“Zamanın elçisixalça

 

Noyabrın 16-da Azərbaycan Xalça Muzeyində Azərbaycan Xalçası Günü və görkəmli alim, xalçaçı rəssam Lətif Kərimovun doğum gününə həsr olunmuş “Zamanın elçisixalça” adlı bayram tədbiri keçirildi.

 

Qeyd edək ki, xalça sənəti Azərbaycan dövlətinin daim diqqət mərkəzində olmuşdur. Dövlətimizin milli irsimizə qayğısı nəticəsində 7 dekabr 2004-cü il tarixli fərmanla təsdiq edilmiş “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Qanun qəbul edilmişdir. Bu qanuna əsasən Azərbaycanda ənənəvi xalça bayramı keçirilməsi qərara alındı. Bayramın məqsədi xalça sənətinin milli irsimizin yaşadılması və gələcəyə çatdırılmasıdır.

Azərbaycan xalçası 2010-cu il 16 noyabr tarixindən artıq dünya mədəniyyətinin tərkibinə daxil edilmişdir. Belə ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə həmin tarixdə Azərbaycan xalçası UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildi. Ona görə də qərara alındı ki, hər il 16 noyabr tarixi ölkəmizdə Xalça Bayramı Günü kimi qeyd edilsin.

Dünən Azərbaycan Xalça Muzeyində keçirilən tədbir çərçivəsində muzeyin ekspozisiyasında “Tarix yazan xalçalar” adlı el sənətkarlarının toxuduğu xalçalardan, L.Kərimovun doğum gününə həsr olunmuşBir ömrün sehirli ilmələri” adlı sərgisi və Lətif Kərimovun sənətindən bəhrələnən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin və Humanitar Kollecin məzunlarının əsərlərinin “Sənəti yaşadanlar” adlı sərgilərin açılışı oldu. Xalq sənətkarlarının toxuduğu xalçalardan ibarət “Tarix yazan xalçalar”adlı sərgini muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru, professor Röya Tağıyeva açaraq milli irsimiz olan xalçaların dünya mədəniyyətinin tərkib hissəsi olduğunu bildirdi. Direktor eyni zamandaTarix yazan xalçalar” sərgisindən danışdı: “Bu sərgiyə Quba, Gəncə və digər regionların ustalarının xalçaları və “Azərxalça” müəssisəsində toxunan xalçalar da təqdim edilib. Burada Azərbaycan xalça məktəblərinə xas olan bir sıra kompozisiyalar, rəngkarlıq əsərlərini xalçaya köçürülmüş surətləri, portret xalçaları və digər süjetli xalça kompozisiyalarını görmək olar. Bununla yanaşı sərgidə kiçik kilim, palaz kimi xovsuz xalçaları, eləcə də kiçik ölçülü suvenir xalçalar da təqdim olunur”. Bir ömrün sehirli ilmələri” adlı sərginin məqsədi isə dünya şöhrətli sənətkar, xalçaçı rəssam, dünyada ilk Xalça Muzeyinin yaradıcısı Lətif Kərimovu bir daha dərin hörmət və rəğbət hissi ilə anmaq, onun Azərbaycan xalçaçılıq sənətinə gətirdiyi yeniliklər və töhfələr haqqında geniş tamaşaçı kütləsini məlumatlandırmaqdır. Azərbaycan xalça elminin banisi Lətif Kərimov uzun elmi və pedaqoji fəaliyyəti ərzində onun yolunu davam etdirən bir çox istedadlı sənətşünas yetişdrimişdir. Bir çox gənc rəssamlar, xalçaçılar onun qoyduğu irsdən bəhrələnərək yeni-yeni sənət nümunələri yaratmaqdadırlar.Onlardan görkəmli xalçaçı - rəssamlar Məmmədhüseyn Hüseynov, Aydın Rəcəbov, Əlisəfa Nuriyev, Adil Məmmədov, Arif Nuriyev, Eldar Mikayılzadə, Mətanət Aslanova, Humayə Məmmədova çıxış edərək böyük alim haqqında ürək sözlərini bildirdilər.

Muzeyin ekspozisiyasında Lətif Kərimovun sənətindən bəhrələnən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin və Humanitar Kollecin məzunlarının işləri “Sənəti yaşadanlar”adlı sərgidə tələbələrin diplom işləri - xalçalar, xalça eskizləri nümayiş olunur. Burada həm həndəsi, həm nəbati elementlərin, yeni çalarların istifadə olunduğu əl işlərini ərsəyə gətirərkən gənc rəssamlar Lətif Kərimov irsindən bəhrələnmiş, ondan ilham almışlar. Azərbaycan xalça sənəti nəsillərdən-nəsillərə ötürülərək inkişaf edir, dəyişir, yeni motivlərlə zənginləşir. Gənc ustalar da öz işlərində xalça sənətinin özülünü saxlamaqla bu sənətə yeni nəfəs gətirirlər. Təqdim olunmuş nümünələrdə də bu öz əksini tapmışdır.

“Dəyirmi masada respublikamızın tanınmış xalçaçı rəssamları, xalça istehsalçıları və Rəssamlıq Akademiyasının müəllimləri ilə tələbələr arasında açıq söhbət aparıldı. Milli irsimiz olan xalçanın bugünü, gələcəyi və problemləri müzakirə olundu, yetişən nəslin qədim sənətimizə marağının artırılması yolları arandı. Gənc rəssamlar onları maraqlandıran suallarla görkəmli rəssamlara müraciət etdi və qarşılıqlı fikir mübadiləsi aparıldı.

Tədbirin sonunda qonaqlara konsert proqramı təqdim olundu.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2015.- 17 noyabr.- S.7.