Azərbaycan Xalq

Cümhuriyyətinə gedən yol

 

(əvvəli qəzetin 23 may 2015-ci il tarixli sayında)

 

Osmanlı hərbi komandanlığının yerli əhali nümayəndələri ilə birgə apardığı təhqiqatların nəticələrinə görə, 1918 – 1920-ci illərdə təkcə Dərələyəzin 53 kəndində 9.735 ev dağıdılmış, 57.240 nəfər türk- müsəlman öldürülmüşdür.

Bu illərdə erməni vəhşiliklərindən ən çox ziyan çəkən Azərbaycan bölgələrindən biri də Zəngəzur qəzası olmuşdur. Andranik Erməni hökumətinin tapşırığı ilə Azərbaycan ərazisinə soxularaq müsəlman əhalisindən tələb edirdi ki, ya Ermənistan hökumətinə tabe olsunlar ya da qəzanın ərazisini tərk etsinlər. Guya, bu ərazi Ermənistan Respublikasına daxildir. Qəzanın çox zəif silahlanmış müsəlman əhalisi Andranikin bu tələblərini rədd etdiyinə görə, ermənilər həmin əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdilər. Fövqəladə Təhqiqat Komissiyasının məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq Yer üzərindən silindiyi qeyd olunur. Dağıdılmış bütün kəndlərin adları bu sənədlərdə sadalanır. Həmin 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır. Nəticədə təkcə Zəngəzur qəzasında komissiyanın məruzəsi hazırlanana qədər 10068 nəfər azərbaycanlı öldürülüb və ya şikəst edilmişdir. Məruzədə deyilirdi ki, bu dəhşətli rəqəmlər hələ erməni vəhşilikləri haqqında tam məlumat vermir. Belə ki, daha çox müsəlman erməni vəhşiliklərinin qurbanı olmuşdur. Ancaq o zamankı dəhşətli qarışıqlıq şəraitində onları tam şəkildə müəyyənləşdirmək mümkün olmamışdır.

1918-ci ilin martına qədər İrəvan qəzasının 199 azərbaycanlı kəndi, 1919-cu ilin sentyabr ayına qədər isə Eçmiədzin qəzasına məxsus 62 azərbaycanlı kəndi bütünlüklə yerlə - yeksan edilmişdir. 1919-cu ilin axırında isə Zəngibasarın bir neçə kəndi istisna olunmaqla, İrəvan qəzasının, o cümlədən Vedibasarın bütün kəndləri məhv edilmiş, əhalisi vəhşicəsinə öldürülmüş, sağ qalanlar canlarını xilas edərək başqa yerlərə qaçmışlar. Əhali İran, Osmanlı və Azərbaycana pənah gətirmişlər.

1918-ci ildə İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılmış, yandırılmış və talan edilmişdi. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilir ki, qısa müddət ərzində bu tarixi Azərbaycan şəhərində (İrəvan) və onun çevrəsində 88 kənd dağılmış, 1920 ev yandırılmış, 132 min azərbyacanlı məhv edilmişdir. Erməni cəza dəstələrinin törətdikləri vəhşiliklər, daşnak hakimiyyəti dövründə yürüdülən “türksüz Ermənistan” siyasəti nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildə 375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə enmişdir.

Yeri gəlmişkən bildirim ki, son 1 ildə Nazirlər Kabinetinin qərarı ilə yaradılmış və mənim də daxil olduğum xüsusi İşçi Qrupu Dağlıq Qarabağ müharibəsində ermənilərin işğal və talançılığı nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatlarla yanaşı, 1918– 1920-ci illərdə onların xalqımıza qarşı törətdiyi soyqırımlardan dəyən ziyanın da  hesablanması və qiymətləndirilməsi istiqamətində əməli iş aparır. Hazırda Bakı, Şamaxı, Quba, Şərur, Sədərək və Zəngəzur bölgələrində ermənilərin törətdiyi soyqırımların nəticələrini hesablayıb qiymətləndirmişik.

Hesablamalarımızın ilkin nəticələrinə görə, bu bölgələr üzrə 124.236 nəfər türk-

müsəlman öldürülmüş, ümumilikdə əhaliyə o dövrün qiymətləri ilə 8.235.000.000 rubl maddi ziyan vurulmuşdur. Bu məbləğin Ramsey formulu ilə diskont əmsalı hesablanarkən bu rəqəm indiki pulla 370.575.000.000 dollar təşkil edir. Bu rəqəmlər qeyd etdiyim kimi, yalnız Bakı, Şamaxı, Quba, Şərur, Sədərək və Zəngəzur bölgələrində olan itki və tələfatlara aiddir. İrəvan, Eçmiədzin, Qars, Gümrü, Cəbrayıl, Cavanşir, Şuşa, Göyçay, Ərəş, Şəki, Lənkəran, Salyan və digər Azərbaycan bölgələrində törədilən soyqırımların nəticələri bura daxil deyildir.

Bu bölgələrdə törədilən soyqırımların nəticələri hazırda tərəfimizdən araşdırılır. Araşdırmalarımız başa çatdıqda həm bu yerdə qalan bölgələr üzrə, həm də bötövlükdə Azərbaycan üzrə yekun rəqəmləri açıqlayacağıq. Bu soyqırım aktları Cənubi Azərbaycanın Urmiya, Maku, Xoy və digər bölgələrində də törədilmişdir. Amma bu soyqırım qurbanlarının sayı hələ dəqiq müəyyənləşdirilməmişdir.

Azərbaycanlılara qarşı törədilən soyqırımları araşdıran Fövqəladə Təhqiqat Komissiyasının 36 cild və 3500 səhifədən ibarət təhqiqat materialları bu gün də arxivlərimizdə mühafizə olunmaqdadır. Bu sənədlər onu sübut edir ki, Azərbaycanda baş verən faciəli hadisələr XX əsrdə baş vermiş ən qatı soyqırımı cinayətidir. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinin mövcudluğu onu deməyə əsas verir ki, Azərbaycan tərəfinin ermənilərin ötən əsrin əvvəlində törətdiyi soyqırımlar haqqında bəyanatları mücərrəd xarakter daşımır, gerçək tarixi faktlara söykənir. Başqa sözlə desək, azərbaycanlıların soyqırımı faktı təhqiqat materialları, şahid ifadələri ilə sübuta yetirilir.

Bu sənədlərdə təsdiqlənən ən vacib fakt ondan ibarətdir ki, soyqırımı o vaxtkı hökumətin - erməni daşnak-bolşevik birləşmələrindən ibarət Bakı Sovetinin həyata keçirdiyi siyasətin nəticəsində törədilib. Çünki Bakı Soveti o zaman Bakı hakimiyyəti funksiyasını icra edirdi və məhz bu qurum insanların kütləvi qırğınına razılıq verdi. Bolşevik və erməni daşnaklarından ibarət olan Bakı Soveti tərəfindən belə bir razılıq, faktiki olaraq, dövlət cinayətidir.

Moskvadakı mərkəzi kommunist hökuməti tərəfindən hər cür himayə edilən Bakı Sovetinin bolşevik-erməni irticası 1918-ci il aprelin 25-də S.Şaumyan başda olmaqla Bakı Xalq Komissarları Sovetini yaratdılar. Bakı XKS 1918-ci il mayın 1-də əsas fəaliyyət proqramı kimi elan etdiyi bəyannamədə özünü Sovet Rusiyasının Azərbaycanda fəaliyyət göstərən yerli hakimiyyət orqanı olduğunu və birbaşa Moskvaya tabe olacağını bildirdi. Bakıda öz diktaturasını qurmuş Şaumyan rejimi tamamilə Sovet Rusiyası tərəfindən istiqamətləndirilirdi, bu da öz növbəsində, Bakının iqtisadiyyatının, o cümlədən neft sənayesinin mənafelərinin Rusiyanın mənafelərinə tabe etdirilməsi demək idi.

Bütün bunlara baxmayaraq, Azərbaycan xalqının milli istiqlal mübarizəsi tarixində ən böyük sınaq olan 1918-ci ilin Mart hadisələri faciə ilə nəticələnsə də, bu qırğın Azərbaycan xalqının milli istiqlal əzmini qıra bilmədi. Bolşevik-daşnak birliyi öz istəyinə nail olmadı. Faciəli Mart hadisələri Azərbaycan siyasi dairələrinin rus inqilabına olan ümidlərini puça çıxartdı, məlum hadisələrə qədər muxtariyyət uğrunda olan mübarizə, tam müstəqillik uğrunda mübarizə ilə əvəz edildi.

Zaqafqaziya Seymində Bakı Xalq Komissarları Sovetinə münasibət məsələsi müzakirə edildikdə müsəlman fraksiyası elan etdi ki, əgər Zaqafqaziya hökuməti bolşeviklərin Bakıdan çıxarılması haqqında tədbir görməsə, onlar bu qurumu tərk edəcəklər. Məcburiyyət qarşısında qalan Seym Bakı üzərinə azərbaycanlı və gürcülərdən ibarət zəif hərbi dəstə göndərdisə də, bu, uğursuzluqla nəticələndi.

1918-ci ilin yazında Osmanlı dövləti ilə Zaqafqaziya Seymi arasında keçirilən Trabzon və Batum konfransları uğursuzluqla nəticələndikdən sonra Seym daxilində mövcud olan fikir ayrılıqları və ziddiyyətlər dərinləşdi və nəticədə Seym dağıldı.

1918-ci il may ayının 26-da Zaqafqaziya Seyminin sonuncu iclası keçirildi və burada Gürcüstanın Federasiyadan çıxmaq haqqında bəyanatı dinlənildikdən sonra Zaqafqaziya Seymi özünü buraxmaq haqqında qərar qəbul etdi. Elə həmin gün Gürcü Milli Şurası tərəfindən Gürcüstanın müstəqilliyi elan edildi. Mayın 28-də Gürcüstan Almaniya ilə aparılmış Poti danışıqlarının yekunu olaraq hazırlanmış sazişi imzaladı və bununla da Almaniyanın qəyyumluğunu qəbul etdi.

Seymin buraxılması ilə yaranmış böhranlı siyasi vəziyyətlə əlaqədar Azərbaycan nümayəndələri mayın 27-də toplaşaraq Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürdülər və özlərini Azərbaycanın Müvəqqəti Milli Şurası elan etdilər. M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçildi. Azərbaycan Milli Şurası mayın 28-də keçirdiyi ilk iclasında geniş müzakirələrdən sonra 24 səslə (iki nəfər - S.M.Qəniyev və C.Axundov bitərəf qalmışdı) Azərbaycanın istiqlaliyyətinin elan olunması haqqında qərar qəbul etdi və altı bənddən ibarət İstiqlal Bəyannaməsini elan etdi.

Bu tarixi aktda deyilirdi: “Böyük Rusiya inqilabının cərəyanı ilə dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqaziyanın rus orduları tərəfindən tərkinə mövcub bir vəziyyəti siyasiyyə hasil oldu. Kəndi qəvayi-məxsusələrinə tərk olunan Zaqafqaziya millətləri müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqaziya Qoşma Xalq Cümhuriyyətini təsis etdilər. Vəqayi-siyasiyyənin inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqaziya Qoşma Xalq Cümhuriyyəti cüzindən çıxıb da müstəqil Gürcü Xalq Cümhuriyyəti təsisini səlah gördü.

Rusiya ilə Osmanlı imperatorluğu arasında zühur edən müharibənin təsviyyəsi üzündən hasil olan vəziyyəti-hazıreyi-siyasiyyə və məmləkət daxilində bulunan misilsiz anarşi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət bulunan Azərbaycana dəxi bulunduğu xarici və daxili müşkülatdan çıxmaq üçün xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təlqin ediyor.

Buna binaən arai-ümumiyyə ilə intixab olunan Azərbaycan Şurayi-Milliyeyi-İslamiyyəsi bütün cəmaətə elan ediyor ki:

1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət olan Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi xalq cümhuriyyəti olaraq təqərrür ediyor.

3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərlə münasibəti-həsənə təsisinə əzm edər.

4. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrovində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin eylər.

5. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.

6. Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş Şurayi-Milli və Şurayi-Milliyə qarşı məsul hökuməti-müvəqqətə durur.

Bundan sonra Milli Şura Azərbaycan hökümətinin yaradılmasını Fətəli Xan Xoyskiyə tapşırdı. Bir saatlıq fasilədən sonra F.X.Xoyskinin hökümətin yaradılması haqqında məruzəsini dinləmək üçün Milli Şuranın iclası öz işini davam etdirdi. İlk Azərbaycan müvəqqəti hökümətini F.X.Xoyski aşağıdakı tərkibdə təqdim etdi: Nazirlər Şurasının sədri və daxili işlər naziri - Fətəli Xan Xoyski, hərbi nazir - Xosrovpaşa bəy Sultanov, xalq maarifi və maliyyə naziri - Nəsib bəy Yusifbəyli, xarici işlər naziri - Məmməd Həsən Hacınski, poçt-teleqraf və yollar naziri - Xudadat bəy Məlikaslanov, əkinçilik və əmək naziri - Əkbər ağa Şeyxülislamov, ədliyyə naziri - Xəlil bəy Xasməmmədov, ticarət və sənaye naziri - Məmməd Yusif Cəfərov, dövlət nəzarəti naziri - Cəmo bəy Hacınski.

Bununla da Azərbaycan Milli Şurası xalq qarşısında böyük bir tarixi missiyanı yerinə yetirərək mövcud şəraitdə Azərbaycanın müstəqilliyi uğrunda açıq mübarizənin milli qurtuluşun yeganə düzgün yolu olduğunu bildirdi. M.Ə.Rəsulzadə bu barədə yazırdı: “28 Mayis 1918 Bəyannaməsini nəşr etməklə Azərbaycan Şurayi-Millisi, sözün siyasi mənası ilə, bir Azərbaycan millətinin varlığını təsbit etmişdir. Böylə ki, Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafi və linqvistik bir kəlmə olmaqdan çıxaraq siyasi bir aləm olmuşdur”.

Bütün türk-müsəlman dövlətləri dini təməl üzərində qurulduğu halda Azərbaycan Cümhuriyyəti dünyəvi təməl üzərində yaradılan ilk türk-müsəlman dövləti oldu. Azərbaycan milli azadlıq hərəkatının məntiqi yekunu kimi yaradılan Azərbaycan Cümhuriyyəti tarix etibarilə çox qısa - cəmi 23 ay yaşasa da, bu 23 ay Azərbaycan dövlətçilik tarixində çox möhkəm təməl oldu. 70 il ərzində Sovet hökumətinin həyata keçirdiyi ağlasığmaz, qeyri-insani cəza tədbirləri də Azərbaycan xalqının qəlbinə hopmuş bu möhkəm təməli dağıda bilmədi və nəticədə 1991-ci ildə Azərbaycan xalqı yenidən öz milli müstəqilliyinə qovuşdu.

 

Vasif  QAFAROV,

tarix üzrə fəlsəfə

doktoru, dosent

 

Xalq qəzeti.- 2015.- 24 may.- S.7.