Ağakişiyevlərin döyüş
yolu
Qələbə
– 70
İyirminci əsrin
əvvəllərində qədim Şəki şəhərində
sayılıb-seçilən kişilərdən olan Hacı
Seyfullanın üç oğlu, bir qızı vardı.
Faşist Almaniyası Sovet İttifaqına hücum edəndə
Əyyub və Yusif ordu sıralarında xidmət edirdilər.
Ailənin sonbeşiyi Məmmədhənifənin 18
yaşı yenicə tamam olmuşdu. O da böyük
qardaşları kimi cəbəyə getdi. Bacıları Vəlimənin
nişanlısı Qədir Jukovski adına Aviasiya
Akademiyasında oxuyurdu.
Bir-birindən xəbərsiz olan doğmalar faşistlərlə ölüm-dirim savaşına qatılmışdılar. Gözləri yolda, qulaqları səsdə qalan Töhfə xalanın və Hacı Seyfulla kişinin narahat günləri başlamışdı. İlk bəd xəbər Qədirdən gəldi. Hələ təhsilini başa çatdırmayan kursant kəşfiyyat uçuşlarının birində hitlerçilər tərəfindən vurulmuş, ağır yaralanan Qədir təyyarəsini birtəhər yerə endirə bilmişdi. Yatdığı hərbi xəstəxananın həkimləri onu ölümün pəncəsindən qurtara bilsələr də, bir gözünü itirmişdi. Qədir nişanlısına yazmışdı ki, onu gözləməsin, şikəstlə birgə yaşamağa, ömür sürməyə dəyməz. Vəlimənin cavabı qısa və qəti olmuşdu: “Başqa fikrə düşmə, yolunu gözləyirəm!”
Zəmanənin olaylarına tab gətirməyən Hacı Seyfulla kişi ömür-gün yoldaşını və qızını Tanrının ümidinə qoyub, dünyasını dəyişdi. Yurd-yuvada başsız qalan iki zənən xeylağı yaxınlıqdakı ipək fabrikində işləyərək birtəhər dolanır, axşamlar yun corab, əlcək, şərf toxuyaraq cəbhəyə göndərirdilər.
Qədirin müalicəsi uzun çəkdi. Bu, azmış kimi, Əyyub da yaralanaraq hospitala düşmüşdü. Məmmədhənifədən isə xəbər-ətər yox idi. Xoşbəxtlikdən Əyyubun yarası yüngül oldu, tez sağalıb əvvəlki yerinə - Ukrayna cəbhəsindəki 317-ci atıcı diviziyanın 571-ci rotasına qayıtdı. Döyüşə-döyüşə Berlinədək əzab-əziyyətli uzun bir yol keçdi. İkinci dəfə yaralandı. Sağalandan sonra yenidən döyüş yoldaşlarının yanına qayıtdı. Rota komandiri oldu, baş leytenant rütbəsi aldı. Faşistlərlə apardığı beşillik mübarizədə “Qırmızı Ulduz” ordeni, “Almaniya üzərində qələbəyə görə”, Berlin və Praqa şəhərlərinin azad edilməsinə”, “Qafqazın müdafiəsində fərqləndiyinə görə” medalları ilə təltif olundu. Müharibədən sonrakı illərdə isə Hitler Almaniyası üzərində qələbənin 20, 30 illiyi medallarına layiq görüldü.
Mənim yaxından tanıdığım, son dərəcə sadə, xoşxasiyyət insan olan Yusifin həyatı isə kəşməkəşli keçib. Sağlığında özünün dediyinə görə, nə qədər çətinə düşsə də, heç vaxt təmkinini itirməyib. Müharibə olmasaydı, bəlkə də əvvəlki iş yerinə qayıdacaq, uşaqlıqdan sevdiyi toxuculuq peşəsini davam etdirəcəkdi. 1938-ci ildə ailəsi, iş yoldaşları onu əsgərliyə yola salanda dönə-dönə tapşırmışdılar ki, başqa yerlərə bənd olmasın, geri qayıtsın. Rəhmətlik anası Töhfə xala oğluna gözaltı da etmişdi. Lakin...
Yusif kişi həmin günləri xatırlayaraq deyirdi: – Böyüklərdən eşitmişdim ki, at muraddır, etibarlı heyvandır. Bu sözlərin həqiqiliyinə 556-cı süvari polkunda xidmət edərkən bir daha inandım. Hissəmiz Türkmənistanla Əfqanıstanın sərhədindəki Kuşka şəhərində yerləşirdi. “Balzan” ləqəbli kəhər atım vardı. Bir-birimizə yaman isinişmişdik. Ordu həyatının çətinliklərinə birgə sinə gərirdik. Vzvod komandiri idim. Evə buraxılmaq barədə əmr gözləyirdim ki, müharibə başladı.
Cəbhədən qorxulu xəbərlər gəlirdi. Düşmən sürətlə irəliləyir, qış düşənədək Moskvanı almaq istəyirdi. Vəziyyət gündən-günə ağırlaşırdı. Belə çətin vaxtda polkumuzu paytaxtı qorumağa göndərdilər. Faşistlərlə döyüşə Volokolamsk - Klin istiqamətində girdik. Xeyli tələfat verdik. Döyüş təcrübəmiz çatmırdı, üstəlik, düşmən hərbi texnika cəhətdən çox güclü idi.
Moskvanın yaxınlığındakı Çyornaya Qryaz kəndində müdafiə xətti qurmuşduq. Bütün cəbhə boyu hücuma hazırlaşırdıq. Qarşıya belə bir vəzifə qoyulmuşdu: “Tankların arxasınca irəliləyib düşmənlə əlbəyaxa döyüşə girməli”. Yaxşı yadımdadır, dekabrın 6-da Stalinin məşhur əmrini oxudular: Geriyə yol yoxdur, arxada Moskvadır!
Şaxta adamın iliyinə işləyirdi. Gecəni atlara sığınıb birtəhər keçirdik. Səhərin alatoranlığında sanki yer-göy lərzəyə gəldi. Şiddətli döyüş başlandı. Axşamadək faşistləri xeyli geri çəkilməyə məcbur etdik. Qaranlıq düşəndə atlara minib meşələrlə düşmənin arxasına keçdik. İki dəfə belə əməliyyat apararaq düşməni böyük tələfata uğratdıq. Dekabrın 13-də hücum zamanı mərmi partlayışından sağ budumdan yaralandım. Bir aydan çox müalicə olundum. Sonra məni Moskva yaxınlığındakı Kovrov şəhərində yerləşən ehtiyat polka göndərdilər. Oradan da Çkalov şəhərindəki zabit hazırlayan süvari pulemyotçular məktəbinə oxumağa getdim...
1943-cü ildə Yusif Ağakişiyev kiçik leytenant kimi yenidən cəbhəyə yollandı. 17-ci qvardiya süvari korpusunun 35-ci polkunda eskadron komandiri oldu. Birinci Belorusiya cəbhəsində vuruşdu. Qomel şəhəri uğrunda döyüşlərdə ikinci dəfə yaralandı. 1944-cü il yanvarın 22-nə kimi müalicə olundu. Şərqi Belorusiyanın Pinsk bataqlığı rayonunda öz polkuna çatdı. Leytenant rütbəsi aldı. Polşanın Sedles şəhərinin azad edilməsində göstərdiyi şəxsi şücaətə görə İkinci dərəcəli “Böyük Vətən müharibəsi” ordeninə layiq görüldü.
Faşistlər strateji əhəmiyyətə malik olan bu şəhəri əldən vermək istəmirdilər. Ölüm-dirim mübarizəsi gedirdi.
Üçüncü həmlədən sonra düşmən tab gətirməyib geri çəkildi. Polkun siyasi şöbəsinin rəisi, polkovnik Aleksandr Ryabov qələbə münasibətilə Yusifin əlini sıxdı, döyüşçüləri təbrik etdi. Yusif və onun dəstəsi Polşa torpaqlarının faşistlərdən təmizlənməsində dəfələrlə fərqləndi. Bromberq şəhərini (indiki Bıdqoş) azad edərkən üçüncü dəfə yaralandı. Döyüşdə şəxsi şücaət göstərdiyinə görə marşal Jukovun göstərişinə əsasən “Aleksandr Nevski” ordeninə layiq görüldü, ona baş leytenant rütbəsi verildi.
Yusif Qələbə gününü kəhər atın belində Elba çayının sahilində qarşıladı. Müharibə qurtarsa da, evə qayıda bilmədi, həyatını hərbi peşəyə bağladı. Oktyabr ayında Şərqi Prussiyanın Tilzit şəhərində süvari korpus 89-cu mexanikləşdirilmiş piyada polkuna çevrildi. 1947-ci ilədək Yusif həmin polkda xidmət etdi. Sonra Riqa şəhərindəki zabitləri təkmilləşdirmə kursunda oxudu. Kapitan rütbəsi ilə yenidən polka qayıdıb idman təlimatçısı işlədi. 1949-cu ilin dekabrında 416-cı Azərbaycan diviziyasına göndərildi. 1956-cı ilin oktyabrınadək, yəni diviziya ləğv olunanadək pulemyotçular bölməsinin komandiri oldu.
Sonralar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hərbiləşdirilmiş mühafizə dəstələrində çalışdı, mayor rütbəsinədək yüksəldi. 1969-cu ildən 1987-ci ilin noyabrınadək, təqaüdə çıxan günə kimi Bakı əczaçılıq məktəbində hərbi təlimatçı işlədi. Sinəsini 17 döyüş ordeni və medalı bəzəyən Yusif Ağakişiyev pensiyaya çıxandan 15 il sonra 84 yaşında vəfat etdi.
Bəli, bu gün deyə bilərik ki, şərəfli döyüş yolu keçmiş Ağakişiyevlər nəslinin də faşist Almaniyası üzərində Qələbənin qazanılmasında rolu olmuşdur.
Telman
ƏLİYEV
Xalq qəzeti.- 2015.- 16 may.- S.14.