Zaqatala: Turizm bölgəsinə

layiq tərəqqi davam edir

 

Rayon icra hakimiyyətinə sakinlərdən gələn  müraciətlərin daha çox hansı məsələləri əhatə etdiyini öyrənmək istəyəndə maraqlı bir  məktubla tanış oldum. Əliabad qəsəbəsinin sakinləri rayon icra hakimiyyətinin başçısına ünvanladıqları  müraciətdə yazırdılar:  “Hörmətli Mübariz müəllim, bu il qəsəbəmizin sakini  Asya Mahmudova  qəbul imtahanlarında 700 bal toplamışdır.... Siz  həmin uğur  münasibətilə  Asyanı xüsusi hədiyyə ilə – xarici markalı yeni minik avtomobili  ilə  mükafatlandıranda bütün rayon sakinlərinin sevinci birə-beş qat artdı.  Bu diqqətə, qayğıya və humanist addıma  görə qəsəbəmizin bütün sakinləri sizə sonsuz dərəcədə minnətdarlıqlarını bildirirlər”. Məktubu oxuyanda icra hakimiyyətindəki  həmsöhbətimə dedim ki, mən Asya Mahmudovanın mükafatlandırıldığı həmin mərasimdə şəxsən iştirak etmişəm.

 

İndiki kimi yadımdadır.  Sentyabrın 2-də  Zaqatala Mədəniyyət Mərkəzində ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanmış gənclərlə rayon rəhbərliyinin görüşü  keçirilirdi. Müəllim və valideynlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbiri rayon təhsil şöbəsinin müdiri Habil Qurbanov açaraq  ali məktəblərə qəbul imtahanlarında zaqatalalı məzunların qazandıqları uğurlar barədə danışdı. Bildirdi ki, bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 520 məzundan 379 nəfəri tələbə adını qazanıb. İmtahanlarda Əliabad qəsəbə 1 saylı tam orta məktəbin məzunu Asya Mahmudova ən yüksək nəticə – 700 bal qazanaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəöul olunub. Məzunlardan14 nəfəri 600-dən, 33 nəfəri isə 500 baldan yuxarı nəticə göstərib. Təbii ki, həmin tədbirdə  çıxışlar oldu, maraqlı fikirlər səsləndirildi. Ancaq elə bilirəm ki, rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin çıxışı hələ on illər boyu heç bir zaqatalalının yadından çıxmayacaq. Mübariz müəllim ali məktəblərə qəbul  olunan gəncləri şərəfli tələbə adına layiq görülmələri münasibətilə təbrik etdi, onlara Vətənimizə, xalqımıza gərəkli mütəxəssis kimi yetişməyi arzuladı, müəllimlərin və valideynlərin etimadını doğrultmağı, rayonun adını daim uca tutmağı tövsiyə etdi. Sonra isə qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərən tələbələrə  mükafatlar təqdim olundu. İmtahanlarda 700 bal toplayan Asya Mahmudova isə rayon icra hakimiyyəti tərəfindən xüsusi hədiyyə – minik avtomobili ilə mükafatlandırıldı. Kino lenti kimi gözümün qabağındadır, icra hakimiyyətinin başçısı Asya Mahmudovaya təntənəli surətdə avtomobilin açarlarını təqdim edəndə tədbirdəki gənclərin bəlkə də hamısı Asyaya böyük həsədlə baxırdı. Mən elə oradaca Habil müəllimə dedim ki, gələnilki qəbul imtahanlarından sonra bəlkə də iki və ya üç avtomobil almalı olacaqsınız. Həmsöhbətimin cavabı daha maraqlı oldu:

– Mübariz müəllim də elə həmin məqsədləri hədəfə alıb. Çünki gənclərin daha yüksək savada və intellektual səviyyəyə malik olması üçün vəsait xərclənməsi gələcəyə sərmayə yatırılması deməkdir.

Yeri gəlmişkən, elə həmin ay Zaqatalada iştirak etdiyimiz ikinci tədbirdə  də bilavasitə təhsillə, bölgənin gələcəyi ilə bağlı maraqlı faktlar səsləndirilmişdi. Sentyabrın 15-də  rayonun Yuxarı Tala kəndində 2012-ci ilin mayında baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş 2 nömrəli tam orta məktəb üçün büdcə vəsaiti hesabına inşa edilən 450 yerlik yeni məktəb binası şagirdlərin istifadəsinə verilirdi. Həmin  mərasimdə bildirildi  ki, zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı  həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təbii fəlakət nəticəsində uçub dağılan, qəzalı vəziyyətə düşən fərdi evlərin, məktəb və uşaq bağçalarının, infrastrukturun yenidən tikintisi və bərpası üçün dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılıb. Bu vəsait hesabına təkcə Zaqatala rayonunda minlərlə fərdi ev, həmçinin 23 məktəb binası tikilib, 6 məktəb binasında, 9 uşaq bağçasında bərpa-gücləndirmə işləri aparılıb, Azərbaycan Müəllimlər İnstitutunun filialı üçün yeni bina inşa edilib. Ona görə də zaqatalalılar həyata keçirilən bütün bu tədbirlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirdilər. Orada diqqətə çatdırıldı ki, son 5 ildə rayonda 31 yeni məktəb binası istifadəyə verilib, 7 məktəb əsaslı təmir olunub.

Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə noyabr ayındakı görüşümüzdə yazının əvvəlində yada saldığım bu iki fakt barədə də danışdım.  Rayon rəhbəri qeyd etdi ki, biz bu gün Zaqatalanın hərtərəfli inkişafını təmin etmək üçün çoxsaylı layihələr icra edirik. Xüsusi tədbirlər planının həyata keçirilməsi nəticəsində dövlətin və dövlət başçısının qarşımıza qoyduğu vəzifələrin yerinə yetirilməsinə nail oluruq. Məsələn, respublikada aparılan uğurlu iqtisadi siyasətin nəticəsi olaraq 2015-ci ilin geridə qalan aylarında  Zaqatalada iqtisadiyyatın dinamik inkişafına nail olunub, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində işlər davam etdirilib, 173 milyon manat dəyərində ümumi məhsul istehsal edilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz çoxdur. Məhsul istehsalı sənayedə 27,2 faiz, kənd təsərrüfatında 12,7 faiz, rabitədə 14,8 faiz, ticarətdə 5,4 faiz , pərakəndə əmtəə dövriyyəsində 10,1 faiz artıb, pullu xidmətlərin həcmi 4 faiz yüksəlib, əsas kapitala 12,9 milyon manat investisiya yönəldilib, 759-u daimi olmaqla 795 yeni iş yeri açılıb.

Dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində işlər davam etdirilib. Məsələn,  Qarabağ əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 36 mənzilli yaşayış evinin tikintisi üçün 0,40 hektar, 54 mənzilli yaşayış evinin tikintisi üçün 0,60  hektar torpaq sahəsi seçilib və bununla əlaqədar müvafiq sənədləşmə işləri aparılıb, Qarabağ əlilləri və şəhid ailələri üçün 7-si şəhərdə, 9-u kəndlərdə olmaqla (Əlibayramlı, Ələsgər, Mosul, Muğanlı, Aşağı Çardaxlar, Yuxarı Çardaxlar, Yuxarı Tala, Bəhmətli və Yolayrıc) 19 ədəd fərdi yaşayış evinin tikintisi davam etdirilib, imtiyazlı kateqoriyadan olan 5 nəfərə isə fərdi evlərin tikintisinin aparılması üçün torpaq sahəsinin ayrılması təmin edilib. Böyük Vətən müharibəsi, Qarabağ və hərbi xidmət əlillərindən 7 nəfərə  pulsuz minik avtomaşını, 16 nəfərə isə  müalicəyə getmək üçün  sanator-kurort  göndərişi  verilib.

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası  ilə bağlı rayonda  kənd təsərrüfatı tədbirləri davam etdirilib. Kənd təsərrüfatı tədbirlərinin aqrotexniki müddətlərdə və keyfiyyətlə icra edilməsi məqsədilə rayonda bütün imkanlar səfərbər olunaraq 668 ədəd özüyeriyən texnikadan istifadə olunub, “Aqrolizinq” ASC-nin rayon filialında olan 50 ədəd müxtəlif kənd təsərrüfatı texnikası vasitəsilə  cari ilin 9 ayında 1808 hektar sahədə aqrotexniki işlər yerinə yetirilib.

Rayon rəhbərindən eşitdiyimiz bu faktlardan əlavə icra hakimiyyətindən də çoxsaylı faktlar və rəqəmlər götürdük. Məlum oldu  ki, 2015-ci ilin məhsulu üçün becərmə aparmış buğda istehsalçılarının maddi marağının artırılması məqsədilə  181586.80 manat subsidiya verilib, əkin sahəsinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə 885240,50 manat yardım hesablanıb,  fermer təsərrüfatlarına 259143,14  manat dəyərində güzəştli qaydada mineral gübrələr satılıb. Məhsuldarlıq da pis deyil: 34 min 411 ton  taxıl, o cümlədən, 23 min 471 ton  buğda, yazlıq əkinlər üzrə 32022 ton qarğıdalı, 399 ton dən üçün günəbaxan, 18482 ton   kartof, 18984 ton  tərəvəz, 8274 ton   bostan məhsulu, 819 ton tütün, 18603 ton meyvə, 191 ton   üzüm, 36 ton yaşıl çay yarpağı istehsal olunub.

Yaranışdan gözəl olan Zaqatalanın təbii gözəlliyinin qorunması üçün rayonda ekoloji məsələlər də diqqət mərkəzində saxlanılır. Ətraf mühitin mühafizəsi məqsədi ilə  17 min 500 ədədi yol kənarlarında olmaqla, inzibati ərazilərdə 115 min 500 ədəd ağac əkilib. 649,5 hektar sahədə mədəni meşə əkininə xidmət  olunub, 40 hektar sahədə isə mədəni meşə əkini aparılaraq müxtəlif cinslərdən ibarət tinglər əkilib. Hazırda Zaqatala rayonunun meşə sahələrinin ümumi torpaq sahələrinə olan nisbəti 37,6 faiz   təşkil edir.

Ölkəmizin hər yerində olduğu kimi, Zaqatalada da insan amili hər şeydən üstün tutulur. Məsələn, Prezident İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırması və əhalinin içməli suya olan təlabatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 29 yanvar 2014-cü il tarixli sərəncamının icrası olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən rayonda 18 ədəd subartezian quyusu qazılaraq istismara qəbul edilib.  Bununla yanaşı, həmin qurum tərəfindən  22 ədəd subartezian quyusu təmir olunub, 6 kəndin  2101 hektar əkin sahəsinin suvarılmasına xidmət edən  iki pilləli “Alazan” nasos stansiyasının suvarma şəbəkəsinin təmir edilməsinə başlanılıb.  Rayonda daha 12 ədəd subartezian quyularının qazılması nəzərdə tutulur. Artıq Lahıc, Mosul, Kəpənəkçi, Qandax, Faldarlı, Dağlı və Muğanlı kəndində subartezian quyuları qazılıb, Aşağı Tala kəndində isə quyunun qazılmasına hazırlıq işləri görülür.

Xatırladaq ki, təkcə bu il rayonda bütün maliyyə mənbələri hesabına 11 milyon manat dəyərində tikinti, təmir və abadlıq işləri görülüb.    Zaqatala şəhərinin Sülh küçəsində çoxmənzilli yaşayış binalarının həyətində ictimai xeyir-şər evinin tikintisi başa çatdırılaraq istifadəyə verilib, rayon məhkəməsi üçün yeni inzibati binanın  tikintisi davam etdirilib,   Heydər Əliyev Mərkəzinin və Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının tikintisi başa çatdırılıb. Rayonda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin - 3 ədəd 45 mənzilli yaşayış binasının, 150 şagird yerlik tam orta məktəbin, 50 yerlik uşaq bağçasının, klub binasının, tibb məntəqəsinin, ATS binasının və digər qurğuların tikintisinə başlanılıb və  hazırda bu işlər davam etdirilir.

Sahibkarlar tərəfindən rayonda yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, yüksək mərtəbəli yaşayış binalarının tikintisi davam etdirilir. Bu il rayonda ümumi sahəsi 11681 kvadratmetr olan 89 fərdi yaşayış evi tikilərək istifadəyə verilib. Şəhərin 28 may və Qarabağ küçələrində yaşayış və ictimai binaların tarixi görkəminin bərpası işləri aparılıb. Heydər Parkında  yenidənqurma və abadlıq işləri aparılıb, köhnə daş plitələr sökülərək 3210 kvadratmetr yeni tamet plitə, 1660 metr uzunluğunda bardür düzülüb.  “Yevlax-Zaqatala — Gürcüstan Respublikası ilə Dövlət sərhədi” magistral avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən 1,8 kilometr  hissəsinin genişləndirilməsi və yol kənarının abadlaşdırılması işlərinə başlanılıb, 2000 metr uzunluğunda istinad divarı tikilmiş, 1500 kvadratmetr üzləmə işləri aparılıb və 4000 metr uzunluğunda bardür düzülüb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Əhaliyə göstərilən xidmətlər də müasir tələblər səviyyəsinə qaldırılır. Məsələn, rayonun yaşayış məntəqələrində enerji təminatı sahəsində  müəyyən işlər görülüb, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Zaqatala Elektrik Şəbəkəsi tərəfindən əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə 17 ədəd yeni tipli, müasir standartlara cavab verən müxtəlif güclü transformator məntəqəsi quraşdırılıb, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilib. Əliabad qəsəbəsinə, Yengiyan, Maqov, Paşan, Yolayrıc və Höytala kəndlərinə təbii qaz verilib, hazırda podratçı təşkilatlar tərəfindən rayonun Mosul, Aşağı Cardaxlar və Car kəndlərinə daşıyıcı qaz xətlərinin çəkilişi davam etdirilir.

Təbii ki, Zaqatala ölkənin əsas turizm rayonlarından biridir. Ona görə də burada yol təsərrüfatı rayon rəhbərliyinin daim  diqqət mərkəzindədir. Rayonda avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri sahəsində kifayət qədər  işlər görülüb.  Məsələn,  Zaqatala şəhərinin küçələrinə, ümumilikdə 17 min 950 kvadratmetr, Yuxarı Tala kəndarası avtomobil yoluna 1 kilometr, Dağlı kəndarası avtomobil yoluna 0,4 kilometr uzunluğunda asfalt örtüyü döşənib. Kebeloba-Axaxdərə avtomobil yolunda 18 metr uzunluğunda dəmir-beton körpü inşa edilib.

Prezident  İlham Əliyevin tapşırığı əsasında “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində  tətil günlərində rayonun 10 istedadlı şagirdi Naxçıvan Muxtar  Respublikasına  göndərilib və  xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği məqsədi ilə Heydər Əliyev Mərkəzində keçirilmiş  “açıq dərs”lərdə 1227  nəfər  şagird iştirak edib.

Zaqatalada gənclərin vətənpərvərlik tərbiyəsi də daim diqqət mərkəzindədir. Məsələn, faşizm üzərində Qələbənin 70 illik yubileyi münasibətilə rayonda veteranlarla birlikdə silsilə  görüşlər keçirilib, müharibə iştirakçılarının foto -stendi hazırlanıb və Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının nümayəndələrinin iştirakı ilə ümumrayon tədbiri təşkil olunub.   Mayın 10-da   ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü  münasibətilə Gül bayramı keçirilib, konfrans  və bayram konserti təşkil olunub, “Ulu öndər-ulu zirvə” adlı VII  kitab bayramı keçirilib.

Bu turizm bölgəsinin  təbiəti, mədəniyyəti, folkloru kimi bütün sahələri özünəməxsus nüfuz qazanmaqdadır. Məsələn, Şəkidə keçirilən  “İpək yolu”  VI beynəlxalq musiqi  festivalında Zaqatala rayonu 3 folklor kollektivi ilə təmsil olunub,  ikinci beynəlxalq ənənəvi  şirniyyat  festivalında  Zaqatala  ikinci yeri tutaraq gümüş medal və diploma layiq görülüb. Qəbələ şəhərində təşkil olunan  III beynəlxalq mürəbbə  festivalında  bu   rayon “Gül mürəbbəsi” ilə ikinci yerə,    “Kəndəlaş mürəbbəsi” ilə birinci yerə layiq görülərək kubok, qızıl medal və hədiyyələrlə təltif olunub. Qax şəhərində   təşkil olunmuş “Ulu dad” milli mətbəx festivalında     Zaqatala fəxri fərman və hədiyyələrlə  təltif  olunub. Eləcə də, Mingəçevir şəhərində keçirlən Gənc sahibkarların 3-cü Respublika sərgisində Zaqatala Xalça Evində istehsal olunan əl işləri  nümayiş etdirilib,  rayonu təmsil edən gənc sahibkar  sərgidə qalib iştirakçı sertifikatına layiq görülüb. Yəni, istənilən sahədə, istənilən qədər uğur qazanılıb.

Bu ayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rayona səfərini zaqatalılar böyük tarixi hadisə adlandırırlar. Bu da təsadüfi deyil. Həmin gün ölkə başçısı rayonu gəzdi, möhtəşəm, müasir memarlıq üslubunda tikilən Heydər Əliyev Mərkəzinin, yaraşığı ilə diqqəti cəlb edən,  hər cür şəraiti olan uşaq bağçasının açılışlarını etdi. Zaqatala-Danacı yolunun istismara verilməsi münasibətilə sakinlərə səmimi arzularını çatdırdı. Rayon əhalisi ilə görüşən ölkə başçısı Zaqatalanın son illərlə gözəlləşdiyini xüsusi ilə vurğuladı. Odur ki indi Zaqatalada kimi dindirsən bu xoş günlərin təəssüratı altında olduğundan fəxrlə danışır.

...  Zaqatala təbiətinin əsrarəngiz gözəlliyinin noyabr mənzərəsini görəndə yadıma bilirsiniz nə düşdü?  Bir filmdə xoşagəlməz hadisə nəticəsində meşədə gecələməli olan uşaqlarla  kəndin  qoca sakininin əhvalatını xatırladım. Uşağın birinin üşüdüyünü görən qoca paltosunu çıxarıb onun üstünə sərdi... Sonra pencəyini, köynəyini başqa-başqa uşaqların üstünə saldı. Uşaqlar səhər oyananda qocanı qışda - yarpaqsız  üşüməyən palıd kimi ayaq üstdə gördülər. Bu gün Zaqatalada da ağacların hamısı köynəyini eləcə soyunub yamacdakı, dərədəki otların, soyuqdan dona biləcək güllərin, çiçəklərin üstünə atırlar. Novruz qabağı o güllər, otlar torpaqdan baş qaldıranda ağacların hamısını film qəhrəmanına çevrilmiş qoca kimi mərdi-mərdanə görəcəklər.  Fərq isə ondadır ki, filmdəki  məqam xoşagəlməz hadisə nəticəsində baş vermişdisə, Zaqataladakı qoca... ağaclar məmnunluqdan öz köynəklərini soyunub  otlara, zəif bitkilərə  yorğan düzəldirlər. Qar isə, hələ ancaq zirvələrdədir. Bu lövhəni görən görüb, görməyənlərə də qismət olsun.

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2015.- 19 noyabr.- S.7.