Ermənilərin ruslara qarşı

törətdikləri terror və qırğınlar

 

(əvvəli qəzetimizin 24 may 2015-ci il tarixli sayında)

 

Ermənilər 1905-ci ildə Sürməli qəzasında kütləvi qırğınlara başlamazdan öncə qəzada erməni terroruna qarşı mübarizə aparan administrasiya nümayəndələrini hədəfə götürmüşdülər. “Daşnaksütyun” partiyasının “Qara siyahı”sına düşənlərdən biri də Sürməli qəzasının rəisi podpolkovnik Boquslavski idi. Uzun müddət təqib etdikdən sonra erməni terrorçuları Boquslavskini 11 iyul 1904-cü ildə gecə saat 2-də İqdırın bazarında odlu silahla qətlə yetirmişdilər. İrəvan qubernatoru dərhal hadisə yerinə getsə də, qatilləri tapmaq mümkün olmamışdı. Boquslavskinin erməni terrorunun qurbanı olmasının digər səbəbi onun İqdır qəzasının rəisi olduğu zaman 1903-cü il 12 iyun qanunun yerinə yetirilməsində — yəni erməni kilsəsinin əmlakının müsadirə edilməsində fəallıq göstərməsi olmuşdu.

Bundan bir müddət sonra erməni terrorçuları Sürməli qəzasına yeni təyin edilən rəisə qarşı da terror aktı həyata keçirmişdilər. Belə ki, qəza rəisi kapitan Dudnikov İrəvanda olarkən ermənilər onu qətlə yetirmək üçün iki dəfə atəş açsalar da, güllələr xoşbəxtlikdən hədəfə dəyməmişdi.

Ermənilər çar məmurlarını qorxu içərisində saxlamaqla, Cənubi Qafqazda türklərə qarşı törətdikləri qırğınlara rəsmi hökumət dairələrinin seyrçi münasibət bəsləməsinə nail olurdular.

“Daşnaksütyun” partiyasının 1907-ci ildə keçirilən IV qurultayında Rusiyanın hökumət məmurlarına qarşı hücum taktikasından əl çəkməsi haqqında qərar qəbul edilməsindən sonra erməni terroruna bir müddət ara verilmişdi. Erməni terrorçuları bundan sonra öz fəaliyyətlərini əsasən Türkiyə ərazisində davam etdirmişdilər.

Qafqaz Canişinliyinin Polis Departamentinin 1909-cu ilə aid arxiv sənədlərindən birində “Daşnaksütyun” partiyasının dövlət məmurlarından general Əlixanov-Avarskinin, qubernator Nakaşidzenin, vitse-qubernator Andreyevin, qəza rəisləri Boquslavskinin, Şmerlinqin, Neşanskinin, Pavlovun, polisemeyster Saxarovun, pristavlar Cavaxov və Şumakeviçin, sərhəd mühavizəçisi Bıkovun erməni terrorçuları tərəfindən qətlə yetirdiyi qeyd edilmişdir.

Birinci dünya müharibəsi ərəfəsində Türkiyəni parçalamaq istəyən dövlətlər tərəfindən “erməni məsələsi” yenidən gündəliyə gətirilmişdi. Bir-birinə düşmən olsalar da “Antanta” və “Üçlər İttifaqı” ayrı-ayrılıqda ermənilərin himayədarı rolunda çıxış edirdilər. Müharibənin başlamasından dərhal sonra ermənilər kütləvi surətdə Qafqazdakı rus ordusunun tərkibinə daxil olmuş, bununla yanaşı, Tiflisdəki Erməni Milli Bürosunun təşkilatçılığı və canişin İllarion Voronsov-Daşkovun yardımı ilə könüllülərdən ibarət ayrıca erməni drujinaları (könüllü birlikləri) təşkil edilmişdi. Ermənilərin məqsədi “Qərbi Ermənistan” adlandırdıqları Türkiyənin Şərqi Anadolu vilayətlərinin rus ordusunun əli ilə işğalından sonra həmin ərazilərdə erməni dövləti qurmaqdan ibarət idi.

1914-cü ilin noyabr ayının ilk günlərində məşhur erməni yazıçısı Hovanes Tumanyan Bakıya gələrək erməni könüllü drujinalarının təşkili üçün ianə toplanmasını təşkil etmişdi. H.Tumanyanın təşkilatçılığı ilə noyabrın 5-də Bakıdan erməni könüllülərindən ibarət böyük bir dəstə Türkiyə cəbhəsinə yollanmışdı. Rus ordusunun Qafqaz cəbhəsindəki bəzi yüksək rütbəli zabitləri ermənilərin iç üzlərinə bələd olduqları üçün onlara nifrət edirdilər. Rus generallarının könüllü erməni drujinalarına olan münasibətlərini öyrənmək məqsədilə Erməni Milli Bürosunun və katolikos V Gevorqun təşəbbüsü ilə H.Tumanyanın və yazıçı Aleksandr Şirvanzadənin də daxil olduğu 8 nəfərlik nümayəndə heyəti noyabrın 15-də Tiflisdən cəbhə bölgəsinə yola düşmüşdü. İqdırda nümayəndə heyəti ilk dəfə erməni əsilli general Pyotr Oqanovski və milliyyətcə rus olan general Vladimir Lyaxovla görüşürlər. H.Tumanyan öz gündəliyində general Lyaxovun ermənilərə nifrət etdiyini və bunu görüş zamanı da açıqca büruzə verdiyini yazır. (Ovanesən Susanna. Vstreçi Ov. Tumanəna s voenaçalğnikami russkoy armii (noəbrğ-dekabrğ 1914q.). Erevan, ¹ 3, 2014, pp. 22-23).Hesab edirik ki, məhz H.Tumanyanın məsləhəti ilə antierməni general Lyaxovun adı “Daşnaksütyun” partiyasının “qara siyahısı”na salınmışdır. General Lyaxov istefaya çıxdıqdan sonra – 1920-ci il aprelin 30-da bu partiyanın Batumda onu izləyən erməni terrorçuları tərəfindən odlu silahla qətlə yetirilmiş və caniləri aşkar etmək mümkün olmamışdı.

1915-ci ilin mayında Van şəhərinin işğalından sonra erməni drujinaları şəhərdə türkləri qətlə yetirir, onların evlərini talan edir, sonra isə yandırırdılar. Talanların qarşısını almaq istəyən rus ordusunun əsgərlərinə erməni drujinalarının silahlıları hücum etmişdilər. Korpus komandiri general Nikolayevin əmri ilə Berkri-Qalada hərbi-səhra məhkəməsi qurulmuş və cinayətləri sübuta yetirilən üç erməni edam edilmişdi.

Hələ 1914-cü ilin noyabrında çar II Nikolay Tiflisdə bütün ermənilərin katolikosu V Gevorqa vəd vermişdi ki, “erməni məsələsi” ermənilərin gözlədiyi kimi, müharibənin sonunda, sülh danışıqları zamanı həll ediləcək. Lakin ermənilərin gözlədiklərinin əksinə olaraq, ruslar erməni könüllü birlikləri ilə birlikdə “Qərbi Ermənistan”ı işğal etdikdən sonra ermənilərə vəd etdikləri muxtariyyət məsələsini unutdular. Ermənistanda daşnak hökumətinin baş naziri olmuş Ovanes Kaçaznuni bu məsələ ilə əlaqədar olaraq yazırdı: “Ruslar elə hərəkət etdilər ki, Ermənistan boşaldılsın, sonra isə oraya kazakları köçürsünlər. Knyaz Lobanov-Rostovskinin (Rusiyanın keçmiş xarici işlər naziri - N.M.) hamıya bəlli “Ermənisiz Ermənistan” layihəsi həyata keçirilsin”.

Erməni tarixçisi V. Ananikyan “Daşnaksütyun” partiyasının şovinist simasını açıb göstərərək yazır ki, “Daşnaksütyun”a görə ermənilərin düşməni təkcə müsəlman dünyası deyil, habelə, kürdlər, gürcülər və ruslar da onların düşməni idilər.

Arxiv sənədləri göstərir ki, erməni şovinizminin güclənməsi nəticəsində 1918-1920-ci illərdə nəinki türklər və kürdlər, eyni zamanda, ruslar da təcavüzə məruz qalmışdılar. Cənubi Qafqaz Rus Milli Şurası Qazax qəzasının Karvansara nahiyəsinin (indiki İcevan) Nikitino və Mixaylovo kəndlərinin rus icmasının ermənilər tərəfindən soyğunçuluğa məruz qalması barədə faktları özündə əks etdirən üç protokolu 15 avqust 1918-ci ildə Azərbaycanın Gürcüstandakı daimi nümayəndəliyinə təqdim etmişdi. Həmin sənədlərdə Rus Milli Şurası erməni silahlı qüvvələrinin azğınlığına son qoyulması üçün Azərbaycan hökumətindən tədbir görülməsini xahiş edirdi. Erməni silahlıları 1918-ci ildə Gədəbəy nahiyəsində də rus icması yaşayan kəndləri darmadağın etmiş, əllərinə keçəni talan etmişdilər. Həmin nahiyənin Saratovka kəndindən 47 ailə (315 nəfər), Novo-İvanovka kəndindən 21 ailə (112 nəfər) Gəncə şəhərinə pənah gətirmiş, Himayədarlıq Nazirliyinin Gəncə dairəsində qaçqın kimi qeydə alınmışdılar.

1877-1878-ci illər rus-türk müharibəsindən sonra Qars vilayətinin 31 kənd və şəhərində ruslar (molokanlar) məskunlaşdırılmışdı. Qars və Batum vilayətlərini əhatə edən ərazidə qurulmuş Cənubi-Qərbi Qafqaz Respublikasını 1919-cu ilin aprelində ingilis qoşunları süquta yetirmiş və Qars vilayətini ermənilərin idarəçiliyinə vermişdilər. Fürsətdən istifadə edən ermənilər, Qars vilayətində türklərlə bərabər ruslara da divan tutmuşdular. Nəticədə rus icması qırğınlardan və talanlardan qurtulmaq üçün yaşayış məskənlərini tərk etmək məcburiyyətində qalmışdı.

Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan sənədlərdən birində qeyd edilir ki, 1920-ci il iyulun 20-də Qars vilayəti Rus Milli Şurasının üzvləri Rusiyanın Gürcüstandakı səlahiyyətli nümayəndəsinə müraciət edərək bildirmişdir ki, ermənilər Blaqodarno kəndində bir neçə nəfəri öldürmüş, sağ qalanlar kənddən qaçmışlar. Novo-Selim kəndində ermənilər 15 qadını zorlamış, kəndin starşinasını öldürmüşdülər. Novo-Petrovka kəndindən 4 nəfəri öldürmüş, Vladikars kəndinin bütün əmlakını talan etmişdilər.

Qars vilayəti Rus Milli Şurasının Rusiyanın Gürcüstandakı daimi nümayəndəsinə etdiyi müraciətin sonunda deyilirdi: “Bax, beləcə yaradılır “Böyük Ermənistan”, əhalinin tökülən qanları və göz yaşları Qars divarlarını örtmüşdür. 205 min müsəlman əhalidən sərhəd zolağında cəmisi 50 min nəfər qalmışdır, yunanlar çəkilib getmişlər, yerdə qalan rusların gözləri Şimala (yəni Rusiyaya-N.M.) dikilmişdir. Bütün əhali sizdən xahiş edir ki, qısa zamanda onların köçürülməsi imkanını nəzərdən keçirəsiniz. Bundan öncə isə, Qars vilayəti əhalisini daşnak qırğınlarından qorumaq üçün bütün mümkün tədbirləri görəsiniz".

1920-ci ilin oktyabrında türk qoşunları yenidən Qars vilayətini erməni silahlı qüvvələrindən təmizlədiyi zaman cəmisi 3 kənddə, az miqdarda rus əhalisi qalmışdı.

1918-ci ilin mayında keçmiş İrəvan xanlığı ərazisində daşnak hakimiyyəti qurulduqdan sonra da bəzi  rus zabitləri Ermənistan ordusuna qatılaraq qulluqlarını davam etdirmişdilər. Lakin onları “etibarsız ünsür” hesab edir və yüksək rütbəli erməni zabitlərinin tabeliyində saxlayırdılar. Rus zabitləri hər cür repressiyalara məruz qalırdılar. 1920-ci ilin mayında Ermənistanda 5 rus zabitini öldürmüşdülər. Aleksandropolda (Gümrüdə) isə ermənilər Rus Milli Şurasının sədri Ressleri qətlə yetirmişdilər.

XIX əsrin sonlarında Yelizavetpol quberniyasının Zəngəzur qəzasında 4 kənddə molokan ruslar məskunlaşdırılmışdı. Andranikin və Njdehin quldur dəstələri Zəngəzuru ələ keçirdikdən sonra ruslar yaşadıqları kəndləri tərk etmək məcburiyyətində qalmış, həmin kəndlərdə Türkiyədən gələn ermənilər məskunlaşdırılmışdılar.

Gürcü müəllifi Karibinin (əsl adı Pyotr Qoleyşvili, Gürcüstan Demokratik Respublikası dövründə əkinçilik nazirinin müavini-N.M.) 1920-ci ildə Tiflisdə çap etdirdiyi “Qırmızı kitab”ın bir bölməsi “Erməni liderlərinin Ermənistandakı ruslara münasibəti” adlanır. Karibi Cənubi Qafqaz Rus Milli Şurasının sənədlərindən iqtibas gətirərək ermənilərin Ermənistanda bir çox rus kəndlərini dağıdılaraq daşı daş üstdə qoymadıqlarını, erməni qaçqınları və erməni qonşuları tərəfindən əmlaklarının və sürülərinin talan edildiyini, əkin sahələrinin və biçənəklərinin istifadəyə yararsız hala salındığını, təkcə Yelenovka (1935-ci ildən Sevan şəhəri - N.M.) sakinlərinə 8 milyon rubl, Novıy Dilican kəndinə isə 913 min rubl ziyan vurduqlarını yazır. Karibi daha sonra Cənubi Qafqazdakı rus əhalisinin təmsilçilərinin 1919-cu ilin iyun ayında Tiflisdə keçirilən ikinci qurultayının materiallarına istinadən rus qoşunlarının 1918-ci ilin əvvəllərindən etibarən Cənubi Qafqazdan geri çəkilməsindən sonra erməni qoşunlarının rus kəndlərinə gələrək onları evlərindən qovduqlarını, talançılıq etdiklərini, Ermənistan hökumətinin isə rusların yalvarışlarını və xahişlərini cavabsız qoyduğunu yazır. Karibi rusların qurultaydakı çıxışlarından iqtibas gətirir: “1918-ci il martın sonunda Novo-Bəyazid qəzasındakı qonşumuz ermənilər bizim kəndə hücum etdilər və kəndimizi darmadağın edərək taladılar. 53 at, 10 cüt öküz, 56 inək, 38 düyə, 55 dana, 149 qoyun, 150 pud taxıl, 404 pud arpa, 325 pud un, 30355 rubl dəyərində ot, 19300 rubl dəyərində saman, 17570 rubl dəyərində meşə materialı apardılar. Evlərin qapılarını və pəncərələrini söküb apardılar... Komissiyanın qiymətləndirməsinə görə vurulan ziyanın ümumi məbləği 3854900 rubl təşkil edir... Kim müqavimət göstərməyə cəhd edirsə, onu oldürürlər”.

Karibi erməni silahlı dəstələrinin Cənubi Qafqazdakı Mixaylovka, Borisi, Frezovo, Slavyanka, Qorelovka, Spasovka, Alekseevka, İvanovka, Saratovka, Yelizavetino, Fillipovka, Mixaylovka, Sunjinsko, Xankəndi və Vasilyevka kəndlərini çapıb taladıqlarını yazır.

 

(ardı var)

 

Nazim MUSTAFA,

Azərbaycan MEA

Tarix İnstitutunun əməkdaşı,

Dövlət mükafatı laureatı

 

Xalq qəzeti.- 2015.- 27 may.- S.10.