Azərbaycan neft sənayesinin
inkişafında geofiziki
kəşfiyyatın və geofizika
elminin rolu
Bu günlər Azərbaycan elminin böyük bayramıdır – Azərbaycan Milli Elmlər Akademiyasının yaradilmasının 70 ili tamam olur. Ötən yetmiş ildə AMEA-nın alimləri və əməkdaşları elmin müxtəlif sahələrinin inkişafında gərgin əmək sərf etmiş və böyük elmi töhfələr vermişlər. Bu illərdə klassik, fundamental elmi sahələrlə yanaşı, bir neçə yeni istiqamət üzrə elmi məktəblər yaranmış və inkişaf etmişdir. Bunlardan biri çoxşaxəli Yer elmləri və onun tərkib hissəsi olan geofizika elmidir.
Ölkənin neft-qaz sənayesinin inkişafında geofiziki kəşfiyyatın müstəsna rolu var.
Yer elmləri, xüsusilə, neft-qaz geologiyası və geofizika elmləri ənənəvi olaraq Azərbaycan elminin möhtəşəm qanadı olmuş, böyük miqyaslı elmi nailiyyətlər və kəşflər məhz elmin bu istiqamətində qazanılmışdır. Keçən əsrdə elmlərin elitası, əsasən, AMEA-nın Geologiya İnstitutunda və ADNSU-da tam formalaşmışdır. Yüksək elmi statusa malik alimlər kollektivi çox böyük nüfuza malik idi. Dünya şöhrətli alimlərimiz Ə.Əlizadə, Ş.Mehdiyev, B.Babazadə, S.Litvinov, M.Abbasov, A.Mirzəcanzadə, M.Quluzadə, R.Abdullayev, İ.Similzon, H.Cəfərov və b. Yer elmlərinin fəxri idilər. Alimlərimiz və neftçilərimiz ölkədə neft-qaz hövzələrinin kəşfiyyatı və istismarı sahəsində tanınmış ekspertlər idilər. Bu gün onların yetirmələri və tələbələri Azərbaycanda, Rusiyada və digər ölkələrdə elm mərkəzlərinə, kafedralara, neft şirkətlərinə, axtarış və kəşfiyyat idarələrinə rəhbərlik edirlər.
Geofizika Yerin daxili quruluşunu, çöküntü hövzələrinin kristallik (metamorfik) özülünü, çöküntü qatının tərkibində müxtəlif yaşlı layların strukturunu öyrənməklə, xüsusilə də, quruda və dənizdə neft-qaz yataqlarının və digər faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı ilə məşğuldur. Geofizikanın müxtəlif üsulları Yerin təkində süxurların fiziki xassələrini öyrənmək yolu ilə böyük dərinliklərdə yatan faydalı qazıntı yataqlarının quruluşunu və ölçülərini müəyyənləşdirir. Keçən əsrdə geofizikanın əsas üsulları olan qravimetriya və maqnitometriyanın ilk sınaq məkanı Azərbaycan, Abşeron yarımadası olmuşdur. Qravimetriya və maqnitometriya üsulları 1930-cu illərdə ilk dəfə məhz Azərbaycanda tətbiq olunmuşdur. Elektrik kəşfiyyatı və radiometrik kəşfiyyat üsullarını da dənizdə ilk dəfə məhz Azərbaycan şelfində sınaqdan keçirmişlər. Geofizikanın əsas üsulu Yerin böyük dərinlikləri haqqında etibarlı və dəqiq məlumat verən seysmik kəşfiyyat dəniz akvatoriyasında ilk dəfə Azərbaycan alimləri tərəfindən tətbiq olunmuşdur. Abşeron şelfində, Çilov və Neft Daşları zonasında dəniz seysmikasının texnologiyasını və metodikasını işləmiş və istehsalata tətbiq etmiş bir qrup Azərbaycan geofiziki 1945-ci ildə Stalin (Dövlət — P.M.) mükafatına layiq görülmüşdülər. Bu üsul ilə 1950-1960-cı illərdə Cənubi Xəzərdə artıq 50-dən çox neft-qaz perspektivli antiklinal strukturlar aşkarlanmışdı. Bu illərin ən böyük nailiyyətlərindən biri dərin seysmik zondlama (DSZ) üsulunun metodikasının hazırlanması və ilk dəfə Xəzərdə tətbiq olunması idi. Bu üsul ilə Cənibi Xəzər hövzəsinin və Kür çökəkliyinin kristallik özüllüyünün dərinliyi və çöküntü qatının qalınlığı haqqında ilk məlumatlar alınmışdı.
DSZ üsulunun nəzəri və metodiki əsaslarının hazırlanmasında SSRİ Elmlər Akademiyasının Yer Fizikası və Okeanologiya İnstitutunun alimləri ilə yanaşı, Azərbaycan geofiziklərinin də böyük rolu olmuşdur (N.Şapirovski, Y.Qəmbərov və b.).
Həmin illərdə dənizdə seysmik dalğaların yaradılması məqsədilə əvvəllər tətbiq olunan partlayış işlərinə qadağa qoyulduqdan sonra Azərbaycan geofizikləri qarşısında seysmik dalğaların həyəcanlandırılmasının yeni üsullarını hazırlamaq məsələsi dururdu. Azərbaycan geofizikləri qeyri-partlayış mənbələrinin nəzəri və praktiki əsaslarının işlənməsində və istehsalata tətbiq olumasında müstəsna rol oynamışlar (Y.Qəmbərov, D.Babayev və b.).
1980-ci illərdə yüksək informativli ümumi dərinlik nöqtəsi (ÜDN) üsulunun ilk dəfə dənizdə tətbiqində də azərbaycanlı geofizika alimləri və mütəxəssisləri fəal iştirak etmişlər. “Xəzərdənizneftgeofizika” Tresti mütəxəssislərinin səyı ilə seysmik kəşfiyyatda anoloq yazı stansiyalarının rəqəmli yazı stansiyaları ilə əvəzlənməsi nəticəsində seysmik kəşfiyyatın səmərəliliyi və həlledicilik qabiliyyəti çox yüksəldi. Qeyd etməyi lazım bilirəm ki, keçmiş SSRİ-də bütün Xəzərdə geofiziki kəşfiyyat işlərini ancaq bu trest aparırdı. Xəzərin orta və şimal hövzələrində Azərbaycan geofizikləri tərəfindən aşkar edilmiş nəhəng antiklinal strukturlarda açılmış yataqlar bu gün Xəzərin Rusiya, Qazaxıstan və Türkmənistan sektorlarındadır və qonşularımızın neft-qaz sənayesinə xidmət edir.
Keçən əsrin 80-ci illərinin sonları kompüterləşmiş seysmik stansiyaların və yüksək tezlikli yönəltmə sistemləri olan texnologiyanın dəniz seysmik kəşfiyyatında təbliğ olunduğu vaxtlardır.
Geofizikanın ən mühüm problemlərindən biri quruda və dənizdə alınmış məlumatların interpretasiya metodikasının işlənməsidir. Bu sahədə ADNSU-nun Geofiziki kəşfiyyat üsulları kafedrasının alimlərinin müstəsna rolu olmuşdur.
1970-1980-ci illərdə Xəzərdə geofiziki kəşfiyyat aparan “Xəzər dəniz-neft kəşfiyyat” Trestinin sifarişi ilə kafedranın alimləri tərəfindən Azərbaycanın mürəkkəb seysmoloji quruluşa malik sahələrində “Seysmik məlumatların interpretasiya üsulları” işlənilmiş (R. Abdullayev, P.Z.Məmmədov T.Əhmədov və b.) və istehsalata tətbiq olunmuşdur.
1980-ci ildən başlayaraq, seysmik materialların interpretasiyasında seysmostratiqrafik analiz (SSA) üsulunun tətbiqi çöküntülərin toplanma şəraiti və litofasial tərkibinin öyrənilməsinə, qeyri-antiklinal tipli tələlərin aşkarlanmasına geniş imkanlar yaratdı.
ABŞ alimləri tərəfindən (R.Vail, R.Sangri və b.) təklif olunan, kontinental və periokean tipli hövzələrdə səmərəli nəticə verən SSA üsulu heç də Azərbaycanın və Xəzərin çox mürəkkəb quruluşlu və böyük dərinliklərə çökmüş hövzələrində birbaşa tətbiq oluna bilməzdi. 1983-1990-cı illərdə geofiziki üsullar kafedrasında geosinklinal ərazilərdə təşəkkül tapmış hövzələr üçün seysmostratiqrafik analizin elmi metodiki əsasları işlənildı ( P.Məmmədov) və istehsalata tətbiqi üçün tövsiyə olundu.
Seysmik kəşfiyyatın yeni mərhələsi – neftli-qazlı strukturlarda üçölçülü (3D) müşahidələrin aparılması olmuşdur.
Xəzərdə ilk dəfə 1989-cu ildə üçölçülü (3D) seysmika “Azəri” yatağında və sonralar “Çıraq”, “Günəşli”, “Şahdəniz” və “Ümid” yataqlarında 15000 kilometr həcmində aparılmışdır.
1993-cü ildə “Xəzər Geofiziki Kəşfiyyat” Tresti və ABŞ-ın “DG SEYS” kompaniyası ilə müştərək (Caspian Geofizikal) müəssisəsi yaradıldı. Bu müstəqil Azərbaycanda xarici şirkətlərlə yaradılan ilk müştərək müəssisə idi. “Caspian Geofizikal” müştərək müəssisəsi Azərbaycan Beynəlxalq Əməliyyat Konsorsiumunun (AMOK) elan etdiyi müsabiqədə qalib gələrək “Günəşli”, “Çıraq”, “Azəri” yataqlarında genişmiqyaslı 2D (ikiölçülü), 3D(üçölçülü) seysmik tədqiqatlar aparmağa layiq görüldü. 1995-2005-ci illərdə “Şevron” (ABŞ ) Şirkəti ilə birgə aparılan 2D kəşfiyyat materiallarının interpretasiyasında bizim kafedranın əməkdaşları da fəal iştirak etmişlər. Alınan elmi nəticələr bir neşə beynəlxalq elmi konfrans və simpoziumlarda (Los-Anceles, San-Ramon (ABŞ), Paris, Nitsa (Fransa), London, Kembric (Böyük Britaniya), Stavanger (Norveç) və b.) məruzələrlə təqdim olunmuş və nüfuzlu jurnal və toplularda nəşr olunmuşdur.
Azərbaycanda və Xəzərdə çöküntü qatının strukturunun və fiziki xassələrinin öyrənilməsində geofizikanın qravimetriya, maqnitometriya termometriya kimi kəşfiyyat üsulları və quyularda neft-mədən geofiziki tədqiqat üsulları (elektrik karotajı, akustik karotaj , neytron-qamma karotajı və s.) geniş tətbiq edilir. Bu üsulların hər biri öz fiziki və geolojı əsaslarına görə bir-birindən fərqlənsə də, alınan nəticələr bir-birini tamamlayır və öyrənilən obyektlər haqqında etibarlı məlumatlar toplanır. Geofiziki materialların kompleks interpretasiyası nəticəsində hövzənin dərinlik quruluşu, təkamülü və neft-qaz perspektivliliyi haqqında çox qiymətli məlumatlar alınmışdır. Beləliklə, “Xəzər- dənizneftgeofizika” Tresti və “Caspian Geofizikal” müəssisəsi tərəfindən aparılan seysmik kəşfiyyat işləri nəticəsində Xəzərdə çoxlu sayda neft-qaz perspektivli yataq kəşf edilmişdir. Bunlardan 207-si Azərbaycan sektorundadır.
Cənubi Xəzər hövzəsinin əsas problemlərindən biri onun kristallik özülünün genezisini və böyük dərinliklərdə yatan mezozoy çöküntülərinin quruluşunu və neft-qazlılıq perspektivlərini dəqiqləşdirməkdir. Bu problemlərin həlli hövzənin karbohidrogen potensialının qiymətləndirilməsi üçün labüddür.
CXH dünyanın ən dərin neftli-qazlı depresiyasıdır. Dünyada məlum olan 400-dən çox neft-qaz hövzələrinin əksəriyyətində çöküntü qatının qalınlığı 3-12 kilometrdir. Yalnız dord hövzədə: Cənubi Xəzər çökəkliyində, Şimali Xəzəryanı çökəkliyində, Meksika körfəzində və Marakaib hövzəsində bu qalınlıq 20 kilometrdən çoxdur. Bunların da içində CXH müstəsna yer tutur. Bu hözədə kristallik özül 25-30 kilometrə qədər enmiş və uyğun olaraq son dərəcə qalın çöküntü qatında müxtəlif yaşlı, tərkibli və qalınlıqlı mezozoy və kaynozoy çöküntüləri toplanmışdır. Hazırda bu hövzədə erkən pliosen yaşlı məhsuldar qatdan karbohidrogenlər hasil olunur. Abşeron astanasında məhsuldar qatın qalınlığı 4-4,5 kilometrdirsə, Cənubi Xəzərdə bu qatın qalınlığı 7-8 kilometrə çatır və onun dabanı təxminən 13 kilometr dərinlikdədir. Təbii ki, belə dərinliklərdən hasilatı təmin etmək üçün quyuların qazılması və istismarı texnologiyalarını hazırlamaq və neft sistemini yüksək elmi səviyyədə təhlil etmək vacibdır. Son illərdə Meksika körfəzində 8-10 kilometr, Braziliya şelfində 10-11 kilometr dərinliklərdə nəhəng karbohidrogen yataqlarının aşkarlanması çöküntü qatı daha qalın olan (25-30 kilometr) CXH-nin perspertivliyini daha da artırır. Belə ki, bu hövzədə təkcə məhsuldar qatla əlaqədar olmayan bir neçə neft-qaz sisteminin varlığı ehtimalı yaranır və bu sahədə geniş elmi tədqiqatları zəruri edir. İki böyük yatağın (“Azəri”, “Çıraq”, “Günəşli” və “Şahdəniz”) istismarı ölkəni ən azı 15 il karbohidrogenlərlə təmin edə biləcəyini və seysmik kəşfiyyat vasitəsilə Xəzərin Azərbaycan sektorunda çox sayda yeni neft-qaz perspektivli strukturların aşkarlanmasını nəzərə alsaq, artıq bu gündən elmi və mövcud texnolojı bazanı böyük dərinliklərin mənimsənilməsinə yönəltmək lazımdır. Məsələ ondadır ki, 1995-ci ilə qədər Xəzər dənizində seysmik kəşfiyyat işləri 6-8 saniyəlik yazı ilə aparılırdı və bu da çöküntülərin quruluşu haqqında 10-13 kilometr dərinliyə qədər məlumat verirdi. Daha dərində yatan çöküntü qatlarının quruluşu, kristallik özülün parametrləri haqqında məlumatların olmadığı şəraitdə bəzi alimlər tərəfindən hövzənin mənşəyi, təkamülü və neft-qaz potensialı haqqında hipotetik və təxmini fikirlər yürüdülməsinə şərait yaranmışdı. Belə ki, Cənubi Xəzər hövzəsinin özülündə qalınlığı 30-35 kilometr olan kontinental qabığın olması və burada çoxsaylı tektonik qırılmaların varlığı haqqında yalnız hipotetik təsəvvürlər var idi. Lakin 1995-ci ildən sonra dənizdə yeni texnologiyaların və rəqəmli yazı stansiyalarının tətbiqi ilə ifrat-dərin seysmik kəşfiyyatı (20 saniyəlik seymik qeydiyyatla) nəticəsində alınan seysmik kəsilişlər əvvəlki yanlış təsəvvürləri alt-üst etdi. Məlum oldu ki, Cənubi Xəzərin özülündə nisbətən nazik (7-8 kilometr) okean tipli bazalt qabığı mövcuddur, bu da Orta Xəzərdə Turan platforması altına gömülür – subduksiya edir. Bu seysmik məlumatlar Cənubi Xəzər hövzəsinin şimal cinahında və xüsusilə də, Abşeron-Çelekən astanasında neftli-qazlı strukturların yaranması, karbohidrogenlərin miqrasiyası və akkuliliyasiyası haqqında müasir elmi konsepsiyaya – litosfer plitələrinin tektonikasına söykənən fundamental elmi nəticələr çıxarmaq imkanı verdi. Bu nəticələr, öz növbəsində, Cənubi Xəzər hövzəsinin neftli-qazlılıq baxımından çöx yüksək qiymətləndirilməsinə zəmin yaradır. Belə ki, dünyada mövcud olan ən nəhəng karbohidrogen hövzələri (Fars körfəzi, Meksika körfəzi, Qərbi Sibir və s.) məhz okean tipli qabıq üzərində təşəkkül tapmışdır.
Xəzərdə və Azərbaycanın quru sahələrində geofiziklərin aşkar etdiyi çoxlu sayda neft-qaz perspektivli strukturların olmasına baxmayaraq, müstəqilliyimizin ilk illərində Azərbaycanda neft sənayesinin gələcəyi haqqında bəzən pessimist mülahizələr və icrada olan böyük layihələrin neqativ qiymətləndirilməsi hallarına rast gəlirdik. Lakin zaman hər şeyi yerinə qoydu. Heydər Əliyevin neft strategiyası zamanın sınağından şərəflə çıxdı. Azərbaycanın neftçi alimləri və müttəxəsisləri öz zəngin təcrübələrinə əsaslanaraq, ölkənin və Xəzərin nəhəng karbohidrogen potensialına inanırdı. Son 20 ildə yeni texnologiyaların tətbiqi ilə və beynəlxalq ekspertlərin təcrübəsindən istifadə etməklə ölkənin zəngin karbohidrogen resurslarını artıracağımıza böyük inamımız var idi. Son illərin məlumatlarına görə, Azərbaycanın sübut olunmuş neft ehtiyatları 2 milyard ton, qaz ehtiyatları isə 2,55 trilyon kubmetr qiymətləndirilir. Potensial ehtiyatlar isə bu rəqəmlərdən təxminən 1,5 dəfə çoxdur. Beləliklə, ölkənin karbohidrogen ehtiyatları 10-15 milyard ton şərti neft ekvivalentinə bərabərdir. İndi nəhəng “Azəri”-“Çıraq“-“Günəşli” neft yatağında və “Şahdəniz” qaz yataqlarında hasilat ciddi artmış və hər gün 80-90 min tona yaxın neft və 500 milyon kubmetr qaz çıxarılır. Bu gün “Əsrin müqaviləsi”nin uğurlu nəticələri olaraq neftin və qazın böyük həcmdə hasilatı və nəqli layihələri böyük uğurla reallaşır.
İndiki zamanda Azərbaycan geofizikası qarşısında çox məsuliyyətli vəzifə durur. Tezliklə böyük dərinliklərdə yatan mezozoy-paleogen yaşlı çöküntülərdə neftli-qazlılığı öyrənməli, kompüter modelləşməsi yolu ilə hövzənin mənşəyi və təkamülünün real mənzərəsi aydınlaşmalıdır. Seysmik məlumatların rəqəmli emalı korrektə olunmalı, daha səmərəli proqram təminatı tətbiq edilməli və neftli-qazlı tələlərin varlığı haqqında birbaşa informasiya alınmalıdır. Əgər bu zəruri işləri görsək, bizi yaxın 10 illiklərdə neft böhranı gözləməz. Mövcud resusları real ehtiyatlara çevirmək üçün təcili tədbirlər görülməlidir. Bunun üçün neft-qazçıxarmanın qanuni bazasını təkmilləşdirmək, geofiziki kəşfiyyata maliyyəni artırmaq və yeni, müasir standartlara cavab verən texnologiyalardan istifadə etmək lazımdır.
Sadaladığım son dərəcə vacib və mürəkkəb problemlərin həlli, fikrimcə, ayri-ayrı elmi müəssisələrdə yox, yalnız bir mərkəzdə yüksək ixtisaslı kadrlar vasitəsilə icra oluna bilər. Bu mərkəzdə Xəzərin həm hidroloji, ekoloji, coğrafi, həm də geoloji və neft-qaz problemlərinin dərin elmi təhlili aparıla bilər. Ölkə Prezidentinin 2013-cü ildə “Xəzər Elmi Tədqiqat Mərkəzinin yaradılması” haqqında sərəncamı qeyd etdiyim problemlərin həllinə yönəlmişdir. Məndə olan məlumatlara görə, bu mərkəzin əsasnaməsi tərtib olunmuş, digər lazımi sənədlər hazırlanmışdır. Lakin təəsüf ki, hələlik heç bir irəliləyiş yoxdur. Ümidvarıq ki, “Xəzər Elmi Mərkəzi” həm elmimizin, həm də iqtisadiyyatımızın inkişafına təkan verəcək. Bu mərkəz regional əhəmiyyətli bir qurum olmalı və Xəzəryanı ölkələrin alim və mütəxəssisləri ilə sıx əməkdaşlıq şəraitində Xəzərin problemləri ilə məşğul olmalıdır.
Aydındır ki, “Xəzər
Elmi Mərkəzi”nin yaradılması
ölkə budcəsinə əlavə yükdür,
lakin buna alternativ yoxdur. Dəniz neft geologiyasının və
geofizikasının inkişaf tempinə
görə geridəyik və illər keçdikcə bu gerilik daha
da miqyaslı ola bilər.
Bunun üçün
“Xəzər Elmi Mərkəzi” hər cür müasir
avadanlıq və cihazlarla, ən
başlıcası, elmi tədqiqat gəmiləri
ilə təchiz olunmalıdır. Bu mərkəzdə
neftin, qazın və süxurların analizini aparan analitik laboratoriya yaranmalıdır. Bu laboratoriyada
lazımi konfidensiallığı
təmin etməklə
keyfiyyətli analiz və interpretasiya işləri aparılmalıdır.
Çünki indiyə kimi
belə analizlər əsasən xaricdə, bəzi neft şirkətlərinin laboratoriyalarında
aparılır. Analizlərin nəticələrinin strateji
əhəmiyyətini nəzərə
alsaq, qeyd olunan laboratoriyanın yaranması labüdlüyü
danılmazdır.
Xəzərin çoxşaxəli problemlərini
həll etmək üçün müasir
tələblərə cavab
verən kadrların hazırlanması çox
vacibdir. Neftçi-geoloq və geofizik
kadrları ənənəvi
olaraq, təkcə Azərbaycan üçün
yox, həm də MDB və digər ölkələr
üçün ADNSU-da
hazırlanmışdır. Məlumdur ki, Qərb ölkələrində
yüksək səviyyəli
kadr hazırlığı
həm dövlət xətti ilə, həm də neft şirkətləri tərəfindən aparılır.
Diqqətəlayiqdir ki, son dörd
ildə ARDNŞ-in Ali Neft
Məktəbində neft
sənayemiz üçün
hələlik üç
ixtisas üzrə kadr hazırlanır.
Lakin təəssüf hissi ilə qeyd edirəm
ki, neft sənayemizin inkişafı
üçün bəzi
ixtisaslar üzrə kifayət qədər yüksək ixtisaslı kadrlarımız yoxdur.
Azərbaycanda fəaliyyət göstərən
neft şirkətlərində
işləyənlərin təxminən
60-70 faizi ADNSU-nun məzunlarıdır. Geofiziki
kəşfiyyat üsulları
kafedrasının məzunları
– mühəndis geofiziklər
və magistrlər
ABŞ-da, Böyük
Britaniyada, Norveçdə,
Çində, Vyetnamda
və s. ölkələrdəki
neft şirkətlərində
uğurla fəaliyyət
göstərirlər.
Geofiziki kəşfiyyat üsulları
kafedrası 1997-ci ildən
Avropa Geofizika Mühəndisləri Assosiasiyasının
(EACE) tələbə bölməsinin
üzvüdür.
Bakıda fəaliyyət göstərən xarici neft şirkətləri xüsusilə, bp kafedra ilə sıx elmi əməkdaşlıq edir, tələbələr üçün seminarlar keçirir, onları yeni texnologiyalarla, interpretasiya üsulları və rəqəmli emal prosedurları ilə tanış edir. Hər il 3-4 tələbəmiz xarici şirkətlərdə istehsalat təcrübəsi keçir.
Geofizika elmini və geofizik kadr hazırlığını inkişaf etdirmək üçün böyük işlər görməliyik. İlk növbədə, dərin təhlil əsasında dünya elmində və təhsilində öz səviyyəmizi dərk etməli, prioritet istiqamətləri müəyyənləşdirməli, əlavə maliyyə resursları axtarmalı, alimin nüfuzunu qaldırmalı, yüksək yaradıcı və mənəvi iqlim şəraitində yeni elm mərkəzləri yaratmalıyıq. 2009-cu ildə Prezident İlham Əliyevin “Azərbaycan elminin inkişaf strategiyası və onun inkişafı üçün Dövlət Proqramı” haqqında, sonralar Prezident Yanında “Elmin İnkişaf Fondu”nun yaradılması haqqında sərəncamları Azərbaycan elminin yenidən təşkili və beynəlxalq informasiya sahəsinə inteqrasiyasına zəmin yaratmışdır. Bizə verilmiş bu tarixi şansdan yararlanmalı, elmimizin inkişafı naminə zəka və qüvvəmizi əsirgəməməliyik.
Pərviz
MƏMMƏDOV,
akademik
Xalq qəzeti.- 2015.- 8
noyabr.- S.5.