AZƏRBAYCAN –
tolerantlığa nümunə ölkə
Tolerantlıq,
dözümlülük çox geniş anlayışdır.
O həm insani münasibətlərin, həm insane cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir... O, təkcə dinlərin
bir-birinə dözümlülüyü deyil, həm də
bir-birinin adətlərinə, mənəviyyatına
dözümlülük, mədəniyyətlərə
dözümlülük deməkdir.
Heydər
ƏLİYEV
Ümummilli lider
Azərbaycan milli və dini
baxımdan həmişə tolerant bir ölkə olmuşdur. Tarixən dinlərin və mədəniyyətlərin
qovşağı olmuş ölkəmiz bu gün də öz
missiyasını uğurla yerinə yetirir. Azərbaycan ərazisində məskunlaşmış
dini-etnik qruplar burada özlərini nəinki yad hesab etməmiş,
hətta yerli əhali ilə
qaynayıb-qarışmışlar. Fərqli dini
konfessiya nümayəndələri hər zaman Azərbaycan
xalqı ilə həmrəy olmuş, bütün tarixi
dövrlərdə etnik və dini icmalar arasında möhkəm
dözümlülük əlaqələri
formalaşmış, milli, dini və irqi zəmində
heç bir ayrı-seçkilik faktı qeydə
alınmamışdır.
Tolerantlığın Azərbaycanda çox möhkəm
təməl sütunları, zəngin ənənələri,
dərin tarixi-mədəni kökləri mövcuddur. Azərbaycan
xalqı daim bu bölgədə yaşayan insanlar arasında
sülh və əmin-amanlıq şəraitinin
yaradılmasına əvəzsiz tarixi töhfələr
vermişdir. Dözümlülük,
başqa dinlərin nümayəndələri ilə dinc
yanaşı yaşamaq azərbaycanlıların milli
mentalitetinin əsas xüsusiyyətlərindəndir. Ölkəmizdə tarixən İslam dini ilə
yanaşı, Xristianlıq, Yəhudilik dininə mənsub
insanlar qarşılıqlı anlaşma, mehriban qonşuluq və
əmin-amanlıq şəraitində yaşamışlar.
Azərbaycan müstəqilliyini bərpa etdikdən və
ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə
qayıtdıqdan sonra milli-dini dəyərlərimizin
qorunmasında, İslam dininə ehtiram göstərilməsində,
xalqımızın dini əqidəsinin daha da möhkəmləndirilməsində
öz əməli fəaliyyəti ilə böyük rol
oynamışdır.
Azərbaycan tarixən tolerantlıq, dini
dözümlülük ənənələri ilə fərqlənsə
də, tam qətiyyətlə deyə bilərik ki, beynəlxalq
standartlara cavab verən tolerantlıq ölkəmizdə məhz
Heydər Əliyevin xidmətləri sayəsində
qurulmuşdur.
Bu gün müasir Azərbaycanda dövlət-din
münasibətləri modeli çərçivəsində
bütün dini konfessiyalar qanun qarşısında bərabərdir
və eyni statusa malikdir.
Vətəndaşlarının böyük əksəriyyətini
müsəlmanlar təşkil edən ölkəmizdə digər
dinlərə də xüsusi qayğı göstərilir. Hələ
1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin
binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verilmişdir.
Azərbaycanda səfərdə olan Moskvanın və
bütün Rusiyanın Patriarxı II Aleksi 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs
elan etmiş və ona baş kafedral kilsə statusu
vermişdir. Kilsənin açılış mərasimində
Ulu öndər Heydər Əliyev, hökumət üzvləri,
səfirliklərin nümayəndələri və dini
icmaların başçıları iştirak etmişlər.
Azərbaycanda dövlət-din münasibətlərinin
düzgün qurulmasında, respublikada dini əmin-amanlığın
və sabitliyin yaranmasında Ümummilli lider Heydər
Əliyevin mühüm rol oynadığını vurğulayan
Moskva və Ümumrusiya Patriarxı II Aleksi Azərbaycanın
bu sahədə nümunə olması ilə bağlı
öz fikirlərini aşağdakı kimi şərh edərək
demişdir: “Azərbaycan qədim dini ənənələrə
və mədəniyyətə malik bir ölkədir. Bu gün Azərbaycan dini əmin-amanlığa və
sabitliyə ilham verən örnəkdir. Bunun
əsası Azərbaycan Prezidenti Heydər Əliyevin
müdrik siyasəti sayəsində qoyulmuşdur. Dünyəvi hakimiyyət və ənənəvi
dini icmaların konstruktiv fəaliyyəti və
qarşılıqlı ünsiyyəti nəticəsində
yaranmış dövlət-din münasibətlərinin nadir
modeli Azərbaycan Respublikasında öz əksini
tapmışdır. Belə zənn edirəm
ki, bu sahədə Azərbaycanda toplanmış təcrübə
diqqətlə öyrənilməli və təhlil
olunmalıdır”.
Eyni zamanda, ölkəmizdə 1997-ci ildə gürcü
yəhudilərinin sinaqoqu bərpa edilmişdir. Ümumiyyətlə,
Azərbaycan müstəqillik əldə etdikdən sonra
buradakı yəhudi icmaları beynəlxalq yəhudi təşkilatları
ilə əlaqələrini möhkəmlətmiş, öz
dini məktəblərini, mədəniyyət mərkəzlərini,
cəmiyyətlərini, qəzetlərini yaratmışlar.
2003-cü il martın 9-da Bakıda yeni yəhudi
sinaqoqu açılmışdır. Bu,
hazırda da Avropada ən böyük sinaqoqdur.
Azərbaycanda
dini tolerantlığın formalaşmasında Heydər
Əliyevin xidmətini yüksək dəyərləndirən
Ümumgürcüstan Katalikos Patriarxı II İlya Azərbaycanda
mövcud olan dini tolerantlıqdan və bu sahədə də
Heydər Əliyevin və onun davamçılarının
xidmətindən bəhs edərək demişdir: “Bu gün Azərbaycanda
mövcud olan tolerant mühitin formalaşmasında Heydər
Əlirza oğlu Əliyevin xidməti böyükdür. Azərbaycanın öz ənənəvi dəyərlərini
qoruyub saxlamaqla müasir dünyanın
çağırışlarına ləyaqətli cavab verə
bilməsi şəxsən onun və onun
davamçılarının müdrik və uzaqgörən
siyasətinin nəticəsidir”.
Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq
sahəsində nadir təcrübəsi ölkə xaricində
də yüksək qiymətləndirilmiş və
tanınmışdır. Bunun bariz nümunəsi kimi
Roma-katolik Kilsəsinin başçısı II İohann Pavel
2003-cü ilin mayında Bakıda olarkən dediyi fikirləri
xatırlatmaq kifayətdir: “Azərbaycan üç müxtəlif
dinin dinc yanaşı yaşadığı nadir bir ölkə
və dini dözümlülük baxımından sabit cəmiyyətdir.
Bu stabillik gərgin əməyin,
ölçülüb-biçilmiş çox incə bir
siyasətin və möhkəm iradənin nəticəsidir.
Bu milli adət-ənənələrə, mənəvi-dini
dəyərlərə ölkə rəhbərliyinin
münasibəti fonunda yaranmış əlverişli şəraitin
təbii təzahürüdür”.
Həmçinin,
Vatikanın Dövlət katibi, kardinal Tarçizio Bertone
2008-ci ilin mart ayında Bakıda səfərdə olarkən
Azərbaycanda müşahidə etdiyi tolerantlığı
yüksək qiymətləndirərək, müxtəlif dinlərə
sitayiş edən insanların dinc, mehriban şəraitdə
yaşaması faktını xüsusi
vurğulamışdır. Kardinal Tarçizio
Bertone Azərbaycan xalqının və dövlətinin digər
millətlərə və dinlərə olan münasibətini
yüksək dəyərləndirmişdir. Tolerantlığın Azərbaycan xalqının
mentaliteti ilə bağlı olduğunu deyən Vatikanın
dövlət katibi ölkə Prezidentinin fəaliyyətində
də həmin məqamın aydın
göründüyünü bildirmişdi.
Azərbaycanda dövlətin din siyasətinin həyata
keçirilməsini təmin etmək məqsədilə ulu
öndər Heydər Əliyevin təşəbbüsü ilə
2001-ci ilin iyun ayında Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi yaradılmışdır. Komitə
ölkəmizdə mövcud olan dini strukturların fəaliyyətinin
tənzimlənməsi və dövlətin din siyasəti sahəsində
müxtəlif funksiyalarını yerinə yetirir.
Ümumiyyətlə, milli dəyərlərimizin
qorunması və gələcək nəsillərə
çatdırılması bu gün də öz
aktuallığını qoruyub saxlayır. Çünki
bu dəyərlərin xalqımızın formalaşmasına
təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin
möhkəmləndirilməsində də xüsusi rolu
vardır. Bu gün milli dəyərlərimiz
elliklə, bütün xalq tərəfindən, dövlətin
öz himayəsi altında qorunur və daha da inkişaf
etdirilir.
Azərbaycan
öz mədəniyyəti, tarixi, adət-ənələri ilə
fəxr etməyə layiq az sayda dövlətlərdən
biridir. Tolerantlığın dövlət
strategiyası olaraq əsasını ümummilli lider Heydər
Əliyev qoymuş, bu zəngin ənənə hazırda
möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Ulu
öndər Heydər Əliyevin zəngin dövlətçilik
ənənələrinin layiqli davamçısı
olduğunu əməli addımları ilə sübuta yetirən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
milli-mənəvi dəyərlərimizin qorunmasına və
inkişafına çox mühüm diqqət və
qayğı göstərir.Azərbaycanda dini və milli
tolerantlığın tarixən mövcud olduğunu və bu
tolerantlığın indiyə kimi qorunub saxlanılmasında
Azərbaycan xalqının və İslam dininin misilsiz rol
oynadığını vurğulayan Prezident İlham Əliyev
bu fikri aşağıdakı kimi şərh etmişdir:
“Tarixən dünya dinlərinin yayıldığı və
dinc yanaşı fəaliyyət göstərdiyi qədim Azərbaycan
torpağında yüz illərlə qarşılıqlı
etimada və hörmətə əsaslanan mütərəqqi
milli-mədəni və dini münasibətlər sistemi
formalaşmışdır. Diqqətəlayiq
faktdır ki, ölkəmizdə həmişə yüksək
tolerantlıq mühiti hökm sürmüş, heç vaxt
milli və dini zəmində ayrı-seçkilik və
qarşıdurma halları baş verməmişdir. Ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə
əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni
müxtəlifliyin günümüzədək qorunub
saxlanılmasında Azərbaycan xalqının və İslam
dininin misilsiz tarixi rolu danılmazdır”.
Prezident İlham Əliyev son 12 ildə tarixi-mədəni
irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi,
xüsusən də, dini ziyarətgahların əsaslı təmiri
və yenidən qurulmasına xüsusi diqqət
ayırmışdır. Maddi-mədəniyyət abidələrinin
bərpası və mühafizəsini daim diqqət mərkəzində
saxlayan dövlət başçısının sərəncamları
ilə son bir neçə ildə qədim tarixi abidələrin,
ziyarətgahların bərpası ilə bağlı
görülən silsilə tədbirlər dini-mənəvi dəyərlərə
verilən yüksək qiymətin göstəricisidir. Prezident İlham Əliyevin xalqımızın dini dəyərlərinə,
müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə
yanaşması, milli-mənəvi dəyərlərə həssas
münasibətin dövlət siyasətinin mühüm prioritetlərindən
birinə çevrilməsi, ölkədə güclü
tolerantlıq ənənələrinin getdikcə daha da
möhkəmləndirilməsi Azərbaycanı dünyada
multikulturalizmin əsas mərkəzinə çevirmişdir.
Dini, mədəni və tarixi abidələrin bərpasına,
onların yenidən xalqın qan yaddaşına qaytarılmasına
həssaslıqla yanaşan, bu sahədə həyata
keçirilən layihələrə ciddi dəstək verən
Prezident İlham Əliyevin son illərdə bir çox dini
abidələrin bərpası ilə bağlı
imzaladığı sərəncamlar, verdiyi
tapşırıqlar artıq ölkəmizdə mövcud olan
milli mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsinə
çevrilmişdir. Bunun nəticəsidir ki, son
illərdə Təzəpir, Bibiheybət, Əjdərbəy məscidlərində
geniş tikinti və yenidənqurma işləri həyata
keçirilmişdir. Hazırda Prezident
İlham Əliyevin tapşırıqlarına əsasən, Gəncədəki
İmamzadə kompleksində təmir-bərpa işləri
aparılır. Azərbaycan və Şərq
memarlığının nadir incilərindən olan
Şamaxı Cümə məscidi artıq dindarların
istifadəsinə verilmişdir. Bütün
bunlar bir daha göstərir ki, Prezident İlham Əliyev tarixi
keçmişimizin unudulmasına imkan vermir və
çalışır ki, gələcək nəsillər
xalqımızın milli mənəvi dünyasına daha
çox bağlı olsunlar.
Ötən
ilin dekabr ayında Qafqazın ən böyük məscidi–memarlığında
İslam dininin möhtəşəmliyini, bununla bərabər,
Azərbaycanın milli, dini ənənələrə sadiqliyini
nümayiş etdirən Heydər məscidinin
açılışı olmuşdur. Açılışda
ölkəmizin hər bir rayonundan gələn dindarlar, ictimai
xadimlər, Şimali Qafqaz müftiləri də iştirak
etmişlər. Mərasimdə Azərbaycan
Respublikasının Prezidenti çıxış edərək,
tikinti işlərinin gedişatı və digər məqamlara
toxunmuş, bu məscidin müsəlmanların birliyini təsdiq
edə biləcək bir simvola çevriləcəyini qeyd
etmişdir. Hazırda ölkəmizdə 2 mindən
artıq məscid var. Son 11 il ərzində isə 140-a
yaxın məscid tikilmiş, 80 məscid isə əsaslı
təmir edilmişdir.
Ölkəmizdə
dini zəmində münaqişələrin olmaması
insanların sərbəst olaraq öz əqidə
formasını seçməsi, dini dözümlülük və
tolerantlıq şəraitinin yaradılması, bu
uğurların bir çox beynəlxalq təşkilatlar,
dünyada nüfuzlu din xadimləri və böyük ölkələr
tərəfindən etiraf olunması ümummilli lider Heydər
Əliyevin dini sahədə balanslaşdırılmış
siyasətinin bu gün uğurla davam etdirilməsinin nəticəsidir.
Respublikamız müstəqilliyini bərpa etdikdən
sonra ölkəmizdə din və mədəniyyətlə
bağlı çoxsaylı beynəlxalq konfransların
keçirilməsi və dini tolerantlıq sahəsində Azərbaycanın
başqa ölkələr üçün nümunə
olması, elmi-nəzəri və praktiki əhəmiyyət kəsb
edən bu konfranslarda dini tolerantlıqla bağlı yeni
müddəaların hazırlanıb təşviq edilməsi
olmuşdur.
Bu tədbirlərə misal olaraq:“İslam
sivilizasiyası Qafqazda”. Beynəlxalq elmi-praktik konfransı (10
dekabr 1998); Azərbaycanda
fəaliyyət göstərən dini icma
başçıları ilə ulu öndər H.Əliyevin
geniş miqyaslı görüşü (16 noyabr 1999);
“Demokratik cəmiyyətdə dinin və əqidənin rolu:
terrorizm və ekstremizmə qarşı mübarizə
yollarının araşdırılması”. Beynəlxalq
elmi-praktik konfransı (10-11 oktyabr 2002);
“Heydər
Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər
və perspektivlər”.Beynəlxalq elmi-praktik konfransı (3-4
aprel 2007); Dünya dini liderlərinin Bakı sammiti(26
aprel 2010); “Dəyişən dünyada tolerantlığın
gücləndirilməsi”.
I Beynəlxalq
Bakı Forumu (19-21 dekabr 2012); “Mədəniyyətlərarası
dialoq: mədəniyyət və din arasında
qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il
mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa
Şurasının mübadilə görüşü (1-2
sentyabr 2014); “Dinlərarası qarşılıqlı
anlaşma: birgəyaşayışın modelləri”. Azərbaycanın dini tolerantlıq modelinə həsr
olunmuş Beynəlxalq konfransı (UNESCO 14 noyabr 2014); “Dini
tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan
modeli, ATƏT regionu və onun hüdudlarından kənarda
çağırışlar)” Beynəlxalq konfransı (17-18
noyabr 2014); “İslam ənənəli dövlətlərdə
dini birgəyaşayış. Müsəlman ölkəsində
müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan
təcrübəsi” Beynəlxalq konfransı (11dekabr 2014) və
s. göstərə bilərik.
Qeyd etmək
lazımdır ki, 2011-ci ildən başlayaraq hər il ölkəmizdə Bakı Beynəlxalq
Humanitar Forumu keçirilir. Forum XXI əsrdə bəşəriyyətin
qarşısında duran qlobal çağırışlara
cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən
mühüm məsələlərə dair geniş spektrli
dialoqlar, fikir mübadilələri və müzakirələr
aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi
platformadır.Mədəniyyətlər, sivilizasiyalar və
konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri
olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi
üçün ideal yerdir.
Bundan əlavə,
Azərbaycan dövlətinin yürütdüyü
tolerantlıq siyasətinin daha da genişlənməsi və
möhkəmlənməsi, tolerantlıq mühitinin qorunub
saxlanılması və təşviqi məqsədilə
dövlət başçısı
İlham Əliyev bir sıra mühüm tədbirlər
həyata keçirmişdir. İlk olaraq 2014-cü
ilin fevral ayında Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşavirliyi xidməti yaradılmışdır.
Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın
dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş
tanıdılmasının vacibliyini, eləcə də
ayrı-ayrı ölkələrdəki müxtəlif
multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və
digər aspektlərin Azərbaycan reallığında təhlili
və təşviqinin əhəmiyyətini nəzərə
alaraq 14 may 2014-cü ildə isə Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin yaradılması haqqında fərman
imzalamışdır.
Azərbaycanda dini tolerantlıq mədəniyyətinin
inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin
təbliğində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevanın misilsiz xidmətləri vardır. Mehriban
xanım Əliyeva hər zaman Azərbaycan həqiqətlərini
beynəlxalq tədbirlərdə ən yüksək tribunalardan
xarici ölkə nümayəndələrinin diqqətinə
çatdırmışdır. O, xalqlar arasında
dostluq münasibətlərinin, qarşılıqlı
yardımlaşma və təcrübə mübadiləsinin
vacibliyini daima vurğulayıb.
Azərbaycanın
zəngin tolerantlıq ənənələrinə diqqət
çəkən Mehriban xanım Əliyeva ölkəmizdə
yaşayan xalqların öz mədəni müxtəlifliyini
qoruyub saxlamaq, dini etiqadlarını sərbəst yerinə
yetirmək, tarixən mövcud olmuş tolerantlıq mühiti
barədə fikirlərini bölüşərkən
demişdir: “Xalqlar arasında ənənəvi dostluq və
qardaşlıq münasibətlərinin,
tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti
bizim tarixi nailiyyətimizdir və bu amil ictimai-siyasi həyatımızın
aparıcı normasına çevrilmişdir. Ölkəmizdə
yaşayan müxtəlif xalqlara öz milli mənəvi dəyərlərini,
dini etiqadını, adət-ənənələrini qoruyub
saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək
üçün demokratik şərait təmin edilmişdir.
Azərbaycanın bütün vətəndaşları
dilindən, dinindən, etnik mənsubiyyətindən
asılı olmayaraq, əsas insan hüquq və
azadlıqlarına malikdirlər. Qürurverici
faktdır ki, Azərbaycan dünya ölkələri
üçün tolerantlıq örnəyi hesab olunur və
bir çox dövlətlər bizim təcrübəmizdən
yararlanmağa çalışırlar”.
Heydər Əliyev Fondu hər bir layihəsi ilə
müxtəlif xalqlar arasında humanizm, həmrəylik və
dözümlülük kimi bəşəri dəyərlərin
bərqərar olmasına öz töhfəsini verməyə
çalışır. Uğurla həyata keçirilən
“Tolerantlığın ünvanı Azərbaycan” layihəsi
çərçivəsində ölkədəki məscidlərdə,
kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri
aparılır. Bakıda yəhudi uşaqları
üçün təhsil kompleksinin istifadəyə verilməsi,
Fransa regionlarında kilsələrin, müqəddəs Roma
katakombalarının bərpasında iştirakımız, Həştərxanda
Müqəddəs Knyaz Vladimirə abidənin
ucaldılması da məhz ayrı-ayrı xalqların və
konfessiyaların qarşılıqlı hörmət və
dostluq münasibətlərinin genişləndirilməsinə
xidmət edir.
Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın bilavasitə təşəbbüsü
və rəhbərliyi ilə Azərbaycanda tolerantlıq ənənələrinin
qorunmasına xüsusi əhəmiyyət verən Heydər
Əliyev Fondu layihə çərçivəsində 2005-ci
ildə Bakının Mərdəkan
qəsəbəsində XVI əsrə aid Pir Həsən
ziyarətgahında, 2006-cı ildə
Bakının Binə qəsəbəsindəki Möhsün
Səlim məscidində əsaslı təmir və bərpa
işləri aparılmışdır. 2006-cı
ildə Gəncədə Həzrəti Zeynəb məscidi
yenidən qurulmuşdur. 2008-ci ilin sentyabrında Heydər
Əliyev Fondu və Roma Katolik dini icması arasında
imzalanmış Anlaşma Memorandumu çərçivəsində
Bakıdakı Müqəddəs Məryəm kilsəsi asma
tavan şüşələri dini mövzuda və klassik
vitraj texnikasında işlənmiş bədii şüşələrlə
əvəz edilmiş, məbədin fasadında keramik panno
yerləşdirilmişdir. 2007-2009-cu illərdə
Buzovna qəsəbəsindəki Cümə məscidində,
2012-2013-cü illərdə Binə qəsəbəsindəki
İmam Rza və Mərdəkan qəsəbəsindəki Heydər
Cümə məscidlərində əsaslı təmir və
yenidənqurma işləri aparılmışdır. Qəbələdə isə 2013-cü ildə yeni məscid
inşa olunaraq istifadəyə verilmişdir. 2007-ci ildə Bakıdakı Pravoslav kilsəsində
təmir-bərpa işləri aparılmışdır.
Bakıda yaşayan yəhudi uşaqları
üçün “Xabad-Or-Avner” Təhsil Mərkəzi
“Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi
çərçivəsində Heydər Əliyev Fondu və
“Or-Avner” Beynəlxalq Fondu tərəfindən inşa
edilmişdir.
“Tolerantlığın ünvanı Azərbaycan” layihəsinin
digər tərkib hissəsi kimi dünyanın müxtəlif
ölkələrində Azərbaycanda dini
tolerantlığı əks etdirən fotoşəkillər sərgilənmişdir.
2013-cü
il noyabrın 22-də Parisdə, 2013-cü il oktyabrın 22-də
Parisdə UNESCO-nun mənzil-qərargahında, 2013-cü il
sentyabrın 27-də BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında,
2014-cü il aprelin 3-də Moskvadakı Yəhudi Muzeyi və
Tolerantlıq Mərkəzində foto-sərgilər
keçirilmişdir. Qeyd etmək lazımdır
ki, təşkil olunan bütün foto-sərgilərdə
ölkəmizdə dini tolerantlığı əks etdirən
fotoşəkillər sərgilənmişdir.
Heydər
Əliyev Fondunun beynəlxalq fəaliyyətindən
danışarkən Pakistanda gördüyü işlərə
xüsusi diqqət
yetirilməlidir. Fondun dost ölkədə səhiyyə, təhsil
və humanitar sahələrdə həyata keçirdiyi
irimiqyaslı layihələr Pakistan dövləti və
ictimaiyyəti tərəfindən hər zaman yüksək dəyərləndirilmişdir.
Mehriban xanım Əliyevanın Pakistanda uşaqlar
üçün tikdirdiyi və təmir etdirdiyi
çoxsaylı məktəb, səhiyyə ocaqları, musiqi
liseyləri və uşaq evləri, talassemiya və diabetdən
əziyyət çəkən uşaqlara xüsusi
qayğısı Pakistan xalqı tərəfindən minnətdarlıq
hissi ilə xatırlanır.
Hazırda Azərbaycanda formalaşmış dini
tolerantlıq mühitinin qorunub saxlanması və onun daha da
möhkəmləndirilməsində görülən işlər
nəticəsində respublikamızda rəsmi olaraq 598 dini icma
qeydiyyatdan keçmişdir. Bunlardan 577-si İslam,
21-i qeyri-islam təmayüllü dini icmadır. Eyni zamanda, ölkəmizdə 11 kilsə, 6 sinaqoq fəaliyyət
göstərir.
Azərbaycan xalqını vahid ideologiya ətrafında
birləşdirən onun zəngin mədəniyyəti, mənəvi
dəyərləri, adət-ənənələri ilə
yanaşı, həm də İslam dinidir. Xalqın dini
dəyərlərinin və mədəniyyətinin
qorunması istiqamətində ötən müddətdə
atılan ardıcıl addımlar tolerantlıq və
multikulturalizm siyasətinə alternativin
olmadığını sübuta yetirir.
Ümummilli lider Heydər Əliyevin dövlət-din münasibətləri ilə bağlı apardığı siyasət Azərbaycanın adət-ənənələrinə və xalqın zəngin keçmişinə əsaslanıb, tarixin sınağından keçən milli-mənəvi dəyərlərimizin müasir dövrdə daha da effektivliyinə diqqəti yönəldib. Cəmiyyətdə bərqərar olan tolerantlıq və humanizm mühiti də məhz Heydər Əliyevin müdrik siyasətinin nəticəsi idi. Heydər Əliyevin milli kimliyimizin formalaşmasında mühüm rol oynayan və xalqımızın mənəviyyatını zənginləşdirən İslam dininə münasibəti də özünəməxsus idi. O, İslamın insanpərvər və mütərəqqi din olduğunu vurğulayaraq deyirdi: “Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu İslam dini özünün mütərəqqi olduğunu və eyni zamanda, İslam dininə itaət edən adamların hamısına özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daim xoşbəxtlik bəxş edir”.
Fəxrlə qeyd edə bilərəm ki, bu gün Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmiz tolerantlıq, multikultiralizm və dini maarifləndirmə ilə bağlı regional və beynəlxalq konfransların, yüksək səviyyəli forumların keçirildiyi əsas məkana çevrilib. Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir və yüksək qiymətləndirilir. Daim xalqımızın milli-mənəvi dəyərlərinin mütərəqqiliyini vurğulayan dövlət başçısı İlham Əliyev gələcək inkişafımızı zəngin tarixi keçmişə söykənən adət-ənənələrimizlə müasir ideyaların sintezində görməklə, ölkəmizdə milli-dini dəyərlərin qorunub saxlanılması istiqamətində ardıcıl işlər həyata keçirir.
Mübariz
QURBANLI,
Azərbaycan
Respublikasının
Dini Qurumlarla
İş üzrə Dövlət
Komitəsinin sədri,
YAP İdarə Heyətinin üzvü
Xalq qəzeti.- 2015.- 6 may.- S.4.