Mingəçevirin inkişaf
istiqamətləri
zamanın tələbləri səviyyəsindədir
Ötən
yazılarımdan birində qeyd etmişdim ki, Mingəçevirin
adı çəkiləndə işlədilən ənənəvi “nur şəhəri”
epiteti
artıq bu şəhər barədə
tam təəssürat yaratmır. Çünki indi hamı
Mingəçeviri ölkəmizin sənaye, mədəniyyət,
idman və təhsil mərkəzlərindən biri kimi tanıyır.
İl yarım əvvəl dediyim həmin fikrin təsdiqi
üçün dəfələrlə, çoxsaylı arqumentlər səsləndirmişəm.
Bu il sentyabrın 10-da
isə iş elə gətirdi ki, həmin arqumentlərin sırasına daha birini əlavə etməli
oldum.
Şəhərdəki Heydər Əliyev Mərkəzində Mingəçevir müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilirdi. Şəhər təhsil şöbəsinin müdiri Sahib Məmmədov “2014-2015-ci dərs ilinin yekunları və Mingəçevir şəhər təhsil işçilərinin qarşısında duran vəzifələr” adlı məruzəsində qeyd etdi ki, bu il orta məktəbi bitirən məzunlarımızın 399 nəfəri, yəni ali məktəblərə sənəd verənlərin 62,2 faizi tələbə adını qazanıb. Bu, əvvəlki illə müqayisədə 9,9 faiz artım deməkdir.
Qeyd olundu ki, 3 il qabaq bu göstərici 47 faiz idi. Ancaq Mingəçevir təhsilinin uğurları təkcə bunlar deyil. Şəhər məktəblərinin 6 məzunu qızıl, bir məzunu gümüş medala layiq görülüb, 2 təhsil ocağı “İlin ən yaxşı məktəbi”, bir pedaqoq “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub.
Tədbirdə şəhər liseyinin məzunu , qəbul imtahanında 652 bal toplamış Etibar Abbasov çıxış edərkən, müəllimlərinin, Mingəçevir təhsil ictimaiyyətinin fəaliyyətinə verdiyi qiymət mənə bu şəhərin ölkəmizin təhsil mərkəzlərindən birinə çevrildiyi barədə yazdıqlarımı xatırlatdı.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla söhbətimizdə də bu barədə söz açdım. Ancaq Niyazi müəllim şair və jurnalistlərin bu şəhərin adına əlavə etdiyi epitetlərin mahiyyətinə varmaq istəmədi: — Burada hansı sahənin daha çox inkişaf etməsinin nə fərqi var ki? Əsas odur şəhər inkişaf etsin, tikinti-quruculuq və abadlıq işləri sürətləndirilsin, dövlətin qarşıya qoyduğu vəzifələr lazımi səviyyədə yerinə yetirilsin, sakinlərimizin həyat səviyyəsi yaxşılaşdırılsın, yeni iş yerləri yaradılsın, yoxsulluğun səviyyəsi daha da azalsın, işləyən insanların əmək haqları artırılsın, pensiya və təqaüdlər vaxtlı-vaxtında verilsin və sair. Biz sadaladığım bu işlərin hər birinin icrası zamanı möhtərəm dövlət başçımızın tövsiyə və tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə çalışırıq. Bütün bunları görüb qiymətləndirən qələm əhlinin şəhərimiz haqqında səsləndirdiyi istənilən epiteti də qəbul edirik. O ki qaldı şəhərimizin hərtərəfli inkişafına nail olmaq məqsədilə bu ilin geridə qalan aylarında həyata keçirdiyimiz tədbirlərə, deyə bilərəm ki, göstəricilərimiz Azərbaycanın ümumi inkişafının səviyyəsinə uyğundur. Ölkə iqtisadiyyatında əldə olunmuş yüksək nailiyyətlər şəhərimizin də inkişafına öz müsbət təsirini göstərib. Başa çatmaqda olan ilin geridə qalan aylarında şəhər iqtisadiyyatının əsas sahələri üzrə məhsul istehsalı 26 faiz artaraq, 360 milyon manat təşkil edib. Bu dövrdə 197 milyon manatlıq sənaye məhsulu istehsal edilib, 100 milyon manatlıq tikinti- quruculuq işləri görülüb, əsas kapitala 115 milyon manat vəsait yönəldilib, əhaliyə 3 milyon manatlıq nəqliyyat, 1 milyon manatlıq rabitə, 58 milyon manatlıq ticarət və 36 milyon manatlıq digər xidmətlər göstərilib.
Sənaye müəssisələrində istehsal olunan 197 milyon manatlıq məhsulun 184 milyon manatlığı və ya 93 faizi elektrik enerjisi istehsal edən iki müəssisənin payına düşür. Təkcə bu ilin doqquz ayında həmin müəssisələrdə 6 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib. Ölkənin ən iri elektrik enerjisi istehsalçısı olan Azərbaycan İstilik Elektrik Stansiyasında etibarlı və dayanıqlı iş rejimi təmin olunub, yük qrafikinə əməl olunmaqla, istehsal tapşırıqları tam həcmdə yerinə yetirilib. Payız-qış mövsümünə hazırlıqla bağlı stansiyanın 1-ci və 2-ci enerji blokları əsaslı təmir olunub, digər enerji bloklarında cari təmir işləri aparılıb. Mindən çox şəhər sakininin işlədiyi həmin müəssisədə orta aylıq əmək haqqı 432 manat olub. Ümumiyyətlə, fəaliyyət göstərən bütün sənaye müəssisələrində sabit iş rejimi saxlanılıb, istehsalın genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib.
Şəhər rəhbəri yada salmasa da, biz qeyd edək ki, son üç ildə Mingəçevirdə aparılan abadlıq və yenidənqurma işləri bu il daha geniş miqyas alıb. İlin əvvəlindən 49 yaşayış binasının 56 min kvadratmetr dam örtüyü əsaslı təmir olunub, 22 yaşayış binasının 62 min kvadratmetr fasad hissəsi üzlənib və rənglənib, yaşayış binalarının bünövrə hissəsinə 4 min kvadratmetr aqlay üzlük çəkilib. Park və səkilərə 42 min kvadratmetr beton dekorativ daş döşənib, küçə və səkilərə, Samux küçəsinə, çimərlik yoluna, ümumilikdə 282 min kvadratmetr yeni asfalt örtük salınıb. Füzuli parkı yenidən qurulub. Parkda iki ədəd fəvvarə quraşdırılıb, yerə tamet döşənib, müasir işıqlandırma sistemi çəkilib, oturacaqlar qoyulub, dekorativ gül-çiçək və müxtəlif növ bəzək ağacları əkilib. Parkda mini - futbol meydançası, uşaq-əyləncə avadanlığı və trenajor kompleksi quraşdırılıb. Parkın ətrafındakı küçədə hasarlar rənglənib, 4 yüksəkmərtəbəli binada üzləmə, rəngləmə və dam örtüklərinin əsaslı təmiri işləri görülüb. Ulu öndər Heydər Əliyevin adını daşıyan park əsaslı şəkildə yenidən qurulub. Park, küçə və xiyabanlara 258 ədəd müasir işıq dirəkləri quraşdırılıb. Teatr meydanı və qarşısındakı fəvvarə yenidən qurulub. Uzun illər istifadəsiz qalan yeganə yeraltı keçid əsaslı təmir olunub. Şəhərin kommunal təşkilatlarına 13 adda müasir maşın və avadanlıq alınıb.
Əhaliyə göstərilən xidmətlər barədə konkret faktlarla danışan şəhər rəhbəri qeyd etdi ki, əsas xidmət sahələrindən olan şəhər paylayıcı elektrik şəbəkə sahəsi tərəfindən 14 ədəd yeni transformator quraşdırılıb, 16 ədəd ayırıcı yenilənib, 1,5 kilometr SİP kabel çəkilib, 10 ədəd ağac dayaq beton dayaqla əvəz edilib, 16 ədəd zədəli dayaq və 600 metr zədəli naqil yenilənib. İstehlak olunmuş elektrik enerjisinin haqqı 98,3 faiz ödənilib. Qaz istismarı xidməti tərəfindən 2,9 kilometr xətt çəkilib, 8 ədəd siyirtmə quraşdırılıb. 3083 qəza halı aradan qaldırılıb, əhali sektorunun ödənişi 101 faiz təmin edilib. Yaşıllaşdırma və sanitar təmizlik idarəsi tərəfindən doqquz ayda 3 minə yaxın ağac, 26 min gül kolu əkilib.
Onu da xatırladaq ki, ölkəmizin ağır günlərində öz yurd-yuvasından qaçqın və köçkün düşmüş soydaşlarımızın ən çox məskunlaşdığı şəhərlərdən biri də Mingəçevirdir. Həmin insanlar burada qayğı ilə əhatə olunublar. Şəhərdə məskunlaşmış 5 min 426 məcburi köçkün ailəsinin məskunlaşdığı tikililərin dam örtüklərinin təmirinə, su təchizatına və yaranan digər problemlərin həllinə, təbii ki, imkan daxilində köməklik göstərilir. Dövlət Proqramına əsasən şəhərin təhsil və səhiyyə obyektlərində, qəzalı yaşayış sahələrində məskunlaşmış 594 ailə yeni tikilmiş 11 ədəd doqquzmərtəbəli binaya köçürülüb.
Şəhər həyatının digər sahələri kimi, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrinin inkişafı, maddi texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzindədir. Bu il şəhərin 1, 7 və 9 saylı tam orta məktəblərində əsaslı təmir işlərinə başlanılıb və hazırda həmin işlər davam etdirilir. Şəhər Mərkəzi Xəstəxanasının və onun struktur bölmələrinin dərman və sarğı materialları ilə təminatı 2015-ci ildən Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir ki, bu da təminatın xeyli yaxşılaşmasına səbəb olub. Xatırladaq ki, Mərkəzi Xəstəxana 2013-cü il aprelin 18-də Prezident İlham Əliyevin göstərişinə əsasən əsaslı təmirə bağlanmış, aparılan əsaslı təmirdən və yenidənqurmadan sonra 2015-ci ilin mart ayında dövlət başçımızın iştirakı ilə istifadəyə verilmişdi.
Xəstəxana ən müasir tibb avadanlığı və inventarlarla tam təmin edilmişdir. Ona görə də hazırda doğum evi, “Ana və Uşaq” MSM-i və onkoloji dispanser öz fəaliyyətlərini Mərkəzi Xəstəxananın şöbələri kimi davam etdirirlər. Bundan başqa, Mərkəzi Xəstəxanada 10 çarpayılıq hemodializ şöbəsi də yaradılıb. Hazırda həmin şöbə dializə ehtiyacı olan xəstələrə yüksək keyfiyyətli tibbi xidmət göstərir. Şəhər əhalisinə təcili tibbi yardım xidmətini günün tələbləri səviyyəsində qurmaq üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sərəncamına əsasən Mərkəzi Xəstəxana 2015-ci ilin may ayında ən müasir təcili tibbi yardım avtomobili ilə təmin edilib. Hazırda həmin avtomobildən təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarında istifadə edilir.
Şəhər mədəniyyət və turizm şöbəsi tərəfindən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni inventarlarla təchizatı, binaların təmiri, kitabxana və muzey fondlarının komplektləşdirilməsi üzrə kifayət qədər iş görülüb, inventar və avadanlığın alınması üçün 18 min 250 manat vəsait xərclənib. Şəhərin mədəniyyət müəssisələrində tarixi və əlamətdar günlər, milli bayramlar, görkəmli şəxsiyyətlərin yubileyləri, təqvim planına uyğun olaraq təşkil edilir, təkcə bu il uşaq və musiqi məktəblərinin kollektivləri respublika miqyaslı müxtəlif müsabiqələrdə dəfələrlə iştirak edərək diplom və sertifikatlara layiq görülüblər.
Mingəçevirdə aparılmış iqtisadi və sosialyönümlü tədbirlərlə yanaşı, ictimai və siyasi sahələrdə də işlər davam etdirilir. Məsələn, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və təbliği istiqamətində görülən tədbirlər genişləndirilir, keçirilən ümumşəhər tədbirlərində əhalinin, siyasi partiyaların, dini qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı təmin edilir. Bundan başqa, gənclərin şəhərin ictimai-siyasi, mədəni, sosial-iqtisadi sahələrində yaxından iştirakının təmin edilməsi istiqamətində tədbirlər hazırlanıb həyata keçirilir. Yeri gəlmişkən, gənclər və idman idarəsinin nəzdindəki Uşaq və Gənclər İdman Məktəbinin yetirmələri respublika miqyaslı yarışlarda yüksək nəticələr qazanaraq, 14 qızıl, 13 gümüş, 16 bürünc medala layiq görülüblər.
Mingəçevirdən yazdığım bu qeydləri belə bir xoş ovqatla yekunlaşdırmaq istəyirdim: şəhərin gəncləri cəmi doqquz ayda 14-ü qızıl olmaqla 43 medal qazanıblar. Əsl yazı finalının mövzusudur. Amma sonra başqa bir məqam yadıma düşdü. Bu yaxınlarda Prezident İlham Əliyev növbəti dəfə xatırladıb ki, hər bir dövlət məmuru xalqın xidmətçisi olmalı, insanların arasına getməli, sakinləri maraqlandıran və ya narahat edən məsələlərin nədən ibarət olduğunu öyrənməlidir. Təkcə bu ilin geridə qalan aylarında şəhər icra hakimiyyəti başçısı tərəfindən keçirilmiş 32 səyyar görüşdə 267 sakinin müraciəti dinlənilib və müvafiq tədbirlər görülüb. Müraciətlər əsasən dam örtüklərinin təmiri, oturacaqların qoyulması, su və kanalizasiya xətlərinin təmiri və sair məsələlərlə bağlı olub.
Onlar elə dedilər. Mən isə əlavə etdim ki, sakinlərin qaldırdığı məsələlərin böyüklüyü və ya kiçikliyi o qədər də əhəmiyyətli deyil. Əhəmiyyətlisi odur ki, şəhər rəhbəri bir stəkan çaya qonaq olaraq, sakinlərin söhbətinə qulaq asmaq üçün onların arasına gedir. Min illərin sınağından çıxmış bu təcrübənin Mingəçevirdə yaşadılması da elə yazı sonluğu kimi dəyərli fakt idi.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2015.- 13
noyabr.- S.6.