Azərbaycan mədəniyyətinin himayədarı
Bu gün Üzeyir Hacıbəylinin
ev muzeyini ziyarətə gələn hər kəsin gözləri
önündə ilk öncə dahi bəstəkarın mərmər
büstü, onunla yanaşı unudulmaz ulu öndərimiz Heydər
Əliyevin böyük portreti və Üzeyir Hacıbəyli
haqqında dediyi dərin mənalı sözləri
canlanır. “Üzeyir
Hacıbəyli fövqəladə fitri
istedadı, böyük fədakarlığı,
mükəmməl biliyi, elmi,
vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti
ilə xalqımızın böyük
şəxsiyyətlərindən olmuş,
dünya korifeylərinin ön
sırasında duran, Azərbaycanı təmsil
edən görkəmli şəxsiyyət olmuşdur”.
Ulu öndərin 1995-ci ildə — Üzeyir Hacıbəylinin 110 illik yubileyi gecəsində dediyi bu sözlər dahi bəstəkarımızın həyat və yaradıcı fəaliyyətinin miqyasını, zənginliyini, rəngarəngliyini, möhtəşəmliyini özündə əks etdirir. Bir çox musiqişünaslar, alimlər, bəstəkarlar, ədiblər Üzeyir bəyin yaradıcılığı haqqında dəyərli sözlər demiş, məqalələr yazmış, kitablar nəşr etdirmişlər. Lakin ulu öndərimizin çıxışı tam fərqli olaraq, heç kimin dilə gətirmədiyi, qələmə almadığı elmi fikirlərlə, incə mənalarla, təhlil ilə süslənmişdir. Yadımdadır, yubiley gecəsindən hələ neçə gün keçdikdən sonra belə bəzi sənət dostlarımızla ulu öndərin çıxışını xatırlayır, mənəvi həzz alırdıq.
Bu çıxış həm də Azərbaycanın ulu rəhbərinin, görkəmli siyasi xadiminin, böyük vətəndaşın Üzeyir Hacıbəyliyə verdiyi yüksək dəyər idi. Əslində, Heydər Əliyevin xalqımızın digər görkəmli elm, ədəbiyyat, incəsənət xadimlərinə verdiyi qiymət həmişə yüksək olmuşdur. Lakin yubiley gecəsindəki çıxışda ulu öndərin dahi bəstəkarın xatirəsinə münasibətində xüsusi məhəbbət, ehtiram, səmimiyyət və iftixar duyulur. O çıxışında məftunedici cazibəsi də məhz bunda idi. Əlbəttə, dahi Heydər Əliyevin adı Üzeyir Hacıbəylinin ev muzeyində həmişə, muzeyin fəaliyyətə başladığı ilk gündən iftixar hissi ilə yad olunur. Axı bizim muzeyin yaranması, qurulması, fəaliyyətə başlaması da məhz ulu öndərimizin böyük yaradıcı fəaliyyəti ilə bağlı olmuşdur.
Hələ 1949-cu ilin fevralında Ü.Hacıbəylinin vəfatından 3 ay keçdikdən sonra Azərbaycan hökuməti dahi bəstəkarın xatirəsini əbədiləşdirməkdən ötrü qərar vermişdi. Lakin illər ötür, dövr dəyişir, qərar isə həyata keçirilmirdi. Azərbaycanda siyasi rəhbərlər dəyişsə də dahi bəstəkarın xatirəsini əbədiləşdirəcək ev muzeyinin yaradılması heç cür mümkün olmurdu. 1969-cu ildə Azərbaycanda siyasi rəhbərliyə gələn Heydər Əliyevin dəmir iradəsi və əzmkarlığı, nəhayət, bu qərarın həyatda gerçəkləşməsinə təkan verdi. Ulu öndərin ölkəmizdə elm və mədəniyyətin inkişafına yetirdiyi diqqət, mədəni quruculuğun mühüm bir sahəsi olan muzeylərin də fəaliyyəti və inkişafı üçün zəmin yaratdı. Ölkəmizdə neçə-neçə yeni muzey yaradıldı, bərpa edildi, yenidən quruldu. Yeni yaranan hər bir mədəniyyət ocağı xalqın sevincinə, ruh yüksəkliyinə səbəb olurdu.
Bu baxımdan 1975-ci il noyabrın 20-də Üzeyir Hacıbəylinin ev muzeyinin açılmaşı xalq arasında əsl bayram əhvali-ruhiyyəsi yaratmış oldu. Dahi Üzeyir Hacıbəylinin Bakıda, Moskvada və s. şəhərlərdə qeyd olunan 90 illik yubiley təntənələri kimi, muzeyin açılışı da dahi Heydər Əliyev başda olmaqla, respublikamızın görkəmli elm, incəsənət xadimlərinin iştirakı ilə baş tutdu.
Bakının qədim məhəllələrindən olan indiki Şamil Əzizbəyov küçəsi o günə kimi belə izdihamın, belə təntənənin şahidi olmamışdı. Sadə insanlar, məhəllə sakinləri böyük rəhbərin iştirakı ilə keçən tədbirə qoşularaq dahi Üzeyir Hacıbəylinin ev muzeyinin açılış mərasimini izləyirdilər. Rəsmi hissə başa çatdıqdan sonra ziyarət anları yetişdi. Biz bu gün də fəxrlə qeyd edirik ki, Üzeyir Hacıbəylinin ev muzeyinin yaradıcısı olmaqla bərabər, ilk ziyarətçisi də Heydər Əliyevin özü olmuşdur. Yaxşı ki, o anları özündə əks etdirən kino-xronika, fotolar vardır. Muzeydə hər şeyə həssaslıqla, diqqətlə, məhəbbətlə baxan Heydər Əliyev sonra muzeyin alt mərtəbəsindəki salonda olmuş, nikbin bir ruhla söyləmişdi: “Muzey çox gözəldir. Lakin bu muzey böyük Üzeyir Hacıbəylinin dühası ilə müqayisədə çox darısqaldır. Tezliklə qonşu həyətlərin hesabına bu muzeyi genişləndirmək, ətrafda park salmaq, buranı şəhərin musiqi mərkəzlərindən birinə çevirmək lazımdır...” Elə muzeydə bəzi göstərişlər verən ulu öndər Üzeyir Hacıbəylinin 100 illiyinə ciddi hazırlaşmağı tövsiyə etdi.Ulu öndərin sözləri öz bəhrəsini verdi. Bir neçə ildən sonra qonşu həyətin sakinlərinə Bakının gözəl guşələrində yeni mənzillər ayrıldı, boşalmış ərazi isə muzeyin ixtiyarına verildi.
Heydər Əliyevin muzeylərə qayğısı, görkəmli şəxsiyyətlərin ev muzeylərinin yaradılmasında marağı, bütövlükdə xalqımızın mədəniyyətini, nailiyyətlərini, toplum halda təcəssüm etdirmək, bütün dünyaya kimliyimizi, varlığımızı nümayiş etdirməyin bariz nümunəsi idi. Çünki hər bir xalqın böyüklüyü onun mədəniyyəti, elmi, incəsənəti ilə, həm də dahi şəxsiyyətləri ilə ölçülür.
Xalqının böyük oğullarını, görkəmli simalarını uca tutmaq, dəyərləndirmək, əslində, Heydər Əliyevin özünün böyüklüyü, ucalığı idi. Bu, bir sirr deyil ki, heç də hər siyasi rəhbər öz ölkəsinin tarixinə, mədəniyyətinə, görkəmli şəxsiyyətlərinə səmimi maraq, diqqət, qayğı göstərə bilmir. Bu keyfiyyətlər ancaq xalqını, torpağını sevən, millətinin xoşbəxtliyini, uğurlarını, inkişafını ən ali məqsəd bilən, uzaqgörən böyük rəhbərlərə məxsusdur.
Bu gün bizim qəlbimiz qürur və iftixar hissi ilə döyünür. Çünki biz hamımız dahi Heydər Əliyevin müasiri kimi onu görmüşük, eşitmişik, sevmişik, onun nəhəng quruculuq işlərinin şahidi və gücümüz müqabilində iştirakçısı olmuşuq. Həmin quruculuq işləri bu gün də uğurla davam etdirilir. Ulu öndərin müqəddəs amalını yaşadan möhtərəm Prezidentimiz İlham Əliyev öz əməlləri, tükənməz enerjisi ilə bu yolun layiqli davamçısı olmasını göstərməkdədir. Bunu gündəlik həyatımızda, məişətimizdə, eləcə də ictimai sahədə hər gün hiss etməkdəyik.
2005-ci ildə – Üzeyir Hacıbəylinin 120 illik yubileyi ərəfəsində cənab İlham Əliyevin sərəncamı ilə bəstəkarın ev muzeyi əsaslı təmir edildi, yenidənqurma və bərpa işləri aparıldı və muzey yeni avadanlıqla təchiz olundu. Əslində, bütün bunlar ulu öndərin nurlu əməllərinin uğurla davam etdirilməsini göstərən bariz nümunələrdən biridir. Belə nümunələr isə minlərlədir.
Bu il sentyabr ayının 18-də dahi Üzeyir Hacıbəylinin anadan olmasının 130 illik yubileyi böyük təntənə ilə qeyd olunacaq. Həm də bu günlər xalqımızın iftixarı, ulu öndər Heydər Əliyevin doğum tarixinin 92-ci ildönümü ərəfəsindəyik. Əslində, tarixin qızıl səhifələrində qərar tutmuş bu iki dahi şəxsiyyətin tale yolları bu gün də kəsişir, bu gün də iki dahinin adı qoşa çəkilir. Ölkəmizin birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoş məramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi Üzeyir Hacıbəylinin şəxsiyyətinə və yaradıcılığına yüksək dəyər verməsi hər bir azərbaycanlının qəlbində ən gözəl hissləri təlatümə gətirir. “Üzeyir dünyası” layihəsi çərçivəsində görülən nəhəng işlər təqdir olunur, alqışlanır. Dahi bəstəkarın əvvəllər çap olunmamış əsərlərinin nəşri, onun həyat və yaradıcılığına həsr edilmiş yeni kitabların işiq üzü görməsi, dünyaya səs salan Üzeyir Hacıbəyli beynəlxalq musiqi festivalları, daha nələr, nələr... Heydər Əliyev Fondunun dahi Üzeyir Hacıbəyli xatirəsinə ən gözəl töhfələrdir. İllər keçəcək, zaman dəyişəcək, lakin Azərbaycan xalqının qəlbində, tarixində, mədəniyyətində, əbədi qərar tutan dahi şəxsiyyətlər kəhkəşanında həm dahi bəstəkarımız Üzeyir Hacıbəylinin, həm də ulu öndərimiz Heydər Əliyevin işıqlı xatirələri də, böyük əməlləri də sönməz Günəş kimi daim parlayacaq, nur saçacaqdır.
Sərdar
FƏRƏCOV,
Azərbaycan Bəstəkarlar
İttifaqının katibi,
Ü.Hacıbəylinin
ev muzeyinin direktoru,
Əməkdar incəsənət
xadimi
Xalq qəzeti.- 2015.- 5
may.- S.7.