Keçdiyi döyüş
yolu
qəhrəmanlıq məktəbidir
Fəti Fətizadənin
timsalında xalqımızın Böyük Vətən
müharibəsində
yazdığı qəhrəmanlıq
salnaməsi bugünkü nəsil üçün mənəviyyat
dərsidir
Qarşıdan bəşəriyyətin
fəlakətinə çevrilmiş faşizm üzərində tarixi
Qələbənin 70-ci ildönümü
gəlir. Böyük qanlar
və itkilər hesabına qazanılan bu
Qələbə təbii ki, adi qələbə deyildi.
Bu, dünyanın yüzlərlə
xalqının, Yer kürəsinin milyonlarla insanının eyni
arzularını, eyni məqsədini birləşdirib
onu bəşəri həmrəyliyə
çevirən bir amal
idi. Bu Qələbə
irqindən, dinindən, rəngindən, asılı olmayaraq neçə-neçə millət
övladının babalarının bugünkü
nəvələrə, gələcək nəsillərə yadigar qoyduğu əsl səadət
qələbəsi idi.
Bu böyük Qələbənin əldə olunmasında Azərbaycan xalqının sanballı töhfəsi və rolu var. Çünki xalqımız faşizm üzərində Qələbənin əldə olunması üçün özünün 600 mindən çox oğul və qızını cəbhəyə yola salmışdı. Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, minlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşublar. Azərbaycanın qəhrəman oğulları Böyük Vətən müharibəsində şücaət göstərərək, xalqımızın əsl qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdiriblər. Respublikamızı təmsil edən 170 mindən çox döyüşçünün orden və medallarla təltif edilməsi bunun sübutudur.
Amma bu Qələbə Azərbaycan xalqına asan başa gəlmədi. Yüz minlərlə həmvətənimiz, oğul və qızlarımız bunun üçün canlarından-qanlarından keçdilər. 300 minədək azərbaycanlı müharibədə həlak oldu. Onlar el-obalarının hüdudlarından uzaqlarda mərdliklə, fədakarcasına vuruşaraq həm də doğma Azərbaycanı faşizmdən mərdliklə qorudular. Biz faşizm üzərində Qələbənin 70 illiyində Böyük Vətən müharibəsində, alman faşizminin qarşısını almaq uğrunda gedən döyüşlərdə həyatlarını qurban vermiş Azərbaycan vətəndaşlarının xatirəsini böyük minnətdarlıq hissi ilə yad edirik.
Böyük Vətən müharibəsində iştirak etmiş, igidliklə döyüşmüş həmvətənlərimizin keçdiyi qəhrəmanlıq yolu bizim hər birimiz üçün örnəkdir, kişilik və həyat məktəbidir. Alman faşizminə qarşı rəşadətlə döyüşən, mətinliyi və cəsarəti ilə bir qəhrəmanlıq salnaməsi yaradan belə müharibə iştirakçılarından biri də Fəti Nuru oğlu Fəti-zadə olub. Onun babalarımızdan, ulu əcdadlarımızdan əxz etdiyi və igidliklə keçdiyi döyüş yolu, alman faşizminə qarşı mübarizədəki fədakarlığı hər birimizdə qürur və iftixar hissi doğurur.
Fəti Fəti-zadənin döyüş yolu Zaqafqaziya cəbhəsində yaradılan 402-ci Azərbaycan diviziyasının sıralarında başlamışdı. 1941-ci il avqustun 26-da Azərbaycanın Xankəndi şəhərində yaradılan bu diviziyanın şəxsi heyətinin təxminən 90 faizi həmyerlilərimizdən ibarət idi. Həmin ilin sentyabrın 10-da burada hərbi xidmətə başlayan Fəti Fəti-zadənin o zaman 33 yaşı vardı. 1936-cı ildə Pedaqoji İnstitutun fizika-riyaziyyat fakültəsini bitirib müəllim işləsə də, amansız müharibə hər bir azərbaycanlı kimi onun da planlarını alt-üst etdi və o, hərbçi olmağa qərar verdi. Çünki Vətən təhlükədə idi və belə bir ağır gündə Fəti Fəti-zadə də əlində silah cəbhədə olmalı idi.
Fəti Fəti-zadə baş leytenant idi və ordu sıralarından ehtiyata buraxılana qədər zabit adını şərəflə daşıdı. Onun xidmət etdiyi 402-ci diviziya 1941-ci ilin oktyabrından 1942-ci ilin aprelinədək İrana, daha sonra Naxçıvana dislokasiya olunur. Məlum olduğu kimi, almanlar qəflətən hücum etdiklərindən ilk aylarda sovet ordusunun müdafiə xəttini yararaq SSRI-nin içərilərinə xeyli irəliləmişdilər. Faşist Almaniyasının əsas planlarından biri də Bakı neftini ələ keçirmək idi. Çünki döyüşən sovet hərbi texnikası üçün yanacağın 75 faizi Bakıdan gedirdi və belə bir mühüm, son dərəcə strateji əhəmiyyət daşıyan şəhərin ələ keçirilməsi Sovet İttifaqına baha başa gələ bilərdi. Almanların Bakı yolu isə Şimali Qafqazdan keçirdi və ona görə bu cəbhədə hücumların intensivliyini artırmışdılar. Belə bir ağır məqamda 402-ci diviziya Şimali Qafqazın müdafiəsi üçün Qudermesə, oradan isə Zaqafqaziya cəbhəsinin Şimal cəbhəsinə göndərilir. Baş leytenant Fəti Fəti-zadə əvvəlcə Terek çayının sağ sahili boyunca Qroznı şəhərinin müdafiəsində, daha sonra düşmənin Mozdok qruplaşmasının darmadağın edilməsi uğrunda döyüşlərdə rəşadətlə vuruşur. Bu ərazidə Otraşnikovo, Staro-Buxirovo, Şirkutovskoyo, Xoxlatski, Smirnovka, Poti-Onin, Sbornı, Naydyonovski kimi yaşayış məntəqələrinin azad edilməsi uğrunda döyüşlərin ön sıralarında vuruşur, komandirin siyasi işlər üzrə müavini kimi qəhrəmanlıqla döyüşərək əsgərlərinə nümunə olur.
İlk dəfə Fəti Fəti-zadə Mozdok istiqamətində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanır. Lakin döyüş əzmi onu rahat buraxmırdı. Ona görə müalicəsini başa vurub yenidən müharibəyə dönür və bu dəfə döyüş yolunu Şimali Qafqaz cəbhəsində artilleriyaçı kimi davam etdirir. 1942-1943-cü illərdə bölük komandirinin müavini, batareya komissarı kimi döyüşən baş leytenantı müharibə daha sonra çox-çox uzaqlara, Şimal cəbhəsinə aparır. Rusiyanın Şimali Kareliya vilayətində və Qütbarxası cəbhəsində 9-cu ordunun zabiti kimi almanlara qarşı döyüşür. 9-cu ordunun ən yaxşı diviziyalarından birində döyüşən baş leytenant Fəti Fəti-zadəyə bu dəfə atəşatıcı taqımın komandiri vəzifəsi həvalə olunur. Fəti Fəti-zadə burada da şərəfli döyüş yolu keçir.
1944-cü ilin dekabrında ağır döyüşlərin birində məğlub olan düşmən tərəfindən açılan snayper atəşi ilə ikinci dəfə yaralanır.
Fəti Fəti-zadə döyüşdüyü bütün cəbhələrdə xalqının başını uca etdi və döyüş meydanlarında göstərdiyi qəhrəmanlıqlara görə müxtəlif dövlət təltifləri, o cümlədən “Almaniya üzərində qələbəyə görə” medalı almışdır.
Ləyaqətli, hər kəsə örnək
olan bir həyat
sürən Fəti Fəti-zadə bu dünyadan köç etsə
də, onu tanıyanların qəlbində
daim yaşayacaq,
xatırlanacaq. Biz Fəti Fəti-zadə kimi qəhrəmanlırımızın həyat
məktəbindən çox şey öyrənməliyik. Xüsusən
torpaqlarımızın işğal
altında olduğu bir
zamanda xalqımızın İkinci
Dünya müharibəsindəki qəhrəmanlığı,
oğul və qızlarımızın rəşadəti
bizi Böyük Qələbəyə
- torpaqlarımızı işğaldan azad etməyə səsləyir. Bu mənada Fəti Fəti-zadənin
timsalında xalqımızın Böyük
Vətən müharibəsində Qələbənin
qazanılmasında yazdığı qəhrəmanlıq
salnaməsi bugünkü nəsil üçün əsl mənəviyyat dərsidir.
AZƏRTAC
Xalq qəzeti.- 2015.- 8 may.- S.14.