Bərdədə, Tərtər sahilində
bahar düşüncələri
Bərdə...
Üçminillik tarixi olan bu qədim yurdun şəninə
neçə-neçə şeir qoşulub, mahnı bəstələnib.
Hələ XII əsrdə Nizamidən üzübəri Bərdənin
gözəlliyindən ilham alan bir çox şairlər hiss və
düşüncələrini misralara çevirib şəhərin
hüsnünü şövqlə vəsf ediblər. Amma yəqin
ki, Bərdə heç vaxt indiki qədər gözəl və
cazibədar olmayıb. Baharda xüsusən cilvələnən,
yaşıl örpəyini başına çəkən bu qədim
və müasir şəhər adamı, sözün əsl mənasında,
heyran edir.
Bir gözəl bahar günündə Bərdənin ən cazibəli məkanlarından biri olan Heydər Əliyev adına park-bulvardakı oturacaqlardan birində əyləşərək düşüncələrə dalıram. Bərdə mənim üçün də doğma bir yerdir. Uşaqlıq və gənclik illərimdə yolum buradan çox keçib. Ağdam işğal olunandan çalışdığım qəzetin müxbir məntəqəsi bu şəhərdə yerləşir. Bərdə bu illərdə bilavasitə mənim gözlərim qarşısında dəyişib, onun hüsnünə vurulan hər naxışın şəxsən şahidiyəm.
Vaxtilə düz-əməlli bağı, parkı olmayan şəhərdə bu gün neçə-neçə səfalı, hər cür şəraiti olan istirahət məkanları sıralanır: Zümürxan, Nüşabə, Səhəng bulağı parkları, Qəhrəmanlar parkı. Şəhərin Heydər Əliyev prospektində, Bakı, Koroğlu küçələrində də gözəl parklar salınıb. Bu sıraya Bayraq meydanındakı, Heydər Əliyev Mərkəzinin qarşısındakı parkları da əlavə etsək, böyük bir siyahı alınar. Əslində, bu istirahət məkanlarının hər biri ayrı-ayrılıqda bir yazının mövzusudur. Odur ki, hələlik müxtəsər siyahı ilə kifayətlənməli olacağıq.
Təxminən, üç ay əvvəl, martın 12-də möhtərəm Prezidentimiz İlham Əliyevin şəxsən açılışını etdiyi Heydər Əliyev adına park-bulvarın isə başqa bir yeri, özgə bir hüsnü var. Tərtər çayının hər iki sahili boyu 47 hektar ərazini əhatə edən park-bulvarı gəzməklə qurtarmaz. Mübaliğəsiz demək olar ki, bu geniş, bənzərsiz istirahət məkanının regionda, bəlkə də respublikada tayı-bərabəri tapılmaz.
Belə deməyə yetərincə əsasımız var. Park-bulvarda öz əzəməti ilə diqqəti ilk baxışda cəlb edən giriş qapısını seyr edirəm. Eni 36 metr, hündürlüyü 12 metrə çatan əsas giriş qapısı milli memarlıq üslubunda bəzədilib. İki istiqamətdən çəkilən asma körpülər, on iki fəvvarənin bir-birinə bu körpülər vasitəsilə birləşdirilməsi parkın ecazkarlığını daha da artırır.
Parkın mərkəzində ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi ucalır. Heykəlin ətrafında çay yatağını xatırladan kompozisiya quraşdırılıb. Ərazidə 10 hektar sahəni əhatə edən iki süni göl yaradılıb, suya qayıqlar salınıb. Kompleksdə nəhəng monitor quraşdırılıb. Onun vasitəsi ilə burada keçiriləcək müxtəlif tədbirləri izləmək mümkündür.
Park-bulvarın özəllikləri bununla bitmir. Velosiped həvəskarları
üçün 1,2 kilometr uzunluğunda
yol salınıb. Min tamaşaçı yeri olan süni
örtüklü stadion, örtülü əl oyunları
meydançası, min yerlik yay kinoteatrı, iki min kvadratmetr ərazini
əhatə edən uşaq əyləncə mərkəzi,
ana-uşaq kafesi, ikimərtəbəli çay evi, istirahət
köşkləri, ticarət və iaşə obyektləri
istirahətə gələnlərə yüksək səviyyəli
xidmət təqdim edir.
Tərtər
çayının sağ sahilində süni təpə və
yaşıllıq massivi yaradılıb, 20 mindən çox
çiçək, gül kolu və ağac əkilib. Ərazidə 22 kilometr uzunluqda su, 27 kilometr yeraltı
elektrik xətti çəkilib, ən müasir
işıqlandırma sistemi və on relyefbirləşdirici
pilləkən quraşdırılıb. Bütün
bunlar möhtəşəm mədəniyyət və istirahət
mərkəzində görülən işlərin miqyası
barədə əyani təsəvvür yaradır.
Bərdə son illər həyatın bütün sahələrində
görünməmiş sürətlə inkişaf edir,
özünün intibah dövrünü yaşayır. Vaxtilə bu
rayonun adı çəkiləndə təsəvvürə
yalnız pambıq, taxıl, tərəvəz istehsalı gəlirdisə,
bu gün tam fərqli mənzərə yaranıb.
Çox da uzaq olmayan keçmişdə iri aqrar bölgə
kimi tanınan Bərdə regionun mədəni mərkəzi səviyyəsinə
də yüksəlib.
Hər qarışında, hər daşında
bir tarix yatan bu qədim məkan özünün
saysız-hesabsız maddi-mənəvi abidələri ilə fərqlənir.
Burada tarixi keçmişimizə xüsusi diqqət
və qayğının nişanələri də
özünü hər addımbaşı büruzə verir.
Çayın ortasındakı qədim karvan yolu
körpüsünün qalıqlarına baxa-baxa tariximizə
bu cür həssas münasibətin özəl səbəbləri
haqqında düşünürəm. Bərdə
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi
İsayev ixtisasca tarixçidir, tarix üzrə fəlsəfə
doktorudur. Bərdənin tarixi abidələrinə
belə qayğı ilə yanaşılması, onların
qorunması və bərpası, yəqin ki,
başçının ixtisasından qaynaqlanır. Təkcə ixtisasındanmı? Vidadi
İsayev təbiətən qurucu, yaradıcı insandır.
Bunun təzahürü gündən-günə geniş
vüsət alan tikinti-quruculuq işlərində
aydın görünür. Bu park-bulvarı da müəyyən
mənada onun yaradıcı təxəyyülünün,
arzularını gerçəkləşdirmək bacarığının
məhsulu hesab etmək olar...
Məni
elə bu vaxt düşüncələrdən tanış
səs ayırır. Nə xoş təsadüf! Ürəyimdən
bu dəqiqələrdə Vidadi müəllimlə burada – məhz
hər daşını- divarını özünün
qoydurduğu, hər ağacını- çiçəyini
öz nəzarəti ilə basdırtdığı, Bərdənin
sonsuz yaraşığına çevrilən bu park-bulvarda
görüşüb söhbət etmək keçirdi. Söhbətimizə də elə park-bulvarın
açılışından başladıq. Prezident İlham Əliyevin rayona tarixi səfərini
xatırladıq. İndi Bərdədə
çoxları bu səfərin unudulmaz, xoş təəssüratı
altında yaşayır və işləyir.
– Möhtərəm Prezidentimiz Bərdəyə son
dörd ildə dörd dəfə səfər edib, – deyən
Vidadi müəllim bunu dövlət
başçısının regionlara diqqət və
qayğısının əyani təzahürü kimi səciyyələndirir. – Özünüz də
gördünüz, cənab İlham Əliyev təkcə
axırıncı səfəri zamanı neçə-neçə
mühüm obyektin açılışını etdi: Heydər
Əliyev adına park-bulvar, “ASAN xidmət”
mərkəzi, Uşaq İncəsənət Mərkəzi,
Qarabağ aqrar-sənaye parkı, 11 kəndi birləşdirən
avtomobil yolu... Onların hər biri, ilk növbədə,
əhalinin rifahına və rahatlığına, sosial-iqtisadi
inkişafa xidmət edən layihələrdir.
Söhbət edə-edə Tərtər
çayının sahilinə enirik. Vidadi müəllim əli ilə
qarşı tərəfə işarə edərək deyir:
–
Park-bulvarımız hələlik orada qurtarır. Amma bu, hələ son deyil. Nəzərdə
tutmuşuq ki, Tərtər çayı boyunca bulvarı 4,3 kilometrə qədər uzadaq, 30 hektar ərazidə
təbii göllər yaradaq. Çayın
üzərində yeni asma körpü də tikiləcək.
Uzunluğu 128, eni 18,5 metr olacaq
körpünün layihəsi artıq hazırdır. Park-bulvar ərazisində Qarabağ Dövlət
Tarix Muzeyinin tikilməsi də nəzərdə tutulur. Möhtərəm Prezidentimiz hər iki layihəyə
baxdı, çox bəyəndi.
Söz-sözü çəkir və Vidadi İsayev
rayonda son aylar görülən işlərdən, əldə
olunan uğurlardan danışır. Yenidən qurulan yollar
və körpülər, yeni tikilən, əsaslı təmir
olunan məktəb və xəstəxana binaları, gündən-günə
abadlaşan şəhər və kəndlər. Obalara su və qaz çəkilir, əhalinin sosial
problemləri öz həllini tapır. Hamısı
bir-bir sadalansa, uzun siyahı alınar.
Bu yerdə haşiyə çıxaraq qeyd etməyi
lazım bilirəm ki, təkcə bu ilin ilk üç
ayında rayonda 54 milyon manatlıqdan çox ümumi məhsul
istehsal olunub.
Bunun 3,4 milyon manatlığını sənaye
məhsulu təşkil edib. Həmin müddətdə əsaslı
kapitala yönəldilmiş 5 milyon manatdan çox vəsaitin
4,8 milyon manatı, yəni 95 faizi
tikinti-quraşdırma işlərinin payına
düşür. Göründüyü kimi,
fakt və rəqəmlər rayon həyatının
bütün sahələrinin dinamik inkişafından xəbər
verir.
Həmsöhbətimin nəzərləri park-bulvar ərazisindəki
VII əsrə aid nadir tikilinin qalıqlarına yönəlir. Mən də
həmin səmtə baxıram və söhbətimizin
mövzusu dəyişir. Tərtər
çayının yatağında göl və şəlalələr
yaradılarkən uzaq keçmişimizin nişanəsi olan qədim
körpünün qalıqlarına zərrə qədər də
xətər toxunmasına imkan verilməyib. Vaxtilə karvan yolu üzərində yerləşən
bu körpü Bərdənin Yaxın və Orta Şərqdə
iri ticarət və mədəniyyət mərkəzi kimi
formalaşmasında mühüm rol oynayıb.
– Möhtərəm Prezidentimiz tarixi keçmişimizə,
abidələrimizə son dərəcə həssaslıqla
yanaşır, – deyə Vidadi İsayev dövlətimizin
başçısının rayona səfəri zamanı
Əcəmi memarlıq məktəbinin nümayəndələrindən
biri olan Əhməd bin Əyyub əl Hafiz Naxçıvani tərəfindən
1322-ci ildə inşa edilmiş Bərdə türbəsində
aparılan təmir-bərpa işlərinin gedişi ilə
şəxsən maraqlandığını xatırlatdı.
Vidadi müəllim nadir memarlıq nümunəsi olan Bərdə
türbəsinin sovet rejimi dövründəki acı taleyindən
də söz saldı. Azərbaycanın bolşeviklər tərəfindən
işğalından sonra abidənin ərəb əlifbası
ilə yazılmış kitabələri silinmiş, qala
qapıları dağıdılmışdır. Sonradan uzun illər baxımsız qalan abidə bərbad
vəziyyətə düşmüş, hətta ərazisi
ayrı-ayrı şəxslər tərəfindən zəbt
olunmuşdu. Xoşbəxtlikdən türbə bu
repressiya və özbaşınalıqlara tab gətirə
bilib və artıq ikinci həyatını yaşamaqdadır.
Park-bulvar ərazisindəki uca sərv ağacının
yanında ayaq saxlayırıq. Onu 1979-cu ildə ulu
öndər Heydər Əliyev Bərdəyə səfəri
zamanı öz əli ilə əkib. Ümumiyyətlə,
Heydər Əliyev hakimiyyətdə olduğu hər iki
dövrdə Bərdə və bərdəlilərə
xüsusi həssaslıqla yanaşıb. Ulu öndərin
adına layiq mədəniyyət-istirahət
parkının yaradılması Bərdə camaatının
bu dahi şəxsiyyətin xatirəsinə dərin
ehtiramının təcəssümüdür. Ənənələr
yaşayır və bu gün Prezident İlham Əliyev də
Bərdəyə eyni həssaslıqla yanaşır.
İki ay əvvəl dövlətimizin
başçısı 36 il əvvəlki ənənənin
davamı olaraq parkda ağac əkib.
Son ayların yadda qalan hadisələrindən biri də
Bərdədə 588 məcburi köçkün ailəsi
üçün salınan yaşayış kompleksinin istifadəyə
verilməsidir.
Kompleks çox sürətlə, cəmi doqquz
aya yaradılıb. Burada 588 mənzil, 640
şagird yerlik məktəb, 140 yerlik uşaq
bağçası, ATS və digər inzibati binalar tikilib.
Bərdəyə səfəri zamanı kompleksə
baş çəkən Prezident İlham Əliyev
görülən işlərdən
razılığını bildirib.
Söhbətimizin bu yerində xəyal məni
keçmişə, ətraf rayonlardakı əhalinin
yurd-yuvasından didərgin düşdüyü
ağrı-acılı günlərə aparır. O vaxt minlərlə məcburi
köçkün Bərdəyə pənah gətirmişdi.
Onlar uzun müddət ilan mələyən
çöllərdə qurulmuş çadır düşərgələrdə,
ictimai binalarda dözülməz şəraitdə
yaşamalı oldular. İndi həmin
çadır düşərgələrin hamısı ləğv
olunub. Məcburi köçkünlər
onlar üçün salınmış qəsəbələrə
köçürülüb. Bu qəsəbələrdə
yaşayış üçün normal şərait
yaradılıb. Amma ürəklər yenə doğma
yurd həsrəti ilə göynəyir...
İlin
buraxılış obyektləri arasında Bərdə regional
“ASAN xidmət” mərkəzinin də xüsusi yeri var. Vidadi
müəllim mərkəzin açılış mərasimində
Prezidentin dediyi sözləri xatırladır: “Gözəl
binadır. Şəhərə yaraşıq
verir. Daxili dizayn da gözəldir. Əsas məsələ ondan ibarətdir ki, burada
yüksək xidmətlər göstəriləcəkdir.
Bu, sayca səkkizinci “ASAN xidmət”dir”.
“ASAN xidmət” Bərdəyə özünəməxsus
müasir ab-hava, gegion əhalisinə rahatlıq gətirib. Tikintisi, təxminən, bir il çəkən dördmərtəbəli
bina ən yüksək standartlara cavab verir. Mərkəz
şəhərin Heydər Əliyev prospektində, infrastruktur
obyektlərinə yaxın ərazidə yerləşir. Burada internetə açıq olan kompyuterlər
qoyulub və vətəndaşların bütün növ
elektron xidmətlərdən yararlanması üçün
şərait yaradılıb. Mərkəzdə
170 nəfər işlə təmin olunub, onların da 60 nəfəri
könüllüdür. Burada kitabxana,
kafe, ana-uşaq otağı, uşaq əyləncə mərkəzi
yaradılıb.
Bərdə rayonunda təhsil, mədəniyyət, səhiyyə,
idman və digər sahələrdə işlər yüksək
səviyyədə aparılır. Uşaqların təlim-tərbiyəsi
və onların sağlam böyümələri daim diqqət
mərkəzindədir. Prezidentin
iştirakı ilə açılışı edilən
Uşaq İncəsənət Məktəbinin yeni binası
buna ən gözəl nümunədir.
Deyirlər ki, abad kənd yolundan tanınar. Bərdə
bu baxımdan da fərqlənir. Prezidentin ehtiyat fondundan
ayrılan vəsait hesabına son aylarda 10 mindən çox əhalinin
yaşadığı 11 kəndi birləşdirən 15,5
kilometr uzunluğunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar
avtomobil yolu yenidən qurulub. Həmçinin
Alpoud-Mustafaağalı-Nazırlı-Qaratəpə avtomobil
yolu əsaslı təmir olunub. Bu yol 24 min
nəfərdən çox əhalinin yaşadığı
14 kəndi birləşdirir. Onun istifadəyə
verilməsi ilə Alpoud və Nazırlı kəndləri
arasında gediş-gəliş məsafəsi üç dəfə
azalıb.
Təbii ki, bu uğurları şərtləndirən
amillər sırasında iqtisadi amil mühüm yer tutur. Yəni, yox
yerdən heç nə yaranmır. Bu barədə
danışan Vidadi müəllim bu yaxınlarda istifadəyə
verilən Qarabağ Aqrar Sənaye Parkını misal çəkir:
–
Müasir təsərrüfat modeli olan bu park sahibkarlara
dövlət dəstəyinin miqyasını aydın əks
etdirir. Fikir verin, onun tərkibinə 5 min tonluq logistik mərkəz,
4200 başlıq ətlik və südlük istiqamətli
heyvandarlıq kompleksləri, ildə 5,4 min ton istehsal
gücünə malik ət kəsimi və emalı fabriki,
saatda 10 ton yem istehsal edən zavod daxildir. Burada 300 nəfər
daimi iş yeri ilə təmin olunub.
Gün əyildikcə park-bulvara gələnlərin
sayı artır. Ayaq saxlayıb onlardan bir neçəsini
söhbətə tutur, nə düşündüklərini
öyrənirəm.
Şəhərin
ahıl sakini Arif Əliyev deyir:
– Mən Bərdənin həm sovet dövründəki,
həm də müstəqilliyimizin ilk illərindəki vəziyyətini
yaxşı xatırlayıram. O vaxt belə bir parkı heç təsəvvürə
gətirmək olmazdı. Bilmirdik, boş
vaxtımızı necə keçirək, harada dincələk.
İndi köhnə Bərdədən əsər-əlamət
qalmayıb. 47 hektar az ərazi deyil, gəzməklə
qurtarmaz. Parkda qocanın da, cavanın da istirahət
etməsi üçün hər cür şərait var. Gecəsi
gündüzündən seçilmir. Sağ olsunlar
möhtərəm Prezidentimiz, icra başçısı. Bizə bu cür şərait yaradıblar.
Televizorda xarici ölkələri tərifli şəhərlərinə
baxıram. Bizim Bərdə gözəllikdə onlardan geri
qalmır. Belə park-bulvar harada var? Şəhərdə daha neçə-neçə
kefin istəyən istirahət məkanı yaradılıb.
Bu gün “ASAN xidmət”ə getmişdim. Adamı ədəb-ərkanla qarşılayıb
yola salırlar. Sağ olsun onu qurub-yaradanlar.
Bərdə
gənclərinin nümayəndəsi Fazər Hümmətov
yaşlı həmyerlisinə qoşulur:
– Bahar gələndən, demək
olar hər axşam yaşıdlarımla bu gözəl parka gəlirəm.
Birlikdə istirahət edir, əylənirik.
İstəyirsən – qayıq gəzintisinə çıx,
istəyirsən –
velosiped sür. Mən idman həvəskarıyam.
Şəhərimizdə Olimpiya İdman Kompleksi tikilib, neçə-neçə
idman meydançası salınıb. İdman
artıq biz gənclərin həyat tərzinə
çevrilib. Bunun da əsas səbəbi
yaradılan şəraitdir. Biz gənclər
dövlətimizin, Prezidentimizin, icra hakimiyyəti
başçısının bu diqqət və
qayğısından çox razıyıq.
... Günəş uzaq üfüqlər arxasında
gözdən itir. Qədim Bərdə
torpağına ilıq bir bahar axşamı düşür.
Park-bulvarın gur işıqları
alatoranlığı yararaq ətrafı nura boyayır. Bu xoş mənzərə rayonun icra
başçısı ilə söhbətimizin
yaratdığı ovqatı tamamlayır, Bərdənin daha
işıqlı sabahından xəbər verir.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2015.- 23 may.- S.14.