Azərbaycan Xalq Cümhuriyyəti

- Şərqdə ilk demokratik respublika

 

1918-ci il aprelin 23-də fəaliyyətə başlayan Zaqafqaziya Seyminin sonuncu iclası mayın 26-da keçirildi. Həmin gün gürcü nümayəndələri Seymdən çıxıb, Gürcüstanın müstəqilliyini elan etdilər. Gürcü fraksiyası Zaqafqaziya Respublikasının dağılmasının bütün günahını müsəlman fraksiyasının üzərinə yıxaraq, onları türkpərəst mövqe tutmaqda ittiham edirdi. Zaqafqaziya Seyminin üzvü Şəfi bəy Rüstəmbəyov gürcü fraksiyasının gətirdiyi bu arqumentləri qətiyyətlə rədd edərək qeyd edirdi: “Hesab edirik ki, Zaqafqaziyanın birgə siyasi mövcudluğunun indiki mürəkkəb və məsuliyyətli anında ayrılmaq üçün tutarlı və obyektiv əsaslar yoxdur və burada gürcü nümayəndələri tərəfindən irəli sürülən amillər az inandırıcıdır”.

 

Mayın 27-də Seymin müsəlman fraksiyası yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq fövqəladə iclas çağırdı. Uzun müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alındı. “Müsavat” Partiyasının təklifi ilə M.Ə. Rəsulzadə qiyabi olaraq (bu vaxt o, Batum konfransında iştirak edirdi-A.İ.) Milli Şuranın sədri, H.Ağayev və M.Seyidov isə sədrin müavinləri seçildilər. Müxtəlif sahələrdə işlərə rəhbərlik etmək üçün Milli Şuranın 9 nəfərdən ibarət icraiyyə orqanı yaradıldı. Fətəli xan Xoyski İcraiyyə Komitəsinin sədri seçildi.

1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası Azərbaycanın dövlət müstəqilliyi haqqında “İstiqlal bəyannaməsi” qəbul etdi. Milli Şuranın 24 səslə (iki nəfər - Sultan Məcid Qənizadə və Cəfər bəy Axundov bitərəf qaldılar) qəbul etdiyi qərar və altı bənddən ibarət “İstiqlal bəyannaməsi”, yaxud “Misaği-milli” (əqdnamə) Azərbaycan millətinin varlığını bütün dünyaya bəyan etdi.  Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiya aktı — “İstiqlal bəyannaməsi”nin qəbulu ilə Azərbaycan dövlətçiliyi Xalq Cümhuriyyəti formasında elan olundu. Bu hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan edildi, onun hakimiyyətinin şamil olunduğu ərazinin hüdudları müəyyənləşdirildi, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapdı. “İstiqlal bəyannaməsi”ndə demokratik dövlətə məxsus atributların — hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmsil edilməsi, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq, azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi. “İstiqlal bəyannaməsi” Azərbaycan millətinin millət-mədəniyyət statusundan tamamilə başqa siyasi-hüquqi və mənəvi-psixoloji statusa — millət-dövlət statusuna qədəm qoyduğunu göstərdi. Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqrafla məlumat verildi.

“İstiqlal bəyannaməsi”ni qəbul edən Milli Şura Azərbaycan hökumətini təşkil etməyi bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. İlk hökuməti “Müsavat”, Müsəlman Sosialist Bloku, “Hümmət”, “İttihad” və bitərəflərdən ibarət 9 nazir təmsil edirdi.

Cənubi Qafqazın özünü müstəqil elan etmiş üç dövləti — Azərbaycan, Gürcüstan və Ermənistanın nümayəndələri Batumda Osmanlı dövləti ilə danışıqlar apararaq iyunun 4-də ayrı-ayrılıqda müqavilə imzaladılar. Müqaviləni Azərbaycan tərəfindən Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri M.H.Hacınski imzaladılar. Müqavilənin şərtləri Ermənistan və Gürcüstan üçün çox ağır idi, Azərbaycanla Osmanlı dövləti arasında isə “daimi sülh və dostluq münasibətləri”ni bərqərar edirdi. Yeni yaranmış Azərbaycan hökumətinin xahişinə cavab olaraq, Osmanlı hökumətinin hərbi naziri Ənvər paşa ilk yardım kimi  Azərbaycana 2 milyon türk lirəsi həcmində kredit ayırmışdı, Azərbaycanda olan türk ordusunun ehtiyaclarına hər ay 50 min lirə xərclənirdi. Bununla yanaşı, Ənvər paşa İstanbulda M.Ə.Rəsulzadə ilə görüşündə Azərbaycan Milli Ordusunun təşkil edilməsinin vacibliyini xüsusi qeyd etmişdi.

1918-ci il iyulun 16-da Azərbaycan Milli Şurasının və hökumətin Gəncəyə köçməsi ilə əlaqədar milli qüvvələr arasında mübarizə kəskinləşdi. Milli Şuradan kənarda qalan burjua-mülkədar dairələrinin məhdud dünyagörüşlü mürtəce hissəsi Türkiyənin Azərbaycanda olan ordusunun başçısı Nuru paşanın vasitəsilə Milli Şuranı hakimiyyətdən uzaqlaşdırmağa cəhd etdilər. Azərbaycanın Türkiyəyə ilhaq edilməsinin tərəfdarı olan bu dairələr Milli Şuraya qarşı fəal kampaniya aparırdı. Gəncədə yerləşən Qafqaz-İslam Ordusu Komandanlığı ilə milli qüvvələr arasında münasibətlər gərgin bir şəkil aldı. Nuru paşanın müstəqilliyini elan etmiş dövlətin daxili işlərinə qarışaraq, F.X.Xoyskinin başçılıq etdiyi hökumətə etimadsızlıq göstərməsi siyasi böhranla nəticələndi. Mövcud siyasi böhranı aradan qaldırmaq üçün Azərbaycandakı türk qoşunları rəhbərliyi ilə Azərbaycan Milli Şurası  arasında güzəştli bir qərar qəbul olundu: Milli Şura buraxılır, ali qanunverici və icraedici hakimiyyət Fətəli xan Xoyski kabinetinin əlində cəmləşir. İyun böhranı nəticəsində fəaliyyətini müvəqqəti olaraq dayandıran Milli Şura öz tarixi missiyasını — Azərbaycanın dövlət müstəqilliyini çox çətin və mürəkkəb bir mərhələdə qoruyub saxlamaq vəzifəsini yerinə yetirdi. İyunun 17-də axşam Gəncədə F.X.Xoyskinin rəhbərlik etdiyi ikinci hökumət təşkil edildi. İyunun 19-da Azərbaycanda yaranmış gərgin vəziyyəti nəzərə alaraq, hökumət bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. İyunun 26-da Azərbaycan Milli Ordusunun yaradılması haqqında fərman verdi.  Almanların Bakı neftinə xüsusi maraqları olduğundan Bakının tutulmasına mane olmaq məqsədilə Osmanlıların beşinci diviziyasının Gürcüstan dəmir yolu ilə Gəncəyə gəlməsini qadağan etdilər. Ona görə də Qafqaz diviziyası Mürsəl paşanın rəhbərliyi ilə Gümrü-Dilican-Ağstafa yolunu döyüşlə keçməyə məcbur oldu. Azərbaycan əhalisi Osmanlı qoşunlarını böyük sevinclə qarşılayır və onların gəlişini bayram edirdilər.

Osmanlıların beşinci piyada diviziyası və general Ə.Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu əsasında Qafqaz-İslam Ordusu təşkil edildi. Nuru paşanın rəhbərlik etdiyi bu orduya türklərdən və azərbaycanlılardan ibarət 15 min əsgər və zabit daxil idi.

Qafqaz-İslam Ordusu vasitəsilə Azərbaycan hökuməti öz hakimiyyətini tezliklə yerlərdə yaya bildi, ucqarlarda dövlət orqanları yaratmağa başladı. Bakı Xalq Komissarları Sovetinin liderləri Azərbaycan Xalq Cümhuriyyətini “bələkdə ikən boğmaq” üçün yollar arayırdılar. Hələ Gəncə üzərinə yürüşə başlamazdan əvvəl V.Leninin tapşırığı ilə S.Şaumyan türk qoşunlarının Azərbaycana yolunu bağlamaq üçün Gürcüstan hökumətinin başçısı Jordaniyaya müraciət etdi. Şaumyan Jordaniyaya vəd edirdi ki, əgər Gürcüstan türk qoşunlarını öz ərazisindən Azərbaycana buraxmasa, Sovet Rusiyası onun müstəqilliyini tanıyacaqdır.

Azərbaycanın şərqində kommunist diktaturası yaradan Şaumyan Bakı Sovetinin ixtiyarında olan 18 min döyüşçü ilə Cənubi Qafqazdakı milli hərəkatı boğmaq üçün qəti hücuma başladı. Tamamilə erməni daşnak qüvvələrindən təşkil olunmuş ordu müsəlman əhaliyə qarşı hər cür amansızlığa yol verirdi.

İyunun 10-da Bakı Sovetinin Gəncə istiqamətində yürüşləri başlandı. İyunun 12-də Kürdəmiri işğal edən Bakı Soveti qüvvələri Göyçaya yaxınlaşdılar. İki həftədən çox davam edən qanlı döyüşlər Türkiyədən göndərilən əlavə qüvvələrin və Azərbaycan könüllüləri hesabına Qafqaz-İslam Ordusunun qələbəsi ilə nəticələndi. Qafqaz-İslam Ordusunun Göyçay ətrafındakı qələbəsi Azərbaycanın şərq hissəsini, o cümlədən Bakını bolşevik-daşnak işğalından azad etmək uğrunda apardığı şərəfli mücadilədə dönüş nöqtəsi oldu. Bu döyüşlərdə Bakı Soveti qoşunlarına elə ağır zərbələr vuruldu ki, onlar bir daha özlərinə gələ bilmədilər. Qafqaz-İslam Ordusu bolşevik-daşnak birləşmələrini darmadağın edərək Bakı istiqamətində azadlıq yürüşünə başladı. İyulun 20-də bu istiqamətdə mühüm strateji məntəqə olan Şamaxı şəhəri azad edildi. İyulun sonunda S.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti istefa verməyə məcbur oldu. 1918-ci il avqustun 1-də Bakıda eser, menşevik və daşnaklardan ibarət “Sentrokaspi” diktaturası adlanan mürtəce bir qurum yaradıldı. İngilislərin Bakıya çağırılması da “Sentrokaspi” diktaturasını xilas edə bilmədi.

Qafqaz-İslam ordusu sentyabrın 15-də Bakı üzərinə həlledici hücuma başladı. Şəhər böyük müqavimət hesabına alındı və Azərbaycan hökuməti  sentyabrın 17-də Bakı şəhərinə köçdü. 1918-ci il mayın 28-dən sonrakı dövrdə Azərbaycanın həyatında ikinci mühüm hadisə baş verdi: Bakı azad edildi və Azərbaycan hökuməti tam heyətdə əsl paytaxtda qərarlaşdı. Azərbaycan torpaqlarının azad olunmasında Qafqaz-İslam Ordusu 4 min əsgər və zabitini şəhid verdi.  

Azərbaycanda siyasi hadisələrin inkişafı daxili proseslərdən daha çox dünyanı lərzəyə gətirən Birinci Dünya müharibəsinin gedişindən və nəticələrindən asılı idi. İki hərbi qruplaşma arasında gedən imperialist müharibəsində Azərbaycan öz mənafeyi baxımından Osmanlı dövlətinin qalib gəlməsini arzulayırdı. Lakin hadisələr başqa cür cərəyan edirdi. Türkiyə ilə Antanta dövlətləri arasında imzalanan 1918-ci il 30 oktyabr tarixli Mudros müqaviləsinə görə, məğlub sayılan Osmanlı qüvvələri Bakını tərk etməli, Antanta qüvvələri tərəfindən Bakının tutulmasına mane olmamalı, Zaqafqaziya dəmir yolu üzərindəki nəzarət hüququnu Antantaya güzəştə getməli idi. İranın Ənzəli limanında yerləşən ingilis hərbi hissələri müttəfiqlər adından Bakını tutmalı idi. Ənzəliyə danışıqlar aparmaq üçün gələn Azərbaycan nümayəndə heyəti ingilis hərbi hissələrinin komandanı, general Tomsona Azərbaycan ərazisinə daxil olmazdan əvvəl AXC-ni tanımaq haqqında bəyanat verilməsini təklif etdi. Lakin general Tomson bu təklifi rədd etdi və bildirdi ki, “Azərbaycan Respublikası türklərin intriqası nəticəsində yaranmışdır və xalq arasında heç bir dayağa malik deyildir. Bir halda ki, siz bunun əksini iddia edirsiniz, o halda hər şeyi yerində yoxlayıb, buna münasib də qərar verərik. Müttəfiqlər dağıtmaq üçün yox, qurmaq üçün gəliblər”.  General Tomson bəyanat verərək elan etdi ki, noyabrın 17-si səhər saat 10-a qədər Bakı şəhəri Azərbaycan və türk ordularından təmizlənməlidir: Bakı və onun neft mədənləri ingilislərin nəzarəti altına keçəcəkdir, ölkənin qalan hissəsi isə Azərbaycan hökumətinin və ordusunun nəzarəti altında olacaqdır. Azərbaycan rəsmi şəkildə tanınmır, lakin İngiltərə, Fransa və ABŞ nümayəndələri onun hökuməti ilə “de-fakto” əlaqə yaradacaqlar, bütün idarə və təşkilatlar bəzi dəyişikliklərlə fəaliyyət göstərəcəklər. General Tomson Bakının general-qubernatoru olacaq, ingilislər şəhər polisinə rəhbərlik edəcəkdir. Şəhər Duması yenidən azad fəaliyyətə başlayacaq, Azərbaycan Paris sülh konfransında milli müqəddaratını təyinetmə prinsipi əsasında iştirak edəcək. L.Biçeraxov və onun dəstələri Britaniya ordusu ilə birlikdə Bakıya daxil olacaq və nəhayət, silahlı erməni dəstələri şəhərə buraxılmayacaqlar.

Azərbaycan nümayəndə heyətinin Ənzəli danışıqları əhəmiyyətsiz olmadı. Ən əsası ona görə ki, Azərbaycanın Paris sülh konfransında iştirak edəcəyi, Bakıya erməni hissələrinin daxil olmayacağı barədə general Tomson öz üzərinə təəhhüdlər götürürdü.

Noyabrın 17-də Tomsonun hərbi dəstələrinin Bakıya gəlişini şəhər əhalisi eyni cür qarşılamadı. Rus və erməni milli şuralarının tərəfdarları sevinc içərisində idilər. General Biçeraxov təyyarələrdən “Rusiya vətəndaşlarına” adlı intibahnamələr səpir, xristian əhalisini Bakının “Ana vətənə qovuşması” münasibəti ilə təbrik edirdi. General Tomsonun da iki gün sonra yaydığı bəyannamə eyni ruhda idi. General Biçeraxov daha irəli gedərək qurama “Qafqaz-Xəzər” hökuməti yaratdı, Bakıda çevriliş təşkil etmək üçün geniş fəaliyyətə başladı. Bakıdakı erməni və rus milli şuraları L.Biçeraxovun gəlişi ilə bağlı belə bir şayiə yayırdılar ki, guya Azərbaycan deyilən dövlət yoxdur, yalnız Rusiya vardır. Azərbaycan hakimiyyəti devrilməli və o, Biçeraxovun başçılıq etdiyi Xəzəryanı hökumətlə əvəz edilməlidir. Milli Şura hazırkı fövqəladə şəraitdə Müəssislər Məclisinin çağırılmasının qeyri-mümkünlüyü ilə əlaqədar özünü parlamentə çevirməyi qərara aldı. Qanunların hazırlanması üzərində işləyən müvafiq komissiyanın Azərbaycan parlamentinin yaradılması haqqında qanun layihəsi Milli Şura tərəfindən 1918-ci il noyabrın 20-də qəbul edildi.

Noyabrın 16-da Milli Şura beş aylıq fasilədən sonra yenidən fəaliyyətə başladı. Azərbaycan hökuməti təhrikçi hücumlara baxmayaraq, dövlət quruculuğu işini davam etdirir, parlamentin açılışına hazırlaşırdı. Parlament açılanadək onun funksiyasını Milli Şura yerinə yetirirdi. Parlamentin əsas özəyini keçmiş Milli Şuranın 44 üzvü təşkil edirdi. Daha 36 deputat isə keçmiş milli komitələrin xətti ilə şəhər və qəzalarda seçilmişdi. Azərbaycan parlamenti 120 deputatdan ibarət olmalı, milli tərkibə uyğun olaraq 80 yer azərbaycanlılara, 21 yer ermənilərə, 10 yer ruslara verilməli idi. Yəhudi, alman, gürcü və polyak icmasının hərəsi üçün 1 yer, Həmkarlar İttifaqı Şurası və Neft Sənayeçiləri İttifaqı üçün 3 yer nəzərdə tutulmuşdu. Respublika ərazisində yaşayan bütün xalqların və hər iki cinsdən olan vətəndaşların seçki hüququ təsbit edildi. Azərbaycan bütün Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət oldu.

1918-ci il dekabrın 7-də Azərbaycan parlamenti təntənəli iclasla açıldı. F.X.Xoyski hakimiyyəti parlamentə təhvil verdi. Ciddi müzakirələrdən sonra Türkiyədə danışıqlar aparan Ə.M.Topçubaşov parlamentin sədri, H.Ağayev sədrin birinci müavini, R.Vəkilov isə katib seçildilər. Parlamentin qarşısında duran mühüm vəzifələrdən biri yeni hökuməti təşkil etmək idi. Hökumətin təşkili yenidən F.X.Xoyskiyə tapşırıldı. Dekabrın 26-da hökumətin tərkibi elan edildi. Koalisyon hökumətin tərkibində 3 nəfər rus var idi, ermənilər isə onlara təklif olunan 2 nazir kürsüsündən imtina etdilər.

Yeni hökumətin təşkilindən iki gün sonra dekabrın 28-də müttəfiqlərin Bakıdakı nümayəndəsi general V.Tomson elan etdi ki, F.X.Xoyskinin başçılığı ilə yaradılmış Azərbaycan hökumətini yeganə qanuni hakimiyyət orqanı hesab edir. General V.Tomsonun rus Milli Şurasına Azərbaycan hökumətini tanımaq təklifi bu qurum tərəfindən qəbul edilmədi.           

Biçeraxovun dəstəsinin dövlət çevrilişi cəhdinin üstü açıldıqdan sonra Azərbaycan hökumətinin tələbi ilə general V.Tomson “Qafqaz-Xəzər” hökumətini qanundan kənar elan edib, 48 saat müddətində Bakıdan uzaqlaşdırdı, daha sonra isə erməni hərbi hissələri tərksilah edilib buraxıldı.

Beləliklə, 1918-ci ilin dekabrından etibarən ingilis komandanlığı Bakıda qoyulan məhdudiyyətləri tədricən azaltmağa başladı: Azərbaycan polisi, su nəqliyyatı və neft sənayesi, maliyyə idarələri, mətbuat üzərində nəzarət ləğv olundu. 1919-cu ilin aprelində Bakıda ingilis general-qubernatorluğunun ləğvi ilə əlaqədar Gəncədə təşkil olunmuş ilk Azərbaycan alayı paytaxta daxil oldu və xalq onu təntənə ilə qarşıladı.

1919-cu ilin aprelindən başlayaraq ingilislər Paris sülh konfransının şərtlərinə uyğun olaraq, Qafqazı tərk etməyə başladılar və bu proses avqustun ortalarında başa çatdı. Azərbaycan hökuməti ingilis müdaxiləsi qarşısında nəinki öz varlığını qoruya bildi, həm də ingilis komandanlığını şəhərin idarəçiliyindən uzaqlaşdırmağa nail oldu. Lakin ingilislərin Bakını tərk etməsi, bir tərəfdən, Azərbaycanın müstəqilliyini möhkəmləndirirdisə, digər tərəfdən, Sovet Rusiyasının keçmiş imperiyanı əvvəlki sərhədlər çərçivəsində bərpa etmək istəyini sürətləndirdi. Qafqazda yaranmış müstəqil dövlətlər arasında mövcud olan ziddiyyətlər, ilk növbədə ərazi-sərhəd məsələlərindəki ziddiyyətlər xarici təhlükəni reallaşdırırdı.

1919-cu il aprelin 25-də Tiflisdə Azərbaycan, Dağıstan, Gürcüstan və Ermənistan nümayəndələrinin iştirakı ilə Qafqaz konfransı işə başladı. Konfransda siyasi, iqtisadi və maliyyə məsələləri, eləcə də sərhəd problemləri müzakirə olundu. Konfransın gedişində bu ölkələr arasında ərazi-sərhəd məsələləri ilə bağlı kəskin ziddiyyətlərin mövcudluğu  məlum oldu. Keçmiş çar generalı Denikinin könüllü ordusunun Dağıstana hücumu ilə konfrans öz işini dayandırmağa məcbur oldu.

“Vahid və bölünməz Rusiya” sərhədlərini bərpa etmək iddiasında olan Denikin 1919-cu ilin yazında Dağıstan Dağlılar Respublikasına soxularaq Dərbəndi işğal etdi. Çar generalının Azərbaycana təcavüzkar niyyətdə olduğu aşkara çıxdı. Parlamentin fövqəladə iclasında qəbul olunmuş qərara əsasən, sərhədlərin təhlükəsizliyini təmin etmək məqsədilə Dövlət Müdafiə Komitəsi yaradıldı və bütün hakimiyyət onun ixtiyarına keçdi.

Denikin təhlükəsi Gürcüstanı da ciddi narahat etdiyindən iyunun 16-da Gürcüstanla Azərbaycan arasında hərbi müdafiə paktı imzalandı. Bu pakta görə Azərbaycan və Gürcüstanın istiqlaliyyətinə və ərazi bütövlüyünə hər hansı dövlət tərəfindən təcavüz olunduğu təqdirdə onlar bir-birinə hərbi yardım göstərməli idilər. Üç il müddətinə bağlanan hərbi pakta Ermənistan iki həftə ərzində qoşula bilərdi. Lakin Ermənistan Denikinlə gizli müqavilə imzalamağı daha üstün tutdu. Hərbi pakta görə Azərbaycan Gürcüstandan 12 kiçik top, 12 dağ topu, 24 pulemyot, 3 min beşaçılan tüfəng, 211 qılınc, 795 nizə və s. hərbi ləvazimat aldı.

Birinci Dünya müharibəsi 1918-ci ilin noyabrında başa çatsa da, onun nəticələrini reallaşdırmaq uzun bir vaxt tələb edirdi. Qalib dövlətlər müharibədən sonrakı dünyanın vacib məsələlərini həll etmək üçün Parisdə beynəlxalq sülh konfransının çağırılmasına qərar verdilər.

Azərbaycan parlamenti Paris sülh konfransında iştirak etmək üçün tam səlahiyyətli və geniş hüquqlara malik nümayəndə heyəti göndərmək haqqında qərar qəbul etdi. Nümayəndə heyətinə rəhbərlik parlamentin sədri Ə.M.Topçubaşova tapşırıldı. Azərbaycan nümayəndə heyətinin Paris sülh konfransında iştirak etməkdə əsas məqsədi dünya dövlətləri tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasına nail olmaq idi. Konfransda iştirak etmək üçün 1919-cu ilin yanvarından icazə gözləyən Azərbaycan nümayəndə heyəti üç aylıq gərgin diplomatik-siyasi mübarizədən sonra ingilislərin köməyi ilə mayın əvvəllərində Parisə gedib çıxa bildi. Mayın 28-də Azərbaycan nümayəndə heyətini ABŞ prezidenti V.Vilson qəbul etdi. Vilsona təqdim edilmiş memorandumda Azərbaycan Respublikasının yaranma tarixi, onun bir ildə azadlıq yolunda verdiyi qurbanlardan bəhs olunurdu. Memorandumda göstərilirdi ki, bu mübarizədə Azərbaycanın iki şəhəri və 500 kəndi dağıdılmış, 150 min nəfərə qədər sakini qurban getmişdir. Təkcə İrəvan quberniyasında qısa bir müddət ərzində 200 müsəlman kəndi yandırılmış və 200 min nəfər müsəlman evsiz-eşiksiz qalmışdır. ABŞ prezidentindən Azərbaycan istiqlaliyyətinin tanınması, Vilson prinsiplərinin (1. Hər bir millət xarakterindəki intellektual və mənəvi-dini xüsusiyyətlərinə görə seçilməlidir;

2. Hər bir millət öz taleyini müəyyən etməyə qadir olduğunu göstərməlidir; 3. O, öz xərclərini ödəmək üçün iqtisadi, təbii və maliyyə vasitələrinə malik olmalıdır; 4. O, özünü xarici təcavüzdən qoruya bilməlidir; 5. O, tabe olduğu ölkənin hökumətinin zülmündən əziyyət çəkmiş olmalıdır) Azərbaycana aid edilməsi, Azərbaycanın Millətlər Cəmiyyətinə qəbul edilməsi, ABŞ-ın Azərbaycana hərbi sahədə yardım göstərməsi, ABŞ-la Azərbaycan arasında diplomatik və iqtisadi əlaqələrin bərqərar edilməsi məsələlərində Azərbaycan nümayəndə heyətinə kömək göstərilməsi xahiş olunurdu. Lakin ermənipərəst V.Vilson Azərbaycan nümayəndə heyətini soyuq qarşıladı, nümayəndə heyətinə konfederasiya ideyasını müdafiə etməyi, Millətlər Cəmiyyətinin mandatı ilə böyük dövlətlərdən birinin bu konfederasiya üzərində qəyyumluğunu  qəbul etməyi məsləhət gördü. Konfederasiya məsələsinə Azərbaycan və qismən də gürcü nümayəndə heyəti müsbət yanaşırdı. Bu işin reallaşmasına əngəl olan isə erməni nümayəndə heyətinin pozuculuq fəaliyyəti idi. Ermənilər Paris sülh konfransı rəhbərliyindən tələb edirdilər ki, Birinci Dünya müharibəsinin Antantanın xeyrinə qələbə ilə başa çatmasında onların böyük xidmətlərini nəzərə alaraq, qalib dövlətlər “Böyük Ermənistan”ın yaradılmasında ermənilərə yardımçı olmalıdırlar. Guya Qafqazda rus ordusunun tərkibində 180 min, Avropada isə 15 min erməni könüllüsü müttəfiqlərin “müqəddəs işi” uğrunda mübarizə aparmışdır. Ermənilər Türkiyənin 7 şərq vilayəti, İrəvan quberniyası, Tiflis və Yelizavetpol (Gəncə) quberniyalarının cənubunu və Qars torpaqlarından ibarət böyük bir ərazini tələb edirdilər. Bundan əlavə, ermənilər 19 milyard frank həcmində müharibə təzminatı almaq istədiklərini də gizlətmirdilər. Yeri gəlmişkən, ermənilərin bu əsassız iddialarını Paris, London, xüsusilə də Vaşinqton qızğın müdafiə edirdi.

Erməni millətçilərinin “Dənizdən-dənizə Böyük Ermənistan” planına Qərbi Azərbaycan və Naxçıvan torpaqları da daxil idi. 1918-ci ilin yazında təkcə Sisiyan mahalında 50 min müsəlman ev-eşiyindən qovulmuş, 115 kənd dağıdılmış və yandırılmış, 10038 nəfər öldürülmüş və yaralanmışdı. Onlardan 7729 nəfəri (3257 kişi, 2276 qadın və 2196 uşaq) məhv edilmiş, 2309 nəfəri isə (1060 kişi, 764 qadın və 485 uşaq) şikəst edilmiş, qəzanın azərbaycanlı əhalisinə üst-üstə bir milyard manat maddi ziyan dəymişdi.

1918-ci ilin yazında Andranikin 800 nəfərlik quldur dəstəsi Naxçıvan bölgəsinə hücuma keçdi. Yerli əhaliyə kömək məqsədilə həmin il avqustun 7-də türk paşası Kazım Qarabəkir Naxçıvana daxil oldu. Bununla da erməni-daşnak qüvvələrinin Naxçıvan torpaqlarındakı özbaşınalığına son qoyuldu. Mudros barışığından sonra Osmanlı  qüvvələri noyabrın 11-də Naxçıvanı tərk etməyə məcbur oldu. Yerli əhali erməni təcavüzündən qorunmaq üçün 1918-ci ilin noyabrında Araz-Türk Respublikasının yaradıldığını elan etdi. 1919-cu ilin martına kimi fəaliyyət göstərən Araz-Türk Respublikası Naxçıvan bölgəsinin ermənilərin işğalı altına keçməsinə imkan vermədi.

Azərbaycan hökuməti də Naxçıvanın müdafiəsi üçün ciddi tədbirlər görürdü. 1919-cu il fevralın 28-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Naxçıvan general-qubernatorluğu yaradıldı. Bəhram xan Naxçıvanın general-qubernatoru təyin edildi.

Ermənilərin Naxçıvan torpaqlarına yiyələnmək cəhdləri 1919-cu ilin yazında daha da gücləndi. Bölgədəki ingilis komandanlığının razılığı ilə 1919-cu ilin mart-iyul aylarında Naxçıvan bölgəsində erməni idarəçiliyi yaradıldı. Naxçıvan əhalisi bu qərara qəti etirazını bildirdi. İyulun 25-də Naxçıvan əhalisi erməni qoşunlarını əzərək onları qaçmağa məcbur etdi. Beləliklə, Naxçıvan bölgəsində “erməni idarəçiliyi” ləğv edildi.

Paris sülh konfransında iştirak edən İran nümayəndə heyəti isə təqdim etdiyi memorandumda Bakı, Dərbənd, Şəki, Şamaxı, Gəncə, Qarabağ, Naxçıvan və İrəvanın ona verilməsini tələb edirdi. Müharibədə heç bir rolu olmayan İranın bu qəribə iddialarına konfrans heç bir reaksiya vermədi, üstəlik, 1919-cu il 9 avqust tarixli ingilis-İran müqaviləsindən sonra onun nümayəndələri konfransdan uzaqlaşdırıldı. 1920-ci il martın 21-də İran Azərbaycan dövlətini müstəqil dövlət kimi tanıyaraq onunla dostluq haqqında müqavilə imzaladı. 

Nəhayət, 1920-ci il yanvarın 11-də Parisdə Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın istiqlaliyyətinin “de-fakto” tanınması haqqında yekdilliklə qərar qəbul etdi. Yanvarın 14-də bu xəbər Azərbaycana çatdırıldı və parlament onu təntənəli şəkildə qeyd etdi. Millət vəkilləri və parlamentin iclasında iştirak edən xarici ölkələrin diplomatik nümayəndələri istiqlal yolunda qurban getmiş Vətən oğullarının və Osmanlı əsgərlərinin xatirəsini yad etdilər. Bu hadisə münasibətilə ümumi amnistiya elan edildi.

Yanvarın 19-da Azərbaycanın və Gürcüstanın rəsmi nümayəndələri Paris sülh konfransı Ali Şurasının iclasına dəvət edildilər. Antanta Cənubi Qafqazın yeni dövlətlərini tanımaqla onları xarici təcavüzdən qorumaq üçün öz üzərinə öhdəliklər götürdü. Azərbaycan tərəfi ABŞ və Avropa dövlətlərindən alınması nəzərdə tutulan 100 parovoz, 2 min ədəd çən, 500 bağlı vaqon müqabilində 200 milyon pud ağ neft, eləcə də pambıq, yun, ipək, gön-dəri məhsulları göndərməyi öhdəsinə götürdü.

Azərbaycan Xalq Cümhuriyyətinin “de-fakto” tanınmasına qədər dövlət quruculuğu sahəsində heç bir təcrübəsi olmayan xalq qısa bir müddət ərzində normal fəaliyyət göstərən dövlət aparatı yaratmağa, 20-dən çox dövlətlə, o cümlədən, Türkiyə, Gürcüstan, Ermənistan, İran, Belçika, Hollandiya, Yunanıstan, Danimarka, İtaliya, Fransa, İsveçrə, İngiltərə, ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiya və başqaları ilə baş konsulluq, konsul agentlikləri səviyysində əlaqələr qurmağa nail oldu. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruluşu parlamentli respublika idi. Yeni yaranmış dövlət öz fəaliyyəti dövründə “Türkləşmək, islamlaşmaq və müasirləşmək” ideyası uğrunda mübarizə aparırdı. Hökumət Gəncədəki fəaliyyəti dövründə — 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında fərman imzaladı. Azərbaycan dilli savadlı kadrların çatışmazlığı nəzərə alınaraq, dövlət idarələrində müvəqqəti olaraq rus dilindən də istifadə olunmasına icazə verildi. İyunun 24-də üzərində rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi, noyabrın 9-da isə həmin bayraq üçrəngli - yaşıl, qırmızı və mavi zolaqlardan ibarət olan bayraqla əvəz olundu. Avqustun 11-də ümumi hərbi səfərbərlik elan edildi və 1894-1899-cu il təvəllüdlü bütün Azərbaycan vətəndaşları hərbi xidmətə çağırıldılar. Sentyabrın 1-də Hərbiyyə Nazirliyinin yaradılması haqqında qərar qəbul olundu. Dekabrın 25-də general Səməd ağa Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman Sülkeviç Baş qərargah rəisi təyin edildilər. 1919-cu ildə Milli Ordu yaratmaq məqsədilə 400 milyon manat vəsait ayrılmışdı. Ordunun yaradılması prosesi 1920-ci ilin yanvarında əsasən başa çatdırıldı. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi.

1919-cu ilin yayında Bakını tərk edən ingilislər şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. İngilislərdən alınan gəmilər hesabına Xəzər donanması yaradıldı.

1919-cu il iyulun 21-də parlament “Azərbaycan Respublikasının Müəssislər Məclisinə seçkilər haqqında” Əsasnaməni təsdiq etdi. Həmin il avqustun 11-də parlament tərəfindən qəbul olunmuş “Azərbaycan vətəndaşlığı haqqında” Qanuna görə, özü və ya valideynləri Azərbaycan ərazisində anadan olmuş keçmiş Rusiya imperiyasının bütün təbəələri milli və dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan vətəndaşı hesab olunurdu.

Xalq maarifi sahəsində ciddi nailiyyətlər qazanıldı. Orta məktəblərin təxminən yarısı milliləşdirildi, məktəblərdə rus tarixi əvəzinə ümumtürk tarixi tədris olunmağa başladı, bütün məktəblərdə Azərbaycan dilinin tədrisi məcburi hesab olundu. 1919-cu il sentyabrın 1-də Bakı Universitetinin təsis olunması haqqında qərar qəbul olundu. Dərslər noyabrın 15-də başlandı. Kənd Təsərrüfatı İnstitutunun yaradılması haqqında qanun qəbul olundu. 1919-cu ilin oktyabrında mətbuat sahəsində senzura ləğv olundu. Azərbaycanın müxtəlif regionlarında kişi və qadın seminariyaları açıldı, dövlətin hesabına yüzə yaxın gənc azərbaycanlı ali təhsil almaq məqsədilə Avropanın universitetlərinə göndərildi. Ticarəti və daxili bazarı dirçəltmək məqsədilə 1918-ci il avqustun 27-də azad ticarət haqqında fərman verildi, oktyabrın 30-da ticarət donanmasının fəaliyyəti bərpa olundu. 1919-cu ilin yayında Azərbaycan Xəzər Donanması yaradıldı.

Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz ərazisi 97,3 min kvadrat kilometr idi. Gürcüstanla 8,7 min kvadrat kilometr, Ermənistanla isə 7,9 min kvadrat kilometr həmsərhəd ərazi Azərbaycan hökuməti tərəfindən mübahisəli torpaq sayılırdı. Azərbaycanın əhalisi 2 milyon 862 min nəfər idi ki, onun 70 faizini müsəlmanlar təşkil edirdi.

Azərbaycanın beynəlxalq aləmdə tanınmasına baxmayaraq, ölkənin şimal sərhədlərindəki vəziyyət gərgin olaraq qalırdı. Sovet Rusiyasının xarici işlər komissarı G.Çiçerin 1920-ci il yanvarın əvvəllərində Azərbaycan hökumətinə göndərdiyi notada Denikin əleyhinə hərbi ittifaq bağlamağı təklif edirdi. Azərbaycan rəhbərliyi başa düşürdü ki, Sovet hökumətinin əsas məqsədi bu gənc respublikanı Denikinlə qeyri-bərabər hərbi münaqişəyə cəlb edib zəiflətmək, sonra isə onun istiqlaliyyətinə son qoymaqdır. AXC-nin xarici işlər naziri F.Xoyski cavab notasında yazırdı ki, Denikinlə Sovet hökuməti arasındakı mübarizə rus xalqının daxili işidir və Azərbaycan hökuməti Rusiyanın daxili işinə qarışmaq niyyətində deyil. Çiçerin yanvarın 23-də ikinci notasında Azərbaycanın müstəqilliyinə münasibətini bildirməkdən yan keçir və Azərbaycan hökumətini Denikinə qarşı mübarizə aparmaqdan imtina etməkdə günahlandırırdı. F.X.Xoyski isə notasında Azərbaycanın istiqlaliyyətinin Sovet Rusiyası tərəfindən qeyd-şərtsiz tanınmasını təkid edirdi. Çiçerinin martın 7-də göndərdiyi növbəti nota baş aldatmaqdan və vaxt uzatmaqdan başqa bir şey deyildi. Getdikcə aydın olurdu ki, Rusiyanın bu hərəkətləri Azərbaycana qarşı hazırlanan hərbi müdaxiləni pərdələmək və Azərbaycan hökumətinin sayıqlığını azaltmaq məqsədi güdür. Sovet Rusiyasının Azərbaycana əsl münasibətini V.İ.Leninin 1920-ci il martın 17-də Qafqaz Cəbhəsi Hərbi-İnqilab Şurasının üzvləri Smilqa və Orconikidzeyə göndərdiyi teleqram dolğun əks etdirir: “Bakını zəbt etmək bizə olduqca və olduqca zəruridir, bütün səylərinizi buna verin”.

Hələ 1918-ci ilin dekabrında bolşeviklər Bakıda ümumi siyasi tətil keçirməyə nail oldular. Tətildə 25-dən çox müəssisənin 12 minə qədər fəhləsi iştirak edirdi. 1919-cu ilin mayında bolşeviklər Bakıda ikinci dəfə tətil keçirməyə cəhd göstərdilər. Azərbaycan bolşeviklərinin sosial bazasını əsasən qeyri-müsəlman əhali təşkil edirdi. 1919-cu il aprelin 25-də Azərbaycanın cənub bölgəsində bolşeviklər tərəfindən qızışdırılan rus əhalisinin milli hökumətə qarşı qiyamı başlandı. Qiyamçılar bölgəni “Muğan Sovet Respublikası” elan etdilər. Avqustun əvvəlində qiyam hökumət qüvvələri tərəfindən yatırıldı.

Hökumətin torpaq islahatını yubatmasından bolşeviklər məharətlə istifadə etdilər. 1919-cu ilin əvvəllərində bir sıra qəzalarda bolşeviklərin rəhbərliyi ilə kəndli çıxışları başlandı. Bunlardan ən güclüsü Gəncədə baş verdi. Bu çıxış 1919-cu ilin sentyabrında yatırıldı.

Bolşeviklər Azərbaycanın daxilində də təxribatçılıq fəaliyyətlərini gündən-günə genişləndirirdilər. 1920-ci ilin fevralında təsis edilmiş Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının əsas məqsədi ölkədə vəziyyəti gərginləşdirmək, təxribat yolu ilə bolşevikləri hakimiyyətə gətirmək idi. Bu təxribatçı quruma qatı millətçi A.Mikoyan başçılıq edirdi.

Böhranı kəskinləşdirən amillərdən biri də Azərbaycanda, xüsusən, Bakıda olan Türkiyə kommunistləri və ittihadçılarının xalq arasında geniş nüfuzlarından istifadə edərək, rus ordusunun gələcək yürüşü xeyrinə təbliğat aparmaları idi. Türklər iddia edirdilər ki, güya qırmızı ordunun Türkiyədə Kamal hərəkatına köməyə tələsməsinə baxmayaraq, Azərbaycan hökuməti rus ordusunu öz ərazisindən buraxmaq istəmir. Buna görə də türk kommunistləri yerli və xarici bolşeviklərlə birlikdə milli hökumətə qarşı mübarizə aparmağa məcburdurlar. 1920-ci ildə fevralın 11-12-də Bakıda Azərbaycan Kommunist (bolşeviklər) Partiyası təsis edildi. Bolşeviklər partiyasının faktiki rəhbəri Azərbaycan xalqının qatı düşməni A.Mikoyan idi. Partiya milli hökuməti yıxmaq, Sovet Azərbaycanı qurmaq üçün silahlı üsyan xəttini irəli sürdü.

Sovet Rusiyası Ermənistanın Azərbaycana qarşı düşmənçiliyindən istifadə etdi. 1920-ci ilin əvvəllərində erməni nümayəndələri Moskvada ərazi güzəştləri müqabilində Azərbaycan hökumətini devirmək planlarını Sovet Rusiyasına təklif etdilər. Qarabağda və Gəncəbasarda erməni əhalisinin qiyamı və Azərbaycana qarşı Ermənistanın müharibəsi bu planın tərkib hissəsi idi. Azərbaycan ordusunun, demək olar ki, hamısı 1920-ci ilin Novruz bayramı günlərində Qarabağ istiqamətində erməni qiyamçılarına qarşı vuruşurdu, ölkənin şimal sərhədləri isə müdafiəsiz qalmışdı. Digər tərəfdən, Azərbaycan hökumətinin Qərbdən gözlədiyi yardım gəlib çıxmırdı.

Sovet Rusiyasına münasibət məsələsində də Azərbaycan hökumətində birlik yox idi: xarici işlər naziri Fətəli xan Xoyski Rusiyaya münasibətdə sərt xəttin, daxili işlər naziri Məmməd Həsən Hacınski isə Azərbaycan bolşevikləri ilə danışığa girib onlara güzəştə getməyin tərəfdarı idi. M.H.Hacınskiyə görə, Sovet Rusiyasına geniş güzəştlər verməklə Azərbaycanın istiqlalını qorumaq mümkün idi.

1920-ci ilin martında hökumətin keçirdiyi konfransda M.H.Hacınskinin tərəfdarları qalib gəldilər, N.Yusifbəyli Baş nazir vəzifəsindən istefa verdi. Yeni hökumətin təşkili M.H. Hacınskiyə tapşırıldı. Lakin M.H.Hacınski bu hökumətin təşkilinə tələsmirdi, az sonra M.H.Hacınskinin özü bolşeviklər partiyasına daxil oldu. Yeni hökumətin təşkilinin yubadılması onsuz da gərgin olan vəziyyəti bir qədər də çətinləşdirdi. Parlamentdə müxtəlif partiyalar arasında gedən mübarizə son həddə çatdı. Mövcud hakimiyyətə qarşı daim müxalifətdə olan və hökuməti devirməyə çalışan ittihadçılar Rusiya ilə hərbi ittifaqa girməyi tələb edirdilər, Azərbaycan bolşevikləri isə guya ölkədə qayda-qanun yaratmaq naminə hərbi yardım üçün Rusiyaya müraciət etməyə və XI rus ordusunu Azərbaycana dəvət etməyə çağırırdılar.

1920-ci ilin aprelində Denikinin qoşunlarını məğlub edən XI rus ordusu Azərbaycan sərhədlərinə yaxınlaşdı. Aprelin 15-də F.X.Xoyski Çiçerinə göndərdiyi notada rus ordusunun Azərbaycan sərhəddində toplanmasının səbəbləri və məqsədi barədə məlumat verilməsini tələb etdi. Lakin Çiçerin bu notaya heç bir əhəmiyyət vermədi. Həmin günlərdə A.Mikoyan başda olmaqla Bakı bolşevikləri Azərbaycan xalqı adından XI rus ordusunu Azərbaycana dəvət etdilər. Qabaqcadan razılaşdırılmış plana görə, rus ordusu Bakıda bolşevik qiyamının başlanmasından 1-2 gün sonra Azərbaycana soxulmalı idi. Bununla da dünya ictimaiyyətində belə bir rəy yaradılacaqdı ki, Azərbaycan hökuməti xarici hərbi müdaxilənin deyil, daxili qiyamın qurbanı olmuşdur. Lakin Bakıda qiyam başlanmamış - aprelin 26-dan 27-nə keçən gecə XI ordu hissələri Azərbaycan ərazisinə daxil olub Bakıya doğru irəliləməyə başladılar. Sərhəd qüvvələrindən ibarət azsaylı Azərbaycan ordu hissələri düşmənə müqavimət göstərə bilmədi. Hərbi gəmilərin topları dənizdən parlament binasına tuşlandı.       

XI ordunun Azərbaycana hücumu ilə eyni vaxtda aprelin 27-də gündüz saat 12-də AK(b)P MK və RK(b)P Qafqaz Diyar Komitəsinin Bakı bürosu adından hakimiyyəti təhvil vermək haqqında Azərbaycan parlamentinə ultimatum verildi. Azərbaycan parlamentinin fəaliyyəti həmin gün saat 20:45-də başa çatdı. Parlament aşağıdakı şərtlərlə hakimiyyətin Azərbaycan kommunistlərinə verliməsi barədə qərar çıxartdı:

1. Rus ordusu Bakıya daxil olmadan dəmir yolu ilə birbaşa Anadolunun köməyinə gedəcək;

2. Azərbaycan istiqlalı və ərazi bütövlüyü hər cür təcavüz və ilhaqdan qorunacaq;

3. Azərbaycan Ordusu olduğu kimi saxlanacaq;

4. Azərbaycanın siyasi partiyaları üçün fəaliyyət azadlığı təmin olunacaq;

5. Keçmiş dövlət xadimləri, hökumət üzvləri və millət vəkilləri təqib olunmayacaq, dövlət idarələri qulluqçularının iş yerləri saxlanacaq, yalnız rəhbər vəzifəli şəxslər dəyişdiriləcək;

6. Azad şəraitdə toplaşacaq Azərbaycan şuraları hakimiyyətin idarəçilik formalarını təyin edəcək.

Aprelin 29-da Azərbaycan İnqilab Komitəsi hərbi yardım göstərmək xahişi ilə Sovet Rusiyasına müraciət etdi. Halbuki, rus ordusu aprelin 27-də Azərbaycanın hüdudları daxilində idi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyətdən sonra süqut etdi. 1920-ci il aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası elan olundu.

Aprel işğalı nəticəsində Azərbaycanda qurulan bolşevik rejiminin ömrü 70 ildən də çox çəkdi. Bu rejim özünün bütün varlığı ərzində Şərqdə ilk demokratik respublikanın bayrağını ucaldan qeyrətli soydaşlarımızla, onların haqq işinin davamçıları ilə mübarizə apardı. Lakin xalqın qəlbində yaşayan azadlıq atəşini söndürməyə müvəffəq olmadı. Xalq özünün istiqlal arzularını nəsildən-nəslə ötürdü. Nəhayət, 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi, indiki Azərbaycan Respublikasının 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu ümumxalq iradəsi ilə təsdiqlədi.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı”nda bu tarixi hadisəyə verilən siyasi qiymət belə oldu: “1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin”.

Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir, ən əziz, ən qiymətli sərvətimizdir, eyni zamanda, bu, XX əsrin əvvəlindən sonunadək xalqımızın qəlbində yaşayan azadlıq idealları uğrunda mübarizənin məntiqi nəticəsidir. Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin sözləri ilə desək, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyimizi qorumaqdan, əbədi etməkdən ibarətdir”.

 

Anar İSGƏNDƏROV,

BDU-nun mənbəşünaslıq,

tarixşünaslıq və metodika

kafedrasının müdiri,

tarix elmləri doktoru, professor

 

Xalq qəzeti.-2015.- 28 may.- S.8-9.