O, torpaqlarımızın azad ediləcəyi

günü səbirsizliklə gözləyirdi

 

Laçının işğalından 23 il ötür

 

Şuşanın işğalından sonra qara buludlar Laçının başı üzərində dolaşırdı.Strateji əhəmiyyətinə görə ermənilər Laçını “həyat yolu”adlandırır, Gorus- Şuşa arasında olan bu geniş, həm də tarixi cəhətdən çox əhəmiyyətli massivi işğal etmək haqqında ciddi düşünürdülər. Onlar  bu niyyətlərini gerçəkləşdirmək üçün keçən əsrin əvvəllərindən başlayaraq uzun illər mübarizə aparsalar da, hər dəfə uğursuzluğa düçar olmuşdular.Lakin bu dəfə  xarici havadarlarının sayəsində Şuşanın və  Qarabağın  bir sıra strateji məntəqələrinin işğalından, Gorus- Laçın-Şuşa yoluna nəzarət edə bilən bütün mühüm yüksəklilklərə sahib olduqdan sonra  öz bəd niyyətlərini həyata keçirmək üzrə idilər.

 

Hələ 1992-ci il mayın əvvəlindən Ermənistan ərazilərindən  Laçın, Qubadlı və Zəngilan rayonlarına başlanan artilleriya atəşləri getdikcə intensivləşirdi.May ayının 9-10-da Qubadlı- Laçın- Turşsu istiqamətindəki bölmələrimizi gücləndirmək üçün cəbhə xəttinə əlavə qüvvə və texnika göndərilsə də, Şuşanı azad etmək üçün göndərilən əlavə qüvvələr qarşıya qoyulan tapşırığı yerinə yetirmədən özləri ilə gətirdikləri silah və texnika ilə geri döndülər.Xaincəsinə edilən bu hərəkət və həmin ərəfədə Bakıda hakimiyyəti ələ keçirmək üçün baş verən hadisələr nəticəsində  mayın 18-də  Laçın da müəmmalı şəkildə ermənilər tərəfindən işğal olundu.

1992-ci ilin yayında özündə güc tapan Azərbaycanın hərbi bölmələri Tərtər-Goranboy rayonlarının işğal altındakı ərazilərini və Qarabağın şimalının azad edilməsi istiqamətində əməliyyat həyata keçirməyə başladılar.Məhz   sentyabr – oktyabr aylarında Azərbaycan ordusunun apardıqı əməliyyatlar Laçının geri qaytarılacağına  inamı xeyli artırmışdı. Bu, döyüşçülərimizin Qarabağ müharibəsi ərzində göstərdikləri əsl qəhrəmanlıq nümunəsi idi.Nə həmin vaxta qədər, nə də ondan sonra  döyüşçülərimiz qələbəyə bu qədər yaxın olmamışdı. Belə ki, Azərbaycanın hərbi bölmələri rayon mərkəzinin cənub və şimal hissələrinə nəzarəti ələ keçirərək ermənilərin bütün giriş-çıxış yollarını tamam bağlaya bilmişdilər. Həmin döyüşlərdə Laçın polis taboru əsl fədakarlıq göstərirdi.

Rayonun müdafiəsində fərqlənən igidlərimizdən biri də Laçın   polis taborunun qərargah rəisi, mayor Akif Abıyev idi. Akif  Abıyev 1949-cu il dekabrın 28-də Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olmuşdu.Hələ orta məktəbdə oxuyanda  o, öz fəallığı ilə seçilər, dərslərini yaxşı oxumaqla yanaşı, idmana da böyük maraq göstərərdi. Məktəbdə keçirilən müxtəlif yarışlarda yoldaşları həmişə onun komandasında olmaq istəyərdilər. Çünki bilirdilər ki, Akif haradadırsa , qələbə də həmin komandanındır. Maraqlıdır ki, cəbhə xəttində həmişə irəliyə, hücuma can atan Akif, futbol oyununda çox vaxt müdafiədə dayanardı.

Hələ hərbi xidmətdə olarkən hərbi və siyasi hazırlıq əlaçısı kimi  hərbi hissənin komandanlığı tərəfindən ona hüquq-mühafizə orqanlarında işləmək üçün təqdimat verilmişdi. Buna görə hərbi xidməti başa vurduqdan sonra  (1971-ci ildə) Bakı şəhərindəki Nəsimi Rayon Milis İdarəsinin mühafizə xidmətində işləyirdi...

İş  yerini  Nəsimi rayonundan  Qaradağ rayonuna dəyişən Akif  Abıyev Qarabağ hadisələri başlanandan sonra bir yerdə qərar tuta bilmir, çox narahat görünürdü. Buna görə də  o, öz ərizəsiylə iş yerini dəyişib Qarabağın qaynar nöqtələrindən birinə    Laçın rayon polis şöbəsinə getdi. Burada bir müddət Aşağı Cicimli, Yuxarı Cicimli, Qazıdərəsi kəndlərində sahə müvəkkili işləyən Akif Abıyev həm yerli camaat, həm də həmkarları arasında böyük hörmət qazandı. Onu tez-tez ya Laçının ermənilərlə sərhəd kəndlərində, ya da Şuşa-Laçın arasında yerləşən Qaladərəsi deyilən ərazidə görmək olardı. Cəbhə bölgəsində vəziyyət get-gedə gərginləşdiyindən  rayonun əksər kəndləri boşaldılmış, sərhəd boyunca polis postları qurulmuşdu.Həmin vaxt faktiki olaraq rayonu Laçın polisindən və könüllülərdən ibarət 500 nəfərlik dəstə  müdafiə edirdi. Bu məqsədlə əvvəlcə polis  bölüyü, bir müddət sonra isə polis taboru yaradılmışdı. Bu zaman artıq Akif Abıyev taborun qərargah rəisi idi. O, əsasən kəşfiyyat qurupuna rəhbərlik edirdi.

İşğaldan az sonra,1992-ci il mayın 29-da Laçın polisləri Akif Səlimovun rəhbərliyi ilə Murovu aşıb Kəlbəcər tərəfdən  Laçına doğru hərəkət etdi. Qərargah rəisi Akif Abıyev Qorçu kəndinin yaxınlığında  gedən döyüşlərdə yaralandı. O, müalicə olunaraq yenidən döyüşə atıldı.Kəlbəcərdən Laçına doğru irəliləyən polislər kəndləri bir-bir azad edib orada postlar qururdular. Ermənilər isə itki verə-verə geri çəkilirdilər. Akif Abıyevin sücaəti sayəsində sübh tezdən Bilindüzü istiqamətində gedən döyüşlərdə bir neçə erməni qulduru məhv edildi, qalanları isə UAZ  və xeyli silah- sursatı qoyub qaçdılar. Qənimət kimi əldə edilən UAZ maşını göstərdiyi igidliyə görə  A.Abıyevə hədiyyə verildi. Ona və bir neçə döyüşçüyə polis rəisi Akif Səlimovun təqdimatı əsasında DİN tərəfindən təşəkkürnamə elan edildi.

Daha sonra  mühüm strateji əhəmiyyət kəsb edən Hocaz yüksəkliyi istiqamətində bir neçə gün müşahidələr aparıldı. Kəşfiyyat qruplarının gətirdikləri məlumatlar diqqətlə öyrənildikdən sonra bu istiqamətdə hücuma başlandı. Düşmən əlverişli mövqedə olduğundan gərgin döyüşlər gedirdi. Milli qəhrəmanlar— Oqtay Güləliyev və İsrafil Şahverdiyev, habelə Elşad  Qarayev, Akif Abıyev və digər igid oğlanlarımız çiyin-çiyinə döyüşür, düşmənə aman vermirdilər. Döyüşün üçüncü günü Akif Abıyev başından yaralandı. Bu zaman o, əsl komandir kimi hərəkət edib dedi: “Məni vurdular, siz möhkəm dayanın!”

Güllə yağışı altında onu döyüş xəttindən uzaqlaşdıraraq ilk yardım göstərib helikopterlə Bakıya qospitala yola saldılar. Döyüşü davam etdirən Laçın polisləri Zabux kəndinin yuxarısındakı televiziya stansiyasına qədər irəlilədilər. Ancaq  onlara kömək gəlmədi. O vaxtkı səriştəsiz rəhbərliyin səhvi ucbatından Laçın yenidən  əldən çıxdı.

Bundan sonra Laçının polis taboru döyüşü Füzuli istiqamətində  davam etdirdi. Akif Abıyev müalıcə olunub əlillik dərəcəsi alsa da, evdə otura bilməyib, Cəlilabad polis şöbəsində fəliyyət göstərirdi. Yaraları tam sağalmasa da o, yenə də cəbhəyə can atırdı. Ona görə də  məzuniyyətə  çıxıb yenidən könüllü surətdə Füzuli istiqamətində gedən döyüşlərə qatıldı. Cəbhə bölgəsinə ona hədiyyə edilən UAZ-la gələn A.Abıyev döyüşçü dostlarına çoxlu ərzaq gətirmişdi. Onu yenidən sıralarında görən dostları “Mayor Abıyev gəldi”- deyə sevinirdilər. 1994-cü ilin yanvar-fevral aylarında döyüşçülərimiz Füzulinin Bala Bəhmənli, Böyük Bəhmənli, Alayatı, Cocuq Mərcanlı kəndlərini azad etdi. Sonra atəşkəs elan olundu və Akif Abıyev dövlət xətti ilə  xaricə müalicəyə göndərildi. Müalicədən sonra o, yenə də Cəlilabad polis şöbəsində fəaliyyətini davam etdirdi. Yaraları tam sağalmasa da rayonda hərbi vətənpərvərliklə bağlı  keçirilən bütün tədbirlərdə iştirak etməyə çalışardı.İstəyirdi ki, gənclərimizə cəbhə dostlarının həyat yolundan danışsin, onlarda vətənpərvərlik hissini gücləndirsin. Hətta belə tədbirlərdən birinə  yataqdan qalxıb gəlmişdi. Tədbir zamanı söz alaraq dedi. “ Gənc dostlar, Qarabağ uğurunda döyüşdə torpaqlarımızın bir hissəsini itirsək də, bilin ki, müharibə hələ bitməyib. Ulu öndər Heydər Əliyevin iradəsi sayəsində atəşkəsə nail olduqdan sonra biz günü-gündən müdafiə qüdrətimizi möhkəmləndiririk. Bu gün əminliklə deyə bilərik ki,dövlət başçımızın diplomatik səyləri nəticəsində torpaqlarımız tezlikə işğalçılardan azad olunacaqdır. Ali Baş Komandanın dəmir iradəsi, ordumuzun artan qüdrəti  bunu deməyə əsas verir. Bütün bunlara baxmayaraq bir əsgər kimi biz də döyüşə hazırıq. Ali Baş Komandanımızın əmri olarsa, torpaqlarımızı azad etmək qüdrətindəyik. Haqq-ədalət də bizim tərəfimizdədir.”

Akif  Abıyevin belə odlu-alovlu çıxışları gənclərimizə vətənpərvərlik hissi aşılayır, milli ruh verir və onların qələbəyə inamını artırırdı.  Ölümün gözünə dik baxmağı bacaran, Vətən uğrunda şəhid olmağı həyatdan üstün tutan polis taborunun qərargah rəisi – mayor Akif Abıyev Laçın  uğrunda gedən döyüşlərdə aldığı kəllə-beyin zədəsi səbəbindən 2009-cu il yanvarın 28-də dünyasını dəyişdi. Ömrünün son illərini  yataqda  keçirən Akif Abıyev hələ  sağlığında el arasında “şəhid” adını almışdı. Onunla fəxr edən Cəlilabad camaatı, göytəpəlilər həmin gün öz igid oğlunu böyük ehtiramla son mənzilə yola saldılar. Dəfn mərasimində Qarabağ döyüşçüləri, mərhumun cəbhə yoldaşları, qohumları, yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.  Onun məzarı başında döyüş yoldaşları, rayonun adlı-sanlı ziyalıları nitq söylədilər. Dəfn mərasiminə vaxtilə Akifin müdafiəsində dayandığı  Laçın rayonunun nümayəndələri də gəlmişdilər. Onlar bu igid döyüşçünün ruhu qarşısında öz mənəvi borclarını yerinə yetirdilər.

Bu gün Akif Abıyev cismən aramızda olmasa da, mənən bizimlədir. İstər Cəlilabad rayon rəhbərliyi, istərsə də yerli ərazi icra nümayəndəliyi və bələdiyyə Qarabağ müharibəsində həlak olan Göytəpə şəhidlərinin, o cümlədən Akif Abıyevin xatirəsini əziz tutur. Onların  adları oxuduqları məktəblərə, yaşadıqları küçələrə və digər ünvanlara verilib. Göytəpədə Şəhidlər xiyabanı salınıb. Orada bu şəhərdən olan bütün şəhidlərin barelyefi qoyulub.Hər il göytəpəlilər Novruz bayramında, 28 May-Respublika Günündə, 20 Yanvarda, şəhərdə keçirilən digər tədbirlərdə şəhidlərin xatirəsini ehtiramla yad edirlər. Hazırda doğulub boya-başa çatdığı küçə birinci dərəcəli Qarabağ əlili,  qərargah rəisi, polis mayoru Akif  Abıyevin adını daşıyır.

 

Süleyman ƏLİSA

 

Xalq qəzeti.- 2015.- 17 may.- S.7.