Azərbaycan tam demokratik seçki
keçirməklə
öz beynəlxalq
nüfuzunu daha da artırdı
Xətai rayonu
Son 20 ildə ölkədə keçirilən hər bir seçki Azərbaycanda insan hüquq və azadlıqlarının, demokratik inkişafın əsas göstəricisi kimi dünyanın diqqət mərkəzində olur. 1Noyabr 2015-ci ildə beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbəti seçkilər də istisna deyildi və bu mənada, parlament seçkilərini, sözün əsl mənasında, müstəqil dövlətçiliyimizin quruculuq tarixində demokratiyanın növbəti sınağı da hesab etmək olardı. Bunu seçkilərdə iştirak edən partiya və seçki bloklarının sayı da təsdiq edir. Hazırkı seçkilərdə 15 siyasi partiya birbaşa partiya olaraq, 7 partiya isə “Azadlıq-2015" seçki bloku ilə iştirak edir.
33 saylı Xətai birinci seçki dairəsinin bir neçə məntəqəsində apardığımız müşahidələr və öyrəndiyimiz rəylərdən belə bir qənaətə gəlmək olar ki, müstəqil Azərbaycan bu sınaqdan da şərəflə çıxaraq, demokratik prinsiplərin bərqərar olması istiqamətində çox mühüm siyasi bir kampaniyanı uğurla həyata keçirdi.
Seçki prosesinin gedişi ilə tanışlığımız 33 saylı Xətai birinci seçki dairəsindən başladı. Yaradılan şəraitdən və seçki prosesini izləmək üçün həyata keçirilən texniki tədbirlərdən aydın görünürdü ki, az bir vaxtda xeyli iş görülmüşdür. 33 saylı Xətai rayon birinci seçki dairəsinin sədri Əlibaba Bayramov xarici ölkələrdən və beynəlxalq təşkilatlardan gələn müşahidəçilərlə görüşünü yekunlaşdırandan sonra bizə də bir neçə dəqiqə vaxt ayırıb suallarımıza cavab verməyə imkan tapdı.
Ümumi təsəvvür yaratmaq üçün konkret rəqəmlərdən başlayan Ə.Bayramov bildirdi ki, 45252 seçicini əhatə edən bu dairədə 37 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan biri qapalı müəssisədə, qalanı isə müxtəlif müəssisələrdə yerləşir. Məntəqələrin 10-da səsvermə prosesini canlı izləmək üçün veb-kameralar quraşdırılmış və digər məntəqələr bütün texniki və rabitə vasitələrilə təmin olunmuşdur. Yeri gəlmişkən qeyd edək ki, Xətai rayonunun ərazisində fəaliyyət göstərən dörd seçki dairəsinin hər birinin 10 seçki məntəqəsində müvafiq şəkildə veb-kameralar quraşdırılmışdır.
Sədr onu da bildirdi ki, səsverməyə çıxarılan namizədlərin hər birinin məntəqələrdə müşahidəçiləri var. Bununla belə, müxtəlif partiya, siyasi və ictimai təşkilatlara, müstəqil vətəndaşlara da seçki prosesini müşahidə etmək üçün imkan yaradılmışdır. Avropa Parlamenti seçki müşahidə missiyasının, MDB müşahidəçilərinin və müstəqil xarici müşahidəçilərin də diqqətlə izlədikləri seçkilər hələ ki, insidentsiz keçir.
Saat 12-yə olan ilkin məlumata görə, seçicilərin 19,1 faizi öz seçimlərini edib, səs vermişdilər. Dairə seçki komissiyasının təcrübəli üzvləri ilə söhbətdən aydın oldu ki, istirahət gününə təsadüf edən bu seçkilərin dairədəki seçici fəallığını normal qiymətləndirirlər.
Yolumuzu dairənin 12 saylı məntəqəsindən saldıq. Siyahıda 1453 seçicinin qeyd olunduğu məntəqənin sədri Eldar Qənbərov bildirdi ki, seçicilərin 250 nəfərə qədəri saat 12.00-a qədər səs verib. Heç bir qanun pozuntusu qeydə alınmayıb. Səhər tezdən hava soyuq olduğundan seçicilər elə çox olmasa da, saat 10-dan sonra fəallıq artmışdır.
Məntəqədə müşahidəçi qismində iştirak edən deputatlığa namizədlərin nümayəndələri seçkilərin normal ahəngdə, demokratik şəraitdə keçdiyini və hələ ki, heç bir qanun pozuntusunun müşahidə olunmadığını bildirdilər.
Eyni sözləri 33 saylı Xətai Seçki Dairəsinin 14 saylı seçki məntəqəsinin sədri Mətanət Süleymanovadan da eşitdik. 1493 seçicisi olan məntəqədə saat 12.30-a artıq 200 nəfərə yaxın seçici öz seçim hüququndan istifadə etmişdi. 60-a yaxın müşahidəçinin iştirakı ilə keçirilən səsvermə məntəqəsində veb-kamera da quraşdırılmışdı.
Məlumat üçün onu da qeyd etmək lazımdır ki, Azərbaycanda seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir. Avropadan, Türkdilli Ölkələrin Parlament Assambleyasından, MDB ölkələrindən, həmçinin beynəlxalq təşkilatlardan gələn çoxsaylı müşahidəçilər 33 saylı Xətai rayon Birinci Seçki Dairəsinin də məntəqələrində olur, səsvermə prosesini diqqətlə izləyir və seçicilərlə ünsiyyətdə olub, seçkilərə münasibətlərini öyrənirdilər.
Həqiqətən də günün birinci yarısı saat 10-dan başlayaraq seçki məntəqələrində böyük canlanma müşahidə olundu. Günün ikinci yarısında 33 saylı Xətai birinci seçki dairəsindən bizə bildirdilər ki, saat 15.00-da artıq seçicilərin 30,4 faizi səsvermədə iştirak etmişdir. Apardığımız müşahidələr göstərdi ki, səsvermənin ən qaynar vaxtı saat 10-dan axşam saat 17-ə qədər davam etmişdir.
Saat 19.00-da bütün məntəqələrdə səsvermənin başa çatdırıldığı bildirildi. Məntəqə komissiyalarının üzvləri qutuları açıb bülletenlərin hesablanmasına başlayanda, biz 33 saylı dairə seçki komissiyasına gəlib ilkin yekun nəticənin açıqlanmasını gözləyirdik. Seçki məntəqələrindən alınan nəticələr protokollaşdırılıb dairə seçki komissiyasına daxil olurdu. Beləliklə, saat 19.30-da 33 saylı dairə seçki komissiyasının sədri səsvermənin ilkin nəticələrini elan etdi. 1 noyabr 2015-ci il V çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 33 saylı Xətai birinci seçki dairəsində səsvermənin ilkin nəticələri belə oldu:
Dairənin 45252 seçicisindən səsvermədə 18,138 nəfər iştirak etmişdir ki, bu da seçicilərin ümumi sayının 40,1 faizini təşkil edir. Bu, bir daha göstərir ki, 33 saylı Xətai birinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə V çağırış seçkilər baş tutmuşdur. Beləliklə, Azərbaycanın hər yerində olduğu kimi, Xətai rayonu da demokratiyanın daha bir seçki sınağından uğurla çıxdı.
Səbail rayonu
Havaların qəfil soyumasına, aramsız yağışların adamların çöl- bayıra çıxmasını nisbətən çətinləşdirməsinə baxmayaraq, noyabırın ilk gününə təyin olunmuş Azərbaycan Respublikası Milli Məclisinə seçkilər paytaxtın ən qədim rayonu olan Səbaildə gözlənilən ənənəvi seçici fəallığını zərrə qədər də azaltmamışdı. Bunu Müstəqil Dövlətlər Birliyini təmsil edən Tacikistandan gəlmiş müşahidəçilər qrupunun üzvləri də nəzərdən qaçırmadılar. Qardaş ölkədən gəlmiş Bəhram Abdulalimov, Dmitri Qladey, Nərgiz Rəhmanova və Aleksey Kartsov 29 saylı Səbail dairə seçki komissiyasının 3 saylı səsvermə məntəqəsində 20 dəqiqəyə yaxın müşahidələrini yekunlaşdırarkən xüsusi qeyd etdilər.
Onlar bildirdilər ki, bu gün hava soyuq və yağışlı olsa da, isti mənzillərində qərar tuta bilməyən şəhər seçiciləri səsvermə başlayandan küçələrə axışır, böyük ruh yüksəkliyi ilə üstünlük verdikləri namizədin hesabda irəli çıxmasını təmin etməyə gəlirlər. Bu, əsl demokratik düşüncə göstəricisidir. Bu, həm də o deməkdir ki, Azərbaycan seçicisi ali qanunverici orqanda onu kimlərin təmsil etməsinə taleyüklü məsələ kimi baxır və bunun üçün havanın əlverişsiz olması onun qarşısını kəsə bilməyib.
Müşahidə qrupunun üzvü Nərgiz Rəhmanova isə həmyerlilərinin dediklərinə əlavə olaraq, qadınların daha fəal və mütəşəkkil göründüklərini söylədi. Onun bu müşahidəsinin səbəbini öyrənmək üçün bülleteni səsvermə qutusuna atıb məmnunluqla bayıra üz tutan yaşlı qadına yaxınlaşdıq. Yaşı 70- i keçmiş Pəri Paşayeva bildirdi ki, onun budəfəki parlament seçkilərində önəm verdiyi məsələ Milli Məclisdə qadın deputatlar korpusunun daha da güclənməsidir. Bu gün ölkəmizdə gender məsələləri aktuallıq kəsb edir. Buna görə də o və qadın qonşuları dairədə qeydə alınmış qadın namizədi müdafiə etməyi qərarlaşdırıblar.
Məntəqədəki yerli müşahidəçilərlə də müsahib olduq.Yaxınlıqdakı Azərbaycan Pedaqoji Universitetinin yaşlı professoru Himalay Qasımov bildirdi ki, müəllim olduğundan əksər ailə- məişət qayğılarını istirahət gününə saxlayır. Bu gün də vacib işləri olmasına baxmayaraq, üzvü olduğu Yeni Azərbaycan Partiyasının namizədinin alacağı səslərin qorunması naminə məntəqə açılandan buradadır, qutular açılıb, səslər sayılandan sonra evə gedəcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini təmsil edən Emma Xankişiyeva gənc namizədin, 7 saylı məktəbin müəllimi Məlahət Rəhimova və kommunal xidmət işçisi Gülnaz Süleymanova isə ölkədə gedən tərəqqi və quruculuq prosesinə daha çox dəstək verə biləcək namizədin maraqları keşiyində dayandıqlarını bildirdilər. Məntəqədə gedən səsvermə prosesinə nəfəsdərmədən göz qoyan bu adamlar heç bir qanun pozuntusu qeydə almadıqlarını təsdiqlədilər, seçkiyə mükəmməl hazırlıq aparıldığını söylədilər.
Yaxınlıqdakı Mərkəzi Dənizçilər Evində yerləşən 29 saylı Səbail dairə seçki komissiyasında da olduq. DSK sədri Cahangir Məmmədov bildirdi ki, ərazidəki 30 səsvermə məntəqəsində bu gün 38580 nəfər seçicinin seçki qanunvericiliyinə uygun səs verməsi üçün lazımi şərait yaradılıb. Hər bir seçici qabaqcadan harada səs verməsi barədə rəsmi surətdə xəbərdar edilib. 357 nəfər ilk dəfə səs verənlər olduğundan onlarla ayrıca izahat işi aparılıb. Dairə ərazisindəki məntəqələrin hamısı bütün ləvazimatla təmin olunmuşdur. Məntəqə üzvləri dairə seçki komissiyasında treninq və toplantılarda iştirak etmiş, seçki qanunvericiliyi və seçki prosesləri ilə bağlı təlimatlandırılmışlar.
DSK sədri sonda dedi ki, ərazidəki məntəqlərdə 12 veb-kamera quraşdırılmışdır. Bu gün 29 saylı DSK ərazisində qeydiyyata alınmış 6 namizəd mübarizə aparır. Onların maraqlarının müdafiəsi üçün müxtəlif partiya və təşəbbüs qruplarını təmsil edən 437 müşahidəçi məntəqələrdə öz missiyalarını maneəsiz yerinə yetirirlər. Aldığımız məlumatlara görə, seçkinin ilk saatlarından məntəqələrə axın başlanmışdır. Artıq bir sıra məntəqələrdə seçki prosesini xarici müşahidəçilər də izləyirlər. Sonrakı saatlarda 29 saylı Səbail dairə seçki komissiyasının şəhərin mərkəzindəki 132-134 saylı Təhsil Kompleksində yaradılmış 4 saylı, 20-ci yaşayış sahəsində, “Bayıl” stadionundakı 27 saylı səsvermə məntəqələrində də olduq. Burada da seçici fəallığının, ahəngdar və səffaf səsvermə prosesinin şahidi olduq.
Yasamal rayonu
Beşinci çağırış Milli Məclisə keçirilən seçkilərdə Yasamal rayonunda 114 min 849 nəfər seçici siyahısına daxil edilmişdi. Üç seçki dairəsi üzrə yaradılmış 91 seçki məntəqəsində seçkilərə hazırlıq işləri uğurla başa çatdırılmış və seçicilərin səsvermədə mütəşəkkil iştirakı üçün bütün imkanlardan istifadə olunmuşdu. Qabaqcadan aparılımış maarifləndirmə tədbirləri, ilk dəfə səs verəcək seçicilərlə və gənclərlə keçirilmiş görüşlərdə seçkidə iştirakın əhəmiyyəti barədə ərtaflı məlumat verilmişdi. Hətta, ilk dəfə səs verəcək seçiciləri sürprizlər gözlədiyi də bildirilmişdi. Bu tədbirlər dünən keçirilən parlament seçkilərində özünü büruzə verdi.
İlk müşahidəmizi 17 saylı Yasamal III seçki dairəsinin 14 saylı seçki məntəqəsindən başladıq. Məntəqə seçki komissiyasının sədri Rəna Talışxanova bildirdi ki, səsvermədə 761 seçici iştitak etməlidir. Bu məntəqə söküntü ərazisində olduğundan bəzi seçicilərin adları seçici siyahısına salınmayıb. Buna baxmayaraq, onların səsvermədə iştirakı üçün elə bir problem yoxdur. Həmin seçicilər şəxsiyyətini təsdiq edən sənəd təqdim etdikdən sonra adları dərhal seçici siyahısına salınır və səs verirlər. O, qeydiyyat jurnalını göstərərək, həmin seçicilərin adı və soyadı ilə bizi də tanış etdi.
Söhbət zamanı məlum oldu ki, bu məntəqəyə ABŞ-dan, MDB ölkələrindən, Avstraliyadan, Almaniyadan və Belçikadan, ümumilikdə, 15 müşahidəçi gəlib və seçkinin gedişindən razı qaldıqlarını bildiriblər. Biz məntəqədə olarkən almaniyalı müşahidəçilər Karin Renner və Eduard Lintnerlə rastlaşdıq. Seçkilərin gedişi ilə əlaqədar verdiyimiz suala cavab olaraq bildirdilər ki, müşahidə apardıqları seçki məntəqələrində hər hansı bir qanun pozuntusu ilə qarşılaşmayıblar.
18 saylı seçki məntəqəsində də müşahidəçilər hər hansı bir problemlə rastlaşmadıqlarını bildirdilər. Məntəqə seçki komissiyasının sədri Dünyaxanım Bağırova ilə görüşümüz zamanı Belçikadan olan müşahidəçi Gilis Laurentius Bourdoux da seçki məntəqəsinə gəldi. Beynəlxalq müşahidəçi seçkinin gedişini bir müddət müşahidə etdikdən sonra öz razılığını bildirdi: “Bu, müşahidə apardığım yeddinci seçki məntəqəsdir. Görürəm ki, seçicilərin əhval-ruhiyyəsi yaxşıdır. Səsvermə zamanı heç kim seçiciyə kömək və ya təzyiq etmir. Seçki məntəqələrində veb-kameraların quraşdırılması şəffaflığın təmin olunmasında böyük rol oynayır. Bu, çox yaxşı üsuldur. Bizim ölkəmizdə belə bir üsuldan hələ də istifadə olunmur. Mən seçkinin gedişindən razı qaldım. Hiss olunur ki, seçkilərə ciddi hazırlıq görülüb”.
4 və 5 saylı seçki məntəqələrində də çoxlu sayda beynəlxalq müşahidəçi və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri seçkinin gedişi ilə maraqlanıblar. 20 Yanvar şəhidi Aslan Ağaverdiyevin adını daşıyan 31 saylı tam orta məktəbdə yerləşən hər iki seçki məntəqəsinə TRT, Anadolu Ajansı, İslah Xaber Ajansı, CBS radiosu və digər KİV nümayəndələri gəlib. Onlar seçkinin gedişini lentə alıblar.
4 saylı məntəqənin sədri Kərim Abidi bildirdi ki, beynəlxalq müşahidəçilər namizədlərin nümayəndələrinə və digər müşahidəçilərə yaradılmış şəraitdən razılıqlarını bildirdilər. Hər bir müşahidəçi seçkinin gedişini heç bir maneə olmadan izləyirdilər. Söhbət zamanı öyrəndik ki, müşahidəçilər seçkinin gedişindən razıdırlar. Namizədlərdən birinin nümayəndəsi Səfa Hüseynov bildirdi ki, seçki başlayan vaxtdan müşahidə aparır. Hər hansı bir seçiciyə hansı namizədə səs verməsi barədə kömək edən və ya təzyiq göstərilməsi ilə qarşılaşmayıb. Seçki tam qanunauyğun şəraitdə keçir. Böyük Quruluş, Sosial Rifah, Ədalət partiyalarından, “Azadlıq-2015" seçki blokundan, AVCİYA təşkilatından olan müşahidəçilər və bitərəflərin nümayəndələri də seçkinin normal keçirildiyini bildirdilər.
1 və 2 saylı seçki məntəqələrində də seçki fəallığı müşahidə olunurdu. Bu seçki məntəqələrində hazırlıq işlərinin yüksək səviyyədə təşkil olunduğu seçki günü özünü büruzə verirdi. Komissiya üzvləri ilə seçicilər arasında hər hansı fikir ayrılığı yaranmırdı. Bildirişlərin vaxtında ünvanlarına çatdırılması seçicilərin adının seçici siyasında tapmalarında böyük rol oynayırdı. Hər iki seçki məntəqəsinə gələn beynəlxalq müşahidəçilər seçkinin gedişindən razılıq edirdilər.
Rayon ərazisində baş çəkdiyimiz seçki məntəqələrinin əksəriyyərində seçicilərin səs vermək üçün növbəyə dayandıqlarının şahidi olduq. Bu da ölkəmizdə keçirilən seşkilərə marağın ildən-ilə artmasından xəbər verir.
Sonda öyrəndik ki, Yasamal rayonu üzrə səsvermədə 58,961 seçici iştirak edib.
Sabunçu rayonu
26 saylı Sabunçu birinci seçki dairəsi Bakıxanov bələdiyyəsinin hüdudlarında 37 məntəqəni əhatə edir. Dairə seçki komissiyasının sədri Hacı Əliyev görüşümüz zamanı bildirdi ki, dairə üzrə dəqiqləşdirilmiş seçici siyahısı üzrə 49 min 105 nəfər seçici var ki, onlardan 539 nəfər 18 yaşına çatmış ilk dəfə səs verən seçicilərdir. 10 məntəqədə ved-kamera quraşdırılmışdır. Havanın yağmurlu olmasına baxmayaraq, seçici aktivliyi kifayət qədərdir.
Sonra dairənin 24 saylı seçki məntəqəsinə yollandıq. Burada da seçiçilərin fəallığı aydın nəzərə çarpır. Seçki məntəqəsinin sədri Ramiz Qasımovla söhbətimizdə bildirdi ki, bizim bir seçicimiz bu seçkilərdə ilk dəfə iştirak edir. Həm də 1 noyabr onun ad günüdür. Elə indilərdə səs verməyə gələcək. Budur, Ülvi Ağayev ad günündə ilk dəfə seçki məntəqəsinə ayaq basır. Ülvi bildirdi ki, böyük həvəslə bu seçkilərə qatılır. Hazırda İqtisad Universitetində təhsil alır. Bu seçkilərdə iştirakı özü üçün bir vətəndaş borcu sayır.
Onu da qeyd edək ki, bu seçki məntəqəsində Daxili Qoşunların “N” saylı hərbi hissəsinin əsgərləri də səs verirdilər.
Elə bu seçki dairəsinin 21 saylı məntəqəsində də seçicilər səhərdən səs verməyə tələsirdilər. Burada da 11 nəfər ilk dəfə səs verəcəkdi. Ümumiyyətlə, bu məntəqədə 1480 nəfər seçici səs verməlidir.
27 saylı Sabunçu ikinci seçki dairəsində də olduq. Öyrəndik ki, bu dairə üzrə seçicilərin sayı 48 min 272 nəfərdir. Seçki dairəsi rayonun Sabunçu, Balaxanı, Ramana, Kürdəxanı, Pirşağı qəsəbələrini tam şəkildə, Zabrat bələdiyyəsinin isə bir hissəsini əhatə edir. Burada seçicilər 39 seçki məntəqəsində səs verirlər. Olduğumuz məntəqələrin 10-da veb-kamera quraşdırılmışdı. 4 saylı seçki məntəqəsində seçicilərin səs vermələri üçün hər cür şərait yaradılmışdı. Saat 12.00-da artıq 384 nəfər seçici səs vermişdi.
28 saylı seçki dairəsi rayonun Maştağa qəsəbəsində yerləşir. Bu dairədə 36 məntəqə fəaliyyət göstərir. Bu dairə üzrə 50 min 323 nəfər seçici qeydə alınmışdır. Məntəqələrdə olduğumuz müddətdə müşahidəçi qismində müxtəlif partiyaların nümayəndələri ilə görüşdük. Onlar seçkilərin şəffaf, demokratik, ədalətli keçirildiyini, seçkinin keçirilməsi üçün əlverişli şərait yaradıldığını bildirdilər.
Maştağa qəsəbəsindəki 187 nömrəli məktəbdə yerləşən 5 saylı seçki məntəqəsində isə seçicilər daha fəal görünürdülər. Məntəqə sədri Zümrüd Babayeva bildirdi ki, seçicilər səsverməyə səhərdən gəlməyə başlamışlar. 1277 seçicinin saat 12-00-a qədər yarısı artıq səs vermişdi.
Bütövlükdə, 26-cı seçki dairəsi üzrə 47,87 faiz, 27-ci dairə üzrə 52,6 faiz, 28-ci dairə üzrə 54 faiz seçici səsvermədə iştirak etmişdir.
Xəzər rayonu
Azərbaycan Milli Məclisinə seçkilər rayondakı 14 saylı seçki dairəsində də uğurla keçdi. Dairə seçki komissiyasının sədri İmran Qəmbərov dairənin əhatə etdiyi ərazidə səsvermənin mütəşəkkil keçdiyini, əhalinin öz hüququndan qanunauyğun şəkildə istifadə etdiyini bildirdi:
– 14 saylı dairə seçki komissiyasının ərazisində 36 açıq, 4 qapalı seçki məntəqəsi təşkil olunub. Dairə üzrə 48 min 423 nəfər seçici qeydə alınıb. Səhər 10-da məntəqə seçki komissiyalarından verilmiş məlumata əsasən, 10 min 683 nəfər səsvermədə iştirak edib. Məntəqələrdə səsvermənin gedişinə müxtəlif partiyaları və ayrı-ayrı namizədləri təmsil edən 397 nəfər yerli müşahidəçi nəzarət edir. Artıq 22 nəfər beynəlxalq müşahidəçi məntəqələrimizə gələrək seçkinin gedişini izləməkdədir. Onlar da səsvermə prosesinin demokratik, şəffaf şəkildə keçdiyini, seçici fəallığından, işlərin təşkilindən razı qaldıqlarını bildiriblər. Seçicilərin istədikləri namizədə səs verməsi üçün hər cür şərait yaradılıb. Bu saata qədər hələ ki, heç bir məntəqədən şikayət daxil olmayıb. Əhalimiz sərbəst və azad şəkildə gəlib seçkilərdə iştirak edir.
Dairənin ərazisindəki 4 saylı seçki məntəqəsində də olduq və burada apardığımız müşahidələr seçkilərin azad və şəffaf şəkildə keçdiyini göstərdi. Məntəqə seçki komissiyasının sədri Təranə Qurbanova ərazidə 1179 seçici yaşadığını, səhər saatlarında onlardan çoxunun – 320 nəfərin öz seçimlərini etdiyini bildirdi. Onun sözlərinə görə, artıq beynəlxalq müşahidəçilərdən Türkiyəni təmsil edən üç müşahidəçinin – Akkan Suver, Müjgan Suver və Şamil Ayrının məntəqədə yaradılmış şəraitdən razı qaldıqlarını qeyd etdilər.
Günün sonunda dairə üzrə seçicilərin 81,2 faizi səsvermə hüququndan istifadə etmişdi.
Pirallahı rayonu
Pirallahı rayonundakı 13 saylı Xəzər-Pirallahı seçki dairəsində Azərbaycan Milli Məclisinə seçkilər müvəffəqiyyətlə keçdi. Dairə seçki komissiyasının sədri Mütəllim Balaqardaşov dairə seçki komissiyasının ərazisində 48 min 423 nəfər seçicinin yaşadığını, 37 açıq, 2 qapalı seçki məntəqəsinin təşkil olunduğunu bildirdi.
Onun sözlərinə görə, dairədə 8 namizəd Milli Məclisin deputatlığı uğrunda mübarizəyə qoşulub. Səhər saat 8-də bütün məntəqələr açılıb, seçicilər səs verməyə başlayıblar. Səhər 10-da məntəqə seçki komissiyalarından verilmiş məlumata əsasən, 8 mindən çox seçici - ümumi seçicilərin 18,6 faizi öz hüququndan istifadə edib. Məntəqələrdə 327 nəfər yerli müşahidəçi səsvermənin gedişini izləyir. Onlar müxtəlif partiyaları və ayrı-ayrı namizədləri təmsil edirlər, müstəqil müşahidəçilər də var. Komissiya sədrinin fikrincə, seçicilərin fəallığını normal qiymətləndirmək olar.
Dairə komissiyasının ərazisindəki 2 saylı seçki məntəqəsində seçicilərin sıxlığı elə ilk baxışdaca diqqəti cəlb edirdi. Fürsət tapıb məntəqə komissiyasının sədri Gülnarə Əzimova ilə söhbət etdik. Sədr səhər saat 8 tamamda səsvermənin başlandığını, seçicilərin fəal şəkildə gələrək istədikləri namizədə səs verdiklərini bildirdi. Onun sözlərinə görə, ərazidə qeydə alınmış 1400 seçicidən saat 10-a qədər 205 nəfəri, 12-yə qədər isə 350-dən çoxu səs verib. “İnsanlar çox fəaldırlar, layiq bildikləri namizədə sərbəst və azad şəkildə səs verirlər. Onlar üçün hər cür şərait yaradılıb. Hələ ki, heç bir narazılıq yoxdur”.
Məntəqədəki müşahidəçilərdən Sona Məmmədova (Sosial Rifah Partiyası) və Aida Quliyeva məntəqəyə səhər saat 8-də gəldiklərini, seçkinin gedişini izlədiklərini, lakin heç bir qanun pozuntusu qeydə almadıqların söylədilər.
Son məlumatlara görə, dairədə seçicilərin 72,2 faizi səsvermədə iştirak edib.
Xalq qəzeti.- 2015.- 2
noyabr.- S.9.