Azərbaycan Respublikasının müasir dünyadakı
vəziyyəti və geosiyasi
mövqeyi
Avrasiyanın müasir geosiyasi
xarakteristikasını və region ölkələrinin
inkişaf perspektivlərini qiymətləndirən ekspertlər:
- əlverişli coğrafi,
geosiyasi, geoiqtisadi, hərbi-geostrateji
mövqelərini;
- yürütdüyü
müstəqil daxili və xarici
siyasətini;
- zəngin təbii
ehtiyatlarını, maddi, mənəvi, əmək
və insan resurslarını,
- Şərq-Qərb alternativ
nəqliyyat-kommunikasiya, tranzit və enerji dəhlizlərinin yaradılması sahəsində
yürütdüyü transmilli
siyasəti və tutduğu düzgün mövqeyini;
- daxili ictimai-siyasi sabitliyi təmin
etməsi, demokratik dövlət, vətəndaş
cəmiyyəti, bazar iqtisadiyyatı quruculuğu prinsiplərini rəhbər
tutmasını;
- son
on ildə nail olduğu dinamik sosial-iqtisadi inkişafı və gələcək
inkişaf potensialını nəzərə alaraq Azərbaycan
Respublikasını bölgənin geosiyasi
cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab
edirlər. Geosiyasi xarakteristikanın əsas dəyər
ölçüləri kimi
çıxış edən bu amillər
həm ölkənin dinamik
inkişafını, beynəlxalq aləmdəki yeri və rolunu, həm də
ikitərəfli və çoxtərəfli tərəfdaşlıq
dəyərini şərtləndirir.
Başqa geosiyasi əlamətlərinə - ərazisinin ölçülərinə, sərhədlərinin vəziyyəti və qonşularla münasibətinə, maddi və mənəvi resurslardan yararlanma əmsalı və s. görə də Azərbaycan Cənubi Qafqazın ən böyük və ən perspektivli dövləti hesab olunur.
Azərbaycanın təbii və coğrafi resurslarına onun: 86,6 min kvadrat kilometr quru və 80 min kvadratkilometr Xəzər dənizindəki milli sektoru; Avropa və Asiyanı birləşdirən əlverişli coğrafi, geosiyasi və geoiqtisadi mövqeyi; avtomobil, dəmir yolu və su nəqliyyatı vasitəsilə Rusiya, Türkiyə, İran, Gürcüstan, Ermənistan, Orta Asiya və Qara dəniz bölgəsi ölkələri ilə nəqliyyat-kommunikasiya imkanları və s. daxildir.
Azərbaycanın geosiyasi dəyərinin artmasına və xarici ölkələrlə münasibətlərinə müsbət təsir göstərən əsas amillərdən biri də onun əhəmiyyətli geosiyasi və coğrafi məkanda yerləşməsi hesab olunur. Ölkə dünyanın ən əhəmiyyətli məkanı hesab olunan Avrasiyanın mərkəzində yerləşir, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda gedən əsas proseslərin və transmilli maraqların təməlində dayanır. Azərbaycan Gürcüstanla birlikdə Xəzər və Qara dənizləri arasındakı mühüm əhəmiyyətli kontinental geosiyasi məkanının; Türkmənistan və Qazaxıstanla birlikdə Avropa-Cənub-Şərqi Asiyanın; Rusiya və İranla birlikdə Şimal-Cənub dəhlizinin; Şərqlə-Qərb arasındakı əksər transmilli nəqliyyat-kommunikasiya layihələrinin; NATO və KTMT kimi hərbi-strateji blokların təmas xəttində yerləşərək, həm Avropanın, həm Asiyanın, həm də Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın regional maraqlar mübarizəsində önəmli vəsilə kimi çıxış edir.
Xəzərətrafı ölkələr içərisində ən əhəmiyyətli geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqe də məhz Azərbaycana məxsusdur.
Geoiqtisadi dəyərinə görə Prezident Heydər Əliyevin 1994-cü ildə əsasını qoyduğu yeni neft strategiyası və transmilli enerji-nəqliyyat-kommunikasiya layihələrin həyata keçirilməsi Azərbaycanı dünyanın aparıcı dövlətləri və şirkətləri üçün cəlbedici tərəfdaşa çevirmişdir. Onun əsas dəyəri həm də yalnız neft-qaz sektoru ilə məhdudlaşmamış, keçən illərdə yürüdülən düzgün iqtisadi inkişaf strategiyası ölkəni ümumilikdə Avrasiyanın dinamik inkişaf edən ölkəsinə, iqtisadi, sosial-siyasi və mənəvi mərkəzinə çevirmişdir.
Azərbaycan həm də hövzənin neft-qaz resurslarından istifadənin düzgün strategiyasını müəyyənləşdirməklə, beynəlxalq aləmin daim artan enerji ehtiyacı ilə ölkənin milli maraqlarını uzlaşdırmış və bu əsasda etibarlı tərəfdaş imici qazanmış, milli iqtisadi və maliyyə dividendlərini gücləndirməklə özünün beynəlxalq dəyərini artırmışdır. Bu amilə təkcə təbii resurs mənbəyi və geoiqtisadi anlamda yanaşmaq düzgün olmazdı. Ölkənin bəhs olunan üstünlüklərindən, xüsusən də neft və qaz amilindən bacarıqla istifadə etməklə, müasir dünyanın aparıcı dövlətləri və güc mərkəzlərinin diqqətini digər milli problemlərinə cəlb etməsi Azərbaycanın müasir dövrdə əsas milli geosiyasi vəzifələrindən biri hesab olunur. Bu üstünlüyün və imicin qorunması və düzgün istifadə olunması gələcəkdə də ölkənin geosiyasi addımlarının və vəzifələrinin əsas müvəffəqiyyətini təşkil etməlidir.
Hazırda Azərbaycan Xəzər dənizinin digər sahilində yerləşən Qazaxıstan və Türkmənistanla birlikdə üçüncü minillikdə Avropanın artan enerji tələbatının ödənilməsi və dünyada enerji təhlükəsizliyinin təminatı sahəsində “ən əlverişli və ümidverici alternativ tərəfdaş” hesab olunur.
Dünyanın alternativ enerji mənbəyi hesab olunan Xəzər regionunda neft-qaz istehsalı ilə bağlı əsas risklərdən biri hasil olunan məhsulun dünya bazarlarına təhlükəsiz və sərbəst marşrutlarla çıxarılması ilə bağlıdır. Bu anlamda Azərbaycan özünün və tərəfdaşlarının hasil etdiyi neft-qaz məhsullarının xarici bazarlara çıxarılması, ixrac marşrutlarının şaxələndirilməsi məsələsində Xəzər ölkələri içərisində həm Qazaxıstandan, həm də Türkmənistandan daha əlverişli vəziyyətdədir. Onlarla müqayisədə Azərbaycanın enerji ixracı riskləri çox aşağı səviyyədədir. 1994-cü ildə- “Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycan bölgənin karbohidrogen ehtiyatlarının alternativ yolla Avropaya nəqli marşrutunu müəyyənləşdirərək, planetar əhəmiyyətli, eyni zamanda çox məsuliyyətli və uzaqğörən strateji seçim etdi. Nəticədə Xəzərin neft və qaz ehtiyatlarının alternativ və müstəqil yolla Avropaya ixracının yeni marşrutu dövriyyəyə buraxıldı. Bu marşrut ilə yeni neft və qaz ixracı kəmərlərinin çəkilməsi növbəti bir amil olaraq Azərbaycanın regionda geosiyasi, geoiqtisadi nüfuzunu və tranzit dəyərini artırdı, Xəzər hövzəsinin, Mərkəzi Asiyanın enerji resurslarının Qərbə nəqli istiqamətində əsas tranzit ölkələrdən birinə - yeni transmilli yanacaq və nəqliyyat dəhlizlərinin dayağına çevirdi.
Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına ixracını nəzərdə tutan layihələrin reallaşması heç də asan başa gəlmədi, müxtəlif beynəlxalq, regional və yerli geosiyasi maraqların toqquşması ilə müşahidə olundu. Lakin Azərbaycanın tam müstəqil geosiyasi, geoiqtisadi və təhlükəsizlik siyasəti, prinsipial və qətiyyətli mövqeyi Asiya ilə Avropanı birləşdirən böyük enerji-nəqliyyat layihələrinin həyata keçirilməsini mümkün etdi. Hazırda, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk kimi illik gücü təxminən 70 milyon ton təşkil edən üç neft kəməri, Bakı-Tbilisi-Ərzurum, Bakı-Astara-İran və Bakı-Rusiya kimi illik gücü təxminən 30-40 milyard kubmetr olan maye qaz kəmərlərinin mövcudluğu Azərbaycanın və tərəfdaşlarının enerji ixracı sahəsindəki geoiqtisadi risklərini, demək olar ki, sıfıra endirmişdir.
Xəzər qazının alternativ yollarla Avropa ölkələrinə ixrac olunması təkcə Azərbaycanın deyil, bütöv Xəzər hövzəsi ölkələrinin qaz ixracı ilə bağlı risklərini ciddi şəkildə azaltmış və geoiqtisadi etibarlılığını artırmışdır. Buna əlavə olaraq transmilli Cənub qaz dəhlizinin və “Şahdəniz 2" layihəsinin reallaşdırılması istiqamətində yeni ixrac kəmərləri- TANAP və TAP vasitəsilə Azərbaycan qazının Avropa bazarına çıxarılması perspektivi bu etibarlılığı daha da möhkəmləndirmişdir.
Azərbaycan geosiyasi və geoiqtisadi baxımdan həm də Avrasiyanın giriş qapısı, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizlərinin mərkəzi dövləti hesab olunur. Rusiyadan yan keçməklə Avropa və Asiya ölkələri arasında bağlayıcı körpü rolunu icra edən Trans-Qafqaz nəqliyyat dəhlizi (TRASEKA), strateji Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin təşəbbüskarı, hərəkətverici qüvvəsi və əsas təminatçısı da məhz Azərbaycandır. Bundan başqa, Trans-Asiya nəqliyyat dəhlizində (Cənubi, Şərqi və Orta Asiya-İran-Azərbaycan-Rusiya və əksinə, İranın Fars körfəzi vasitəsilə bu ölkələri Avropa ilə birləşdirən nəqliyyat-kommunikasiya layihəsi - Ə.H.) əsas bağlayıcı ölkələrdən biri kimi çıxış etməsi Azərbaycanın mühüm tranzit əhəmiyyətini bir daha təsdiq edir. Dünyanın nəqliyyat-kommunikasiya əlaqələrində həlledici bir vəsiləyə çevrilməsi Azərbaycanın son bir neçə ildə həm daxili, həm də regional və beynəlxalq yol-nəqliyyat infrastrukturunlarının, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərinin müasir tələblərə uyğun yenidən qurulmasına təkan vermişdir.
Görülən bütün işlərin başlıca məqsədi Azərbaycanın regionun tranzit mərkəzi statusunu möhkəmlətməklə, həm də onun regionun nəqliyyat-logistika mərkəzinə çevrilməsini təmin etməkdir. Bu isə onu deməyə əsas verir ki, Almaniya, Niderland, Böyük Britaniya, Çin, Cənubi Koreya, İran və digər ölkələrdə olduğu kimi, Azərbaycanda da Nəqliyyat Logistika Mərkəzinin yaradılacağı gün heç də uzaqda deyil.
Beləliklə, Avrasiyanın əsas tranzit ölkələrindən biri olaraq, Azərbaycan Şərq-Qərb ticarət, enerji-yanacaq və nəqliyyat-kommunikasiya əlaqələrinin mərkəzində dayanır. Bu mövqe getdikcə güclənir və ən əsası isə dünyanın əsas qloballaşma və regional inteqrasiya mərkəzləri (Avropa Birliyi, ABŞ, Yaponiya, Çin, Cənub-Şərqi Asiya ölkələri və b.) Azərbaycanın üçüncü minillikdə dünyanın həm alternativ enerji təminatçısı, həm də əsas tranzit ölkə kimi qəbul edir. Azərbaycanın tranzit imkanları artdıqca, planetar geosiyasi dəyəri də yüksəlir ki, bu da onun xarici ölkələrlə geosiyasi tərəfdaşlığını şərtləndirən əsas amillərdən biri hesab olunur.
Azərbaycanın qlobal və regional geosiyasi çəkisini artıran başlıca amillərdən biri də onun müstəqil bir dövlət olaraq tam formalaşması, özünü təmin edən milli iqtisadiyyata, maddi, mənəvi və insan resurslarına, milli-vətəndaş birliyinə, əhali tərəfindən dəstəklənən milli strategiyaya, güclü ordu və müdafiə potensialına və s. zəruri təsisatlara malik olması və bütün bunlara söykənərək müstəqil daxili və xarici siyasət yürütməsidir. Müstəqillik əldə edildikdən sonrakı dövrdə milli dövlətin iqtisadi, hüquqi və ideoloji əsaslarının, idarəçilik mexanizminin, daxili və xarici siyasət strategiyasının, təhlükəsizlik konsepsiyasının formalaşdırılması və həyata keçirilməsi prosesi çox çətin idi. Prezident Heydər Əliyevin şəxsi nüfuzu, siyasi uzaqgörənliyi, böyük idarəçilik təcrübəsi sayəsində 1993-2003-cü illəri əhatə edən birinci on il ərzində bütün milli resursları vahid məqsəd uğrunda səfərbər etmək, Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq, onu sabit inkişaf yoluna çıxarmaq və milli iradəyə əsaslanan müstəqil subyekt kimi beynəlxalq aləmlə sıx inteqrasiyasını təmin etmək mümkün olmuşdur. Nəticədə, dövlət həm özünün neft strategiyasını uğurla reallaşdırmış, həm də gələcək inkişafının möhkəm bazasını yaratmışdır.
2003-2013-cü illəri əhatə edən ikinci onillikdə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi sayəsində oturuşmuş liberal iqtisadiyyata və böyük maliyyə resurslarına, güclü orduya malik, özünü tam təmin edən, heç kimdən asılı olmayan, sözünü cəsarətlə deyən, mövqeyinə və rəyinə hörmətlə yanaşılan və milli maraqlara söykənən müstəqil siyasət yürüdən ölkəyə çevrilmişdir. Bu gün Azərbaycan ciddi geosiyasi amil kimi postsovet məkanının, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın müasir geosiyasi, geoiqtisadi və hərbi-geostrateji xarakteristikasının müəyyənləşdirilməsinə mühüm təsir göstərir, habelə BMT, ATƏT, Avropa Şurası, İKT, Qoşulmama Hərəkatının fəal üzvü olaraq, dünyanın güc mərkəzləri ilə yaxından əməkdaşlıq edərək qlobal siyasətdə öz imkanlarını getdikcə genişləndirir.
Azərbaycan Cənubi Qafqazda iqtisadi potensialına görə də xarici aləmin diqqətini çəkir. Hazırda dünyada Azərbaycanın mövcud və perspektiv geoiqtisadi potensialı - iqtisadi inkişaf tempi, maddi və insan resursları, bu sahələrdə yürütdüyü praqmatik siyasət yüksək qiymətləndirilir. Zəngin təbii, xüsusən, enerji və karbohidrogen ehtiyatlarına, əlverişli iqlim və münbit torpağa, turizm imkanlarına, kənd təsərrüfatı və sənaye infrastrukturlarına və işlək əhaliyə malik olması ölkənin iqtisadi perspektivlərini xüsusi cəlbedici edir.
Hazırda ölkənin təsdiq olunmuş karbohidrogen
ehtiyatları 4.6, ehtimal olunan
isə 10 milyard ton
şərti yanacaq təşkil edir. Bunun
2 milyard tonunu neft, 2,6 trilyon kubmetri isə təbii qaz təşkil
edir.
Müstəqillik illərində neft sektoruna 48 milyarddan çox ABŞ dolları
miqdarında xarici sərmayə qoyulmuş, 61 yeni neft
yatağı istismara verilmiş və yaxud yararlı vəziyyətə
gətirilmışdir.
Hələ 2000-ci ilin əvvəllərində
mütəxəssislər 2010-cu ildən etibarən Azərbaycanın
Xəzərdə ildə təxminən 55 milyon ton neft və
20 milyard kubmetr qaz çıxarmaq imkanı olduğunu proqnozlaşdırırdılar.
Proqnozlara görə, XXI əsrdə Azərbaycan
dünyanın enerji məhsullarına artan tələbatının
nəzərəçarpacaq hissəsini (ildə təxminən
40-50 milyon ton neft və 25-30 milyard kubmetr qaz) verəcəkdir. Artıq 2006-cı ildə neft və qaz hasilatının həcmi bu proqnozların əsassız
olmadığını təsdiq etdi. Dövlət Neft
Şirkətinin rəsmi məlumatına əsasən,
keçən illər üzrə Azərbaycanın neft və
qaz hasilatı artan templə davam etmişdir. 2013-cü ildə
ölkədə 53 milyon tondan artıq neft, 29 milyard kubmetrdən
artıq təbii qaz istehsal edilmişdir.
Neft və qaz istehsalı üzrə
həyata keçirilən transmilli layihələrə
yaradılan şəraitə görə, xarici partnyorlar
bölgə ölkələri içərisində ən
çox Azərbaycan və Qazaxıstandan razıdırlar və
bu ölkələrin iqtisadi gələcəyinə də
çox nikbin yanaşırlar. Hazırda Qərb ölkələri
və ABŞ Azərbaycanı özlərinin enerji sahəsində
ən sabit və etibarlı tərəfdaşlarından biri
kimi dəyərləndirərək,
ona dünya enerji bazarına çıxmaq
üçün lazım olan bütün dəstəyi
göstərirlər. Bütün bunlar Azərbaycanın
dünyada və regionda transmilli geoiqtisadi dəyərini
artırır və əlverişli tərəfdaşa
çevirir.
Azərbaycanın müstəqillik illərində
davamlı olaraq müşahidə olunan
sürətli sosial-iqtisadi inkişafı faktı da, mütəxəssislərin
fikrinə görə, Cənubi Qafqaz ölkələri
içərisində onun geoiqtisadi çəkisini getdikcə
əhəmiyyətli dərəcədə yüksəldir. 1996-cı ildən
başlayaraq Azərbaycanda ümumi daxili məhsul
istehsalının orta hesabla hər il 10 faizdən yuxarı
artımı, inflyasiyanın nisbətən sabit saxlanması, əhalinin
pul gəlirlərinin və yaşayış həddinin getdikcə
yüksəlməsi, istehsalda qeyri-neft sektorunun və özəl
sahənin payının artması, idxal-ixrac balansında ixracın
üstünlüyünün təmin edilməsi və s. həyata
keçirilən iqtisadi siyasətin səmərəli
olmasını bilavasitə təsdiq edir.
Müstəqillik illərində ölkə
iqtisadiyyatına yatırılmış sərmayələrin
ümumi həcmi 2013-cü ildə 172,4
milyard dollara çatmış və 2007-ci ildən
başlayaraq daxili sərmayələrin həcmi xarici sərmayələrin
həcmini üstələməyə
başlamışdır.
2004-2013-cü illərdə Azərbaycanın inkişaf
strategiyası xüsusi düşünülmüş, hərtərəfli
əsaslandırılmış uzunmüddətli dövlət
proqramları əsasında həyata keçirilmişdir. Nəticədə iqtisadi inkişaf öz yüksək
tempini saxlamış və ÜDM artımı son 10 ildə
davamlı olaraq təmin edilmişdir. Azərbaycanın sosial-iqtisadi,
regional və ayrı-ayrı digər sahələrin
inkişafını nəzərdə tutan çoxsaylı
ünvanlı dövlət proqramları qəbul edilmiş və
uğurla həyata keçirilmişdir. Bunun nəticəsində
ölkə iqtisadiyyatı 10 ildə ümumilikdə 3,4 dəfə
artmış, yoxsulluğun səviyyəsi 49 faizdən 5,5, işsizlik isə 4,8 faizə
enmişdir ki, bu göstəriciyə
görə, Azərbaycan dünyanın bir sıra inkişaf
etmiş ölkələrini də geridə qoymuşdur.
Azərbaycanda müasir iqtisadi və sosial infrastruktur yaradılmış,
respublikanın enerji təhlükəsizliyi tam, ərzaq təhlükəsizliyi
isə əsasən təmin olunmuşdur. Son 10 ildə Azərbaycanın
dövlət büdcəsi 17 dəfə artaraq 25 milyard dollara
çatmışdır. 2003-cü ildə cəmi 800 milyon
dollar təşkil edən strateji valyuta ehtiyatları
2013-cü ildə 50 milyard dollara yüksəlmişdir. Bununla
yanaşı ölkənin xarici borclarının miqdarı
ÜDM-in cəmi 8%-i həcmindədir ki, bu da dünyada ən
yaxşı göstəricilərdən biri hesab olunur.
Keçən müddətdə əmək
haqları, pensiyalar, təqaüdlər
ardıcıl şəkildə artırılmış və
bu göstəriciyə görə, Azərbaycan MDB məkanında
öncül yerləri tutmuşdur.
Son 10 ildə minlərlə
istehsal obyekti, nəhəng zavod və fabriklər, texnoparklar
tikilmiş, 1,2 milyon yeni iş yeri
yaradılmışdır. 2500 məktəb, yüzlərlə
səhiyyə müəssisəsi, mədəniyyət, idman
obyektləri tikilmişdir.
İqtisadi inkişaf tempi Azərbaycanın
Cənubi Qafqazdakı lider mövqelərini daha da möhkəmləndirmişdir. Müqayisə
üçün qeyd edək ki, 2013-cü ildə Azərbaycanda
ÜDM istehsalı 71 milyard ABŞ dolları, müvafiq
olaraq Gürcüstanda 16,1
milyard dollar, Ermənistanda isə 10,4 milyard dollar təşkil
etmişdir. Azərbaycanın bu gün regiounun ÜDM
istehsalındakı payı 80%-i keçmişdir.
Dünyanın bir sıra nüfuzlu
iqtisadi və maliyyə mərkəzləri, nüfuzlu reytinq
agentlikləri Azərbaycanın yüksək inkişaf tempi
faktını qeyd etmişlər.
Hazırda Azərbaycan iqtisadi göstəricilərinə görə Rusiya,
Ukrayna, Qazaxıstan və Belarus kimi iri dövlətlərlə
birlikdə postsovet məkanının lider dövlətlərindən
biridir.
Bölgədəki neft istehsalına, transmilli nəqliyyat-tranzit
imkanlarına, xarici iqtisadi əlaqələrinin intensivliyinə,
enerji resursları ixracının şaxələndirilməsinə,
Qərbin Xəzərə hərbi-geostrateji
çıxışının təmin edilməsi və
hövzənin strateji hədəflərinə nəzarət
imkanı yaratmasına görə Azərbaycan bölgənin ən əhəmiyyətli
dövləti hesab olunur.
Müstəqilliyinin ilk illərində
Azərbaycanın milli iqtisadiyyatı
tamamilə xarici kapitaldan və neft sənayesindən
asılı idisə, son illərdə nisbət əsaslı
şəkildə dəyişmiş, iqtisadi, sosial, infrastruktur
və s. sahələrdə yerli kapital və qeyri-neft sektorunun
payı əhəmiyyətli dərəcədə yüksəlmişdir. Son illər ölkənin neft amilindən
və xarici kapitaldan asılılığı kəskin şəkildə
azalmış, iqtisadi inkişafın əsas yükü
qeyri-neft sektorunun üzərinə keçirilmiş, əsas
valyuta ehtiyatları bu sektorun yüksəlişinə istiqamətləndirilmişdir.
Bütün bunlar ölkənin iqtisadi gələcəyi ilə
bağlı əhalidə və mütəxəssislərdə
nikbin əhval-ruhiyyə yaratmışdır.
Azərbaycanda yürüdülən məqsədyönlü
siyasətin - neftdən gələn gəlirləri
iqtisadiyyatın şaxələndirilməsinə və
qeyri-neft sektorunun inkişafına yönəldilməsinin nəticəsi
olaraq ÜDM-in strukturunda bu sahənin payı sürətlə
artmışdır. Əgər 2010-cu ildə iqtisadiyyatda qeyri-neft sektorunun
payı 44,4 faiz təşkil edirdisə, 2014-cü ildə bu rəqəm
artıq 60 faizə yüksəlmişdir. Hökumətin
proqnozlarına əsasən, 2015-ci ildə qeyri-neft sektorunun
ÜDM-də payı 61,7 faizə çatacaqdır.
Azərbaycanın 2005-2013-cü illərdə strateji neft və qaz məhsullarının
satışından əldə edilən gəlirlər
hesabına ölkənin enerji, nəqliyyat, rabitə-informasiya
sektorunun tam yeniləşdirilməsi və bu sahələr
üzrə milli təhlükəsizliyin möhkəmləndirilməsi,
sosial və iqtisadi infrastrukturun yenidən qurulması,
iqtisadiyyatının liberallaşdırılması və
şaxələndirilməsi, qeyri-neft sektorunun
inkişafına önəm verilməsi, ekoloji
tarazlığın təmin edilməsi və s. hesab olunur.
2003-cü ildən başlayaraq
regionların sosial-iqtisadi inkişafı
dövlət proqramlarının qəbulu və icrası
respublikada yeni şərait yaratmış, bölgələrin
hərtərəfli tərəqqisinə səbəb
olmuş, mərkəzlə regionlar arasında sosial-iqtisadi fərqləri
əsasən aradan qaldırmış, yaşayış məntəqələrinin
simasını müasirləşdirmişdir. Respublikanın kommunal, yol-nəqliyyat,
sosial, informasiya-kommunikasiya, ekologiya və digər sahələrin
infrastrukturuna milyardlarla dollar investisiya qoyulmuşdur.
Müstəqillik illərində Azərbaycanın
kənd təsərrüfatı və ərzaq
istehsalı sisteminə əsaslı investisiya
yatırılmış, fermerlərə birbaşa dövlət
dəstəyi göstərilmiş və bu sahənin
inkişafına əsaslı təkan verilmişdir.
Göründüyü kimi, 2004-2013-cü illərdə
həyata keçirilmiş məqsədyönlü siyasət
nəticəsində ölkə iqtisadiyyatı şaxələndirilmiş
və iqtisadi balansda qeyri-neft sektorunun üstünlüyü təmin
edilmişdir.
Bununla yanaşı, qarşıdan gələn dövrdə də
iqtisadiyyatda enerji amili öz
aktuallığını saxlayacaq.
Mütəxəssislərin fikrinə görə, Xəzər
regionunun hazırkı regional hərbi-geostrateji balansı
Rusiyadan, geoiqtisadi və təbii enerji balansı Azərbaycan,
Qazaxıstan və Türkmənistandan, nəqliyyat-kommunikasiya
dəhlizləri Azərbaycan, Gürcüstan, Türkiyə və
Rusiyadan asılıdır.
Rusiya, İran, Orta Asiya ölkələri,
Azərbaycan, Türkiyə və Gürcüstanın, o
cümlədən Qərb
ölkələrinin iştirakı ilə formalaşan Xəzər
hövzəsinin geosiyasi, geoiqtisadi və hərbi-geostrateji
mühitinin gələcək taleyində Azərbaycanın
mövqeyi kifayət qədər yüksəkdir. Bu ölkənin
ayaq qoyduğu “geosiyasi tərəzi”nin gözü dərhal
regionun əsas ağırlıq mərkəzinə
çevrilir və regional münasibətlərin üstün
istiqamətini təşkil edir.
Azərbaycanın artan enerji ixracı
potensialını düzgün qiymətləndirən ABŞ
və Avropa İttifaqı 2007-ci ildən başlayaraq Avropaya
qaz ixracını nəzərdə tutan “Cənub dəhlizi”
layihəsini geniş müzakirəyə
çıxarmışdır. 2010-cu ildən başlayaraq Azərbaycan
“Cənub dəhlizi” layihəsi- Nabbuco ilə bağlı həyata
keçirilən müzakirələrin perspektivsizliyini görərək
təşəbbüsü öz əlinə almış və
növbəti dəfə
liderlik keyfiyyətlərini ortaya qoymuşdur. 2011-ci ildə
Azərbaycan ilə Avropa İttifaqı arasında strateji
enerji əməkdaşlığına dair memorandumun, 2012-ci
ildə Türkiyə ilə Trans-Anadolu layihəsi üzrə
sazişin imzalanması, 2013-cü ildə isə Trans-Adriatik
layihənin əsas ixrac marşrutu kimi seçilməsi “Cənub
dəhlizi”nə yeni nəfəs gətirdi. Nəticə
etibarilə 2013-cü il dekabrın 17-də Bakıda “Şahdəniz-2"
layihəsinə dair yekun investisiya qərarı qəbul edildi.
Azərbaycan öz təşəbbüsü və praktiki
addımları ilə yeni transmilli enerji layihələrinin əsasını
qoydu, “Cənub dəhlizi” layihəsini xilas etdi, eyni zamanda
Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında daha fəal iştirak etmək imkanı
qazandı. Azərbaycanın
geosiyasi xarakteristikasının əsas göstəricilərindən
biri də onun zəngin insan
resurslarına malik olması ,ölkədaxili sabit daxili
ictimai-siyasi, milli-etnik və dini vəziyyətin hökm
sürməsi və dövlətin bütün bu sahələr
üzərindəki nəzarət imkanları ilə bağlıdır.
Azərbaycanın insan resursları
kəmiyyət və keyfiyyət baxımından digər
Cənubi Qafqaz ölkələri ilə müqayisədə
üstün və perspektivli görünür. Ölkənin
ümumi demoqrafik göstəriciləri
(əhalinin artım sürəti, gənclərin ümumi əhali
arasında sayı və s.) müsbət istiqamətdə
inkişaf edir. Əhalinin ümumi sayı hazırda 9 milyondan
artıqdır və artım
balansı getdikcə müsbətə doğru dəyişir.
Respublika üzrə hər kvadratkilometrə təxminən 96
nəfər sakin düşür.
Keyfiyyət göstəricilərinə görə
də ölkə əhalisi dünya standartlarına
yaxındır. Əhalinin yaşayış səviyyəsi, təhsili,
texniki və peşə hazırlığı,
sağlamlıq və yaş meyarları, miqrasiya, urbanizasya
göstəriciləri həm daxili inkişaf, həm də
qlobal iqtisadi əlaqələr baxımından mütəxəssislər
tərəfindən yetərli hesab olunur. Burada ən
mühüm meyarlardan biri kimi 2004-cü ildən başlayaraq əhalinin
yaşayış səviyyəsinin sürətlə yüksəlməsini,
adekvat olaraq yoxsulluğun
azalmasını göstərmək olar.
Tədqiqatçılar ictimai-siyasi və sosial-mənəvi resursların milli
maraqların təmin edilməsinə yönəldilməsi sahəsində
Cənubi Qafqaz ölkələri içərisində ən
balanslı geosiyasəti və effektli siyasi idarəçilik
sistemini də Azərbaycana aid edirlər. Onların fikrinə görə,
Azərbaycanın siyasi hakimiyyəti 1993-2013-cü illər
arasında ölkənin geosiyasi vəzifələri və
inkişaf ehtiyaclarına uyğun gələn fəaliyyət
konsepsiyası və strategiyası seçmiş, dövlətin
daxili və xarici siyasətinin prioritetlərini, istiqamət və
vəzifələrini düzgün müəyyənləşdirmiş,
səmərəli daxili və xarici fəaliyyət
nümayiş etdirmiş, ölkəni beynəlxalq, regional,
çoxtərəfli və ikitərəfli münasibətlər
sistemində layiqincə təmsil etmişdir.
Uğurlu
geosiyasi idarəçiliyin
nəticəsi olaraq ötən dövrdə
Azərbaycanın xarici aləmlə hərtərəfli
münasibətləri yaranmış, qarşılıqlı
maraqlara cavab verən çoxsaylı ortaq transmilli layihələr
həyata keçirilmiş, dünya siyasətinə təsir
gücü olan böyük dövlətlərlə, beynəlxalq
və regional qurumlarla tərəfdaşlıq münasibətləri
qurulmuş, ölkənin nüfuzlu xarici alyanslarda, hökumətlərarası
və qeyri-hökumət təşkilatlarında iştirakı təmin
edilmişdir.
Qloballaşmanın vüsət aldığı
yeni minillikdə Azərbaycan
dünyanın universal və
qlobal iqtisadi sisteminə müvəffəqiyyətlə
inteqrasiya olunur, Avropa İttifaqı, Ümumdünya Ticarət
Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı
və digər transmilli iqtisadi-maliyyə qurumları ilə hərtərəfli
əməkdaşlıq edir. Təsadüfi deyil ki, həmin
qurumların dəstəyi və təqdimatı ilə
postsovet ölkələri içərisində ən
çox xarici kapital da məhz Azərbaycan və
Qazaxıstan iqtisadiyyatına yatırılıb.
Hazırda adambaşına düşən xarici
investisiyaların miqdarına görə Azərbaycan nəinki
postsovet məkanının, həmçinin dünyanın
lider ölkələrindən biri kimi tanınır.
Keçən müddətdə Azərbaycanın
regionda və dünyada nümayiş
etdirdiyi balanslı geosiyasət, praqmatik xarici siyasət kursu,
uğurlu neft strategiyası, transmilli enerji və nəqliyyat-kommunikasiya
siyasəti, regional və milli təhlükəsizlik
strategiyası, Avropa Birliyi, NATO, ATƏT, MDB, İKT və b.
beynəlxalq-regional qurumlarla yaratdığı tərəfdaşlıq
münasibətləri, Qoşulmama Hərəkatına üzv
qəbul olunması, əksər beynəlxalq konvensiyalara
qoşulması və beynəlxalq aləm qarşısında
götürdüyü öhdəliklərin icrası ölkənin
xarici aləmlə geosiyasi, geoiqtisadi və hərbi-geostrateji
münasibətlərinə müsbət təsir göstərən
əsas amillər kimi çıxış etmişdir.
Müasir
dünyada dövlətlərin
geoiqtisadi dəyər ölçüləri
həm də mövcud ölkədə yürüdülən
iqtisadi, siyasi, sosial, milli və s. siyasətin xarakteri və
effektivliyi ilə ölçülür. Azərbaycan özünün müsbət və
pozitiv iqtisadi inkişaf meyillərini - iqtisadiyyatının
liberallaşdırılmasını, Qərblə iqtisadi əlaqələrini
və bazar iqtisadiyyatı mexanizmlərini inkişaf etdirilməklə
yanaşı, həm də ölkə daxilində sabit vətəndaş
birliyinin yaradılması istiqamətində mühüm
nailiyyətlər qazanmışdır. Ölkədə həyata
keçirilən düzgün və fəal daxili siyasət
onun ictimai-siyasi mühitini nəzərəçarpacaq dərəcədə
modernləşdirmiş, cəmiyyət həyatını
demokratikləşdirmiş,
sosial-mənəvi sahələri yeniləşdirmiş,
vətəndaş cəmiyyəti təsisatlarını
formalaşdırmış və müasir dövrün tələblərinə
uyğunlaşdırmışdır. Avropa dəyərlərinə,
dünyəvi və hüquqi dövlət prinsiplərinə üstünlük verməsi, vətəndaşlarının
təhsil, mədəni və intellektual səviyyəsini
yüksəltməsi onun
dünyəvi geosiyasi əhəmiyyətini
xeyli artırmış, planetar imicinə və geosiyasi
xarakteristikasına müsbət təsir göstərmişdir.
Hazırda Azərbaycan öz ictimai-siyasi və sosial-mənəvi
vəziyyəti, yekdil milli-dini-vətəndaş birliyi, cəmiyyətinin
vəziyyəti və s. ilə Cənubi Qafqazın ən sabit
və tolerant ölkəsi hesab olunur.
Azərbaycan Cənubi Qafqazda
həm də xristianıqla islamın sərhədlərinin
və sivilizasiyaların qovuşduğu, müxtəlif millətlərin,
dinlərin və mədəniyyətlərin bir arada fəaliyyət
göstərdiyi, dini dözümlülüyün hökm
sürdüyü coğrafi məkan, öz multikulturalist və
tolerant cəmiyyəti, sabit
ictimai mühiti ilə seçilən dövlət hesab olunur.
Ölkə rəhbərliyinin bu istiqamətdə
yürütdüyü ardıcıl siyasət regionda Azərbaycanın
geosiyasi nüfuzunu artırmaqla yanaşı, həm də Cənubi
Qafqaz və Xəzər hövzəsində regional sabitlik və
təhlükəsizliyin təmin olunmasına ciddi təsir
göstərir. Bütün bunlar, əlbəttə ki, onun
xarici aləmlə geosiyasi tərəfdaşlığına
müsbət təsir göstərən əsas amil hesab olunur.
Tədqiqatçılar Azərbaycanın
üstün geosiyasi
resursları sırasına, həmçinin azərbaycanlıların
ölkədaxili və beynəlxalq aləmdə nümayiş
etdirdiyi vətəndaş birliyini, hakimiyyətin siyasətinə
xalqın etimadı və dəstəyini, milli maraqların və
ölkədaxili sabitliyin qorunması üçün əhalinin,
xüsusən, ziyalıların nümayiş etdirdiyi
güclü milli iradəni, vətəndaş əzmini və
dövlətçilik təfəkkürünü də aid
edirlər. Bu gün bölgədə ən sabit cəmiyyət, milli, etnik, dini
icmalar arasında sülh və tolerantlıq mühiti də məhz
Azərbaycanda hökm sürür. Bütün bunlar da öz
növbəsində Azərbaycanın Cənubi Qafqazdakı
geosiyasi liderliyindən xəbər verir, yürüdülən
daxili və xarici siyasətində mühüm amil kimi
çıxış edir.
Dövlətlərin siyasi, iqtisadi və s. fəaliyyətinin
ölçü meyarı, göstəriciləri və müvəffəqiyyəti həm də
onun beynəlxalq nüfuzundan, geosiyasi imicindən, qazanılmış
reputasiyasından, onu təmsil edən rəhbərlərin
(yaxud rəhbər işçilərin) təsdiq olunmuş
nüfuzundan, daxildə və
beynəlxalq aləmdə nümayiş etdirdiyi fəaliyyətdən,
xalqının mədəni və intellektual səviyyəsindən
asılıdır. Bu baxımdan
Azərbaycan özünün regional imicinə, daxili
ideoloji-mədəni resurslarına görə dünyada
seçilən yerlərdən birini tutur. Bu yer bir tərəfdən
keçmiş Azərbaycan Prezidenti, dünyada nüfuzlu
ictimai-siyasi və dövlət xadimi
imici qazanmış Heydər
Əliyevin uzun müddət ölkəni beynəlxalq aləmdə
təmsil etməsi, müsəlman ölkələri içərisində
Azərbaycanın daha çox Avropa dəyərlərinə,
dünyəvi və hüquqi dövlət quruculuğu yoluna
üstünlük verməsi, xalqın təhsil, mədəni
və intellektual səviyyəsinin yüksək olması,
dünyanın elm, mədəniyyət və incəsənət
xəzinəsinə verdiyi qabaqcıl töhfələrlə,
digər tərəfdənsə hazırda Prezident İlham
Əliyevin
yürütdüyü tam müstəqil demokratik və
prinsipal xarici siyasət kursu ilə bağlıdır.
Dövlətlərin geosiyasi gücünün və
beynəlxalq aləmə təsir imkanlarının əsas
göstəriciləri həm də onun bütün
dünyanın, ayrı-ayrı regionların ictimai-siyasi,
iqtisadi, sosial, təhlükəsizlik mühitinə, beynəlxalq
aləmin rəsmi və ictimai rəyinə təsir etmək
imkanları, transmilli proseslərdə iştirakı və s.
ilə ölçülür. Bu baxımdan Azərbaycanın
dünya ölkələrinin alternativ enerji təminatı,
transmilli enerji, nəqliyyat-kommunikasiya layihələrində
iştirakı, digər planetar qlobal proseslərdə - beynəlxalq
terrorizmə, narkoticarətə qarşı mübarizədə,
dünya siyasətinin demokratik transformasiyasında, regional
inteqrasiya və s. fəal
mövqeyi onun bölgədəki geosiyasi gücünü və
təsirini, beynəlxalq aləmdəki nüfuzunu, rolunu və
dəyərini xeyli yüksəltmişdir.
2012-ci ildə 155 ölkənin dəstəyi ilə Azərbaycanın
BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi
və bu qurumun çərçivəsində səmərəli
fəaliyyət göstərməsi onun qlobal müstəvidəki
rolunu da artırmışdır. O, BMT Təhlükəsizlik
Şurasında iki illik fəaliyyəti ilə bir daha təsdiq
etmişdir ki, qlobal təhlükəsizliyə, dünyada
sabitliyin, sülhün və əmin-amanlığın bərqərar
olmasına, sivilizasiyalararası və mədəniyyətlərarası
dialoqun inkişafına töhfə vermək
iqtidarındadır və bu işdə əlindən gələni
edir.
Bundan başqa, Azərbaycan vətəndaş cəmiyyəti
institutlarına, KİV-lərə və QHT-lərə yaratdığı sərbəst
və azad mühitə, göstərdiyi maddi və mənəvi
dəstəyə, dünyanın qlobal informasiya vasitələrinə,
aparıcı xarici mətbuat orqanlarına və nümayəndəliklərinə
yaratdığı əlverişli şəraitə və s.
görə də dünyada vətəndaş cəmiyyəti
və siyasi plüralizmin hökm sürdüyü bir dövlət
imici qazana bilmişdir. Bu amil də ölkənin beynəlxalq imici və geosiyasi gücünə
fəal təsir göstərir.
Azərbaycanın geosiyasi təsir
və diplomatik resursları sırasına
xarici ölkələrdə fəaliyyət göstərən
diplomatik nümayəndəlikləri, dünyada yaşayan azərbaycanlıları və s. aid etmək olar. Azərbaycan
bu resurslar vasitəsilə
dünyanın siyasi, mədəni, diplomatik və s. həyatında
iştirak edir və müvafiq sahələrdə öz
geosiyasi maraqlarını təmin etməyə
çalışır. Xarici siyasət resurslarının
gücünə, xarici ölkələrdəki səfirliklərinin
və diplomatlarının sayına görə də Azərbaycan
əksər postsovet və Cənubi Qafqaz ölkələrindən
üstün mövqedədir.
Xaricdə yaşayan və
ölkənin xarici siyasət resursu kimi dəyərləndirilən
soydaşlara gəldikdə, Cənubi Azərbaycanda,
Gürcüstan, Rusiya (Dərbənd vilayəti) və
başqa ölkələrdəki tarixi vətənlərində
yaşayan təxminən 30-35 milyon azərbaycanlı ilə
yanaşı, dünyada
yaşayan digər soydaşlar da ana Vətənlə əlaqələrini kəsməmiş (bunların
sayı təxminən 2 milyona yaxındır) və Azərbaycan
üçün potensial investisiya mənbəyi hesab olunurlar.
Azərbaycanın planetar və
regional geosiyasi təsirinə həlledici təsir göstərən
əsas amillərdən biri də ölkənin mövcud hərbi-geostrateji potensialı,
regional və beynəlxalq təhlükəsizlik blokları ilə
münasibətləri və təhlükəsizlik siyasəti
hesab olunur. Malik olduğu hərbi-geostrateji potensialına, bu sahədəki
göstəricilərinə və
milli resurslarına görə də Azərbaycan Cənubi Qafqazın lider dövləti
hesab olunur. Əhalisinin sayına müvafiq olaraq, onun həm
milli ordusunun say tərkibi və hərbi-texniki
hazırlığı, həm də silahlanma keyfiyyəti Gürcüstan və Ermənistandan
qat-qat yüksəkdir. Bundan
başqa, ordu quruculuğuna yönəltdiyi ümumi büdcə xərclərinə
görə də Azərbaycan Cənubi Qafqazın lider ölkəsi
hesab olunur. Odur ki, Azərbaycan keçən müddətdə
təkcə Avropa Birliyinin enerji təhlükəsizliyinin,
yaxud “Qonşuluq siyasəti”nin əsas
fiqurantlarından biri kimi deyil, həm
də dünyanın müxtəlif bölgələrində
- Əfqanıstanda, İraqda, Balkanlarda və digər
münaqişə bölgələrində Qərbin həyata
keçirdiyi sülhyaratma proseslərindəki birbaşa
iştirakına, NATO-nun qeyri-hərbi ehtiyatlarla təchizatı, təhlükəsiz hava dəhlizinin
təqdim olunması və s. fəaliyyətinə görə də
xüsusi fərqlənmişdir.
Azərbaycan regionda yürütdüyü
balanslı təhlükəsizlik siyasəti
ilə- həm Avroatlantik təhlükəsizlik
strukturları, həm də regionun aparıcı dövlətləri
ilə hərbi-geostrateji tərəfdaşlıq xətti
yürütməklə dünyanın və regionun təhlükəsizlik
maraqlarında ciddi amilə çevrilmişdir. Keçən
dövrdə Azərbaycan Cənubi
Qafqazda və Avrasiya məkanında bir-biri ilə toqquşan
iki hərbi blokun- NATO və KTMT-nin mövcudluğunu nəzərə
alaraq, davamlı tarazlı siyasət aparmağa
üstünlük vermişdir. Mütəxəssislər hesab
edir ki, Azərbaycanın bu siyasəti Cənubi Qafqazın
mövcud reallığına tam adekvatdır.
Beləliklə, yuxarıda göstərilən
amillər əsasında, hazırda Azərbaycanın
əksər xarici və region ölkələri ilə
yaxşı tərəfdaşlıq və əməkdaşlıq
münasibətləri vardır. ABŞ və Avropa Birliyi ilə
yanaşı, Azərbaycan Xəzər-Qara dəniz hövzəsi,
Orta Asiya, Yaxın Şərq, 2012-ci ildə Qoşulmama Hərəkatına
üzv olduqdan sonra isə bir sıra Cənubi Amerika və
Afrika ölkələri ilə
tərəfdaşlıq əlaqələri
yaratmışdır. Bu gün Azərbaycan Qara-Xəzər dənizi
hövzələri və Cənubi Qafqaz ölkələri icərisində geosiyasi və
geoiqtisadi riskləri ən minimum olan və ən etibarlı tərəfdaş
imici qazanmışdır. Ətraf ölkələrdən
onun yalnız işğalçı Ermənistanla
Dağlıq Qarabağla bağlı münaqişəsi və
problemləri mövcuddur. Xəzər hövzəsi ölkələri
içərisində Türkmənistan və İranla Xəzər
dənizindəki sektor bölgüsü və bəzi
yataqların mənsubiyyəti ilə bağlı müəyyən
problemlər yaşansa da, hazırda bu ölkələr
arasında bütün digər sahələr üzrə
dostluq və tərəfdaşlıq münasibətləri
hökm sürür.
Azərbaycanın əlverişli coğrafi durumu, müstəqil siyasəti, iqtisadi
potensialı, maddi və mənəvi resursları və digər
amillər onu regional mərkəz statusuna yüksəltmiş
və beləliklə, geosiyasi dəyərini daha da
artırmışdır. Azərbaycan bölgədə
iqtisadi, sosial, humanitar və digər sahələrdə
reallaşdırılan bütün layihələrin əsas təşəbbüskarı
və mərkəzi fiqurudur.
Ekspertlər müstəqillik dövründə həyata
keçirilmiş transmilli neft və qaz, nəqliyyat-kommunikasiya
layihələrini, son 10 ildə ölkə
iqtisadiyyatının dinamik inkişafını əsas gətirərək
2013-cü ilin aprelində Dünya İqtisadi Forumunun məhz
Bakıda keçirilməsini dünya birliyinin Azərbaycanın
iqtisadi gücünə verdiyi qiymət kimi səciyyələndirirlər.
Bununla yanaşı, Azərbaycan Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun, Beynəlxalq Humanitar Forumunun təşəbbüskarı
və təşkilatçısı kimi
çıxış edərək həm də dünyada mədəniyyətlərarası
və sivilizasiyalararası dialoqun güclənməsinə
öz dəyərli töhfələrinin verir. Təsadüfi
deyil ki, bu gün ekspertlər Bakını “Humanitar Davos”
adlandırırlar.
Azərbaycan məscidin, kilsənin və sinaqoqun heç bir qısqanclıq,
narahatlıq olmadan yan-yana fəaliyyət göstərdiyi,
çoxsaylı milli və etnik azlıqların sülh və
əmin-amanlıq şəraitində yaşadığı ən
nadir tolerantlıq məkanı - multikulturalizm mərkəzi
kimi bütün dünyada tanınır və qəbul edilir. 2012-ci ildə “Eurovision”
mahnı müsabiqəsini, çoxsaylı beynəlxalq idman
yarışlarını yüksək səviyyədə təşkil
edən Azərbaycan artıq 2015-ci ildə l Avropa
Oyunlarını keçirməyə hazırlaşır.
Azərbaycanın xarici aləmlə
tərəfdaşlıq münasibətlərinə
mənfi təsir göstərən və geosiyasi dəyərini
aşağı salan bəzi amillər də mövcuddur. Tədqiqatçılar
bu sıraya ilk növbədə Ermənistanla münaqişənin
və Dağlıq Qarabağ probleminin 20 ildən bəri həll
olunmamasını aid edirlər. Ümumiyyətlə, müstəqilliyə
qovuşduğu andan Azərbaycanın
milli inkişafı yolunda rastlaşdığı ən
mühüm problem də məhz Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi olmuşdur.
Müstəqilliyin ilk illərində bu problem ölkənin
bölgədə və dünyada kəsb etdiyi geosiyasi əhəmiyyəti
ciddi surətdə azaldaraq, beynəlxalq investisiya
qurumlarının ölkəyə davamlı kapital qoyuluşu
siyasətinə uzun müddət mənfi təsir göstərmişdir.
Bununla yanaşı, Xəzər
dənizinin hüquqi statusunun da sona qədər
həll edilməməsindən, Trans Xəzər layihəsinə
region dövlətlərinin fərqli yanaşmasından
qaynaqlanan bəzi bölgə problemləri də həm Azərbaycanın,
həm də digər qonşu ölkələrin xarici aləmlə
tərəfdaşlığına mənfi təsir göstərir.
Bir faktı da qeyd
etmək lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə, Cənubi Qafqaz, Xəzər-Qara dəniz
hövzəsindəki regional qarşıdurmalara və bəzi
ölkədaxili problemlərə
görə bir çox
maraqlı dairələr dünya investorlarına nə qədər
Azərbaycanı əlverişsiz bir ölkə kimi təqdim etməyə
çalışsalar da, malik olduğu zəngin enerji
resursları, Xəzər
hövzəsində yürütdüyü effektli neft-qaz siyasəti
və reallaşdırdığı çoxsaylı transmilli
layihələr onu bütün dünya üçün bir o
qədər cəlbedici və arzuolunan tərəfdaşa
çevirmişdir.
Beləliklə, yuxarıda qeyd
olunan bütün amillər onu deməyə
əsas verir ki, müstəqillik illərində Azərbaycan
siyasi, iqtisadi, ictimai və mənəvi həyatın
bütün sahələrində keçid dövrünü
müvəffəqiyyətlə başa vurmuş, bir dövlət
olaraq tam formalaşmış, güclü regional amilə
çevrilmiş və qlobal
siyasətdə öz sözü, rəyi, prinsipial mövqeyi
ilə seçilən nüfuzlu dövlət kimi çıxış etməyə
başlamışdır.
Əli HƏSƏNOV,
Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi
məsələlər üzrə köməkçisi,
YAP İdarə Heyətinin üzvü
Xalq qəzeti.- 2015.-
9 may.- S.2-3.