotexnologiyalar, eləcə də Qafqazşünaslıq institutlarının yaradılmasıdır.
2014-cü il dekabrın 19-da keçirilmiş “Azərbaycan alimlərinin I Qurultayı” da elmin gələcək inkişaf istiqamətlərinin müzakirəsi baxımından əhəmiyyətli olmuşdur. Dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarını təmsil edən 550-ə yaxın alim və mütəxəssisin iştirak etdiyi qurultayda Azərbaycan elminin problemləri, onların həlli yolları və qarşıda duran vəzifələr geniş müzakirə olunmuşdur. İnternet üzərindən canlı yayımlanan və interaktiv qaydada təşkil olunmuş həmin Qurultayda xarici ölkələrdə fəaliyyət göstərən 15 azərbaycanlı alim iştirak etmişdir.
Yeni dünya nizamında elmi-informativ biliklər inkişafın mühüm katalizatoruna, innovasion yeniliklərin başlıca təminatına çevrilmişdir. Elmtutumlu informasiyanın yaradılması, əldə edilməsi, tətbiqi sosial-iqtisadi inkişafın, qlobal rəqabətin, ən başlıca demokratikləşmə prosesinin mühüm amilləridir. Bu baxımdan son illərdə milli gəlir artdıqca, ölkə başçısı İlham Əliyevin respublikamızda elmə, təhsilə, informasiya texnologiyalarına ayırdığı vəsaitlər də artır və bu da insan amilinin və ümumən demokratik proseslərin inkişafı üçün böyük təməl yaradır.
İlham
MƏMMƏDZADƏ,
AMEA-nın Fəlsəfə
və Hüquq
İnstitutunun direktoru, fəlsəfə
elmləri doktoru, professor
Xalq qəzeti.- 2015.- 5 may.- S.7.