Azərbaycan dili o

qədər zəngindir ki...

 

Azərbaycan Prezidenti və dünya azərbaycanlılarının lideri İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş ümumi  yığıncağındakı dərin məzmunlu nitqi həm  ölkədə, həm də onun hüdudlarından kənarda  geniş rezonans doğurmuşdur. Möhtərəm Prezident Azərbaycanın  elm adamları qarşısında dayanan  bir sıra həlli vacib problemlərə toxunmaqla  yanaşı, həmin problemlərin həlli üçün  müəyyən metodoloji istiqamətlər də göstərmişdir.

 

“Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur” – deyən  Prezident onu da əlavə etdi ki, bizim bu  sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub.

Bu fikrin çox ciddi elmi əsasları vardır... Nəinki orta əsrlərdə (məsələn, Səlcuqlar dövründə), hətta sonrakı dövrdə (məsələn, xanlıqlar mərhələsində) dövlət idarəçiliyində (hakimiyətdə) Azərbaycan türklərinin olmasına baxmayaraq, milli mədəniyyətin (və dilin!) qoruyucusu kosmopolit  hakimiyyət yox, xalq, onun yaradıcı enerjisi  olmuşdur. Hətta Azərbaycan Səfəvilər dövləti (imperiyası) tarixinin  ilk mərhələlərində Azərbaycan dilinə (türkcəsinə) bu və ya digər dərəcədə üstünlük versə də,  Şah İsmayıl Xətaidən sonra onun xələfləri tədricən öz milli (və tarixi) missiyalarını, demək olar ki, tamamilə unutmuşlar. Xalq isə həmin dövrdə, təbii ki, ana dilində öz möhtəşəm  eposunu - “Koroğlu”nu yaradaraq saraylara meydan oxumuşdur.

XIX əsrin əvvəllərindən etibarən şimalı Rusiyanın, cənubu İranın, şərqi isə Osmanlının tərkibinə qatılan Azərbaycan yuxarılardan üç dildə “idarə olunsa” da, xalq öz dilini heç zaman unutmamış, XIX əsrin sonu XX əsrin əvvəllərindən isə Mirzə  Cəlilin, Sabirin, Üzeyir Hacıbəylinin, eləcə də onlarca digər Azərbaycan ziyalısının  şəxsində onun (ana dilinin) müdafiəsinə qalxmaqla, öz milli iradəsini sonacan nümayiş etdirmişdir.

Azərbaycan Prezidenti göstərir ki, “Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində  yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi,  ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik”.

Burada söhbət Azərbaycan dilinin tarixi  varlığı üçün həlledici olan iki mühüm məqamdan gedir ki, onlardan birincisi ana  dilinin ümumən mövcudluğu, yəni xalqın  mənəvi gücü, qüdrəti, təəssübkeşliyi sayəsində ayaqda qala  bilməsidirsə, ikincisi (və birincisindən heç də az əhəmiyyətli olmayanı) onun saflığı, təmizliyi, özünəməxsusluğudur.

İkinci məqama xüsusi diqqət yetirən Prezident qeyd edir ki, “ona görə də bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni, doğrudan da, çox narahat edir”.

Əlbəttə, qloballaşan müasir dünyada dillərin, xüsusilə inkişaf etmiş (beynəlxalq), eləcə də inkişaf etməkdə olan dillərin “müharibə”si, “münaqişə”ləri qaçılmazdır.   kifayət qədər güclü (eyni zamanda, aqressiv) şovinist “mərkəzlər” də öz  “iradə”sini diqtə etməyə çalışır...

Əsas məsələ isə ondan ibarətdir ki, bu “müdaxilələr” daxildə nəinki dəstək qazansın, əksinə, xalqın iradəsilə tam rədd olunsun. Və bizim acı təcrübəmiz də var ki, bir sıra irəliçıxanlarımız, yaxud “ziyalılar”ımız özlərini  göstərməkdən (kimə?) ötrü bir sıra hallarda  yad dillərin, mədəniyyətlərin təsiri altına düşmüş, hətta ana dillərini unutmuşlar... Müstəqil Azərbaycanın  dövlət dil siyasəti isə, ümummilli lider Heydər Əliyevdən gələn möhkəm milli ənənələrə  əsaslanaraq tələb edir ki, bu acı təcrübə  bir daha təkrar olunmasın.

Azərbaycan Prezidenti deyir:

“Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici  kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq,  bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Əlbəttə, bizim  vətəndaşlar, xüsusilə gənc nəsil nə qədər çox xarici dil bilsələr, o qədər yaxşıdır. Ancaq ilk növbədə öz ana dilini bilməlidirlər. Digər tərəfdən, imkan verməməlidirlər ki, ana dilimizə yad kəlmələr daxil olsun. Buna ehtiyac yoxdur”.

Dövlət başçımızın bu sözləri bir də ona görə əsaslı (və mötəbər) səslənir ki, bu baxımdan ən uğurlu nümunəni uzun illərdir, məhz özü göstərir: həm ana dilində (rəhbəri olduğu müstəqil dövlətin dilində), həm də rus, ingilis dili kimi  beynəlxalq dillərdə gözəl danışır.   danışdığı hər bir dilin (xüsusilə ana dilinin) özünəməxsusluğunu ən yüksək səviyyədə qorumaqla bütün dünyaya böyük mədəniyyət nümayiş etdirir.

Odur ki, AMEA- nın yubiley yığıncağının tribunasından söylənmiş aşağıdakı  sözləri hər bir azərbaycanlı, xüsusilə ziyalılar mənəvi- ideoloji proqram kimi qəbul etməlidir:

“Bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə eşidirəm ki,  kənar kəlmələrdən istifadə edilir. Buna  ehtiyac yoxdur. Əlbəttə, mən bu sahədə mütəxəssis deyiləm, ancaq bir vətəndaş kimi hesab edirəm ki,  yeni kəlmələrin icad edilməsinə  heç bir ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək, bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır”.

Azərbaycan Prezidenti, əlbəttə, bu fikirləri söylərkən çox böyük milli təcrübəyə əsaslanır.

Azərbaycan dilinin həm ümumxalq dili, həm də xüsusilə dövlət dili kimi  inkişafında Azərbaycan xalqının  ümummilli lideri Heydər Əliyevin xidmətləri,  sözün həqiqi  mənasında, tarixi xidmətlərdir ki, bu mövzuda artıq onlarla ciddi elmi əsərlər yazılmış, kifayət qədər mükəmməl ümumiləşdirmələr aparılmışdır. Mütəxəssislərin, demək olar ki, hamısı belə bir möhkəm qənaətdədir ki, Heydər  Əliyevin milli dil quruculuğu siyasəti  onun milli dövlət (və millət) quruculuğu siyasətinin üzvi tərkib hissəsi olub bütöv bir sistem təşkil  edir. Və doğrudan da, ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən  sona qədər Azərbaycanda  apardığı dil siyasətində hər hansı bir tərəddüdə, yaxud təsadüfə nə nəzəri, nə də təcrübi olaraq rast gəlinir ki, bu da yalnız dahilərə məxsus bir keyfiyyətdir.

Heydər Əliyevin  Azərbaycanda hakimiyyətə gəldiyi XX əsrin 60- cı illərinin  sonu – 70-ci illərin əvvəllərinə qədər də kifayət qədər gərgin, enerjili və bir sıra mərhələlərdə məhsuldar milli dil quruculuğu prosesləri getmişdi.

Həmin proseslər əsasən aşağıdakılardan ibarət idi:

1. İlk orta əsrlərdən etibarən türk dillərinin diferensiasiyası nəticəsində  formalaşan Azərbaycan türkcəsi həm  orta əsrlərdə, həm də xüsusilə yeni dövrdə özünün bədii, elmi, publisistik və s. təzahürlərində  inkişaf edərək XIX əsrin sonu XX əsrin əvvəllərinə kifayət qədər yüksək mədəni səviyyəsi olan bir millətin ünsiyyət vasitəsi kimi gəlib çıxmışdır.

2. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan türkcəsi rəsmi olaraq dövlət dili elan olunmuş, ancaq  AXC tez süqut etdiyindən bu sahədə zəruri tədbirlərin həyata keçirilməsi, yəni dil-dövlət-cəmiyyət münasibətlərinin möhkəmləndirilməsinin lazımi səviyyədə  təmin edilməsi mümkün olmamışdır.

3. Sovet dövründə Azərbaycan türkcəsi (30- cu illərdən etibarən rəsmi olaraq  Azərbaycan dili) müxtəlif siyasi- ideoloji problemlərə baxmayaraq, sürətlə inkişaf etmiş, ictimai həyatın müxtəlif sahələrində özünün təbii- tarixi hüquqlarına yiyələnmiş, xüsusilə milli  ədəbiyyatın əsasında dayanmış, demokratikləşmiş, milliləşmiş, kütləvi normativlik qazanmışdır. Ancaq tədricən dövlət idarəçilik sistemindən (və ünsiyyətindən)  sıxışdırılmağa, siyasi nüfuzunu itirməyə başlamış, hətta Azərbaycan SSR Konstitusiyasından Azərbaycan dilinin respublikada dövlət dili olması barədəki xüsusi maddə də çıxarılmışdır.

4. Sovetlər Birliyində Stalin rejiminin süqut etdiyi (və kəskin tənqidə məruz qaldığı)  50-ci illərin ortalarından sonra Azərbaycan ziyalıları, xüsusilə  akademik, Xalq yazıçısı və dövlət xadimi  Mirzə İbrahimov Azərbaycan dilinin  dövlət idarələrindəki  pozulmuş hüquqlarını bərpa etmək təşəbbüsü göstərsələr də,  həmin təşəbbüs tamamilə uğursuz oldu.

5. Mühüm məsələlərdən biri də Azərbaycanın (və Azərbaycan xalqının) XIX əsrin əvvəllərindən etibarən ikiyə parçalanması, Şimalın Rusiyanın (SSRİ- nin), Cənubun isə İranın tabeliyində olması, Şimalda rus, Cənubda isə fars dilinin  hökm etməsi idi ki, millətin təbii bütövlüyünü zədələyir, milli ruhu təhdid edirdi.

Azərbaycan dili keçən əsrin 60-cı illərinin sonu 70- ci illərinin əvvəllərinə belə bir keyfiyyətdə, demək olar ki, paradoksal bir  vəziyyətdə gəlib çıxmışdı. Əsas paradoks isə ondan ibarət idi ki, dilin inkişaf potensialı kifayət qədər güclü olsa da, siyasi nüfuzu, yəni dövlət  dili olaraq mövqeyi məhdudlaşdırılmış, hətta hər hansı dilin inkişafı üçün mühüm hadisələrdən biri olan etnik- mədəni kontekstindən, yəni digər qohum türk dilləri ilə kontaktlardan məhrum edilmişdi. Şimalda rus, Cənubda isə fars dilini çıxmaq şərtilə ümumən geniş yayılmış (nüfuzlu və ya beynəlxalq) dünya dilləri ilə əlaqələrdən isə söhbət belə gedə bilməzdi.

Dövlət təhlükəsizlik orqanında  gənclik illərindən etibarən çalışan, xüsusi istedadına, intellektinə,  işgüzarlığına görə sürətlə yüksək mövqelər qazanan Heydər Əliyev Moskvanın  dövlət idarəçiliyi, eləcə də “milli ucqarlar”dakı (N.Nərimanov)  idarəçilik siyasətinin nəinki mahiyyətinə, hətta “mətbəx”inə də dərindən bələd olduğundan respublikada müxtəlif sahələrdə, o cümlədən də milli dil məsələsində problemi necə həll  etməyin optimal (və uğurlu) yollarını da aydın təsəvvür edirdi.  Yeni liderin hakimiyyətə gəldiyi ilk illərdəki fəaliyyətini təhlil etməyə  çalışsaq görərik ki, o, mövcud problemlərin həllinə: a) təmkinlə, b) bütün məqamlarını, konyunkturunu, gözlənilən nəticələrini hesablayıb nəzərə almaqla və c) həm  ziyalıları, həm də geniş xalq kütlələrini səfərbər etməklə  başlayır. Yəni elə hərəkət edir ki, potensial rəqiblər tamamilə, yaxud  qismən tərksilah olsunlar. Və hər cür  impulsivliyə qarşı olan yeni lider mənsub olduğu xalqın mütəşəkkilliyini təmin  etməklə onun ruhunu yüksəldir ki,  öz tarixi hüquqlarını müdafiə eləməyə həmişə  hazır olsun.

Heydər Əliyevin bir dövlət başçısı olaraq uğurlu dil siyasəti yürütməsinin səbəblərindən biri milli dil quruculuğu təcrübəsinin (ənənənin)  mövcudluğu, ikincisi, həmin təcrübəni dərindən öyrənməsi (ənənəni davam etdirməsi) idisə, üçüncüsü, ona sözün geniş (və böyük) mənasında, yaradıcı münasibəti idi.

Və yaradıcı münasibət dedikdə biz əsasən aşağıdakıları başa düşürük:

1) Heydər Əliyev Azərbaycan SSR- ə rəhbərlik etmiş sələflərindən fərqli olaraq  bilirdi ki, Leninin artıq mənasız, heç bir real gücü olmayan “millətlərin öz müqəddəratanı təyin etmək hüququ” barədəki xülyalarına (zahirən nə qədər dəbdəbəli səslənsə də!)  istinad edib respublikada dil, ümumən millət məsələsində inqilabi reformalara cəhd göstərmək tamamilə uğursuzluğa məhkumdur. Ona görə də millətin (və onun dilinin) siyasi mövqeyini möhkəmləndirmək üçün Sovetlər Birliyindəki mövcud şəraitə (konyunkturlara) uyğun yollar axtarmaq lazım gəlir.

2) Heydər Əliyevə iqtisadi baxımdan geridə qalmış, sosial təminatı xeyli aşağı olan, xalqla rəhbərlik arasındakı münasibətlərin o qədər də səmimi  olmadığı, milli yuxarıların çox hallarda intriqa bataqlığına sürükləndiyi və Azərbaycan xalqına yuxarıdan aşağı baxan millətlərin nümayəndələrinin müxtəlif səviyyələrdə idarəçilik mövqelərini işğal etdiyi bir respublika miras qalmışdı ki, bu da milli məsələyə kifayət qədər fundamental problemlərdən (və əgər belə demək mümkünsə, aşağılardan) başlamağı tələb edirdi.

3) Heydər Əliyev respublika rəhbərliyindəki sələflərindən daha yaxşı bilirdi ki, milli məsələləri, o cümlədən də dil məsələsini o zaman uğurla həll etmək mümkündür ki, xalqın yatmış enerjisi, kifayət qədər zəngin potensialı hərəkətə gəlsin. Əks halda  yuxarıdan təqdim olunmuş ən uğurlu təklif, yaxud irəli sürülmüş ən dəyərli təşəbbüs belə aşağılara – geniş xalq kütləsinə çatmadan elə yuxarılardaca provakasiya hədəfinə tuş gəlib uğursuzluqla nəticələnəcəkdir ki, bunun da acı təcrübəsi  respublikada hələ  unudulmamışdı.

Məlum olduğu kimi, bütün xalqların milli yaradıcılıq (özünütəsdiq) təcrübəsində dil məsələsi  ədəbiyyat məsələsi ilə bilavasitə bağlıdır.

Heydər Əliyev, qeyd etdiyimiz kimi, hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi ilk illərdən Azərbaycan yazıçılarının qurultaylarında iştirak etmiş, həmin qurultaylardakı  çıxışlarında qələm adamlarına dəyərli tövsiyələr vermişdir ki, onların böyük bir hissəsi dil  məsələlərini ehtiva edir. Müstəqillik dövründə – 1997- ci ilin oktyabrında keçirilən X qurultayda da ulu öndər cəmiyyətin – dil məsələsinə həssas münasibətini nəzərə alaraq çıxışında ona xüsusi yer ayırmış, özünəməxsus məzmunlu (və tarixi)  mülahizələrini söyləmişdir ki, bu gün dil  quruculuğunun, dövlətin dil siyasətinin və ümumiyyətlə, xalqın (və dövlətin) dilinə yaradıcı münasibətin “yol xəritəsi”dir. Və heç şübhəsiz, sabah da belə olacaqdır...

Qurultaydakı məşhur nitqində Heydər Əliyev demişdir: “Yadımdadır, ilk dəfə Yazıçılar İttifaqının qurultayında mən Azərbaycan dilində nitq söyləyəndən sonra (bu hadisə 1971- ci ildə olmuşdu – N.C.) tənəffüsə çıxdıq. Hamı gəlib məni təbrik edirdi. Ona görə ki, mən orada, birinci növbədə, Azərbaycan dilində danışdım. Dedim ki, əziz qardaşlar, axı burada elə bir şücaət yoxdur. Bu, bizim öz dilimizdir... Mən bunu anladım. Çünki dövlət adamları Azərbaycan dilində danışmamışdılar.  Bu dil məişət dili olmuşdu və bir də ədəbiyyat dili olmuşdu. Amma dövlət dili olmamışdı”.

Və ümummilli lider əlavə etmişdi:

“Mənim nitqimi yazıçılar böyük bir hadisə kimi qəbul etdilər. Biz o illərdə  çalışdıq ki, dilimiz inkişaf etsin. Bu  sahədə çox çalışdıq. Baxmayaraq ki, elə  bir dövlətdə yaşayırdıq ki, hakim dil rus dili idi. Ancaq biz dilimizi  inkişaf etdirdik və siz, sizin əsərləriniz, ədəbiyyat  olmasaydı, şübhəsiz ki, dilimiz bu cür inkişaf edə bilməzdi”.

Azərbaycan dilinin inkişafında Azərbaycan yazıçısının xidmətlərini yüksək  qiymətləndirən ulu öndər qurultayda bu məsələ  üzərində xüsusi dayanaraq fəxrlə demişdi:

“Bu gün müstəqil bir dövlət kimi ən fəxr etdiyimiz bir də odur ki, bizim gözəl Azərbaycan dilimiz var. Azərbaycan dilinin formalaşmasında, inkişaf etməsində bugünkü səviyyəyə çatmasında yazıçılarımızın, şairlərimizin, ədəbiyyatşünasların, dilçi alimlərin böyük xidməti var... Xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Layiqli ana dili olmayan, ana dilindən istifadə edə bilməyən, ana dilindən bəhrələnə bilməyən xalq, millət xalq, millət ola bilməz.

Heydər Əliyevin nitqində maraqlı məqamlardan biri də o oldu ki, görkəmli dilçi Tofiq Hacıyevin çıxışındakı bir neçə aktual məsələyə diqqəti cəlb edib dəyərli şərhlər verdi. Onlardan birincisi o oldu ki, professor Tofiq Hacıyev dedi:

“Cənab Prezident keçən il Türk yazarlarının üçüncü qurultayında təxminən saat yarıma qədər geniş, məzmunlu bir çıxış etdi. Türkyiədən gələn yoldaşlarım mənim yanımda oturmuşdular... Dil Qurumunun sədri Əhməd bəy tənəffüsdə dedi ki, sizin Prezident bu geniş çıxışında cəmisi  beş Avropa sözü işlətdi. İstanbul Universitetinin professoru Səfi bəy “fakt” sözünü də əlavə etdi. Aydın oldu ki, Prezident bu çıxışında cəmi altı Avropa sözü işlədibdir. Dedi ki, amma bizim  Prezidentimiz bu boyda çıxış etsəydi, orada  200- dən çox Avropa sözü olmalı idi".

Və əlavə etdi:

“Bu yaxınlarda, sentyabrın 26- da Dil Qurumu ilə Bilkənd Universitetinin  keçirdiyi Dil bayramı yığıncağında oldum. Türk dünyasının böyük elm, təhsil işçisi İhsan Doğramacı orada dedi ki, Azərbaycan türkcəsi türk dillərinin içərisində ən gözəlidir...

Bu qocaman həkim, böyük elm adamı dedi ki, hazırda türk dünyası üçün ortaq türk dili problemi vardır. Azərbaycan türkcəsi bütün türk dünyası üçün, türk xalqları üçün ortaq dil olmağa layiqdir.

Bəlkə özümüz bu işin içindəyik deyə görmürük, amma görürsünüz, kənardan necə qiymətləndirirlər".

Ulu öndər həmin məsələyə münasibətini belə ifadə etdi:

“Burada professor Hacıyev çıxış edərək Türk yazarlarının qurultayından bir xatirəni yada saldı. Bilirsiniz, bu hadisə məni sevindirdi. Çünki biz dil haqqında  müzakirə apararkən professor Hacıyev belə mövqedə idi ki,  dilimizin adı başqa cür olmalıdır. Biz isə qəbul etdik ki, Azərbaycan dili olmalıdır. Amma onun sözləri  məni ona görə sevindirdi ki, bizim Türkiyədən gələn alimimiz, dostumuz dilimizin qiymətini verə bilibdir. İş onda deyil ki, bunu mən danışıram, sən danışırsan, o birisi danışır. İş ondadır ki, dilimizin  qiymətini verə bilibdir. Həqiqətən, bizimlə dost, qardaş ölkədə – Türkiyədə də dilimizi – Azərbaycan dilini çox sevirlər... “Bilirsiniz, mən bunu dəfələrlə demişəm və bu gün fürsətdən istifadə edib yenə də deyirəm: biz türkdilli xalqların ailəsinə mənsub olan bir xalqıq. Ancaq bunun çox şaxələri var. Bunun bir şaxəsi   Azərbaycan dilidir. Biz bunu təsdiq etmişik və bu, artıq bütün ictimaiyyət tərəfindən  qəbul olunubdur. Azərbaycan dilini daha da  zənginləşdirmək, daha da inkişaf etdirmək sizin ən müqəddəs borcunuzdur”.

Professor Tofiq Hacıyevin “Bir əcnəbi təyyarə meydanından maşınla Dənizkənarı bulvara qədər gələr, bilməz ki, dünyanın  hansı şəhərindədir – Vaşinqtondadır, Ankaradadır, ya Bakıda. Bütün reklamlar, yazılar əcnəbi, yabançı dildədir” sözlərinin müqabilində ulu öndər dedi:

“O ki qaldı reklamlara və şəhərdə başqa dillərdə olan  yazılara və yaxud da ki, respublikamızda hansısa kolleclərdə ingilis dilində dərs keçilir, – bunların hamısına baxmaq lazımdır. Ancaq bu məsələdən bir o qədər də narahat olmaq lazım deyil...

...Bizim birinci nailiyyətimiz o olmalıdır ki, öz dilimizi Azərbaycanda hakim dil etməliyik. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis  danışmalıdır və bu dili sevməlidir. Bununla yanaşı, biz çalışmalıyıq ki, məktəblərimizdə,  universitetlərimizdə gənclərimiz bir neçə dil öyrənsinlər. Mütləq öyrənməlidirlər".

Prezident  Heydər Əliyev Azərbaycan, ümumiyyətlə postsovet respublikaları üçün xarakterik olan ciddi bir problemə də toxundu:

“...Azərbaycanda indi də insanlar var ki, əsasən rus dilində danışırlar. Azərbaycan dilində danışmırlar. Bizim dövlət orqanlarında da belələri var. Mən dəfələrlə xəbərdarlıq etmişəm ki, Azərbaycan dilini öyrənin, öyrənməsəniz işdən çıxaracağam”.

Vaxtilə buraya mərkəzdən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi vəzifəsinə  rus millətindən olan adamlar gəlirdi. Mən onlara Azərbaycan dilini öyrədə bilmirdim. Onlara neçə dəfə deyirdim ki, Azərbaycan  dilini öyrənin, ancaq öyrənmək istəmirdilər. Amma bu gün Rusiyanın səfiri öyrənir,  Amerikanın səfiri öyrənir, İngiltərənin səfiri öyrənir, Fransanın səfiri öyrənir. Bunların hamısı böyük  hadisədir, nailiyyətdir... Ən əsas nəticə ondan ibarətdir ki, Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan dilini əbədi edibdir və bu gün Azərbaycan dilimiz yaşayır və yaşayacaqdır. Qoy Azərbaycan dili müstəqil Azərbaycanda, eləcə də dünyada yaşayan bütün azərbaycanlıların dili olsun!”

Məhz Heydər Əliyevin formalaşdırdığı dövlət dil siyasətinin uğurla həyata keçirilməsi nəticəsində

1) Azərbaycan dilinin dövlət dili olaraq siyasi nüfuzu təmin olundu;

2) təhsilin, elmin, ədəbiyyatın və s. inkişafı ana dilinin – dövlət dilinin tərəqqisi  üçün münbit şərait yaratdı;

3) Azərbaycan dili Azərbaycan dövlətinin beynəlxalq mövqeyinin yüksəlməsi ilə tarixdə ilk dəfə geniş beynəlxalq arenaya çıxdı.

Ümummilli liderin milli dil siyasətinin ideya- məzmunu qədər mənbələri də zəngindir. Heydər Əliyevi əlinə təbaşir alıb millətinə yeni əlifbanı (dili!) öyrədən böyük Atatürklə müqayisə edənlər tamamilə haqlıdırlar. Mümkün  olan hər bir şəraitdə Azərbaycan dilindən  bəhs etmək, onun qüdrətindən danışmaq, onu sevdirmək Heydər Əliyevin daxilindən, təbiətindən, milli lider olaraq şəxsiyyətindən  irəli gəlirdi.

Heydər Əliyev dünyanın o möhtəşəm dövlət adamlarındandı ki, güclü natiqlik istedadına malik idi. Ulu öndər Azərbaycan dilini yalnız ürəkdən sevməsi, onun  dövlət dili hüquqlarını müdafiə edib milli (və beynəlxalq) nüfuzunu yüksəltməsi ilə deyil, həm də bu dildə gözəl danışması, hər kəsə nümunə göstərməsi ona (Azərbaycan dilinə) tarixi şöhrət qazandırdı, elə bir abidə ucaltdı ki, bundan sonrakı nəsillər ana dilini, dövlət dilini bir də ona görə sevəcəklər ki, o, Heydər Əliyevin dilidir.

Biz hər hansı milli mövqedən, o cümlədən də milli  dil mövqeyindən  qloballaşmanı təqdir etməsək,  hətta ona müharibə elan eləməyə qalxsaq belə, bu təbii-tarixi proses- hərəkat qarşısına çıxan bütün maneələri vurub dağıdacaq və bəşəriyyətin çoxdan arzusunda olduğu və artıq kifayət qədər populyar ifadə ilə desək, “sərhədsiz dünya”nı reallaşdıracaqdır.  Kapitalizm də buna can atırdı, kommunizm də... Modernizmlə,  necə deyərlər, postmodernizmin də idealı bundan ibarətdir... Odur ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın hazırlanıb Azərbaycan  Prezidentinin 2013- cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilməsi çox mühüm tarixi hadisə idi.

Dövlət proqramında “qloballaşma” anlayışının, tamamilə doğru olaraq, geniş izahı, bu barədəki biri digərinə çox  zaman  zidd olan mülahizələrin icmalı verilməmişdir. Lakin bu mühüm dövlət (və millət) əhəmiyyətli sənədin meydana çıxmasının tarixi səbəbinin məhz qloballaşma (onun qaçılmazlığı) olması proqramın, demək olar ki, hər  bir müddəasında öz əksini tapmış, nəticə etibarilə, ümumdünya miqyaslı – bütün bəşəriyyəti düşündürən proses – hadisəyə kifayət  qədər dərindən  (analitik) münasibət bildirilmişdir:

“Bu gün Azərbaycan dilinin  milli dövlətçiliyin başlıca rəmzlərindən olaraq istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin  yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılmışdır.  Eyni zamanda elm və texnikanın sürətlə inkişaf etdiyi  hazırki qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının  genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir”.

Burada biri digəri ilə  ən müxtəlif baxımlardan həm sıx bağlı olan, biri digərinin ardınca gələn, həm də qarşı- qarşıya dayanan  iki məsələ diqqəti çəkir:

1) Dövlət müstəqilliyi əldə etdikdən sonra (və həmin müstəqilliyi ardıcıl bir şəkildə  möhkəmləndirərək)  Azərbaycan Respublikası dövlət dilinin həm ölkədə, həm də ölkədən kənarda istifadəsi miqyasının  genişləndirilməsi və dilçilik elminin inkişaf etdirilməsi üçün hər cür siyasi- ideoloji şərait – imkanlar yaratmışdır;

2) müasir dövr, yəni   qloballaşma prosesi tələb edir ki, həmin şərait- imkanlardan faydalanmaqla Azərbaycan dilindən həm ölkədə, həm də ölkədən kənarda daha geniş istifadə, onun ictimai, siyasi və mədəni- intellektual nüfuzunun təmin edilməsi istiqamətində  tədbirlər görülsün.

Bu isə o deməkdir ki, Azərbaycan dili Azərbaycan Respublikasının (dövlətin) və dünya azərbaycanlılarının (millətin) tarixi sərvət- dəyəri olaraq müasir dünyada gedən qlobal proseslər, konkret olaraq, qloballaşma qarşısında dayanmışdır. Və o, kifayət qədər güclü müdafiə imkanlarına malik olması ilə yanaşı, zamanın tələblərinə, çağırışlarına da cavab verməlidir.

Bizim fikrimizcə, dövlət proqramı da millətimizin qloballaşma şəraitindəki tarixi maraqlarını uğurla əks etdirir. Heç şübhə yoxdur ki, “respublikada  dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və  nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı  ilə bağlıdır” .

Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ana dilinin – dövlət dilinin ictimai-siyasi nüfuzunun yüksəldilməsi ilə bağlı bir sıra hüquqi sənədlər qəbul edilmişdir ki,  burada müstəqil Azərbaycanın 1995- ci ildə qəbul olunmuş Konstitusiyasında  Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanları (2001), “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı (2004), eləcə də “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu və s. daxildir. Bununla belə, Dövlət Proqramında  deyildiyi kimi, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi  və azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı baxımından gənc nəslin ana dilinə sevgi və hörmət  ruhunda tərbiyə olunması, ədəbi dilin  normalarına ciddi surətdə əməl edilməsi, o cümlədən dilçilik elminin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanması dövrün tələbi olaraq qalır”.

Azərbaycan dilinin qloballaşan dünyadakı taleyi müxtəlif müəyyən və qeyri- müəyyən şərtlərlə bağlı olsa da, ən azı üç səviyyədə tədbirlərin görülməsi vəziyyətindən asılıdır:

1) Azərbaycan Respublikası daxilində Azərbaycan dilinin dövlət dili olaraq  inkişafının təmin edilməsi;

2) dünya azərbaycanlıları arasında bu dilin əsas ünsiyyət vasitəsi kimi ədəbi- normativ keyfiyyətdə yayılması;

3) nəhayət, dünyada Azərbaycan dilinə marağın gücləndirilməsi.

Əslində, biri digəri ilə sıx bağlı olan həmin səviyyələrin hər birində  Azərbaycan dilinin müvafiq şəkildə mövqeyinin möhkəmləndirilməsi üçün zəruri şərtlər də mövcuddur ki, buraya, birinci növbədə, əhali potensialı, xalqın intellektual- mədəni imkanları və müstəqil Azərbaycan dövlətinin kifayət qədər mükəmməl dil siyasəti daxildir.

Biz şübhə etmirik ki, qloballaşan dünya Azərbaycan dilinin qarşısına yalnız məlum maneələr, yaxud problemlər çıxarmayacaqdır, eyni zamanda, təkmilləşmə  istiqamətində geniş imkanlar da açacaqdır.

Azərbaycan Prezidenti İlham Əliyevin AMEA-nın yubileyindəki nitqi bir daha göstərdi ki, müstəqil Azərbaycan dövləti, həmişə olduğu kimi, Azərbaycan dilinin keşiyindədir.

 

Nizami CƏFƏROV,

AMEA-nın müxbir üzvü,

Əməkdar elm xadimi

 

Xalq qəzeti.- 2015.- 15 noyabr.- S.4.