Azərbaycan
Respublikasının xarici
siyasətinin əsas prinsipləri və prioritetləri
İkiqütblü sistemin
sonunun çatması dünya siyasi arenasında böyük dəyişikliklərə
səbəb olmaqla tamam fərqli siyasi reallıqların meydana
gəlməsini şərtləndirmişdir. Əsas başlıca və nəzərəçarpan
siyasi reallıq ondan ibarət idi ki, SSRİ-nin
dağılması ilə beynəlxalq münasibətlər
sisteminə yeni müstəqil iştirakçılar
qoşulmuşlar. Postsovet məkanında meydana
gəlmiş müstəqil dövlətlər sırf öz
milli maraqlarından çıxış edərək xarici
siyasi strategiyalarını müəyyənləşdirmişlər.
Bu da müasir beynəlxalq münasibətlər
sistemində keyfiyyətcə və kəmiyyətcə tamam
yeni qarşılıqlı münasibətlərin
formalaşmasını şərtləndirmişdir. SSRİ-nin süqutundan sonra beynəlxalq aləmə
tam müstəqil bir aktor kimi inteqrasiya etməyə
başlayan gənc dövlətlərdən biri də Azərbaycan
Respublikası idi.
1991-ci ilin oktyabr ayında öz müstəqilliyini bəyan
edən Azərbaycan Respublikası üçün beynəlxalq
aləmə uğurlu inteqrasiya həyati vacib əhəmiyyət
kəsb edirdi.
Ölkənin olduqca əlverişli geosiyasi bir məkanda,
həm də dünyanın supergüclərinin
barışmaz maraqlarının kəsişdiyi regionda yerləşməsi
milli dövlətçilik prinsiplərinə, müstəqilliyin
və suverenliyin qorunmasına xidmət edəcək
dayanıqlı xarici siyasi strategiyanın
hazırlanmasını və tətbiq edilməsini tələb
edirdi. Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin uzaqgörən, düşünülmüş və
yeni siyasi reallıqları ən xırda elementlərinə
kimi nəzərə alan xarici siyasət
strategiyası gənc Azərbaycan dövlətinin beynəlxalq
münasibətlər sistemində layiqli yerini tutmasını
şərtləndirmişdir.
Azərbaycan Respublikasının xarici siyasətinin
başlıca prinsipləri mövcuddur. Bu prinsiplər
bir qayda olaraq daxili-siyasi reallıqların təsiri altında
müəyyənləşir. Biz artıq əsaslandırmışdıq
ki, xarici siyasət daxili siyasətin beynəlxalq münasibətlər
sistemində davamıdır. Yəni
ölkənin daxili həyatında cərəyan edən siyasi
proseslərlə və həyata keçirilməli olan vəzifələrlə
əlaqəli olan siyasi kurs dövlətin beynəlxalq arenada
mövqeyinin və xarici siyasətinin prinsiplərini, istiqamətlərini
müəyyənləşdirir. Bu mənada,
xarici siyasəti dövlətin daxili inkişafının əsas
vəzifələrindən irəli gələn, ölkənin
milli mənafeləri ilə xarici aləmin maraqları
arasında sivil birgəyaşayış qaydaları və
normaları əsasında
uyğunlaşdırılmış,
uzlaşdırılmış münasibətlər sistemi
yaratmağa xidmət edən məqsədyönlü fəaliyyət
növü kimi nəzərdən keçirmək
lazımdır.
Azərbaycan
Respublikasının xarici siyasətinin başlıca prinsipləri
1995-ci il noyabrın 12-də qəbul
edilmiş Konstitusiyasında və ümummilli lider Heydər
Əliyevin çıxışlarında öz əksini
tapmışdır. Ölkə Konstitusiyasının
10-cu maddəsində Azərbaycanın xarici siyasətinin
başlıca prinsipi önə çəkilərək qeyd
olunur ki, Azərbaycan başqa dövlətlərlə və
xarici aləmlə əlaqələrini beynəlxalq hüquq
normaları və ölkənin maraqlarını nəzərdə
tutan prinsiplər əsasında qurur. Ölkənin ali qanununa uyğun olaraq, Azərbaycan
Respublikası konkret sahələr üzrə xarici siyasətini
reallaşdırarkən konkret prinsiplərə əsaslanır.
Bu Azərbaycan Respublikasının xarici siyasi
kursunun özünəməxsusluqlarını səciyyələndirən
əlamətlərdəndir. Belə ki,
siyasi, iqtisadi, mədəni və digər sahələrin
xarakterinə uyğun olaraq konkret prinsiplər rəhbər
tutulur. Məsələn, Azərbaycan
Respublikasının siyasi müstəvidə xarici siyasətinin
mahiyyəti beynəlxalq hüquq normaları və prinsipləri
ilə tənzimlənən sivil dövlətlərarası
münasibətlərə hörmət bəsləməkdən,
beynəlxalq, regional və dövlətlərarası
münaqişələri sülh və danışıqlar
yolu ilə həll etməkdən, bütün dövlətlərin
suveren hüquqlarına, dövlət sərhədlərinə
və ərazi bütövlüklərinə hörmətlə
yanaşmaqdan ibarətdir. Uyğun olaraq iqtisadi
sahədə də xarici siyasətin əsas mahiyyətini
qarşılıqlı-faydalı əməkdaşlıq etmək,
iqtisadi maraqların uzlaşdırılması,
uyğunlaşdırılması, qarşılıqlı təminat
mexanizminin yaradılması və onun qorunması təşkil
edir.
Mədəni sahədə Azərbaycan
Respublikasının xarici siyasətinin mahiyyəti dövlətlərarası
əlaqələrə və ünsiyyətlərə mane
olan hər cür məhdudiyyətləri aradan qaldırmaqdan,
mənəvi sərvətlərin maneəsiz, azad və
demokratik mübadiləsindən, digər xalqların mədəni-mənəvi
irsinə hörmətlə yanaşmaqdan və s. ibarətdir. Azərbaycan
Respublikasının xarici siyasətinin səciyyəvi
xüsusiyyətləri vardır. Xarici siyasətimizin səciyyəvi
xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan beynəlxalq
münasibətlər sisteminin aktorları arasındakı
münasibətlərin inkişaf istiqamətlərinə və
dinamikliyinə uyğun olaraq, praqmatik və tarazlı xarici
siyasəti həyata keçirir, qonşu dövlətlərlə
hərtərəfli sıx əlaqələrin qurulmasına və
inkişaf etdirilməsinə böyük önəm verir.
Region dövlətləri ilə yanaşı, beynəlxalq
münasibətlər sisteminin mövcud vəziyyətinə
ciddi təsiretmə imkanlarına malik olan qüdrətli
dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq
münasibətlərinin yaradılmasına, xarici siyasəti həyata
keçirərkən onların regionda maraqlarının nəzərə
alınmasına və bu maraqlarla Azərbaycan dövlətinin
milli maraqlarının uzlaşdırılmasına da diqqət
yetirilir. Azərbaycan Respublikası əsasən məhz bu
prinsiplərə əsaslanaraq öz xarici siyasi
strategiyasını müəyyənləşdirmişdir və
uğurla həyata keçirməkdədir. Müstəqilliyinin ilk illərində, yəni
ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışına qədər olan vaxtdan fərqli olaraq,
sonrakı mərhələdə həyata keçirilən
xarici siyasət prinsipləri dünya ictimaiyyəti tərəfindən
yüksək qiymətləndirilmişdir. Belə
ki, Azərbaycan Respublikası öz inkişafını
plüralist demokratiya prinsiplərinə söykənən,
hüquqi dövlət quruculuğu yoluna istiqamətləndirmişdir.
Buna uyğun olaraq ölkənin xarici siyasəti
də beynəlxalq təcrübənin bütün mütərəqqi
prinsiplərinə əsaslanır və müasir, sivil beynəlxalq
normaları özündə əks etdirir.
Beləliklə,
Azərbaycan Respublikası müasir beynəlxalq təhlükəsizlik
sisteminin dayağı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici
siyasət kursunu reallaşdırmaqdadır. Deməli,
müəyyənləşdirdiyi xarici siyasi kursa uyğun
olaraq dünya dövlətlərinin ərazi
bütövlüyünə, müstəqilliyinə,
suverenliyinə hörmətlə yanaşmaq və onların
daxili işlərinə müdaxilə etməmək Azərbaycanın
beynəlxalq aləmlə münasibətlərində və
qarşılıqlı əlaqələrində əsas
prinsiplərdir. Azərbaycan beynəlxalq
münasibətlər sisteminin bütün aktorları ilə
münasibətdə onların hərbi və iqtisadi
potensialından, ərazisinin miqyasından asılı
olmayaraq, dünya dövlətlərinin suveren bərabərliyi
prinsipinə əsaslanan tam müstəqil xarici siyasət həyata
keçirir.
Azərbaycan dövlətinin xarici siyasətinin digər
başlıca prinsiplərindən biri kimi, həmçinin, bu
siyasətin həyata keçirilməsi zamanı şəffaflığın
təmin edilməsini, beynəlxalq münasibətlər
sistemindəki real vəziyyəti təhlil edərək əvvəlcədən
müəyyənləşdirilmiş addımların
atılmasını göstərmək olar. İstər
regionda, istərsə də kənarda yerləşən
bütün dövlətlərlə dostluq və
qarşılıqlı səmərəli ikitərəfli və
çoxtərəfli əlaqələrin qurulması və
inkişaf etdirilməsi, regionda və ümumilikdə beynəlxalq
arenada dinc-yanaşı mövcud olmanı daim təbliğetmə
də həmçinin Azərbaycan dövlətinin xarici siyasətinin
vacib prinsiplərindəndir. Azərbaycan
dövlətinin xarici siyasətinin yuxarıda qeyd etdiyimiz
prinsiplərini ulu öndər Heydər Əliyev daha dəqiq
ifadə etmişdir. Belə ki, Heydər Əliyev ölkənin
xarici siyasətini səciyyələndirərək qeyd
etmişdir: “Bizim xarici siyasətimiz sülhsevər siyasətdir,
biz hər hansı bir dövlətin suverenliyinə, ərazi
bütövlüyünə toxunmaq məqsədi
güdmürük. Lakin eyni zamanda
respublikamızın suverenliyini, müstəqilliyini və ərazi
bütövlüyünü nəyin bahasına olursa-olsun
xarici siyasət vasitəsilə təmin etməyə
çalışacağıq”.
Həqiqətən də, Azərbaycanın xarici siyasi
strategiyasının banisi olan ümummilli lider Heydər
Əliyev ölkənin xarici siyasi kursunu müəyyənləşdirərkən
qeyd etdiyi prinsipləri rəhbər tutmuşdur.
Mühüm prinsiplərdən biri də ondan ibarətdir
ki, Azərbaycan Respublikası regional qarşılıqlı əməkdaşlığı
regionda sülhün və sabitliyin qorunub saxlanılması
üçün mühüm amil hesab edir. Azərbaycana
qarşı əsassız ərazi iddiaları ilə
çıxış edərək torpaqlarımızın
20%-ə qədərini işğal altında saxlayan Ermənistan
istisna olmaqla bütün region dövlətləri ilə
qarşılıqlı faydalı dostluq münasibətləri
qurmuşdur. Ümummilli lider Heydər
Əliyev vaxtında böyük müdrikliklə müəyyənləşdirmişdir
ki, region dövlətləri ilə qarşılıqlı əlaqələrin
qurulması olduqca vacibdir. Heydər Əliyev siyasi kursunu
uğurla davam etdirən Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev də bu prinsiplərə sadiqlik
nümayiş etdirir və hesab edir ki, regional səviyyədə
qarşılıqlı əlaqələrin daha da inkişaf
etdirilərək ən yüksək səviyyəyə
qaldırılması regionda həllini gözləyən
problemlərin birgə səylərlə, təminatlı
şəkildə aradan qaldırılması üçün
etibarlı zəmin yaradır.
Azərbaycan Respublikasının xarici siyasət strategiyası
müəyyənləşdirilərkən rəhbər
tutulan prinsiplərdən biri də Azərbaycan dövlətinin
strateji maraqlarının regionda ciddi maraqları olan və
regiona real təsiretmə imkanları olan beynəlxalq güc mərkəzlərinin
maraqları ilə uzlaşdırmaqdan ibarət idi. Qeyd etmək
lazımdır ki, müasir dünyanın real güc mərkəzlərinin,
regional və beynəlxalq münasibətlərin
hazırkı reallıqlarının nəzəri təhlili
özünün xarici siyasətinin istiqamətini müəyyənləşdirən,
beynəlxalq arenaya uğurlu inteqrasiya etmək istəyən
istənilən dövlət üçün çox əhəmiyyətlidir.
Belə ki, müstəqillik yolu ilə addımlayan hər bir
dövlətin beynəlxalq münasibətlər sistemində
gələcək yeri və rolu bu amillərdən, daha dəqiq
ifadə etmiş olsaq, iqtisadi-siyasi və təhlükəsizlik
meyillərini hansı beynəlxalq güc mərkəzinə
yönəltməsindən, hansı mərkəzlə əməkdaşlıq,
tərəfdaşlıq, dostluq və nəhayət, strateji
müttəfiqlik əlaqələrini yaratmasından əhəmiyyətli
dərəcədə asılıdır.
Məhz bu prinsipdən çıxış edərək
Azərbaycanın xarici siyasət strategiyası işlənib
hazırlanarkən müxtəlif güc mərkəzlərinin
regional və beynəlxalq maraqlar sistemi geniş təhlil edilərək
dərindən öyrənilmiş, bu maraqların Azərbaycanın
milli maraqları ilə uzlaşdırılması istiqamətində
ciddi addımlar atılmışdır. Ölkənin
xarici siyasətinin konturları müəyyənləşdirilən
zaman bu prinsipə əməl olunması Azərbaycanın beynəlxalq
imicinə əhəmiyyətli dərəcədə müsbət
təsir göstərmişdir. Hər şeydən əvvəl, beynəlxalq
ictimaiyyətin, xüsusilə də regionda təsir
imkanları geniş olan güc mərkəzlərinin Azərbaycan
Respublikasına münasibəti kökündən dəyişmişdir.
Belə ki, vaxtilə ölkəmizə
münasibətdə beynəlxalq ictimaiyyətin aparıcı
qüvvələri gözləmə mövqeyi nümayiş
etdirirdilərsə, sonradan region hadisələrinə fəal
müdaxilə və Azərbaycanın ədalətli tələblərini
müdafiə mövqeyinə keçirmək
üçün ardıcıl diplomatik gedişlər
edilmişdir. Bir sözlə, Azərbaycanın yeni xarici
siyasət kursu respublikamızın strateji mənafeyinə
uyğun olaraq, dünyanın aparıcı dövlətlərini
Azərbaycanın müstəqil və qüdrətli dövlət
olacağı zamanı gözləmədən, onun müstəqil
və inkişaf etmiş ölkələr sırasında
layiqli yer tutmasına hər cür şərait yaratmasına
xidmət edən faydalı əməkdaşlıq yoluna
sövq etdi. Heydər Əliyevin siyasi xətti
qısa bir vaxtda nəinki Azərbaycanı bu ölkələrin
əsas maraq dairəsinin fəal obyektinə çevirmiş,
həm də respublikamız üçün həyati əhəmiyyət
kəsb edən müstəqil dövlətçilik mənafelərini
onların iqtisadi və siyasi maraqları ilə hərtərəfli
uzlaşdıra bilmişdir. Bir sözlə,
bəhs edilən dövrdə bu dövlətlərin
maraqlarının Azərbaycan adlanan təbii-coğrafi və
hüquqi-siyasi məkanda maddiləşməsi
üçün hərtərəfli daxili və beynəlxalq
şərait yaradılmışdır.
İstənilən hər hansı bir dövlətlə
əlaqələr və münasibətlər
strategiyasının işlənib hazırlanması və
reallaşdırılması da məhz bu prinsiplərə əsaslanır. Xarici siyasi
strategiyanın bu prinsiplər əsasında işlənib
hazırlanması və bu prinsiplərin dəqiqliklə
gözlənilməsi Azərbaycanın milli maraqlarının
qorunmasına və səmərəli təmin olunmasına
etibarlı zəmin yaradırdı. Regionda
cərəyan edən sonrakı proseslər və
yaranmış siyasi reallıqlar bir daha sübut etdi ki,
dünyanın güc mərkəzlərinin regionda
maraqlarının nəzərə alınması və
onların regiona təsir imkanlarının dəqiqliklə
hesablanması prinsiplərinə əsaslanan xarici siyasi kurs
olduqca uğurlu olmuşdur.
Müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin
söykəndiyi ana prinsiplərdən biri də
balanslaşdırma siyasətidir. Azərbaycan
Respublikasının geosiyasi mövqeyi və mövcud beynəlxalq
vəziyyəti məhz balanslaşdırılmış xarici
siyasətin həyata keçirilməsini tələb edir.
Çünki artıq qeyd etdiyimiz kimi,
dünyada mövcud olan güc mərkəzlərindən ancaq
birinə meyilli xarici siyasətin yeridilməsi dövlətin
mövcudluğu üçün böyük təhlükə
yaradır və ölkənin beynəlxalq münasibətlər
sistemində layiqli yer tutması imkanlarını əhəmiyyətli
dərəcədə məhdudlaşdırır.
Bu baxımdan Azərbaycan xarici siyasətində
balanslaşdırılmış siyasətin yeridiləməsi
prinsipinə böyük həssaslıqla yanaşır. Belə ki, bu
gün Azərbaycan fərq qoymadan regionda maraqları olan hər
bir beynəlxalq güc mərkəzi ilə bərabərhüquqlu
qarışılıqlı-faydalı əlaqələr
qurmuşdur. Eyni zamanda, bütün
nüfuzlu brynəlxalq və regional təşkilatlara üzv
olmaq, onlarla yaxından əlaqələr qurmaq və
onların işində yaxından iştirak etmək də məhz
bu prinsipdən irəli gəlir. Ümummilli
lider Heydər Əliyev bu prinsipin daha önəmli
olmasını hakimiyyətinin ilk günündən müəyyənləşdirmişdir.
Bu baxımdan ulu öndər Heydər Əliyev Azərbaycan
dövlətinin müstəqilliyinin ən yüksək səviyyədə
dayanıqlı olmasını təmin etmək,
ardıcıl, düşünülmüş taktiki addımlar
atmaqla ölkəni Rusiyanın təsir dairəsindən
çıxarmaq, Şərqlə Qərb arasındakı
münasibətlər sistemində Azərbaycanın
özünəməxsus, layiqli yer tutmasını şərtləndirmək
naminə regionun digər dövlətlərinin milli
maraqlarına toxunmamaq şərti ilə
balanslaşdırılmış xarici siyasi kursu
reallaşdırmışdır.
Bütün yuxarıda qeyd etdiklərimiz Azərbaycan
Respublikasının öz xarici siyasətini həyata
keçirərkən istinad etdiyi başlıca prinsiplərdir.
Azərbaycanın xarici siyasətinin prinsipləri
haqqında apardığımız təhlilləri ümumiləşdirərək
konkret şəkildə bu prinsipləri bir daha nəzərdən
keçirmək olar. Beləliklə, Azərbaycan Respublikasının
müxtəlif səviyyəli beynəlxalq münasibətlər
sahəsində əlaqələr qurarkən və inkişaf
etdirərkən rəhbər tutduğu prinsipləri konkret
olaraq aşağıdakı kimi qruplaşdırmaq olar:
Birincisi, hər bir dövlətin suveren
hüquqlarına, ərazi bütövlüyünə
hörmətlə yanaşmaq, beynəlxalq hüquq
normaları və prinsiplərinə uyğun olaraq dövlətlərin
ərazi bütövlüyünün pozulmasına, sərhədlərinin
zorla dəyişdirilməsinə və dövlət müstəqilliyinin
təhlükə altına alınmasına yol verməmək,
mübahisəli məsələləri dinc yolla həll etmək. Bundan başqa, digər
dövlətlərin daxili işlərinə müdaxildən
çəkinmək və xarici dövlətlərin onun daxili
işlərinə qarışmasına yol verməmək, hər
bir ölkənin müəyyənləşdirdiyi və
üstünlük verdiyi inkişaf modelinə hörmətlə
yanaşmaq, beynəlxalq səviyyədə üzərinə
götürdüyü öhdəlikləri dəqiq yerinə
yetirmək və bu qəbildən olan prinsiplərdəndir;
İkincisi,
müxtəlif spektrli əlaqələrdə bərabərhüquqlu,
qarşılıqlı-faydalı əməkdaşlıq,
ortaq maraq və mənafeləri qorumaq,
qarşılıqlı təhlükəsizliyə can atmaq,
ikitərəfli əlaqələrdə beynəlxalq hüquq
normalarını və sivilizasiyalı birgəyaşayış
qaydalarını, başqa dövlətlərin, regional və
beynəlxalq birliklərin mənafelərini nəzərə
almaqdan ibarətdir;
Üçüncüsü, xalqların və millətlərin
öz müqəddəratlarını təyin etməsinə
hörmətlə yanaşmaqdır. Lakin bu separatizmlə,
terrorçuluqla, dövlətlərin və xalqların təhlükəsizliyinə,
maddi və mənəvi həyatına ziyan verə biləcək
digər neqativ hallarla müşayiət olunduğu halda ona
qarşı mübarizə aparmaqdır;
Dördüncüsü, müasir dövrün qlobal
problemlərinin aradan qaldırılmasında dünya ictimaiyyəti
ilə birgə fəaliyyətdə səylərini əsirgəməmək
və bu istiqamətdə beynəlxalq əməkdaşlığı
inkişaf etdirməkdir və s.
Azərbaycan dövlətinin xarici siyasəti yuxarıda
qeyd etdiyimiz prinsiplərə söykənməklə
özünün konkret prioritetlərinə malikdir. Beləliklə,
Azərbaycan Respublikasının xarici siyasətinin prioritetləri
sırasında əsaslarını qruplaşdıraraq təhlil
edək. Hesab edirik ki, demokratik inkişaf
yolu ilə inamla addımlayan müstəqil Azərbaycan
dövləti mövcud olan problemlərin böyük əksəriyyətinin
öhdəsindən uğurla gəlmişdir və bu gün
bizdən asılı olmayan səbəblər üzündən
həllini tapmayan başlıca problem ölkənin ərazi
bütövlüyünün bərpa edilməsi ilə
bağlıdır. Yəni Azərbaycan dövlətinin
xarici siyasətinin birinci prioriteti Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsini dinc vasitələrlə
həll edərək ölkənin ərazi
bütövlüyü və suverenliyinin tezliklə bərpa
edilməsinə nail olmaqdan ibarətdir. Daha dəqiq
ifadə etmiş olsaq, Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzünün nəticələrinin
aradan qaldırılması istiqamətində ardıcıl, təsirli
addımların atılması Azərbaycan dövlətinin
xarici siyasətinin əsas prioritetlərindəndir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll
edilməsi istiqamətində Azərbaycan xarici siyasətinin
bütün imkanlarını səfərbər etmişdir. Aparılan gərgin
və məqsədyönlü işlər sayəsində bu
gün Azərbaycanın haqlı tələbləri
bütün dünya ölkələri, beynəlxalq və
regional təşkilatlar tərəfindən dəstəklənir.
Azərbaycan dövlətinin xarici siyasətinin digər
prioriteti milli təhlükəsizliyi, siyasi müstəqilliyi,
suverenliyi və ərazi bütövlüyünə
qarşı yönəlmiş təhlükələrin aradan
qaldırılmasından, beynəlxalq təhlükəsiz
sistemə uğurlu inteqrasiya etməklə, beynəlxalq və
regional təhlükəsizliyin təmin olunmasına öz
töhfələrini verməkdən ibarətdir. Fikirlərimizə bir az da
aydınlıq gətirərək daha geniş formada Azərbaycan
dövlətinin xarici siyasətinin bu istiqamətdə
prioriteti kimi beynəlxalq sülh və təhlükəsizliyi
qorumağı və bu məqsədlə sülhün təmin
edilməsi işində yaranan təhlükənin
qarşısını almaq və onu ləğv etməyi, təcavüz
aktlarını yatırtmaq üçün səmərəli
kollektiv tədbirlər həyata keçirməklə ədalət
və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq
sülh vasitələrilə beynəlxalq münaqişələrin
və sülhün pozulmasına gətirib çıxara bilən
halların dinamikliklə aradan qaldırılmasını
göstərmək olar.
Xarici siyasətinin bu prioritetinə uyğun olaraq Azərbaycan
dövləti mövcud təhlükəsizlik mühitində ərazi
bütövlüyünə, müstəqilliyinə və
suverenliyə qarşı mümkün təhdidlərin nəzarət
altında saxlanılmasına və aradan
qaldırılmasına çalışır. Bu baxımdan,
hazırlanmış xarici siyasi strategiya həmçinin bu
istiqamətdə fəaliyyətin həyata keçirilməsinə
hesablanmışdır. Beynəlxalq təşkilatların
müvafiq strukturlarına inteqrasiya və onlarla sıx əlaqələrin
qurulması istər-istəməz bu strukturların təhlükəsizlik
sistemlərinə də inteqrasiyanı şərtləndirir.
Beynəlxalq təhlükəsizlik sisteminə
inteqrasiya Azərbaycan dövləti üçün strateji əhəmiyyət
kəsb edir. Belə ki, Azərbaycan
Respublikası beynəlxalq, xüsusilə də Avratlantik
strukturlarla strateji tərəfdaşlığı
bütövlükdə beynəlxalq təhlükəsizliyə,
iqtisadi inkişafa və demokratiyaya dəstək verəcək
mühüm bir vasitə kimi görür. Azərbaycan
Respublikası Avropa və Avratlantik məkanında
qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin
aradan qaldırılmasında NATO ilə birgə işləyir
və təhlükəsizliyin bölünməzliyi prinsipinə
zidd coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropada və
yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin
qurulması yükünü bölüşmək əzmindədir.
Azərbaycan dövlətinin xarici siyasətinin ən başlıca prioritetlərini qruplaşdıraraq təhlil etdik. Yuxarıda qeyd etdiklərimizdən başqa, ölkənin xarici siyasətinin digər prioritetlərini də göstərmək olar. Məsələn, bunlardan regionda qanunsuz silah və digər daşımaların qarşısının alınması; təhlükəsizliyin və sabitliyin gücləndirilməsi; Xəzər dənizi hövzəsinin demilitarizasiyası; nüvə silahlarının yayılmasının qarşısının alınmasına dair mövcud olan qlobal rejimlərə sadiqlik və Cənubi Qafqazda nüvə silahlarından azad zonanın yaradılması; iştirakçısı olduğu Avrasiya nəqliyyat dəhlizini inkişaf etdirmək və s. istiqamətlərdə geniş fəaliyyət proqramın həyata keçirilməsini qeyd etmək olar.
Azərbaycan dövləti istər regional, istərsə də beynəlxalq münasibətlər sistemində fəaliyyəti zamanı xarici siyasətinin müəyyənləşdirdiyi hər bir prioritetinə istisnasız olaraq böyük həssaslıqla yanaşır.
Hikmət
BABAOĞLU,
“Yeni Azərbaycan”
qəzetinin
baş redaktoru
Xalq qəzeti.- 2015.- 7 may.- S.4.