Port-Arturun
Azərbaycanlı qəhrəmanları
Həmişə
ön cəbhədə olan Səməd bəy Mehmandarovun
Port-Artur döyüşlərində xüsusi xidmətləri
olmuşdur. Yaxşı ki, onun müasiri olan rus jurnalistləri
Səməd bəyin döyüş fəaliyyətini qələmə
almışlar.
Jurnalist E.K. Nojin Port-Arturda çıxan “Novıy kray” qəzetinin
xüsusi müxbiri olmuşdur. Odlu cəbhələri
gəzən jurnalist maraqlı gündəliklər müəllifidir.
Qeydlərindən aydın olur ki, o, general
eloğlumuz Səməd bəy Mehmandarovla həmişə
ön xətdə görüşərmiş. Rus jurnalisti azərbaycanlı sərkərdənin Vətəni
Qafqaz üçün darıxmasının da şahidi olub.
“Blindaja girdim. General Nadein həmişəki kimi sakitdir.
Onun qərargah rəisi Stepanov yorğundur.
Burada bir neçə zabit var. Polkovnik Mehmandarov
da buradadır. Biz həmişəki kimi
çox səmimi görüşdük. Mehmandarov
heyranlıqla vətəni Qafqazı yad edirdi:
- Qafqaz çox yaxşıdır,
çox gözəldir! Təbiət hər şeyin keyfiyyətinə zəmanət
verərək ona öz möhürünü vurmuşdur.
Amma bədbəxtlik ondadır ki, bəzən
daş lazım olan yerdə bir dənə də daş
tapmazsan, lazım olmayan yerdə isə sayı-hesabı yoxdur.
Su lazım olan yerdə su olmur, ehtiyac olmayan yerdə
dərya qədərdir. -
Ani olaraq dayanan Mehmandarov sözünə davam etdi: Bəs İslam? Yaxşı
nə varsa onu sonrakı həyatın verəcəyini vəd
edir. Hər şey çox
yaxşıdır, amma bizə cənnətdə yeddi mələk
boyun olublar, yeddisinin də gözü girdə. Sizcə bu nə olan işdir? Peşmançılıq
deyilmi? Bilirsinizmi, mən indi heç nə
istəmirəm - nə cənnəti, nə də mələkləri.
Mən yalnız azca istirahət istəyirəm.
Ətrafda hər yanda mərmilər partlayırdı. Onların
ikisi blindajın tavanına düşdü. Zabitlər təlaşla ayağa durdular. İgid polkovnik Mehmandarov isə heç
tövrünü belə pozmadı. Onun
iri, ağıllı gözlərində zərrəcə
qorxu hissi yox idi.
Səməd bəy Mehmandarovun ən təhlükəli
döyüşdə belə özünü itirmədiyinin
şahidi olan Əliağa Şıxlinski yazır ki,
oktyabrın 14-də qala topa tutulan zaman Səməd bəy
Mehmandarov bizim mövqeyə gəldi. Həmin mövqe
yaponlar tərəfindən on bir düyməli və otuz yeddi
millimetrlik xırda dəniz topları ilə atəşə tutulurdu.
Həm də bu mövqe yaponların tüfəng
və pulemyot atəşi altında idi. Bu
zaman Mehmandarovun yaxınlığında altı düyməlik
mərmi partladı və yerdən qalxan qara palçıq
onun üstünü buladı, amma yaralamadı.
Mehandarov
buna əsla əhəmiyyət verməyərək,
böyük soyuqqanlıqla cibindən ağ
dəsmalını çıxarıb, gözəl təzə
paltosunun üzərinə sıçrayan
palçığı silməyə başladı.
* *
*
Dekabrın ilk günlərində yaponlar qalaya iki
ağır zərbə vurdular. Rusların inadlı
müqavimətinə baxmayaraq, onlar qalanın bir neçə
mühüm fortlarını tutdular. İkinci
ağır zərbə isə 1904-cü il
dekabrın 2-də oldu. Komandan general Roman
Kondratenko qəhrəmanlıqla həlak oldu. Əvəzində iradəcə zəif olan
general-leytenant Aleksandr Fok komandan təyin edildi. On altı gün sonra yaponlar qalanın taleyini həll
edən Drakonovıy Xrebet dağını ələ
keçirdilər. Port-Arturun qorxaq və
istedadsız komendantı general Anatoli Stessel qalanı dərhal
düşmənə təslim etmək üçün hərbi
şuranın iclasını çağırdı. Şurada iştirak edən bəzi komandirlər
general Stesselin təklifinə şərik oldular. Lakin general-mayor Səməd bəy Mehmandarov, polkovnik
Semyonov və digər zabitlər təslim olmağa qəti
etiraz etdilər. Döyüşkən
zabitlər inad edirdilər ki, güclü yapon ordusunu geri
oturtmağa hələ qüvvələri çatar. General Mehmandarov başda olmaqla onlar deyirdilər ki,
qala hələ özünü saxlamağa qadirdir, nə qədər
ki, mərmi var, toplardan atəş yağdıracağıq.
Nə qədər ki, patron var, tüfənglərdən
atəş açacağıq. Mərmi və
patron qurtardıqda isə süngü ilə döyüşəcəyik.
Lakin cəsarətsiz general Stessel mərd zabitləri
eşitmədi, silahı yerə qoymağı qarnizona əmr
etdi. Sonralar Rusiyaya qayıdanda general Stessel qala müdafiəçilərinin
tələbi ilə Port-Arturu tələsik təslim etdiyinə
görə hərbi məhkəməyə verildi.
General-mayor Səməd bəy Mehmandarov və onun zabit
dostları qala təslim edildikdən sonra da hərbi anda sadiq
qalaraq başqa əsgər və zabitlər üçün
nümunə göstərdilər. Yaponların şərtlərinə
görə, əsgərlər hərbi əsir alınır,
zabitlər isə Yaponiyaya qarşı bir daha müharibədə
iştirak etməyəcəkləri barədə
yazılı iltizam verəndən sonra Rusiyaya
qayıdırdılar. General Stesselin ətrafındakı
bir qrup zabit dillərindən belə bir iltizam verdilər.
Lakin xalqımızın igid oğlu Səməd
bəy Mehmandarov zabit şərəfini təhqir edən belə
bir alçaq vəddən boyun qaçırdı. Bir daha Yaponiyaya qarşı müharibədə
iştirak etməyəcəyi barədə iltizam vermədiyinə
görə general-mayor Səməd bəy Mehmandarov əsir
alınıb Yaponiyanın Naqoya şəhərinə göndərildi.
O, 1905-ci il avqustun 23-də Amerikanın
Portsmut şəhərində sülh müqaviləsi bağlanandan
sonra Rusiyaya qayıda bildi.
332 günlük məşhur Port-Artur qalasının
müdafiəsi general Səməd bəy Mehmandarovun taleyinə
belə yazıldı.
* *
*
Aleksandr
Stepanovun “Port-Artur”, P. Lorenkonun “Port-Arturun əzablı günləri”
və Trofim Borisovun “Portarturçular” romanlarında bir azərbaycanlı
soyadına da rast gəldik – poruçik Sadıqov. Bu əsərlərdə
poruçik Sadıqovun əzablı döyüş yolu
yazıçılar tərəfindən maraqla izlənilir.
Hətta P.Lorenkonun 1906-cı ildə Peterburqda nəşr
olunmuş “Port-Arturun əzablı günləri” sənədli
əsərində (II cilddə) yaralanmış poruçik
Sadıqovun hospitalda müalicəsi zamanı iki dəfə
fotoşəkli də dərc olunub. Döyüşlərdə
mətanət və mərdliklə vuruşan poruçik
Sadıqov qəhrəmanlıqla həlak olub. Poruçik Sadıqov kimdir?
Bu barədə
“Kommunist” qəzetinin 9 sentyabr 1984-cü il
tarixli sayında dərc edilən yazımdan sonra
respublikanın ayrı-ayrı bölgələrindən
çoxlu məktub aldım. Xeyli adam
poruçik Sadıqovun onun qohumu olduğunu yazırdı. Lakin sabirabadlı Böyükağa Sadıqovun gətirdiyi
faktlar, sənədlər və fotoşəkillər sübut
elədi ki, poruçik Ağababa Hacıbaba oğlu Sadıqov
onun əmisidir. Poruçik Ağababa
Sadıqov 1875-ci ildə Şamaxının Ərdəbilli məhəlləsində
ziyalı ailəsində anadan olub. Atası
Hacıbabanın Peterburq və Moskvada ipək dükanı
varmış. 1903-cü ilin əvvəllərində
igid poruçik Ağababa Peterburqdakı Mixaylov topçuluq məktəbini
bitirib. 1905-ci ilin əvvəllərində
onun həlak olması haqqında qara kağız da
alınıb.
Port-Artur döyüşçüləri haqqında
inqilaba qədər onlarla əsər yazılıb. Kabardin və
çeçen igidlərinin Port-Arturdakı döyüş fəaliyyəti
haqqında Əhmədxan Naloyevin “Dan üzünün
atlıları” tarixi romanı, Vikenti Veresayevin “Yapon müharibəsi
haqqında hekayətlər” silsiləsi,
yazıçının irihəcmli gündəliyi və yol
qeydləri, Sergey Senskinin “Susima”, N.A. Levitskinin “1904-1905-ci illərdə
rus-yapon müharibəsi” əsərləri maraqla oxunur. Bunların hamısında
eloğlularımızın qəhrəmanlığı
haqqında da məlumatlar verilir.
“Niva”
jurnalının 1905-ci il 25-ci sayında bir
həmyerlimizin də adına və fotoşəklinə rast gəldim.
Onun haqqında ancaq bu sözlər yazılırdı:
“33-cü Şərqi-Sibir atıcı alayının
poruçiki Zülfüqar Mirzə Ələkbər oğlu
Bağırbəyov fevral döyüşlərində igidliklə
vuruşub və kontuziya alıb”.
Adından, atasının adından və soyadından
poruçik Zülfüqar Bağırbəyovun azərbaycanlı
olması şübhəsizdir. Düşünürdüm
ki, görəsən, Uzaq Şərq sərhədləri
uğrunda igidliklə vuruşan bu həmyerlimizin
qohum-qardaşından sağ qalanı varmı?
1987-ci ildə İçərişəhərdə
yaşayan 82 yaşlı bir ağsaqqalla
görüşdüm. Məhəmməd Cavad oğlu
Bağırov bildirdi ki, “Niva” jurnalından şəklini
götürdüyünüz poruçik Zülfüqar Mirzə
Ələkbər oğlu Bağırbəyov mənim
doğma əmimdir. O, 1874-cü ildə Şuşada
anadan olub. Port-Artur döyüşlərindən
sağ-salamat qayıdan əmim Novobəyazid süvari
alayında ştabs-kapitan rütbəsində xidmət edib.
1912-ci ildən 1914-cü ilədək Bakı
şəhərində hərbi komendant işləyib, rütbəsi
mayor idi. Birinci Dünya müharibəsi illərində
Avstriya və Rumuniya cəbhələrində
döyüşlərdə iştirak edib.
Zülfüqar
bəyin müasiri, Azərbaycan Cumhuriyyətinin liderlərindən
biri Nağı bəy Şeyxzamanlı Türkiyədə nəşr
etdirdiyi “Xatirələrim” kitabında yazır ki,
Zülfüqar bəy Bağırbəylinin Birinci Dünya
müharibəsində, 1915-ci ildə Qafqaz cəbhəsində
ucqar Olti qəzasında məchul bir güllə ilə
vurulduğunu ailəsinə xəbər verdilər. Sonralar məlum oldu ki, Zülfüqar bəy bir erməni
tərəfindən döyüş vaxtı arxadan
vurulmuşdur. Ancaq rus
komandanlığı tərəfindən qatil
axtarılmamış və cinayət “məchul güllə
ilə törədilmiş” - deyə ört-basdır
edilmişdir.
* *
*
Böyük türk dünyasının nüfuzlu
orqanı “Tərcuman” qəzeti Port-Artur müharibəsinin
gedişatını müntəzəm izləmiş və
öz səhifələrində orduda qəhramanlıqla
döyüşən, dini müsəlman olan əsgər və
zabitlərin fəaliyyətindən xəbərlər dərc
etmişdir. Qəzet
11 iyun 1904-cü ildə “Müxtəlif xəbərlər”
rubrikasında yazırdı: “İstehkamçı - kapitan
İlyas bəy Ağalarov yeni podpolkovnik rütbəsi alaraq
Uzaq Şərq döyüşlərinə yola
düşür. Məşhur bəy nəslinin
nümayəndəsi İlyas bəy Ağalarov əla hərbi
təhsil almaqla elektrotexnika sahəsində də görkəmli
mütəxəssis olmuşdur. Onun orduda
keçən hərbi xidməti, həyatı və rütbəsi
Rusiyada yaşayan hər bir müsəlman əhlində iftixar
hissi doğurur”.
Gürcüstan Mərkəzi Dövlət Arxivində
İlyas bəy Allahyar bəy oğlu Ağalarova məxsus
azsaylı sənədlərdən məlum olur ki, o, Port-Artur
döyüşlərindən sağ-salamat
qayıtmışdır. Sonralar ikinci Qafqaz istehkamçı
batalyonun komandiri olan polkovnik İlyas bəy Ağalarov 1860-ci il iyunun 7-də Gəncədə nüfuzlu bəy
ailəsində dünyaya gəlib.
Sənədlər göstərir ki, İlyas bəy
İkinci Moskva hərbi gimnaziyasında və Pavlov hərbi məktəbində
təhsil alıb. Hərbi xidmətə 1879-cu il
aprelin 26-da başlayıb. 1887-ci il avqustun
8-də podporuçik, 1894-cü il avqustun 1-də
ştabs-kapitan, 1898-ci il avqustun 1-də kapitan, 1904-cü il
iyunun 26-da podpolkovnik, 1910-cu il dekabrın 6-da isə polkovnik
rütbələrini alıb.
Polkovnik
İlyas bəy Ağalarovun Port-Artur döyüşlərində
və nizami ordudakı nümunəvi xidmətləri 1901-ci
ildə ikinci dərəcəli “Müqəddəs Stanislav”,
1905-ci ildə ikinci dərəcəli “Müqəddəs
Anna”, yenə həmin ildə dördüncü dərəcəli
“Müqəddəs Anna” (bant və qılıncla birgə)
ordenlərinə layiq görülmüşdür.
1913-cü
il martın 18-də polkovnik İlyas bəy
qəfil mərmi partlayışından həlak olub. Bu sərkərdə eloğlumuzun məzarı
hazırda Gəncədə İmamzadə məscidinin həyətindədir.
Məzarın mərmər başdaşında
solmaqda olan “Qvardiya polkovniki İlyas bəy Ağalarov” sözlərini
oxuyanda unudulmuş igidin xatirəsi qəlbimi göynətdi.
İllərin tufanı mərmər qəbir daşından
onun sonuncu izini də silib aparır...
“Tərcuman” qəzeti 5 noyabr 1904-cü ildə “Müsəlmanlar
Port-Arturda” adlı xəbərində yazırdı: “Mancuriya
ordusunun sıralarında və həmçinin Port-Artur
döyüşlərinin qəhrəman müdafiəçiləri
arasında azsaylı müsəlmanlar da şərəflə
vuruşurlar.
Redaksiyanın aldığı məktubdan aydın olur ki,
yeddinci Şərqi-Sibir artilleriya divizionunun rəisi, general-mayor Səməd
bəy Sadıq bəy oğlu
Mehmandarov Qarabağ bəylərindəndir. Qala
artilleriyasının xəzinədarı isə Litva müsəlmanlarından
olan Ədhəm bəy
Muxranskidir. Şimali Qafqazdan olan artilleriya
poruçiki Y.İ. Dudarov isə avqust hücumlarının
birində mərd zabit kimi şərəflə vuruşaraq həlak
olmuşdur. Allah ona rəhmət eləsin.
Amin!”.
General Əliağa Şıxlinski
Port-Artur döyüşlərində
Port-Artur döyüşlərinin qala müdafiəsi zamanı düşmən həmlələrinin dönə-dönə dəf edilməsində top artilleriyasının mahir ustası Əliağa Şıxlinskinin döyüş xidmətləri misilsizdir. Onun 1904-1905-ci illərdəki hərbi rəşadəti bütün Rusiyaya yayılmışdı. Qısa müddətdə qəhrəmanlığı altı ordenə layiq görülən, rütbəsi kapitandan podpolkovnikə yüksələn Şıxlinski haqlı olaraq “Xatirələrim”də yazır ki, Port-Artur epopeyasının iştirakçısı olduğumu həmişə iftixarla yad edirəm.
(ardı var)
Şəmistan
NƏZİRLİ,
tədqiqatçı
– jurnalist
Xalq qəzeti.- 2015.- 24 may.- S.11.