Azərbaycan Xalq
Cümhuriyyəti:
müstəqilliyin çətin yolu
1917-ci il fevralın 23-də
Petroqradda fəhlələrin tətil və nümayişləri
ilə başlanan demokratik inqilab həmin ayın 28-də çarizmin süqutu
ilə başa çatdı. Müvəqqəti
hökumətin qərarı ilə
martın 3-də Cənubi Qafqazda hakimiyyət yeni yaradılmış orqana - Xüsusi Zaqafqaziya Komitəsinə verildi. Bu komitə
Dövlət Dumasında regionun milli
qruplarını təmsil
edən deputatlardan ibarət
idi. Yerlərdə həmçinin fəhlə
deputatları sovetləri də
yaradılmışdır . Bütün bunlar Rusiyanın digər
yerlərində olduğu kimi, Azərbaycanda
da ikihakimiyyətliliyin olduğunu
göstərirdi.
Azərbaycanda inqilabın ilk ayları müxtəlif siyasi cərəyanların, partiyaların, sosial təbəqələrin müvəqqəti hökumətə etimad göstərilməsi və onun müdafiə edilməsi ilə səciyyələndi. Bu dövrdə bolşevik, menşevik, eser partiyaların komitələri leqal fəaliyyətlərini bərpa etdilər. Fevral inqilabının qələbəsindən sonra “Müsavat” Partiyası geniş siyasi-təşkilati fəaliyyətə başladı. Artıq 1917-ci ilin payızında “Müsavat” Azərbaycanda milli-demokratik hərəkata başçılıq edən sinfi və sosial mövqeyindən asılı olmayaraq, cəmiyyətin müxtəlif təbəqələrini öz arxasınca aparan güclü siyasi partiyaya çevrildi. Monarxiyanın süqutundan bir neçə gün sonra Gəncədə Türk Federalistlər Partiyası yarandı. Bu partiya Rusiya dövlətinin muxtar ərazilərin federasiyasına çevrilməsi ideyası ilə çıxış edirdi. Partiyanın yaradıcısı və ideya rəhbəri Nəsib bəy Yusifbəyli idi.
Fevral-burjua demokratik inqilabından Azərbaycan xalqı da çox şey gözləyirdi. Məmməd Əmin Rəsulzadənin fikrincə, 1917-ci il inqilabı məhkum siniflərə hürriyyət, məhkum millətlərə muxtariyyat verəcəkdi. Muxtariyyat ideyası ilk dəfə Qafqaz müsəlmanlarının aprel ayında keçirilən Bakı qurultayında irəli sürüldü və 1917-ci ilin may ayında Rusiya müsəlmanlarının Moskvada keçirilən qurultayında müdafiə edildi.
Bolşeviklərin Petroqradda hakimiyyəti ələ alması, onların Azərbaycanda, xüsusilə Bakıda fəallaşmasına səbəb oldu. Oktyabr ayının 31-də bolşeviklər Bakı Sovetinin təcili iclasının çağırılmasına nail oldular. Burada onlar bir sıra mədən-zavod və ordu komitələri nümayəndələrinin iştirakı ilə hakimiyyəti ələ almaq barədə qətnamə qəbul etdilər. Noyabr ayının 2-də həmin tərkibdə çağırılmış Sovetin iclasında bolşeviklər Bakıda sovet hakimiyyətinin qurulduğunu elan etdilər. Sovetin təkhakimiyyətliliyə nail olmasına Bakının digər siyasi hakimiyyət strukturları (İctimai Təşkilatların İcraiyyə Komitəsi, Şəhər Duması) mane olurdu. Buna görə bolşeviklər bu hakimiyyət orqanlarını ləğv etmək məqsədilə yeni seçki qanunu qəbul etdilər.
1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərində Cənubi Qafqazda baş verən hadisələr mövcud siyasi şəraitə həm də siyasi partiyaların fəaliyyətinə ciddi təsir göstərirdi. Bu dövrdə diyar şərti olaraq iki hissəyə parçalanmışdır. Rusiya bolşevizminin dayağına çevrilməkdə olan Bakı şəhəri və Cənubi Qafqazın qalan ərazisi. 1917-ci ilin noyabrın 11-də Tiflisdə keçirilən müşavirədə Rusiya bolşevik hökumətinin hakimiyyətini tanımaqdan imtina edərək”, müstəqil Zaqafqaziya hökuməti yaratmaq haqqında qərar qəbul etdi. Noyabrın 15-də Zaqafqaziya Komissarlığı yaradıldı. Onun tərkibinə Azərbaycandan F.Xoyski, M.Cəfərov, X.Məlikaslanov daxil oldular. 1917-ci il dekabrın 5-də Ərzincanda Zaqafqaziya komissarlığı ilə Türkiyə Hərbi Komandanlığı arasında barışıq sazişi bağlandı. Sazişə görə, Qafqaz cəbhələrindən qayıdan rus əsgərləri Bakıdan keçərək, Rusiyaya getməli idilər. Yolboyu onlar Azərbaycan kəndlərini talan edir, Bakı Sovetinə xidmət etməyi Vətənə qayıtmaqdan üstün tuturdular.
Rus ordusu öz silah və hərbi sursatını erməni və gürcülərə, Bakı bolşeviklərinə verdiyindən Azərbaycan əhalisi silahlı düşmən qarşısında əliyalın qalmışdı. Azərbaycan fraksiyası bərabər silahlanmaq tələbini irəli sürdükdə, hökumət geri qayıdan rus polklarından birinin tərksilah edilib, silahlarının azərbaycanlılara verilməsinə razılıq verdi. Buna uyğun olaraq, 1918-ci ilin yanvarında Şamxor stansiyasından keçən rus polku tərksilah edildi.
Bakıda bolşeviklərin və erməni partiyalarının əsas rəqibi “Müsavat” idi. Partiyanın muxtariyyat uğrunda mübarizəsi və müsəlmanlar arasında nüfuzunun artması Bakı Sovetini bərk narahat edirdi. Mart ayının 30-da Lənkərana yola düşmək ərəfəsində şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina ” gəmisinin bolşeviklər tərəfindən tərksilah edilməsinə cavab olaraq şəhər məscidlərində toplanan müsəlman əhalisi müsadirə edilmiş silahların qaytarılmasını tələb etdi. Bolşeviklər bu tələbin yerinə yetiriləcəyini vəd etsələr də, həmin günün axşamı Bakıda ilk atəşlər açıldı. Azərbaycanlılara qarşı mart soyqırımı başlanana qədər özlərinin bitərəfliyini elan etmiş “Daşnaksütyun”və Erməni Milli Şurası sonradan Bakı Sovetini müdafiə etdi. Ermənilərin fitnəsi ilə hərbi gəmilər şəhərin müsəlmanlar yaşayan hissəsini top atəşinə tutdular. “Müsavat” liderləri kütləvi qırğının qarşısını almaq məqsədilə martın 31-də Bakı Soveti İcraiyyə Komitəsi ilə danışıqlara başladılar. Buna baxmayaraq, şəhərin azərbaycanlılar yaşayan rayonları tamamilə məhv edildi və şəhərə hücum edən erməni daşnakları tərəfindən dinc əhaliyə qarşı əsl soyqırımı törədildi.
Azərbaycanda mart soyqırımını törətməklə erməni bolşevik qüvvələri qarşılarına daha böyük məqsədlər qoymuşdular. Bunlardan ən əsası isə bütün Azərbaycanı işğal etmək idi. Lakin 1918-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, milli dövlətçiliyin bərpası, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması düşmənlərin bu planlarını pozdu. Belə ki, 1918-ci ilin fevralın 23-də Cənubi Qafqazın Ali hakimiyyət orqanı Zaqafqaziya Seymi yaradıldı. Lakin seymin tərkibinə daxil olan azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı. 1918-ci ilin aprelin 22-də Zaqafqaziyanın müstəqil federativ respublika elan edilməsi bu ziddiyyətləri aradan qaldırmadı. Fraksiyalar arasında getdikcə güclənən çəkişmələr son nəticədə Seymin fəaliyyətini iflic vəziyyətinə saldı. Belə bir şəraitdə gürcülər Zaqafqaziya Seyminin tərkibindən çıxıb Gürcüstanın dövlət müstəqilliyini elan etmək qərarına gəldilər. 1918-ci ilin may ayının 26-da Zaqafqaziya Seymi özünün buraxıldığını elan etdi və həmin gün Gürcüstanın müstəqilliyi bəyan edildi. May ayının 27-də Seymin müsəlman fraksiyası Azərbaycan Milli Şurasını yaratdı. Qızğın mübahisələrdən sonra Azərbaycanın dövlət müstəqilliyinin elan olunması haqqında qərar qəbul edildi. 1918-ci ilin may ayının 28-də Milli Şuranın katibi Həsən bəy Ağayev tərəfindən oxunan İstiqlal Bəyannaməsində deyilirdi:
1. Azərbaycan tamhüquqlu və müstəqil dövlətdir. Zaqafqaziyanın cənub və şərq hissəsindən ibarətdir. Ali hakimiyyət Azərbaycan xalqına məxsusdur.
2. Müstəqil Azərbaycanın siyasi quruluş forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq birliyin bütün üzvləri, xüsusən həmsərhəd xalqlar və dövlətlərlə dostluq əlaqələri yaradacaq.
4. AXC öz sərhədləri daxilində millətindən, dinindən, ictimai vəziyyət və cinsindən asılı olmayaraq, bütün vətəndaşlarına tam vətəndaşlıq və siyasi hüquqlar verir.
5. AXC onun ərazisində yaşayan bütün xalqların sərbəst inkişafına şərait yaradacaq.
6. Müəssislər Məclisi çağırılana kimi bütün Azərbaycanın idarəsi başında xalq səsverməsi yolu ilə seçilmiş Milli Şura və onun qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.
Azərbaycan Milli Şurası həmin iclasında, eyni zamanda, bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti hökumətinin tərkibini də təsdiq etdi.Yenicə yaradılmış Cümhuriyyət hökumətinin başçısı Fətəli xan Xoyski 1918-ci il may ayının 30-da bir sıra dövlətlərin xarici işlər nazirlərinə radioqram göndərərək Azərbaycanın müstəqil dövlət elan edildiyini bəyan etdi. Bir çox ölkələrə göndərilən həmin radioqramda bildirilirdi ki, cümhuriyyət hökuməti müvəqqəti olaraqYelizavetpolda (indiki Gəncə), fəaliyyət göstərəcəkdir. Bundan əlavə, xarici işlər naziri Məmməd Həsən Hacınski Türkiyənin xarici işlər naziri Əhməd Nəsimi bəydən məxfi teleqramla xahiş etdi ki, Avropa dövlətlərinin paytaxtında olan türk səfirlikləri Azərbaycanın həmin ölkələrdəki nümayəndəlikləri funksiyasını da öz üzərlərinə götürsünlər.
Cümhuriyyət xadimlərinin çox böyük tarixi xidməti bu idi ki, onlar yurdun şimalında Rusiya işğalından sonrakı dövrdə unutdurulmuş müqəddəs Azərbaycan möhürünü xalqa qaytardılar. Xalqın dirçəldilən yeni dövləti dünyanın siyasət meydanına Azərbaycan adı ilə qədəm qoydu. 1918-ci il iyun ayının 16-da Milli Şura və hökumət özünün fəaliyyət mərkəzini Tiflisdən Gəncəyə köçürdü. Gəncədə Azərbaycan Xalq Cümhuriyyət tarixində ilk hökumət böhranı baş verdi. Bu zaman Batum müqavilələrinin şərtlərinə əsasən, soyqırımına məruz qalan Azərbaycan xalqının köməyinə gələn və artıq Gəncədə olan Qafqaz İslam Ordusunun Baş Komandanı Nuru Paşa ilə Milli Şura üzvləri arasında fikir ayrılığı yarandı. Hökumətin inqilabi tədbirlər həyata keçirəcəyindən ehtiyat edən Azərbaycan burjuaziyası və mülkədarları nümayəndələrinin işə qarışması nəticəsində Nuru Paşa ilə Azərbaycan Milli Şurası və hökuməti arasında ixtilaf yaranması vəziyyəti daha da ağırlaşdırdı. Çətinliklə qazanılmış istiqlalın itirilməsi təhlükəsi yarandı. İyun ayının 17-də Məmməd Əmin Rəsulzadənin başçılığı ilə Milli Şuranın keçirdiyi qızğın müzakirələrdən sonra böhran, çox çətinliklə aradan qaldırıldı. Ölkədə yaranmış real vəziyyəti və konkret tarixi şəraiti nəzərə alan Azərbaycan Milli Şurası iyun ayının 17-də Gəncədə iki mühüm qərar qəbul etməyə məcbur oldu. Öz fəaliyyətini müvəqqəti olaraq dayandırdı və bütün hakimiyyətini Müəssislər Məclisi çağırılanadək Fətəli xan Xoyskinin sədrliyi ilə yaradılmış yeni ikinci Müvəqqəti hökumətə həvalə etdi.
Azərbaycan Milli Şurası çətinliklə əldə olunmuş istiqlalın itirilməsindən ehtiyat edərək, qərara aldı ki, qısa müddət ərzində Müəssislər Məclisi çağırılmalı, o vaxta qədər isə F.X.Xoyski hakimiyyəti öz əlində saxlamalı, heç kimə güzəştə getməməlidir. Müvəqqəti hökumət 6 aydan gec olmayaraq Müəssislər Məclisini çağırmalı idi. Azərbaycan Milli Şurasının 1918-ci il may ayının 27-dən iyun ayının 17-dək davam edən 20 günlük ilk fəaliyyəti dövründə cəmi 7 iclası keçirildi və bu iclaslarda, əsasən, 2 mühüm qərar qəbul edildi:
1. Azərbaycanın istiqlalı elan olundu və İstiqlal Bəyannaməsi qəbul edildi;
2. Fətəli Xan Xoyski başda olmaqla, ilk Azərbaycan hökuməti formalaşdı və 1813-cü ildən sonra ilk dəfə olaraq, Azərbaycanın müstəqil idarə olunmasına başlanıldı. Azərbaycanın bir hissəsi olan Şimali Azərbaycanda respublika quruluşu yaradıldı.
1918-ci il iyun ayının 17-də hakimiyyətə gələn F.X.Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti beynəlxalq və daxili aləmdə çətinliklər qarşısında olsa da, soyqırımı taleyini yaşayan Azərbaycan xalqını tarixin qanlı burulğanından çıxartmaq məsuliyyətini öz üzərinə götürməli oldu. Vəziyyəti daha da mürəkkəbləşdirən bu idi ki, Bakıda Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak rejiminin ermənilərdən ibarət olan silahlı qüvvələri Gəncəyə doğru yürüşə başlamışdı. Göyçay ətrafında qanlı döyüşlər gedirdi. Belə bir şəraitdə təcili olaraq, müstəqil Azərbaycanın dövlət quruculuğuna başlanıldı. Hökumət yaranmış vəziyyətdən çıxmaq üçün ilk günlərdən qəti tədbirlərə əl atdı.İyun ayının 19-da Azərbaycan ərazisində hərbi vəziyyət elan olundu. İyun ayının 21-də qırmızı parça üzərində ağ aypara və ağ səkkizguşəli ulduz təsvir olunan bayraq Azad Azərbaycanın dövlət rəmzləri kimi qəbul olundu.
(ardı var)
Gülgün ŞƏFİYEVA,
Ədliyyə Nazirliyi Ədliyyə
Akademiyasının
elmi-tədqiqat
və məhkəmə
presedenti şöbəsinin
baş məsləhətçisi, II dərəcəli
ədliyyə qulluqçusu
Xalq qəzeti.- 2015.- 26
may.- S.9.