Zamanın fövqündə dayanan lider
Heydər
Əliyev bütün zamanlarda, bütün dövrlərdə
Azərbaycan
xalqına ləyaqətlə xidmət etmişdir.
Azərbaycanın
müstəqilliyinin əbədi, dönməz olmasında,
iqtisadi
potensialının möhkəmlənməsində,
bölgədə
və dünyada nüfuzunun artmasında onun
müstəsna
xidmətləri var. Hazırda bu siyasət davam etdirilir.
Bu gün Heydər
Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır,
onun qurduğu
müstəqil Azərbaycan yaşayır və möhkəmlənir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Hər bir xalqın bəşər tarixindəki yeri və rolu hansısa mürəkkəb siyasi şəraitdə məsuliyyəti üzərinə götürərək onun taleyində misilsiz rol oynamış, mütərəqqi ideyaları, qeyri-adi idarəçilik keyfiyyətləri ilə sabit dövlətçilik ənənələri formalaşdırmış dahi şəxsiyyətlərin fövqəladə missiyası ilə şərtlənir. Belə şəxsiyyətlər mənsub olduqları xalqın əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaradırlar. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir–zamanın ən sərt sınaqlarından fədakarlıqla çıxan bu insanlar əsrlər boyu xalqlarının dövlətçilik ənənələrini inkişaf etdirməyə, müstəqillik və azadlıq ideyalarını reallaşdırmağa nail olurlar.
Ümummilli lider Heydər Əliyev də öz xalqı və milləti qarşısında titanik fəaliyyət göstərən fenomen şəxsiyyətlərdəndir. Azərbaycan xalqının əsrlər boyu formalaşmış yüksək mənəvi dəyərlərini qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya ötən əsrdə məhz ümummilli lider Heydər Əliyevin üzərinə düşmüşdür. O, özünə qədər Azərbaycana rəhbərlik etmiş bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, işıqlı əməlləri, yorulmaz fəaliyyəti ilə ən yeni tariximizin parlaq səhifələrini yaratmışdır. Ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir anında xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan torpağının və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün olan hər şeyi, hətta mən deyərdim ki, çoxlarına əlçatmaz görünən xülyaları belə gerçəkləşdirmişdir. ABŞ-ın sabiq prezidenti Teodor Ruzvelt demişdir: - “Əsas odur ki, sən öz ölkən uğrunda ölməyə hazır olasan; daha da vacibi odur ki, sən onun üçün yaşamağa hazır olasan”.
Qəhrəmanlığın, hünərin ən möhtəşəmi Vətən naminə edildiyindən, dahi rəhbərimiz Heydər Əliyevin bu istiqamətdəki tarixi xidmətləri Vətən və dövlət, millət və xalq naminə göstərilən bütün fədakarlıqların fövqündə dayanır.
Amerika Birləşmiş Ştatlarında tarix
və siyasət elminin xüsusi bir bölməsi var –
Vilsonşünaslıq. Bu elm budağı ABŞ-ın 28-ci
prezidenti Vudro Vilson fenomenini öyrənir. Onun
araşdırılması ilə bağlı indiyədək
30 mindən artıq kitab yazılıb. Tarixin hansısa
məqamını araşdırarkən bəzən “axı
bu necə ola bilmişdi” sualına cavab
arayanda mütləq şəxsiyyətin tarixi-siyasi fenomen kimi
tədqiqinə ehtiyac yaranır. Vudro Vilson vaxtilə
ABŞ-ın inkişafına təsir edən qərarları
ilə onu bugünkü qlobal dövlət olmaq yoluna
çıxarmışdı. Böyük
fəxrlə demək olar ki, Azərbaycan tarixində analoji
yeri tutan dahi şəxsiyyət Heydər Əliyevdir və
dünyada onun bir sosial fenomen kimi siyasi təcrübəsinin
xarizmatik nümunəsi öyrənilir.
Böyük filosof Platon isə demişdir ki, ədalət,
müdriklik və güclü hakimiyyətin bir yerdə
olacağı gün bəşəriyyət xoşbəxtliyə
qovuşacaqdır. Müdriklik və ədalət mücəssəməsi
olan, dünyanın siyasi arenasında sayılıb-seçilən
ulu öndər Heydər Əliyevə tarixdə əbədilik
qazandıran ən başlıca amil də məhz onun öz
ölkəsində bu üç dəyəri bir araya gətirməyi
bacarmasıdır. Zaman keçdikcə
Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın
bütövlüyü, iqtisadi müstəqilliyi, ölkədə
demokratik dəyərlərin möhkəmləndirilməsi, vətəndaş
birliyinin yaradılması və digər sahələrdə həyata
keçirdiyi taleyüklü məsələlər daha
aydın görünür.
Ulu öndər Heydər Əliyev özünün
böyük həyatı ilə zamanın çərçivəsinə
sığmayan yüksək bəşəri keyfiyyətləri,
zəngin mənəvi xüsusiyyətləri, xalqa, Vətənə,
insanlığa olan böyük sevgisi ilə
xalqımızın qəlbində əbədiyaşarlıq
qazanmışdır. Çünki o, yalnız bir dövləti
idarə edən siyasi xadim, rəhbər deyil, həm də
milyonlarla insanı ülvi ideallar ətrafında səfərbər
edən bir dövlət qurucusu, müasir tariximizin memarı
idi. Heydər Əliyev bütün kökləri
ilə cəmiyyətin mənafe və maraqlarına
bağlı olan bir liderə xas xüsusiyyətlərə
malik idi.
Nəsirəddin Tusinin “Ən yaxşı rəhbər
odur ki, ölkədəki bütün insanlar ona inansın,
onun ardınca getsin, onun tədbirlərinə şərik
olsun, onu özünə ata saysın” fikri ulu öndərimiz
Heydər Əliyevə xas olan bəşəri keyfiyyətlərdəndir. Çünki
bu bəşəri, xarizmatik keyfiyyətləri ilə ulu
öndərimiz Azərbaycan xalqına münasibətdə
tarixin onillər boyu onun üzərinə qoyduğu bir
“ATA”lıq missiyasının şərəflə yerinə
yetirmişdir.
Türkiyə
Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məşhur
bir deyimi var: - “Xalqa əfəndilik etmirlər, xalqa xidmət
edirlər. Yalnız xalqa xidmət edənlər
xalqın əfəndisi səviyyəsinə yüksəlirlər”.
Bəli, xalqına arxalanan, amalı xalqına
xidmət etmək olan, xalq üçün quran, yaradan insanlar
xoşbəxt insanlardır. Onlar millətin
taleyini müəyyən etmək məsuliyyətinin nə demək
olduğunu dərindən anlayır, bu məsuliyyəti ləyaqətlə
daşıyır, həyatda xoşbəxtliyi ancaq gələcək
nəsillərin şərəfi, varlığı və
firavanlığı üçün xidmətdə
görürlər. Belə insanlar tək-tək
olur, bəlkə də yüz ildə bir dəfə
dünyaya gəlirlər. Amma onlar taleyin
hökmü və millətin qisməti kimi həyatın ən
çətin, böhranlı anlarında, xalq “ölüm, ya
olum” dilemması qarşısında qalanda meydana atılır
və müqəddəs xilaskarlıq missiyasını həyata
keçirir, ömürlərinin qalan hissəsini millətə
xidmətə həsr edirlər. Mənsub
olduqları millətlə birlikdə dahi şəxsiyyətlərin
özləri də yüksəlir, millətlə birlikdə
onları da bütün dünya tanıyır, şöhrətləri
aləmə yayılır.
Görkəmli dövlət xadimi Heydər Əliyevin
dahiyanə siyasəti, böyük cəsarət və qətiyyətlə
gördüyü bütün işlər həmişə
xalqımıza mənəvi dayaq olmuş, respublikamıza beynəlxalq
aləmdə böyük hörmət, nüfuz,
şan-şöhrət gətirmiş, dünya
xalqlarının məhəbbət və rəğbətini qazandırmışdır. O, XX əsrin görkəmli
liderlərindən biri kimi, etimad olunan bütün vəzifələrdə
özünü beynəlxalq miqyaslı siyasətçi, zəkalı
rəhbər kimi göstərmişdir.
Heç də təsadüfi deyildir ki, dünyanın
böyük siyasətçiləri, dövlət xadimləri,
elm və incəsənət korifeyləri ulu öndər Heydər
Əliyevi “canlı əfsanə” adlandırırdılar. Amerika Birləşmiş
Ştatlarının sabiq prezidenti Corc Buş ümummilli lider
Heydər Əliyev haqqında demişdi: “Heydər Əliyev cənubi
Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət
olmuşdur. Azərbaycanın müstəqilliyinin
qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət
daşımışdır. Dağlıq Qarabağ faciəsinin
sülh danışıqları vasitəsilə ədalətli
və uzunmüddətli həllinə nail olmaq sahəsində
onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və
sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb
etmişdir. Onun mövqeyi və göstərdiyi
səylər Azərbaycanın iqtisadi inkişafını
möhkəmləndirən böyük həcmli xarici sərmayələrin
cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının
həyatını yaxşılaşdırmış və Azərbaycanın
XXI əsrə müasir dövlət kimi daxil olmasına imkan
yaratmışdır”.
Heydər Əliyevin liderliyi onun ideyanı gerçəkləşdirmək
bacarığı ilə sıx bağlıdır,
çünki bütövlükdə hakimiyyəti idarə
etmək konsepsiyası nə qədər yüksək nəzəri-praktik
səviyyədə işlənsə də, bacarıqlı
lider olmadan onu məqsədyönlü həyata keçirmək
mümkün deyildir. Ulu öndərin dövlətçilik fəaliyyətinin
timsalında bir daha aydın oldu ki, müstəqilliyin möhkəmləndirilməsinə
yönəlmiş milli inkişaf siyasətini yalnız
yüksək intellektual düşüncə sayəsində
reallaşdırmaq olar. Amerika filosofu Ralf
Emersonun dediyi kimi, “İdeyalar yaxşı və güclü
insanların əqli və qüvvəsi ilə həyata
keçməlidir, yoxsa o xəyaldan başqa bir şey
olmayacaqdır”.
Zaman xalqımızın taleyinə müstəqilliklə,
ulu öndərin əzmkar fəaliyyətilə yeni həyat
keyfiyyəti gətirmişdir. Tarixi idrakın
üstün dəyərlərini, milli reallıqların
özünəməxsusluğunu xalq çox zaman öz əzmkar
yaradıcı fəaliyyəti ilə yanaşı, öz
liderinin dühası ilə dərk edir. 1991-1993-cü
illərdə xalqın dövlətçiliyimizə itmiş
inamını məhz Heydər Əliyev dühası və
intellekti qaytardı. Yalnız xalqına xidmət edən
və onun etimadını doğruldan siyasətçi lider ola bilər. İtaliya politoloqu Antonio Menegettinin
təbirincə: “Lider ona görə rəhbərdir ki,
başqalarından çox və yaxşı iş görməyi
bacarır. Varlıq onu həyata xidmət etmək
üçün irəli sürmüşdür”. Tarixi həqiqət düşünən fərdin mənlik
şüurunun formalaşmasında müstəsna rol
oynayır, o, yüksək məsuliyyət hissilə dərk
edilir. Belə bir keyfiyyət liderlik
düşüncəsinin inkişafı üçün vacib
şərtlərdən biridir. Əsl
lider, əsl siyasətçi dövrün, zamanın, ilk
növbədə xalqının tələbatlarına
vaxtında həssas reaksiya verməyi bacarır. Azərbaycanın timsalında dünya birliyi bir daha
inandı ki, xalqının müstəqilliyi uğrunda
barışmaz mübarizə aparan Heydər Əliyev ölkəsi
ətrafında risk amilinin artdığı bir zamanda canlı
praktikadan və yaradıcı təbii dəyərlərdən
bəhrələnəndə cahanşümul enerji
nümayiş etdirir, universal fəaliyyət subyekti kimi hərəkət
edir. Ulu öndərin fəaliyyəti sivilizasiyalı
dünyanı bir daha inandırdı ki, iri və qüdrətli
dövlətlərin başçıları vaxtilə az tanınan Azərbaycan məkanında siyasət
arenasında intellektual siyasətçi kimi xalqının rəğbətini
qazanmış görkəmli lider və strateqlə iş
görməli olacaqlar. Bir vaxtlar Avropa Şurası Parlament
Assambleyasının sədri Lord Rassel Constonun Prezident Heydər
Əliyevə söz verərkən: “İndi siz böyük təcrübəyə
malik olan dünya siyasətçisinə qulaq
asacaqsınız”,- deməsi bu həqiqətin
bir daha təsdiqi idi.
Ümummilli
lider Heydər Əliyevin rəhbərliyi ilə
hazırlanmış ölkəmizin iqtisadi inkişaf
konsepsiyasının, neft strategiyasının uğurla həyata
keçirilməsinin məntiqi nəticəsidir ki, bu gün
regionda Azərbaycanın nüfuzlu geostrateji mövqeyi və
beynəlxalq siyasi aləmdə rolu əhəmiyyətli dərəcədə
yüksəlib, ölkəmiz hərtərəfli
inkişafı üçün stimul yaradan,
günü-gündən xalqımızın maddi rifah halı
və həyat səviyyəsini yüksəltməyə imkan
verən, daim inkişaf edən və möhkəmlənən
çox güclü iqtisadi potensiala malik bir dövlətə
çevrilib. Ulu öndərin qanunçuluğa,
hüquq qaydalarına, ədalətə bağlı olması
onun zəngin mənəviyyatından rişələnmişdir.
İnsan hüquqlarına dair ilk təkmil nəzəriyyənin
banisi, böyük fransız mütəfəkkiri Monteskyö
“Qanunların ruhu” əsərində haqlı olaraq
yazırdı ki, “ədalətlə idarə olunan dövlətdə
yaxşı vətəndaş olmaq asandır”. Məhz
belə bir harmoniya ədalətli cəmiyyət, hüquqi
dövlət ideyasını arzulardan həqiqətə
çevirir: insanın bir varlıq kimi mövcudluğu, vətəndaş
kimi özünütəsdiqi hüquq və
azadlıqlarını, vəzifə və borcunu, əxlaq məsuliyyətini
dərk etdiyi andan başlayır. Heydər
Əliyev gücün siyasətinə qarşı qanunun
gücünü qoyaraq “haqlı həmişə
güclüdür” prinsipindən çıxış
etmiş, hakimiyyətin daim hər bir vətəndaşın
maraq və mənafeyini uca tutmasına
çalışmışdır. Siyasi
liderin rolu tez qərar qəbul etmək, konkret vəzifəni
düz başa düşmək qabiliyyəti tələb
olunan inkişafın dönüş dövründə olduqca
böyükdür. Ona görə də
haqlı olaraq insanlar arasında belə fikir formalaşıb
ki, “güclü lider bütün problemləri həll edə
bilər”. Doğrudan da, bu, bir həqiqətdir
ki, müəyyən mərhələdə liderin sərt və
tələbkar, cəsarətli fəaliyyəti effekt verə
bilər. Ulu öndər Heydər Əliyev 1994-cü
ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdləri
günlərində gücün siyasətinə qarşı
siyasətin gücünü qoyarkən, bütün xalq
qısa vaxt ərzində öz liderinin ətrafında
toplaşarkən məhz “haqlı adam
güclüdür” düsturu işləyirdi. Bu baxımdan,
ölkəmizdə 1994-cü il oktyabr və 1995-ci il mart
dövlət çevrilişi cəhdləri zamanı Heydər
Əliyevin sərt, tələbkar və cəsarətli
davranışı Azərbaycanı xaosdan, dövlətçiliyini
itirməkdən xilas etdi, qanunsuz silahlı dəstələr,
terrorçu, təxribatçı qruplar zərərsizləşdirildi,
özbaşınalığa son qoyuldu. Ədalətin zəfər
çalması uğrunda bütün ömrü boyu
çalışan Heydər Əliyev üçün “ədalət”
və “dövlət” məfhumları arasında möhkəm
bağlılıq var. “Dövlət iki şeydən
sarsıla bilər: günahkar cəzasız qalanda və
günahsıza cəza veriləndə” - deyən Heydər
Əliyev, həm də “ədaləti ədalətsizliklə
bərpa etmək olmaz” prinsipini irəli sürərək,
dövlətçi olmağın ilkin şərtini məhz
sonadək ədalətli olmaqda görürdü. 1993-cü
ilin ikinci yarısından etibarən ulu öndərimiz Heydər
Əliyevin rəhbərliyi altında ölkədə
demokratik, hüquqi və dünyəvi dövlət
quruculuğu yolunda atılan addımlar, milli dövlətçilik
ənənələrinə, beynəlxalq standartlara əsaslanan
köklü hüquq islahatları insan hüquq və
azadlıqlarının təminatı sahəsində əsaslı
dönüşə səbəb olmuşdur.
Ümummilli
lider Azərbaycanın perspektiv inkişaf prioritetlərini
düzgün müəyyənləşdirərək sivil Qərb
dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə,
demokratik normaların daha möhkəm intişar
tapmasına, insan və vətəndaş hüquq və
azadlıqlarının etibarlı təminatına hər zaman
xüsusi diqqət göstərmişdir. Məhz
ulu öndər Heydər Əliyevin gərgin və məqsədyönlü
fəaliyyəti nəticəsində 1993-cü ilin ikinci
yarısından etibarən Azərbaycanda cinayətkarlıq və
hüquq pozuntularına qarşı ciddi mübarizə
başlanıb. Hüquq-mühafizə
orqanlarının bütün fəaliyyəti cinayətkar təzahürlərə,
ilk növbədə mütəşəkkil cinayətkarlığa,
korrupsiyaya və terrorizmə, narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı səfərbər edilib, “cəzanın
labüdlüyü” prinsipinin real təmin olunması
üçün ən qəti tədbirlər
görülüb. Heydər Əliyevin “cinayətkarlığa
qarşı mübarizənin gücləndirilməsi,
qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi
haqqında” 9 avqust 1994-cü il tarixli fərmanı
ilə cinayətkarlığa qarşı mübarizə tədbirləri
daha da güclü xarakter alıb, hüquq-mühafizə
orqanlarının bu istiqamətdə uzunmüddətli fəaliyyət
proqramı müəyyənləşdirilib.
Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan
dövlətçiliyi qarşısındakı ən
böyük xidmətlərindən biri də müstəqil
respublikamızın ilk Konstitusiyasının yüksək
demokratik meyarlar əsasında hazırlanması və
ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi
olmuşdur. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu
ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk
Konstitusiyası ölkənin gələcək inkişaf
prioritetlərini müəyyənləşdirməklə bərabər,
hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti
quruculuğunun təməlini qoydu. 1993-cü
ilin iyun ayından ölkəmizdə ölüm cəzasının
icrasına moratorium qoyulmuş, daha sonra ölüm cəzasının
tətbiqi məhdudlaşdırılmışdır.
1998-ci il feralın 10-da Şərqdə
ilk dəfə olaraq ölkəmizdə ölüm cəzası
ləğv edilmişdir. Fəlsəfi,
hüquqi düşüncələrə, dərin elmi təhlilə,
dünya təcrübəsinə və reallığa əsaslanan
bu tarixi addım hümanizm, insanpərvərlik, ədalət,
şəxsiyyətə və insan hüquqlarına hörmət
kimi yüksək amallarla yaşayan ulu öndərin gələcək
nəsillərə misilsiz töhfəsi oldu. Dövlət
başçısının 3 fevral 1998-ci il
tarixli müraciətində deyilirdi: “Mən cinayət-hüquq
siyasətini hərtərəfli təhlil edərək ədalət,
azadlıq, humanizm və insanpərvərlik kimi yüksək
ideyalara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının
ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı
vermişəm”. Ölüm cəzasının
ləğvi Azərbaycanın hüquqi-demokratik dövlət
quruculuğu yolunda olmasını bir daha sübut etdi.
Ümummilli lider Heydər Əliyevi böyük şəxsiyyət
və insan kimi xarakterizə edən ən mühüm keyfiyyətlərdən
biri də onun yeritdiyi siyasətin yüksək humanizm və
insanpərvərlik prinsiplərinə əsaslanmasıdır. Böyük qəlb
və zəngin mənəviyyat sahibi kimi Heydər Əliyev
günahkarları cəzalandırmağı da, xeyirxahlıq,
humanizm, müdriklik göstərərək
bağışlamağı, islah etməyi də
bacarırdı. Azərbaycan Prezidenti
yanında Əfv Komissiyasının yaradılması və əfvetmə
institutunun bərpası da qeyd olunanların bariz nümunəsi
kimi xüsusi vurğulanmalıdır. 1995-2003-cü
illər ərzində ulu öndər tərəfindən 32 əfv
fərmanı imzalanmış, bu fərmanlar 3091 məhkuma
şamil edilmişdir. Ulu öndərin
qanunvericilik təşəbbüsü əsasında Milli Məclis
1996-2001-ci illərdə amnistiya haqqında 8 qanun
imzalamış, 31584 məhkum azadlığa
buraxılmış və yaxud onların cəzası
yüngülləşdirilmişdir. Bu
addımlar ciddi tərbiyəvi əhəmiyyət
daşımaqla, cinayət törətmiş şəxslərin
islah edilməsinə və ölkədə cinayətkarlığın
azalmasına səbəb olmuşdur.
Ümummilli liderin rəhbərliyi dövründə Azərbaycanda
məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi,
bu kontekstdə insan və vətəndaş hüquq və
azadlıqlarının maksimum dərəcədə müdafiəsi
üçün çevik mexanizmlərin yaradılması və
habelə qanunların aliliyinin təmin olunması həyata
keçirilən mütərəqqi islahatların
mühüm istiqamətini təşkil etmişdir.
Ümummilli
liderimiz Heydər Əliyevin rəhbərliyi ilə
islahatların hüquqi bazasının yaradılması, insan
hüquq və azadlıqlarının qorunması sahəsində
mühüm sənədlər qəbul edilmiş,
respublikamız müxtəlif beynəlxalq konvensiya və
sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə
hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin
edilməsi məqsədi ilə müəyyən tədbirlər
həyata keçirmişdir. Bu tədbirlər sırasında
Heydər Əliyevin 21 fevral 1996-cı il
tarixli sərəncamı ilə yaradılmış Hüquq
İslahatları Komissiyasını xüsusi qeyd etmək
lazımdır. Bu komissiya xalqımızın
dövlətçilik tarixində yaratdığı ənənələri
qorumaqla inkişaf etmiş dövlətlərin hüquq islahatları
ilə bağlı təcrübəsindən də bəhrələnmişdir.
Hüquqi
islahatların davamı olaraq ölkəmizdə
çoxsaylı müvafiq qanunların, habelə yeni
münasibətlərə uyğun Cinayət, Cinayət-Prosessual,
Mülki, Mülki-Prosessual, Əmək, İnzibati Xətalar,
Cəzaların İcrası və digər məcəllələrin
qəbulu respublikamızda bu sahədə atılan
addımların qətiyyətini daha da artırdı.
Azərbaycan
Respublikası Prokurorluğunun dövlətçiliyin
maraqlarına, qanunun aliliyinin və insan və vətəndaş
hüquqlarının müdafiəsinə xidmət edən
sivil və demokratik bir qurum kimi formalaşması, onun fəaliyyətinin
hərtərəfli təminatı üçün qanunverici,
maddi və sosial bazanın yaradılması ölkəmizdə
həyata keçirilən möhtəşəm
islahatların, o cümlədən məhkəmə-hüquq
islahatlarının memarı
ümummilli lider Heydər Əliyevin böyük
qayğı və dəstəyi sayəsində mümkün
olmuşdur. Müstəqil respublikamızın Ali Qanununda ilk dəfə
olaraq ölkəmizin dövlət quruluşu sistemində
prokurorluğun layiqli yerinin müəyyənləşdirilməsi,
məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq
orqanlarının statusu, təşkili və fəaliyyət
prinsipləri, səlahiyyət dairəsi və vəzifələrinin
qanunvericilik qaydasında təsbit edilməsi Heydər
Əliyevin bilavasitə tapşırıq və göstərişlərinin
yerinə yetirilməsi nəticəsində mümkün
olmuşdur.
Ulu
öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü
əsasında 7 dekabr 1999-cu il tarixdə “Prokurorluq haqqında”
Qanunun qəbulu qarşıda duran bu və digər vəzifələrin
uğurla həyata keçirilməsinə imkan
yaratmış, prokurorluq orqanlarının daha da demokratikləşməsini,
onların qanunçuluğun və insan hüquqlarının
aliliyinin real təminatçısına çevrilməsini təmin
etmişdir. Sonrakı mərhələdə də
prokurorluq orqanları ulu öndərimiz Heydər Əliyevin
daim diqqət mərkəzində olmuşdur.
Prokurorluğun
fəaliyyətinin hüquqi əsasını təşkil edən
normativ aktlar, o cümlədən “Prokurorluq orqanlarında
qulluq keçmə haqqında”, “Prokurorluğun rəsmi emblemi
haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi
haqqında” qanunlar ulu öndərin təşəbbüsü
ilə qəbul olunmuş, “Prokurorluğa işə qəbul
olunmaq üçün namizədlərlə müsabiqənin
keçirilməsi qaydaları haqqında” Əsasnamə onun sərəncamı
ilə təsdiq edilmişdir. “Azərbaycan Respublikası
prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı
haqqında” 2002-ci il 8 oktyabr tarixli sərəncam
ümummilli liderimizin prokurorluğa və prokurorluq
işçilərinə göstərdiyi daimi
qayğının bariz nümunəsidir.
Görkəmli
dövlət xadimi Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il 1
oktyabr tarixinin prokurorluq işçilərinin peşə
bayramı kimi qeyd edilməsi isə tarixi ədalətin bərpa
olunması ilə yanaşı, hakimiyyət orqanları
sırasında xüsusi yeri olan prokurorluğa dövlət
qayğısının ifadəsi, ölkəmizdə
prokurorluğun roluna rəsmi münasibətin dövlət səviyyəsində
təzahürüdür. Azərbaycan dövlətinin
banisi, ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü
və rəhbərliyi altında Azərbaycan Respublikasında
prokurorluq orqanlarının yaradılmasının 80 illik
yubileyi təntənəli şəkildə qeyd edilmişdir.
Prokurorluq orqanlarının yaradılmasının 80 illik
yubileyinə həsr olunmuş təntənəli
yığıncaqdakı nitqində ulu öndərimiz
demişdir: “Prokurorluq peşəsi ağır, çətin
peşədir. Amma, eyni zamanda, çox şərəfli,
hörmətli peşədir. Mən arzu edərdim
ki, siz həmişə bu peşəni şərəflə
daşıyasınız. Arzu edərdim,
çalışasınız ki, Azərbaycan vətəndaşı
kimi, eyni zamanda, Azərbaycan prokuroru kimi hörmətli, şərəfli
olasınız. Azərbaycan Prokurorluğunun
inkişaf etməsinə dövlət qayğısı bu
gün də, gələcəkdə də olacaqdır.
Buna əmin ola bilərsiniz. Azərbaycan
Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram,
güvənirəm və arxalanıram”.
Ulu öndər Heydər Əliyevin prokurorluğun fəaliyyətinə
yüksək qiymət verməsi, ölkəmizin müstəqilliyinə,
dövlətçiliyinə sədaqətinə görə təşəkkür
etməsi hər birimizin üzərinə daha böyük məsuliyyət
qoymuşdur.
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun kollektivi də
öz fəaliyyətində daim ulu öndərimizin hüquqi
dövlət və vətəndaş cəmiyyəti
quruculuğu ilə bağlı ali
ideyalarını rəhbər tutmaqla, qanunvericiliklə müəyyən
edilmiş səlahiyyətlərini lazımi səviyyədə
həyata keçirməyə, Silahlı Qüvvələrdə
və qanunvericiliyə uyğun olaraq yaradılmış
başqa silahlı birləşmələrdə
qanunçuluğun, hərbi intizamın möhkəmləndirilməsinə
çalışır. Əsası ümummilli
lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu
quruculuğu sahəsində həyata keçirilən kompleks
tədbirlərin nəticəsi olaraq son illərdə ölkədə
hərbi cinayətlərin-fərariliyin, hərbi xidmətdən
yayınma hallarının və hərbi xidmət əleyhinə
olan digər cinayətlərin sayı ildən-ilə kəskin
şəkildə azalmışdır.
Heydər Əliyev fenomeni təkcə dünənin fakt
və hadisələrini özündə ehtiva etməklə məhdudlaşmır,
həm də Azərbaycandakı bugünün inkişaf proseslərini
istiqamətləndirən, bu proseslərə təkan verən
mühüm siyasi-ideoloji amil kimi çıxış edir. Tarixi təcrübə
sübut edir ki, cahanşümul fəaliyyət nəticəsində
zamanın mənzərəsini dəyişməyə qabil
olmuş böyük dövlət adamlarının xalq,
dövlət mənafeyi naminə gördükləri işlərin
onların cismani yoxluğundan sonrakı dövrdə də
davam etdirilməsi üçün zəruri əsaslar
formalaşdırmaları o şəxsiyyətlərin xalqa,
dövlətə göstərdikləri bütün xidmətlər
qədər önəmlidir.
Ulu öndərin müəyyən etdiyi inkişaf
konsepsiyasını yüksək dinamizmlə həyata
keçirən möhtərəm Prezidentimiz İlham
Əliyevin yürütdüyü məqsədyönlü
siyasətin uğurları sayəsində bu gün Azərbaycanın
davamlı tərəqqisi təmin olunmuş, ölkəmizin hərtərəfli
inkişafına yönələn qətiyyətli addımlar
atılmışdır. Azərbaycan dünyanın iqtisadi müstəvisində
istehlakçı ölkə statusunu istehsalçı ölkə
statusuna dəyişmiş, sosial-iqtisadi inkişaf tempinə
görə dünyanın ən öncül dövlətlərindən
birinə çevrilmişdir. Möhtərəm
Prezidentimizin imzaladığı mühüm dövlət
proqramlarının icrası nəticəsində Azərbaycanda
bir sıra sosial-iqtisadi problemlər öz həllini
tapmış və keçid dövrü uğurla başa
çatdırılmışdır.
Cənab İlham Əliyevin həyata keçirdiyi
uğurlu və qətiyyətli siyasət sayəsində Azərbaycan
bu gün bütün bəşəriyyəti narahat edən
enerji təhlükəsizliyi problemini nəinki tamamilə
aradan qaldırmış, eyni zamanda özünün zəngin
karbohidrogen ehtiyatları ilə Avropanın enerji təhlükəsizliyinin
başlıca təminatçısına çevrilmişdir. Bütün
dünya üçün xüsusi aktuallıq kəsb edən
ərzaq təhlükəsizliyi probleminin həlli
yönündə də əhəmiyyətli işlər
görülmüş, mühüm dövlət
proqramlarının icrasına başlanmışdır.
Hazırda Azərbaycanın xarici siyasətində
qazanılan uğurlar Prezident İlham Əliyev tərəfindən
daha da genişləndirilmiş və geopolitik baxımdan
olduqca həssas bölgədə yerləşən ölkəmiz
öz mənafelərini balanslaşdırılmış
xarici siyasət kursu nəticəsində qoruyaraq regionun ən
vacib ölkəsinə çevrilmişdir.
Bakı-Tbilisi-Ceyhan
əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri,
Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrin gerçəkliyə
çevrilməsi, nəinki cənubi Qafqaz regionunun,
ümumilikdə Avropanın gələcək taleyinin xeyli dərəcədə
asılı olduğu irimiqyaslı qlobal layihələrdə
Azərbaycanın əsas tərəf kimi iştirakı beynəlxalq
sferada müstəqil dövlətimizin mövqelərinin daha
da gücləndirilməsini, onun xarici investisiyalar
üçün açıq və cəlbedici ölkə,
etibarlı tərəfdaş imicinin formalaşmasını təmin
etmişdir. Azərbaycanın getdikcə artan beynəlxalq
nüfuzu ən ağrılı problemimiz olan Dağlıq
Qarabağ münaqişəsinin həlli istiqamətində
aparılan danışıqlarda da özünü qabarıq
şəkildə hiss etdirməkdədir.
Bu gün ölkəmizdə ən müxtəlif sahələr
üzrə davam edən inkişaf prosesləri məntiqi
ardıcıllıqla bir-birini tamamlayır. Azərbaycan ordusu
günü-gündən daha peşəkar orduya çevrilməklə
daha da güclənir, ölkəmizdə informasiyalı cəmiyyətin
formalaşması, iqtisadi resursların bu gün qloballaşan
dünyanın ən qiymətli sərvəti rolunda
çıxış edən insan kapitalına çevrilməsi
üçün məqsədyönlü addımlar
atılır, informasiya texnologiyalarının son nailiyyətləri
böyük sürətlə Azərbaycan həyatının
ayrılmaz bir hissəsinə çevrilir.
Bu il Bakıda ilk Avropa Oyunları keçiriləcək və fərəhli haldır ki, Azərbaycan bu möhtəşəm idman tədbirinə ev sahibliyi edəcəkdir. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir. Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik bir daha onu göstərir ki, ölkəmiz bu mötəbər tədbiri yüksək səviyyədə keçirəcəkdir. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindəyik. Bu oyunlar bir Avropa bayramına çevrilməlidir. Azərbaycan burada yenə də liderlik keyfiyyətlərini göstərir. Çünki Avropa Oyunlarının standartları, əslində, Bakıda qoyulacaq. Azərbaycanın rolunun getdikcə artdığını bəyan edən dövlət başçısı ölkəmizdə mövcud olan ictimai-siyasi vəziyyətin, multikulturalizmin, dini-milli dözümlülüyün, dünyaya açıq olmağımızın - bütün bu amillərin bu gün Avropa üçün, dünya üçün lazımlılığını qeyd edib.
Bu günlərdə xalqımız müasir Azərbaycan dövlətçiliyinin banisi, ulu öndər, dünyanın seçilmiş insanlarından biri, unudulmaz şəxsiyyət Heydər Əliyevin 92 illiyini qeyd edir. Ulu öndərin başladığı nəhəng işlərin bəzilərinin nəticələrini sağlığında görə bilməməsi qəlbimizi nə qədər göynətsə də, biz bu nailiyyətlərin hər birində ulu öndərin varlığını hiss edirik. Bu hiss Heydər Əliyevin Azərbaycanın bugünündən şad ruhunu bütün qəlbi ilə duyan hər bir insanın daşımalı olduğu əbədi bir vəzifəni – ulu öndər ideyalarına sadiqlik vəzifəsini müəyyənləşdirir.
Xanlar
VƏLİYEV,
Azərbaycan
Respublikası
Baş prokurorunun
müavini –
Azərbaycan
Respublikasının hərbi prokuroru,
ədliyyə general-leytenantı
Xalq qəzeti.- 2015.- 7 may.- S.3.