Xalq Cümhuriyyəti dövründə Azərbaycanın

Ermənistandakı daimi nümayəndəliyinin fəaliyyəti

 

Ermənistan rəhbərliyi Azərbaycan diplomatlarını quldurların əli ilə qarət edirdi

 

Xalq Cümhuriyyəti dövründə Azərbaycanın Ermənistandakı daimi nümayəndəliyinin fəaliyyəti Ermənistan rəhbərliyi Azərbaycan diplomatlarını quldurların əli ilə qarət edirdi

 

1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Ermənistan, Gürcüstan, Türkiyə, Dağlılar Respublikası və Türküstanda diplomatik nümayəndəliyi, İranda səfirliyi, KubanDon hökumətləri yanında səlahiyyətli nümayəndəsi, Paris Sülh Konfransında səlahiyyətli nümayəndə heyəti fəaliyyət göstərmişdir. Həmin illərdə Bakıda isə Böyük Britaniyanın, Ermənistanın, Belçikanın, Yunanıstanın, Gürcüstanın, Danimarkanın, İtaliyanın, Litvanın, İranın, Polşanın, ABŞ-ın, Ukraynanın, Finlandiyanın, Fransanın, İsveçrənin, İsveçin diplomatik nümayəndəlikləri, konsulluqları, konsul agentləri fəaliyyət göstərirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin diplomatiya tarixində ən gərgin münasibətləri, şübhəsiz ki,  Ermənistanla olmuşdur. Hələ müstəqillikdən öncə erməni silahlı dəstələri indiki Ermənistan ərazisində yerli azərbaycanlılara qarşı kütləvi qırğınlar törədirdilər. Müstəqillik əldə edildikdən sonra — 1918-ci ilin yayında Azərbaycanla Gürcüstan arasında nümayəndəlik səviyyəsində diplomatik əlaqələr qurulmuşdur. Azərbaycanla Ermənistan arasında birbaşa diplomatik münasibətlərin yaradılması isə  yalnız 1919-cu ilin əvvəlində mümkün olmuşdur. Həmin vaxtadək Ermənistanla yazışmalar Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyi vasitəsilə həyata keçirilirdi.

Azərbaycanla Ermənistan arasında diplomatik yazışmalara aid sənədlər əsasən Xalq Cümhuriyyəti Xarici İşlər və Müdafiə nazirliklərinin fondlarında, Azərbaycanın Gürcüstandakı daimi nümayəndəliyinin fondundaSovet Azərbaycanı Xarici İşlər Komissarlığının  fondlarında saxlanılır.

Arxiv sənədləri Azərbaycanın Gürcüstandakı və Ermənistandakı daimi nümayəndəliklərinin əməkdaşlarının necə böyük fədakarlıqla çalışdıqlarını, xalqın, millətin naminə öz həyatlarını təhlükə altına atdıqlarını göstərir. O dövrdə kəşfiyyat və əks kəşfiyyat işində təcrübəsi olan azərbaycanlı zabitlər çox az idi. Müdafiə Nazirliyi Ermənistandakı daimi nümayəndəlikdə hərbi attaşe vəzifəsinə layiqli şəxs tapa bilmədiyindən, Ermənistan ordusu barədə məlumatların toplanması işi Gürcüstandakı daimi nümayəndəlikdə çalışan hərbi attaşe Məhəmməd bəy Əliyevə həvalə edilmişdi. Ermənistanın Bakıdakı daimi nümayəndəliyində çalışanların əksəriyyəti isə kəşfiyyat və əks-kəşfiyyat işində təcrübəsi olan keçmiş zabitlərdən formalaşdırılmışdı. Ona görə də Ermənistan hökuməti Azərbaycanda gedən proseslərdən anındaca xəbər tuturdu.

Azərbaycanın Ermənistandakı nümayəndəliyinin əməkdaşları şifrəli teleqramlarla Ermənistan silahlı qüvvələrinin tərkibi, təchizatı, onların dislokasiyası və yerdəyişməsi barədə Tiflis üzərindən Müdafiə Nazirliyini məlumatlandırırdılar. Ermənistanın kəşfiyyat orqanları da İrəvandakı diplomatik missiyamızın əməkdaşlarını daim izləyirdilər. Bu barədə bir qədər sonra ətraflı söhbət açacağıq.

1918-ci il mayın 28-də dövlət müstəqilliyinin elan edilməsindən yarım ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistanla Azərbaycan arasında birbaşa diplomatik münasibətlər qurulması mümkün olmamışdı. Bu səbəbdən də Azərbaycanın xarici işlər naziri iyunun 22-də Gürcüstandakı daimi nümayəndəsinə göndərdiyi məktubda bildirmişdi ki, Ermənistan hökumətinin, o da təşkil edilməyibsə, Erməni Milli Şurasının nəzərinə çatdırsın ki, Azərbaycan-Ermənistan sərhədlərini elan etmək üçün xüsusi komissiya yaradılmalıdır. Əgər Ermənistan hökuməti bu təklifi bəyənərsə, görüş yerini və vaxtını bildirmək təklif edilmişdi. Lakin Ermənistan tərəfi Batum müqaviləsinin şərtlərinə məhəl qoymayaraq, yeni ərazilər ələ keçirmək üçün hərbi təcavüzünü davam etdirməklə yanaşı, Dağlıq Qarabağa dair ərazi iddiası irəli sürmüşdü.

Azərbaycan hökuməti Ermənistanda və sərhəd bölgələrdə erməni silahlı birliklərinin törətdikləri qırğınların dayandırılması üçün Tiflisdəki diplomatik nümayəndəliyimiz vasitəsilə Ermənistan hökumətinə etiraz məktubları və diplomatik notalar göndərirdi. Bütün bunlardan sonra  1919-cu il yanvar ayının 29-da Məhəmməd xan Təkinski Azərbaycanın  Ermənistanda diplomatik nümayəndəsi  təyin edilmişdir.

Məhəmməd xan Təkinski 1879-cu ildə Türküstanda anadan olmuşdur. 1881-ci ildə rusların Axal-Təkə qalasına hücumu zamanı valideynlərini itirən iki yaşlı Məhəmmədi rus ordusunun polkovniki Ehsan xan Naxçıvanski oğulluğa götürmüşdür. Məhəmməd 1901-ci ildə Tiflis birinci kişi gimnaziyasını, 1908-ci ildə Novorossiysk Universitetinin hüquq fakültəsini bitirmişdir. Məhəmməd xan Təkinski 1918-ci il iyul ayının 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyətinə cəlb olunmuşdur. Cümhuriyyətin süqutundan sonrakı dövrdə Məhəmməd xan Təkinskinin fəaliyyəti barədə hələlik məlumat əldə edilməmişdir. Tədqiqatçı Ədalət Tahirzadənin verdiyi məlumata görə, Məhəmməd xan Təkinski repressiyaya məruz qalaraq, 18 mart 1938-ci ildə güllələnmişdir.

Ermənistan hökuməti yalnız 1919-cu il fevralın 1-də Azərbaycanın İrəvan şəhərində daimi nümayəndəliyin fəaliyyətə başlamasına razılıq vermişdi. Azərbaycanın Ermənistanda diplomatik nümayəndəliyi fəaliyyətə başlayanadək İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri vəhşiliklər barədə beynəlxalq təşkilatları, Azərbaycan mətbuatını və rəsmi dairələrini İrəvan Müsəlman Milli Şurası, İrəvan Müsəlman Xeyriyyə Cəmiyyəti və İrəvan Quberniyası Həmyerliləri Təşkilatı məlumatlandırırdı.

İrəvan Quberniyası Həmyerliləri Təşkilatının sədri Teymur bəy Makinskinin 4 yanvar 1919-cu ildə göndərdiyi məlumatda deyilirdi ki, 1917-ci ilin dekabrından 1918-ci ilin iyun ayına - yəni türk qoşunlarının gəlişinədək İrəvan quberniyasında erməni hərbi dəstələri tərəfindən 200-dən çox müsəlman yaşayış məntəqəsi dağıdılmış, qarət edilmiş, yandırılmış, əhalisinin bir qismi öldürülmüş, bir qismidağlara qaçaraq aclıqdan və soyuqdan məhv olmuşdur.

İrəvan Quberniyası Həmyerliləri Təşkilatının 1919-cu il yanvarın 17-də keçirilən iclasında Azərbaycan hökumətinə müraciət qəbul olunmuşdur. Təşkilatın sədri Teymur xan Makinskinin imzası ilə göndərilən müraciətdə qeyd edilirdi ki, türk qoşunlarının İrəvan quberniyasından çəkilməsindən sonra erməni silahlı qüvvələri Sürməli qəzasını bütünlüklə və Eçmiədzin qəzasının tamamilə müsəlmanlar yaşayan hissəsini ələ keçirmiş, üstəlik, Şərur və Naxçıvan qəzalarını ələ keçirmək üçün hücuma keçmişlər. Məhv olmağa və ölümə məhkum edilmiş İrəvan quberniyası müsəlmanlarını xilas etmək üçün müttəfiqlərin komandanlığının iştirakı ilə Tiflisdə Azərbaycan və Ermənistan nümayəndələrinin xüsusi konfransının təşkil olunması təklif edilirdi.

10 fevral 1919-cu ildə Azərbaycan XİN-in Ermənistan XİN-ə göndərdiyi notada bildirilirdi ki, başda erməni zabiti olmaqla Ermənistan silahlı dəstələri  Göyçə gölü ətrafında sərhədi keçərək Azərbaycan ərazisinə daxil olmuş, Qızılvəng, Subatan, Zağalı, Şahabs. müsəlman kəndlərini viran etmişlər. Həmin kəndlərin kişilərinin bir hissəsi öldürülmüş, bir hissəsi isə qaçaraq canını qurtarmışdır.

Eçimədzin kilsəsinin xeyir-duası ilə Ermənistan hökuməti, bir tərəfdən azərbaycanlı kəndlərini dağıdır, insanları məscidlərə dolduraraq yandırır, əhalisini kütləvi qırğınlara məruz qoyur, digər tərəfdən isə Azərbaycanla dostluq münasibətlərindən dəm vurur, onun neft potensialından faydalanmaq istəyirdi. 2 aprel 1919-cu ildə Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M. Təkinski xarici işlər naziri M. Cəfərova göndərdiyi məlumatda bildirirdi ki, martın 19-da Ermənistan hökuməti onun şərəfinə verdiyi nahar zamanı natiqlər Azərbaycanla dostluq münasibətlərinin qurulmasının zəruriliyindən danışmışlar. M. Təkinski martın 18-də Eçmiədzində katolikosla görüşü zamanı katolikosun Ermənistanla müsəlmanlar arasında dostluğun zəruriliyini vurğuladığını, müsəlmanlarla dinc yaşamaq üçün erməni xalqına müraciət edəcəyini vəd etdiyini yazır. M. Təkinski mazut olmaması səbəbindən Eçmiədzin kilsəsinin və katolikosun iqamətgahının işıqlandırılmadığını yazır və əlavə edir ki, o, katolikosa mazut göndəriləcəyini vəd vermişdirxarici işlər nazirindən xahiş edir ki, katolikosa çatdırılması üçün çəlləklərdə yalnız 200 pud mazut göndərilsin. Daha sonra M. Təkinski qaçqınların vəziyyətinin ağır olduğunu və dərhal onlara kömək göstəriməsi lüzumunu qeyd edirdi.

3 may 1919-cu ildə Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M.Təkinskinin Azərbaycan hökumətinin başçısına göndərdiyi teleqramda Ermənistan ordusunun Naxçıvana yeridilməsi ilə bağlı Azərbaycan hökuməti adından Ermənistan xarici işlər nazirinə etiraz məktubu göndərdiyini bildirirdi.

Mayın 16-da M.Təkinski Azərbaycan hökumətinin başçısına göndərdiyi şifrəli teleqramda bildirirdi ki, erməni polkları Naxçıvan üzərinə hücuma keçmişlər. Ermənistana təzyiq etmək üçün M.Təkinski təklif edirdi ki, qoşunları Ermənistanla sərhəddə cəmləşdirmək lazımdır.

4 iyun 1919-cu ildə Azərbaycan xarici işlər nazirinin müavini A.Ziyadxanov Ermənistandakı diplomatik nümayəndə M.Təkinskiyə göndərdiyi teleqramda Fövqəladə Parlament İstintaq Komissiyası yaratmaq üçün İrəvan quberniyasında ermənilərin törətdikləri qırğınlar barədə İrəvan Milli Şurası ilə birlikdə məlumat toplamağı tapşırmışdı. Bu məqsədlə parlamentin 10 milyon vəsait ayırmaq istədiyi də teleqramda qeyd olunmuşdu.

İyunun 10-da Azərbaycan XİN Ermənistandakı diplomatik nümayəndə M.Təkinskiyə göndərdiyi şifrəli teleqramda tapşırılırdı ki, dağıdılmış kəndlərin təmsilçilərinin köməyi ilə İrəvan quberniyasında, imkan olarsa, Qars vilayətində zərərçəkmişlərin ad və soyadları, yaşayış yerləri, yaşları göstərilməklə müsəlmanların həm insani, həm də əmlak itkiləri haqqında xəlvəti statistik məlumatlar toplansın. Məlumatlarda öldürülənlər, yaralananlar, əsir götürülənlər, dağıdılmış kəndlər, bağlar, aparılmış sürülər haqqında səhih məlumatların əks olunması tapşırılırdı. Həmçinin qeyd edilirdi ki, Azərbaycan hökumətinin qərarı ilə ingilis, italyan və digər ölkələrin təmsilçilərinin iştirakı ilə ermənilərin azərbaycanlılara vurduqları itkilərin miqyasını müəyyən etmək üçün beynəlxalq komissiya yaradılması qərara alınmışdır.

Şərur-Naxçıvan bölgəsində vəziyyətlə bağlı M.Təkinskinin Azərbaycan xarici işlər nazirinə iyunun 13-də göndərdiyi şifrəli teleqramdan aydın olur ki, bölgədəki silahlı qüvvələrin maddi təminatını Azərbaycan hökuməti İrəvandakı diplomatik nümayəndəliyin vasitəsilə həyata keçirmişdir. Teleqramda bildirilirdi ki, həmin bölgədə 6 min əsgər və süvaridən ibarət yarınizami qoşunlar mövcuddur. M. Təkinski qoşunların döyüş hazırlığının heç də erməni qoşunlarının hazırlığından geri qalmadığını ingilislərin də etiraf etdiklərini bildirir. Daha sonra M.Təkinski yazırdı ki, bölgədəki silahlı qüvvələrin sayını, lazım gələrsə, hərbi əməliyyatlar zamanı 10 min nəfərə də çatdıtmaq olar. Diplomatik nümayəndə Şərur-Naxçıvan bölgəsindəki silahlı qüvvələrin əvvəlki mövqelərində qalmağının və  Zəngəzurla sərhəddəki dağlarda yerləşdirməyin vacibliyini qeyd edirdi. M.Təkinski ordunun təchizatı üçün göndərilən vəsaitin düzgün paylanmasına tam zamin ola bilmədiyini də bildirirdi.

İyunun 16-da M.Təkinski xarici işlər naziri M.Y.Cəfərova yazırdı ki, A.Xatisovla uzun müddət söhbət edibo, ingilis polkovniki PlantonaAmerika missiyasına arxalanaraq öz mövqeyini haqlı hesab edir. M.Təkinski ingilislərin gizlətmədən müsəlmanların əleyhinə çıxdıqlarını yazırdı.

İyunun 17-də A. Ziyadxanovun M. Təkinskiyə göndərdiyi şifrəli teleramda Naxçıvan, Şərur, Vedibasar, Şahtaxtı, CulfaOrdubad rayonlarında vəziyyətlə bağlı təcili informasiya istənilirdi. A. Ziyadxanov Vedibasarın qaymaqamı Xəlil ağa Hacılar və Abbasqulu ağa Şadlinskinin həbsdən azad edilməsi üçün M.Təkinskiyə tədbir görülməsini tapşırmışdı.

Ermənistandakı diplomatik nümayəndə M.Təkinskinin verdiyi məlumata əsaslanaraq, A.Ziyadxanov yazırdı ki, Ermənistanın hakimiyyətini tanımamaq dalğası motivində Naxçıvanda və ermənilərin ələ keçirdikləri digər yerlərdə narazılıqlar başlayıb. Şahtaxtıda müsəlmanlar erməni komissarını qovublar. Ermənistan hökuməti isə yaranmış fürsətdən istifadə edərək mübahisəli ərazi məsələlərinin Cənubi Qafqaz respublikaları arasında keçirilən konfransda həllinə qədər iddia etdiyi ərazilərdə idarəçiliyi öz əlinə almaq və müsəlmanların istənilən hərəkatını dərhal boğmaq istəyirdi. A. Ziyadxanov yaranmış vəziyyətdən istifadə edərək Araz Respublikasına həm maddi, həm də döyüş sursatı ilə köməklik göstərmək üçün Naxçıvana zabit kadrları və 100 min rubl vəsait ayırmağı təklif etmişdi.

 

(ardı var)

 

Nazim MUSTAFA,

AMEA Tarix İnstitutunun əməkdaşı,

Dövlət mükafatı laureatı

 

Xalq qəzeti.- 2015.- 28 may.- S.9.