Kəmərliyə gedən yol
Qazaxın sərhəd kəndlərinə
xüsusi diqqət və qayğı göstərilir
Kəmərliyə
gedirik. Bu o Kəmərlidir ki, hələ 31 il qabaq, yəni daha dəqiq
desək, 1984-cü il oktyabrın 24-də
ermənilərin əsassız iddia etdiyi meşə massivinə yerində baxmaq istəyən nümayəndə heyətinə
kəndin 150 nəfərdən çox sakini hücum çəkmişdi,
öz etiraz səsini
ucaltmışdı. O zaman Azərbaycan
SSR Nazirlər Soveti sədrinin müavini Ş. Rəsizadə, Qazax Rayon Partiya
Komitəsinin birinci katibi
A. Süleymanov, rayon
icraiyyə komitəsinin sədri B. Eyyubov, Ermənistan SSR Nazirlər Soveti sədrinin birinci müavini V. Movsesyan, Ermənistan
KP Noyemberyan rayon komitəsinin
katibi P. Mamyan
maşınlara doluşub kənd
camaatının əlindən canlarını zorla
qurtara bilmişdilər.
O dövr üçün bu, bəlkə də ilk ciddi etiraz dalğası idi. Yaranmış vəziyyət Azərbaycan KP MK bürosunun 12 noyabr 1984-cü il tarixli iclasında “Qazax rayonunun Kəmərli kəndində münaqişə haqqında” adı altında müzakirə edildi. Rəsmi şəxslərin bir çoxu cəzalandırıldı, töhmət aldı, partiya sıralarından çıxarıldı. Nəticədə isə Ermənistanın əsassız iddiası təmin edildi, Azərbaycanın meşə massivinin yüz hektarlarla sahəsi mənfur qonşulara verildi.
- Onsuz da gec-tez bu torpaqları qaytaracağıq, – deyə Kəmərlinin ərazi icra nümayəndəsi Səməd Orucov hiddətini gizlədə bilməyərək əli ilə həmin sahəni göstərir. - Hələ bu, azmış kimi neçə illərdir rahatlığımızı pozurlar , o gördüyünüz yüksəkliklərdən kəndi atəşə tuturlar. Sağlığınıza dərslərini veririk. Bir-iki aydır tamam qınlarına çəkiliblər. Görürlər yox, necə deyərlər, bu xına o xınadan deyil.
S. Orucovun atası uzun illər bu kənddə sovxoz direktoru olub, hörmət qazanıb. Elə oğlu da çalışır ki, həmin xoş təəssürat unudulmasın, ona göstərilən etimadı işi ilə doğrultsun. Əhalisinin sayı 3100 nəfəri keçən Kəmərlidə əsasən taxılçılıq və heyvandarlıqla məşğul olurlar. Su problemləri yoxdur. Kəndin kənarındakı göldən istifadə edirlər. Digər su mənbələri də var. Kəndin məktəbi, xəstəxanası,mədəniyyət evi hələ keçən əsrin 70- ci illərində inşa olunub. A. Bəbirov adına məktəb son vaxtlar elə gözəl əsaslı şəkildə təmir olunub ki, baxdıqca göz oxşayır. Bu, şagirdlərin təhsilinə də müsbət təsir göstərib.Təkcə keçən il Kəmərlidən 8 nəfər respublikanın ali məktəblərinə qəbul olunub. Onlardan biri də 592 bal toplayan Aygün Orucovadır, kənd bələdiyyəsinin sədri Cahangir Orucovun qızı. C. Orucov deyir ki, rayon icra hakimiyyəti belə sərhəd kəndlərində təhsilin inkişafına daha çox diqqət və qayğı göstərir. Nəticələr də sevindiricidir.
...İncə dərəsində, səfalı bir guşədə yerləşən Kəmərlidə həyat öz axarı ilə davam edir.Ermənilərin yüksəklikdə olmasından istifadə edib kəndi atəşə tutması onları qətiyyən qorxutmur.Post-patrul xidməti yaradılıb. Ziyalılardan ibarət qrup da təşkil olunub, 9 üzvü var.Tez-tez kənd əhalisi arasında olur, söhbətlər aparırlar. Sərhədçilərimizin də yüksək əhval -ruhiyyədə olmaları kənd camaatını daha mübariz edib. Adamlar arasında vətənpərvərlik hissi olduqca güclüdür. Münaqişə başlanandan indiyədək 19 şəhid verən Kəmərli düşməndən qisas almaq, vaxtilə onlardan zorla qopardılmış o füsunkar meşələri geri qaytarmaq əzmi ilə yaşayır. Kəndə göstərilən diqqət və qayğı onları daha da ruhlandırır. Göl kənarında kənd camaatı ilə söhbət edirik. Söhbətə mənə bələdçilik edən rayon ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyev də qoşulur:
– Kəmərlidə normal həyat şəraiti yaradılıb. Gələndə gördünüz, 9 kilometrlik necə gözəl asfalt yol çəkilib. Sutkanın 24 saatını qaz, işıq alırlar, problem varsa, qoy özləri desin. Əlavə 3 yerdə yeni subartezian quyusu qazmışıq. Orta məktəbin binası əsaslı təmir edilib, istilik sistemi yenidən qurulub.Kəndin körpüsü tamamilə yenidən qurulub. İcra nümayəndəliyinin binası təmir olunub. Kənddə 40 ailə üçün 2 ədəd su anbarı quraşdırılıb və yeni su xətləri çəkilib, kəndarası yollara qum- çınqıl döşənib. Uzunlugu 23 kilometr olan Yuxarı Salahlı-Kəmərli avtomobil yolu tikilib istifadəyə verilib.Xanlıqlar- Kəmərli- Aslanbəyli- Qaymaqlı- İkinci Şıxlı kəndlərinin suvarma şəbəkəsinin bərpa olunur...
M. Alıyev ətrafımıza toplaşıb deyilənləri təsdiq edənlərə bir daha nəzər salıb: “Yenə deyim?” – soruşaraq gülümsədi. Sakinlər “Allah Prezidentimizə uzun ömür versin”, rayon rəhbərliyi sağ olsun” – dedilər.
Yeri gəlmişkən qeyd edim ki, rayon icra hakimiyyətinin başçısı sərhəd kəndlərinə tez-tez gedir, adamların əhval-ruhiyyəsini öyrənir, problemləri ilə maraqlanır, qaldırılan vacib problemləri operativ, bir sıra hallarda elə yerindəcə həll edir. Sərhəd kəndlərinə qarşı xüsusilə həssasdır. Bir dəfə Cəfərli kəndində keçirdiyi səyyar qəbulda mən də iştirak edirdim. Düzü, onda hiss etdim ki, rayon rəhbəri kənddə baş verən bütün proseslərdən nəinki xəbərdardır, hətta onları bir-bir kənd sakinlərinin özlərinə xatırladır, nəyisə soruşur, əksəriyyətini adbaad tanıyır.
Sərhəd kəndi olan Cəfərlidə keçirilən səyyar görüş zamanı bəzi problemlərin həll edilməsini xahiş etmişdilər rayon rəhbərindən. Həmin görüşdən bir o qədər də vaxt keçməyib. Amma sakinlərin arzusu, xahişi söz olaraq qalmayıb. İcra başçısı onları nəzarətə götürüb və həll edib. Kənddə dövlət səviyyəsində müasir tipli tibb məntəqəsi və 80 yerlik müasir tipli ibtidai məktəb binası tikilib. Kənd əhalisi içməli su ilə təmin olunub, subartezian quyuları qazılıb, kəndarası yollara qum - çınqıl döşənib. Həm Cəfərli, həm də Bala Cəfərlidə adamlar poçt-rabitə xidmətlərindən rahatlıqla istifadə etməyə başlayıblar. ATS binası əsaslı təmir olunub, müasir üslubda poçt məntəqəsi tikilb istifadəyə verilib.
Bəs Ermənistanla 168 kilometrlik sərhədi olan Qazaxın digər sərhəd kəndlərində vəziyyət necədir? Onların hamısına baş çəkə bilməsək də, bir neçəsində olduq. Quşçu Ayrım və Məzəm düşmənlə təmas xəttinin lap yaxınlığında yerləşir. Rayon mərkəzi ilə bu kəndlər arasında gözəl bir yol çəkilib. Əslində, ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrlərdə çəkilən yol tamamilə yenidən qurularaq iki il qabaq, iyul ayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Özü də bu yoldan təkcə Məzəm və Quşçu Ayrım kəndlərinin sakinləri deyil, yolboyu yerləşən 10 kəndin əhalisi də iştifadə edir.
Bir məsələni qeyd etmək istəyirəm ki, Qazaxda yol problemi, demək olar ki, öz həllini tapıb. Bir-iki kənddən başqa bütün yaşayış məntəqələrinə təzə asfalt yollar çəkilib.Təqdirəlayiq haldır ki, rayon icra hakimiyyəti bu yolların saz saxlanmasına, yol kənarlarının təmizliyinə, yaşıllaşdırılmasına xüsusi diqqət yetirilir. Son üç-dörd il ərzində yol kənarlarına, ta “Sınıq Körpü” yə kimi öndə həmişəyaşıl şam, küknar, çinar ağacları, arxada isə ərik, gilas, gavalı və sair meyvə ağacları əkilib. Göz işlədikcə yolboyu bu ağaclara rast gəlirdik. M.Alıyev deyirdi ki, quruyan ağacı dəyişir, yerinə təzəsini əkirik.Bu ağaclara qulluq işlərində rayon əhalisi də yaxından iştirak edir.
Rayon icra hakimiyyətinin başçısı Ayaz Əskərovla bu mövzuda söhbət edərkən maraqlı bir məqama toxundu. Dedi ki, cənab Prezidentimiz Qazax rayonunda heç bir obyektin tikintisinə göstəriş verməmiş olsa belə, təkcə yol çəkilişi kifayət edər ki, deyək: Qazax necə böyük sürətli inkişaf yolu keçib. Amma təkcə yol deyil axı. Məktəb və səhiyyə ocaqları, park və xiyabanlar, yeni nəhəng fabrik və zavodlar, digər infrastruktur layihələri, sosial obyektlər və başqa tikililər Qazaxı tanınmaz dərəcədə dəyişdirib.Yazılarımın birində qeyd etmişdim. Təkcə Qazaxda aparılan işlər bütöv Ermənistanda getmir. Bunlar faktdır və özləri də etiraf edirlər.
...Rayon icra hakimiyyətinin Quşçu Ayrım kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elman Nəsibov bizi gülər üzlə, xoş əhval-ruhiyyə ilə qarşılayır: Bu gecə yenə qudurmuşdular, - deyir. Dərslərini verdik, oturdular yerlərində” .
Kənddə hərə öz işi ilə məşğuldur. Yaz-tarla işlərinin qızğın çağıdır. Adamlar ciddi problemlərlə üzləşmirlər, çünki onlar sadəcə rayon icra hakimiyyəti, digər müvafiq təşkilatlar tərəfindən həll olunub. Coğazçay su dəryaçasından ikipilləli suötürücü tikilib istifadəyə verilib, 100 tonluq su anbarı inşa olunub, kəndin 5 müxtəlif yerində su kranları çəkilib, bulaqlar inşa edilib. Üstəlik, subartezian quyusu da qazılıb. Nə istəyirsən ək, biç, sula. Gözəl, həm də müasir feldşer-mama məntəqəsi, 180 yerlik gözoxşayan məktəb binası tikilib istifadəyə verilib.
Məzəmdə də bu
inkişafı gördük. Burada da əhalinin su problemləri, demək olar ki, həll edilib. Klub, ATS binası
əsaslı təmir
olunub. Kənddə 80 yerlik məktəb
binası inşa olunub.
Digər sərhəd kəndi olan Abbasbəyliyə magistral yol çəkilib. Yerli əhali
çox razılıq
edir. Kəndə 3 kilometr məsafədən
içməli su xətti çəkilib, subartezian quyuları təmir olunub, 2 ədəd, hər birinin 16 ton tutumu olan çənlər quraşdırılıb.
Aslanbəyli, Xanlıqlar, Fərəhli,
Qaymaqlı kəndləri
də sanki ikinci həyatlarını
yaşayırlar. Hər cür
şərait var. Sizə
fakt deyəcəyəm,
inanmayacaqsınız. Haqqında söhbət açdığımız, hər
gün düşmən
güllələri altında
yaşamağa məcbur
olan bu sərhəd
kəndlərinə son iki
ildə gələnlərin
sayı ailə vəziyyəti ilə gedənlərin sayından
10 dəfə artıqdır!
Zənnimcə, əlavə şərhə
ehtiyac yoxdur.
Son iki-üç ildə
heç bilirsiniz Xanlıqlar kəndi ərazisində neçə
bulaq inşa olunub? Düz 29 ədəd. Kənddə
park salıblar. Ərazisi
bir o qədər də böyük deyil, amma ən
əsası özlərinin
parkı var. 4 kilometr məsafədə suvarma suyunun daha yaxşı
gəlməsi üçün
kanallar beton üzlüyə alınıb,
3 ədəd subartezian
quyusu qazılıb, 5
kilometr uzunluğunda içməli su xətti çəkilib. Bu, hələ harasıdır?
Kənddə 180 yerlik yeni
məktəb binası,
həkim məntəqəsi
və digər sosial obyektlər tikilib istifadəyə verilib.
Aslanbəylidə, Fərəhlidə elə
gözəl məktəb
binaları tikilib istifadəyə verilib ki, bir çox
şəhər məktəbləri
onlara həsəd apara bilər. Aslanbəyli məktəbi
640 şagird yerlik, Fərəhlidəki 180 yerlikdir.Yollar
da ki, öz
yerində. Geniş, yaraşıqlı
asfalt yollar. Bütün kəndlərə
gedib çıxır...
Qazaxın sərhəd kəndlərində
gördüklərimiz bizi
heyran etdi. Son bir neçə ildə görün burada nə qədər abadlıq-quruculuq
işləri aparılıb?!
Özü də nəzərə
almaq lazımdır ki, başqa sərhəd rayonları ilə müqayisədə
Qazaxın məcburi köçkün problemi də var. Onların sayı 7 min nəfəri keçir. Lakin bütün bunlarla
yanaşı, doğma
ev- eşiklərindən
didərgin düşmüş
insanların da mənzil-məişət şəraitlərinin
yaxşılaşdırılması üçün tədbirlər
görülür. Vaxtilə ermənilər
tərəfindən yandırılmış
Qızılhacılı kəndi
ərazisində 78 ədəd
fərdi evin tikintisinə hazırlıq
gedir.
Rayon mərkəzinə qayıdarkən
magistral yolun kənarında, Qazaxbəyli
kəndinin ərazisində
böyük bir sahədə qızğın
iş getdiyinin şahidi olduq. M.Alıyev bildirdi ki, ölkə Prezidentinin müvafiq sərəncamına uyğun
olaraq, bu kəndin ərazisində
304 məcburi köçkün
ailəsi üçün yeni yaşayış binalarının
tikintisi məqsədilə
10 hektar torpaq sahəsi ayrılıb və artıq inşaat işlərinə
başlanıb.
...Rayon mərkəzindəyik. Artıq axşam
düşüb. Parkda dincələnlərə,
ora-bura qaçışan
qayğısız uşaqlara
baxarkən bir qədər əvvəl getdiyimiz sərhəd kəndləri yenidən gözlərim önündən
gəlib keçdi.
Ağsaqqal bir kişinin dediyi sözlər yadıma düşdü:
— Bu sərhəd kəndində
rahatlıq olmasa, heç
kimə rahatlıq yoxdur. İstər mərkəzdə yaşayan olsun, istərsə də top-tüfəng səslərindən
qat- qat uzaqlarda.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2015.-
23 may.- S.15.