Alman zabitini diz

çökdürən Azərbaycan qızı

 

Züleyxa Həbib qızı Seyidməmmədova  1919-cu il martın 22-də  Bakıda anadan olmuşdur. O, milli tariximizə ilk azərbaycanlı hərbi təyyarəçi qadın kimi düşmüşdür.

 

1934-cü ildə orta məktəbi bitirmiş, 1934-38-ci illərdə Azərbaycan Sənaye İnstitutunda təhsil almışdır. Bakı aeroklubunda təyyarəçilik ixtisasına yiyələnmiş (1935), Azərbaycan Sənaye İnstitutunu (1936), Moskvada N.Y. Jukovski adına Hərbi Hava Akademiyasını (1941) bitirmişdir. İkinci Dünya müharibəsində qırıcı təyyarəçi və qadınlardan ibarət  586-cı Qırıcı Aviasiya Alayının komandir müavini olmuş, öz qırıcı təyyarəsi ilə Moskva, Stalinqrad, Kursk səmalarında, habelə Volqa sahillərindən Vyanaya qədər 500 dəfədən çox döyüş uçuşu etmişdir.     1946-52-ci illərdə məsul komsomol və partiya vəzifələrində, 1951-1952-ci illərdə Azərbycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında rəhbər vəzifədə çalışmışdır. 1952-75-ci illərdə Azərbaycan SSR ictimai təminat naziri, Azərbaycan SSR Ali Sovetinin (2,6 və 8-ci çağırış) deputatı olmuşdur. “Lenin”, 2-ci dərəcəli “Vətən müharibəsi”, 2 Qırmızı Əmək Bayrağı və 2 “Şərəf nişanı” ordenləri ilə təltif edilmişdir.

 

 “İsmət”dən təsirlənən qızın dönüş nöqtəsi

 

Balaca qızcığaz uşaq marağı ilə buludların oynadığı  səmaya baxardı. Özü də Şüvəlandakı bağlarında. Meyvə ağaclarının başına çıxaraq səmada uçan təyyarələrə heyrətlə tamaşa edərdi. Sonralar isə xatirələrində (“Təyyarəçinin qeydləri”) səmaya olan istəyini, ucalığa can atmasının səbəbini belə izah edirdi: “Mən yüksəkliyi sevirdim. Hər yay  ailəmizlə birgə şəhərdən kənarda—Şüvəlan kəndindəki bağımıza köçürdük.  Burada əncir və tut ağacları vardı. Mən onların ən yüksəyini seçər, başına dırmaşardım.  Evlərin düz damlarına, bağlara, üzümlüklərə, sahili bəyaz ləpədöyən olan dənizə  yuxarıdan baxmaq xoşuma gəlirdi...”

Məktəb illərində Bakı təyyarə meydanına ekskursiya zamanı  onun səmaya olan ecazkar sevdası qətiləşir. Ailədə Züleyxanın təyyarəçi olmaq istədiyini biləndə anası etiraz edir. Lakin qızının fikrinin qəti olduğunu görəndə: “Nə danışırsan, Züleyxa, məgər təyyarə sürmək qız işidir?! Bunu heç xəyalına da gətirmə!”-deyir.  Lakin ekrana çıxan “İsmət” filmi onun arzusunu daha da alovlandırır.

Azərbaycanın ilk təyyarəçi qadını Leyla Məmmədbəyovaya həsr edilmiş film gənc qızın  qəlbindəki əlçatmaz arzularını oyadır, hər dəfə səmaya baxarkən özünü göyün yeddinci qatında, sükan arxasında təsəvvür edir. İllər sonra o günlər yada düşəcək, adını ilk hərbi qadın  təyyarəçi kimi Azərbaycan hərb tarixinə yazdıran xanım (Nazim Rza İsrafiloğlunun rejissoru olduğu “Göylər sonsuz bir dənizdir:Züleyxa” filmində) danışacaqdı: “ 1932-ci ildə məktəbdə oxuyarkən tez-tez kinoya gedirdim. “İsmət” filmini izlədim. Azərbaycanın ilk təyyarəçi qadını Leyla Məmmədbəyovaya həsr edilmiş bu film, açığı, məndə çox böyük təəssürat oyatdı. Biz məktəblilər Bakının Zabrat aerodrumuna ekskursiyaya getmişdik. Mən ilk dəfə orada Leyla xanımı gördüm. O, bizə yaxınlaşdı. Təyyarəçi geyimində idi. Onunla görüş qəlbimizdə  o qədər təsir buraxmışdı ki, mən ona baxıb: – Leyla xanım, mən də sizin kimi təyyarəçi olacağam – dedim. O, gülərək məni qucaqladı. Dedi ki, eşitmışəm, sən idmançısan. Çox yaxşı uçarsan.”

1934-cü ildə orta məktəbi bitirən Züleyxa təhsilini Azərbaycan Sənaye İnstitutunun mədən fakültəsində davam etdirir. Birinci kursda oxuyan gənc qız institutun nəzdində Bakı aeroklubunun filialının açılmasını sevinclə qarşılayır və klubun təyyarəçilik kursuna daxil olur. Tezliklə yaşıdları arasında fərqlənməyi bacarır və Azərbaycan qızları arasında paraşütdən tullanmaq üzrə yarışda birinci yeri tutur.        1935-ci ilin avqustunda Moskvada uçuş tullanışında iştirak edən Züleyxa paraşütçülərin I Ümumittifaq toplantısına qatılır. Tuşino aerodromunda qrup halında tullanmaq üzrə Zaqafqaziya komandasında birinci yeri tutur. Təyyarədən paraşütlə 50 dəfə tullandığına görə isə onu paraşüt idmanı üzrə təlimatçı vəzifəsinə təyin edirlər.

 

 

“Əlvida, arzularım...”

 

O, özünə əmin idi ki, Jukovski adına Hərbi Akademiyanın müdavimi  olacaq. Çünki təcrübəsi, istəyi və bir də bu sənətə sevgisi vardı.  Bu illər ərzində 700 saata qədər uçmuş, müxtəlif yarışlarda qalib gəlmiş, təlimatçı kimi yüksək səviyyədə xidmət etmişdi. Təlimatçılıq etdiyi 3 il müddətində 75 təyyarəçi, 80 paraşütçü hazırlamışdı.

Lakin institutdan aldığı  çox qısa cavab onun xəyallarını bir anlıq parçaladı: “Hərbi Hava Akademiyasının komandanlığı sizə məlumat verir ki, şturman fakültəsinə qadınlar qəbul edilmir.” Ancaq bu gözlənilməz rədd cavabı sonradan müharibə başlayınca öz qüvvəsini itirəcək, Züleyxa xanım kimi təcrübəli və cəsarətli qadınları hərbi komandanlıq özü əl-əl axtaracaqdı.  Hələ ki, qadınların təyyarəçi olmasına “ehtiyac” duyulmurdu. Heç bir qadağa və maneə onu yolundan döndərə bilməzdi. Çünki xaraktercə inamlı, güclü olan bu gənc qız indidən özünü peşəkar təyyarəçi  kimi görürdü. Qəhrəmanım xatirələrində yazır: “Özümü itirmiş halda quruyub qalmışdım. Daha hər şey bitdi? Əlvida, mənim arzularım...Yox, öz arzularımdan belə asanlıqla əl çəkə bilməzdim. Azərbaycan komsomolunun Mərkəzi Komitəsinə yollandım. Oradan mənə dedilər: Fikir eləmə, Züleyxa, çalışarıq ki, sənə əlimizdən gələn köməkliyi edək...” Uzun yazışmalardan sonra, nəhayət ki, o,   akademiyanın şturman fakültəsinə qəbul olundu. Akademiyanın şturman fakultəsində yeganə qadın olan Züleyxa təhsilini bitirdikdən sonra təlim təyyarə alayında qırıcı təyyarənin şturmanı təyin edilir. Müharibənin ilk günündən onların alayı, hərbi qaydaya uyğun olaraq, Moskvanın müdafiəsinə göndərilir.

 

Qadın hərbi aviaalayları:

“gecə cadugərləri”

 

SSRİ Hərbi Komandanlığı təyyarəçi qadınlardan ibarət hərbi alaylar təşkil edilməsinə qərar verdi. Lakin istənilən sayda qadın təyyarəçini tapmaq çətin idi. Marina Roskovanın təşəbbüsü ilə  Züleyxa da bu işdə fəallıq göstərir. O, akademiyanı bitirdikdən sonra orada saxlandı, qırıcı aviasiya alayında eskadrilya şturmanı vəzifəsinə qəbul edildi. Gərgin əmək və axtarışdan sonra müxtəlif təyinatlı hərbi hissələr yaradıldı: 586-cı alay qırıcı, 587-ci alay bombardımançı, 588-ci alay isə  gecə bombardımançı alayları idi. Onları “gecə cadugərləri” adlandırırdılar. O dövr üçün müasir və sürətli “YAK” təyyarələrinin alaya gətirilməsi ilə döyüşçü qızlar  bu təyyarədə uçmağı öyrənirdi.

 

Züleyxanı görən

polkovnik niyə üzünü gizlətdi?

 

Stalinqrad səmasında döyüşərkən təyyarəsini vurub yerə saldığı və sonradan əsir alınan faşist polkovniki Züleyxanı oğlan zənn etmişdi. Bir qız tərəfindən təyyarəsinin vurulmasını isə heç cür qəbul edib qüruruna sığışdıra bilmirdi. Bəli, onun utanaraq , üzünü gizlətməsinə səbəb olan gənc bir Azərbaycan qızı idi. “Bir dəfə bizə xəbər verdilər ki, Stalininqrada faşist kəşfiyyat təyyarələri gəlir. Bunu eşidən kımi,  Stalinqrad səmasında Marusya Kuznetsova  ilə yuxarı qalxdıq. Adətən, mən onunla  uçurdum. Bir faşist təyyarəçisinə rast gəldik və dərhal onu vurduq. Əvvəl mən hücuma keçirdim. Marusya isə məni arxadan mühafizə edirdi. Təyyarəni vurandan sonra Stalinqrad aerodromuna düşdük. Çünki benzinimiz çatmazdı ki, öz aerodromumuza qayıdaq.  Komandir əmr etdi ki, komanda məntəqəsinə gəlim. İçəri otağa keçəndə bir nəfərin üzünü gizlədərək oturduğunu gördüm. Həmin zabit alman ordusunun polkovniki idi. Növbətçidən soruşdum ki, bu kimdir? Mənə cavab verdilər ki, bu zabiti siz vurmusunuz. Tərcüməçi  ona müraciət edərək alman dilində ”Baxın, görün sizin təyyarəni kim vurub?"-deyə bildirdi. Mən şlemofonu çıxarmışdım. Alman zabit məni görən kimi sərt görkəm aldı, rəngi dəyişdi. “Ola bilməz. Mən as bir alayın komandiriyəm. Ola bilməz ki, məni bir qız vursun.”-deyərək  üzünü çevirdi."

O, qadın təyyarəçilər alayının tərkibində Rumıniyaya qədər irəliləyir, hava hücumlarında şəxsi igidliklər göstərir. Bütün bu şücaətinə görə sonralar II dərəcəli “Vəntən müharibəsi” ordeni ilə təltif olunur. Böyük Vətən müharibəsinin son  dövründə qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya alayının komandir müavini kimi döyüşən Züleyxa müharibədən qəhrəman aviasiya kapitanı kimi Vətənə – doğma Bakıya dönür.

Bu gün  zəngin təcrübə və tarixə malik Azərbaycan Aviasiya Akademiyasının, eləcə də Hərbi Akademiyanın neçə-neçə məzunu səmada şahintək uçurlar. Bu gün də  Züleyxa kimi cəsur qadınların örnək olan qaynar ömür yolu neçə-neçə Azərbaycan qızlarını əlçatmaz xəyallara qanadlandırır.

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2015.- 24 may.- S.11.