Ulu öndər Heydər Əliyevin
ideyaları
Azərbaycanın dayanıqlı
inkişafının əsasıdır
Həmişə
düşünmüşəm ki, görəsən Heydər
Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçilməsəydi,
xalqımızın aqibəti necə ola bilərdi? Dilimiz,
milli-mənəvi dəyərlərimiz hansı təsirlərlə
üzləşərdi? Yaxud, müstəqilliyin ilk illərində
dahi öndər ikinci dəfə siyasi hakimiyyətə
qayıtmasaydı, nələr baş verəcəkdi?
Bugünkü firavan, xoşbəxt həyatımız
mümkün olacaqdımı? Bu sualların cavabı ilə
bağlı gəldiyim qənaət isə belədir: Azərbaycan Heydər Əliyevsiz indiki titanik
inkişaf mərhələsini
yaşamayacaqdı, dünya dövlətləri arasında
nüfuz, söz sahibinə çevrilməyəcəkdi...
İndiki Azərbaycan ancaq Heydər Əliyev kimi vətənpərvər,
millətini, xalqını sevən bir liderin rəhbərliyi
ilə bu səviyyəyə
gəlib çatmışdır. Müstəqil Azərbaycanın
müəllifi Heydər Əliyevdir, Azərbaycan Heydər
Əliyevin müdrik siyasətinin bəhrəsidir.
Dahi öndər insanlarda mənəvi təmizliyi hər şeydən üstün tuturdu. İşçilərə kabinetlərdə qapanıb qalmamağı, vaxtlarının çoxunu camaat arasında keçirməyi məsləhət bilirdi. Sadə insanlarla ünsiyyəti xoşlayır, bundan zövq alır, kadrlardan da belə adamlarla təması gücləndirməyi tələb edirdi.
Heydər Əliyev demokratik idarəetmə psixologiyasını hələ gəncliyində dərindən mənimsəmişdi. Ona lazım olanları incəliklərinə qədər bilirdi – bu, öz yerində – amma nəyisə konkret işin mütəxəssislərindən soruşub dəqiqləşdirməyi, kimdənsə öyrənməyi də eyib saymırdı, Peyğəmbərimizin buyurduğu kimi, “beşikdən qəbrə qədər öyrən”məkdən yorulmurdu. Heç nəyə səthi yanaşmır, hər şeyin dərinliyinə, dəqiqliyinə varırdı.
Natamamlıq, başdansovduluq ulu öndərin xarakterinə yad idi. Kadrlara tapşırılan işin keyfiyyətlə icra olunmasına, nöqsansız, qüsursuz sona çatdırılmasına xüsusi önəm verirdi. Səliqəsizliyə, məsuliyyətsizliyə qarşı barışmaz münasibət bəsləyirdi.
Ümummilli lider 1969-cu ildə Azərbaycana rəhbər seçiləndə respublikamızda acınacaqlı sosial-iqtisadi şərait hökm sürmüşdür. Azərbaycan sənayenin və aqrar sahənin göstəricilərinə görə keçmiş ittifaqda axırıncı yerlərdən birini tutmuşdur. Elmə, ədəbiyyata və incəsənətə diqqət, demək olar ki, unudulmuşdur. Rüşvətə, korrupsiyaya qarşı mübarizədən isə söhbət belə gedə bilməzdi ...Heydər Əliyev fəaliyyətə başladığı ilk günlərdən respublikada ədalətin bərpasını önə çəkmiş, kadr siyasətinə xüsusi əhəmiyyət vermişdir. Şəhər və kəndlərdə quruculuq işlərinin aparılmasını diqqət mərkəzində saxlamışdır. Aqrar sektorda az bir zaman ərzində dönüş yaratmışdır. Azərbaycanı ittifaq miqyasında qabaqcıl respublika kimi tanıtmışdır.
Ulu öndər 1969-1982-ci illərdə - Azərbaycana birinci rəhbərliyi dövründə keçmiş ittifaqın iqtisadiyyatı üçün əlverişli xammal bazasına çevrilmiş respublikamızın yeni inkişaf strategiyasını böyük uzaqgörənliklə işləyib həyata keçirmişdir. Bunun nəticəsi kimi bir sıra əsas göstəricilər üzrə geridə qalmış Azərbaycan qısa müddətdə inkişafın yeni mərhələsinə qədəm qoyaraq tez bir zamanda keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevrilmiş, milli gəlir səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilmişdir. Bugünkü müstəqil Azərbaycan dövlətinin iqtisadi-siyasi əsaslarının, milli kadr potensialının formalaşması, ölkədə strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin açılması da məhz ötən əsrin 70-80-ci illərinə təsadüf etmişdir. Heydər Əliyevin qətiyyətli iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olunmuş, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsasları formalaşdırılmışdır.
Ulu öndər 1982-ci ildən sonra da - SSRİ-ni idarə edən rəhbərlərdən biri kimi Kremldə çalışdığı dövrdə də Azərbaycanın gələcək müstəqilliyinə xidmət edən bir sıra addımlar atmış, respublikamıza qarşı ayrı-seçkilik siyasətinə, ermənilərin məkrli torpaq ilhaqına qarşı barışmaz mövqe tutmuş, Qorbaçov rejimini kəskin tənqid etmişdir. Məhz bu qətiyyətli və prinsipial mövqeyinə görə 1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırılan ulu öndər Heydər Əliyev sonrakı mərhələdə də Azərbaycanla bağlı siyasi proseslərə biganə qalmamış, 1990-cı illərin əvvəlində ölkəmizə qayıdaraq siyasi proseslərdə fəal iştirak etmiş, Azərbaycanın dövlət müstəqilliyinə real zəmin formalaşdırmışdır.
Həmin dövrdə respublikada vətəndaş müharibəsinin qarşısı alınmış, doğma diyarımızın parçalanması qorxusu sovuşmuş, cəbhədə atəşkəsə nail olunmuşdur. Ümummilli lider Azərbaycanın üzləşdiyi haqsızlığı, Ermənistanın işğalçılıq siyasətini planetin hər bir guşəsinə çatdırmışdır. Millətinin qayğısına qalan bir müdrik rəhbər kimi tarixə düşmüşdür.
Heydər Əliyev Azərbaycana yenidən rəhbərliyə başladığı gündən milli-mənəvi və dini dəyərlərimizə dövlətçilik mövqeyindən yanaşmışdır. Bu məsələyə xalqımızın milli və dövlət ideologiyası olan azərbaycançılığın əsas şərtlərindən, təməl prinsiplərindən biri və əsası kimi baxmışdır. Müstəqil Azərbaycan dövlətinin memarının bununla bağlı dediyi-Biz öz mili-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıb. Və bunlar indi xalqımızın mənəviyyatını təşkil edən amillərdir-sözləri prioritet istiqamətlərdən birinə çevrilmişdir.
Ümummilli
liderimizin xalqa
dərin sevgisi var idi. Bu sevgiyə qısqananlar, xəbisliklə
yanaşanlar da az deyildi. Hətta dəfələrlə
təqib edilərək öldürülməsinə cəhd
göstərilmişdi. Bu barədə
kifayət qədər məlumatlar var. Yəqin ki, rejissor, ssenarist
Vaqif Mustafayevin həqiqətlərə, faktlara əsaslanaraq
çəkdiyi Heydər Əliyev haqqında filmi hamı
yaxşı xatırlayır. Orada dahi öndərin
Moskvadakı təqiblərdən baş götürüb
Bakıya-tikib-qurduğu, necə deyərlər, can qoyduğu paytaxta
gəlməsi ilə bağlı səhnəyə baxanda adam
dəhşətə gəlir... Heydər
Əliyev təyyarə limanında ölümlə
üz-üzə dayanır. Bir vaxtlar himayə
durduğu, çörək verdiyi nakəslər indi onu təqib
edir, təyyarə limanındaca məhv etməyə cəhd
göstərirlər...
Dahi öndər haqq-ədalət, xalq, Vətən naminə
heç nədən, heç kimdən çəkinmirdi. Çünki
dünyanın ən cəsarətli, qorxmaz vətənpərvəri
idi. Azərbaycanın adı, marağı
olan yerdə ölümə getməyə belə hazır
idi. Keçmiş SSRİ-nin
ən yüksək kürsüsündə imperiyanın
rəhbəri M.Qorbaçovla, necə deyərlər,
döş-döşə gələndə də, 1990-cı
ilin 20 yanvarında Bakıda yüzlərlə vətəndaşımızın
qanının axıdıldığı, həyatına son
qoyulduğu o müdhiş gecənin səhəri ailə
üzvlərini başına toplayıb Azərbaycanın
Moskvadakı nümayəndəliyinə tələsəndə
də, orada xarici mətbuat nümayəndələrinə müsahibə-məlumat
verəndə də, xalqımızın üzləşdiyi faciənin əsl
günahkarlarını bütün dünyanın gözü
önündə ifşa edəndə də ölümün
gözünə dik baxırdı. Başı üstə ulu
Tanrının onu qoruması da danılmaz fakt idi...
Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə
qayıdışı ilə ölkədə möhkəm təmələ
əsaslanan siyasi sabitlik bərqərar oldu, qanunçuluq
prinsipləri başlıca meyara çevrildi. Xarici sərmayələrə
dövlət təminatı yaradıldı. Bundan sonra Azərbaycanda yeni neft strategiyasının əsasları
işlənib hazırlandı, xarici neft-qaz şirkətlərinin
Azərbaycana meyil və marağı artmağa başladı.
“Əsrin müqaviləsi”nin
bağlanması məqsədilə dünyanın
aparıcı neft-qaz şirkətləri ilə gələcəyə
hesablanan danışıqlar aparıldı. Bu,
həm də elə bir dövr idi ki, Xəzərin hüquqi
statusu ilə bağlı ciddi müzakirələr gedirdi.
Bütün mübahisələrə, maneə
və gərginliklərə baxmayaraq, ümummilli lider
prinsipial mövqeyi ilə qarşıya çıxan çətinlikləri
dəf edə bildi. “Əsrin müqaviləsi”nin imzalanması iqtisadi müstəqilliyimizin bərpa
edilməsi baxımından ciddi əhəmiyyət kəsb
etdi. Müqavilənin tam gücü ilə
reallaşması ölkəyə xarici investisiya
axınını sürətləndirdi. Qərbin
aparıcı neft şirkətləri ilə çoxillik
müqavilələrin bağlanması ölkəmizə yeni
kapital axınına şərait yaratdı. Ən
müasir texnologiyaların gətirilməsinə və tətbiqinə
nail olundu. Ümummilli liderin
böyüklüyü, dahiliyi onda idi ki, neftlə
bağlı transmilli müqavilələrin imzalanması
zamanı Azərbaycan xalqının maraqları hər
şeydən uca tutuldu, milli-mənəvi dəyərlərə
zərrə qədər də xələl gəlməsinə
imkan verilmədi. Heydər Əliyev hələ
o vaxtlar qətiyyətlə bəyan edirdi ki, “başa
düşürəm ki, Azərbaycana cəlb olunmuş neft
şirkətlərinin öz maraqları var. Bu, tamamilə təbii
məsələdir. Ancaq, eyni zamanda, biz də
ölkəmizin maraqlarını neft şirkətlərinin mənafeyindən
yüksək tutmalıyıq”.
Ölkəmizin neft ehtiyatları, mütəxəssislərin
hesablamasına görə, bundan sonra hələ neçə
yüzillikləri əhatə edəcək. Bu o deməkdir
ki, ulu öndər Heydər Əliyevin uzaqgörənliklə
işləyib hazırladığı yeni neft strategiyası
uzun illər səmərə verəcək. Belə bir
konsepsiya çoxşaxəli iqtisadiyyatın inkişafına
güclü təkan verdi. Uzun
illər ciddi çətinliklərlə üzləşən
sahibkarların da qarşısında yeni perspektivlər
açıldı. Bu sahədə görülən
uğurlu tədbirlər öz bəhrəsini verdi.
İqtisadiyyatda səmərəli struktur dəyişiklikləri
özəl bölmənin inkişafında mühüm mərhələ
yaratdı. Dövlət idarəçiliyi
sahəsində zəngin təcrübəsi olan ümummilli
lider qətiyyətlə deyirdi ki, sahibkarlara şərait
yaratmadan iqtisadiyyatı möhkəm təməl üzərində
inkişaf etdirmək olmaz.
Bir-birinin ardınca imzalanan sərəncamlar da sübut
edirdi ki, ulu öndər sahibkarlığın dirçəldilməsi
və onlara geniş meydan verilməsi üçün yeni
perspektivlər yaradır. Əlbəttə, bu
sahəyə dövlət dəstəyi elə ilk illərdən
öz nəticəsini verməyə başladı. Bu o demək idi ki, həm də neft sektorundan
asılılıq bir qədər azalır. Artıq
sahibkar da hiss edir ki, onun müstəqil fəaliyyəti
üçün şərait yaradılır, maneələr
aradan qaldırılır. Neçə illərdir
ki, Sahibkarlığa Kömək Milli Fondu özəl sektorun
maliyyə ehtiyaclarını ödəmək
üçün güzəştli kreditlər ayırır,
yeni investisiya layihələrinin həyata keçirilməsinə
köməyini əsirgəmir. Sadələşdirilmiş
vergi sisteminin yaradılması da özəl sektorun
inkişafına xeyli kömək etdi. Lüzumsuz
yoxlamaların, əlavə gərginliklər yaradan maneələrin
aradan qaldırılması üçün ardıcıl tədbirlər
görüldü. Hər bir sahibkar
açıq-aydın hiss etdi ki, ona arxa və dayaq olan
etibarlı dövlət zəmanəti var. Ona görə də
yeni iş yerlərinin açılmasına, paytaxt və
regionlarda investisiya layihələrinin hazırlanmasına
geniş şərait yaradıldı. Bütün
bunlar bu gün də öz səmərəsini verməkdədir.
Ona görə ki, ulu öndərin uzaqgörənliklə
hazırladığı siyasi və iqtisadi konsepsiyalar ləyaqətlə
və ardıcıllıqla həyata keçirilir.
Ulu
öndər Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi
struktur islahatları iqtisadiyyatın bütün sahələrində
öz səmərəsini verdi. İqtisadi dirçəlişin keyfiyyətcə
yeni mərhələyə qədəm qoyması işsizlik
probleminin həllinə də imkan yaratdı. İqtisadi
və sosial inkişafda yaranan dəyişikliklər əhalinin
maddi rifah halının dinamik inkişafına da müsbət təsir
göstərdi.
Ulu öndərin qurub-yaratdığı, müstəqilliyə
qovuşdurduğu Azərbaycan hazırda Prezident İlham
Əliyevin rəhbərliyi altında sürətlə
inkişaf edir, qarşıya qoyduğu hədəflərə
doğru inamla irəliləyir. Respublikamız
ümumbəşəri dəyərlərə əsaslanaraq
mütərəqqi inkişaf, demokratikləşmə, insan
hüquq və azadlıqlarının təminatı sahəsində
ciddi nailiyyətlərə imza atır.
Xatırladaq
ki, hələ 1994-cü ilin aprelində diplomatiya sahəsində
zəngin bilikləri olan, biznes mühitinin incəliklərini
dərindən mənimsəyən cənab İlham
Əliyevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
beynəlxalq əlaqələr üzrə vitse-prezidenti təyin
edilməsi xalq və dövlət naminə düzgün
seçim olmaqla, ulu öndərin Qərb şirkətləri
ilə aparılacaq danışıqlara necə böyük əhəmiyyət
verməsinin əyani göstəricisi idi. Səlahiyyətlərinin
icrasına inamla başlayan cənab İlham Əliyev Azərbaycanın
mənafeyini əks etdirən yeni neft strategiyasının
hazırlanması prosesində ulu öndərin ən
etibarlı, işgüzar və bacarıqlı köməkçisinə
çevrildi. Onun üzərinə
bütün mövcud çətinliklərin öhdəsindən
gəlmək, neft müqavilələrində Azərbaycanın
milli mənafelərinin maksimum səviyyədə
qorunmasına nail olmaq kimi tarixi missiya düşdü. Bu
vəzifəyə təyinatından cəmi iki həftə
sonra neft müqaviləsi layihəsinin hazırlanması məqsədilə
əvvəl Türkiyəyə, daha sonra isə ABŞ-ın
Hyuston şəhərinə yola düşən cənab
İlham Əliyev diplomatik bacarığını yüksək
səviyyədə nümayiş etdirərək Qərb
şirkətlərində ölkəmizə inam və etimad
formalaşdırmağa nail oldu. Bu hadisə həm
də bir daha təsdiqlədi ki, cənab İlham Əliyev ən
çətin, mürəkkəb şəraitlərdə belə
ölkənin milli mənafelərini layiqincə müdafiə
etmək əzmindədir.
2003-cü
il oktyabrın 15-də ulu öndərin
layiqli siyasi varisi - cənab İlham Əliyevin xalqın istəyi
ilə Azərbaycan Prezidenti seçilməsi Heydər
Əliyevin yeni neft strategiyasının məntiqi sonluğa
yetişməsini uğurla təmin etmişdir. Cənab
İlham Əliyev neft strategiyasında varisliyi inamla təmin edərək
BTC-nin praktik şəkildə gerçəkləşməsinə
nail oldu. Cənab İlham Əliyevin 1997-ci ildə
Milli Olimpiya Komitəsinə sədr seçilməsi ilə Azərbaycan
idmanının və Olimpiya hərəkatının
inkişafında da böyük canlanma müşahidə
olundu. Paytaxtda və bölgələrdə
yeni, müasir idman komplekslərinin tikilib istifadəyə verilməsi
bu istiqamətdə görülən işlərə əyani
misaldır.
Ulu öndər Heydər Əliyevin zəngin irsinə
söykənən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
uğurla həyata keçirilən inkişaf
strategiyasının təhlili onun üç fundamental bəşəri
prinsipə istinad etdiyini söyləməyə əsas verir. Bunlar
güclü dövlət, səmərəli iqtisadiyyat və
azad insandır. Azərbaycanın Prezident
İlham Əliyevin rəhbərliyi altında
qazandığı nailiyyətlər hər üç
başlanğıcın qarşılıqlı ahəngdar fəaliyyətinin
ölkənin yüksək inkişafına, hərtərəfli
tərəqqisinə xidmət edən əzəmətli vasitəyə
çevrilmək gücündə olduğunu sübuta yetirir.
Azərbaycan Prezidentinin yürütdüyü siyasətin
məqsədyönlüyü, ardıcıllığı,
obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin
ölkənin milli mənafelərini əks etdirməsi
respublikanın hər bir vətəndaşında gələcəyə
böyük inam və əminlik yaradır. “Mən
bütün Azərbaycan xalqının, hər bir Azərbaycan
vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş
inkişafa, yaxşılığa doğru irəliləyişi
görsün və onu hiss eləsin...” deyən cənab
İlham Əliyev ulu öndərin dövlətçilik irsinə
sədaqətini bir daha nümayiş etdirir. Dövlət başçısı irəli
sürdüyü bu prinsipləri gerçəkliyə
çevirmək üçün ardıcıl, məqsədyönlü
və uğurlu fəaliyyət göstərmiş,
bütün məsələlərdə məhz xalqın mənafeyini
əsas götürmüşdür.
Ölkə rəhbərinin məqsədyönlü fəaliyyəti
nəticəsində ilk növbədə Azərbaycanın
qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə
mühüm amil olan ictimai-siyasi sabitlik, vətəndaş
sülhü və həmrəyliyi qorunub
saxlanılmışdır. Ümummilli lider Heydər
Əliyevin müəllifliyi ilə müəyyənləşdirilən
balanslaşdırılmış xarici siyasət kursunun
davamlılığının təmin olunması nəticəsində
ölkəmizin sivil dünyanın siyasi-iqtisadi mənzərəsini
müəyyən edən aparıcı dövlətlər və
beynəlxalq təşkilatlarla münasibətləri yeni
müstəvidə inkişaf etdirilmişdir.
Prezident
İlham Əliyevin ötən 12 ildə
yürütdüyü siyasət deməyə əsas verir ki,
respublikamız öz inkişafının Qərb modelini
müəyyənləşdirərək davamlı iqtisadi
inkişafa və demokratiyaya doğru kor-koranə deyil, təkamül
yolu ilə irəliləməyə üstünlük
vermişdir. Dövlət
başçısının bəyan etdiyi kimi, ölkəmizin
sabit və tarazlı iqtisadi inkişafı yalnız demokratik
yeniliklərin geniş tətbiqindən keçir. Prezident bu iki təmayülü bir-birindən
ayırmadan Azərbaycanın milli strateji inkişaf yolu kimi
müəyyənləşdirmiş, iqtisadi tərəqqi və
demokratikləşmə prosesinin üzvi vəhdətinə
nail olmağın vacibliyini dəfələrlə önə
çəkmişdir. Son illər bir
sıra mühüm beynəlxalq tədbirlərin keçirilməsi
üçün Bakı şəhərinin seçilməsi
respublikamızın beynəlxalq nüfuzunu daha da yüksəldir.
Aşkar görünür ki, Azərbaycan
sülh və əməkdaşlıq paytaxtı kimi
tanınmağa başlanır və belə bir müsbət
imicin formalaşmasında son illər respublikada keçirilən
beynəlxalq toplantıların əhəmiyyətini xüsusi
vurğulamaq lazımdır.
Azərbaycan
bu gün Şərqlə Qərbi birləşdirən
bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin,
habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli
tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm
də Uzaq Şərq üçün strateji əhəmiyyət
kəsb edir. Azərbaycan Qərbdə yalnız
zəngin neft və qaz ehtiyatları ilə deyil, həm də
demokratiyaya, liberal dəyərlərə, insan və vətəndaş
hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini
bir sıra konkret addımları ilə tam sübuta
yetirmişdir. Avropa Şurasının tamhüquqlu üzvü
olan respublikamızın avrostrukturlara inteqrasiya prosesində
ATƏT, Avropa Birliyi, NATO kimi təşkilatlarla sıx əməkdaşlığı
hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğu prosesinin dönməzliyinə etibarlı təminat
kimi qiymətləndirilir.
2011-ci ildə respublikamızın sivil dünyanın
hüquqi-siyasi atmosferinin müəyyənləşməsində
mühüm rolu olan Birləşmiş Millətlər Təşkilatının
(BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilməsi bütövlükdə müasir
tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən
biri kimi yadda qalmışdır. Bu möhtəşəm
hadisə ilk növbədə rəsmi Bakının son dərəcə
sabit və uğurlu, eyni zamanda sivil birgəyaşayış
normalarına əsaslanan tarazlı xarici siyasət
yürütdüyünü bir daha təsdiqləməklə
yanaşı, müstəqil Azərbaycanın beynəlxalq
miqyasda artan nüfuzunun parlaq təcəssümü kimi dəyərləndirilə
bilər.
Ötən
12 il ilk növbədə dünya siyasətinə
təsir göstərən möhtəşəm layihələrin
reallaşdırılması ilə səciyyəvidir.
Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi
olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin,
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə
verilməsi, “Ümid”, “Abşeron” kimi perspektivli yataqların kəşf
olunması, Şərqlə Qərbi qovuşduracaq
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə
başlanılması, TANAP layihəsinin gerçəkləşməsi
bu baxımdan xüsusi qeyd olunmalıdır.
Xəzərin karbohidrogen ehtiyatlarının dünya
bazarlarına nəqli məqsədilə boru kəmərlərinin
şaxələndirilməsi respublikamızın
bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi
sisteminin əsas təminatçılarından birinə
çevrilməsini təmin etmişdir. Bu gün Azərbaycan
bütövlükdə MDB və Avropa məkanında
heç bir ölkədən enerji asılılığı
olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən
biridir. Bununla yanaşı, respublikamız
regional və beynəlxalq əhəmiyyətli layihələri
də daxili imkanları hesabına maliyyələşdirmək
gücündə olduğunu sübut etmişdir. Təkcə
bir faktı demək kifayətdir ki, Azərbaycan Şərqlə
Qərbi birləşdirəcək strateji əhəmiyyətli
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin maliyyələşdirilməsi
üçün Gürcüstana 25 il müddətinə 575
milyon dollar kredit vermişdir. Respublikamızın
Avropanın enerji təhlükəsizliyində mühüm rol
oynadığını da xüsusi vurğulamaq
lazımdır. Hələ 2012-ci ildə
Azərbaycanla Türkiyə arasında imzalanmış tarixi
razılaşma ilə 2025-ci ilədək Azərbaycandan nəql
olunan qazın əsas hissəsinin qardaş ölkənin ərazisi
ilə Avropa ölkələrinə ixracı nəzərdə
tutulmuşdur.
Prezident İlham Əliyev ötən illər ölkədə
özəl sektorun dinamik inkişafına təkcə
sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm də
demokratikləşmə prosesinin
ardıcıllığını, vətəndaş hüquq
və azadlıqlarının etibarlı şəkildə
qorunmasını təmin edən başlıca vasitələrdən
biri kimi yanaşmışdır. Çünki özəl
sektorun inkişafı, halal yolla maddi imkanlarını
artıran vətəndaşların sayının artması
dünyanın bütün demokratik ölkələrində
olduğu kimi, Azərbaycan cəmiyyətində də sabitlik
və tərəqqinin, demokratikləşmə prosesinin hərəkətverici
qüvvəsi sayılan milli burjuaziyanın, orta təbəqənin
əhatəsini genişləndirir.
Son illərdə dövlət
başçısının imzaladığı fərmanlarda,
təsdiq etdiyi dövlət proqramlarında Azərbaycanın
inkişaf etmiş ölkəyə çevrilməsi
üçün bir sıra hədəflər müəyyənləşdirilmişdir. “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasının hazırlanmasında məqsəd də
respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da sürətləndirmək
və mövcud potensialı davamlı inkişaf naminə tam səfərbər
etməkdir. Əlbəttə, gələcəyə
dair baxışlar, strategiyalar nə qədər mükəmməl
olsa da, onların taleyi, həyata keçirilməsi gözlənilməz
hadisələrdən, ssenarilərdən deyil, bütün
hallarda liderlik missiyasından - qərarların qəbulu məharətindən
asılı olur. Azərbaycan öz
inkişafının dönüş mərhələsində
yaşayır və bunu mümkün edən isə
düzgün hədəflər və onların davamlı
reallaşdırılmasından irəli gələn nəticələrdir.
Bu siyasətin gedişində yalnız konkret
ölkə miqyasında deyil, bütövlükdə regionda və
dünyada proseslərin axarını yeni məcraya yönəldə
biləcək tarixi qərarlar verilir.
Hazırda
icra olunan “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası da rəqabətqabiliyyətli,
ixracyönümlü, çoxşaxəli, innovativ
iqtisadiyyatın formalaşdırılmasını, sənayeləşmə
siyasətinin sürətləndirilməsini, mütərəqqi
təcrübəyə əsaslanan sənaye zonalarının
yaradılmasını, müəssisələrin texnoloji cəhətdən
yeniləşdirilməsini, intensiv metodların tətbiqinin
daha da genişləndirilməsini və digər tədbirləri
nəzərdə tutur.
Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin
icrası nəticəsində 2020-ci ilədək ölkədə
adambaşına düşən ÜDM-in həcminin iki dəfədən
çox artaraq 13 min ABŞ dollarına
çatdırılacağı gözlənilir. Həmin dövrədək
Azərbaycanın Dünya Bankının adambaşına
düşən ümumi milli gəlir təsnifatına görə
“yuxarı orta gəlirli ölkələr” arasında və
BMT İnkişaf Proqramının İnsan İnkişafı
ilə bağlı təsnifatına əsasən “yüksək
insan inkişafı” ölkələri qrupunda üst
sıralara yüksəlməsi hədəflənir.
Ümumiyyətlə, yeni mərhələnin əsas hədəfi
milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə
və dünya təsərrüfat sisteminə səmərəli
inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə
ölkədə dinamik sosial-iqtisadi inkişafın
davamlığını təmin etməkdən ibarətdir. Prezident
İlham Əliyevin ötən illərdə
imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət
proqramlarında bu hədəflərin
reallaşdırılması üçün yerinə yetirilməsi
zəruri olan vəzifələr dəqiqliklə müəyyənləşdirilmişdir.
Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi
və bu potensialın kompleks şəkildə səmərəli
reallaşdırılması, qeyri-neft sektorunun inkişaf
etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan
iqtisadiyyatının formalaşdırılması), hər bir
regionun malik olduğu potensialdan tam və səmərəli
istifadə olunması, onların inkişafının
tarazlaşdırılması, çoxlu sayda yeni iş yerinin
açılmasına şərait yaradılması,
sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin
həcminin, keyfiyyətinin və ünvanlığının
əhəmiyyətli dərəcədə
artırılması, yoxsulluğun azaldılması və s.
mühüm vəzifələri aid etmək olar.
Dövlət başçısı İlham Əliyev
daim vurğulayır ki, bu gün milli ideologiyamızın əsas
tərkib hissələrindən biri də məhz azərbaycançılıqdır. Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin
müdrikliklə irəli sürdüyü azərbaycançılıq
ideologiyası həyat tərzində, əxlaqda, mənəviyyatda,
dildə, dində, ədəbiyyatda, bir sözlə, maddi və
mənəvi mədəniyyətin bütün sahələrində
istiqamətləndirici məfkurə olmalıdır. Əsrlərdən miras qalmış mütərəqqi
mənəvi dəyərlər Azərbaycan xalqının
milli mövcudluğunun və dövlətçiliyinin
qarantına çevrilməlidir. Eyni
zamanda, hər bir vətəndaş bu torpağa, Vətənə
xalqa mənsubluğu, milli-mənəvi, dini dəyərləri
ilə qürur duymalıdır.
Azərbaycan Prezidentinin elmin, təhsilin, mədəniyyətin
inkişafını sürətləndirən fərman və
sərəncamlar, dövlət proqramları imzalaması onun
yetişməkdə olan gənc nəslin mənəvi
bütövlüyü, kamilliyi və saflığı, habelə
qlobal miqyaslı yad təsirlərə qarşı mənəvi
müqavimətin təkmilləşdirilməsi istiqamətində
həyata keçirdiyi siyasətin mühüm məqamlarıdır. Bütün
bunlar, eyni zamanda, mənəvi yüksəlişə, intibaha
xidmət edən mühüm addımlar kimi cəmiyyətin
pozitiv ruhda inkişafına təkan vermişdir.
Neft kapitalının insan kapitalına çevrilməsi,
kənd və rayonlarda yüksələn xətlə davam edən
abadlıq və quruculuq işləri, işsizlik və
yoxsulluğun minimuma endirilməsi, gənclərə və onların
inkişafına diqqət davamlı siyasətin təzahürləridir.
Azərbaycan
xalqının bəşəriyyətə bəxş etdiyi ən
nadir və görkəmli şəxsiyyətlərdən biri,
qüdrətli dövlət xadimi, dünya şöhrətli
siyasətçi Heydər Əliyev tariximizin parlaq səhifələrini
yazaraq ölkənin salnaməsində dərin iz qoymaqla,
sözün həqiqi mənasında, onu qurub- yaratmışdır.
Bu böyük şəxsiyyət titanik zəhməti, tükənməz
enerjisi, işıqlı zəkası və dəmir iradəsi
ilə daim xalqın, vətənin, dövlətin xidmətində
dayanmış, Azərbaycan torpağının, dövlətinin,
xalqının bütövlüyü uğrunda fədakarlıqla
çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi,
dövlətçiliyimizin inkişafı, demokratiyanın
genişləndirilməsi, xalqın rifah halının daha da
yaxşılaşdırılması üçün
mümkün ola bilən hər bir işi
görmüşdür.
Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafının uzunömürlülüyünü təmin edən təkmil irs, dövlətçilik xətti, siyasi məktəb yaratmışdır. Bu irsin ən görkəmli nümayəndəsi, Heydər Əliyev siyasi məktəbinin layiqli təmsilçisi olan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan milli intibahının şərəfli mərhələsini yaşayır. Ötən 12 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər ulu öndərin qoyduğu yolun layiqli davamıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi kurs nəticəsində bu dövrdə Azərbaycanın yeni dövrün tələblərinə cavab verən sürətli və kompleks inkişafı təmin olunub. Regionumuzda və dünyada baş verən tarixi prosesləri düzgün qiymətləndirən, geosiyasi dəyişikliklərin gedişini xalqın maraqları çərçivəsinə yönəldən, bu məqsədlə praqmatik, rasional gedişlər etməyi bacaran, hadisələrin inkişaf axarını qabaqlayan Prezident İlham Əliyev ölkəmizin inkişafına nail olmaqla yanaşı, dünya birliyində mövqelərini gücləndirib.
Heydər Əliyevin yaratdığı Azərbaycan bu dövrdə bir vaxtlar bizə əlçatmaz görünən kosmik dövlətə çevrilib, BMT Təhlükəsizlik Şurasına, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edib. Ölkəmizin iradəsi ilə yeni enerji layihələri icra olunur.
Beynəlxalq tədbirlər məkanına çevrilən Azərbaycan indi daha bir mötəbər tədbirə - I Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının ölkəmizin üzərinə qoyulması Azərbaycan üçün böyük önəm daşıyır. Çünki bu, Azərbaycan dövlətinin uğurlarının növbəti təqdimatı olmaqla ölkəmizin müsbət imicinin daha da yüksəlməsinə töhfələr verəcək.
Bütün bunları Azərbaycan xalqı görür və Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməklə həyata keçirilən siyasətə öz dəstəyini ifadə edir. Çünki Prezident İlham Əliyev ölkəmizi əzmlə, ulu öndərin müəyyən etdiyi yolla gələcəyə aparır.
Elşad ABBASOV,
“Embawood” şirkətinin
prezidenti
Xalq qəzeti.- 2015.- 8 may.- S.8.