Müstəqilliyimizin rəmzi

 

Bizim bayrağımız bizim müstəqilliyimizin rəmzidir, bizim bayrağımız bizim qürur mənbəyimizdir, bizim canımızdır, bizim ürəyimizdir. Azərbaycan bayrağı Dağlıq Qarabağda, Şuşadabu gün hələ də işğal altında qalan başqa torpaqlarımızda dalğalanacaq...

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Üçrəngli bayrağımızın dövlət rəmzlərindən biri kimi qəbul edilərək ucaldılması 1918-ci ilin 28 mayında yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Bu tarixdə Azərbaycan Milli Şurası Tiflisdə İstiqlal Bəyannaməsi ilə dövlət müstəqilliyini dünyaya bəyan etmişdir. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 1918-ci il 24 iyun tarixli qərarı ilə üzərində ağ aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilir. 1918-ci il noyabrın 9-da isə Bakı şəhərində Fətəli xan Xoyskinin  sədrliyi  ilə Nazirlər Kabinetinin iclası keçirilmiş, burada onun milli bayraq haqqında məruzəsi dinlənilmişdir.

 

Müzakirələrdən sonra “yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq” Dövlət bayrağı kimi qəbul edilmişdir. Dövlət bayrağı haqqında qərarda deyilirdi:“Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir”

Azərbaycanın üçrəngli bayrağı dahi mütəfəkkir və ziyalı Əli bəy Hüseynzadənin hələ əsrin əvvəllərində milli yaşam fəlsəfəsi kimi irəli sürdüyü “Türkləşmək, müasirləşmək, islamlaşmaq” devizinə əsaslanmışdır. Türkləşmək - milli ənənələrin dirçəlməsi, milli dilin, ədəbiyyatın, tarix və mədəniyyətin yüksəldilməsi; islamlaşmaq - islamda  milli  dini-əxlaqi    ümumbəşəri dəyərlərin inkişaf etdirilməsi; avropalaşmaq isə - Avropa elm və texnikasının nailiyyətlərini öyrənib nəticələrini milli elm və mədəniyyətin inkişafına istiqamətləndirilməsi, Qərb demokratiyası ənənələrindən istifadə edilməsi deməkdir.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq millətimizin azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. XX əsrin əvvəllərindən başlayaraq bu günə qədər üçrəngli bayrağımızın hər zaman səmada dalğalanması üçün Azərbaycan vətəndaşları mübarizə aparmış, döyüşmüş, canlarını, qanlarını əsirgəməmişlər. Bu savaş 1918-ci ildən başlayaraq 1990-cı il 20 Yanvar faciəsindən, 1992-ci ildə törədilmiş Xocalı soyqırımından keçən uzun bir yol gəlmişdir. Müdhiş faciələrdən keçən bu yolun üzü indi qələbəyə doğrudur. İgidlərimiz ruhumuz qədər əziz, inancımız qədər müqəddəs bayrağımızı  mütləq Qarabağda, Şuşada ucaldacaqlar.   

Nişanlarında və rənglərində böyük mənalar ehtiva edən bayrağımız yarandığı gündən mənsub olduğu xalq kimi başı çox bəlalar çəkmiş, zülmətlərə gömülmüş, lakin yenidən bütün bayraqlardan yüksəklərdə bərqərar olmuşdur. İstiqlal ürfanlarının ən böyük arzusu da bu idi. Azərbaycan Dövlət Bayrağı rəsmi olaraq 94 il öncə ilk dəfə 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin birinci toplantısının açılışında dalğalanmışdır. Həmin gün şəhərin bütün küçələri üçrəngli bayraqlarla bəzədilmişdir. Xarici ölkələrdə isə ilk dəfə 1919-cu ildə Fransada keçirilən Paris Sülh Konfransında ucaldılmışdır.

1920-ci ilin aprel işğalından sonra cümhuriyyətin özü kimi rəmzləri də qadağan edilmişdi. Yetmiş il sonra - ötən əsrin sonlarına doğru isə Azərbaycanda milli azadlıq hərəkatının geniş vüsət alması, imperiyanın süquta uğraması zəminində üçrəngli bayrağımız qeyri-rəsmi şəkildə mitinqlərdə dalğalanmağa başlamış, xalqın istiqlala qovuşmaq niyyətinin ali təzahürünə çevrilmişdir. Xüsusi vurğulamaq lazımdır ki, üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi istiqamətində ilk israrlı, vətənpərvər cəhdlər ulu öndər Heydər Əliyevin hələ Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərə biganə qalmayan ümummilli lider Heydər Əliyev hələ Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə dövlət müstəqilliyinin qazanılması və milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak etmişdir. Respublikada geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyəti, özünüdərki gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə atılmışdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı ilə Azərbaycanın üçrəngli bayrağı rəsmi olaraq Naxçıvan Ali Sovetinin binası üzərində ucaldılmışdır. Nəhayət, muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş sessiyasında Azərbaycanın milli dövlət dirçəlişi prosesinin həyata keçirilməsi məsələsi geniş müzakirə olunmuş, Naxçıvan MSSR-in adından “sovet” və “sosialist” sözləri çıxarılmış, onun Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar verilmişdir. Sessiyada həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında tarixi qərar qəbul edilmişdir. Muxtar respublikanın ali orqanı üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət də qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti həmin vəsatət əsasında “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul etmişdir. Bu qanunla şanlı üçrəngli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edilmiş, istiqlal rəmzi kimi dalğalanmağa başlamışdır.

Ümummilli liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilmişdir. Ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli “Azərbaycan Respublikasının  dövlət atributlarının təbliği işinin gücləndirilməsi  haqqında” sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşımışdır. “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun” - deyə ulu öndər çıxışlarında dəfələrlə bildirmişdir.

Ulu öndər Heydər Əliyev siyasi kursuna sadiq qalan və bütün sahələrdə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev də Azərbaycanın milli dövlət atributlarını daim uca tutur. Andiçmə mərasimləri zamanı Dövlət bayrağı qarşısında diz çökərək onu öpən Prezident İlham Əliyev bununla həm də Azərbaycan dövlətinə yüksək sevgi, ehtiram və sədaqət nümayiş etdirir. Dövlət başçısının milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir. Xatırlatmaq yerinə düşər ki, dövlət başçısı hələ 2004-cü il 8 iyun tarixdə “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Əsasnaməyə edilmiş əlavə və dəyişiklikləri təsdiqləmişdir. Dövlət başçısının eyni tarixli sərəncamı əsasında “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanunun imzalanması da dövlət bayrağına yüksək ehtiramın ifadəsidir.

2009-cu il 18 mart tarixdə keçirilən referendumla Azərbaycan Respublikasının Konstitusiyasının 75-ci maddəsinə edilmiş əlavə də istər siyasi və mənəvi, istərsə də hüquqi baxımdan müstəsna əhəmiyyət kəsb edir.

Qanunun 1.3-cü maddəsinə əsasən, “Dövlət əhali arasında Azərbaycan Respublikası Dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət ruhunda tərbiyə edilməsi məqsədi ilə tədbirlər görür”. Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” sərəncamı da bu baxımdan mühüm əhəmiyyətə malikdir. 2010-cu ildən başlayaraq noyabrın 9-u hər il respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Prezident İlham Əliyev Dövlət Bayrağı Meydanı üçün Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında müvafiq yerin ayrılmasını təmin etmiş, 2010-cu il sentyabrın 1-də isə Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur. Meydan üçün seçilmiş yer Dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Ümumi ərazisi 60 hektar olan meydanda bütün infrastruktur yaradılmış, tikinti işlərini xüsusi layihə əsasında xarici və yerli mütəxəssislər həyata keçirmişlər. Azərbaycan tarixində ilk dəfə reallaşan bu layihə parametrlərinə və görülən işin miqyasına görə unikal mühəndis-qurğudur.

Bakıdakı meydanda dünyanın ən uca bayraq dayağının hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Bayrağın dəniz səviyyəsindən hündürlüyü isə 192 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə 350 kiloqramdır. Dövlət Bayrağı Meydanının əhəmiyyətini artıran digər mühüm amil bu monumental kompleksin dövlət rəmzlərini özündə birləşdirən məkana çevrilməsidir. Hündürlüyü 5 metr olan pyedestal Azərbaycan Respublikasının bayrağında əks olunan səkkizguşəli ulduzu simvolizə edir. Bayrağın bünövrəsinin əhatəsində isə dövlət rəmzləri - gerb, himnin sözləri və Azərbaycanın xəritəsi yerləşdirilib.

Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu möhtəşəm layihəyə Azərbaycanın dövlət müstəqilliyinin göstəricisi kimi yüksək dəyər vermişdir: “Bu gün bu gözəl meydanda Azərbaycanın müstəqil siyasətini xüsusi qeyd etmək istərdim. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir. Əsrlər boyu Azərbaycan xalqı müstəqillik həsrəti, müstəqillik arzusu ilə yaşamışdır. Uzun illər, onilliklər ərzində biz başqa ölkələrin tərkibində yaşamışdıq, azadlıqdan məhrum olmuşduq, müstəqil ölkə deyildik. Bu tarixi imkan, tarixi şans bir daha Azərbaycan xalqına 1991-ci ildə verilmişdir. Bayaq qeyd etdiyim kimi, biz o şansı, bu imkanı itirə bilərdik və əgər 1993-cü ildə Azərbaycan xalqı düzgün seçim etməsəydi, çox güman ki, itirəcəkdik. Bu gün isə müstəqilliyimiz artıq dönməzdir, əbədidir. Biz 20 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq. Bütün çətin sınaqlardan üzüağ, şərəflə çıxmışıq, gözəl, möhkəm ölkə yaratmışıq”.

Təqdirəlayiq faktdır ki, “Ginnes” dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir.

Azərbaycanın üçrəngli Dövlət bayrağı bu gün ayrı-ayrı dövlət qurumlarının, diplomatik nümayəndəliklərin binaları üzərində ucaldılır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, ictimai-siyasi toplantılarda, kütləvi mədəni, siyasi, iqtisadi tədbirlərdə, idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. İdmançılarımızın müxtəlif ölkələrdəki hər qələbəsi şərəfinə ucaldılan bayraq hər bir azərbaycanlının qəlbində böyük sevinc, iftixar hissləri doğurur, dövlətə, xalqa mənsubluq hissini gücləndirir.

İndi bayrağımız dünyanın 180-dən artıq müstəqil dövlətinin bayraqları ilə bir sırada dalğalanmaqdadır. Azərbaycan Respublikası üçrəngli dövlət bayrağımız altında müstəqillik yolları ilə inamla irəliləyir.

Azərbaycanın Dövlət Bayrağının Bakı şəhərinin ən möhtəşəm guşəsində dalğalanması xalqda milli özünüdərk və müstəqillik ideallarını, həmrəylik duyğularını gücləndirir. Dövlət Bayrağı Meydanı dövlətçiliyimizin keçdiyi şərəfli tarixi, onun hansı təməl prinsiplərinə, ideoloji sütunlara söykəndiyini nümayiş etdirməklə yanaşı, xalqın müstəqil dövlətini qorumaq, inkişaf etdirmək, yaşatmaq əzmini göstərir.

 

Məhərrəm MƏMMƏDOV,

iqtisadçı ekspert,

fəxri dəmiryolçu

 

Xalq qəzeti.- 2015.- 5 noyabr.- S.12.