Seçicilər ən layiqli namizədlərə

etimad göstərərək səs verirlər

 

Binəqədi rayonu

 

Binəqədinin bütün seçki məntəqələrində səhər saatlarından yüksək seçici fəallığı müşahidə olunurdu. Rayondakı 8 saylı Binəqədi I seçki dairəsi üzrə məntəqələrdə səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada keçirilirdi. Dairə seçki komissiyasının sədri Natiq Əliyev  bildirdi ki, seçki dairəsi üzrə 40 məntəqə mövcuddur və 46 min 840 seçici qeydə alınıb. 606 seçici isə ilk dəfə səs verəcək gənclərdir. Ən yaşlı seçicinin 100 yaşı var. Seçki dairəsi üzrə 6 nəfər deputat mandatı uğrunda mübarizə aparır. Əvvəlki seçkilərdə olduğu kimi, səsvermə günü şəffaflığın təmin olunması məqsədilə 10 məntəqədə veb-kamera quraşdırılıb.

Bütün seçki məntəqələri yenidən təmir olunub. Seçicilərin rahat, maneəsiz səsverməsi məqsədilə bəzi məntəqələrin dislokasiyasında əlavə və dəyişikliklər aparılıb.

Bütün seçki məntəqələrində seçicilərin tanış olması üçün nəzərə çarpan yerlərdə məlumat lövhələri (seçici siyahıları) yerləşdirilib. Eyni zamanda, seçicilər seçici siyahıları ilə Mərkəzi Seçki Komissiyasının internet saytında da tanış ola bilirlər.

Mərkəzi Seçki Komissiyası bütün seçki məntəqələrini zəruri əşyalarla - seçki kabinələri, qutular, seyf, ultrabənövşəyi lampalar, mürəkkəb balonları, stol, stul, kreslo, generator, istilik radiatorları, fənər, dövlət rəmzləri olan bayraq, gerb və s. təchiz edib. Binəqədi Rayon İcra Hakimiyyəti isə məntəqələrə seçici siyahılarının asılması üçün müasir standartlara cavab verən lövhələr paylayıb.

Seçki dairəsi üzrə namizədlərdən 1 nəfəri Yeni Azərbaycan Partiyasının, 1 nəfəri Böyük Quruluş Partiyasının, 1 nəfəri Ümid Partiyasının, 1 nəfəri Təşəbbüs qrupunun, 2 nəfəri isə öz təşəbbüsü ilə olmaqla ümumilikdə 6 nəfər deputat mandatı uğrunda mübarizə aparır.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən, müxtəlif siyasi partiyaların, qeydə alınmış namizədlərin və təşəbbüs qrupunun təyinatı əsasında və öz təşəbbüsü ilə ümumilikdə 490 nəfərə seçkiləri izləmək üçün müşahidəçi lövhəciyi verilib.

Doqquz saylı Binəqədi ikinci seçki dairəsi isə 37 seçki məntəqəsini əhatə edir. Məntəqələrdə seçicilərin sərbəst səs vermələri üçün hər cür şərait yaradılıb.

Dairə seçki komissiyasının sədri Həsən Bayramov  bildirdi ki, səhər saat 8-dən qanunvericiliyin tələbinə uyğun olaraq məntəqələr fəaliyyətə başlayıb. Məntəqələrin açılışında beynəlxalq və yerli müşahidəçilər də iştirak ediblər.

Qeydiyyata alınmış 48 min 154 seçicinin 898 nəfəri ilk dəfə səs verən vətəndaşlardır. Dairədə yaşı 80-100 olan 546 seçici var. İki seçicinin yaşı isə 100-dən yuxarıdır.

Məntəqələr bütün zəruri avadanlıqla təmin edilib, səsvermənin şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. Dairənin 10 məntəqəsində veb-kamera işləyir. Həmçinin 28 məntəqədə əlil arabası ilə hərəkət edən seçicilər üçün panduslar quraşdırılıb.

Seçki prosesi başa çatdıqdan sonra dairə üzrə seçkilərin 53,2 faizi (25459 nəfər) səsvermədə iştirak etmişdir.

12 saylı Qaradağ-Binəqədi–Yasamal seçki dairəsinin əhatə etdiyi 32 məntəqədə fəallıq daha yüksək idi. Bu məntəqələrdə səsvermə prosesini 315 müşahidəçi izləyirdi. Dairə seçki komissiyasının sədri Qəşəm Əhmədzadə bildirdi ki, 32 məntəqədə 42 min 142 seçici səs verəcək. Onlardan 143-ü ilk dəfə səs verir. Heç bir qanun pozuntusu müşahidə olunmayıb. Seçicilər mütəşəkkil qaydada səsvermədə iştirak edirlər. Seçki prosesinin yekununa əsasən, bu dairə üzrə seçicilərin 56,9 faizi (26574 nəfər) layiq bildiyi namizədə səs vermişdir.

Yuxarıda adı çəkilən seçki dairəsinin  19 saylı məntəqəsi 217 saylı tam orta məktəbdə yerləşir. 1435 seçicinin qeydiyyatda olduğu bu  seçki məntəqəsində seçicilərin sərbəst, demokratik şəraitdə səs vermələri üçün yaradılan şərait ilk baxışdan diqqət çəkirdi: divardan Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilən əyani vasitələr asılmışdı. Məntəqə rabitə vasitələri, fasiləsiz elektrik enerjisi və yüksəksürətli internet şəbəkəsi ilə, digər zəruri avadanlıqla təmin edilmiş, seçicilərin siyahısı asılmışdı. Burada  müşahidəçilərin seçki prosesini sərbəst şəkildə izləyə bilmələri üçün də lazımi şərait yaradılmışdı.

Səsvermədə iştirak edə bilməyən əlil və xəstə seçicilər səyyar seçki qutuları vasitəsilə səs verirdilər. Məntəqə sədri  Vidadi Daşdəmirov söhbət zamanı dedi: – Seçkilərin təbliğat kampaniyası yüksək səviyyədə başa çatdırıldı. İndi əminliklə deyə bilərəm ki, seçicilər heç bir kənar təsir olmadan öz namizədlərinə səs verəcəklər. Bu, çox müsbət haldır. Ümumiyyətlə, müşahidələrimə əsaslanıb xatırladım ki, namizədlər təbliğat-təşviqat kampaniyası çərçivəsində işlərinin uğurlu keçməsi üçün qanunvericilik çərçivəsində əllərindən gələni etdilər. Bu da təsadüfi deyildi. Axı namizədlərin hər birinə öz fikirlərini ifadə edə bilmələri üçün yaxşı şərait yaradılmışdı.Belə ki, deputatlığa namizədlər onlar üçün ayrılmış yerlərdə azad şəkildə öz seçiciləri ilə görüşdülər,   platformalarını onlara çatdırdılar, təbliğat-təşviqatlarını yüksək səviyyədə qururdular. Bütün bunlar isə seçkiöncəsi təbliğat- təşviqat kampaniyasının şəffaf, bərabərhüquqlu səviyyədə aparılmasının göstəricisi idi.

19 saylı məntəqə üzrə ilk dəfə səs verənlərdən Emil Qocayev dedi: – Bu seçkilərdə gənclər daha fəallıq gösrərirlər. Sevindirici haldır ki,  ölkəmizdə gənclərin parlament seçkilərində namizəd kimi iştirakına əlverişli şərait yaradılıb. Konstitusiyaya uyğun olaraq, 25 yaşı tamam olan, ali təhsilli, ikili vətəndaşlığı və məhkumluğu olmayan hər bir gəncin müstəqil şəkildə, yaxud təmsil olunduğu siyasi partiya və ya təşkilat tərəfindən namizədliyi irəli sürülə bilər. Bu, biz gəncləri daha da ruhlandırır. Məhz bu səbəbdən gənclərin inkişaf strategiyasında ən vacib məsələlərdən biri də ilk dəfə səs verəcək gənclərin bu məsuliyyəti hiss edərək, azad seçki hüququ və iştirakdan istifadə etməsidir.

V çağırış Milli Məclisə seçkilərdə  namizədliyi irəli sürülən gənclərin sayı daha çoxdur. Bu, mən deyərdim ki,  Azərbaycanda aparılan uğurlu gənclər siyasətinin məntiqi nəticəsidir. Gənclərin öz namizədliklərini irəli sürmələri müsbət haldır. Ümumiyyətlə, bu gün Azərbaycanda gənclərə geniş meydan verilib və onların bu meydanda özlərini yoxlamaları isə yaradılan əlverişli  şəraitlə sıx bağlıdır. Digər tərəfdən, indiki gənclər özlərinə inanır, yaradılan şəraitdən səmərəli şəkildə istifadə edə bilirlər.

Məntəqədə olarkən yaşlı seçicilərin seçki barədə fikirləri ilə də maraqlandım. 82 yaşlı Adil Abdulsalamov dedi: – Hazırda ölkəmizin müstəqil siyasət yürütməsinə, uğurlarla müşayiət olunan islahatlar keçirməsinə, sosial-iqtisadi sahələrdə müsbət göstəricilər əldə etməsinə qısqanclıqla yanaşan bəzi daxili və xarici qüvvələr Azərbaycandakı seçki prosesinə qara yaxmağa,  proses başa çatmamış onun legitimliyini şübhə altına almağa cəhd göstərirlər. Təbii ki, onların bu davranışları seçkinin gedişinə, Azərbaycan seçicisinin iradəsinə heç bir təsir edə bilməyəcək. Çünki hər birimiz Azərbaycanda baş verən proseslərdən yaxşı xəbərdarıq. Azərbaycanda azad və demokratik seçkilərin keçirilməsi üçün Seçki Məcəlləsinə uyğun olaraq hər cür şərait yaradılması hamının gözü önündədir.

Azərbaycan hakimiyyəti yaxşı bilir ki, dövlətin inkişafı demokratik seçkilərdən asılıdır. Ona görə də  istər dövlət, istər vətəndaş cəmiyyəti azad və demokratik seçkilərin keçirilməsində maraqlıdır.

Sonda onu da vurğulayım ki, Azərbaycanda müstəqillik dövründə ümumrespublika səviyyəli 15-ə qədər seçki proseduru reallaşdırılıb. Bu isə ölkəmizdə  seçkilərin şəffaf və ədalətli keçirilməsində artıq böyük təcrübənin mövcudluğundan xəbər verir. Həm də unutmaq olmaz ki, bu gün Azərbaycan müsbət ənənələri yaşatmaqla yanaşı, ən qabaqcıl təcrübəni də öyrənərək tətbiq edir. Bütün işlər beynəlxalq standartlara uyğun şəkildə qurulur.

 

*     *     *

 

Ölkənin hər yerində olduğu kimi, 8 saylı Binəqədi birinci seçki dairəsində də vətəndaşlar azad şəkildə və qanunverciliyə uyğun formada səsvermə hüquqlarını həyata keçiriblər. Ancaq təəssüflər olsun ki, seçici dəstəyi almağa ümidi olmayan bəzi namizədlər artıq  təxribat xarakterli hərəkətlərə yol veriblər.   Məntəqələrdən aldığımız məlumata görə əvvəlcədən hazırlanmış təxribat qrupu seçki prosesinə müxtəlif formalarda müdaxilə ediblər. Onlar komissiya üzvlərinin, müşahidəçilərin fəaliyyətinə mane olmağa, süni gərginlik törətməyə, səsverməyə gələn seçicilərdə çaşqınlıq yaratmağa, bununla da normal seçki prosesini pozmağa çalışıblar.

Bu məqsədlə, xüsusi hazırlanmış qrupa hətta saxta jurnalist vəsiqəsi, foto və video çəkiliş aparmaq üçün texniki avadanlıqlar paylanıb. Onlar məntəqələrin qarşısında və içərisində öncədən planlaşdırılmış “ssenarilər” əsasında  öyrədilimiş şəxslərdən müsahibələr alıb, foto və video çəkilişlər aparıblar. Eyni zamanda, hazırladıqları dezinformasiyaları və saxta materialları sosial şəbəkələr vasitəsilə yaymaqla məşğul olublar.  Bununla bağlı Azay Quliyevin  seçki qərargahının  mətbuat xidməti Mətbuat Şurasının “Qaynar-xətt”inə müraciət edərək mediaya aidiyyatı olmayan şəxslərin saxta jurnalist vəsiqələrindən istifadə edərək 8 saylı Binəqədi birinci seçki dairəsi ərazisində törətməyə çalışdıqları təxribatçı hərəkətlərin qarşısının alınması üçün lazımi tədbirlər görməyə çağırıb.

 

Nizami rayonu

 

Ölkəmizin hər yerində olduğu kimi, paytaxtın Nizami rayonunda da parlament seçkilərinin şəffaf və demokratik şəraitdə keçirilməsi üçün bütün zəruri tədbirlər görülmüş, növbəti beş ildə Milli Məclisdə seçiciləri təmsil etmək iddiasında olan bütün namizədlərə bərabər şərait yaradılmışdır. Noyabrın 1-i havanın xeyli soyuq olmasına baxmayaraq, səhər saatlarından etibarən  rayon ərazisindəki bütün seçki məntəqələrində seçici fəallılğı müşahidə edilirdi. Azərbaycanda mövcud  demokratik seçki mühiti, vətəndaşların öz iradələrinin azad və müstəqil şəkildə ifadə etmələri üçün yaradılmış şəraitdən maksimum yararlanmağa çalışan rayon seçiciləri səhər saat 8-dən başlayaraq, axın-axın seçki məntəqələrinə gəlirdilər.

İlk müşahidələrimizi 24 saylı Nizami birinci dairə seçki komissiyasından başladıq. Komissiyanın sədri Niyazi Nəcəfovdan aldığımız məlumata görə, 24 saylı Nizami birinci seçki dairəsi üzrə Milli Məclisə deputat mandatı uğrunda 7 nəfər namizəd mübarizə aparır. Onlar isə YAP, AMİP, Böyük Quruluş Partiyası və öz təşəbbüsü ilə seçki marafonuna qoşulanlardır. Sözügedən dairə üzrə səsvermə hüququ olan 43369 seçicinin səs verməsi üçün 35 məntəqə təşkil olunub. Seçki məntəqələrində səsvermə prosesini yaxından izləmək üçün isə 376 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.

Müşahidə apardığımız məntəqələrdə seçici fəallığı anbaan artırdı. Bu da Nizami rayon seçicilərinin seçkilərə olan marağını bir daha təsdiqləyirdi. 13 saylı seçki məntəqəsi üzrə qeydiyyatdan keçən seçicilərin sayı 972 nəfər təşkil edirdi. Seçkilərin gedişini isə 9 yerli müşahidəçi izləyirdi. AXCP-ni təmsil edən müşahidəçi Məryəm Rəhmətova məntəqədə yaradılmış şəraitdən razılığıını ifadə etməklə yanaşı, səsvermə prosesinin tam şəffaf və demokratik şəraitdə keçdiyini, heç bir qanun pozuntusu qeydə almadığını bildirdi. Elə seçkilərin gedişini müşahidə etmək məqsədilə məntəqəyə baş çəkən AŞPA nümayəndəsi Kunde Bajen Aqustin də səsvermənin demokratik seçki proseduruna uyğun keçdiyini dedi və heç bir qanun pozuntusu ilə rastlaşmadığını qeyd etdi.

Dairənin 14 saylı seçki məntəqəsində də səsvermə prosesi yüksək seçici fəallığı şəraitində keçirdi. Məntəqənin sədri Sərhəd Məhərrəmov dedi ki, seçici siyahısına 1214 nəfər  vətəndaşın adı daxil edilib. Onların öz iradələrini azad və sərbəst şəkildə ifadə etmələri, eləcə də səsvermənin gedişini izləmək üçün qeydiyyatdan keçmiş 7 nəfər müşahidəçi üçün bütün lazımi şərait yaradılmış, məntəqədə veb-kamera quraşdırılmışdır. Məntəqədə olan AŞPA nümayəndəsi, müşahidəçi Maykl McNamara artıq ikinci dəfədir ki, müşahidə missiyası ilə Azərbaycana gəldiyini bildirdi. Söhbət əsnasında o, 2000-ci ildən ötən müddətdə ölkəmizin, xüsusən də paytaxt Bakının xeyli dəyişdiyini, Azərbaycanın zəngin seçki təcrübəsi əldə etdiyini vurğuladı.  Söhbət etdiyimiz digər müşahidəçilər – ABŞ-dan gəlmiş Uiland Richard və oğlu Neucomb Uiland Adam Parker isə müşahidə missiyası ilə ilk dəfə ölkəmizdə olduqlarını bildirdilər.  Seçkinin gedişinə dair fikirləri ilə maraqlandıq. Qeyd etdilər ki, səhər saatları olduğu üçün lazımı qədər müşahidə aparmasalar da, gəldikləri ilkin qənaət və məntəqə üzvlərinə ünvanladıqları suallara aldıqları cavablar belə deməyə əsas verir ki, Azərbaycanda keçirilən seçki prosesi ABŞ-da olduğu kimi azad, demokratik və ədalətlidir.

8 saylı seçki məntəqəsinin seçicisi Sahibə Əhmədova parlament tribunasında secicilərini layiqincə təmsil edən, Azərbaycanın sosial-iqtisadi uğurları üçün çalışmaq iqtidarında olan  layiqli bir namizədə səs verdiyini bildirdi, seçkilərin tam azad və şəffaf keçirilməsi üçün yaradılan şəraitdə razılığını ifadə etdi. Məntəqənin katibi Sədrəddin Məmmədov seçkilərin beynəlxalq standartlara uyğun, tam ədalətli və demokratik şəraitdə keçirilməsi üçün bütün lazımi şəraitin  yaradıldığını bildirdi.  Elə   prosesi yaxından izləyən müşahidəçilər də etiraf etdilər ki, seçkilərin keçirilməsi üçün bütün lazımi tədbirlər görülüb və səsvermə şəffaf, heç bir kənar müdaxilə olmadan keçirilir. Onların yekdil qənaətinə görə, seçkilərdə ən vacib olan mütəşəkkillik, yüksək əhval-ruhiyyə və siyasi mədəniyyət də tam qənaətbəxşdir.  Müşahidəçilər Gülşən Əmirova və Şəfiqə Əliyeva bildirdilər  ki,  seçkilər normal keçir, hər hansı bir neqativ hadisə baş verməyib. Bir neçə  seçki məntəqəsində olduğunu söyləyən  Ana Vətən Partiyasının müşahidəçisi Arzu İsmayılova da seçkilərin gedişatını normal qiymətləndirdi. Dairə üzrə təşkil olunmuş seçki məntəqələrində isə fəallıq anbaan artırdı. Artıq saat 12:00-da  13110 nəfər (30,23 faiz) öz seçki hüqundan istifadə edərək layiq bildiyi namizədə səs vermişdi. Saat 15-də isə səsvermədə 20776 nəfər iştirsak etmişdi ki, bu da ümumi seçicilərin 47,9 faizini təşkil edirdi. Səsvermənin yekunlarına əsasən, dairə üzrə 26446 seçici (61 faiz) seçki məntəqələrinə gedərək öz seçimini reallaşdırmışdır.

25 sayli Nizami ikinci seçki dairəsi üzrə seçki marafonuna 8 nəfər namizəd qoşulub. Onlardan 6-sı müxtəlif siyasi partiyaların təmsilçiləri,  2 nəfər isə namizədliyini müstəqil şəkildə irəli sürənlərdir. Dairə seçki komissiyasından aldığımız məlumata görə,  ərazi üzrə 33 məntəqə yaradılıb. Bütün məntəqələrdə səsvermə prosesinin azad və demokratik şəraitdə keçirilməsi üçün lazımi şərait yaradılıb, 10 məntəqədə isə veb-kamera quraşdırılıb. Dairə üzrə tərtib olunmuş seçici siyahısında 44404 nəfərin adı qeyd olunub. Onların 325 nəfəri 80-100 yaş arasındadır. Dairə üzrə 435 nəfər müşahidəçi qeydiyyatdan keçib. Dairə üzrə müşahidələrimizi 17 və 18 saylı seçki məntəqələrində davam etdirdik. Bu məntəqələrdə də seçici fəallığı aydın hiss olunurdu. Elə seçicilərin xeyli hissəsinin saat 10-a qədər səsvermə hüququndan istifadə etmələri də bunu təsdiqləyirdi. Məntəqələrdə söhbət etdiyimiz müşahidəçilər Elmar Allahverdiyev (öz təşəbbüsü ilə qeydiyyatdan keçmiş müşahidəçi) və İradə Hacıyeva (AMİP) də seçicilərin fəallığını qeyd etməklə yanaşı, səsvermə prosesinin tam azad və demokratik şəraitdə keçdiyini, heç bir qanun pozuntusu və ya kənar müdaxilə hallarını qeydə almadıqlarını bildirdilər. Səhər saat 10:00-dək dairə üzrə 4281 nəfər vətəndaş seçki məntəqələrinə gedərək layiq bildikləri namizədə səs vermişdi ki, bu da ümumi seçicilərin 9,64 faizini təşkil edirdi. Artıq saat 12-dək 11729 nəfər (26,4) seçici  səsvermə hüqundan istifadə etmişdi. Saat 19.00-da səsvermə prosesi başa çatdıqdan sonra dairə seçki komissiyasından bildirdilər ki, seçicilərin 44 faizi (19547 nəfər) səsvermədə iştirak etmişdir.

 

Nərimanov rayonu

 

Səhər saat 8:00-dan etibarən rayondakı bütün seçki məntəqələri öz qapılarını seçicilərin üzünə açmışdı. Seçki marafonuna start verildiyi ilk günlərdən etibarən rayon üzrə yaradılmış seçki dairələrindən  deputatlığa namizdəlikləri qeydə alınmış bütün şəxslərə təbliğat-təşviqat kampaniyalarını normal şəkildə aparmaları üçün hərtərəfli şərait yaradılmış, seçici siyahıları dəqiqləşdirilmiş, səsvermə hüququ olan vətəndaşlara bildirişlər paylanmışdı.

Bu da rayonda seçkilərin mütəşəkkil və yüksək seçici fəallığı şəraitində keçirilməsinə imkan yaratmışdı. 19 saylı Nərimanov birinci seçki dairəsinin dislokasiyasına aid olan bütün seçki məntəqələrində rastlaşdığımız seçici fəallığı da bunu sübut edirdi. Dairə Seçki Komissiyasının sədri Etibar Abdullayevdən aldığımız məlumata əsasən, dairə üzrə Milli Məclisə deputat mandatı uğrunda 7 nəfər mübarizə aparır. Onların 3-ü YAP, Vətəndaş Həmrəyliyi və Ümid partiyalarını təmsil edir. 4 nəfər isə öz namizədliyini fərdi qaydada irəli sürüb. Seçki dairəsi üzrə 46077 seçicinin səs verməsi üçün 35 məntəqə yaradılıb. Həmin məntəqələrin 10-u veb-kamera ilə təchiz edilib. Dairə üzrə 884 nəfər seçici yaşı 80-100 arasında olanlardır. 400 nəfər isə ilk dəfədir ki, səs verir. Seçkilərin gedişini izləmək üçün 385 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib. Bundan əlavə, məntəqələrdə seçkiləri çoxsaylı xarici müşahidəçilər də yaxından izləyirdilər. Dairə üzrə müşahidələrimizi 26 saylı seçki məntəqəsindən başladıq. Məntəqənin sədri Səmayə Eynullayeva bildirdi ki,  adı seçici siyahısına daxil edilmiş 1307 nəfər vətəndaşın səs verməsi, eləcə də seçki prosesini yaxından izləmək üçün qeydiyyatdan keçmiş müşahidəçilər üçün bütün lazımi şərait yaradılıb. Səsvermə prosesinin başlandığı ötən iki saat ərzində 250 nəfər öz seçim hüququnu sərbəst şəkildə reallaşdırıb ki, bu da seçkilərə olan maraqdan irəli gəlir. Yeni Azərbaycan Partiyasından olan müşahidəçi Emin Orucov da  səsvermənin yüksək seçici fəallığı şəraitində keçdiyini bildirdi, səsvermə prosesini izləmək üçün əlverişli şəratin mövcudluğunu dilə gətirdi. Saat 12:00-dək 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə 10786 nəfər seçici səsvermədə iştirak etmişdi ki, bu da adı seçici siyahısında olanların 23,41 faizi demək idi. Saat 17:00-dək isə seçicilərin 47,34 faizi (21817 nəfər) öz seçki hüququndan istifadə etmişdi. 19 saylı Nərimanov birinci seçki dairələri üzrə seçicilərin 51,8 faizi (23877 nəfər) öz seçki hüququndan istifadə etmişdir.

20 saylı  Nərimanov ikinci seçki dairəsi üzrə isə 6 nəfərin namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmışdır. Burada təşkil olunmuş 33 seçki məntəqəsinin 10-u veb-kamera ilə təchiz olunmuşdur. Dairə üzrə seçici siyahısına 43990 nəfərin adı daxil edilmişdir. Məntəqələrdə səsvermənin gedişini 476 nəfər yerli müşahidəçi izləyirdi. Bundan əlavə, Almaniya, ABŞ, İsrail, Rusiya, Pakistan, Rumıniya, Gürcüstan və digər ölkələri təmsil edə 30-dək müşahidəçi də gün ərzində seçki məntəqələrinə baş çəkərək qeydlərini götürüdülər. Bu da, öz növbəsində, ölkəmizdə keçirilən növbəti parlament seçkilərinə olan maraqdan irəli gəlirdi. Dairə üzrə yüksək seçici fəallığının şahidi olduq. Bu fəallıq dairənin dislokasiyasına daxil olan 4, 5, 6, 7, 9, 13 və 16 saylı məntəqələrində daha yüksək idi. Saat 12:00-dək isə 20 saylı  Nərimanov ikinci seçki dairəsi üzrə 10443 nəfər (23,43 faiz) seçici məntəqələrə gələrək layiq bildiyi namizədə səs vermişdi. Saat 15-də isə 17908 nəfər seçici (40,7 faiz) səsvermədə iştirak etmişdi. 20 saylı Nərimanov II seçki dairəsi üzrə 20983 nəfər (47 faiz) səsvermədə iştirak etmişdir.

 

Suraxanı rayonu

 

31 saylı Suraxanı ikinci seçki dairəsinin 20 saylı məntəqəsi Qaraçuxur qəsəbəsindəki məşhur neftçi Qurban Abbasovun adını daşıyan Mədəniyyət Sarayında yerləşir. Məntəqənin sədri Minayə Həsənova bildirdi ki, səhər saat 11.00 radələrinə kimi artıq 100-dən çox seçici məntəqəyə gələrək səs verib.

Minayə Həsənova 141 saylı tam orta məktəbdə direktor müavinidir. Pedaqoq kimi çalışmaqla bərabər, 10 ildən çoxdur ki,  məntəqə sədri kimi seçkilərin təşkili prosesində də fəal iştirak edir. O, səsvermənin uğurla getdiyini bildirdi. Əlavə etdi ki, seçkilər tam şəffaf şəraitdə keçir. Məntəqədə veb-kamera quraşdırılıb.

Məntəqədə səsvermə prosesini izləyən müşahidəçilərə yaxınlaşdım. Birinci cərgədə əyləşən müşahidəçidən özünü təqdim etməsini və səsvermə prosesi barədə rəyini bildirməsini xahiş etdim. Həmin şəxs bunları dedi:

– Adım Xaləddin, soyadım Kərimovdur. Musavat partiyasını təmsil edirəm. Seçkilər başlanan vaxtdan artıq 3 saat keçib. Hələlik heç bir qanun pozuntusu halı ilə qarşılaşmamışam. Başqa müşahidəçilər də qanun pozuntusu halları ilə üzləşmədiklərini bildirdilər.

31 saylı Suraxanı ikinci seçki dairəsinin ofisi Qurban Abbasov adına Mədəniyyət Sarayının bir neçə addımlığında yerləşir. Dairənin sədri İlham Bayramov dairəyə daxil olan 32 məntəqə üzrə 39.056 seçicinin səs verməli olduğunu bildirdi. Sonra bunları əlavə etdi:

– Mən bütün jurnalistlərə demişəm, sizə də deyirəm, hansı məntəqəyə istəsəniz, gedin baxın, müşahidələr aparın, gördüklərinizi obyektiv qələmə alıın.

Yeni Günəşli qəsəbəsindəki Uşaq Tədris Mərkəzində yerləşən 23 saylı seçki məntəqəsinə gəldim. Məntəqə sədri Yeganə Mədətova dedi ki, mənqəqə üzrə seçicilərin artıq 35 faizi səs verib. Ümid etdiyini dedi ki, seçki başa çatana kimi səs verənlərin sayı xeyli artacaq.

Məntəqədə həmin dairədən deputatlığa namizədliyi qeydə alınmış Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin nümayəndəsi Rauf Yuliyevlə də görüşdüm. Səsvermə prosesinin normal keçdyini dedi.

Sonra 31 saylı Suraxanı ikinci seçki dairəsinin Yeni Günəşli qəsəbəsində yerləşən 13, 14, 22 saylı məntəqələrində də oldum. Bu məntəqələrdə də səsvermənin qanunvericiliyə uyğun, normal keçdiyinin şahidi oldum.

32 saylı Suraxanı üçüncü seçki dairəsi isə Köhnə Suraxanı qəsəbəsində yerləşir. Dairə seçki komissiyasının katibi Bilman Nağıyevi hələ ötən seçkilərdən tanıyıram.  Qərbi Azərbaycanın Vedi rayonundandır. İstedadlı, vətənpəvvər şairdir. Bilman Qüdrət təxəllüsü ilə yurd, Vətən həsrətli gözəl şeirlər yazır. Amma bu dəfə söhbətimiz, təbii ki, poeziyadan, sənətdən yox, seçki prosesinin təşkili barədə oldu. Dedi:

– Bizim dairə üzrə 30 açıq, bir qapalı məntəqə fəaliyyət göstərir. Dairə üzrə səsvermə hüququ olan 39.010 vətəndaş seçim etməlidir. Seçici ovqatı yaxşıdır. Hiss olunur ki, vətəndaşlar   ölkəmizdə uğurla həyata keçirilən demokratik proseslərdən razıdırlar.

Dairədə öyrəndim ki, bir sıra MDB ölkələrindən gəlmiş beynəlxalq müşahidəçilər ayrı-ayrı seçki məntəqələrini gəziblər, səsvermə prosesindən razılıq ediblər.

32 saylı Suraxanı üçüncü seçki dairəsinə daxil olan 9, 10,11, 12 nömrəli seçki məntəqələrində də oldum. Bu məntəqələrdə də səsvermə prosesinin normal şəkildə təşkil olunduğunu müşahidə etdim.

Səsvermə prosesi başa çatandan sonra hər iki seçki dairəsinə zəng edərək gün ərzində cəmi nə qədər seçicinin iştirak etməsi ilə maraqlandım. Məlum oldu ki,  31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə seçicilərin 36 faizi, 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə 39 faizi seçkilərdə iştirak ediblər.

 

Xalq qəzeti.- 2015.- 2 noyabr.- S.10.