“Dostlarımın gözəl cizgiləri”

barədə düşüncələrim

 

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, tanınmış nasir, tərcüməçi, publisist və ədəbiyyatşünas, gözəl jurnalist Elmira Axundovanın yenicə çapdan çıxmış kitabının adına diqqət yetirirəm : “Dostlarımın gözəl cizgiləri”. Və deyəsən, suallara cavab tapıram. Əvvəla, məni düşündürən insanın bir yox, çox sayda dostunun olması mümkündür. Qəlb məsələsinə gəldikdə, zənnimcə, burada bir çox mətləblər şəxsin özünə, onun potensialına bağlıdır. Yəni, o, ətrafına istədiyi qədər dost toplaya bilər və mövcud çevrə hüdudlarını insanın ürəyinin genişlik, iç dünyasının zənginlik dərəcəsinə mütənasib olaraq müəyyənləşdirəcək. Bu mənada Elmira xanım həsəd aparılacaq insandır. Onun ümumi dostlarının, eləcə də qəlb dostlarının sayı barələrində kitab, hətta kitablar ərsəyə gətirəcək qədər çoxdur.

 

Sənət, peşə incəliklərinin əsasən konkret obrazlara xitabən təqdimatının toplusu olan “Dostlarımın gözəl cizgiləri” kitabı Elmira Axundovanın çoxillik müşahidələrinin, həyat və yaradıcılıq təcrübəsinin məhsulu kimi meydana çıxmış son dərəcə dəyərli nümunədir. Müəllifin kitabda yer alan resenziya və esseləri isə rəngarəngliyi bir qədər də dərinləşdirərək sanki gözəlliklərin təsvirini hədəf seçmiş mənzərəni mütləq şəkildə tamamlayır. Bu mənzərədə kimlər var, hansı məsələlərə diqqət yetirilir, istərdim, fikrimə “Dostlarımın gözəl cizgiləri”nin ayrı-ayrı hissələrinə nəzər salmaqla aydınlıq gətirim.

Nəşrin ilk bölümü “Ədəbi portretlər” adlanır. Təqdimatın adından da göründüyü kimi, müəllif burada ədəbi portretini çəkdiyi insanları canlandırır. Daha doğrusu, həmin portretlər illər ərzində Elmira Axundova qələminin mürəkkəbindən süzülüb gələrək damla-damla toplanan söz səltənətində özlərinə layiqli yer tutublar. Kitab bu yeri daha da möhkəmləndirir, bir növ, yaradacılıq təbili çalmaqla, yaşantılara vətəndaşlıq hüququ vermək missiyasını yerinə yetirir. Hesab edirəm ki, belə bir missiya son dərəcə faydalıdır. Yəqin elə buna görə də Elmira xanım kitabı “insan ruhunun yazısı” adlandırır. “Ədəbi portretlər” bölümünün ilk yaradıcılıq nümunəsi olan “Kitab - insan ruhunun yazısı” məqaləsində müəllif həm də narahatlığını dilə gətirir: “...İndiki gənclik az oxuyur”.

Müəllifin ötən dövrlərlə hazırkı zaman kəsiyinin müqayisəli təhlilinə söykənmiş yazısında keçmişlə müasir dövr arasında ümid çırağını yandıran, sanki ənənələrin davamını gətirən zərgər dəqiqliyi ilə cızdığı portretdir. O portret Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri Zərifə xanım Salahovaya məxsusdur. Zərifə Salahovanın xarakterik cizgiləri fonunda təkcə kitaba deyil, eyni zamanda insanın öz peşəsinə sevgi fəlsəfəsi tərənnümünü tapır.

“Uzun illər sonra mən Polad Bülbüloğludan düz on il özünü səhnədən, mahnı və musiqilərindən təcrid etməsinin səbəbini soruşdum”, –  deyən E.Axundova “İstedadın dönüşü” məqaləsində ötən əsrin 90-cı illərinin əvvəllərinin gətirdiyi təlatümlərin bütövlükdə incəsənəti parçalayacaq xarakterini ortaya qoyur və musiqi sənətinin ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlanan labüd canlanma trayektoriyasını şaxələndirir. Təsəvvür edək ki, o dövrdə ölkədən küskün düşmüş neçə-neçə istedad sahibi yenidən Vətənə dönmək sevincini yaşamışdı. Həmin sevincin doğurduğu yaradıcılıq ruhu indi Azərbaycanı dünya mədəniyyətinin musiqi incisinə çevirib.

Elmira Axundovanın yaratdığı portretlər doğru bildiklərini anlatmaq üçün axına qarşı çıxma bacarığına malik insanlara məxsusdur. Onlar ideyalarına görə tənqidlərə, hətta təqiblərə belə məruz qalıblar. Böyük qazax şairi, yazıçısı və ictimai xadimi Oljas Süleymenovun 1975-ci ildə çapdan çıxmış “AZ i YA” kitabı müəllifə qarşı partiya orqanlarında və akademik dairələrdə sərt reaksiya doğurmuşdu. “Oljas adlı kainat” məqaləsində bu məqamı önə çəkən Elmira xanım məntiqi yükünün “ehkamlara müdaxilə” effekti yaradan əsərin türk dünyası baxımından möhtəşəmliyini konkret epizodlarla vurğulayır, Oljas Süleymenov yaradıcılığındakı zəfəri alqışlayır. Eyni dəst-xətt bir qədər də incə yaşantılı formada 2006-cı ildə “Zerkalo” qəzetində işıq üzü görmüş “Sabir Rüstəmxanlının ömür kitabı” yazısı üçün də xarakterikdir. “Ömür kitabı” 1988-ci ildə çap olundu və milli özünüdərkin dirçəlişinin manifesti oldu. Mənə danışırdılar ki, kəndlərimizdəki gəlinlər ata evindən çıxarkən cehizləri ilə bir yerdə “Ömür kitabı”nı da özləriylə aparırdılar". Bu sətirləri oxuduqca gözlərim önündə kifayət qədər təsirli səhnə canlanır. Bədii ədəbiyyatın gücünə heyran qalmamaq olmur.

Elmira Axundovanın dostları cəmiyyətə yeniliklər gətirən insanlardır: “Mətbuatın senzuranın sərt buxovunda çırpındığı bir vaxtda o, Mətbuatda Dövlət Sirlərinin Mühafizəsi üzrə Baş İdarənin bütün döngə-dalanlarını keçərək qəzetin səhifələrində xeyli cəsarətli tənqidi materiallar verir, mədəniyyət mövzusuna geniş yer ayırır, gənc yazıçı və şairlərin “ədəbi generallar”ın qalın jurnallarda dərc etmək istəmədikləri şer və nəsr nümunələrini dərc edirdi”. Bu fikirlər Axundovanın “O, ilk cığır açan idi” məqaləsindəndir (2008-ci ildə “Respublika” qəzetində dərc edilib). Yazının qəhrəmanı isə Azərbaycanın klassik jurnalistikasının görkəmli nümayəndəsi Nəsir İmanquliyevdir. Nəsir İmanquliyevin prinsipial dəst-xətti də, əslində, dövrün qərarlaşmış strukturuna müdaxilə idi.

Sovet ədəbiyyatının sonuncu romantiki kimi qiymətləndirdiyi İmran Qasımovun (“Sovet ədəbiyyatının sonuncu romantiki” məqaləsi), yaddaş yerinin qoruyucusu olan Anarın (“Yaddaş yerinin qoruyucusu” məqaləsi), mahnıları ilə qəlbləri ovsunlamış Müslüm Maqomayevin (“Qoy hər şey necə varsa elə qalsın” məqaləsi), rənglərin sehrli aləmində bərq vuran Rasim Babayevin (“Mən şəkillərimi çəkməyə bilmərəm” məqaləsi) və digərlərinin daxili aləmlərini tərənnüm edən nümunələr həmin yaşantını zənginləşdirmək baxımından olduqca əhəmiyyətli məxəzlər, sanballı tədqiqatların əvəzsiz mənbələridir.

Elmira xanım istər Azərbaycan Dövlət Teleqraf Agentliyinin baş direktoru Aslan Aslanova həsr etdiyi “Dost haqqında ürək sözləri” sərlövhəli yazısında, istərsə də qələm dostları ilə bağlı digər materiallarda jurnalistikaya sadiq obrazlara yeni nəfəs gətirir və bildirir ki, bu insanların hamısını peşəkarlıq, məsuliyyət hissi vahid komanda kimi birləşdirir.

Maraqlıdır, Elmira Axundovanın müşahidələrinin jurnalistika ilə bağlı tənələri də var. Məsələn, o deyir ki, jurnalist peşəsi - nankordur. Öz vaxtının hətta ən populyar KİV nümayəndələrinin adları və soyadları aktyorların, estrada və kino ulduzlarının adları kimi tez unudulur və bəzən artıq gənc oxucular nəslinə heç nə xatırlatmır. Ancaq vurğuladığı cəhət müəllifi ruhdan salmır və o, peşə etikasının hesab edirəm, bütün zamanlarda doqmatik sayıla biləcək prinsiplərindən söz açır: “Jurnalist peşəsi - peşəkar yararlılığa daimi imtahandır. O, hər dəfə təmiz vərəqdən başlamalıdır, zira əgər o, dezinformasiya verməyi, ya yalan söyləməyi özünə rəva görərsə, nə məşhurluğu, nə onlarla gurultulu məqaləsi jurnalistin reputasiyasını xilas edə bilməyəcəkdir”.

2005-ci ildə qələmə alınmış “Ruhun səyahəti”ndə o zaman gənc yazıçı kimi populyarlaşmaqda olan Günel xanımın hekayələrində ağır yaradıcılıq yükünü daşıdığı nəzərə çatdırılır: “O, tənha ağsaqqalın xiffətini, sevgilisinin xəyanətinin ölümcül ağrılarını, yeganə oğullarını itirmiş yaşlı adamların sonsuz dərdlərini, həyatda son saatlarını yaşayan özünə qəsd edəcək adamın vəziyyətini hiss və təsvir etmək istedadına malikdir”.

“Dostlarımın gözəl cizgiləri”nin ikinci bölümündəki “Ölən dünyam” məqaləsi Azərbaycanın görkəmli yazıçısı İsmayıl Şıxlının “Ölüləri qəbiristanda basdırın” pyesi əsasında qoyulmuş tamaşanın premyerasından qaynaqlansa da, əslində, mövzu yükü İsmayıl Şıxlının “Ölən dünyam” romanına nəşət edir. Müəllif 2005-ci ildə qələmə aldığı bu məqalədə bildirir: “Biz dövlət müstəqilliyimizi qazandıq, möhkəmləndik, ayağa qalxdıq, ən nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına üzv qəbul edildik. Bununla belə, biz bu illər ərzində nəyisə itirdik (ümid edirəm ki biryolluq yox). Şəxsən, mənim üçün son onilliklərin ən acı itkisi əksər həmvətənlərimin artıq yaxşı və ağıllı kitab oxumamasıdır. Oxuduqları, ən yaxşı halda, siyasiləşdirilmiş dövri mətbuat və kriminal detektivdir. Çox təəssüf. Zira, İsmayıl Şıxlının  “Ölən dünyam” romanı kimi kitablar, bu gün bizə əzab verən bir çox suallara cavab verir”.

Elmira xanımın qocaman Azərbaycan yazıçısı, fəlsəfə elmləri doktoru, professor Gülrux Əlibəylinin “Zaman və özüm haqqında” kitabı ilə bağlı düşəncələrinin qələmə alındığı “Üstün gəlmə” resenziyasındakı baxışları da maraq doğurmaya bilməz: “Bu, üstün gəlmə barədə kitabdır - fobiyalara, ölüm qorxusuna, mənasız yığıcılıq ehtirasına üstün gəlmə haqqında, bu, əzablara necə qalib gəlməyi, xırda şeylərə xərclənməməyi, boşuna vaxt itirməməyi, sadəcə yaşamağı - hər gündən son an kimi həzz alıb yaşamağı öyrədən kitabdır. Bu “sadəcə yaşamaq” sənətini Gülrux xanım mükəmməl mənimsəmişdir və öz kitabında bizə bunu öyrətməyə çalışır".

Üç cildən ibarət olan düşüncələr “Resenziyalar” bölümünün məğzini təşkil edir. Hərçənd bu hissə üçün xarakterik xüsusiyyətlərdən biri də yazıçı Elçinin yaradıcılığının, eyni zamanda, həm bədiiliyə, həm də teatrallığa söykənən geniş təsviridir: “Elçin istedadının qidalandığı ədəbiyyat kainatı həqiqətən də hüdudsuzdu. Burda antik dövrdən XX əsrə qədər bütün zamanlar, bütün cərəyanlar, bütün millətlər təmsil olunub. Bu sonsuz kainatda vaxtından əvvəl sönən, məhv olan xırda, nəhəng ulduzlardan tutmuş, əsrlərlə sayrışan və parıltısını bu gün də üstümüzdən əskik eləməyən ulduzlara qədər hər şey var” (Elçinin “Zaman və Söz” kitabı haqqındakı “Əzəl başdan Söz idi...” resenziyasından).

“Dostlarımın gözəl cizgiləri” kitabının üçüncü, sonuncu hissəsi esselərdən ibarətdir. Bu hissədəki ilk yaradıcılıq nümunəsi Elmira Axundovanın Azərbaycanda rus dili və rusdillilər ətrafında gedən müzakirələrə baxışının ifadə olunduğu “Tərəfləri necə yaxınlaşdırmalı?” yazısıdır.

Elmira xanımın 2010-cu ildə qələmə aldığı “Qəbələ festivalı - həmişə səninlə olan bayram” essesindən də aşkar duyulur. Ecazkar Qəbələ təbiətinin musiqi ilə harmoniyasının təcəssümü kimi qiymətləndirdiyim “Qəbələ festivalı - 2011" essesi də üzərində xüsusi dayanılmalı olan yaradıcılıq təntənəsidir. Bəli, müstəqillik illərində dahi Rastrapoviçlə Azərbaycana qayıdan klassik musiqi keçirilməsi artıq ənənə halını almış Qəbələ Beynəlxalq festivalları ilə ölkəmizin dünyaya açdığı böyük mədəniyyət pəncərəsidir.

Musiqi çox böyük qüvvədir, cəmiyyətin kübarlıq və nəciblik elementidir. “Dostlarımın gözəl cizgiləri”ni oxuduqca gəldiyim qənaətlərdən biri də budur ki, Elmira xanımın cizgilərini gözəl cızdığı dostlarından biri də məhz musiqidir. Axı, həmkarım özü də peşəkarlıqla yanaşı, nəciblik və kübarlıq nümunəsidir.

Sonda yenidən dostluğa qayıdaraq ABŞ-ın görkəmli dövlət xadimi, ölkənin 16-cı prezidenti Avraam Linkolnun bir fikrini də xatırlayıram. O bildirir ki, ən yaxşı dostu oxumadığı kitabı ona bağışlayan adamdır. Qarşınızdakı nəşr Elmira Axundovanın müxtəlif illərdə qələmə aldığı məqalələrin toplusu olduğundan, yazıların bir çoxu mənə tanışdır. Bununla belə, özümü oxumadığım kitabın oxucusu kimi hiss edirəm və hissiyatım illərin dostu olan Elmira xanımdan qidalanır. Digər tərəfdən, düşünürəm ki, nə vaxt yazılmasından asılı olmayaraq, kitabda yer alan məqamlar daim aktualdır, yenidir, zamanla səsləşir. Bu isə o deməkdir ki, “Dostlarımın gözəl cizgiləri” hörmətli Elmira Axundovanın bütövlükdə Azərbaycan cəmiyyətinə ərməğanıdır. Cəmiyyətin dostu olan dəyərli həmkarıma yeni yaradıcılıq uğurları arzulayıram.

 

Əflatun AMAŞOV,

Azərbaycan Mətbuat Şurasının sədri

 

Xalq qəzeti.- 2015.- 17 may.- S.6.