Azərbaycan faşizm üzərində

Qələbədə misilsiz rol oynayıb

 

Azərbaycan faşizm üzərində Qələbənin əldə edilməsinə çox böyük töhfələr verib. Azərbaycandan 700 minə yaxın insan müharibədə iştirak edib, onlardan 300 mini həlak olub. 123 nəfər ən yüksək ada – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. 170 min nəfər isə müxtəlif orden və medallarla təltif olunub. Bu, Azərbaycan xalqının qəhrəmanlığını təsdiq edən statistik göstəricilərdir.

 

Eyni zamanda, Azərbaycan alman faşizmi üzərində Qələbənin əldə edilməsində həlledici rol oynayıb. Mən bunu tam məsuliyyətlə deyirəm. Çünki Azərbaycan nefti, Azərbaycan neftçilərinin əməyi olmasaydı, müharibənin nəticələri tam fərqli ola bilərdi. O vaxt — müharibə illəri zamanı Sovet İttifaqında 110 milyon ton neft hasil edilmişdi. Ondan 75 milyon tonu Azərbaycan neftçiləri tərəfindən hasil edilmişdi. Təsadüfi deyil ki, alman faşizmi Bakını zəbt etmək üçün çox böyük səylər göstərmişdi. Çünki əgər Bakını zəbt etsəydilər, o zaman bütün Sovet İttifaqının əksər enerji resurslarına sahib çıxmış olacaqdılar və beləliklə, yanacaq qıtlığı ucbatından müharibənin nəticələri tam başqa ola bilərdi...

Bu  fikirləri Azərbaycan Respublikası Prezidenti İlham Əliyev mayın 7-də Bakıda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binasının açılışında veteranlarla görüşdəki çıxışında demişdir.

Olduqca mühüm strateji, geosiyasi əhəmiyyətə malik Azərbaycan, xüsusilə neft Bakısı faşist Almaniyasının işğalçılıq planlarında xüsusi yer tuturdu. Hitler müsəlman türklərini “dağıdıcı qüvvə” adlandıraraq, onları ali irq hesab etdiyi almanların qullarına çevirmək ideyasını irəli sürmüşdü. Faşistlərin “Edelveys” planında Azərbaycanın zəngin sərvətləri, ələlxüsus Bakı neftinin birbaşa Almaniyaya daşınması nəzərdə tutulmuş, hətta Azərbaycanın iri sənaye müəssisələrinə də qabaqcadan alman rəhbərlər təyin edilmişdi. Eyni zamanda, türk xalqları yaşayan ərazilərdə faşistlərdən asılı oyuncaq “Böyük Türküstan” dövləti yaratmaq, onun tərkibinə Şimali və Cənubi Azərbaycanla bərabər, Mərkəzi Asiya, Qazaxıstan, Tatarıstan, Krım və digər yerləri daxil etmək planı təsdiqlənmişdi.

ABŞ və İngiltərə də Qafqazı, o cümlədən Azərbaycanı işğal etmək üçün “Vilvet” planı hazırlamışdılar. Bu plana görə, Sovet qoşunları Qafqazdan çıxarılmalı, yerinə müttəfiq qoşunları gətirilməli, bununla da həmin ərazilər onların nüfuz dairəsinə, daha doğrusu, müstəmləkəsinə çevrilməli idi.

Bunlardan xəbərdar olan və vəziyyətin mürəkkəbliyini nəzərə alan SSRİ Ali Baş Komandanlığı Zaqafqaziyada, o cümlədən Azərbaycanda 9 sentyabr 1942-ci ildə hərbi vəziyyət elan etdi. Bakının müdafiəsi gücləndirildi. Şəhər ətrafında qısa müddətdə 97 kilometr uzunluğunda müdafiə səngərləri yaradıldı. Faşist təyyarələrinin 1942-ci ildə 72, 1943-cü ildə isə 6 dəfə Bakı səmalarına soxulmaq cəhdləri bir nəticə vermədi.

Bu planlardan daha dəhşətlisi xalqımızın qəddar düşməni, Bakıda 1918-ci il soyqırımının təşkilatçılarından biri,  qatı şovinist A.Mikoyanın planı idi. Leninin dövründən  Brejnevin hakimiyyətinə qədər SSRİ-də nüfuzlu vəzifələrdə çalışan bu hiyləgər erməni Kremlin əli ilə Azərbaycanın 20 min kvadratkilometrdən artıq torpaqlarının Ermənistana qatılmasına nail olmuş, indi isə yeni plan hazırlamışdı.

Mikoyan müharibə dövründə başqa müsəlman xalqları kimi, azərbaycanlıları da öz ata-baba yurdlarından Sibirə və Qazaxıstana sürgün etmək və onların yerində erməniləri yerləşdirmək planı hazırlamışdı.

O vaxtlar Azərbaycana rəhbərlik edən M.C.Bağırov respublika zəhmətkeşlərinin müharibədə böyük şücaət göstərdiyini, xüsusilə Bakı neftinin əhəmiyyətini nəzərə çatdıraraq Stalini həmin plandan imtina etməyə razı sala bilmişdi.

Digər tərəfdən, A.Mikoyan Köçürmə Məsələləri Üzrə Dövlət Komitəsinin sədri olarkən yeni bir məkrli, hiyləgər əməliyyat planı irəli sürmüşdü: təhlükəli vəziyyət yarandıqda Azərbaycanın neft mədənlərini minalayıb partlatmaq, bununla da Bakı şəhərini xarabalığa çevirmək.

Xalqımız öz qəhrəmanlıq şücaəti ilə düşmənlərin bu planının həyata keçirilməsinə imkan vermədi.

Ön cəbhədə elə bir döyüş əməliyyatı yox idi ki, orada azərbaycanlılar cəsarətlə vuruşmasın. Onlar SSRİ-nin qərb sərhədlərinin, Brest qalasının, Odessanın, Sevastopolun, Leninqradın müdafiəsində, Moskva, Stalinqrad, Oryol-Kursk döyüşlərində, Ukraynanın, Belarusiyanın düşməndən azad olunmasında mərdliklə vuruşmuşlar. Polşa, Çexoslovakiya, Macarıstan, Rumıniya, Bolqarıstan, Yuqoslaviya, Berlin uğrunda gedən döyüşlərdə minlərlə soydaşlarımız şəhid olmuşdur. Düşmənə böyük tələfat verən Brest qalası döyüşçüləri arasında 44 nəfər azərbaycanlı böyük rəşadət göstərmişdir.

Leninqrad səmasının müdafiəsində igidlik göstərən Hüseynbala Əliyev düşmənin 6 təyyarəsini məhv etmiş, ölümündən sonra Lenin ordeni ilə təltif edilmişdi. Qara dəniz aviasiya briqadasının təyyarəçisi Məzahir Abbasov 1941-ci il iyunun axırlarında döyüş əməliyyatı zamanı düşmənin bir neçə təyyarəsini məhv etmiş, göstərdiyi igidliyə görə Qırmızı Bayraq ordeni ilə təltif edilmişdi.

1941-ci ilin noyabr-dekabr aylarında Novqorod vilayətinin Pustinka kəndi yaxınlığındakı döyüşlərdə böyük igidlik göstərən İsrafil Məmmədov şəxsən özü 70 faşisti öldürmüşdü. Azərbaycandan ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən İsrafil Məmmədov öz xalqını, millətini ucaldan şəxsiyyət idi.

Moskva uğrundakı döyüşlərdə böyük şücaətə görə Müseyib Allahverdiyev, İdris Vəliyev, onlarca digər azərbaycanlı yüksək ordenlərlə təltif edilmişdir.

Eyni zamanda, Azərbaycan qızları   Z.Seyidməmmədova, S.Quliyeva, Ə.Əliyeva, J.Korneyova, O.Şahbazova, A.Rüstəmbəyova və başqaları igidliklə vuruşmuşdular.

Müharibə xalq təsərrüfatını yenidən qurmağı, ilk növbədə ordunu yüksək keyfiyyətli yanacaqla, hərbi ləvazimat və ərzaqla təmin etməyi tələb edirdi. Azərbaycanın Xalq Təsərrüfatı az vaxtda yenidən quruldu. Cəbhəyə gedən kişiləri qadınlar və yeniyetmələr əvəz etdilər. Bütün çətinliklərə baxmayaraq, 1941-1945-ci illərdə Bakı neftçiləri ölkəyə 75 milyon ton neft və 22 milyon ton təyyarə benzini verdilər. Təyyarələrin 85-90 faizi Bakı benzini ilə uçurdu.

Bunu yüksək dəyərləndirən ulu öndər Heydər Əliyev demişdir: “Əgər Bakı nefti olmasaydı, Sovetlər İttifaqının Qələbəsi mümkün olmazdı. 1941-1945-ci illərdə cəbhəyə göndərilən yanacağın və sürtgü yağlarının 60-80 faizi Azərbaycanın payına düşürdü”.

Bakıda 132 növ, Gəncədə isə 26 növ silah və hərbi sursat istehsal edilirdi. Azərbaycanda “Katyuşa” raketi, “Spagın” pulemyotu istehsal edilir, “YAK-3” qırıcı təyyarəsi yığılırdı. Yüngül və yerli sənaye müəssisələri də cəbhəyə hərtərəfli köməklik göstərirdi.

Xalqımız müharibənin ilk günündən yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirib cəbhəyə hərtərəfli yardım göstərdi. Müharibənin ilk ilində cəbhəyə iki min bağlama və 146 vaqon ərzaq, 1 milyon 601 min dəst isti paltar, çəkmə göndərildi.

Müharibə illərində azərbaycanlılar Dövlət Müdafiə Fonduna şəxsi əmlaklarından 15,5 kiloqram qızıl, 957 kiloqram gümüş, 295 milyon manat və 200 milyon manatlıq istiqraz verdilər.

Azərbaycan kolxozçuları dövlət planlarını artıqlaması ilə yerinə yetirdiklərinə görə 4 dəfə dalbadal Dövlət Müdafiə Komitəsinin Keçici bayrağına layiq görüldülər. Eyni zamanda, kolxozçularımız SSRİ-nin düşməndən azad olmuş rayonlarına yardım olaraq 1500 kotan, 500 ton sement, 25 min pud taxıl, xeyli miqdarda ərzaq, çoxlu sayda mal-qara göndərdilər.

Azərbaycan ziyalıları var-qüvvələrini faşizmin məhv edilməsinə yönəltdilər. Görkəmli Kimyaçı alim Yusif Məmmədəliyevin başçılığı ilə bir qrup alim 28 gün laboratoriyadan çıxmayaraq, təyyarə üçün yüksəkoktanlı benzin hazırladı.

Akademik Ə.Quliyev tank əleyhinə partlayıcı maddə istehsalına nail oldu. Görkəmli alimlərdən Mirəli Qaşqay və Şamil Əzizbəyovun başçılığı ilə bir sıra strateji xammal aşkar edildi.

Azərbaycan müəllimlərinin yarıdan çoxu döyüşən ordu sıralarına gedərək düşmənə qarşı fədakarlıqla vuruşmuşdular.

Akademik M.Topçubaşovun başçılığı ilə alimlərimiz hərbi cərrahiyyədə yeni səmərəli metodlar tətbiq etməklə minlərlə döyüşçünün həyatını xilas etdilər. Respublikada təşkil olunmuş 150-dən çox hərbi hospitaldakı yaralıların 70 faizdən çoxu müalicə edilərək yenidən cəbhəyə qaytarıldı. Bu işdə 1942-ci ilin yanvarında görkəmli ictimai xadim, səhiyyə təşkilatçısı, professor Əziz Əliyevin sədrliyi ilə təşkil edilən Yaralı Döyüşçülərə və Xəstələrə Yardım Komitəsi xüsusi rol oynadı.

Azərbaycan ziyalıları bütün  səylərini faşizmə qarşı mübarizəyə, azadlığın, humanizmin qorunmasına yönəltdilər. Həmin dövrdə Azərbaycan Yazıçılar İttifaqına S.Vurğun, Bəstəkarlar İttifaqına Ü.Hacıbəyov, Rəssamlar İttifaqına Ə.Əzimzadə, kinostudiyaya R.Rza rəhbərlik edirdilər. Xalqı qələbələrə ruhlandıran əsərlər yaratmaqda onlar özləri nümunə göstərirdilər. Xalq şairi S.Vurğun müharibənin ilk günlərində “Vətən keşiyində” şerində yazırdı:

Bilsin ana torpaq, eşitsin Vətən,

    Müsəlləh əsgərəm mən də bu gündən!

Qoy Vətən torpağı ayağa qalxsın,

   Hər igid gözündən ildırım çaxsın!

İctimai elmlər sahəsində çalışan alimlər - H. Hüseynov, M. İbrahimov, A. Dadaşzadə, İ. Hüseynov, Z. İbrahimov, M. Vəkilov və başqaları xalqımızın qəhrəmanlıq tarixindən, döyüş ənənələrindən bəhs edən əsərlər yazdılar.

Moskva uğrundakı döyüşlərdə böyük igidlik göstərən tank qoşunları polkunun komandiri Həzi Aslanov “Qırmızı ulduz ordeni” ilə təltif edildi. Stalinqrad uğrundakı döyüşlərdə də Həzi Aslanov sərkərdə istedadı nümayiş etdirib düşmənin çoxlu miqdarda canlı qüvvəsini, hərbi sursatını məhv etmiş, yüzlərlə faşisti əsir götürmüşdü. Elə buna görə də Həzi Aslanov 1942-ci ilin dekabrında Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Həzi Aslanov tank qoşunları generalı kimi 1943-cü ildə Oryol-Kursk-Belqorod döyüşlərində də böyük şücaət göstərdi və yeni ordenlərlə təltif edildi.

Onun tank briqadası Belarusiyanın 508 yaşayış məntəqəsini düşməndən təmizlədi. Göstərdiyi igidliyə görə ona ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilməsi qərara alındı. Lakin Belarusiya cəbhəsi komandanının dəyişdirilməsi və X.Baqramyanın komandan təyin olunması əvəz edilməsi nəticəsində həmin sənədlər gizlədildi. Jurnalist M.Bağırovun inadlı səyindən sonra 1991-ci ildə general Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verildi. H.Aslanovun müəmmalı ölümü ilə bağlı bəzi faktlar bu işdə erməni məkrindən xəbər verir.

Qafqaz döyüşçüləri arasında 86 mindən çox azərbaycanlı vardı. Onlar faşistlərə qarşı mərdliklə vuruşub bir çox yerlərin azad edilməsinə nail oldular. 223-cü, 271-ci, 402-ci və 416-cı Azərbaycan milli diviziyaları düşmənə sarsıdıcı zərbələr endirirdi. A.Abbasovun başçılıq etdiyi 402-ci diviziya düşmənin 100-dən artıq tankını, minlərlə canlı qüvvəsini məhv etmişdi. Göstərdiyi fədakarlığa görə A.Abbasov Qırmızı Bayraq ordeni ilə təltif edildi. 223-cü və 416-cı diviziyalar Ukraynanın azad olunmasında da fəal iştirak etdilər.

Təyyarəçi Adil Quliyev 265 döyüş  uçuşuna qalxmış və 18 düşmən təyyarəsini məhv etmişdi. Göstərdiyi hünərə görə o, Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.

Ümumiyyətlə, 1943-cü ilin oktyabrında Kerc boğazına çıxmaq əməliyyatında 20 yaşlı pulemyotçu Mehdi Quliyev böyük şücaət göstərib 300-dən artıq faşisti məhv etdi. Göstərdiyi igidliyə görə ona da Sovet İttifaqı Qəhrəmanı adı verildi.

1943-cü ilin payızında Ukraynanın azad olunması uğrundakı rəşadətlərinə görə 20-dən çox azərbaycanlı döyüşçü Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Onların içərisində Məlik Məhərrəmov, Səlahəddin Kazımov, Məmməd Məhərrəmov, Xıdır Mustafayev və başqaları vardı.

Azərbaycan döyüşçüləri Şərqi Avropa ölkələrinin faşizm əsarətindən xilas edilməsində də fəal iştirak etdilər. 223-cü diviziya Yuqoslaviyanın azad edilməsində iştirak etmiş və “Belqrad diviziyası” adını almışdı. Bu diviziya Avstriya və onun paytaxtı Vyana şəhərinin faşistlərdən təmizlənməsində fəal iştirakına görə Qırmızı Bayraq ordeni ilə təltif edilmişdi.

1945-ci ilin yanvarında Polşa uğrunda döyüşlərdə Ziya Bünyadovun rəhbərlik etdiyi bölüyün döyüşçüləri igidliyə görə orden və medallarla təltif edildilər. Ziya Bünyadov isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.

Faşizmə qarşı Avropa xalqlarının partizan mübarizəsində də soydaşlarımız da fəal iştirak etmişdilər. Ən böyük əsir düşərgələrindən biri Polşanın Jedlina şəhərində idi. 1942-ci ilin əvvəlində H.Qiyasbəyov, M.Məmmədov, X.Hacıyev, Ə.Süleymanov və başqalarının rəhbərliyi altında Jedlina hərbi əsir düşərgəsində gizli antifaşist təşkilat yaratmışdılar. Bu təşkilat Polşa partizanlarına qoşularaq, ölkənin azadlığı uğrunda fəal mübarizə aparmışdır.

Fransadakı hərbi əsir düşərgələrindən qaçmış azərbaycanlı döyüşçülər Sovet partizan polkuna daxil olub Fransanın onlarca şəhər və kəndlərinin faşistlərdən azad olunmasında iştirak etmişlər. Ə.Cəbrayılov, A.Abdullayev, R.Rzayev və başqaları Fransa müqavimət hərəkatında mühüm rol oynamışlar.

Yüzlərlə azərbaycanlı döyüşçü Yuqoslaviyanın azadlığı uğrunda partizan hərəkatında fəal iştirak etmiş və göstərdikləri igidliklərə görə orden və medallarla təltif olunmuşlar.

1942-ci ilin yayında ağır yaralanaraq əsir düşmüş, sonra əsirlikdən qaçaraq Yuqoslaviya partizanlarına qoşulmuş cəsur kəşfiyyatçı Mehdi Hüseynzadə “Mixaylo” ləqəbi ilə düşmənə qarşı qəhrəmancasına mübarizə aparmışdı. M. Hüseynzadənin dəstəsinə daxil olan T. Əliyev, M. Seyidov, A. Məmmədov və başqaları faşistlərə divan tutmaqda şöhrət qazanmışdılar.

M.Hüseynzadə dəfələrlə faşistlərin hərbi kazarmasını, hərbi təyyarə meydanını, zabit yeməkxanasını, kinoteatr binasını partladaraq düşmənə ciddi zərbə endirmişdir. Onun cəsur əməliyyatları nəticəsində mindən artıq faşist məhv edilmişdir. O, faşist işğalçılarına qarşı mübarizədə göstərdiyi igidliyə görə 1957-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.

416-cı Taqanroq diviziyası müharibə dövründə Qafqazdan Berlinə qədər rəşadətli döyüş yolu keçərək 23 min hitlerçini məhv etmiş, 5474 nəfəri əsir almış çoxlu miqdarda faşist silah və sursatını sıradan çıxarmışdı. Diviziyanın 14369 əsgər və zabiti SSRİ orden və medalları ilə təltif olunmuşdu.

Qələbənin 70 illiyində bir məqamı nəzərə çatdırmaq önəmlidir ki, xalqımızın müharibədə fəal iştirak etməsinə, cəbhəyə hərtərəfli yardımına baxmayaraq bu fədakarlıq totalitar sovet rejiminin rəhbərliyi tərəfindən yetərincə qiymətləndirilməmişdir. Sovet hərbi texnikasının yanacağa olan ehtiyacının 80-85 faizini Bakı neftçiləri ödədiyi halda Bakı şəhərinə “Qəhrəman şəhər” fəxri adı verilməmişdir.

İkinci dünya müharibəsi bəşəriyyəti böyük tələfata və maddi məhrumiyyətə düçar etdi:  55 milyondan çox insan həyatına son qoydu, onun yarısı - 27 milyonu sovet vətəndaşları idi.

Azərbaycan xalqının qəhrəmanlıq şücaətini yüksək dəyərləndirən ulu öndər Heydər Əliyev demişdir: “Tarix bu gün də, gələcəkdə də bilməlidir ki, İkinci Dünya müharibəsində, Böyük Vətən müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur... Azərbaycan xalqının tarixi xidmətlərini və böyük rolunu olduğu kimi bütün tamlığı ilə dünya ictimaiyyətinə çatdırmaq respublika ictimaiyyətinin, mətbuatının və ziyalılarının vətəndaşlıq borcudur”.

 

Xəlil KÖÇƏRLİ,

tarix elmləri doktoru,

professor, Əməkdar müəllim

 

Xalq qəzeti.- 2015.- 9 may.- S.14.