Lənkəran gözəl günlərini
yaşayır
Cənub diyarının sakinləri
hələ də Azərbaycan Prezidenti İlham Əliyevin Lənkərana
növbəti səfərinin təsiri altındadırlar. Dövlət
başçısının sosial-mədəni obyektlərin
açılışında iştirakını, ictimaiyyət
nümayəndələri ilə səmimi görüşlərini
onlar böyük məmnuniyyətlə xatırlayırlar və
səfərdən dərhal sonra rayonun inkişafı ilə
bağlı iki sərəncam imzalanmasından hədsiz razıdırlar.
Son illərdə Lənkəran şəhərində geniş abadlıq-quruculuq işləri görülmüş, mühüm infrastruktur layihələri yerinə yetirilmişdir. Ən müasir tələblərə cavab verən Beynəlxalq Hava Limanı, Regional Müalicə Diaqnostika, Əlillərin Reabilitasiya və Uşaq Sağlamlıq Mərkəzləri, turizm obyektləri, Gənclər Mərkəzi istifadəyə verilib, Lənkəran Dövlət Dram Teatrının, Şəhər Mədəniyyət Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin, 350 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının binaları və Mərkəzi stadion əsaslı təmir olunub. Su təchizatı sistemi təkmilləşdirilib, iri istehsal və emal müəssisələri yaradılıb, 35 mindən çox yeni iş yerləri açılıb, 7 çoxmənzilli yaşayış binasında əsaslı təmir işləri aparılıb, əlil və şəhid ailələri üçün 90 mənzilli 3, həmçinin evləri qəzalı vəziyyətdə olan sakinlər üçün 80 mənzilli 3 yaşayış binası inşa edilib, şəhərdaxili yolların 8 kilometrlik hissəsi və yüz iyirmi beş min nəfər əhalinin yaşadığı 54 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 71,5 kilometr olan kəndlərarası avtomobil yolları yenidən qurulub.
Prezident İlham Əliyev Lənkərana səfəri çərçivəsində tarix-diyarşünaslıq muzeyində, yenidən qurulan mədəniyyət mərkəzində, təzə körpələr evi-uşaq bağçasında olub, həmçinin əsaslı təmir edilmiş Liman-Nərimanabad-Balıqçılar avtomobil yoluna baxıb. Dövlət başçısı ictimaiyyətlə görüşü zamanı Lənkəranda keçirdiyi həmin günü gözəl bir gün adlandırıb.
Şəhərin mərkəzi hissəsinin yaraşığını tamamlayan bu nadir bina Lənkəran xanı Mirəhməd xan tərəfindən həyat yoldaşı Tuğra xanımın şərəfinə inşa edilib. Bu gözəl abidə-evi fransız memarları layihələndirib və tikinti işləri də elə onların rəhbərliyi ilə aparılıb. Binanı xarici və yerli ustalar inşa ediblər. Tikinti materialları Bakıdan gəmi ilə daşınıb. Tikintidə Şərq və Qərb memarlıq üslubundan istifadə edilib. Xan evinə 1913-cü ildə Lənkəranda ilk dəfə xüsusi elektrik qurğusu vasitəsilə işıq çəkilib. 1978-ci ildən Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyətə başlayan Xan evi tədricən aşınıb yararsız vəziyyətə düşmüşdü.
Tarixi binanın əsaslı təmirinə 2013-cü ilin sentyabrından başlanılıb və bu ilin aprel ayında başa çatdırılıb. Muzeyin ətrafında da geniş abadlıq işləri görülüb.
Dövlətimizin başçısı muzeyin ekspozisiya zallarına maraqla tamaşa edib. Burada adı qədim yazılı mənbələrdə çəkilən Lənkəranın ərazisində tapılmış və bu diyarın tarixini, etnoqrafiyasını, maddi-mənəvi dəyərlərini, məişətini əks etdirən əşyalar, alətlər, rayonun tarixində baş vermiş mühüm hadisələri əks etdirən sənədlər toplanıb. Muzeyin tam “cavan”laşdırılması ölkəmizdə mədəniyyət sferasına xüsusi diqqət göstərilməsinin daha bir təzahürüdür. İndi lənkəranlılar və şəhərin qonaqları böyük həvəslə buraya gəlir, qədim diyarın tarixini öyrənirlər.
Bölgələrdə mədəniyyət ocaqlarının əsaslı təmir olunması, müasir tipli yeni mədəni infrastrukurun yaradılması regionlarda bu sahənin hərtərəfli inkişafına stimul verir. Bu baxımdan əsaslı şəkildə yenidən qurulmuş Lənkəran Mədəniyyət Mərkəzində yaradılan şərait nümunəvidir. Otuz ildən artıq bir dövrdə buraya təmirçilərin ayağı dəyməmişdi. Nəhayət, ötən ilin aprelində Lənkəran Mədəniyyət Mərkəzinin də üstünə, necə deyərlər, gün doğdu. Bir il ərzində bina ən müasir səviyyəyə çatdırıldı, incəsənət adamlarının fəaliyyəti üçün burada geniş imkanlar yaradıldı.
Əsaslı təmirdən sonra ilk hesabat kimi Lənkəran şəhər uşaq musiqi məktəbləri birləşmiş xorunun dövlət başçısının qarşısında mahnılar ifa eləməsi yaddaqalan olub. Prezident məktəblilərlə xatirə şəkli çəkdirib.
Lənkərana səfərində yeni inşa olunan körpələr evi-uşaq bağçasının da açılışında iştirak edən dövlətimizin başçısı bağçanın rəmzi açılışını bildirən lenti kəsib. Burada da işlər yüksək keyfiyyətlə həyata keçirilib. Ərazisi 0,7 hektar olan bağça 3 binadan ibarətdir. Uşaqların erkən yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, səhhətlərinin qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır. Bundan başqa, musiqi zalı və digər istirahət otaqları da balacaların ixtiyarındadır. Bağçanın ərazisində zövqlə abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb, yay çardağı, oyun meydançası yaradılıb.
Səfər çərçivəsində cənab Prezident iki sərəncamla tikilən Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu ilə də tanış olub. Uzun illər təmir edilmədiyindən bu yol istismara yararsız vəziyyətə düşmüşdü. Onun yenidən qurulmasına 2013-cü il 13 sentyabr tarixli sərəncamla Prezidentin Ehtiyat Fondundan 2 milyon manat və 2014-cü il 6 noyabr tarixli digər sərəncama əsasən isə dövlət büdcəsindən 3,6 milyon manat, ümumilikdə 5,6 milyon manat vəsait ayrılıb.
İnişilin oktyabrında başlanan işlər bu ilin aprelində sona çatdırılıb. On min nəfər əhalinin yaşadığı üç məntəqəni birləşdirən yolun ümumi uzunluğu 18,8 kilometrdir. İnşaat zamanı müasir texnoloji üsullardan istifadə edilib, ətrafdakı bataqlıq qurudulub, əraziyə torpaq tökülərək mindən çox həmişəyaşıl küknar ağacları əkilib.
Belə kəndarası yolların inşası sosialyönümlü tədbirlər olmaqla yanaşı, eyni zamanda, ölkəmizin iqtisadi qüdrətinin nümayişi kimi də mühüm önəm daşıyır. Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən infrastruktur layihələri hər bir bölgəni, rayonu və kəndi əhatə edir.
Prezident İlham Əliyev Lənkəran şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib ki, Azərbaycanın hər bir yerində mədəniyyət ocaqlarının təmiri, bərpası sürətlə gedir. Yollar abadlaşdırılır, müxtəlif sosial obyektlər tikilir. Bu, belə də olmalıdır, xüsusilə Lənkəranda. Lənkəranın çox qədim mədəniyyəti, tarixi var. Biz bu mədəniyyəti, tarixi qoruyuruq. Son illərdə bütövlükdə rayonda görülən işlər ölkəmizin ümumi inkişaf dinamikasını əks etdirir. Son vaxtlar cənub bölgəsində, xüsusilə Lənkəranda infrastruktur layihələrinin icrası sürətlə aparılmışdır. Bu gün deyə bilərik ki, əsas infrastruktur layihələri icra edilib. İki il bundan əvvəl şəhərə içməli suyun verilməsini qeyd etmişik. İndi şəhər içməli su ilə tam şəkildə təmin edilib. Qazlaşdırma sürətlə gedir. Şəhər tam qazlaşdırılıb. Kənd əhalisinin təxminən 80 faizi artıq təbii qaz alır, ilin sonuna qədər, yəqin ki, 100 faizə yaxın bir rəqəm ortaya çıxacaq.
Rayonda yol tikintisi barədə danışan dövlət başçısı bildirdi ki, Lənkəranda bir neçə kənd yolu layihəsi icra edilmişdir. Bu da, əlbəttə ki, həm inkişafa təkan verir, eyni zamanda, böyük sosial məna daşıyır. Çünki Azərbaycan əhalisinin təxminən 50 faizi aqrar bölgələrdə, kəndlərdə yaşayır. Kənd yolları layihəsi, ümumiyyətlə, bütün ölkəmizi əhatə edibdir.
Hazırda
Bakı-Astara magistral avtomobil yolu tikilir. Əminəm ki,
yaxın illərdə istifadəyə veriləcək. Beləliklə,
avtomaşınla gəlib-getmək üçün daha da
gözəl imkan olacaq. Lənkəran aeroportu artıq
neçə ildir ki, fəaliyyət göstərir. Aeroport
sovet dövründə tikilmişdi, amma sonra fəaliyyət
göstərmirdi. Yadımdadır, aeroportun ərazisinə
baş çəkəndə gördüm ki, hər şey
dağılıb və o vaxt qərar qəbul etdim ki, biz yenidən
aeroport tikməliyik. Müxtəlif fikirlər var idi ki, bəs
bu qədər vəsait qoyulacaq, kim istifadə edəcək, yəni,
sadəcə olaraq, bir tikinti obyekti kimi istifadəsiz qalacaq.
Amma bu gün biz görürük ki, bunun nə qədər
böyük əhəmiyyəti var.
Lənkərandan
birbaşa Moskvaya, Rusiyanın digər şəhərlərinə
və başqa yerlərə uçuşlar təşkil
edilir. Nəinki lənkəranlılar, bütün cənub
zonasının sakinləri bu aeroportun xidmətindən istifadə
edirlər. Biz ən müasir təyyarələr
almışıq. Ölkəmizdə 7 aeroport tikilib. Onlardan
5-i beynəlxalq statusa malikdir, biri də Lənkəran
aeroportudur.
Prezident
İlham Əliyev deyib: “Bizim, əlbəttə, böyük
enerji resurslarımız, neft-qaz yataqlarımız var. Bu
gün bunlar Azərbaycan xalqına xidmət edir və
dünya miqyasında öz rolunu oynayır. Eyni zamanda, gözəl
təbii şəraitimiz, Lənkəran kimi gözəl məkanımız
var. Digər bölgələrdə də təbii şərait
unikaldır. Xoşbəxtik ki, belə gözəl ölkədə
yaşayırıq - 9 iqlim qurşağı, hər cür təbii
şərait, münbit torpaqlar, dağlar, çaylar, Xəzər
dənizi, bulaqlar var. Yəni, bu, böyük sərvətdir və
biz bu sərvətdən səmərəli şəkildə
istifadə edirik...
Biz Lənkəranın turizm potensialından da maksimum dərəcədə istifadə etməliyik. Çünki Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır, indi 2 milyondan çoxdur. Lənkəran Beynəlxalq Aeroportu da bir vasitə olacaq ki, biz xarici turistləri cəlb edək. Daxili turizm də inkişaf etməlidir. Təkcə bu məqsədlə yox, eyni zamanda, ölkəmizi gənclər daha yaxşı tanısınlar deyə, biz indi “Ölkəmizi tanıyaq” proqramını icra edirik. Müxtəlif bölgələrdən gənclər Lənkərana, Lənkərandan isə başqa zonalara səfərlər edirlər. Gələcəkdə bu, daxili turizmin inkişafına da təsir göstərəcək. Yəni təbii sərvətlərimizdən səmərəli şəkildə istifadə edərək ölkəmizi daha da gücləndirməliyik, insanların daha da yaxşı həyatını təmin etməliyik”.
Möhtərəm Prezident səfərdən bir neçə gün sonra Lənkəranın inkişafı ilə bağlı iki yeni sərəncam imzalayıb. On üç min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun tikintisi məqsədilə Prezidentin Ehtiyat Fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 3,2 milyon manat, eləcə də Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi üçün 4 milyon manat ayrılıb. Bu isə o deməkdir ki, “cənub mirvarisi” daha da gözəlləşəcək.
Bəli, ölkə rəhbərliyinin gündəlik qayğısı sayəsində Azərbaycanın bütün bölgələri kimi, Lənkəran da gözəl günlərini yaşayır. Sürətli inkişaf yolu onu daha işıqlı sabahlara qovuşduracaq.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2015.- 17 may.- S.7.