Heydər Əliyev Azərbaycanın
müasir
hüquq sisteminin banisidir
Sivilizasiya tarixinin çoxəsrlik təcrübəsi
göstərmişdir ki, xalqların və dövlətlərin
inkişafında liderlərin çox böyük rolu
olmuşdur. Məhz belə fenomenal şəxslərə
malik olan dövlətlər və millətlər çox
yüksək inkişaf yolu keçmiş və tarixi
uğurlar əldə etmişlər. Belə liderlər
bizim xalqın tarixində də yetişmiş, Azərbaycanın
inkişafında, dövlətçiliyimizin yaranıb
möhkəmlənməsində, milli-mənəvi dəyərlərimizin
qorunub saxlanılmasında əhəmiyyətli rol
oynamışlar. Onların sırasında öz
işıqlı əməlləri ilə xalqı müstəqilliyə
qovuşdurmuş, dövlətçiliyimizin daha da möhkəmlənməsində
mühüm xidmətləri olmuş ümummilli lider Heydər
Əliyevin adı qürur hissi ilə çəkilir. Azərbaycanın
tarixi şəxsiyyətlərinin fövqündə yer alan bu dahi insanın xalqımız
qarşısındakı xidmətləri ölçüyəgəlməzdir.
Qürurverici haldır
ki, otuz ildən artıq bir müddətdə Azərbaycan
dövlətçiliyinin taleyi dahi və uzaqgörən şəxsiyyət,
şərəfli adı bizim üçün həmişə
əziz və unudulmaz Heydər Əliyevlə bağlı
olmuşdur. Bu illər xalqımızın
milli mənlik şüurunun oyanışı, azadlıq və
müstəqillik hissinin güclənməsi, ölkənin
ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının
vüsətli dirçəlişi ilə əlamətdardır.
Bütün həyatını və siyasi fəaliyyətini
xalqının və vətəninin tərəqqisinə həsr
etmiş Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan
bir dövlət kimi zamanın ağır və sərt
sınaqlarından uğurla çıxaraq hərtərəfli
tərəqqiyə nail olmuşdur. Ulu öndərin
siyasi fəaliyyəti təkcə Azərbaycan
üçün deyil, həm də postsovet məkanı
üçün mühüm əhəmiyyət
daşımaqla yanaşı, dünya miqyasında gedən
proseslərə də birbaşa təsir göstərmişdir.
Məlum həqiqətdir ki, 1969-cu ilin iyulunda Heydər
Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın
taleyində və tarixində dönüş başlandı. Xalqımızın mənəvi-əxlaqi
dəyərlərinə söykənən genişmiqyaslı
tədbirlərin həyata keçirilməsi insanlarda nəinki
milli ruhun və özünüdərkin
oyanışını şərtləndirdi, həmçinin
onların ictimai fəallığının və
işgüzarlığının yüksəlməsinə təkan
verdi. Milli qürur hissinin
güclənməsi, milli şüurun yüksəlməsi
sosial-iqtisadi və mədəni həyatın bütün sahələrinin
dirçəlişi üçün zəmin oldu.
Tarixi hadisələrin sonrakı gedişi də sübut
etdi ki, Heydər Əliyevin 1969-1982-ci illərdə
gördüyü işlər gələcəkdə milli
dövlətçilik ideyalarının hərəkətverici
qüvvəyə çevrilməsi və cəmiyyətin məhz
bu məfkurə ətrafında səfərbər olması
üçün şərait yaratdı. Həmin dövrdə
respublikada bərqərar edilən əsl işgüzarlıq
mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji
ab-hava iqtisadi tərəqqinin yüksək həddə
çatmasına, Azərbaycanın keçmiş ittifaq
miqyasında nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə
tanınmasına imkan verdi. Bu
gün fəxrlə deyə bilərik ki, Azərbaycanın
indiki siyasi və iqtisadi müstəqilliyi, beynəlxalq
münasibətlər sisteminə və dünya iqtisadiyyatına
inteqrasiyası məhz qeyd olunan illərdə təməli
Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır.
Beləliklə, tamamilə qanunauyğun haldır ki, əsrlərin
və minilliklərin qovuşuğunda Azərbaycanın
demokratik və bəşəri dəyərlərə sadiq
müstəqil dövlət kimi formalaşması məhz ulu
öndərin titanik siyasi fəaliyyətinin nəticəsi,
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışının bəhrəsidir. Bu tarixdən
etibarən Heydər Əliyev Azərbaycanın müstəqilliyinin
möhkəmləndirilməsini, xalqın birliyinin təmin
olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş
üçün zəmin yaradılmasını
özünün dövlətçilik strategiyasının
prioritet istiqaməti kimi müəyyənləşdirdi.
Müstəqillik bərpa edildikdən sonra insan hüquq
və azadlıqlarının qorunması məqsədilə həyata
keçirilən hüquqi islahatlar sırasında ən
mühümü məhz yaşamaq hüququnun təmini istiqamətində
həyata keçirilən tədbirlər planı olmuşdur. 1993-cü ildə
Heydər Əliyevin ilk qərarlarından biri məhz
ölüm cəzasının tətbiqi üzərində
moratorium qoyulmasıdır. Demokratik
hüquqi dövlət quruculuğu yolunu tutmuş Azərbaycan
xalqı müstəqilliyin bərpasından sonrakı ilk illərdə
bir çox çətinliklərlə
qarşılaşmışdı. O dövrdə ölkəmizdə
hökm sürən hərc-mərclik,
özbaşınalıq, qanunsuz silahlı birləşmələrin
mövcudluğu, cinayətkarlığın tüğyan etməsi,
insanların dinc və təhlükəsiz
yaşamasını ciddi təhdid altında qoymuşdu. Ulu öndərin həyata keçirdiyi siyasət sayəsində
dövlətçiliyimiz möhkəmləndirildi,
ictimai-siyasi sabitlik bərqərar edildi, qanunsuzluqlara,
zorakılığa, cəzasızlıq əhval-ruhiyyəsinə
son qoyuldu. Vətəndaşlarımız
təhlükəsiz yaşamaq hüququ əldə etdilər.
Bütün bunlar demokratik cəmiyyətin qurulmasına,
insanların hüquq və azadlıqlarının müdafiəsinə
təminat verdi.
Tarixən məhkəmə-hüquq sistemində
köklü dəyişikliklərin həyata keçirildiyi,
vətəndaş cəmiyyəti quruculuğu
yönümündə inamlı addımların
atıldığı dövlətlərdə insan hüquq və
azadlıqlarına maksimum təminat yaradan yeni Konstitusiyanın
qəbulu zərurət olur. Cəmiyyətdə
siyasi sabitliyin, sülhün, ümumi razılığın təminatçısı
kimi çıxış edən Konstitusiya, eyni zamanda dövlətin
gələcək inkişaf prioritetlərini, şəxsiyyət,
cəmiyyət və dövlət arasındakı münasibətlərin
sivil çərçivələrini müəyyənləşdirir.
Əsas Qanun bütün hüquq sisteminə xas
olan hüquqi tənzimləmə funksiyasını yerinə
yetirməklə yanaşı, sosial, siyasi, humanist missiyanı
da həyata keçirir. Dövlət
quruluşunun təməl prinsiplərini müəyyənləşdirən
Konstitusiya həm də cəmiyyət həyatının
başlıca sahələrinə dövlət müdaxiləsinin
meyarlarını, yol verilən həddini dəqiqləşdirir,
bu sahədəki dövlət siyasətinin ümumi istiqamətlərini
təsbit edir. Bütün bu və ya digər
xüsusiyyətləri ilə konstitusiya hər bir xalqın və
dövlətin həyatında xüsusi rola malikdir.
Azərbaycan Respublikası müstəqilliyini bərpa
etdikdən sonra ilk dəfə 1993-cü ilin oktyabrında yeni
Konstitusiyanın hazırlanması üçün təşəbbüs
göstərilsə də, ölkədə siyasi sabitliyin
mövcud olmaması, sosial gərginlik, zorakı dövlət
çevrilişi cəhdləri, həmçinin
qarşıya çıxan bir sıra təxirəsalınmaz
vəzifələr bu təşəbbüsün reallaşmasını
ləngitmişdir. Həmin dövrdə həlli vacib olan məsələlərdən
biri davam etməkdə olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin gedişinə təsir
göstərə biləcək qəti addımlar
atılması idi. Bunsuz ölkənin ərazi
bütövlüyünü qorumaq, daxili ictimai sabitliyə
nail olmaq mümkün deyildi. Milli ordunun
döyüş qabiliyyətinin artırılması və
genişmiqyaslı müdafiə tədbirlərinin həyata
keçirilməsi, döyüşçülərdə
yaranan ruh yüksəkliyi sayəsində düşmənə
qarşı bir neçə uğurlu hərbi əməliyyat
aparıldı. Belə şəraitdə
beynəlxalq qüvvələrin təsiri altında
münaqişə tərəfləri atəşi
dayandırmaq barədə razılığa gəldilər.
Bu barədə saziş 1994-cü ilin mayında
imzalandı və münaqişənin dinc vasitələrlə
aradan qaldırılmasına prioritet istiqamət seçildi.
Ötən iyirmi ildə bu istiqamətdə
göstərilən səylər konkret nəticə verməsə
də, atəşkəs rejimi Azərbaycanın müstəqil
dövlət kimi yaşamasını və sonrakı
inkişafını şərtləndirən amillərdən
biridir.
Heydər Əliyevin ölkə iqtisadiyyatında
köklü dəyişikliyə gətirib çıxaran və
müstəqil dövlətimizə beynəlxalq nüfuz
qazandıran yeni neft strategiyasının həyata keçirilməsinə
məhz atəşkəsdən sonra başlanıldı və
1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri
ilə "Əsrin müqaviləsi" adlandırılan
neft müqaviləsi imzalandı.
Lakin müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi,
sosial-iqtisadi inkişafın bünövrəsinin qoyulması
Azərbaycanı yenidən anarxiya və başıpozuqluq
girdabına salıb bundan öz mənfəətləri naminə
istifadə etmək istəyən daxili və xarici qüvvələrin
ciddi müqaviməti ilə üzləşdi. 1994-cü ilin
oktyabrında və 1995-ci ilin martında dövlət
çevrilişinə silahlı cəhdlər göstərilməsi
müstəqil dövlətçiliyimiz üçün
növbəti sınaqlar oldu. Ümummilli
lider Heydər Əliyevin qətiyyəti, xalqın öz
qüdrətli liderini qızğın şəkildə dəstəkləməsi
nəticəsində bu təhlükəli cəhdlərin
qarşısı alındı, ölkədə hakimiyyəti
zor və silah gücünə ələ keçirmək məsələsinə
birdəfəlik son qoyuldu. 1993-1995-ci illər
müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin
qorunub saxlanılması uğrunda mübarizə dövrü
kimi yazılmışdır. İctimai-siyasi
sabitliyin və qanunçuluğun bərqərar edilməsi bu
dövrün ən mühüm nailiyyəti oldu və
ümummilli liderə dövlət quruculuğunda, iqtisadi,
sosial və mədəni həyatda böyük işlərə
başlamaq, genişmiqyaslı və ardıcıl islahatlar
aparmaq üçün əlverişli imkan yaratdı. Ulu öndər əmin idi ki, demokratik dəyərlərin
üstünlüyünü qəbul edən,
azadlığın, haqq və ədalətin bərqərar
olunduğu dövlət qurmaq istəyən hər bir ölkə,
hər bir xalq üçün Konstitusiya birinci dərəcəli
əhəmiyyət daşıyır. Siyasi,
iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi,
cəmiyyətdə keçid dövrünün
başlandığı bir vaxtda Konstitusiyanın - Əsas
Qanunun rolu qat-qat artır.
Beləliklə,
ümummilli lider Heydər Əliyevin böyük səyi sayəsində
dövlətçiliyə qarşı yönəldilmiş qəsdlərin
qarşısı alındıqdan və ölkədə
Əsas Qanunun qəbuluna imkan verən zəruri şərait,
siyasi sabitlik formalaşdıqdan sonra Milli Məclisin
iclasında ölkə Prezidentinin sədrliyi ilə Konstitusiya
layihəsinin hazırlanmasına məsul olan xüsusi komissiya
yaradıldı. Görkəmli alimlərin,
hüquqşünasların, mütəxəssislərin və
rəhbər işçilərin daxil edildiyi bu komissiya 1995-ci
il iyul ayının 5-də ilk
iclasını keçirdi.
Komissiyanın
iclasında geniş nitq söyləyən ümummilli lider
Heydər Əliyev dəyərli tövsiyələrini, məsləhətlərini
verdi. "Biz elə bir layihə
hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul
etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında
demokratik prinsiplər əsasında uzun müddət sabit
yaşamasını təmin edən əsas qanun, tarixi sənəd
olsun. Hakimiyyət bölgüsü, - ali icra, qanunvericilik, məhkəmə
hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə
söykənməli, seçkilər yolu ilə təmin
olunmalıdır" - deyən ulu öndər Heydər
Əliyev Azərbaycan Respublikasının ilk
Konstitusiyasının hazırlanmasında həm Azərbaycanın
tarixi keçmişinin milli dəyərlərindən, həm
də ümumbəşəri dəyərlərdən,
dünyanın demokratik dövlətlərinin təcrübəsindən
istifadə edilməsini mühüm vəzifə kimi irəli
sürdü.
Nəhayət,
1995-ci il noyabrın 12-də Azərbaycanın
tarixində ilk dəfə olaraq müstəqil dövlətimizin
Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul
edildi. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin
əsas müddəalarını özündə əks etdirən
Konstitusiyada insan və vətəndaş
hüquqlarının, azadlıqlarının təmin edilməsi
dövlətimizin ali məqsədi kimi bəyan
olundu. Çoxəsrlik dövlətçilik ənənələrimizə,
milli və ümumbəşəri dəyərlərə
söykənərək yaradılan Konstitusiyamız
hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti
quruculuğunun təməlini qoydu. Qeyd olunduğu kimi,
1993-cü ilin iyun ayından ölkəmizdə ölüm cəzasının
icrasına moratorium qoyulmuş, daha sonra ölüm cəzasının
tətbiqi məhdudlaşdırılmış və 1998-ci il fevralın 10-da Şərqdə ilk dəfə
olaraq ölkəmizdə ölüm cəzası ləğv
edilmişdir. Bu tarixi addım fəlsəfi,
hüquqi düşüncələrə, dərin elmi təhlilə,
dünya təcrübəsinə və reallığa əsaslanmaqla
humanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə
və insan hüquqlarına hörmət kimi yüksək
amallarla yaşayan ulu öndərin gələcək nəsillərə
mühüm töhfəsi oldu. Dövlət
başçısının 3 fevral 1998-ci il
tarixli müraciətində deyilirdi: "Mən cinayət-hüquq
siyasətini hərtərəfli təhlil edərək, ədalət,
azadlıq, humanizm və insanpərvərlik kimi yüksək
ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının
ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı
vermişəm." Ölüm cəzasının
ləğvi Azərbaycanın hüquqi-demokratik dövlət
quruculuğu yolunda olduğunu bir daha sübut etdi.
Konstitusiyanın
preambulasında Azərbaycan xalqının, Azərbaycan
dövlətinin müstəqilliyini, suverenliyini və ərazi
bütövlüyünü qorumaq, demokratik quruluşa təminat
vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə
nail olmaq, xalqın iradəsini ifadə edən, insan hüquq və
azadlıqlarını təmin edən hüquqi, dünyəvi
dövlət qurmaq və digər bu kimi prioritet məqsədlər
bəyan edilmişdir. Azərbaycanda konstitusion quruluşun vacib
əsası kimi xalq hakimiyyətini (xalqın suverenliyini) bəyan
edən və Azərbaycan xalqını hakimiyyətin yeganə
mənbəyi elan edən Konstitusiya xalqın öz suveren
hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və
ümumi, bərabər və birbaşa seçki hüququ əsasında
sərbəst, gizli və şəxsi səsvermə yolu ilə
seçilmiş nümayəndələri vasitəsilə həyata
keçirməsini nəzərdə tutur. Əsas
Qanun Azərbaycan dövlətinin hakimiyyətlərin
bölünməsi prinsipi əsasında təşkil edilən
demokratik, hüquqi, dünyəvi, unitar respublika olduğunu təsbit
edir, başqa sözlə, dövlətin öz təyinatını
tam yerinə yetirməsi üçün bütün zəruri
xüsusiyyətləri göstərir. Konstitusiya
ölkədə sağlam siyasi mühitin formalaşmasına
imkan verən, vətəndaşların cəmiyyətin siyasi
həyatında və dövlətin idarə olunmasında
iştirakını nəzərdə tutan siyasi müxtəliflik
və plüralizm kimi mühüm prinsipləri təsbitləyir.
Əsas Qanun konstitusiyalı quruluşun
xüsusiyyətlərindən biri kimi iqtisadi fəaliyyət
azadlığını, mülkiyyət növlərinin
müxtəlifliyini və onların bərabər müdafiəsinə
verilən təminatı əks etdirir.
Konstitusiyamızın
ən mütərəqqi cəhəti burada insan hüquq və
azadlıqlarının ali dəyər kimi
qəbul edilməsi, insan və vətəndaş
hüquqlarının və əsas azadlıqların geniş
təsbit olunmasıdır. Əsas Qanunda əksini
tapmış müddəaların üçdə ikisinin
sırf insan hüquq və azadlıqları ilə
bağlı olması bunu əyani surətdə təsdiqləyir.
Belə normalar bu və ya digər şəkildə,
lakin tamamilə fərqli doktrinada sovet dövründə qəbul
edilmiş konstitusiyalarda da əksini tapmışdı. Lakin həmin konstitusiyalarda bu hüquqları vətəndaşlara
dövlət verirdi. Yeni Konstitusiyanın əvvəlkilərdən
əsas və prinsipial fərqi də məhz onda ilk növbədə
insan hüquq və azadlıqlarının prioritetliyinin,
üstünlüyünün birmənalı bəyan edilməsidir.
Dövlətin mahiyyəti, ali məqsədi
isə bu hüquqları tanımaqdan, müdafiə və təmin
etməkdən ibarətdir - Konstitusiyanın 12-ci maddəsinin
birinci hissəsinə əsasən, insan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin
edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın
qəbulundan sonra ümummilli lider Heydər Əliyev
hüquq-mühafizə orqanlarının fəaliyyətinin də
yeni dövrün tələblərinə
uyğunlaşdırılması üçün bir sıra
mükəmməl qanunvericilik aktlarının qəbulunu təmin
etmişdir.
Ümummilli
lider Heydər Əliyevin rəhbərliyi ilə islahatların
hüquqi bazasının yaradılması, insan hüquq və
azadlıqlarının qorunması sahəsində
mühüm sənədlər qəbul edilmiş,
respublikamız müxtəlif beynəlxalq konvensiya və
sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə
hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin
təmin edilməsi məqsədilə ardıcıl və məqsədyönlü
tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər
sırasında Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli sərəncamı ilə
yaradılmış Hüquq İslahatları
Komissiyasını xüsusi qeyd etmək lazımdır. Bu komissiya xalqımızın dövlətçilik
tarixində yaratdığı ənənələri qorumaqla
inkişaf etmiş dövlətlərin hüquq islahatları
ilə bağlı təcrübəsindən də bəhrələnmişdir.
Komissiyanın 4 may 1996-cı ildə keçirilmiş
iclasında ümummilli lider Heydər Əliyev demişdir:
"Müstəqil Azərbaycan Respublikasının ilk
Konstitusiyasının həyata keçirilməsi prosesi hər
birimizin əsas vəzifələrindən biridir. Bu baxımdan məhkəmə, hüquq-mühafizə
orqanlarının islahatı ilə əlaqədar
qanunların hazırlanması, qəbul olunması çox
mühüm əhəmiyyət kəsb edir. İndi qarşımızda Konstitusiya əsasında
qanunların qəbul olunması kimi çox böyük vəzifələr
yar. Hər sahədə qanunlar qəbul
edilməlidir. İndi mən vaxt deyə bilmərəm,
- bir il, iki il, - hər halda müəyyən
bir zaman ərzində nail olmalıyıq ki, bütün sahələr
üzrə müstəqil Azərbaycan dövlətinin
qanunları olsun." Heydər Əliyevin
Hüquq İslahatları Komissiyasındakı bu fikri
respublikamızda qanun yaradıcılığı sahəsində
həyata keçirilən böyük işlərin proqram sənədi
kimi mühüm əhəmiyyətə malikdir.
Hüquq
islahatları sahəsində çox əhəmiyyətli sənədlərdən
biri də Heydər Əliyevin 1996-cı il
iyunun 8-də imzaladığı "Avropa Şurası və
Azərbaycan Respublikası arasında əməkdaşlıq
proqramının həyata keçirilməsi haqqında" sərəncamdır.
Bu sənədə əsasən beynəlxalq standartlara
uyğun "Konstitusiya Məhkəməsi haqqında",
"Məhkəmələr və hakimlər haqqında",
"Prokurorluq haqqında" qanun və digər hüquqi sənədlərin
layihələri hazırlanıb Milli Məclisdə müzakirə
edilmiş və müvafiq qaydada qəbul olunmuşdur. Milli Məclisin indiyədək qəbul etdiyi
hüquqi sənədlərin böyük bir hissəsi Heydər
Əliyev tərəfindən parlamentin müzakirəsinə
verilmiş qanun layihələri, konvensiyalar və sazişlərdir.
Respublika parlamenti son on üç il ərzində
bu istiqamətdə, yəni hüquq islahatları sahəsində
xeyli tarixi sənədlər qəbul etmişdir.
Ümummilli
lider Heydər Əliyevin 22 fevral 1998-ci il
tarixli "İnsan və vətəndaş
hüquqlarının təmin edilməsi sahəsində tədbirlər
haqqında" fərmanı da hüquq islahatları
baxımından mühüm əhəmiyyət kəsb edən
tarixi sənədlərdəndir. Bu fərmanda
ölkəmizdə insan hüquq və azadlıqlarının
cəmiyyətimizdə əsas meyar olduğu xüsusilə
vurğulanmış, icra strukturlarının vəzifələri
müəyyən edilmişdir. Məhz Heydər
Əliyevin təşəbbüsü ilə Milli Məclisdə
ölkəmizin Avropa xalqları ailəsi ilə
inteqrasiyasını gücləndirən normativ sənədlər
də qəbul olunmuşdur. Parlament bu sahədə "İnsan
hüquqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında" Konvensiyanı, "İşgəncələrin
və qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftarın
və ya cəzanın qarşısının alınması
haqqında" Avropa Konvensiyasını, "Yerli
özünüidarəetmə haqqında" Avropa Xartiyasını
təsdiq edən sənədləri, "Vətəndaşlıq
haqqında", "Sərbəst toplaşmaq
azadlığı haqqında", "Dini etiqad
azadlığı haqqında" qanunları qəbul
etmişdir.
Azərbaycanın Avropa Şurasına tamhüquqlu
üzv qəbul olunması hüquq islahatları
baxımından respublikamız qarşısında
mühüm öhdəlik və vəzifələr
qoymuşdu. Bu vəzifələrin yerinə yetirilməsi sahəsində
ölkəmizdə bir sıra tədbirlər həyata
keçirilmiş, dövlət başçısının
təşəbbüsü ilə Milli Məclisdə dövlət
qulluğunu tənzimləyən bir sıra qanunvericilik
aktları da qəbul edilmişdir.
Hüquq islahatları sahəsində Milli Məclis Heydər
Əliyevin təşəbbüsü ilə bir neçə
Konstitusiya qanunu da qəbul etmişdir. Bunlar "Azərbaycan
Respublikasının insan hüquqları üzrə müvəkkili
(Ombudsman) haqqında", "Azərbaycan Respublikasında
insan hüquq və azadlıqlarının həyata
keçirilməsinin tənzimlənməsi haqqında",
"Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən
etimad məsələsinin həll edilməsi hüququnun əlavə
təminatları haqqında" Konstitusiya qanunlarından ibarətdir.
Bütün bu sənədlər ölkəmizdə
insan hüquq və azadlıqlarının qorunmasına necə
böyük əhəmiyyət verildiyinin əyani təsdiqidir.
Müstəqil Azərbaycan Respublikasının ilk
Konstitusiyası qəbul olunduqdan bir müddət sonra - 2002-ci
ildə ölkəmizin həmin dövrdəki inkişaf səviyyəsinə
və perspektivlərinə uyğun olaraq keçirilmiş
referendumda bir sıra mühüm məsələlər
öz həllini tapmış, o cümlədən seçki
prosesi ilə bağlı proporsional seçki sistemi ləğv
olunmuş, majoritar seçki sisteminə keçilmişdi. Belə ki, ümummilli lider
qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquq və
azadlıqlarının qorunmasının daha etibarlı təmin
edilməsi məqsədilə 22 iyun 2002-ci il
tarixli fərmanla Konstitusiyada dəyişikliklər edilməsi
haqqında Azərbaycan Respublikasının Referendum Aktı
layihəsini ümumxalq səsverməsinə
çıxardı. Fərmanda göstərilirdi ki, bu
addım respublikamızın "İnsan
hüquqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında" Avropa Konvensiyasına
qoşulmasından, ölkəmizdə məhkəmə
islahatlarının həyata keçirilməsindən, Azərbaycan
Respublikası Milli Məclisinin fəaliyyətinin və
seçki sisteminin təkmilləşdirilməsi ilə əlaqədar
yeni müddəaların Azərbaycan Respublikasının
Konstitusiyasında əks etdirilməsi zərurətindən irəli
gəlir. Referendumun keçirilməsi insan hüquq və azadlıqlarının
qorunmasını daha da gücləndirdi, vətəndaşlara
məhkəmələrə, Ombudsmana, Konstitusiya Məhkəməsinə
birbaşa müraciət etmək hüququ verdi,
ölkənin seçki sistemini daha da təkmilləşdirdi.
Milli Məclisdə referendumun nəticələrindən
irəli gələn müxtəlif qanun layihələri də
hazırlandı.
Ölkədə siyasi, iqtisadi, sosial və hüquq
islahatlarını qanunvericilik mexanizminin yaradılmasına və
təkmilləşdirilməsinə yönəldilmiş
yüzlərlə qanun layihəsi Heydər Əliyevin
imzası ilə parlamentə təqdim edilmiş və qəbul
olunmuşdur.
Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisin
qəbul etdiyi qanunvericilik aktları, o cümlədən
Mülki Məcəllə, Mülki-Prosessual Məcəllə,
İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi,
Cinayət Prosessual Məcəllə, Cəzaların
İcrası Məcəlləsi, "Torpaq islahatı
haqqında", "Konstitusiya Məhkəməsi
haqqında", "Məhkəmələr və hakimlər
haqqında", "Prokurorluq haqqında", "Azərbaycan
Respublikasının insan hüquqları üzrə müvəkkili
(Ombudsman) haqqında" və digər qanunlar Azərbaycanın
demokratik yolla ardıcıl inkişafı üçün
bütün hüquqi təminatları yaratmışdır.
Göründüyü kimi, məhz 1995-2003-cü illər
Azərbaycanın demokratik prinsiplərə sadiq bir dövlət
kimi inkişafında mühüm bir dövr olmaqla dünya
birliyinə inteqrasiya yolunda ona çox böyük nailiyyətlər
qazandırdı. Heydər Əliyevin siyasi müdrikliyi və
uzaqgörənliyi, gərgin zəhməti və təşəbbüskarlığı,
yaradıcı dühası və beynəlxalq nüfuzu olmadan
bunları əldə etmək mümkünsüz idi.
Həmin illərdə Konstitusiyada təsbit olunmuş
hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət
idarəetmə sistemi formalaşmış, icra, qanunvericilik və
məhkəmə orqanlarının səmərəli fəaliyyəti
təmin edilmişdir. Ölkəmizdə müxtəlif
yönlü siyasi partiyaların, ictimai təşkilatların,
həmçinin kütləvi informasiya vasitələrinin azad
fəaliyyəti üçün yaradılmış şərait
memarı və qurucusu Heydər Əliyev olan müstəqil
dövlətimizdə siyasi plüralizmin, fikir
azadlığının, demokratiyanın bərqərar
olduğunu bariz şəkildə təsdiqləyir. Ümummilli lider vicdan azadlığının təmin
edilməsini, tolerantlıq mühitinin formalaşmasını əsl
vətəndaş cəmiyyətinin
formalaşdırılması üçün mühüm
faktor sayırdı və respublikaya rəhbərliyi
dövründə bu amilləri dövlət həyatının
ayrılmaz hissəsinə çevirmişdi. Heydər Əliyevin bilavasitə təşkilatçılığı
və rəhbərliyi ilə ölkəmizin məhkəmə-hüquq
sistemi beynəlxalq standartlara uyğun şəkildə yenidən
qurulmuşdur. Bu sahədə aparılan
islahatlar hüquqi dövlət quruculuğunun uğurla həyata
keçirilməsi, ölkəmizdə insan
hüquqlarının təmin edilməsi və qorunması
üçün böyük əhəmiyyət kəsb
etmişdir.
Siyavuş NOVRUZOV,
Milli Məclisin komissiya sədri,
YAP İdarə Heyətinin
üzvü
Azərbaycan müəllimi.- 2015.-
9 may.- S.5.