Azərbaycan beynəlxalq aləmdə
sarsılmaz mövqe və
nüfuz sahibidir
Hər bir dövlətin dünya
düzənindəki yeri və rolu ilk növbədə onun
xarici siyasətini səciyyələndirən amillər, beynəlxalq
və regional qurumlardakı fəaliyyəti, habelə demokratik
dəyərlərə münasibəti ilə
bağlıdır. Müstəqil xarici siyasət kursuna malik
olan Azərbaycan müasir beynəlxalq münasibətlər
sistemində etibarlı strateji tərəfdaş, güclü
və nüfuzlu aktor kimi tanınır. Cənubi Qafqaz geosiyasi
məkanında aparıcı dövlət kimi
çıxış edən ölkəmiz ümummilli lider
Heydər Əliyevin əsasını qoyduğu və Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilən
çoxvektorlu və balanslaşdırılmış xarici
siyasət strategiyası nəticəsində həm ikitərəfli
münasibətlər kontekstində, həm də
çoxşaxəli əlaqələr fonunda yerləşdiyi
regionun geostrateji təhlükəsizliyinə fundamental töhfələr
verir, regional miqyaslı, qlobal xarakterli əməkdaşlıq
platformasının mərkəzi oyunçusu rolunu oynayır.
Heç bir dövlətdən və beynəlxalq qurumdan
asılı olmayan Azərbaycan artıq bu gün regional
aktordan beynəlxalq strateji tərəfdaşa çevrilməkdədir.
Məhz
bunun nəticəsidir ki, dövlətimizin xarici siyasət
kursunun nəticələri beynəlxalq miqyasda təqdir olunur.
Belə ki, Azərbaycanın təşəbbüsü və
iştirakı ilə regional miqyaslı və böyük
strateji layihələrin reallaşdırılıması, ikitərəfli
və çoxtərəfli əlaqələrin möhkəmlənməsi
məhz həyata keçirilən praqmatik xarici siyasətin
pozitiv göstəricisidir. Bu gün Azərbaycan qlobal xarakterli
taleyüklü məsələlərin həllində aktiv
iştirak edir. Buna zəmin yaradan əsas siyasi-strateji
faktorlardan biri Azərbaycanın qlobal tribuna rolunu oynayan beynəlxalq
qurumlarda uğurla təmsil olunmasıdır. Ölkəmizin
2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasında təmsil edəcək qeyri-daimi üzv
seçilməsi və quruma 2012-ci ilin may və 2013-cü ilin
oktyabr aylarında sədrlik etməsi Prezident İlham
Əliyevin həyata keçirdiyi rasional xarici siyasət
kursunun məntiqi nəticəsi kimi qəbul olunmalıdır.
Avropa
Şurası Nazirlər Komitəsinin 124-cü sessiyasında
bu təşkilata sədrliyin Azərbaycana keçməsi ilə
BMT Təhlükəsizlik Şurasına iki illik üzvlükdən
sonra Azərbaycan diplomatiyası tarixinə daha bir uğurlu səhifə
yazıldı. Azərbaycan 6 aylıq sədrliyi müddətində
Avropa Şurasının məqsədlərinin təşviq
edilməsində əhəmiyyətli səylər göstərdi,
əsas tutduğu prioritetlər bu dönəmin kifayət qədər
səmərəli olmasını təmin etdi. Çünki
burada müəyyən olunmuş istiqamətlər
bütün dünya, o cümlədən ölkəmiz və
sözügedən təşkilat üçün kifayət
qədər aktualdır. Bu kontekstdə Azərbaycan Avropa
Şurasının təməl prinsipləri olan insan
hüquqlarına, qanunun aliliyinə və demokratiyaya
güclü dəstək vermiş, Avropada təhlükəsizlik
və sabitlik sahəsindəki mövcud problemlərə,
korrupsiya ilə mübarizədə səmərəli əməkdaşlığa,
cəmiyyətlərin həssas təbəqəsi olan
qaçqınların və məcburi köçkünlərin
hüquqlarının müdafiəsinə ciddi diqqət
yetirmiş, mədəniyyətlərarası dialoqa
böyük əhəmiyyət verərək Avropada
diskriminasiya və dözümsüzlüklə mübarizəyə
yardım etmiş, təhsilli və məsuliyyətli gənclər
nəslinin tərbiyəsinə xüsusi önəm
vermiş, siyasi islahatların həyata keçirilməsi hədəfini
yekdilliklə və güclü şəkildə dəstəkləmişdir.
Beləliklə də, Avropa Şurasının
yaradılmasının 65-ci ildönümünün qeyd
edildiyi bir vaxtda bu təşkilatın Nazirlər Komitəsinə
sədrliyi üzərinə götürən Azərbaycan
müəyyənləşdirdiyi hədəflərə nail
olmuşdur.
Azərbaycan
nümayəndə heyətlərinin AŞ, ATƏT,
QİƏT və digər beynəlxalq və regional təşkilatların
strukturlarında fəal şəkildə təmsil
olunması, nümayəndələrimizin yüksək vəzifələrə
seçilməsi də məhz bu qəbildəndir. Parlamentarilərimizin
mötəbər tribunalarda aparıcı mövqe əldə
etmələri eyni zamanda Azərbaycan siyasətçisinin və
ziyalısının mədəniyyətini, intellektini,
müasir dünyagörüşünü və praqmatik
baxışlarını səciyyələndirən obyektiv
amildir. Milli Məclisin beynəlxalq əlaqələrinin və
xüsusilə digər ölkələrin parlamentləri ilə
sıx təmasını təmin etmək məqsədilə
yaradılmış dostluq qruplarının fəaliyyəti də
bu mənada təqdirəlayiqdir.
Azərbaycan
regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə
paralel olaraq bölgədə və beynəlxalq səviyyədə
əməkdaşlığa və təhlükəsizliyə
mühüm töhfələr verir. Bu kontekstdə son dönəmlərdə
ölkəmizin iştirakı ilə gerçəkləşdirilən
enerji layihələrinin əhəmiyyətini xüsusi qeyd etmək
lazımdır. Məlum olduğu kimi, 2013-cü il Azərbaycanın
enerji siyasətində böyük uğurlarla yadda qaldı.
“Əsrin müqaviləsi”nin imzalandığı dövrdən
etibarən dünyada əsasən neft ölkəsi kimi
tanınan Azərbaycan yaxın tarixdə atdığı
addımlarla beynəlxalq aləmdə enerji təhlükəsizliyinin
sanballı təminatçılarından biri kimi
özünü təsdiq etdi. Məsələn, 2013-cü ildə
Azərbaycan qaz ixracatçısı kimi regional və beynəlxalq
təhlükəsizlikdə mühüm rol
oynadığını bir daha sübuta yetirdi. Bu istiqamətdə
ilk böyük nailiyyət 2007-ci ildə
“Bakı-Tbilisi-Ərzurum” (BTƏ) qaz kəmərinin istifadəyə
verilməsi idi. Bu baxımdan, Avropanın “mavi yanacaq”
bazarlarında əsas iştirakçılardan birinə
çevrilmək niyyətində olan Azərbaycanın təşəbbüsü
ilə qəbul olunan Trans Adriatik boru kəməri (TAP) və
Trans-Anadolu qaz kəməri (TANAP) layihələri həm
ölkəmizin, həm də qitə dövlətlərinin
enerji maraqlarına cavab verir. Bu, Azərbaycanın Avropanın ən
yaxın və etibarlı enerji tərəfdaşı
olmasının daha bir təsdiqidir. Eyni zamanda, TANAP layihəsi
Trans-Xəzər qaz kəmərinin gerçəkləşməsi
üçün də yeni imkanlar yaratmış olur.
Qazaxıstan və Türkmənistanın gələcəkdə
bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan
həm də qaz nəqlində mühüm tranzit ölkəyə
çevriləcək. Ümumiyyətlə, TANAP layihəsi ilə
Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın
rolu əhəmiyyətli dərəcədə artacaq.
Yaxın
gələcəkdə reallaşacağı şübhə
doğurmayan bu kəmər Avropada “mavi yanacaq” bazarını
genişləndirəcək, istehlakçı ölkələr
isə enerji mənbələrinin çoxaldılması yolu
ilə öz təhlükəsizliklərini daha etibarlı təmin
edə biləcəklər.
“Şahdəniz-2"
layihəsinin gerçəkləşməsi bir tərəfdən
“Cənub” qaz dəhlizi vasitəsilə “mavi yanacağın” Xəzər
dənizindən Avropadakı bazarlara
çatdırılacağı, digər tərəfdən isə
Azərbaycanın enerji sektoruna böyük həcmdə yeni
investisiyaların yatırılmasına və yeni iş yerlərinin
yaradılması deməkdir.
Nəzər
yetirdiyimiz istiqamətdə növbəti tarixi əhəmiyyətli
strateji məqamlardan biri də 2014-cü ilin sentyabrın 20-də
Asiya ilə Avropanı, Xəzər hövzəsi ilə uzaq
Adriatik dənizi sahillərini əlaqələndirəcək
“Cənub” qaz dəhlizinin təməlinin qoyulmasıdır. Bu
yaxınlarda Bakıda “Cənub” qaz dəhlizi Məşvərət
Şurasının yığıncağında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
söylənilən fikirlər XXI əsrin layihəsi
adını alan bu layihənin Azərbaycanın praqmatik enerji
siyasətinin, bu kontekstdə beynəlxalq əməkdaşlığın
qanunauyğun nəticəsi kimi qəbul etmək olar. Ölkə
başçısı bu məqamlara toxunaraq qeyd edib ki, “Cənub”
qaz dəhlizi layihəsi məhz son 20 il ərzində tərəfdaşlarımızla
apardığımız işə əsaslanır.
Beləliklə,
Azərbaycanın regional əməkdaşlıq və beynəlxalq
təhlükəsizliyə mühüm töhfələr verməsi
ölkənin beynəlxalq nüfuzunun artması və
mövqeyinin möhkəmlənməsi baxımından
müstəsna əhəmiyyət kəsb edir. “İnternational
Herald Tribune” qəzetinin siyasi şərhçisi Selestin Bohlen
“Azərbaycan enerji ixracı sahəsində Avropa və Rusiya
arasında tarazlı siyasət aparır” sərlövhəli
məqaləsində bildirir ki, Azərbaycanı etibarlı
strateji tərəfdaşa çevirən təməl faktor bu
ölkənin müstəqil və tarazlı enerji siyasəti
yeritməsi ilə bağlıdır. Məqalədə qeyd
edilir ki, Xəzər hövzəsinin bayraqdarı Azərbaycan
regional miqyasda reallaşdırılan layihələrin mərkəzi
oyunçusu olmaqla yanaşı, qlobal enerji siyasətində də
tarazlaşdırıcı mexanizmdən səmərəli
şəkildə istifadə edir: “Bu da Azərbaycanın
dünya miqyasında əhəmiyyətli üstünlüklər
əldə etməsinə və mövqeyinin möhkəmlənməsinə
səbəb olur”.
Sadalananların
məntiqi nəticəsi kimi, Azərbaycanla əməkdaşlıq
dünya dövlətlərinin strateji prioritetləri
sırasında yer alır. Xarici ekspertlər, bir çox
ölkələrin rəsmiləri, o cümlədən
dünya mətbuatı ölkəmizin inkişafını
yüksək qiymətləndirir, əldə edilən nailiyyətləri,
həmçinin Azərbaycanla əməkdaşlığı
təqdirəlayiq hal kimi xarakterizə edirlər.
“Gallup
İnternational” müstəqil Tədqiqatlar Agentlikləri
Assosiasiyasının 2014-cü ildə əhali arasında
keçirdiyi sorğunun nəticəsinə görə
dünya xoşbəxtlik reytinqində Azərbaycan 4-cü yerdə
qərarlaşıb. Bu o deməkdir ki, getdikcə müasirləşən
və daha yüksək rifaha nail olan Azərbaycan vətəndaşı
öz taleyindən, dövlətindən, həyatından
razıdır və gələcəyə nikbin baxır.
Səmərəli
xarici siyasət kursuna malik olan, qlobal miqyasda etibarlı tərəfdaş
kimi tanınan Azərbaycan həm də beynəlxalq dialoq və
əməkdaşlıq məkanıdır. Ölkəmizdə
ən mötəbər beynəlxalq tədbirlərin
keçirilməsi, qlobal əhəmiyyətli taleyüklü
məsələlərin aktiv müzakirəyə
çıxarılması və digər bu kimi nümunələr,
eyni zamanda, Bakının mədəniyyətlərarası
dialoqun paytaxtına çevrilməsini göstərir. ATƏT
Pa-nın 23-cü yay sessiyasının Bakıda keçirilməsi,
2015-ci il Avropa Yay Oyunlarının məhz Azərbaycana etibar
edilməsi, NATO, İslam Əməkdaşlıq Təşkilatının
və digər nüfuzlu beynəlxalq və regional
qurumların qlobal əhəmiyyətli tədbirlərinin
ölkəmizdə təşkil olunması, daha geniş mənada,
dünya ictimaiyyətinin Azərbaycana qarşı münasibətinin
müsbət istiqamətdə dəyişməsi ölkəmizin demokratik və
tolerant obrazına, həm də çoxşaxəli
imkanlarına verilən dəyərdir. Dünyada gedən
qlobal böhrana baxmayaraq, bu gün Azərbaycan xarici investorlar
üçün cəlbedici ölkəyə
çevrilmişdir. Azərbaycanda
həyata keçirilən iqtisadi islahatlar xarici mühitdən
gələn risklərə və
çağırışlara adekvat cavab verməyə imkan
yaradır. Ölkənin beynəlxalq reytinqləri və
nüfuzu daha da möhkəmlənir. Dünyanın ən
mötəbər iqtisadi qurumu olan Davos forumu rəqabət
qabiliyyətinə görə Azərbaycanı 144 ölkə
arasında 38-ci yerə layiq görüb. Makroiqtisadi stabillik səviyyəsinə görə
isə ölkəmiz bu reytinqdə birinci onluqdadır.
Yeri
gəlmişkən, daxili və xarici siyasətin kompleks
uğurları fonunda Azərbaycanın pozitiv beynəlxalq
imicinə təsir edən amillərdən biri də ölkənin
tolerantlıq nümunəsi kimi çıxış etməsidir.
Azərbaycan bu mənada dünyaya yeni model bəxş edib.
Dünyada “sivilizasiyaların toqquşması” prosesinin cərəyan
etdiyi, müxtəlif ölkələrdə cəmiyyətdaxili
qarşıdurmalar nəticəsində dini, etnik zəmində
konfliktlərin yaşandığı bir zamanda Azərbaycan
sabit və tolerant mühiti ilə diqqət çəkir.
Ölkəmiz tarixən mədəniyyətlərin
inteqrasiyası və tolerantlıq təcrübəsinə
malik olan bir ölkədir. Bu kontekstdə böyük əhəmiyyət
kəsb edən digər məqam multikulturalizmin Azərbaycanda
həyat tərzi olmasıdır. Ölkəmizdə bu məsələ
xüsusi aktuallıq kəsb edir, çünki Azərbaycan
modeli və təcrübəsi multikulturalizmin təbliği
üçün müsbət nümunə qismində
çıxış edir. Azərbaycan müxtəlif
xalqların nümayəndələrinin yanaşı, sülh
və təhlükəsizlik şəraitində
yaşadığı ideal və arzuolunan məmləkət
kimi dəyərləndirilməkdədir. Amerikada nəşr
olunan “The Hill” qəzetində dərc olunan “Azərbaycan
tolerantlıq və multikulturalizm ölkəsidir” sərlövhəli
məqalədə ölkəmizin sivilizasiyalararası dialoqun
inkişafında oynadığı rol, dünyaya təqdim
etdiyi dəyərlər yüksək qiymətləndirilir.
Müəllif diqqətə çatdırır ki, Azərbaycan
həm də müxtəlif dinlərin, müxtəlif etnik
qrupların nümayəndələri üçün vətəndir.
Dörd ildir ölkəmizdə keçirilən Bakı Beynəlxalq
Humanitar Forumu onu göstərir ki, Azərbaycan mədəniyyətlərarası
dialoqun mərkəzi, həmçinin humanitar məsələlərin
müzakirə olunduğu məkan
kimi öz rolunu və əhəmiyyətini təsdiq
etmişdir. Belə tədbirlər sayəsində Bakı
artıq beynəlxalq mədəni-humanitar dialoq və əməkdaşlıq
üçün bir növ “intellektual Davos”a çevrilib.
Prezident İlham Əliyev “Biz hesab edirik ki, multikulturalizmin
müasir dünyada alternativi yoxdur” söyləməklə ona
ən düzgün qiyməti vermişdir.
Ölkəmiz
həm özünün milli maraqlarına müvafiq olaraq Qərbə,
yaxud Avroatlantik strukturlara uğurla inteqrasiya edir, həm də
Şərq ölkələri ilə çoxşaxəli əməkdaşlıq
əlaqələrini davamlı surətdə inkişaf etdirir.
Məlum olduğu kimi, Azərbaycanın xarici siyasət
kursunda Avroatlantik qurumlarla əlaqələr və Qərb
dövlətləri ilə ikitərəfli əməkdaşlıq
münasibətləri xüsusi çəkiyə malikdir. Azərbaycanın
demokratik dövlət quruculuğu siyasəti Qərbə
inteqrasiyanı mümkün edən başlıca amildir.
Ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi,
azad bazar iqtisadiyyatına malik olması, xarici investorların fəaliyyətinə
geniş şərait yaratması, beynəlxalq siyasi
nüfuzunun güclənməsi region dövlətlərini
respublikamızla əməkdaşlığa cəlb
olunmasını şərtləndirir. Bu gün Qərb ölkələrinin
müsbət beynəlxalq imicə malik Azərbaycanla əməkdaşlığa
olan meyli, eləcə də, ölkəmizin milli, siyasi və
iqtisadi maraqları zəminində respublikamızın Avropa məkanına
inteqrasiyası daha sürətlə inkişaf etməkdədir.
Paralel
olaraq, Azərbaycanla Şərq ölkələri
arasındakı əlaqələr də dinamik inkişaf
tempinə malikdir. Bu, bütün sahələri - iqtisadi,
siyasi, mədəni, humanitar və s. istiqamətləri əhatə
edir. Belə ki, Azərbaycan müsəlman ölkələrinin
təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatında
təmsil olunur, eyni zamanda, digər Şərq ölkələri
ilə də ikitərəfli və çoxtərəfli
formatda mövcud olan qarşılıqlı-faydalı əlaqələr
davamlı olaraq daha da möhkəmləndirilir. Azərbaycanla
müsəlman ölkələri daim beynəlxalq arenada
qarşılıqlı surətdə bir-birlərinin mənafe
və mövqelərini müdafiə edirlər. Qısası,
Azərbaycanın praqmatik mövqeyinin fonunda Şərq
ölkələri ölkəmizi etibarlı tərəfdaş
və sıx münasibətlərə malik müttəfiq
kimi qiymətləndirirlər.
Göründüyü
kimi, Azərbaycanın xarici siyasəti çoxşaxəlidir,
müəyyən olunmuş proritetlər bir çox istiqamətləri
ehtiva edir. Amma bu məsələlər kontekstində xarici
siyasət kursunda strateji prioritet kimi müəyyən
olunmuş əsas vəzifə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ düyününün
açılmasıdır. Bu məqsədlə, Azərbaycan
beynəlxalq təşkilatlardakı mövqeyindən və
ikitərəfli əlaqələrindən uğurla istifadə
edir. Bunların məntiqi nəticəsi kimi, beynəlxalq
miqyasda Azərbaycan ərazilərinin işğaldan azad edilməsini
tələb edən, Ermənistanı təcavüzkar dövlət
kimi tanıyan çoxsaylı qətnamələr qəbul
edilib, eyni zamanda, ermənilərin xalqımızın
başına gətirdiyi faciələr kəskin qınaq
obyektinə çevrilib. Son
dövrlər Ukraynada cərəyan edən hadisələrdən
dolayı beynəlxalq ictimaiyyət sanki qəflət yuxusundan
ayılaraq separatizmin bəşəriyyət üçün
necə ağır nəticələr verə biləcəyinin
fərqinə varmağa başlamışdır. Bu tendensiya
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli
üçün yeni perspektivlər açır. Təsadüfi
deyil ki, indi beynəlxalq
görüşlərdə dövlət
başçılarının ritorikasında bununla
bağlı səslənən fikirlərdə müəyyən
müsbət korrektələr hiss olunur, Azərbaycanın haqq
işi daha konkret olaraq dəstəklənir. Bu ilin əvvəllərində Prezident İlham Əliyevin
Almaniyaya, Bolqarıstana və Vatikana səfərinin nəticələri
buna əyani sübutdur. Xocalı soyqırımının
getdikcə daha çox ölkə tərəfindən
tanınması isə eyni zamanda Ermənistanın qondarma
“genosid” həşirinə cavab olaraq, xüsusilə Azərbaycanı,
mədəniyyətimizi və incəsənətimizi dünyaya yorulmadan, uğurla
tanıtmaqda davam edən Heydər Əliyev Fondunun fəaliyyətinə
birbaşa bağlıdır.
Bütün
bunlarla yanaşı, o da istisna edilmir ki, diplomatik vasitələrin
səmərə vermədiyi son məqamda beynəlxalq
hüquq normalarına uyğun olaraq, Azərbaycan öz ərazi
bütövlüyünü və təhlükəsizliyini təmin
etmək üçün hərbi metoda əl atacaq. Belə
ki, bir çox hallarda bəzi beynəlxalq qurumlar, hegemon
güc mərkəzləri - böyük dövlətlər
bu məsələ ilə bağlı ikili standartlar əsasında
çıxış edir, ədalətsiz və qeyri-obyektiv
münasibət göstərirlər. Amma bütün hallarda,
Azərbaycan öz ərazi bütövlüyünü təmin
etmək əzmi və iqtidarındadır.
İkili
standartlar kontekstində diqqət yetirilməsi vacib olan digər
bir məqam da vardır. Qeyd olunduğu kimi, regionda,
bütövlükdə, Avrasiya geosiyasi məkanında baş
verən son mürəkkəb geosiyasi hadisələrin nəticələri
bir daha göstərdi ki, həyata keçirilən
balanslaşdırılmış siyasət Azərbaycanın
müstəqil xarici siyasət kursunun əsasını təşkil
etməklə yanaşı, ölkəmizin beynəlxalq
münasibətlərdə uğurla təmsil olunmasını
təmin edir. Azərbaycan öz xarici siyasətini, ikitərəfli
və çoxtərəfli əlaqələrini sırf beynəlxalq
hüquq normaları əsasında davam etdirir. Bunun
müqabilində əldə edilən nailiyyətlər Azərbaycanın
beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa
əsaslanan tərəfdaşlıq münasibətlərinin
inkişafına təkan verir, eyni zamanda, perspektiv nailiyyətlər
üçün strateji zəmin rolunu oynayır. Amma məhdud
geosiyasi maraqlar və ikili standartlar əsasında
çıxış edən bəzi dairələr Azərbaycanın
müstəqil xarici siyasətini narahatlıqla
qarşılayır, bu kontekstdə öz korporativ mənafeləri
naminə ölkəmizin daxili və xarici siyasət kursuna
müdaxilə etməyə çalışırlar. Azərbaycan
dövlətinin milli - suveren siyasi iradəsi onu tələb
edir ki, ikitərəfli münasibətlər sırf
qarşılıqlı hörmət əsasında davam və
inkişaf etdirilsin, milli maraqlar əsas strateji prinsip kimi qəbul
edilsin. Ona görə də son zamanlar Azərbaycanın siyasi
rəhbərliyinin sərgilədiyi yeni taktiki gedişlər,
başqa sözlə, Qərbin ikili standartlarına cavab olaraq
ortaya qoyduğu və sağlam məntiqə söykənən
daha kəskin tənqidi mövqe getdikcə öz bəhrəsini
verməkdədir. Bu, prezident İlham Əliyevin son zamanlar
xarici səfərlərinin, dünyanın aparıcı
dövlətlərinin başçıları ilə
keçirdiyi görüşlərin ruhunda da öz əksini
tapır. ABŞ, Almaniya, Fransa, Rusiya və digər dünya nəhənglərinin tanınmış siyasi
texnoloqları artıq Azərbaycan reallıqları ilə
hesablaşmağın, onun beynəlxalq aləmdə
nüfuzunun tanınmasının zəruriliyini qeyd edirlər.
Maraqlıdır ki, ölkə daxilində hətta radikal
müxalifət nümayəndələri də bu siyasətin
uğurlarını etiraf etməyə başlamışlar.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev “İkili standartların dünya nizamı və
müasir Azərbaycan” adlı məqaləsində qeyd edir ki,
bugünkü Azərbaycan sürətlə inkişaf edən,
Qafqazda regional gündəliyi formalaşdıran dövlətdir:
“Bizimlə beynəlxalq hüquq normalarına uyğun
münasibətlər qurmağa meyil edən ölkələr
və beynəlxalq münasibətlər sisteminin digər
iştirakçıları Azərbaycanda həmişə
hörmət və dəstək görəcəklər. Bizim
dövlət beynəlxalq münasibətlərdə nəsihətçi
tonunu, xüsusən ”müəllimlər" öz dövlətlərindəki
ciddi problemlərə göz yumanda, qəbul etmir. Biz bəyanatları
və sözləri ilə əməlləri üst-üstə
düşən ölkələrə həmişə
hörmət göstərmişik. Dildə bir söz deyən,
əməllərində isə Azərbaycana tamam başqa
münasibət nümayiş etdirən dövlətlər
bizim etimadımızı qazana bilməzlər".
Azərbaycanın
müstəqil və səmərəli xarici siyasətinin
fonunda digər bir strateji əhəmiyyətli
məqama toxunmaq vacibdir. Bu, ondan ibarətdir ki, bütün bu
uğurların altında xalqın partiyasına
çevrilmiş, 600 mindən artıq üzvü olan Azərbaycanın
müstəqilliyinin və dövlətçiliyinin ideoloji
sütununu təşkil edən və demokratik dəyərləri
və xalqın rifahını əsas hədəf
seçmiş Yeni Azərbaycan Partiyasının imzası
vardır. Azərbaycanın milli və dövlətçilik
maraqları əsasında fəaliyyət göstərən
YAP-ın çoxşaxəli beynəlxalq əlaqələri
də dövlətimizin xarici siyasətinin səmərəliliyinə
fundamental töhfələr verir. Partiyanın beynəlxalq əlaqələri
mütəmadi olaraq genişlənir və birmənalı
şəkildə dövlətin milli maraqlarına xidmət
edir. Partiyamız həm Avropanın, həm də
Asiyanın müxtəlif siyasi
təşkilatları ilə geniş əməkdaşlıq
münasibətlərinə malikdir. Mərkəzçi Beynəlxalq
Demokratlar Təşkilatı, Avropa Xalqları Partiyası ilə
geniş əlaqələrə malik olan Yeni Azərbaycan
Partiyası həm də Asiya Siyasi Partiyalarının Beynəlxalq
Konfransı (İCAPP) çərçivəsində səmərəli
fəaliyyət göstərir. Bundan başqa, YAP-ın təşəbbüsü
və təşkilatçılığı ilə ölkəmizdə
müxtəlif konfrans və forumların keçirilməsi,
partiyanın nümayəndələrinin Avropa təşkilatlarının
müxtəlif forumlarında uğurla təmsil olunması kimi
amillər də çoxşaxəli əməkdaşlıq əlaqələrinin
inkişafına mühüm töhfələr verir.
Beləliklə,
ümummilli lider Heydər Əliyevin əsasını
qoyduğu və Prezident İlham Əliyev tərəfindən
müasir dövrün tələbləri və
reallıqlarına uyğun olaraq uğurla davam etdirilən
praqmatik xarici siyasət kursu Azərbaycan Respublikasının
milli dövlət kimi müasir beynəlxalq münasibətlər
sistemində gücünü və nüfuzunu artıran
mexanizm qismində çıxış etməkdədir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan
öz gücünə arxayın olan, bütün tərəfdaşlar
ilə münasibətləri qarşılıqlı hörmət
və ehtiram prinsipləri əsasında qurmağa
çalışan, dinamik inkişaf edən gənc və eyni
zamanda təcrübəli bir regional amildir. Bir sözlə,
müstəqil xarici siyasət kursu, mötəbər beynəlxalq
qurumlarda uğurlu təmsilçilik Azərbaycanın regional
güc mərkəzi kimi nüfuzunu gücləndirmiş və
sarsılmaz mövqeyini təmin etmişdir.
Bahar MURADOVA,
Milli Məclis sədrinin müavini,
YAP İdarə Heyətinin
üzvü
Xalq qəzeti.-
2015.- 9 may.- S.4.