ASTARA: daha işıqlı sabahlara doğru

 

Astara gözəl rayondur, Azərbaycanın gözəl guşəsidir, gözəl təbiəti, iqlimi, insanları var. Çox şadam ki, burada həm abadlıq işləri görülür, eyni zamanda, gözəl müəssisələr yaradılır. Bu, mənim Astaraya son illər ərzində yeddinci səfərimdir... Mən bundan sonra da burada gedən işləri daim nəzarətdə saxlayacağam.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Dövlətimizin başçısının aprel ayında Astara rayonuna növbəti səfəri cənub diyarında həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirlərinin sürətləndirilməsi baxımından xüsusilə önəmli olub. Quruculuq işlərini təqdir edən dövlət başçısı perspektiv üçün dəyərli tövsiyələr verib, həmçinin səfərdən dərhal sonra rayonun inkişafı ilə bağlı daha bir sərəncam imzalayıb.

 

Astara sakinləri hələ də unudulmaz görüşlərin təsiri altındadırlar. Dövlət başçısının sosial-mədəni obyektlərin açılışında iştirakını, ictimaiyyət nümayəndələri ilə səmimi görüşlərini onlar böyük iftixar hissilə xatırlayırlar və səfərdən sonra rayonun inkişafına yönəldilmiş sərəncam verilməsindən hədsiz razıdırlar.

Prezident İlham Əliyev Astaraya səfəri çərçivəsində “Astaraçay” MMC-nin çay fabrikində yaradılan şəraitlə tanış olub, yeni kəndarası avtomobil yolunun açılışını həyata keçirib, həmçinin Astara şəhərinin dənizkənarı park-bulvar kompleksinə baxıb. İctimaiyyətlə görüşü zamanı Astarada görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev regional inkişafa kompleks yanaşmanın üstünlüklərini diqqətə çatdırıb.  

Prezident İlham Əliyevin baş çəkdiyi “Astaraçay” kənd təsərrüfatı müəssisəsinin ümumi əkin sahəsi 640 hektardır. Çay plantasiyalarında müasir suvarma şəbəkəsi yaradılıb. Əkilən “Kolxida” çay toxumları Gürcüstanın Batumi şəhərinin Çayçılıq Elmi-tədqiqat İnstitutunun tədris-təcrübə sahəsindən toplanıb gətirilib.  Burada, həmçinin Koreya Respublikası şirkətinin layihəsi əsasında çay fabriki inşa edilib.   Fabrikdə xaricdən gətirilən ən müasir avadanlıq quraşdırılıb. Müəssisənin məhsuldarlığı gün ərzində 12 tondur. Gələcəkdə bu rəqəmi iki dəfə  artırmaq mümkün olacaq. Çəkici-bükücü sex də müasirliyi ilə diqqəti çəkir. Burada çəkisi 100, 200 və 400 qram olan çay bükümləri hazırlanacaq. Müəssisədə dəqiqədə 8 ədəd çay bükümünün istehsalı mümkündür.

Astarada yetişdirilən yaşıl çay dadı və keyfiyyəti ilə seçilir. Bu bölgədə ekoloji cəhətdən təmiz şəraitdə yetişdirilən məhsul müxtəlif beynəlxalq sərgilərdə dəfələrlə qızıl medala layiq görülüb. Artıq bu sahədə yaranmış durğunluq aradan qalxır. İndi Astarada çayçılığın əvvəlki şöhrətinin özünə qaytarılmasına geniş imkanlar açılıb. Müəssisədə çay muzeyi, dequstasiya zalı və turistlər üçün çay evi də tikilib.

Fabrikin Lənkəran ərazisindəki 60 hektar sahədə taxıl səpini də aparılıb və ötən il 120 tona yaxın məhsul toplanıb. Burada, həmçinin ötən il ilk dəfə olaraq 20 hektar sahədə səpmə üsulu ilə çəltik əkilib. Əkini Türkiyənin Ədirnə şəhərinin Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun çəltikçilik bölməsinin elmi işçiləri yerli mütəxəssislərlə birgə həyata keçiriblər.  Əkin sahəsində yerli “Haşımi” sortu ilə yanaşı, İtaliyadan gətirilmiş məhsuldar sortlardan istifadə edilib. Həmçinin Astara ərazisində gündəlik istehsal gücü 10 ton olan düyü dəyirmanı əsaslı şəkildə təmir edilərək genişləndirilib. Bununla yanaşı, Astara və   Lənkəranda cəmi 91 hektar sahədə feyxoa, 6 hektarda portağal və 3 hektarda naringi tingi əkilib.

Çay fabriki ilə tanışlıqdan sonra Prezident İlham Əliyev müəssisənin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərək deyib ki, Astaraya yenidən gəlməyindən çox məmnundur. Burada həm kənd təsərrüfatı, həm sənaye sahələri birləşir. Cənab İlham Əliyev bildirib  ki, son illərdə cənub bölgəsində görülən işlər nəticəsində böyük infrastruktur layihələri icra edilmişdir. Astarada on ildən çoxdur ki, elektrik stansiyası fəaliyyət göstərir. Qazlaşdırma uğurla gedir. Rayonunun qazlaşdırılması 75 faiz səviyyəsindədir. İndi içməli su layihəsi icra edilir. Gələn ilin sonuna qədər Astara təmiz içməli su ilə təmin ediləcək.

“Belə kompleks yanaşma imkan verir ki, Azərbaycan iqtisadiyyatı neft amilindən daha az asılı olsun və dayanıqlı inkişaf təmin edilsin. Bununla bərabər, Astarada gözəl abadlıq işləri aparılır, bulvar salınıbdır, mən bunu alqışlayıram. Bu, insanların rahatlığı, istirahəti üçün gözəl bir təşəbbüsdür. Bildiyiniz kimi, indi Azərbaycanın müxtəlif yerlərində bulvarlar salınır...  

Yadımdadır, keçən dəfə Astarada olarkən xəstəxananın açılışını qeyd etmişdik. Məktəblər tikilir, kənd yolları salınır. Demək olar ki, Astara rayonunun əksər kəndlərini birləşdirən kənd yolları tikilibdir, biri bu gün açılacaq. Biz digər kənd yollarının da tikintisinə nail olacağıq ki, Azərbaycanda bir dənə də təmirsiz kənd yolu qalmasın..."

Sakinlərdən vaxtilə arxa cəbhə qəhrəmanı olmuş ağsaqqal Paşa Əkbərov deyib ki, cənab Prezident, Sizin gəlişiniz bu bölgəni bizim üçün daha da təravətləndirdi. İlk çay bitkisi 1812-ci ildə məhz bu bölgədə əkilib. İndi Sizin qayğınızın nəticəsində biz çayçılığı inkişaf etdiririk. Sizin tapşırığınızla cənub bölgəsində çayçılığın genişləndirilməsi regionların inkişafı ilə bağlı Dövlət proqramına daxil edildi. Həmin ildən biz yeni plantasiyalar salmağa başladıq. Sizin sayənizdə qısa müddətdə 450 hektar çay plantasiyası salmışıq. Gördüyünüz bu çay  fabriki də şəxsən Sizin sayənizdə tikilib.

Tanınmış zəhmət adamı, vaxtilə respublika Ali Sovetinin deputatı seçilmiş Əminə Həsənova da ölkə rəhbərinə astaralıların dərin minnətdarlığını çatdırıb. Ulu öndərlə Astarada unudulmaz görüşlərini xatırlayıb və bu gün xalq üçün edilən bütün savab işlərdən razılıq ifadə edib.

 Astarada Deqədi-Pəlikəş avtomobil yolunun açılışında iştirak edən Prezident İlham Əliyev burada rəmzi lenti kəsib. Bildiyimiz kimi, dövlət rəhbəri bu avtomobil yolunun tikintisi üçün inişil müvafiq sərəncam imzalayıb və Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 2 milyon manat ayrılıb. Ötən il imzalanmış digər sərəncamla 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,7 milyon manatı bu yolun inşasına yönəldilib.

Avtomobil yolunda işlər artıq başa çatıb. Uzunluğu 21 kilometr olan bu yoldan 21 yaşayış məntəqəsinin 12 min nəfər əhalisi istifadə edir. İndi həmin yolda avtomobillərin hərəkəti xeyli asanlaşıb, camaat ölkə rəhbərliyinə hədsiz minnətdarlıqlarını bildirir.  

Astarada əvvəlki illərdə də bir neçə kənd yolu layihəsi icra olunub. Bu da, əlbəttə, böyük sosial məna daşıyır. Axı, Azərbaycan əhalisinin təxminən 50 faizi aqrar bölgələrdə, kəndlərdə yaşayır. Hazırda Bakı-Astara magistral avtomobil yolu tikilir. Çox çəkməz ki, bu magistralda avtomaşınla gəlib-getmək üçün daha gözəl imkan yaranar.

Prezident İlham Əliyev Astaraya səfərində yeni dənizkənarı park-bulvar kompleksi ilə də tanış olub.  Şəhərin  mərkəzində yerləşən park-bulvar kompleksində yenidənqurma işləri ən yüksək səviyyədə görülüb, parkın ərazisi tamamilə yenidən qurulub. Müasir tələblər səviyyəsində qurulan və şəhərə xüsusi yaraşıq verən bu istirahət ocağı günün hər saatında adamla dolu olur.

Park-bulvar kompleksi bir kilometrlik ərazini əhatə edir. Artıq tikinti-quraşdırma işləri başa çatdırılıb. Burada park-bulvarın sahəsi 6 hektar, çimərliyin sahəsi 2 hektardır. Park-bulvarda fəvvarə kompleksi, süni şəlalələr, yay-qış uşaq əyləncə mərkəzləri, açıq fitnes meydançası, kafe-çay evi tikilib. Bundan əlavə, ərazidə uşaq əyləncə attraksionları quraşdırılıb. Bütün işlər zövqlə həyata keçirilib.

Park-bulvara yaxın ərazidə yerləşən 2 saylı tam orta məktəb rayonun qabaqcıl təhsil ocaqlarındandır. Ötən il ölkə üzrə ən yaxşı məktəb adına layiq görülüb. Amma binası köhnə olduğundan şəhərdə aparılan abadlıq işləri ilə qətiyyən uyuşmurdu. Cənab İlham Əliyev park-bulvarı gəzərkən bu köhnə bina ölkə rəhbərinin məzərindən yayınmayıb və növbəti  sərəncamla Astaraya ayrılan vəsaitin bir qisminin məhz həmin məktəbin əsaslı təmirinə yönəldilməsini nəzərdə tutub. Məktəbin hərbi-hazırlıq müəllimi Əzim Əmirov bizimlə görüşündə kollektivin bundan son dərəcə sevindiyini söylədi.

Yeri gəlmişkən, səfərdən dərhal sonra dövlət başçısı “Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” imzaladığı sərəncama əsasən Astara şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, o cümlədən 860 şagird yerlik 2 saylı tam orta məktəb binasının əsaslı təmiri və on iki min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanakaran-Miki, Taxtanakaran-Toradi kəndlərarası avtomobil yollarının yenidən qurulması məqsədilə  5,5 milyon manat vəsait ayırıb. Elə rayon veteranlar şurasının sədri Rafiq Əliyev, Toradi kənd sakini Balazər Əliyev, Hamoşam məktəbinin direktoru Asəf Abdulov, idmançı Fikrət Qafarov da ürək sözlərini həvəslə dilə gətirərək dövlət qayğısından razılıqlarını bildirdilər, rayon rəhbərliyinin gördüyü işləri təqdir elədilər.

Birinci Avropa Oyunları ərəfəsində Astaranın da idman həyatı xeyli canlanıb. Azərbaycanın idman şöhrətinin artırılmasına astaralı idmançılar həmişə layiqli töhfələr veriblər. 1952-ci il Helsinki Olimpiadasının iştirakçısı Xandadaş Mədətov, ikiqat Avropa çempionu Aslan Ağayev, indi onların davamçıları olan ikiqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı, 2012-ci London Olimpiadasının iştirakçısı Cəbrayıl Həsənov, Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Sona Əhmədli və başqaları mötəbər yarışlarda Azərbaycanın üçrəngli bayrağını yüksəklərə qaldırmışlar.

Astara Olimpiya İdman Kompleksi, Boks Mərkəzi, UGİM, Şahmat Məktəbi, 44 idman zalı, 3 trenajor zalı insanların sağlamlığına xidmət edir. Minlərlə gənc idmanın müxtəlif  növlərilə məşğul olur. Ötən il Astara idmançıları respublika çempionatlarında və beynəlxalq yarışlarda 237 medal qazanıblar. Onlardan 95 qızıl, 95 gümüş və 47 bürünc  medallardır, 13  medal  beynəlxalq yarışların payına düşür.

Səncərədi kəndində keçirilən kross üzrə ölkə çempionatında Astara idmançıları 7 medal qazanaraq komanda hesabında 1-ci yeri tutublar. Bakıda Azərbaycan Atletika Federasiyası tərəfindən keçirilən I Avropa Olimpiya Oyunlarına hazırlıq üzrə təlim məşqlərində Arif Qeybiyev və Orxan  Cabbarov yüksək nəticə ilə yığma komandanın tərkibinə daxil ediliblər. Futbolçular arasında “Sevinc” kuboku uğrunda Mingəçevirdə keçirilən respublika final mərhələsində qalib adı qazanıblar.

 Astara Olimpiya İdman Kompleksində Açıq Uşaq Əyləncəli Futbol Məktəbinin açılışı olub. Boksçular Bakıda və Alma-Atada keçirilən beynəlxalq turnirlərdə bürünc mükafatlara sahibləniblər. Yeniyetmə güləşçilərin IX Respublika Oyunlarında  qızıl  bürünc medallar qazanılıb. Dortmund (Almaniya) şəhərində keçirilən sərbəst güləş üzrə “Qızıl Qran pri” beynəlxalq turnirində Azərbaycan yığma komandasının üzvü Cəbrayıl Həsənov qızıl medal qazanıb. Həmçinin iyulda Bakıda keçirilən “Qızıl Qran-Pri” beynəlxalq turnirində də Cəbrayıl 1-ci yerə layiq görülüb. VKC növləri üzrə Bakıda keçirilən şəhidlərin xatirə turnirində Astara komandası 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. İyulda VKC idman növləri üzrə Sabirabadda keçirilən gənclər və böyüklər arasında Azərbaycan çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edilib.

Bu ilin ilk rübü ərzində  Astara idmançıları respublika və beynəlxalq miqyaslı  yarışlarda 34 medal qazanıblar. Onlardan 16-sı qızıl, 10-u gümüş, 8-i bürüncdür. Martda beynəlxalq dərəcəli hakim və məşqçi Tofiq  Salmanovun rəhbərliyilə Türkiyənin Trabzon şəhərində keçirilən boks üzrə beynəlxalq turnirdə Ağasif  Eyniyev qalib gəlib. 

Qədim Atəşgah məbədindən Birinci Avropa Oyunları üçün götürülmüş alov Naxçıvan şəhəri, Lənkəran və Lerik rayonlarından sonra mayın 1-də Astara rayonuna gətirilib. Məşəl Dövlət Bayrağı Meydanından start götürüb. Məşəl daşıyıcıları ümumilikdə, 3,3 kilometr məsafəni qət edərək ictimaiyyətin müşayiətilə Heydər

Əliyev prospektindən keçməklə dəniz sahilində salınmış park-bulvarın ərazisinə daxil olublar. Fontan meydanında minlərlə insanın alqışları altında İlk Avropa Oyunlarının Məşəli kross qaçışı üzrə Azərbaycan rekordçusu, 16 dəfə ölkə çempionu, 3 dünya, 3 Avropa çempionatının iştirakçısı və mükafatçısı Fikrət Qafarov yandırıb. Olduqca xoş və qürurverici olan bu anlar da uzun müddət astaralıların yaddaşından silinməyəcək.

Astara məktəbliləri xeyirxah təşəbbüs irəli sürmüşlər. “Astaramızı təmiz saxlayaq” devizi ilə rayon məktəblərinin kollektivləri vaxtaşırı olaraq park və xiyabanlarda, dənizkənarı bulvarda səliqə-sahman yaradır, bitkilərin suvarılması, mühafizəsi və qorunmasını təmin  edirlər.

Astarada qələbə əzmi, inkişaf meyli, daha firavan həyat naminə səylər səngimir. Ölkə rəhbərliyinin gündəlik qayğısı sayəsində Azərbaycanın bütün bölgələri kimi, bu rayon da tərəqqi yolu ilə inamla irəliləyir.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2015.- 24 may.- S.10.