“Ömür bitər, yol bitməz...”
Bu günlərdə
tanınmış yazıçı – publisist
Zemfira Məhərrəmlinin “Ömür bitər, yol
bitməz ...(publisistik qeydlər)” adlı yeni kitabı çapdan
çıxmışdır. Zemfira
xanımın burada son
illər bir sıra ölkələrə
etdiyi səfərlər zamanı qələmə
aldığı yol qeydləri
toplanmışdır. Kitab AMEA-nın müxbir üzvü,
Əməkdar elm xadimi
Nizami Cəfərovun redaktorluğu
ilə “RS Poliqraf” nəşriyyatında nəfis
şəkildə işıq üzü görmüşdür.
Müəllif yeni kitabını Azərbaycan Milli Mətbuatının 140 illiyinə həsr edib. Zemfira xanım çağdaş mətbuatımızın ünlü simalarından biridir. Kitaba “Ön söz” yazmış Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov haqlı olaraq qeyd edir ki, peşəsinə sadiqliyi, mövzuların aktuallığı, yazılarının sanballılığı, mükəmməlliyi ilə seçilən Zemfira Məhərrəmli mətbuata gəldiyi gündən sözün qədrini bilən qələm sahiblərindəndir.
Oxucular Qarabağ müharibəsinin ən ağır illərində vətənpərvər qələm sahibi Zemfira Məhərrəmlinin sorağının od-alov içində olan Qarabağın ən ağır döyüş bölgələrindən gəldiyini, xüsusilə ər igidlərlə bərabər cəsarətlə Vətənin müdafiəsinə qalxan xalqımızın qəhrəman qızlarının şərəfli döyüş yolları barədə bir-birindən gözəl zarisovka, reportaj və oçerklərini yaxşı xatırlayırlar. Həmin dəyərli yazılar əsasında “Döyüşə qızlar gedir”, “Qarabağda savaş var”, “Qırx qız dastanı” və başqa kitablar nəşr olundu. Yeri gəlmişkən, bu kitabların bir neçəsi artıq rus və ingilis dillərinə tərcümə edilərək xarici ölkələrdə də geniş yayılıb. Bəli, həmin vaxtdan Qarabağ mövzusu jurnalist Zemfira Məhərrəmlinin vizit vərəqəsinə çevrildi və onu bu gün də narahat edən Qarabağ həqiqətlərinə öz döyüşən qələmi biganə qalmır.
Yeri gəlmişkən, Qarabağ mövzusu, onun ağrı-acıları, ölkəmizə qarşı ədalətsizliklər Zemfira xanımın haqqında söz açdığımız son kitabının da ruhuna hopmuşdur. Axı, o, dünyanın hansı yaxın və uzaq bir ölkəsinə gedibsə, orada kimlərlə ünsiyyətdə olubsa, məqam düşən kimi Qarabağdan, torpaqlarımızın işğalından söz açıb, özlərini sivil dünyaya “yazıq”, “əzabkeş” kimi qələmə verən ermənilərin rəzil xislətini açıb göstərməyə çalışıb.
“Ömür bitər, yol bitməz...” kitabı, istər Azərbaycan, istərsə də dünya publisistikasında kifayət qədər populyar olan yol qeydləri janrında qələmə alınıb. Bu janrın bir sıra özəl xüsusiyyətləri var ki, bunlardan bir neçəsini, məsələn, publisistin səfər etdiyi ölkənin tarixinə və mədəniyyətinə bələd olması, dərin müşahidə qabiliyyəti və yeri düşdükcə, uğurlu müqayisələr aparmaq bacarığını qeyd etmək istərdim.
Zemfira xanımın yüksək peşəkar qələm sahibi olaraq janrın tələblərinin öhdəsindən uğurla gəldiyini sübut etməyə ehtiyac yoxdur. Amma publisistin bəzi məziyyətlərdən söz açmamaq da mümkün deyil. Məsələn, “Okeanın o tayında nələr var” yazısında 1991-ci il dekabrın son günlərinin birində , “ayazlı-şaxtalı” bir qış axşamı keçmiş SSRİ Jurnalistlər İttifaqının xətti ilə həyat yoldaşı, görkəmli televiziya tədqiqatçısı Qulu Məhərrəmli ilə birlikdə Amerika Birləşmiş Ştatlarına səfər təəssüratları qələmə alınmışdır. “Yeni dünya” adlandırılan Birləşmiş Ştatlar, onun tarixi, mədəniyyəti, əhalisinin məşğuliyyəti, həyat tərzi haqqında ölkə və Rusiya mətbuatında çox sayda məqalələr oxumuşam. Həmin yazıların arasında, diqqətimi az, ya çox dərəcədə çəkənlər də, mənə maraqsız, hətta mənasız görünənlər də olub. Zemfira xanımın Amerika qeydləri ilk sətirlərdən mövzu barədə geniş bilgisi, uğurlu paralellər aparması, bu zaman səmimiyyəti və qərəzsizliyi ilə diqqətimi cəlb etdi. Müəllif Amerikanı ən müxtəlif tərəflərdən sanki yenidən “kəşf etdiyi” üçün oxuculara yeni və maraqlı faktlar təqdim edə bilib.
Azərbaycan Respublikasının Ombudsman Aparatı mətbuat xidmətinin rəhbəri olaraq Zemfira xanımın İstanbul şəhərində keçirilən beynəlxalq konfrans, bütövlükdə qardaş ölkədə görüb-sevdikləri barədə qələmə aldığı “İstanbul hekayələri” yazısı da birnəfəsə oxunur. Oxucu burada müəllifin geniş dünyagörüşü və dərin intellektindən doğan maraqlı fikirləri, eləcə də həssas və duyğusal müşahidələri ilə tanış olduqca, kitabla “ünsiyyət”dən dərin zövq alır.
Kitabdakı digər yazılar da maraqlıdır. “Haaqa sülhə səsləyirdi”, “İraq görüşləri”, “İran: nələr gördük, nələr eşitdik”, Özbəkistana səfərin məhsulu olan “Tarixin nəfəsini yaşadan ölkə” və başqa yol qeydləri oxucunu, sözün həqiqi mənasında, “dünyadan xəbərdar edərək” maarifləndirir.
Müəllif kitabın müqəddiməsində yazır ki, “yaşadığımız dünya sanki yollardan hörülüb. Əgər yollar yoxdursa, dünya-aləmə baş vura bilmərik”. Düşünürəm ki, Zemfira xanım “kürreyi-ərzin” çox yerinə aparan yollar onu həmişə doğmalarının yanına qaytarıb ki, qələmini işlədib son kitabının sərlövhəsinə çıxardığı bu sözləri desin: “Ömür bitər, yol bitməz...”
Keçmiş sevimli tələbə yoldaşım və hörmətli həmkarıma mövzularının və arzularının heç vaxt tükənməməsi arzusu ilə...
Məsaim
ABDULLAYEV
Xalq qəzeti.- 2015.- 1
noyabr.- S.7.