Azərbaycan Xalq Cümhuriyyəti:
müstəqilliyin çətin yolu
1918-ci il iyun ayının 26-da müsəlman hərbi korpusu əlahiddə Azərbaycan korpusuna çevrildi. Həmin korpusun komandirinə general rütbəsi verildi. Diviziya komandiri səlahiyyətlərinə malik olan Azərbaycan korpusunun komandiri hökumətin xüsusi tapşırığını yerinə yetirməyə başladı ki, bu da faktiki olaraq, Azərbaycan Silahlı Qüvvələrinin yaradılması demək idi. İyun ayının 27-də Azərbaycan-türk dili dövlət dili elan olundu. Türkiyədən dərsliklər gətirmək və müəllimlər dəvət etmək üçün qərar qəbul edildi. Məktəblər milliləşdirildi, yeni müəllim kursları və məktəblər açıldı. Yelizavetpol və Qaryagenin tarixi adları bərpa olunaraq, yenidən Gəncə və Cəbrayıl adlandırıldı. İyul ayının 15-də Fövqəladə Təhqiqat Komissiyası yaratmaq barədə qərar qəbul olundu. Komissiya Birinci dünya müharibəsi dövründə bütün Cənubi Qafqaz ərazisində türk müsəlman əhaliyə qarşı törədilən soyqırımı vəhşiliyini və onların əmlakının talan olunması məsələsini araşdırıb cinayətkarları məhkəmə məsuliyyətinə cəlb etməli idi. Hökumətin bu qərarı ilə, əslində, azərbaycanlılara qarşı soyqırımlarına hüquqi qiymət verilməsinin əsası qoyuldu. Bundan əlavə, hökumətin nəzarəti altında olan ərazidə vəziyyəti sabitləşdirmək, nəqliyyat, poçt-teleqraf rabitəsi yaratmaq üçün də bir sıra mühüm tədbirlər görüldü.
1918-ci il avqust ayının 11-də hərbi mükəlləfiyyət haqqında qərar, avqustun 23-də isə “Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında” Qanun qəbul edildi. Tarixən çox qısa vaxt ərzində həyata keçirilən bütün bu tədbirlərə baxmayaraq, F.X.Xoyski hökumətinin başlıca vəzifəsi AXC-nin hakimiyyətini ölkənin bütün ərazisində bərqərar etmək, Bakını və onun ətrafını düşmənlərdən təmizləmək idi. Bu isə asan məsələ deyildi, çünki Qafqaz İslam Ordusunun və Azərbaycan hökumətinin hərbi planlarından xəbərdar olan Şaumyan Cümhuriyyət hökumətinə əl-qol açmaq imkanı verməmək üçün Bakı Sovetinin əsasən ermənilərdən ibarət olan yaxşı silahlanmış bolşevik-daşnak qoşunlarına Gəncə üzərinə yürüş əmri vermişdi. Göyçay uğrunda gedən qanlı döyüşlərdə türk və azərbaycanlılardan ibarət Qafqaz İslam Ordusu xalq könüllülərinin fəal köməyi ilə bolşevik-daşnak hərbi birləşmələrini darmadağın etdi və iyun ayının 20-də Şamaxı azad olundu.
Türk əsgərlərinin Azərbaycan Hərbi Qüvvələri ilə birlikdə həyata keçirdiyi müzəffər istiqlal yürüşünün növbəti hədəfi Bakı idi. 1918-ci il sentyabr ayının 15-də ağır döyüşlərdən sonra Qafqaz İslam Ordusu və xalq könüllü dəstələrinin birləşmiş qüvvələri Bakını azad etdi. Şəhər Şaumyanın bolşevik-daşnak rejimindən sonra hakimiyyəti ələ keçirən və eser menşevik tör-töküntülərindən “Sentro Kaspi” diktaturasından təmizləndi. Sentyabr ayının 17-də F.X.Xoyski kabinetinin təşkilindən 3 ay sonra AXC hökuməti Bakıya köçdü və Bakı paytaxt elan olundu. 1918-ci il noyabrın 9-da AXC-nin iyun ayının 21-də qəbul etdiyi dövlət bayrağı üzərində aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraqla əvəz olundu. Azərbaycan hökuməti bu tədbirləri olduqca mürəkkəb bir şəraitdə həyata keçirirdi. Bakının azad olunması nəticəsində yaranmış əlverişli daxili vəziyyət uzun sürmədi. Məsələ onda idi ki, Birinci dünya müharibəsində məğlub olan Türkiyə Midros barışığına əsasən, öz hərbi qüvvələrini cənubi Qafqazdan, o cümlədən Bakıdan çıxarmalı oldu. Müttəfiqlərin razılığına əsasən, bu zaman İranın Ənzəli limanında olan ingilis hərbi qüvvələrinin komandanı, general Tomsona Bakını tutmaq əmri verildi. İngilis generalının tələbi ilə Osmanlı və Azərbaycan hərbi qüvvələri Bakını tərk etdilər. 1918-ci il noyabrın 17-də general Tomsonun hərbi qüvvələri Bakıya daxil oldu. Bakıda Tomsonun başçılıq etdiyi ingilis general-qubernatorluğu yarandı. Bakı şəhəri və onun neft mədənləri ingilislərin nəzarətinə keçdi. Azərbaycanın istiqlalının əleyhinə olan qüvvələr, xüsusən daşnaklar yenidən fəallaşdılar. Belə bir şəraitdə Milli Şura beş aylıq fasilədən sonra noyabr ayının 19-da “Azərbaycan parlamentinin yaradılması haqqında” Qanun qəbul etdi. Qanunda göstərilirdi ki, ölkə əhalisinin Milli tərkibinə müvafiq olaraq, Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri Parlamentdə təmsil olunmalıdırlar. Beləliklə, 1918-ci il dekabr ayının 7-də Azərbaycan Parlamenti öz işinə başladı.
Azərbaycan parlamenti bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Parlamentin ilk iclasını Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə açdı. Həmin iclasda bitərəf, hüquqşünas, görkəmli siyasi xadim Əlimərdan bəy Topçubaşov sədr, Müsavat Partiyasının üzvü Həsən bəy Ağayev isə onun müavini seçildi. Birinci iclas zamanı F.X.Xoyski müvəqqəti hökumətin istefası ilə bütün hakimiyyətin parlamentə keçməsini elan etdi. Yeni hökumətin təşkili yenidən F.X.Xoyskiyə tapşırıldı. Dekabr ayının 26-da koalisiya əsasında təşkil olunmuş yeni Nazirlər Kabinetinin tərkibi elan edildi. İki gün sonra general Tomson Azərbaycan hökumətini yeganə qanuni hakimiyyət olaraq tanıdığı haqqında bəyanat verdi.Yeni kabinet partiya prinsipi üzrə deyil, parlament fraksiyalarının hökumət başçısının proqramına etimad göstərməsi əsasında təşkil edilmişdi. Hökumətin mövqeyi gücləndikcə ingilis komandanlığı ictimai-siyasi həyatın müəyyən sahələrində onun fəaliyyəti üzərinə qoyduğu məhdudiyyətlər də tədricən aradan qaldırılırdı.
1919-cu il mart ayında Xoyski hökuməti istefa verdi və aprelin 14-də yeni yaradılan hökumətə Müsavat Partiyasının liderlərindən biri Nəsib bəy Yusifbəyli başçılıq etdi.Yeni hökumətin də proqramının əsasını Azərbaycanın Dövlət müstəqilliyinin böyük dövlətlər tərəfindən tanınması, ölkənin ərazi bütövlüyünün təmin olunması və qonşu ölkələrlə sıx əlaqələrin yaradılması təşkil edirdi.
Dövlət quruculuğunda müsbət nəticələrlə yanaşı, çoxlu nöqsan da qabarıq şəkildə öz əksini tapırdı. Siyasi çəkişmələr, bəzi partiyaların və siyasi qüvvələrin barışmazlıq mövqeyindən çıxış etmələri vahid platforma əsasında dövlət strukturunun formalaşmasına maneçilik törədirdi. Vəziyyəti daha da gərginləşdirən ağ qvardiyaçı Denikin ordusunun Dağıstan və Gürcüstan üzərinə hücuma başlaması idi. Denikin qoşunlarının Port-Petrovsk və Dərbəndi işğal etməsi Azərbaycanın müstəqilliyi üçün real təhlükə yaratmışdı. Təhlükəli vəziyyətin qarşısını almaq üçün Azərbaycan hökuməti ciddi addımlar atdı. Parlamentin tövsiyəsi ilə müdafiə sahəsində fövqəladə səlahiyyətə malik olan xüsusi orqan Dövlət Müdafiə Komitəsi yaradıldı.
1919-cu il iyun ayının 11-də Azərbaycanın bütün ərazisində hərbi vəziyyət elan edildi. Həmin il avqustun 24-dən ingilis qoçunları Azərbaycan ərazisini tərk etməyə başladılar. Onlar şəhər limanının idarəçiliyini hərbi hissələrin radiostansiyalarını, ordunun hərbi sursatını və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. Onun əsasında Azərbaycan Xəzər Donanması yaradıldı. 1919-cu ilin ikinci yarısında Azərbaycan parlamenti ölkə həyatının demokratikləşdirilməsinə təkan verən bir sıra qanunlar qəbul etdi. İyulun 21-də parlament “Azərbaycan Respublikasının Müəssislər Məclisinə seçkilər haqqında Əsasnaməni təsdiq etdi. Avqust ayının 11-də parlament tərəfindən Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul olundu, oktyabrın 30-da Mətbuat haqqında Nizamnamə imzalandı.
1920-ci ilin əvvəllərində ölkənin daxili və siyasi həyatı xeyli sabitləşdi. Qısa müddətdə normal fəaliyyət göstərən dövlət aparatı və ordu yaradıldı. Xalq maarifi sahəsində ciddi nailiyyətlər əldə olundu. Bakı Universiteti yaradıldı. 1920-ci il yanvar ayının 11-də Paris sülh konfransının Ali Şurası Azərbaycanın müstəqilliyinin “de-fakto” tanınması haqqında qərar qəbul etdi. Lakin Azərbaycanın daxili siyasi həyatında yaranan sabitlik uzun sürmədi. Ölkənin başı üstünü bolşevik təhlükəsi almışdı. 1920-ci il fevral ayının 11-də Azərbaycan Kommunist Partiyasının birinci qurultayı işə başladı. Qurultay Azərbaycanda dövlət çevrilişi xəttini əsas götürdü. Mart ayının axırlarında iğtişaşlar törətməkdə günahlandırılan bir sıra sosialistlər həbs edildilər. Hadisə ilə bağlı parlamentin sosialist fraksiyasının üzvləri N.Yusifbəyli kabinetinə etimadsızlıq göstərdilər. Aprel ayının birində hökumət istefa verdi. Yeni kabinetin təşkili M.Hacinskiyə tapşırıldı.O, kommunistlər də daxil olmaqla, sol qüvvələrdən ibarət koalisiya hökuməti yaratmaq istəyirdi. Lakin bolşeviklər bundan imtina etdilər.Onlar dövlət çevrilişinə daha fəal hazırlaşırdılar.Aprel ayının 22-də M.Hacinski yeni hökuməti yaratmağın mümkün olmadığı barədə parlamentə məlumat verdi.
Xarici təhlükə ilə yanaşı, aprel ayının əvvəllərində başlanan hökumət böhranı Azərbaycanda siyasi vəziyyətin daha da gərginləşməsinə səbəb oldu. Sovet Partiyasının hücumu ərəfəsində Moskvaya gəlmiş erməni nümayəndələri ərazi güzəştləri müqabilində Azərbaycan Hökumətini devirmək planında öz yardımlarını təklif etdilər. 1920-ci ilin mart ayında daşnak quldur dəstələrinin Xankəndi qarnizonuna hücumu ilə başlanan Qarabağ qiyamını yatırtmaq üçün Azərbaycanın ordu hissələri təcili surətdə Barıdan Qarabağın dağlıq hissəsinə yeridildi. Aprel ayında törədilmiş işğal ərəfəsində yerli bolşeviklər daşnak qiyamından istifadə edərək, ölkənin daxilində Azərbaycan hökumətinə qarşı düşmənçilik təbliğatını daha da gücləndirdilər. Onlar ölkədə qayda-qanunun bərpası məqsədilə Rusiyaya müraciət etməyə və hərbi yardım üçün XI ordunu dəvət etməyə çağırırdılar. Bakıya hücum planı Moskva tərəfindən artıq hazırlanmışdı və aprel ayının 27-də gecə rus qoşunları Azərbaycanın sərhədlərini keçdilər. Azərbaycanın hərbi qüvvələri, əsasən qərb cəbhəsində olduğu üçün qırmızılara qarşı ciddi müqavimət göstərmək mümkün olmadı.
Sovet ordusu Bakıya yaxınlaşan zaman – saat 11-də yerli bolşeviklər hakimiyyəti təslim etmək barədə parlamentə ultimatum verdilər. Aprel ayının 27-də parlamentin sonuncu iclasında kəskin diskussiyalara baxmayaraq, hakimiyyətin Azərbaycan İnqilab Komitəsinə verilməsi barədə qərar çıxarıldı. Qərara əsasən, Azərbaycanın tam müstəqilliyinin qorunub saxlanması, yeni yaranan hökumətin müvəqqəti xarakter daşıması, məsul şəxslərdən başqa hökumət idarələrindəki köhnə qulluqçuların tutduğu vəzifədə qalması hökumət və parlament üzvlərinin həyat və əmlakının toxunulmazlığının təmin edilməsi, ordunun saxlanılması şərtlərinə və digər şərtlərlə hakimiyyət Azərbaycan bolşeviklərinə verildi. 1920-ci ilin aprel ayının 28-də dünya birliyi tərəfindən tanınmış Sovet Rusiyasının təcavüzü nəticəsində beynəlxalq münasibətlərə və beynəlxalq hüquqa zidd olaraq suveren Azərbaycan dövləti süqut etdi.
Bütün müsəlman şərqində parlamentli demokratik respublika tipində ilk dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti çağdaş dövrümüzdə əsas demokratik normalar kimi qiymətləndirilən xalq hakimiyyəti, insan hüquqları, millətlərin bərabərlik hüququ, söz və yığıncaq azadlığı kimi ictimai dəyərləri elan etmiş və əməli surətdə həyata keçirmişdir. 23 ay ərzində bir sıra dövlət strukturları, eləcə də 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Cümhuriyyətin bütün məhkəmə və hüquq idarələri sisteminə, onların fəaliyyətinə nəzarət edən hökumət orqanı kimi Ədliyyə Nazirliyi yaradıldı və ilk ədliyyə naziri Xəlil bəy Xasməmmədov oldu.Fətəli xan Xoyski o vaxt öz çıxışında demişdir: “Bilirsiniz ki, ədliyyə nəzarəti olmalıdır. Bu, olmasa, heç bir dövlətin işi yürüməz. Ədliyyəsi olmayan məmləkətdə tərəqqi olmaz, məmləkət irəliləməz. Bundan başqa, bu müddət ərzində ordu yaradıldı, Bakı Dövlət Universiteti təsis edildi, Azərbaycan dili dövlət dili elan edildi, təhsil sistemi milliləşdirildi, 8 saatlıq iş gününə keçirildi, vətəndaşlıq və Müəssislər Məclisinə seçkilər haqqında demokratik qanunlar qəbul olundu, dövlətin ərazi bütövlüyü təmin edildi.
1920-ci il aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası elan olundu və xalqımız təqribən 70 il sovet imperiyasından asılı şəraitdə yaşadı. İmperiyanın 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi qanlı faciə suverenliyi, azadlığı uğrunda ayağa qalxmış xalqın sonsuz hiddətinə səbəb oldu. Artıq Azərbaycan xalqı müstəqilliyini əldə etmək üçün geri çəkilmədən haqq səsini ucaltdı. 1990-cı il yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələrək 20 Yanvar faciəsinin təşkilatçılarının – Kremlin və Azərbaycan Respublikasının rəhbərliyinin hüquqa, demokratiyaya zidd olan əməllərini ifşa etdi. Onun bu çıxışı heç yerdən köməyi olmayan xalqın qəlbində ümid işığı yandırdı.
Heydər Əliyev 1990-cı il iyulun 20-də Vətənə qayıdaraq xalqı azadlıq, müstəqillik uğrunda sona qədər mübariz olmağa çağırdı. Ümummilli liderin səyi nəticəsində 1990-cı il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri götürüldü. Azərbaycanın üçrəngli bayrağı Muxtar Respublikanın dövlət bayrağı oldu. Yalnız bir neçə ay sonra – 1991-ci il fevral ayının 5-də Azərbaycan Ali Soveti sessiyasının qərarı ilə Azərbaycan SSR Azərbaycan Respublikası adlandırıldı və üçrəngli bayraq Azərbaycanın dövlət bayrağı kimi təsdiq edildi. 1991-ci il avqust ayının 30-da respublika Ali Sovetinin sessiyası Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul etdi.1991-ci il oktyabr ayının 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Onun referendumla təsdiqi isə dekabr ayının 29-da həyata keçirildi. 1991-ci ilin dekabrında SSRİ-nin dağılması rəsmiləşdirildikdən sonra Azərbaycanın Dövlət müstəqilliyi tam hüquqi təsdiqini tapdı. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra 28 May Respublika Günü kimi Azərbaycan xalqının tarixinə düşdü.
Gülgün
ŞƏFİYEVA,
Ədliyyə
Nazirliyi Ədliyyə
Akademiyasının
elmi-tədqiqat
və məhkəmə
presedenti şöbəsinin
baş məsləhətçisi,
II dərəcəli
ədliyyə qulluqçusu
Xalq qəzeti.- 2015.- 27 may.- S.10.