Britaniya təəssüratları
Səfər qeydləri
Avropa arxeoloqlarının İstanbulda olmuş 20-ci illik toplantısında növbəti 21-ci toplantının 2015-ci ilin payızında Şotlandiyanın Qlazqo şəhərində keçirilməsi qərara alınmışdı. Toplantıya beş ay qalmış Təşkilat Komitəsindən mənə də dəvət gəldi. Bu, o demək idi ki, “Miras” İctimai Birliyinin sədri Fariz Xəlilli və YOCOCU Beynəlxalq Assosasiyasının İtaliyadan olan prezidenti Andrea Macchia ilə birlikdə göndərdiyimiz müştərək məruzə toplantının proqramına daxil edilmişdir.
Bakıdan
Vyanaya, oradan da Londona uçduq. Gecə yarısı
Avropanın ən nəhəng hava
limanlarından biri olan
Hitrou aeroportuna endik. Oradan da Qlazqoya
uçmalı idik. Amma... Hitrou aeroportundan “Qlazqoya necə gedə bilərik”
sualımıza dəqiq cavab verən
yox idi. Gecə yarısı olduğundan, deyəsən,
aeroport işçilərinin hamısı ala-yuxulu idi.
Bir çox xidmət sahəsinin işçiləri yır-yığış edərək
qapıları bağlayıb harasa tələsirdi. Görünür, bu səbəbdən
sorğularımıza həvəssiz və səthi cavab
verirdilər. Bəziləri avtobusla, bəziləri isə qatarla getməyi
məsləhət görürdü. Real olanı o idi ki, gecənin bu
vaxtı nə avtobus, nə
qatar, nə də təyyarə
vardı. Odur ki, Londonda gecələyəsi
olduq. Biz Hitrou hava limanının
yaxınlığındakı “İbis” otelinə gələndə soyuqdan dişlərimiz
şaqqıldayırdı. Otelin milliyyətcə hind olan
inzibatçısı bizi mehribancasına qarşıladı. Onun
mehribançılığı və aeroportda heç birindən qənaətləndirici
cavab ala bilmədiyimiz ingilislərin
soyuqqanlılığı timsalında sanki bir anlığa
avropalılarla asiyalıların xarakter və
mentalitetindəki fərqləri
göz önünə gəlirdi.
Londondan
Qlazqoya uçmaq, sən demə, o qədər də müşkül iş
deyilmiş. Bunun
üçün sadəcə Hitrou aeroportunun
II terminalından qatarla V
terminala getmək lazım imiş. Özü də həmin qatar pulsuz işləyir. Oradan
isə, demək olar ki, hər 2-3 saatdan bir Qlazqoya təyyarə
reysləri var.
Gözəl Qlazqo
Günortaüstü artıq Qlazqoda idik. Məlumat üçün bildirək ki, Qlazqo
Şotlandiyanın ən böyük, əhalisinin sayına
görə isə Böyük Britaniyanın
dördüncü şəhəri hesab olunur. Klayd çayının
hər iki sahili boyu uzanan Qlazqo Böyük
Britaniyanın şimal-qərb kənarında yerləşir və
regionun inzibati mərkəzi
hesab olunur.Yerli sakinlərin dediyinə görə, “Qlazqo”
toponimi “yaşıl yarğan” mənasını
ifadə edir. Geniş
əraziyə malik
parklar, xiyabanlar və Klayd
çayı üzərindəki çoxsaylı
körpülər Qlazqonu daha da gözəl göstərir.
Körpülərdən söz düşmüşkən,
oradakı çoxsaylı piyada, avtomobil və dəmir yolu
körpüləri içərisində ən məşhuru
2006-cı ildə
inşa olunan və yerli sakinlərin “Çəp
körpü” adlandırdığı “Klayd Ark” asma
körpüsüdür. London və Budapeşt şəhərlərindən
sonra dünyanın üçüncü ən qədim
metrosu 1896-cı ildən fəaliyyət göstərən
Qlazqo metrosudur.
Tarixi məlumatlara
görə Qlazqo şəhəri VII əsrdən mövcuddur. XII əsrdən
etibarən isə regionun mühüm dini mərkəzlərindən
birinə çevrilib. XVIII əsrdə baş vermiş sənaye inqilabı nəticəsində Britaniya şəhərləri
içərisində Qlazqonun rolu və mövqeyi daha da
artıb. Ölkənin əsas gəmiqayırma
mərkəzlərindən birinə çevrilən Qlazqo XIX əsrdə
Britaniya imperiyasının ikinci şəhərinə
çevrilib.
1611-ci ildə kral I Yakovun fərmanı ilə Qlazqoya
Kral şəhəri statusu verilib. 1736-cı ildə orada metallurgiya, tütün və
toxuculuq müəssisələri, 1740-cı ildə isə
boyaq sexləri işə düşüb. 1920-ci
ildə əhalisinin sayı 1 milyona çatan Qlazqo əhalisinin
sıxlığına görə Britaniyanın ikinci şəhərinə
çevrilib.
Qlazqo
1990-cı ildə Avropanın mədəniyyət mərkəzi, 1999-cu ildə
Britaniyanın memarlıq və
dizayn şəhəri, 2003-cü ildə isə Avropanın
idman paytaxtı elan olunub, şəhərin
əhalisi etnik tərkib etibarı ilə müxtəlifdir.
2011-ci il siyahıya alınmasının yekunlarına görə, Qlazqo əhalisinin
84,5 faizini şotlandlar, 3,78 faizini pakistanlılar, 1,8 faizini
çinlilər, 1,5 faizini hindlilər, qalan hissəsini digər
etnik qruplar təşkil edir. O da maraqlıdır ki, 2014-cü
ildə Şotlandiyanın
müstəqilliyinə dair keçirilmiş referendumda
Şotlandiya əhalisinin 55,3 faizi “yox” desə də, Qlazqo
seçicilərinin əksəriyyəti “hə” deməklə müstəqillik tərəfdarı
olduqlarını bildirmişlər.
Dini etiqad
etibarı ilə əhalinin 54,5 faizi
xristianlardan, 5,4 faizi müsəlmanlardan,
0,4 faizi isə buddistlərdən
ibarətdir. Şəhər Qlazqo Şəhər
meriyası tərəfindən idarə olunur. Onu
da xatırladaq ki, Qlazqo Şotlandiya parlamentində 17, Britaniya
parlamentində isə 9 deputatla təmsil olunur.
Qlazqoda 20-dən çox muzey və incəsənət
qalereyası fəaliyyət göstərir.
Oradakı Riversayd Muzeyi 2013-cü ildə Avropada “İlin muzeyi” müsabiqəsinin qalibi
olub. 3000 ədəddən çox eksponatı olan Nəqliyyat Muzeyi
də Qlazqonu dünyada məşhur edən
muzeylərdəndir.
Şotlandlar təbiət etibarilə olduqca şən və
musiqisevər xalqdır. Təsəvvür edin, təkcə
Qlazqoda hər həftə orta hesabla 130-a qədər musiqi tədbiri
keçirilir.
Şəhərdə
10-dan çox kinoteatr, o cümlədən Ginnesin Rekordlar Kitabına
düşmüş dünyanın ən hündür
kinoteatr binası olan “Sinevorld” fəaliyyət göstərir. İlboyu müxtəlif, özü də
ənənəvi festivallar keçirilir. Qlazqoda 37
ictimai kitabxana, o cümlədən 1977-ci ildə məşhur tütün maqnatı Stiven
Mitçellin vəsiyyəti əsasında yaranan Mitçell
kitabxanası – Avropanın ən böyük arayış kitabxanası mövcuddur. Hansı ki, orada 1,3 milyon kitab, 3500
ədəd xəritə,
fotoşəkil və qəzet
saxlanılır.
Avropada kifayət
qədər məşhur olan Qlazqo Kaledoniya Universiteti,
Stratiklayd Universiteti, Şotlandiyanın Kral Konservatoriyası, Qlazqo İncəsənət Məktəbi və digər məşhur təhsil
ocaqları da məhz Qlazqoda yerləşir.
Arxeoloqlar hansı problemləri
müzakirə etdilər?
Dünyanın
müxtəlif
ölkələrini təmsil edən 1800
arxeoloqun iştirak etdiyi Avropa arxeoloqlarının
21-ci illik toplantısı Qlazqonun möhtəşəm konsert salonlarından birində
öz işinə
başladı. Açılış mərasimində Şotlandiyanın tarixi-mədəni
həyatını və arxeoloji abidələrini
nümayiş etdirən filmlər nümayiş etdirildi. Sonra
Britaniyada çox
məşhur olan ikimərtəbəli
avtobuslarla Qlazqo Elm Mərkəzinə getdik. İştirakçılar
orada təşkil
olunmuş sərgi ilə
tanış olduqdan sonra
şirniyyat süfrəsi ətrafında görüş və
müzakirələr oldu. Ertəsi gün Qlazqo
Universitetində bölmə iclaslarına start verildi. İclasdan əvvəl orada təşkil
olunmuş arxeologiya və
arxeloji tədqiqatlarda istifadə
olunan alət və ləvazimatlardan
ibarət sərgi yarmarkası
ilə tanışlıq oldu.
Fürsətdən istifadə
edərək, biz də
çöl tədqiqatlarında istifadə məqsədi ilə bir
neçə alət və ləvazimat aldıq.
Açığını deyim
ki, Azərbaycan arxeoloqlarının
bu cür alət və ləvazimatlarına
çox ciddi ehtiyacı var.
Əfsuslar olsun ki, Bakıdakı
və rayonlarımızdakı
mağaza və satış mərkəzlərimizdə
belə xarici ölkə arxeoloqlarının illərdir ki,
istifadə etməkdə olduğu belə münasib nümunələrə heç vaxt rast gəlmirik.
Sonra
toplantı 20 bölmə üzrə öz işini davam etdirdi. Bölmələrdə
ümumilikdə 1000-dən artıq məruzə
dinlənildi. Maraqlıdır
ki, müzakirələrdə Avropa ölkələrini təmsil edən mütəxəssislərlə
yanaşı, digər qitələrin nümayəndələri də iştirak edirdilər. Asiya, Afrika və
Latın Amerikası ölkələrindən olan natiqlərin də öz uğurları və problemləri barədə söz
demək imkanı oldu. Hər kəs toplantının proqramı ilə tanış olaraq onu
daha artıq cəlb edən bölmələrdə
iştirak edirdi. Şəxsən, mən dostum Farizlə
birlikdə gün ərzində elə olurdu ki, 6-7 bölmədə
olurduq. Bu isə iştirakçılara imkan verirdi
ki, ən azı, indiki dövrdə ayrı-ayrı qitə və ölkələrdə, müxtəlif elmi mərkəzlərdə
arxeologiyanın bu və ya digər problemlərinin qoyuluşu və həlli
yolları barədə ilk mənbədən
informasiya əldə etsinlər.
Bizimlə
eyni bölmədə Şotlandiya, Yunanıstan, İrlandiya,
İspaniya, Səudiyyə
Ərəbistanı və
Rusiyadan olan natiqlərin məruzələri dinlənildi. Maraqlı qarşılanan məruzələrdən biri
şotlandiyalı mütəxəssisin sosial
vəziyyəti etibarı
ilə kasıb olan insanların
yaşamış olduğu məhəllələrin tədqiqi
barədə idi. Adətən,
arxeoloqlar da, bir çox digər peşə sahibləri kimi, çox
zaman təmtəraq ardınca qaçaraq hökmdar saraylarını, varlı və titullu insanlara məxsus Kurqan və sərdabələri öyrənməyə can atırlar. Kasıb insanların həyatı, onların məişət
və mədəniyyətinin
göstəricisi olan
yaşayış massivlərinin tədqiqi isə o qədər
də cəlbedici hesab olunmur. Halbuki, nəzərə
alınmalıdır ki, bütün dövrlərdə
hökmdarlar və onların əhatəsində olan varlı
insanlar bütövlükdə toplumun olduqca cüzi bir hissəsi
olub. Yəni, təkcə onlara aid binaları, məhəllələri
və qəbir
abidələrini öyrənməklə,
bütövlükdə toplumun həyat tərzi və mədəni səviyyəsi barədə
dolğun fikir söyləmək olmaz. Başqa sözlə, bu
və ya digər orta əsr şəhəri və orada
yaşamış insanlar barədə doğru-düzgün və
əhatəli elmi nəticə əldə etmək üçün ən
azı, sosial vəziyyəti fərqli
olan ayrı-ayrı yaşayış məhəllələri
tədqiq olunmalıdır. Artıq yuxarıda qeyd oluduğu
kimi, şotland
natiqin məruzəsində konkret faktlara istinadən
bu məsələlərə də toxunuldu. Bu da iştirakçıların
böyük
marağına səbəb oldu.
Təvazökarlıqdan
uzaq olsa da, bizim “Azərbaycanda orta əsrlərdə
keramika istehsalının bəzi parametrləri”
mövzusundakı məruzəmiz də
iştirakçıların böyük marağına səbəb
oldu və təbiidir ki,
çoxlu suallar verildi. Suallar daha çox yerli istehsal nümunəsi olan materiallarla
gətirilmə materiallar
arasındakı bədii, texniki və texnoloji fərqlərə aid idi. Azərbaycanın
orta əsr keramikasının tipologiyası, texnologiyası və kimyəvi
tərkibindəki müxtəlifliyin səbəbləri barədə
də suallar oldu. Verilən suallardan hiss olunurdu ki, qonşu
ölkələrin, dünyanın ayrı-ayrı ölkələrində
keramika istehsalı
mərkəzlərinin
Azərbaycana təsiri, habelə Azərbaycanda çox qədim
zamanlardan başlayaraq formalaşmış keramika istehsalı ənənələrinin
yaxın və uzaq ölkələrə
təsiri və bu qəbildən olan digər məsələlər
də
iştirakçıları çox maraqlandırır.
Toplantıda
bizimlə yanaşı, Azərbaycan arxeoloqlarından Səfər
Aşurov və Mikayıl
Mustafayev də iştirak
edirdilər. S.Aşurov
“Kür-Araz arxeoloji mədəniyyəti Naxçıvan abidələri
kontekstində”, M.Mustafayev isə “Pəri qalası”
mövzusunda məruzə etdilər.
Onu da əlavə edim ki, mənim kimi onlar
da əməkdaşı olduqları Arxeologiya və Etnoqrafiya İnstitutunun xətti ilə
deyil, sadəcə
öz təşəbbüsləri
ilə
toplantıda iştirak
edirdilər. Amma məqsədəuyğun olardı
ki, baza institutu kimi, AMEA-nın Arxeologiya
və Etnoqrafiya İnstitutu
ölkə alimlərinin beynəlxalq məclislərdə iştirakını koordinasiya etsin. Elə edilməlidir ki, Azərbaycan elmi, Azərbaycanın qədim və zəngin tarixi-mədəni
irs nümunələri beynəlxalq tribunadan kifayət qədər effektli
təqdim olunsun.
Qlazqo Universitetində
nələrə təəccübləndik?!
Məlumat
üçün bildirək ki, 1451-ci ildən
fəaliyyət göstərən
Qlazqo Universiteti Sent-Endryus Universitetindən sonra Şotlandiyanın ikinci
nüfuzlu qədim təhsil müəssisəsidir.
Orada 9 fakültədə 130 ölkədən 23 mindən çox tələbə
təhsil alır. Universitet bir-birindən çox da uzaq olmayan çoxsaylı
korpuslardan ibarətdir. Əksər korpusların
binalarının bir
neçə əsrlik
yaşı var. Binaların əksəriyyəti sanki heç qış
mövsümündə də qızdırılmır.
Yəni, daş döşəməli, hündür tavanlı, çoxsaylı qapı
və pəncərəsi olan, bir-birindən iri zal və
dəhlizlərdə qoyulmuş
bir-iki köhnə çuqun batareyalarla inanmıram ki, o yerləri
qızdırmaq mümkün
olsun. Soyuq və
nəmişlikdən
binaların
divarları kif atıb. Bu hal təkcə universitetdə deyil, elə Qlazqonun əksər binalarında müşahidə olunur. Şəhərdə isti bir kafe və ya
restoran tapmaq çətin məsələdir.
Biz orada olduğumuz günlərdə havanın
temperaturu 7-8 dərəcəyə enmişdi, şotlandlar isə
bunu fərq etmirmiş
kimi, hələ də qolu
qısa köynəklərdə gəzirdilər. Görünür, təbiət
onları da belə olmağa vərdişkar
edib. Və görünür sağlam olmaq üçün elə bu
cür təbiətən
soyuq mühitə öyrəşməyin
də faydası var. Kim şotlandlar
kimi boy-buxunlu, canlı-cüssəli
və sağlam olmaq istəyirsə, qoy,
bunu da sınasın.
İnanın səmimiyyətimə, Qlazqo
küçələrində,
meydanlarında bədəncə zəif,
çəlimsiz və fiziki
cəhətdən problemli
insan, demək olar ki,
gözə dəymir. Yəni, orada olarkən bir daha əmin
oldum ki, sağlam olmaq üçün ətraf mühit faktoru nə qədər önəmlidir. Universitet divarları içərisində
gördüklərimizdən bizi, bəlkə də, ən çox təəccübləndirən
onların muzeyi oldu. Orada Misir və Fələstindən tutmuş, bir çox ölkə və
xalqlara aid olduqca zəngin kolleksiya
nümayiş etdirilir. Ekspozisiya yeni deyil, amma
son dərəcə peşəkar səviyyədə işlənib. Orada
dünyanın
ən məşhur
muzeylərinin belə həsəd apara biləcəyi bir çox nadir
nümunələr saxlanılır.
Növbəti
tanışlıq ünvanımız
universitet kitabxanası oldu.
Doğrusu, səhərdən
ayrı-ayrı bölmələrdəki müzakirələr barədə məlumatlı olmaq məqsədi
ilə ora-bura qaçdığımızdan fiziki
cəhətdən
çox yorulmuşdum. Ona görə də heç yana gedəsi halım yox
idi. Amma Fariz əl çəkmədi. Çox təkid etdi ki, Bakıdan gətirdiyimiz kitabları aparıb universitet
kitabxanasına hədiyyə edək.
Beləliklə,
axşamçağı
kitabxanada olduq. Bura 12 mərtəbədən ibarət, olduqca müasir
və möhtəşəm
bir binadır. Birinci
mərtəbənin
foyesindəki rahat kresloya
yayxanaraq kompüterdə
işləyən ağ köynəkli kişiyə gəlişimizin məqsədini bildirəndə onun çöhrəsinə əməlli-başlı nur gəldi. O, kitabları və özümüz barədə məlumatları götürüb,
“Qalan məsələləri
özümüz sənədləşdirərik”, – deyə
bizi arxayın etdi. Biz isə kitabxanın tarix və arxeologiya
bölməsi ilə
tanış olmaq istəyimizi bildirdik.
– Liftlə 8-ci mərtəbəyə qalxın, – dedi.
Kitabxananın tarix
və arxeologiya bölməsində bəlkə də,
on minlərlə kitab var.
Bütün mərtəbəni
tutan dar və uzun labirintə bənzəyən
çoxsaylı kitab rəflərinin arasını gəzincə adamın ürəyi
sıxılır. Orada
nələr yoxdur?! Və birdən o başdan Farizin səsini eşitdim: – Qafar müəllim,
gəlin, görün, burada nələr var! O mənə Ermənistana, erməni tarixinə və saxta erməni genosidinə dair kitabları göstərdi. Həmin kitabların əksəriyyəti son 5-10 ilin məhsuludur. Xeyli dolaşdıq, xeyli
aradıq, ancaq Azərbaycana
aid heç nə tapa bilmədik.
Mərtəbəni tərk etmək istərkən liftin yaxınlığında 5-6
kitabdan ibarət sərgidəki
iri həcmli “Ermənistanın tarixi atlası” kitabını görəndə isə şəkərim də, təzyiqim
də arzuolunmaz həddə qalxdı.
Atlas 2001-ci ildə
Çikaqoda nəşr olunub.
Müəllifi amerikalı alim Robert H.Nefsen, içərisindəki xəritələri tərtib edən isə kartoqraf
Kristofer C.Salvaticodur.
Albomda verilmiş xəritələrin bir qismi, o cümlədən 25, 52 və
53-cü xəritələr Qafqaz
Albaniyasına aiddir. Orada
bizim mütəxəsislərin tərtib etdikləri bir çox
tarixi xəritələrə
belə düşməyən
neçə-neçə abidələrimiz, o cümlədən Mehrəvan şəhəri, Girdman qalası,
Xursan ərazisi və hətta Basqal
yaxınlığındakı Tağlabiyan kəndi
belə yer alıb. Onsuz
da yenicə açıq əməliyyatdan çıxmış problemli ürəyimi
ağrıda-ağrıda,
sızlada-sızlada bu
sözləri ona görə
yazıram ki, qoy bizim alimlər, xariclə elmi-mədəni əlaqələri
qurmağa məsul olan şəxslər o qədər də müştəbeh olmasınlar. Bizim
görəcəyimiz işlər həqiqətən çoxdur. Biz Azərbaycan həqiqətlərini
dünyaya çatdırmaq üçün olduqca çox
işləməliyik. Qoy, həmkarlarım məndən inciməsinlər,
rəhmətlik Ziya Bünyadov hər
zaman deyirdi ki, bizim yazdıqlarımız hələ ki, Biləcəridən
o yana keçmir. Əgər keçirsə, dünyanın ən
böyük universitet
kitabxanalarından biri olan Qlazqo
Unversitetinin kitabxanasında niyə yoxdur?! Hesab edirəm ki, heç olmazsa,
bundan sonra elm
adamlarımız, qələm
sahiblərimiz, xarici ölkələrdəki diasporumuz,
xüsusən də diplomatlarımız öz fəaliyyətlərində
bu sahədə olan boşluqları
nəzərə alacaqlar. Başqa sözlə, erməni
kilsəsi də, ermənilərin elm adamları da, onları himayə edənlər də hər yerdə və
bütün istiqamətlərdə
qarşılarında Azərbaycanı və azərbaycanlıları görməlidirlər.
Əgər biz özümüz boş meydan verməsək,
onda erməni qaragüruhu öz yalan və
böhtanlarını dünya
ictimaiyyətinin beyninə yeridə bilməz.
Qlazqo etüdləri
Qlazqo
Avropada ən çox mədəniyyət və istirahət parkı olan şəhərlərdəndir. Özü də
parklar, demək olar ki, süni surətdə bəzədilməyib,
ərazisinə rəngli plitələr döşənməyib.
Parklarda daha çox vəhşi təbiətin özünə
xas olan cizgiləri qorunub saxlanılıb. Günün
hansı vaxtı hansı parka
getsən qələbəlikdir. İnsanlar qrup
halında gələrək orada istirahət edirlər. Kimi ailəvi
dincəlir, kimi yaşıdları ilə voleybol və ya
tennis oynayır, başqa bir tərəfdə kiçik
yaşlı məktəblilərin səsi aləmi
bürüyüb.
Şəhərdə
valyuta dəyişmək istəsən
çox çətin olacaq. Çünki Bakıdakı kimi, addımbaşı
bir valyuta dəyişmə məntəqəsi yoxdur.
Çox axtardıqdan sonra cəmi bir məntəqə tapdıq, o da saat 6-dan sonra
olduğuna görə işləmirdi.
Qlazqoda ən
defisit şeylərdən biri də aptekdir. Şəhərdə,
ümumiyyətlə, aptek gözə dəymir. 6 gün orada olduq, cəmi kiçik
bir aptek gördük. Görünür, insanları sağlam olduğundan iynə-dərmana da
ehtiyac duymurlar.
Qlazqo əhalisinin
təqribən hər iyirmi nəfərindən biri müsəlman olsa da, şəhərdə
28 məscid fəaliyyət göstərir. Axşam namazı vaxtı şəhərin nisbətən şimal tərəfində yerləşən “Əl-Furqan” məscidində
olduq. Bu məscid
həm də Qlazqodakı “İslam mədəniyyəti mərkəzi” hesab olunur. Axşam
namazına gələnlərin sayı olduqca çox idi.
Məscidin zallarından birində insanlar namaza durmuşdu, digər zalda isə axund mikrofon qarşısında duraraq
uca səslə İslam dəyərləri ətrafında söhbət aparırdı. Qlazqo məscidlərinə
ibadət etməyə gələnlər əsasən hindlilər, pakistanlılar və kürdlərdir.
Böyük-kiçik bilmədən bu insanların hamısı
qarşı-qarşıya gələrkən “Salamu-əleykum”
deyə bir-birini salamlayırlar.
Növbəti
gün günorta
ziyarət
saatlarında Qlazqonun ən böyük məscidi və
eyni zamanda “İslam mərkəzi” olan başqa bir məscidi ziyarət etdik. Bu tamamilə fərqli memarlıq görkəmi
olan modern bir məsciddir. Məscid o qədər nəhəngdir ki, içərisinə daxil olarkən özünü sanki üstü bağlı bir futbol meydançasında hiss
edirsən. Biz orada olarkən təqribən 25-30 nəfər yorğun
müsəlman xalçalar
üzərində uzanaraq xor-xor yatırdı.
Axşamlar
Qlazqodakı evlərin əksəriyyətinin pəncərəsindən
işıq gəlmir. Adamda elə təsəvvür
yarana bilər ki, bu evlərdə, ümumiyyətlə,
yaşamırlar. Əksinə, şəhərdəki
bütün restoranlar, kafelər,
barlar, diskotekalar gecədən
xeyli keçənədək
dolu olur. Sanki hər yanda
çal-çağırdır. Yəni, şotlandlar işdən
sonrakı sərbəst
vaxtlarını evdə deyil, daha çox məhz bu cür
yerlərdə keçirməyə üstünlük verirlər.
Qlazqoda, demək olar ki, şotland mətbəxi ilə
rastlaşmadıq. Daha çox italyan, hind, çin və Pakistan
mətbəxi hökmrandır. İaşə obyektlərində
çalışanların isə əksəriyyəti türklər,
kurdlər və pakistanlılardır.
Britaniya Muzeyində
Sentyabrın
6-da səhər tezdən Qlazqonu tərk edərək Londona uçduq.
Bu, Britaniya
paytaxtına üçüncü gəlişim
olsa da, heç vaxt oranı əməlli-başlı gəzə bilməmişdim. Elə bu dəfə də şəhərlə tanışlıq üçün cəmi bir gün vaxtımız
vardı. Ona
görə də vaxt itirmədən hava
limanından birbaşa taksi ilə Britaniya Muzeyinə gəldik.
Biz oraya çatanda artıq günorta idi. Muzeyin qarşısında minlərlə insan
vardı. Bir tərəfdən dəstə-dəstə
içəri daxil olurlar, digər tərəfdən isə dəstə-dəstə
muzeydən çıxırlar. Bir sözlə,
içəri də, çöl də insan seli ilə doludur.
Maraqlıdır ki,muzeyə giriş
pulsuzdur. Axşam düşənədək, demək olar ki,
qaça-qaça muzeyin çoxsaylı zallarından
yalnız bir neçəsi ilə ötəri tanış
ola bildik. Doğrudan da, olduqca möhtəşəm
bir muzeydir. Bəlkə də
dünyanın bir nömrəli muzeyidir.
Tanışlığa Assuriya zalından başladıq.
İlahi, orada nələr yoxdur?! Qədim assur
yazıları olan nəhəng daş lövhələrdən
tutmuş, nəhəng və heyrətamiz heykəllərədək
daha nələr, nələr?! Qədim Misir materialları,
Roma və yunan abidələri, İslam mədəniyyəti
nümunələri – adam istər ki, hər
lövhə, hər heykəl, hər vitrin
qarşısında saatlarla dursun. O nadir eksponatları duymaq
üçün ən azı oranı təkrar-təkrar ziyarət
etmək gərəkdir. Mənim üçün çox
maraqlı, həm də əhəmiyyətli faktlardan biri də
o oldu ki, Ağsu tədqiqatları zamanı Mehrəvan şəhər
yerindən VII-VIII əsrlərə aid
tapdığımız nərd zərlərinin oxşar
nümunələrinə, oradakı İslam mədəniyyəti
nümunələri zalında nümayiş etdirilən
Pakistan materialları işlərində də rast gəldik. Fərq
ondadir ki, Britaniya muzeyindəki Pakistan zərləri Ağsu
tapıntilarından təqribən 600-700 il
sonrakı dövrə aiddir.
Mən tarixçiyəm. Yəni, ingilislərin
tarix boyu dünyanın, demək olar ki, bütün nöqtələrində
yeritdikləri işğalçılıq, müstəmləkəçilik
və qarətçilik siyasəti barədə kifayət qədər
məlumatlı insanlardanam. Britaniya muzeyində
gördüklərimlə, bir növ oxuduqlarımı və
eşitdiklərimi tamamlamış oldum. Muzeylə
tanışlıqdan sonra, doğrusu, onların əsrlər
boyu digər xalqlara qarşı həyata keçirmiş
olduğu talançılığı sözlə təsvir
etməyə ifadələr tapmaqda çətinlik çəkirəm.
Bunlar hələ muzeyə gətirilənlərdir,
vitrinlərdə nümayiş etdirilənlərdir.
Yazıq Şərq! Yazıq Şərq xalqları! Sizin o qədim
Şərq sivilizasiyasından axı nəyiniz qalıb?
Bu cür qarmaqarışıq düşüncələrlə
Londonda keçirdiyimiz o bir günü də başa vurduq. Sonuncu gecəni
də Hitrou aeroportu yaxınlığındakı “İbis”
otelində gecələyərək tezdən Vyanaya, oradan da
Milana uçduq. Bizi Avropanın daha bir qədim və yüksək
inkişaf yolu keçmiş ölkəsi olan İtaliyada
olduqca maraqlı
görüşlər gözləyirdi.
Qafar CƏBİYEV,
Azərbaycan Respublikasının
Əməkdar jurnalisti,
tarix elmləri doktoru
Xalq qəzeti.-
2015.- 15 noyabr.- S.7.