Heydər Əliyev Azərbaycanın
inkişaf konsepsiyasının müəllifidir
Azərbaycanın
şanlı tarixinin otuz ildən artıq bir dövrü
xalqımızın ümummilli lideri Heydər Əliyevin
adı ilə bağlıdır. Yaxın keçmişimizə—Azərbaycanın
sovetlər birliyinin tərkibində olduğu XX əsrin
ortalarına nəzər salarkən Heydər Əliyevin
xalqımızın, respublikamızın taleyüklü məsələlərinin
həlli üçün göstərdiyi misilsiz xidmətlər
göz önünə gəlir. Məlum olduğu kimi, XX əsrin
ortalarında Azərbaycan keçmiş SSRİ-nin ən geridə
qalan aqrar respublikalarından biri idi. Sənaye cəhətdən
zəif inkişaf etmiş Azərbaycanda məhsuldar qüvvələrin
yerləşdirilməsi, respublikanın potensialından səmərəli
istifadə olunması və digər sahələrdə
çox ciddi problemlər hökm sürürdü. Azərbaycanın
zəngin yeraltı sərvəti sayılan neft isə
yalnız mərkəzi hakimiyyətin sərəncamında
idi.
Həmin dövrdə
Azərbaycanda xalq təsərrüfatının bütün
sahələrində müşahidə olunan böhran və tənəzzül
mərkəzi hakimiyyəti də qane etmirdi. Nəhayət,
1969-cu ilin yayında SSRİ rəhbərliyi Azərbaycanın
taleyini həmin ana qədər
çalışdığı bütün rəhbər vəzifələrdə
özünü ən yaxşı tərəfdən göstərməyi
bacarmış Heydər Əliyevə etibar etməyi qərara
aldı. Vətəninə, xalqına hədsiz məhəbbəti
olan bu təcrübəli siyasət adamı Azərbaycan
Kommunist Partiyasının Mərkəzi
Komitəsinə rəhbərlik etməyə
başladığı ilk günlərdən etibarən respublikada uğurlu kadr siyasəti
apardı, istehsalatda ciddi əmək intizamını bərpa
etdi. Ümummilli liderin rəhbərliyi ilə Azərbaycanın
uzunmüddətli inkişaf konsepsiyası işlənib
hazırlandı. Kadrların düzgün seçilib yerləşdirilməsi,
xalq təsərrüfatının bütün sahələrinin
kompleks şəkildə inkişafına nail olunması sayəsində həyata keçirilən tədbirlər
müsbət nəticələr verməyə başladı.
Beləliklə, Heydər Əliyev Azərbaycanı geridə
qalmış və yalnız xammal mənbəyi sayılan
aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına
çevirməyə müvəffəq oldu. Adı heç
yerdə çəkilməyən Azərbaycanı qısa
müddətdə sovet respublikaları arasında ön
sıralara çıxarmağa, ən sürətlə
inkişaf edən bir respublikaya çevirməyi bacaran
ümummilli lider mərkəzi hökumətdən İttifaq əhəmiyyətli
bir sıra iri sənaye obyektlərinin Bakıda, eləcə də
digər şəhərlərimizdə tikintisinə icazə
aldı. Ulu öndərin gərgin
əməyi nəticəsində 1969-1982-ci illərdə Azərbaycanda
iqtisadi inkişafın təməli qoyuldu, xalq təsərrüfatının
bütün sahələrinin ahəngdar işi təmin olundu.
Bu, Heydər Əliyevin bacarıqlı rəhbər, peşəkar
siyasətçi olmaqla yanaşı, həm də
respublikanın xalq təsərrüfatına dərindən bələd
olmasının əyani təcəssümü idi. Ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə həyata
keçirilən islahatlar sayəsində Azərbaycan aqrar
respublikasından sənaye-aqrar respublikasına çevrildi. Azərbaycanda
aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində bir neçə il ərzində
yeni yaşayış massivləri, binalar, məktəblər,
sənaye müəssisələri tikildi, yollar salındı.
Respublikamızda savadlı kadrların yetişdirilməsi, gənclərin
elmin və təhsilin əsaslarına yiyələnmələri
üçün Heydər Əliyevin gərgin səyi nəticəsində
on minlərlə azərbaycanlının keçmiş
İttifaqın ən nüfuzlu ali məktəblərində
təhsil almaları təmin edildi.
Bütövlükdə isə ulu öndərin 14 illik fəaliyyəti
ərzində Azərbaycanda həyatın bütün sahələrində
yüksək inkişaf, tərəqqi
baş verdi. İqtisadiyyatın, elm və incəsənətin,
səhiyyə sahələrinin sürətli inkişafı, xalqın
həyat səviyyəsinin
yaxşılaşdırılması sahəsində həyata
keçirilən tədbirlər
Azərbaycanı keçmiş müttəfiq
respublikalar sırasında öncül yerlərə
çıxarmışdır. Həmin illərdə
respublikanın milli gəliri 2,5 dəfə, sənaye
istehsalının həcmi 2,7 dəfə, kənd təsərrüfatı
məhsullarının ümumi həcmi isə 2,7 dəfə
artmışdır. İqtisadiyyatın inkişafına əsaslı
vəsait qoyuluşunun həcmi ötən 50 ilin səviyyəsini
xeyli ötmüşdür. Yeri
gəlmişkən, ötən əsrin 70-80-ci illərində
Azərbaycanın iqtisadi sahədə qazandığı
nailiyyətlər siyasi müstəqillik yolunda mühüm təməli
hesab oluna bilər. Təsadüfi deyil ki, ulu öndər
çox-çox sonralar o illəri xatırlayarkən
demişdir: “1970-ci illərdə görülən işlər,
yaradılan bu böyük iqtisadiyyat, sənaye potensialı və
neft sənayesi sahəsində görülən işlər,
yaranmış potensial Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin əsasıdır. Bu gün
bəyan etmək istəyirəm ki, o illərdə bu işləri
görərkən mən məhz Azərbaycanın gələcəyini,
bugünkü müstəqilliyini düşünürdüm.
O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın
sərbəst, müstəqil yaşaması üçün əsas
yaradır”.
Ötən yüzilliyin sonlarına yaxın Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyi qazanması respublikamızın milli-ideoloji əsaslarını, suveren dövlətçilik institutlarını yaratmaq və onu həyata keçirmək zərurətini yaradırdı. Bununla belə, müstəqilliyin ilk illərində səriştəsiz, naşı adamların respublikamıza rəhbərlik etdikləri bir şəraitdə bütün bunları həyata keçirmək mümkün deyildi. Yalnız ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra dövlət müstəqilliyinin qorunub saxlanılmasına, müstəqil dövlət quruluşu və dövlət atributlarının yaradılmasına, ölkənin ərazi bütövlüyünün, tam suverenliyinin təmin edilməsinə, vətəndaşların rifahının yaxşılaşdırılmasına nail olundu. Ulu öndərin hakimiyyətə gəlişi ilə öz həqiqi dövlət müstəqilliyinə qovuşmuş Azərbaycanın inkişaf strategiyası müəyyən edildi. Bu strateji konsepsiya ölkəmizin potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla hazırlandı.
Heydər Əliyev, ilk növbədə, çoxmülkiyyətli bazar iqtisadiyyatının başlıca tələblərinin təmin olunması istiqamətində siyasi iradə nümayiş etdirdi, iqtisadi transformasiyanın qanunauyğunluqlarını nəzərə alaraq əsaslı islahatlara start verdi. Ulu öndər Azərbaycanın milli inkişaf doktrinasını hazırlamaqla respublikamızın uzunömürlü tərəqqisi üçün möhkəm baza yaratdı. Müstəqil Azərbaycanın yüksək inkişaf mərhələsinə çıxmasında, milli-iqtisadi təhlükəsizliyinin möhkəmlənməsində və zəngin iqtisadiyyata malik olmasında neft amilinin müstəsna rolunu nəzərə alan Heydər Əliyev ölkəmizin karbohidrogen ehtiyatlarının işlənilməsi və nəqli məqsədilə mükəmməl neft strategiyası işləyib hazırladı. 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın transmilli neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. Bununla da, Azərbaycanda yeni neft erasının təməli qoyuldu. Yeri gəlmişkən, ulu öndərin atdığı qətiyyətli addım respublikanın bütün iqtisadiyyatının inkişafına təkan verdi. “Əsrin müqaviləsi” ölkənin neft-qaz sənayesinin dirçəldilməsi və Azərbaycanın gələcək rifahının başlanğıcı olmaqla respublikanın enerji sektorunun inkişafına, iqtisadiyyatın qeyri-neft sahəsinin fəal artımına gətirib çıxardı. Həm də bu saziş dünyanın aparıcı dövlət və şirkətlərini bir daha əmin etdi ki, Azərbaycan müstəqil və etibarlı tərəfdaşdır. “Əsrin müqaviləsi” bütün dünya dövlətlərinin Azərbaycana inamını artırdı və bir qədər sonra dünyanın ən böyük və tanınmış neft şirkətlərinin ölkəmizə axınına şərait yarandı. Bununla da, Azərbaycan öz qapılarını xarici sərmayələr üçün açdı. Müqavilənin imzalanması Azərbaycan iqtisadiyyatının digər sahələrinə də xarici sərmayələrin qoyuluşunda həlledici rol oynadı. “Əsrin müqaviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı. İlkin neft layihəsi çərçivəsində “Çıraq-1" özülü Qərb standartlarına uyğun olaraq bərpa olundu. 1997-ci ilin noyabr ayında ”Çıraq" yatağından ilkin neftin hasilatına başlanıldı. 1998-ci ildə “Əsrin müqaviləsi” çərçivəsində hasil edilən ilk neftin Bakı-Novorossiysk kəməri ilə ixracına start verildi, bir il sonra isə Bakı-Supsa kəməri istifadəyə verildi. 1999-cu ilin dekabrında Azərbaycanın mənfəət nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı.
Heydər Əliyev neft strategiyasının əsas istiqamətlərindən biri kimi Azərbaycan neftinin dünya bazarlarına alternativ marşrutlarla nəqlini vacib hesab edirdi. Məhz ulu öndərin əzmkarlığı və qətiyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi həyata vəsiqə aldı. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı. İyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Bu nəhəng enerji dəhlizi dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan verdi, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə səbəb oldu.
Liberal bazar iqtisadiyyatının bütün komponentlərini həyata keçirməyi islahatların başlıca hədəflərinə çevirən Azərbaycan hökuməti ölkədə bir sıra zəruri islahatlar, çevik pul-kredit siyasəti həyata keçirməyə başladı. Bütün bunlarla yanaşı, ölkədə siyasi sabitlik bərqərar edildi, 1994-cü ildən başlayan bərpa və dinamik inkişaf dövrünün tələblərinə uyğun qətiyyətli addımlar atdı. Bazar iqtisadiyyatının əsas tələblərindən biri kimi ölkədə torpaq islahatı həyata keçirildi, dövlət mülkiyyətinin özəlləşdirilməsinə başlanıldı. Bununla da, Azərbaycan bazar iqtisadiyyatına keçidi iqtisadi strategiyanın başlıca hədəfinə çevirdi. Ümummilli lider Heydər Əliyevin onillik prezidentliyi dövründə Azərbaycanda köklü dəyişikliklərə nail olundu, daxili və xarici siyasətin bir çox istiqamətlərində əhəmiyyətli uğurlar qazanıldı. Beləliklə də, Azərbaycan dövləti uzunmüddətli yaşamaq qabiliyyətini, cəmiyyət isə tarixi prosesin növbəti mərhələsində iştirak etməyə hazır olduğunu nümayiş etdirdi.
Ulu öndərin rəhbərliyi ilə Azərbaycan 1993-cü ildən sonrakı on il ərzində böyük və şərəfli yol keçdi. 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi yaddaşlarda və tarixdə qaldı. Bu illər ərzində dövlətçiliyin əsasları qoyuldu. Azərbaycan dünya birliyinə özünü təqdim etdi. Ölkəmizin beynəlxalq əlaqələri xeyli genişləndi. Dünya xəritəsində Azərbaycan özünə layiq yer tutdu. Nəhəng sosial və iqtisadi islahatlar uğurla aparıldı. Azərbaycan bir neçə beynəlxalq təşkilata üzv oldu. Ölkəmizə böyük həcmdə investisiyalar cəlb edildi.
Azərbaycanın Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən siyasi və iqtisadi inkişaf konsepsiyası ondan sonrakı illərdə ulu öndərin ən layiqli davamçısı cənab İlham Əliyev tərəfindən yeni geosiyasi şəraitdə, dünya iqtisadiyyatında baş verən kataklizmlər nəzərə alınmaqla yeni ideyalarla zənginləşdirilmiş və böyük bacarıqla tətbiq edilmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, Prezident İlham Əliyev ulu öndərin müdrik ideyalarını rəhbər tutaraq ölkəyə rəhbərlik etdiyi ötən 12 ilə yaxın dövr ərzində Azərbaycan iqtisadiyyatını üç dəfə artıra bilmiş, ölkəmizi dayanıqlı və sabit inkişaf edən, öz çoxşaxəli iqtisadiyyatını yaratmış, vaxtilə xarici investisiyalardan asılı olduğu halda, xaricdə investisiya qoymaq imkanı olan bir dövlətə çevirmişdir. Bir sözlə, Azərbaycanda ən müasir texnologiyaları tətbiq etməklə ölkənin gələcək inkişafını sürətləndirən çox böyük potensial yaradılmışdır. Hazırda ölkəmiz həmin potensial əsasında yüksək sürətlə inkişaf edir, öz gələcək taleyini müəyyənləşdirir. Azərbaycan belə bir möhkəm zəmin əsasında bu gün də inkişaf edir. Daim Vətənimizin, xalqımızın gələcəyini düşünən ümummilli liderin əvəzsiz xidmətlərindən biri də onun zamanı qabaqlayan parlaq siyasi zəkası və böyük uzaqgörənliyi sayəsində Azərbaycanı uğurla idarə edən xarizmatik lider yetişdirməsi oldu. Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 12 ilə yaxın bir dövr ərzində ictimai-siyasi həyatın bütün sahələrində böyük uğurlar əldə olunmuş, xalq və dövlət üçün taleyüklü layihələr həyata keçirilmişdir. Azərbaycanın iqtisadi və hərbi potensialı güclənmiş və əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Odur ki, Azərbaycan iqtisadi inkişaf sürətinə görə son illərdə dünyanın lider dövlətləri sırasında addımlayır.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Bu reallığı təsdiq edən bir çox amilləri sadalamaq mümkündür. Bu sırada Prezident İlham Əliyevin iştirak etdiyi, o cümlədən, Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunu təsdiq edən mühüm amillərdir. Azərbaycan artıq müxtəlif xarakterli—siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir. Bütün bunlar ölkəmizin artan nüfuzundan xəbər verir.
Göründüyü kimi, keçdiyimiz qısa tarixi dövr sübut edir ki, Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səylər öz bəhrəsini verir. Vaxtilə ulu öndərin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin və xalqımızın tərəqqisinə xidmət edir.
Vüqar
SƏRDAROV
Xalq qəzeti.- 2015.- 8 may.- S.9.