Heydər Əliyev müasir
Azərbaycanın
memarı və qurucusudur
Xalqımızın ümummilli
lideri Heydər Əliyev
müasir Azərbaycan dövlətçiliyinin siyasi və
iqtisadi əsaslarını yaradan tarixi şəxsiyyət,
nüfuzlu rəhbər kimi çağdaş tariximizdə əbədiyaşarlıq
qazanmışdır. Məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər
Əliyevin fəaliyyəti, qətiyyəti, möhkəm siyasi iradəsi nəticəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya
məkanında öz layiqli
yerini tutmuşdur. Hələ
1969-cu ildə Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin birinci
katibi seçilmiş
Heydər Əliyev qısa zamanda öz gərgin əməyi sayəsində Azərbaycanı
digər SSRİ respublikaları arasında önə
çıxarmışdır.
Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş dövrü kimi müasir tariximizə əbədi həkk olunmuşdur. Bu gün Azərbaycanın sosial-iqtisadi, ictimai-mədəni həyatının elə bir sahəsi yoxdur ki, orada ulu öndərin şərəfli ömrünün bir zərrəsi hiss olunmasın. Azərbaycanın bugünkü dövlət müstəqilliyinin təməl prinsiplərinin işlənib hazırlanması 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə başlanan şərəfli missiyasının əsas qayəsi idi. Məhz həmin dövrdən etibarən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının respublikanın gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə start verildi. Azərbaycanın Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevrilməsi üçün bütün sahələrdə geniş islahatlar aparan Heydər Əliyev zəngin idarəçilik təcrübəsi sayəsində respublikamızın tarixində böyük dönüş yaratmışdır.
Ulu öndərin gərgin fəaliyyəti və qətiyyəti sayəsində Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edəcək kompleks inkişaf proqramlarının icrasına başlanmış, iqtisadi və digər sahələrdə SSRİ rəhbərliyi səviyyəsində əlverişli qərarların qəbuluna nail olunmuşdur. Dahi siyasət korifeyinin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparılmış, sənaye və kənd təsərrüfatının bütün sahələrində inkişafa nail olunmuş, yeni sənaye sahələri yaradılmış, istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırılmış, mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan bütün SSRİ-də qabaqcıl mövqeyə yiyələnmiş, istehsal olunan məhsulların keyfiyyəti yaxşılaşmışdır. Təkcə onu qeyd etmək kifayətdir ki, 1969-1982-ci illərdə Azərbaycanda elektron maşınqayırması, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıq istehsalı və digər mütərəqqi sənaye sahələri yaranmışdı. Sənayenin inkişafında elmi-texniki tərəqqinin nailiyyətlərinin geniş tətbiqi nəticəsində 1971-1985-ci illərdə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradılmışdı. Azərbaycanda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.
Neft sənayesinin iqtisadi inkişafdakı rolunu nəzərə alan Heydər Əliyev 1970-ci illərdə bu sahənin dinamik inkişafına nail olmuş, neft-kimya sənayesinin modernləşdirilməsini təmin etmişdir. Məhz ulu öndərin rəhbərliyi ilə neft sənayesinin inkişafında yeni mərhələ başlanmış, “qara qızıl”ın Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsinin əsası qoyulmuşdur. Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycan həmin illərdə neft məhsulları, neft avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, məişət kondisionerləri, mineral gübrələr, xalça və digər istehsal növləri üzrə Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Eyni zamanda, ulu öndərin uzaqgörən siyasəti nəticəsində Bakı Dərin Özüllər və Yeni Bakı Neftayırma zavodları inşa olundu.
Ümummilli lider sonralar o illəri xatırlayarkən demişdir: “1970-ci illərdə görülən işlər, yaradılan bu böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Bu gün bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır”.
Respublikamızın ikinci böyük sənaye şəhəri sayılan Sumqayıtın dinamik inkişaf və tərəqqi dövrü kimi xarakterizə olunan illəri də ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Hələ respublikamıza rəhbərliyinin ilk dönəmində Sumqayıt şəhərinə və sumqayıtlılara diqqət və qayğısını əsirgəməyən ulu öndər ötən əsrin 70-ci illərində və 80-ci illərin əvvəllərində 10 dəfə Sumqayıtda olmuşdur ki, həmin səfərlərin hər biri şəhərin tarixi salnaməsinin ən parlaq və unudulmaz səhifəlirini təşkil edir.
Sumqayıtda doğulub boya başa çatan, əmək fəaliyyətinə burada başlayan bir şəxs kimi həmin unudulmaz hadisələrin, demək olar ki, hamısının şahidi və iştirakçısı olmuşam. Yeri gəlmişkən, Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması ilə respublikamızda tikinti-quruculuq işləri geniş vüsət aldı. Bu da həmin dövrdə ali təhsil almaq istəyində olan gənclərin əksəriyyətini məhz inşaatçı peşəsinə yiyələnib Azərbaycanda gedən quruculuq işlərində yaxından iştirak etməyə həvəsləndirirdi. Məhz ötən əsrin 70-ci illərində əsaslı tikintinin geniş miqyas alması nəticəsində Sumqayıt nəhəng tikinti meydançasına çevrilmişdi. Dünyanın demək olar ki, əksər ölkələrinə ixrac olunan şəhər sənayesi məhsullarının keyfiyyəti və əsaslı tikintisinin gedişi ilə daim maraqlanan, tez-tez məlumatlar alan respublika rəhbəri Sumqayıtı daim öz nəzarəti altında saxlayır, qarşıya çıxan bütün problemləri operativ həll edirdi. Bu diqqət və qayğının nəticəsi idi ki, 70-ci illərdə Sumqayıtda yeni mikrorayon və məhəllələr salınır, ildə təqribən 80 min kvadratmetr mənzil sahəsi tikilib istifadəyə verilirdi. Hazırda fəaliyyət göstərən istehsalat sahələrinin çoxu, 40-dan artıq ümumtəhsil məktəbi, 60 uşaq tərbiyə müəssisəsi saysız- hesabsız mədəniyyət, məişət xidməti, ticarət obyektləri, səhiyyə ocaqları məhz ümummilli liderimizin o dövrdəki məqsədyönlü sosial siyasətinin bəhrələridir.
Respublika rəhbəri Heydər Əliyev ilk dəfə 1971-ci aprelin 7-də 22 yaşlı Sumqayıta rəsmi səfərə etmişdir. Həmin gün Rumıniya nümayəndə heyəti ilə birgə “Üzvi sintez” zavodunda olan ulu öndər sexləri gəzərək buraxılan məhsulların keyfiyyəti, insanların iş, məişət şəraiti ilə maraqlanmış, məsləhət və tövsiyələrini vermişdir. Məhz onun məsləhəti ilə şəhərimizdə həmin il “Kompressorlar” zavodu istifadəyə verilmişdir. 1973-cü il noyabrın 30- da ikinci dəfə Sumqayıta səfər edən ulu öndər şəhərin metallurgiya nəhəngi olan Azərbaycan Boru-Prokatı Zavodunda olmuş, metallurqlarla görüşərək öz irad və təkliflərini bildirmişdir. Heydər Əliyev ağır sənaye ilə yanaşı, yüngül sənayenin də inkişafına diqqət yetirmiş, belə ki, onun göstərişi ilə 1973 -cü ildə “Xovlu iplik” və “Üst trikotaj” fabrikləri tikilib istifadəyə verilmişdir.
1974-cü ildə isə Heydər Əliyevin Sumqayıta üç dəfə səfər etməsi respublika rəhbərinin Azərbaycan gəncliyinin hünər meydanı olan şəhərə diqqət və qayğısının parlaq təzahürü idi. Yeri gəlmişkən, həmin səfərlərin birində Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini N.Tixonovla birlikdə Azərbaycan Boru Prokat zavodunda və Sumqayıt Kimya Sənayesi İstehsalat Birliyində olmuşlar. O, Tixonovu inandıra bilmişdir ki, Sumqayıtın kimya sənayesində “EP-300” qurğusunun tikilib istifadəyə verilməsi böyük iqtisadi səmərə verə bilər. Nəhayət, 1975-76-cı illərdə həmin qurğunun tikilməsi barədə Heydər Əliyevin təklifi qəbul olunmuşdur. Bundan sonra tikinti üçün vəsait ayrılmış, hazırlıq işlərinə başlanılmış və 1980-ci ildə nəhəng qurğunun inşasına başlanılmışdır. Yeri gəlmişkən, sözügedən qurğunun inşasının rəhbərlik etdiyim kollektivə həvalə olunmasına görə özümü hədsiz dərəcədə xoşbəxt hesab edirəm. Sonrakı illərdə bütün SSRİ-yə səs salan Sumqayıtın yeni kimya nəhənglərinin - “Polimer-120”, “Divinil”, “LVJ”, “Lindan” kompleksi kimi müəssisələrin, Sumqayıt Şüşə Zavodunun inşasının və Alüminium Zavodunun elektroliz sexinin yenidən qurulması işlərinin, eləcə də şəhərdə yeni yaşayış binalarının, çoxsaylı məktəb və uşaq bağçalarının müəssisəmizə həvalə olunması kollektivə olan etimadın nəticəsi idi. 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilənədək Heydər Əliyev Sumqayıta daha bir neçə dəfə səfər edərək nəhəng tikinti meydanına çevrilmiş gənclik şəhərinə, onun sakinlərinə lazımi diqqət və qayğısını əsirgəmədi.
Bu gün paytaxt sakinlərinin və qonaqların geniş istifadə etdikləri Bakı Metropoliteninin tarixində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. Məhz onun xüsusi diqqəti və qayğısı sayəsində Bakı Metropoliteninin tikintisində böyük canlanma başlanmış, nəticədə 1970-1980-ci illərdə metronun “Ulduz” “Məşədi Əzizbəyov” (indiki “Koroğlu”), “Qara Qarayev”, “Neftçilər”, “Nizami” “Bakmil” stansiyaları istifadəyə verilmişdir. SSRİ rəhbərliyində yüksək vəzifə tutduğu 1983-1987-ci illərdə də Heydər Əliyev Bakı Metropoliteninin tikintisini daim diqqətdə saxlamış, qarşıya çıxan problemlərin həllinə nail olmuşdur. 1985-ci ildə “Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar”, “Memar Əcəmi” stansiyaları, 1989-cu ildə “Xalqlar dostluğu” və “Əhmədli” stansiyalarının tikintisinin uğurla başa çatdırılması və s. işlər məhz ulu öndərin şəxsi nüfuzu sayəsində mümkün olmuşdur.
“Bakı Metopoliteni xalqımızın milli sərvətidir” deyən ümummilli lider Heydər Əliyev dövlət müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə də metro tikintisinə xüsusi diqqət yetirmişdir. Məhz ulu öndərimizin böyük nüfuzu sayəsində Avropa İttifaqı tərəfindən ayrılmış qrant hesabına Bakıda metro tikintisinin bərpasına başlanmış, “Həzi Aslanov” stansiyasının inşası sona çatdırılmış, “28 May” stansiyası üçün yeni çıxış istifadəyə verilmişdir.
Ümummilli liderin şanlı quruculuq epopeyasının, müstəqil dövlətçiliyimizin yeni, parlaq səhifələrini yazan ölkə Prezidenti cənab İlham Əliyev Bakıda metro şəbəkəsinin daha da genişləndirilməsinə xüsusi diqqət və qayğı ilə yanaşır. Bunun nəticəsidir ki, son on ildə metronun “Nəsimi, ”Azadlıq prospekti" və “Dərnəgül” satansiyaları tikilib istifadəyə verilmiş, “Avtovağzal” və “Memar Əcəmi-2" stansiyalarının inşası isə tamamlanmaq üzrədir. ”Tunel-Metro İnşaat" MMC-nin kollektivi də metro tikintisi ilə bağlı göstərilən etimadı layiqincə doğruldaraq tapşırılan işləri vaxtında və yüksək keyfiyyətlə yerinə yetirməyə nail olmuşdur.
Ötən əsrin 90-cı illərində Azərbaycan tarixin yaratdığı şansdan yararlanaraq yenidən dövlət müstəqilliyinə qovuşdu. Lakin müstəqilliyin ilk illərində hakimiyyətə yiyələnən naşı və səriştəsiz şəxslərin yarıtmaz idarəçiliyi nəticəsində ölkədə hərc-mərclik, anarxiya yarandı, separatçılıq meyilləri güçləndi. Digər tərəfdən, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin zəbt olunması və bunun nəticəsində bir milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi sosial-iqtisadi böhranı daha da dərinləşdirdi. Belə bir şəraitdə dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan ulu öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, böyük xilaskar missiyasını yerinə yetirdi. Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı.
Ermənistanın təcavüzü nəticəsində öz doğma yurd-yuvasından didərgin düşmüş qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi daim ulu öndərin diqqət mərkəzində olmuşdur. Məhz Heydər Əliyevin təşəbbüsü ilə qaçqın və məcburi köçkünlərin maddi vəziyyətinin və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra fərman və sərəncamlar imzalanmışdır. Ümummilli liderin müdrik qərarı ilə Dövlət Neft Fondundan ilk vəsait məhz qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir. Məcburi köçkünlərin çadırlardan müasir evlərə köçürülməsi, onların haqq səsinin dünyaya və beynəlxalq təşkilatlara çatdırılması sahəsində ilk addımları da Heydər Əliyev atmışdır. Təsadüfi deyil ki, “ İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir” deyən ulu öndər bu məsələyə daim diqqət və qayğı göstərirdi. Ümummilli liderin 2001-ci il avqustun 22-də imzaladığı “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” fərmandan sonra ölkə ərazisində müasir qəsəbələrin salınmasına, çadır şəhərciklərinin ləğvinə start verildi. “Tunel-Metro İnşaat” MMC-nin kollektivi də ötən illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qəsəbələrin və məhəllələrin tikintisi ilə bağlı keçirilən tenderlərdə ardıcıl iştirak edərək bir sıra tikintiləri aparmaq hüququ qazanmışdır.
Torpaqlarımızın düşmən işğalından azad olunması üçün məqsədyönlü fəaliyyət göstərən möhtərəm Prezidentimiz İlham Əliyevin məcburi köçkünlərin məskunlaşdırılması sahəsində həyata keçirdiyi ardıcıl siyasət nəticəsində bu gün ölkəmizdə, bir dənə olsun, qaçqın düşərgəsi qalmamışdır. Ağdam, Biləsuvar və Goranboy rayonlarında, Füzuli rayonunun Zobucuq qəsəbəsində məcburi köçkünlər üçün qəsəbələrin, Bakı şəhəri Binəqədi rayonunun ərazisində doqquzmərtəbəli yaşayış evlərinin tikintisində və digər obyektlərdə kollektivimiz yaxından iştirak etmişdir. Təkcə ötən il “inşaatçılarımız ”Dövlətqaçqınkom"un sifarişi ilə Ağdam rayonu ərazisində 632, Bərdə rayonu ərazisində 588, Beyləqan rayonu ərazisində 320 Mingəçevir şəhərində 594, Saatlı rayonu ərazisində 230 və Göygöl rayonu ərazisində 600 məcburi köçkün ailəsi üçün salınan qəsəbələrin qaz təchizatı sistemlərinin yaradılmasını və 47 ədəd fərdi yaşayış evinin tikintisini həyata keçirmişdir.
Ümummilli liderin müəyyənləşdirdiyi inkişaf kursu bu gün onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan Azərbaycanın bugünkü uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.
Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyatına qovuşmasına mütləq əminlik yaradır.
Qərib
DADAŞOV,
Əməkdar
mühəndis
Xalq qəzeti.- 2015.- 9
may.- S.10.