Tanınmış alim,
istedadlı tədqiqatçı
Əkpər Feyzullayev – 70
Əkpər Feyzullayev 1945-ci il
noyabrın 2-də Bakı şəhərində anadan olmuşdur. 1970-ci ildə
mühəndis-geofizik ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan
Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsini
bitirmişdir.
1970-1972-ci illərdə keçmiş “Kirovneft” NQÇİ-də neft hasilatı üzrə 5-ci dərəcəli operator, 1972-1973-cü illərdə Ümumittifaq Elmi-Tədqiqat Layihə Qaz İnstitutunun Azərbaycan filialında mühəndis vəzifəsində işləmişdir. 1973-cü ildən bu günə kimi AMEA-nın Gelogiya və Geofizika İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır. Hazırda institutun “Çökmə hövzələrinin flyuid dinamikası” şöbəsinin rəhbəridir.
1983-cü ildə dissertasiya müdafiə edərək yer elmləri üzrə fəlsəfə doktoru, 1992-ci ildə elmlər doktoru dərəcəsi almışdır, 2006-cı ildə professor elmi adına layiq görülmüşdür. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Onun elmi tədqiqatları neft və qazın geologiyası və geokimyası, çökmə hövzələrin flyuid dinamikası, palçıq vulkanizmi, geokimyəvi axtarış üsulları, geoekologiya sahələrini əhatə edir.
Ə.Feyzullayev qırışıqlıq hövzələrində qaz rejiminin xüsusiyyətlərinin müəyyən edilməsi, onun əsasında neft-qaz yataqlarının geokimyəvi axtarış metodlarının elmi və elmi-praktiki əsaslarının təkmilləşdirilməsi, çökmə süxurlarda üzvi maddələrin və flyuidlərin ən müasir geokimyəvi tədqiqat üsullarından istifadə yolu ilə bir sıra vacib fundamental və xalq təsərrüfatı əhəmiyyətli problemlərin həlli, hövzə təhlilinin əsasında Cənubi Xəzər hövzəsinin və burada baş verən neft və qazın əmələ gəlmə prosesləri, onların sənaye yığımlarının formalaşması və saxlanması, eləcə də anomal flyuid təzyiqlərinin mənşəyi, məkanda paylanması, böyük dərinliklərdə karbohidrogenlərin faza vəziyyətinin və neft-qazlılığının proqnozlaşdırılması, onların geokimyəvi və geofiziki metodlarla diaqnostikası sahəsində mühüm elmi nailiyyətlər qazanmışdır.
Azərbaycanın palçıq vulkanlarının kompleks tədqiqi vasitəsilə onların əmələgəlmə mexanizmi, püskürdüyü məhsulların dərinlik səviyyəsi, izotop-geokimyəvi xassələri haqqında yeni elmi nəticələr bu görkəmli alimə böyük şöhrət gətirmişdir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra Ə.Feyzullayev tanınmış xarici şirkətlər və elmi mərkəzlərlə birgə 20-dən çox beynəlxalq elmi layihənin rəhbəri və əsas icraçısı, 3 beynəlxalq ekspedisiyanın rəhbəri, bir sıra beynəlxalq geoloji ekskursiyaların elmi eksperti olmuşdur. O, 18 beynəlxalq və respublika qrant layihəsində rəhbər və əsas icraçı kimi iştirak etmişdir.
Son illər Ə.Feyzullayev Azərbaycanda radon riskinin öyrənilməsi ilə məşğuldur və bu problemə aid Dövlət Tədbirlər Planının (2014-2018) əsas icraçısıdır. Bir sıra xarici universitetlərin – Florensiya, Bolonya, Pavia (İtaliya), Oklaxoma (ABŞ) və elmi-mərkəzlərin – GFZ (Almaniya) dəvətilə “Cənubi Xəzər hövzəsinin neft sistemləri və palçıq vulkanizmi” mövzusunda məruzələrlə çıxış etmişdir. Alim 2015-ci ilin noyabr ayında İtaliyada keçiriləcək Avropa Komissiyasının (Müştərək Elmi-Tədqiqat Mərkəzi) işçi qrupunun müşavirəsində “Azərbaycanda radonun xəritəyə alınmasının nəticələri haqqında” milli ekspert kimi məruzə ilə çıxış etmək üçün dəvət olunmuşdur.
Ə.Feyzullayev 312-dən artıq elmi əsərin, o cümlədən, 187 məqalə, monoqrafiya, broşür, dərslik və 125 tezisin, həmçinin xaricdə çap olunan 89 məqalənin və 83 tezisin, 1 patentin müəllifidir.
Elmi-tədqiqat fəaliyyəti ilə bərabər Ə.Feyzullayevin elmi kadr hazırlanmasında da böyük əməyi vardır. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Neft və qazın geologiyası, axtarışı və kəşfiyyatı” baza kafedrasının professorudur. Onun rəhbərliyi ilə 10 fəlsəfə doktoru hazırlanmışdır.
Ə. Feyzullayev AMEA Geologiya və Geofizika İnstitutunun nəzdindəki D.01.081 dissertasiya şurasının sədri, AMEA Yer Elmləri Bölməsinin akademik-katibinin müavini və bölmənin büro üzvüdür. AMEA-nın “Xəbərlər” (Yer elmləri seriyası), “Neft-qaz hövzələrinin sedimentologiyası və stratiqrafiyası” və “Azərbaycanda geofizika yenilikləri” jurnallarının redaksiya heyətlərinin, AAPG və EAGE beynəlxalq qurumlarının üzvüdür.
Görkəmli alim elmi nailiyyətlərinə görə “Tərəqqi” medalı (2008) ilə təltif edilmişdir. O, 2010-cu ildə Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neftqazlılığının öyrənilməsi üzrə silsilə işlərinə görə (bir qrup alimlə) müstəqil Azərbaycan Respublikasının ilk Dövlət mükafatı laureatı adına layiq görülmüşdür.
Əkpər Feyzullayevi 70 illik yubileyi münasibətilə təbrik edir, ona yeni yaradıcılıq nailiyyətləri və cansağlığı arzulayırıq.
F. QƏDİROV,
AMEA Yer Elmləri
Bölməsinin akademik-katibi,
akademik
Xalq qəzeti.- 2015.- 6 noyabr.- S.7.