Heydər Əliyev Azərbaycanın
müasir
hüquq sisteminin banisidir
əvvəli qəzetimizin 9 may 2015-ci il tarixli
sayında
Azərbaycan
Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər
edilməsi ilə bağlı 2009-cu il
martın 18-də təyin edilmiş Referendum Aktı da tamamilə
təbii və məntiqə uyğun olub ölkədə həyata
keçirilən hərtərəfli islahatların mahiyyətindən
irəli gəlirdi. Çünki Azərbaycan bu
gün sosial-iqtisadi, siyasi-hüquqi və mədəni
inkişafının elə yüksək mərhələsindədir
ki, əldə olunmuş fundamental nəticələr cəmiyyətin
hüquq sisteminin əsasını təşkil edən
Konstitusiyada demokratik xarakterli bir sıra əlavə və dəyişiklikləri
sosial sifarişə çevirir. 2009-cu il 18 mart tarixində
əhalinin böyük əksəriyyətinin dəstəklədiyi
Referendum Aktında əksini tapmış Konstitusiyaya əlavə
və dəyişikliklər mahiyyət etibarilə Azərbaycanın
çağdaş inkişaf dinamikası, cəmiyyətin
şüur səviyyəsi, çağdaş modernləşmə
strategiyasının tələbləri ilə uzlaşır. "Azərbaycan Respublikasının Konstitusiyasına
əlavə və dəyişikliklər edilməsi
haqqında" Referendum Aktı layihəsinin ümumxalq səsverməsi
demokratik inkişaf istiqamətində mühüm addım
olmaqla, respublikanın sivil, demokratik dəyərlərə
sadiqliyini bir daha təsdiqləmişdir. Referendum
Aktı layihəsində nəzərdə tutulan əlavə
və dəyişikliklərin mütərəqqi xarakter
daşıdığı, beynəlxalq hüquq normalarına
tamamilə uyğun olduğu, insan və vətəndaş
hüquq və azadlıqlarının təminatına yönəldiyi
qabarıq görünür. Konstitusiyanın
29 maddəsinə təklif olunan 41 əlavə və dəyişikliyin
böyük qismi sırf insan hüquq və azadlıqları
ilə bağlı olub, bu sahədə daha səmərəli
təminat mexanizmləri formalaşdırmaq məqsədi
daşıyır. Həmin dəyişikliklər
aktuallığı və əhəmiyyəti ilə diqqəti
cəlb edir.
İnsan və vətəndaş hüquq və azadlıqlarının
daha da genişləndirilməsi, bu hüquq və
azadlıqların təminatı üçün dövlətin
üzərinə əlavə vəzifələrin
qoyulması Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərin
əsas iki səciyyəvi cəhətidir. Bütövlükdə,
Konstitusiya islahatları ölkəmizdə insan hüquqlarına
dair beynəlxalq normaların da maneəsiz tətbiqinə imkan
verməklə, dünya birliyində daha layiqli yer
tutmağımıza imkan yaratmaqdadır. Ölkəmizdə
müasir dövlət quruculuğunun həyata keçirilməsinin,
bəşəri-demokratik dəyərlərə uyğun
dövlətçilik təsisatları və cəmiyyət
modeli formalaşdırılmasının hüquqi əsasları
yarandıqdan sonra Azərbaycanın müstəqilliyi möhkəmləndirilərək
əbədi və dönməz xarakter almışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin rəhbərliyi ilə ölkədə siyasi,
iqtisadi, sosial islahatların həyata keçirilməsi,
dövlətimizin beynəlxalq birliyə tamhüquqlu üzv
kimi qəbul olunması üçün müvafiq hüquqi
bazanın yaradılması istiqamətində mühüm
addımlar atılmışdır. Belə ki, Milli Məclisin qəbul
etdiyi qanunvericilik aktlarının, o cümlədən "Vətəndaşlıq
haqqında", "Sərbəst toplaşmaq
azadlığı haqqında", "Kütləvi
informasiya vasitələri haqqında", "Məlumat
azadlığı haqqında", "Qaçqınların
və məcburi köçkünlərin statusu
haqqında", "Polis haqqında", "Vəkillər
və vəkillik fəaliyyəti haqqında" və digər
qanunların əsas ruhu insan hüquqlarının müdafiəsi
təminatlarının yaradılması olmuşdur. Bunlar bir tərəfdən
Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət
quruculuğunun təmin edilməsi,
çoxpartiyalılığa, müxtəlif siyasi cərəyanların
ideyalarının azad ifadə olunmasına əsaslanan siyasi
sistemin yaradılması, insan və vətəndaş
hüquqlarının qorunmasına qulluq edən təsisatların
formalaşması, digər tərəfdən isə, ölkəmizdə
azad rəqabətə, inkişaf etmiş mülki dövriyyəyə,
müasir bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın
qurulması məqsədini güdən qanunvericilik tədbirlərini
əhatə etmişdir.
Heydər Əliyevin həyata keçirdiyi dövlət
siyasətinin mahiyyətini özündə əks etdirən
humanistlik nəticəsində 1995-ci ildən əfv və
amnistiya təsisatları bərpa edilmiş, həmin vaxtdan
ölkəmizdə qəbul olunmuş amnistiya aktları və
əfv fərmanları on minlərlə şəxsə tətbiq
edilmişdir.
Heydər Əliyev hər kəsin
hüquqlarına hörmətlə
yanaşılmasını, şəxsiyyətin
alçaldılması, zorakılıq, işgəncə və
bu kimi qeyri-qanuni üsul və vasitələrə yol verilməsi
hallarının aradan qaldırılmasını
hüquq-mühafizə orqanları qarşısında vacib vəzifə
kimi qoymuşdur.
Danılmaz həqiqətdir ki, sülh və əmin-amanlıq
olmadan insan hüquqlarına tam riayət olunması
mümkün deyil. Məlumdur ki, Ermənistanın Azərbaycana
qarşı iyirmi beş ildən artıq
davam edən silahlı təcavüzü nəticəsində
torpaqlarımızın 20 faizi işğal olunmuş, 1
milyondan artıq soydaşımız insan hüquqlarından mərhum
edilmişdir. Heydər Əliyev keçirdiyi
bütün beynəlxalq görüşlərində
Dağlıq Qarabağ problemini və onun hüquqi-diplomatik həllinin
vacibliyini ön plana çəkmişdir. Məhz onun
ölkə rəhbəri olduğu dövrdə Azərbaycan
dövləti ərazi bütövlüyünün,
qaçqınların və məcburi köçkünlərin
pozulmuş hüquqlarının tam bərpası
üçün sülhsevər siyasət apararaq atəşkəsə
nail olmuş, münaqişənin həlli üçün
ATƏT-in Minsk qrupu çərçivəsində və digər
beynəlxalq təşkilatlar xətti ilə ardıcıl və
məqsədyönlü iş aparılmışdır.
Müstəqil Azərbaycanın ilk
Konstitusiyasının banisi olan Heydər Əliyev demokratik,
hüquqi dövlət quruculuğu istiqamətində
davamlı siyasət yeridərək ölkədə insan
hüquq və azadlıqlarının başlıca prinsiplərinin
bərqərar olması üçün əsaslı zəmin
yaratmışdır. Heydər Əliyevin fəal
diplomatiyası sayəsində dünyanın demokratik dövlətlərinin
və aparıcı beynəlxalq təşkilatlarının
ölkəmizə, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə münasibəti əsaslı
surətdə dəyişmişdir. Heydər
Əliyev siyasətinin əsasını sülh, beynəlxalq
hüquq normaları, dövlətlərin ərazi
bütövlüyünün toxunulmazlığına hörmət
və qarşılıqlı faydalı əməkdaşlıq
prinsipləri təşkil edir. Heydər
Əliyevin Azərbaycan Respublikasının hərtərəfli
inkişafı üçün hazırladığı
strateji istiqamətlər hələ uzun illər müstəqil
Azərbaycan dövlətinin möhkəmləndirilməsi və
gücləndirilməsi işinə xidmət edəcəkdir.
Qeyd etdiyimiz kimi, bu gün Azərbaycan dövlətçiliyinin
ən mühüm problemi ölkənin ərazi
bütövlüyünün təmin olunmasıdır. Ermənistan
Respublikasının təcavüzü nəticəsində
işğal altına düşmüş ərazilərimizin
azad edilməsi, viran qoyulmuş kənd, rayon və şəhərlərimizin
bərpa olunması, sayı bir milyona çatan və uzun
müddətdən bəri köçkün həyatı
sürən soydaşlarımızın doğma
yurd-yuvalarına qayıtması Azərbaycan dövlətinin
qarşısında çox məsul bir vəzifə, ən
vacib məqsəd kimi durur. Müstəqil dövlətçiliyimizin
banisi, müasir Azərbaycanın memarı, ulu öndər
Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən
möhtərəm Prezident İlham Əliyev xalqımıza hədsiz
məhrumiyyətlər, müstəqil dövlətimizə
böyük itkilər gətirmiş təcavüzə son
qoyulması üçün çoxşaxəli və səmərəli
hüquqi-diplomatik addımlar atır. Bütün
bunların nəticəsidir ki, indi dünya birliyi Azərbaycanın
haqlı olduğunu, Ermənistanın işğalçı
və təcavüzkar siyasət yeritdiyini getdikcə daha
yaxşı anlayır. Təsadüfi deyil
ki, bir çox mötəbər beynəlxalq təşkilatlar
tərəfindən qəbul edilən qərar və qətnamələrdə
Ermənistanın Azərbaycan torpaqlarını işğal
etməsi faktı birmənalı şəkildə dəfələrlə
təsdiqlənmiş, onun təcavüzkarlıqdan əl
çəkməsi tələb olunmuşdur.
Dövlət başçısı cənab İlham
Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafına paralel
gedən demokratikləşmə proseslərini bir-birindən təcrid
olunmuş şəkildə götürmədən hər iki
xətti Azərbaycanın gələcək yüksəlişinin
vahid istinad nöqtəsi kimi əsaslandırıb. Prezidentin bu
barədə irəli sürdüyü fikirlər təkcə
Azərbaycanın yox, ümumilikdə demokratiya yoluna yenicə
qədəm qoymuş bütün müstəqil ölkələrin
gələcək inkişafının təməl prinsipi kimi
tətbiq edilə bilər. "Ölkədə
həm siyasi, həm də iqtisadi sahədə islahatlar cəsarətlə
aparılır. Mən tam əminəm ki,
siyasi və iqtisadi islahatlar, iqtisadi yüksəliş və demokratikləşmə
prosesləri bir-birini tamamlamalıdır və paralel şəkildə
həyata keçirilməlidir. Əks təqdirdə,
iqtisadi durum yaxşılaşmasa, bizim iqtisadi
planlarımız həyata keçməsə, təbii ki, Azərbaycanda
tam şəkildə demokratik cəmiyyətin qurulmasından
söhbət gedə bilməz" - deyən Prezident İlham
Əliyev bəyan edib ki, hər hansı ölkənin
inkişafı heç də təbii sərvətlərin zənginliyi
ilə deyil, demokratikləşmə proseslərindən,
qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti
təsisatlarının inkişafından asılıdır.
Azərbaycan Prezidenti İlham Əliyev son illərdə
cəmiyyətin hüquq sisteminin əsasını təşkil
edən milli qanunvericiliyin təkmilləşdirilməsi
prosesini diqqət mərkəzində saxlamışdır. Məhkəmə,
ədliyyə, polis və prokurorluq orqanlarının daha səmərəli
fəaliyyətinə, habelə insan hüquqlarının
etibarlı təminatına yönəlmiş yeni qanun və qərarlar
qəbul edilmişdir. Yuxarıda da qeyd etdiyimiz kimi
xüsusilə, 2009-cu il martın 18-də
Azərbaycan Respublikası Konstitusiyasına əlavə və
dəyişikliklərlə əlaqədar keçirilmiş
referendum xalqın suveren hüququnu və azad siyasi iradəsini
ifadə etməsinə maksimum imkan yaratmaqla demokratikləşmə
prosesində keyfiyyətcə yeni mərhələnin əsasını
qoymuşdur. 18 mart referendumunun ciddi şəkildə dəstəklənməsi
və pozitiv nəticələrlə yekunlaşması isə
ilk növbədə, cəmiyyətin Heydər Əliyev
ideallarına sədaqətinin, eləcə də onun
böyük uzaqgörənliklə müəyyənləşdirdiyi
strateji inkişaf kursunu layiqincə davam etdirən cənab
İlham Əliyevə sarsılmaz inamının bariz təcəssümüdür.
Beləliklə, sadalanan məqamlar
bir daha onu sübut edir ki, bu gün Prezident İlham Əliyevin
rəhbərliyi altında insan hüquq və
azadlıqlarına, qanunların aliliyinə hörmət
prinsiplərinə prioritet istiqamət kimi müstəsna dəyər
verən müstəqil Azərbaycanın hüquqi, dünyəvi
və demokratik dövlət imicinin formalaşmasında, onun
möhkəm təməllərinin qoyulmasında ümummilli
liderin xidmətləri əvəzsizdir və daim tarixdə
qalacaqdır.
Siyavuş
NOVRUZOV,
Milli Məclisin komissiya sədri,
YAP İdarə Heyətinin
üzvü
Azərbaycan müəllimi.- 2015.- 14
may.- S.7.