“Üfüqdən boylanan
azadlıq”
Bu yaxınlarda yazıçı-publisist Şakir Məhbusinin “Üfüqdən boylanan azadlıq” kitabı dərc olunub. Kitab sovet dövründə dilimizi yad ünsürlərdən, xüsusilə rus dilinin təsirlərindən qorumaq üçün gizli olaraq başlayan müdafiə hərəkatının yorulmaz üzvlərindən olan və buna görə həbs edilən, yalnız ümummilli lider Heydər Əliyevin müdaxiləsindən sonra azadlığa buraxılan Allahverdi Qurbanov barədədir.
Kitabda A. Qurbanovun keçdiyi ömür yolu, onun ötən əsrin 60-cı illərində Azərbaycanda ruslaşdırma siyasətinə qarşı birləşən bir qrup vətənpərvər gənclərin mübarizəsi işıqlandırılmışdır. O zaman gənclərin bir məqsədi var idi. Onlar müstəqilliyə aparan vacib yollardan birindən – Azərbaycan dilinin saflığının qorunmasından, yad təsirlərə müqavimətindən, xalqın öz dilində danışmaq, yazmaq hüququndan qətiyyətlə danışırdılar. Onlar bu sahədə hətta təşkilatlanmışdılar və o zamanki Azərbaycanın milli ziyalılarını getdikcə bu prosesə daha çox cəlb edirdilər. Bu hərəkat o dövr üçün, sovet imperiyasının ən qüdrətli çağında qeyri-mümkün görünən bir addım idi. Həmin gənclər bu ideya ilə yola çıxmışdılar. Onların arasında bu işin yaxşı sonluqla nəticələnməyəcəyini artıq dərk edənlər var idi. Lakin, milli yol, Azərbaycan türkcəsinin müdafiəsi və mühafizəsi ideyaları ilə yola çıxan gənclər təhlükəni hiss etmirdilər. Vətənsevərlik, sözün həqiqi mənasında, onların içlərində yarana biləcək qorxunu dəf etmişdi. A. Qurbanovun haqqında yazılan məqalələr və kitablar arasında yazıçı Şakir Məhbusinin yazdığı roman dilimizin mücahidinə verilmiş yüksək dəyərdir və onun haqqında bütün bilgiləri əhatə edir. Roman Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundovanın ümummilli lider Heydər Əliyevdən bəhs edən “Şəxsiyyət və zaman” çoxcildlik monoqrafiyasının motivləri əsasında yazılıb. Monoqrafiyada A.Qurbanovun və ətrafında olan digər vətənsevər gənclərimizin mübarizəsi barədə qiymətli məlumatlar verilib.
Əsərin süjet xətti 1965-ci ilin may ayının 16-da Bakıda Azərbaycan Milli Dilinin Müdafiəsi Komitəsi yaradılmasından bəhs edir. Onun sədri Biləsuvarın Qriboyedovka kəndində anadan olmuş, Sov. İKP üzvü, Şmidt adına zavodun tornaçısı, Neft Texnikumunun axşam şöbəsinin tələbəsi Allahverdi Hüseynəli oğlu Qurbanov idi. Onun müavinləri Paşa Əbdürrrəhimov və Şamil Quliyev seçilmişdilər. Komitə 12 yığıncaq keçirmişdi və bu yığıncaqların əsas mövzusu azərbaycanlıların öz qanuni hüquqlarından yetərincə istifadəyə edə bilməməsi, Azərbaycan dilinə biganəlik idi.
Satqınların əli ilə A.Qurbanov həbs olunur. Ağır maddə (ölüm hökmü) gözlənilir, ancaq o zaman DTK sədrinin müavini vəzifəsində işləyən Heydər Əliyevin köməyi və qətiyyəti sayəsində bir neçə gənc, o cümlədən, təşkilatın sədri A.Qurbanov yüngül cəzalanır, 1 il azadlıqdan məhrum edilir. Romanda ümummilli lider Heydər Əliyevin o zamanki DTK sədri Sviqunla vətənpərvər gənclər barədə dialoqu və həmin gəncləri şəxsən qəbul etməsi, onların azad edilməsi üçün müxtəlif manevrləri öz əksini tapmışdır. O zaman hər kəs bilirdi ki, Sovet imperiyasının istintaq təcridxanalarında nə qədər azərbaycanlı millət fədaisi işgəncələrə məruz qalaraq repressiyaya məruz qalmışdır.
Azərbaycan dilinin müdafiəsi indi də çox aktual məsələdir. Qloballaşan dünyada, dilimizin təmizliyini, onun saflığını qorumaq çox mühüm və etiraf etmək lazımdır ki, çətin məsələdir. Lakin indi bizim üstünlüyümüz ondadır ki, Azərbaycan müstəqil dövlətdir və dövlət dilimiz Azərbaycan dilidir. O zaman isə Azərbaycan SSR Moskvadan asılı idi. Bir sıra dairələrdə rus dilində danışmamaq həmin şəxsin səviyyəsizliyi kimi qəbul olunurdu. Bu baxımdan Sovet İttifaqının sərt idarəçilik dönəmində dilimizin müdafiəsiə qalxmaq və ətrafında vətənpərvər gənclər toplamaq qəhrəmanlıq kimi qəbul olunmalıdır.
Bu yaxınlarda vətənpərvər ziyalımız, dilimizin fədakar keşikçilərindən olan A. Qurbanov 75 yaşında ikən haqq dünyasına qovuşdu. Əlbəttə, vətənpərvər ziyalının vəfatı onun haqqında məlumatı olan hər kəsi kədərləndirdi. Lakin haqqında dövri mətbuatda çap olunmuş çoxsaylı sanballı məqalələr və təbii ki, Şakir Məhbusinin əlimizdə olan “Üfüqdən boylanan azadlıq” kitabı qaldı. İnanırıq ki, mərhum A. Qurbanovun haqlı mücadiləsindən bəhs edən, redaktoru jurnalist Samir Qurbanovun, rəyçisi AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru Seyfəddin Rzayevin olduğu bu kitab geniş oxucular və xüsusilə gənclərimiz üçün maarifləndirici əhəmiyyət daşıyacaqdır.
Anar TURAN
Xalq qəzeti.- 2015.- 15
noyabr.- S.6.