Ulu öndər Heydər Əliyev Azərbaycanın
müstəqil enerji sisteminin
yaradıcısıdır
Azərbaycanın
müasir, hüquqi və dünyəvi dövlət kimi
formalaşmasında, vətəndaş cəmiyyətinin
yaradılmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində,iqtisadiyyatımızın
inkişafında, beynəlxalq əlaqələrin, Avropa və
dünya ölkələri ilə münasibətlərin qurulmasında ulu öndər
Heydər Əliyevin misilsiz xidmətləri vardır.
Azərbaycanın dünya miqyasında neft-qaz ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə əməkdaşlığı, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun yaranması ümummilli liderimizin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyinin məntiqi nəticəsidir.
1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən sonra respublikanın sosial-iqtisadi həyatının mühüm sahələrindən biri olan energetika sektorunun sürətli inkişafını təmin etmək məqsədi ilə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, bir çox irimiqyaslı layihələr reallaşdırılmışdır.
Azərbaycanın müstəqil enerji sisteminin formalaşması, bu kontekstdə enerji təhlükəsizliyinin daha etibarlı vəziyyətə gəlməsi bilavasitə xalqımızın böyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Bunun real isbatı üçün təkcə bir faktı qeyd etmək kifayətdir ki, məhz ümummilli liderin şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 30 il ərzində Azərbaycanın energetika sistemində 3500 meqavata yaxın generasiya gücləri, 70 min kilometrə yaxın elektrik ötürücü xətlər istifadəyə verilmiş, enerji sisteminin real imkanları iki dəfədən çox artmışdır.
Burada bir fakta da nəzər salmaq istərdim. Ötən əsrin 70-80-ci illərində dinamik
inkişafda olan Azərbaycan iqtisadiyyatının durmadan artan tələbatı
ölkəmizi qonşu respublikalardan 2,9-3,5 milyard kilovat-saat
elektrik enerjisi idxal etmək məcburiyyətində qoyurdu. Bu çatışmazlığı aradan
qaldırmaq üçün tez bir zamanda Şəmkir SES və
“Azərbaycan” DRES-in inşasına başlamaq qərara
alındı. Bununla da Azərbaycan
energetikasının inkişafında yeni bir mərhələnin
əsası qoyuldu.
“Azərbaycan” DRES-in birinci enerji blokunun işə
salınması ölkəmizdə əlamətdar hadisəyə
çevrildi.
Ümummilli liderimizin bu münasibətlə 1981-ci il oktyabrın 20-də Mingəçevir şəhərinə
gəlişi, stansiyanın vəziyyəti ilə tanış
olaraq energetiklərə və inşaatçılara öz dəyərli
tövsiyələrini verməsi həmin tarixi təqvimi Azərbaycan
energetiklərinin peşə bayramı günü kimi müəyyənləşdirmişdir.
Yeri gəlmişkən, ulu öndərin dəstəyi
ilə respublikamızda reallaşan nəhəng iqtisadi layihələr
sırasında xüsusi yeri olan “Azərbaycan” DRES Cənubi
Qafqazda ən iri elektrik stansiyasıdır.
Dahi rəhbər Heydər
Əliyevin ən böyük xidmətlərindən biri də
respublikamızın enerji təhlükəsizliyi məsələsinin
həllinə hələ ölkəyə birinci rəhbərliyi
dövründə nail olmasıdır. Bu nailiyyət
Azərbaycanın dövlət müstəqilliyinin elan edildiyi
çətin və mürəkkəb siyasi şəraitdə
respublikamızı regionda xüsusi maraqları olan xarici
dövlətlərin enerji təhdidlərindən
qorumuşdur. Məhz bunun nəticəsidir ki, ötən
əsrin 90-cı illərinin sonlarında elektrik enerjisi
istehsalı 23,4 milyard kilovat-saata
çatdırılmış, istehlak isə 21,7 milyard
kilovat-saata yaxın olmuş, 1,7 milyard kilovat-saat elektrik enerjisi
ixrac edilmişdir. Adambaşına düşən
elektrik enerjisi isə 3300 kilovat-saatdan artıq olmuşdur.
SSRİ-nin süqutu elektrik energetikası sisteminə də
təsirsiz ötüşməmişdir. Yaranmış
siyasi və iqtisadi böhran nəticəsində elektrik
enerjisi istehsalında böyuk problemlər
yaranmışdır. Ulu öndər Heydər
Əliyevin uzaqgörən siyasəti nəticəsində
tikilmiş “Azərbaycan” İES olmasaydı, respublikanın, o
cümlədən paytaxt Bakının enerji təchizatında
ciddi problemlər yaşana bilərdi.
Faktlar
göstərir ki,
Heydər Əliyev Azərbaycana rəhbərlik
etdiyi bütün dövrlərdə elektrik enerjisi sisteminin
inkişafını prioritet məsələlər
sırasında aid edərək sözügedən istiqamətdə
böyük işlər görmüşdür. Bu mənada təsadüfi deyil ki, elektrik enerjisi
sisteminin əsas inkişaf mərhələsi öz
başlanğıcını Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi birinci dövrdən götürür. Məhz həmin
vaxtdan başlayaraq, respublikada bu sistemin sürətli
inkişafını təmin etmək məqsədilə bir
sıra irimiqyaslı layihələrin
reallaşdırılmasına start verilmişdir. Həmin layihələr öz növbəsində Azərbaycanın
elektrik enerjisinə olan tələbatının yerli imkanlar
hesabına ödənilməsinə gətirib
çıxarmışdır. Bir-birinin
ardınca yeni elektrik stansiyalarının, yüksək gərginlikli
elektrik verilişi xətlərinin və
yarımstansiyaların inşa edilib istifadəyə verilməsi
Azərbaycanın sənaye potensialının
artırılmasında mühüm addım olmuşdur.
Ümummilli liderimizin titanik fəaliyyəti sayəsində
1969-cu ildə Azərbaycan elektrik enerjisi idxal edirdisə,
1982-ci ildə artıq ölkəmiz elektrik enerjisi ixrac edən
respublikaya çevrilmişdir. Həmin illərdə
Azərbaycanın bütün yaşayış məntəqələrinə,
o cümlədən hər bir evə elektrik xətti çəkilmişdir.
O dövrdə elektrik stansiyalarının inşası ilə
yanaşı, elektrik şəbəkələri də
sistematik inkişaf etdirilmiş və respublikamızın
dayanıqlı enerji sistemi yaradılmışdır.
Ulu
öndərin ölkəyə rəhbərliyinin birinci dönəmində
görülən bu işlər sonralar dövlət
suverenliyini əldə edən Azərbaycanın müstəqil
enerji sisteminin yaranmasında bazis rolunu oynamışdır. Digər sahələrdə olduğu kimi, enerji
sisteminin müstəqillik illərində yenidən
qurulmasının müəllifi kimi yenə ulu öndər
çıxış etmiş, bu sahənin böhrandan
çıxarılması, onun maddi-texniki bazasının yeniləşdirilməsi
və möhkəmləndirilməsi üçün məqsədyönlü,
genişmiqyaslı tədbirlər həyata
keçirmişdir. Məhz ümummilli liderimizin sayəsində
tikintisi hələ 1984-cü ildən
yarımçıq qalmış Şəmkir SES-in davamı
olan Yenikənd su hövzəsinin və su elektrik stansiyasının
inşası 2000-ci ilin dekabr ayında başa
çatdırılmışdır.
Yuxarıda
qeyd edilənlərlə yanaşı, reallaşdırılan konkret tədbirlər
hesabına ölkəmizin İran, Gürcüstan və
Naxçıvan Muxtar Respublikası tərəfdən
Türkiyə ilə enerji sistemləri sferasında da sıx əlaqəsi qurulmuşdur.
“Energetika haqqında”, “Enerji resurslarından istifadə
haqqında”, “Elektroenergetika haqqında”, “Elektrik və istilik
stansiyaları haqqında” qanunların qəbulu ilə Heydər
Əliyev eyni zamanda, Azərbaycanın elektrik enerjisi
sistemində qanunvericilik bazasının
formalaşdırılaraq, bu sahəyə dair hüquqi əsasların
təkmilləşdirilməsi istiqamətində mühüm
tədbirlər həyata keçirmişdir.
Ulu öndərin müstəqil enerji sisteminin
formalaşması istiqamətində həyata keçirdiyi məqsədyönlü
siyasət Prezident İlham Əliyev tərəfindən
ardıcıllıqla davam etdirilmiş və zamanın tələblərinə
uyğunlaşdırılaraq ölkənin iqtisadi qüdrətinin
artması fonunda özünün yeni yüksəliş mərhələsinə
qədəm qoymuşdur. Bu sahədə görülən işlər
ona gətirib çıxarmışdır ki, Azərbaycan
elektrik enerjisi idxalına tamamilə son qoymuş, əlavə
enerji istehsalı ölkəmizin bu məhsulun da
ixracatçısına çevrilməsinə imkan
yaratmışdır. Hazırda Azərbaycan elektrik
enerjisinin hasilatı və ixracı sahəsində potensialını
davamlı şəkildə genişləndirməkdədir.
Bütün bunlar isə cənab İlham Əliyevin rəhbərliyi
altında sözügedən sahədə həyata
keçirilən siyasətin nə dərəcədə
mükəmməl bir əsasa söykəndiyini, kifayət qədər
böyük bir perspektivə hesablandığını əyani
şəkildə nümayiş etdirir. Bu kontekstdə enerji sisteminin
inkişafı sferasında Azərbaycan Prezidenti İlham
Əliyevin atdığı mühüm addımlardan biri
2005-ci il fevralın 14-də “Azərbaycan
Respublikasında yanacaq-enerji kompleksinin inkişafı
(2005-2015-ci illər) Dövlət Proqramı”nın təsdiqi
barədə sərəncam olmuşdur.
Ölkənin yanacaq-enerji kompleksində
qazanılmış uğurların daha da möhkəmləndirilməsinə,
iqtisadiyyatın və əhalinin enerji resurslarına olan tələbatının
daha dolğun ödənilməsini reallaşdırmağa
yönələn adıçəkilən proqram qəbul
edildiyi müddətdən etibarən qarşıdakı on
illik dövrdə bu kompleksə daxil olan sahələrin
inkişaf istiqamətlərini müəyyənləşdirir
və onların həyata keçirilməsi üçün
konkret tədbirlərin icrasını nəzərdə tutur.
Dövlət başçısının göstərişlərinə
əsasən, ötən illərdə Azərbaycan İES-in
III və IV enerji blokunun yenidən qurulmasının başa
çatdırılması nəticəsində 200 MVt əlavə
güc yaradılmışdır. Bundan başqa, 2011-ci il
ərzində Azərbaycan İES-də görülən
işlər stansiyanın gücünü 2000 MVt-dən 2600
MVt-yə yüksəltməyə imkan vermişdir. Stansiyanın səmərəliliyinin
artması isə ildə 500 min ton yanacağa qənaət
edilməsi deməkdir.
Ölkə rəhbərinin təşəbbüsü və
dəstəyi ilə həyata keçirilən tədbirlər
nəticəsində daha əvvəl mövcud stansiyalar modernləşdirilmiş,
onlar dünya standartlarına cavab verən müasir qurğu və
avadanlıqlarla təchiz edilmişdir. Nəticədə stansiyaların
faydalı iş əmsalı artmış, 1 kVt-saat elektrik
enerjisinin istehsalına sərf edilən şərti
yanacağın miqdarı əhəmiyyətli dərəcədə
azalmışdır. Qarşıdakı
dövrdə də ölkədə elektrik enerjisinin hasilatının
yüksələn xətt üzrə inkişaf edəcəyi
də şübhə doğurmur.
Elektrik enerjisi sistemində daha bir mühüm məsələ
odur ki, bu gün ölkəmizdə generasiya gücləri
bütün respublikanı əhatə edir. Bu isə hər
bir bölgədə güclü energetika potensialının
yaranmasına, sosial-iqtisadi rifahın
yaxşılaşmasına öz töhfəsini verməkdədir.
Generasiya sahəsində görülən
işlər nəticəsində Azərbaycan nəinki öz
enerji tələbatını tam təmin etmiş, hətta
güclü ixrac potensialı da yaratmışdır. Əldə olunmuş ixrac potensialını
reallaşdırmaq üçün Azərbaycan-Gürcüstan-Türkiyə
enerji dəhlizi layihəsinin icrası Azərbaycana yeni imkanlar
verir.
Beləliklə, ölkənin elektroenergetika sisteminin
dayanıqlığının təmin edilməsi məqsədilə
nəzərdə tutulmuş tədbirlərin,
ötürücü və paylayıcı elektrik şəbəkələrinin
yenidən qurulması işlərinin uğurla yerinə
yetirilməsi əhalinin və sənayenin elektrik enerjisi ilə
fasiləsiz təminatına, bu sahədə ixrac
potensilalının genişlənməsinə böyük
imkan yaratmışdır.
Yeri gəlmişkən, son illər paytaxt və ətraf
ərazilərin elektrik enerjisi ilə təchizatının
yaxşılaşdırılması istiqamətində həyata
keçirilən ardıcıl tədbirlərin bir qisminə
də nəzər salmaq istərdim. Əvvəla onu qeyd
edim ki, sözügedən sahədə
reallaşdırılan uğurlu dövlət siyasəti nəticəsində
paytaxtın dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə
təchizatı təmin olunmuş, şəbəkədə
itkilər minimuma endirilmiş, ötürücü güclər
artırılmış, qəza açılmaları aradan
qaldırılmışdır.
“Azərbaycan
Respublikasının yanacaq-enerji kompleksinin inkişafı
(2005-2015-ci illər) üzrə Dövlət Proqramı”, “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair qəbul edilmiş Dövlət Proqramları və eləcə
də iqtisadiyyatın inkişafı ilə bağlı qəbul
edilmiş digər proqramlar enerji sisteminin yenidən
qurulması ilə bağlı həyata keçirilən tədbirlərin
uğurla davam etdirilməsində çox mühüm stimul
olmuşdur. Məhz həmin proqramların yerinə yetirilməsi
bütün ölkədə olduğu kimi, Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
infrastrukturunun inkişafına daha da təkan vermiş,
xüsusən yol təsərrüfatının və nəqliyyatın
işinin yaxşılaşdırılmasına, elektrik
enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin
yüksəlməsinə müsbət təsir göstərmişdir.
Qeyd olunan
proqramların icrası nəticəsində paytaxt və ətraf qəsəbələrin
fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin
olunması, abunəçilərə yüksək səviyyəli
xidmət göstərilməsi, elektrik şəbəkəsinin
dünya standartlarına uyğun yenidən qurulması istiqamətində
genişmiqyaslı yenidənqurma işləri həyata
keçirilmişdir. Görülən tədbirlər
sayəsində paytaxtda dairəvi təchizat sistemi
yaradılmış və bu sistemin tətbiq olunması
paylayıcı və ötürücü şəbəkələrin
dayanıqlığını artırmışdır. Bununla əlaqədar mövcud investisiya proqramında
bu sistemə daxil olan 110 kV-luq yarımstansiyaların tikintisi
prioritet yer tutur.
Sonda bir məqamı da qeyd etməyi zəruri bilirəm. Azərbaycan Respublikası
Prezidentinin 10 fevral 2015-ci il tarixli Sərəncamına
əsasən “Bakıelektrikşəbəkə”ASC-nin
bazasında “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
yaradılmışdır.
“Azərişıq”
ASC Azərbaycan Respublikasının ərazisində elektrik
enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz
və səmərəli şəkildə elektrik enerjisi ilə
təchizatını həyata keçirəcək, bu sahədə
yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın
müasirləşdirilməsini və ondan səmərəli
istifadəni, habelə bu sahənin inkişafı ilə
bağlı digər işləri yerinə yetirəcək.
Ölkədə
gedən iqtisadi inkişafa uyğun olaraq ölkə
başçısının imzaladığı
sözügedən sərəncamdan irəli gələn vəzifələrin
uğurla həyata keçirilməsi məqsədilə
artıq “Azərişıq”da yenidənqurma işləri, yeni
texnologiyaların şəbəkəyə tətbiqi, yüksək
peşə hazırlığına malik kadrların
hazırlanması işlərinə başlanılmış,
bu işləri həyata keçirmək üçün
qısa vaxt ərzində tədbirlər planı
hazırlanmış, texniki təchizat bazası
yaradılmışdır.
Artıq ölkəmizin bütün rayon mərkəzlərində,
qəsəbə və kəndlərində yararsız, istismar müddəti
başa çatmış komplekt transformator məntəqələrinin
(KTM) yenilənməsi-müasir tipli avadanlıqlarla təchiz
edilməsi prosesinə başlanılmışdır. Yeni
güc mərkəzləri həm görünüş
baxımından əvvəlkindən fərqlənir, həm də
böyük texniki
üstünlüklərə malik olmaqla yeni, müasir KTM-lərdir.
Bu işlərlə
yanaşı, uzun illər istismar olunan ağac dayaqlar yeni dəmir boru dayaqlarla əvəzlənir.
Açıq tipli, uzun müddət istismarda
olduğu üçün yararsız vəziyyətə
düşmüş, heç bir standarta uyğun gəlməyən
alüminium naqillər özünüdaşıyan
(ÖİN) izolyasiyalı kabellərlə dəyişdirilir.
Bu tədbirlər abonentlərin elektrik enerjisinə
olan tələbatını yaxşılaşdırmaqla bərabər,
normadan artıq texnoloji itkilərin azaldılmasına və
uçot sisteminin daha təkmil şəkildə
aparılmasına müsbət təsir göstərəcək.
Ölkə ərazisində yeni KTM-lər
quraşdırılmazdan əvvəl həmin ərazilərdə
abonentlərin sayı tam dəqiqləşdirilir, perspektiv
inkişaf istiqamətləri öyrənilir və gələcək
tələbata uyğun güc mərkəzləri
seçilir. Həmin güc mərkəzlərinin
qidalandırılması da yeni texnologiyalara əsaslanır.
Yeni güc mərkəzlərini qidalandırmaq üçün hava elektrik verilişi xətlərinin
yenilənməsi, aralıq məsafənin
qısaldılması sahəsində də lazımi tədbirlər
görülür. Hazırda rayonlarda 35
kilovoltluq yarımstansiyaların quraşdırılması
işləri gedir.
Ümumiyyətlə,
bu gün
bütün qüvvəmizi Azərbaycan Respublikası Prezidenti
cənab İlham Əliyevin sərəncamından irəli gələn
vəzifələrin icrasına səfərbər etmişik. ASC-nin gələcək fəaliyyəti ilə
bağlı hazırlanan 4 bənddən ibarət
İnkişaf Proqramının uğurla
reallaşdırılması diqqət mərkəzində
saxlanılır. Qeyd edim ki, İnkişaf
Proqramının birinci - reabilitasiya mərhələsində
mövcud imkanları səfərbər edib enerji təchizatındakı
problemləri aradan qaldırmaq nəzərdə tutulur. Bununla əlaqədar müvafiq tədbirlər həyata
keçiriləndən sonra enerji təchizatı zamanı
baş verən açılmaları iki dəfəyədək
azaltmaq mümkün olacaq.
İnkişaf
Proqramının ikinci bəndinə əsasən mövcud
şəbəkə planlı şəkildə tamamilə
yenidən qurulacaqdır ki, bununla bağlı Prezidentin xüsusi göstərişi
vardır. Sözügedən mərhələdə
görüləcək böyük həcmli işlərin
reallaşdırılması, başqa sözlə, mövcud
şəbəkənin planlı şəkildə tamamilə
yenidən qurulması istiqamətində hazırda çox
ciddi tədbirlər görülür.
İnkişaf Proqramının üçüncü bəndi
2025-ci ilədək olan bir dövrü əhatə edir. Bu müddətdə dairəvi,
ikişüalı və dayanıqlı sxemin
hazırlanması qarşıda mühüm vəzifə kimi
durur.
Nəhayət, İnkişaf Proqramının sonuncu bəndində “Azərişıq” ASC-nin iş fəaliyyətində və idarə olunmasında ən müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi öz əksini tapmışdır ki, həmin işlərin bu il başa çatdırılması nəzərdə tutulur.
Əminliklə deyə bilərəm ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarını rəhbər tutaraq “Azərişıq”ASC tərəfindən İnkişaf Proqramında nəzərdə tutulan tədbirlər vaxtında və uğurla yerinə yetiriləcək, mövcud problemlərin qısa müddətdə aradan qaldırılmasına, elektrik təchizatında daha müasir metodların tətbiqinə, istehlakçıların etibarlı, səmərəli və təhlükəsiz elektrik enerjisi ilə təchiz edilməsinə nail olacağıq.
Səhmdar Cəmiyyətin kollektivi həmişə olduğu kimi, bundan sonra da dövlətimizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, xalqımızın rifahının daha da yüksəldilməsi naminə ümummilli liderimiz Heydər Əliyevin ideyalarının gerçəkləşməsi üçün var gücü ilə çalışacaq, ulu öndərimizin layiqli davamçısı, möhtərəm İlham Əliyevin ətrafında daha da sıx birləşərək qarşıya qoyulmuş mühüm vəzifələrin yerinə yetirilməsinə nail olacağıq.
Baba RZAYEV,
“Azərişıq”
Açıq Səhmdar
Cəmiyyətinin
sədri
Xalq qəzeti.- 2015.- 8 may.- S.7.