Azərbaycan UNESCO-nun, demək olar ki,
bütün
konvensiyalarını və digər hüquqi aktlarını
imzalamış və
ratifikasiya etmiş ölkədir
Biz mədəniyyətlərarası
dialoq mövzusunda keçirilən üç forumda UNESCO-nun
rəsmi tərəfdaşımız olmasından və Azərbaycanın
Şərq ilə Qərbin qovuşuğunda yerləşən,
əhalisinin əksəriyyətini müsəlmanlar təşkil
edən, lakin, eyni zamanda, dünyəvi cəmiyyəti və
hökuməti olan, Avropa Şurasının və İslam
Əməkdaşlıq Təşkilatının üzvü
olan bir ölkə kimi nadir rol oynamasından qürur hissi
duyuruq.
İlham
ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Paris, 17 noyabr,
2015-ci il
Ölkəmizin öz
dövlət müstəqilliyini bərpa etməsindən sonra
ən uzunmüddətli və səmərəli əməkdaşlıq
etdiyi beynəlxalq təşkilatlardan biri də BMT və həmin
təşkilatın ən mühüm qurumlarından olan
UNESCO-dur. Hətta dövlətimiz bu
qurumla əməkdaşlıq çərçivəsində
bir sıra beynəlxalq tədbirlərin müştərək
keçirilməsinə də nail olmuşdur. Azərbaycan
rəhbərlərinin UNESCO-ya, UNESCO rəhbərlərinin isə
ölkəmizə səfərləri bu əməkdaşlığın
daha da səmərəli olmasını təmin etmişdir.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın bir neçə gün öncə
UNESCO qərargahına növbəti səfərləri də
əməkdaşlığımızın yüksək səviyyədə
olmasından xəbər verirdi.
Məlum
olduğu kimi, bu il UNESCO-nun Nizamnaməsinin
qəbulundan 70 il ötür. Hələ bir
neçə ay qabaqcadan dünya mətbuatı yazırdı
ki, bu təşkilatın yaradılmasının 70 illiyi
münasibətilə bir sıra tədbirlərin keçirilməsi
nəzərdə tutulur. Azərbaycan rəhbərliyinin
iştirak etdiyi UNESCO Baş Konfransının 38-ci
sessiyasının Liderlər Forumu da təşkilatın
yaradılmasının 70 illiyinə həsr edilmişdi.
Təbii ki, ölkəmizin əsas tərəfdaşlarından
olan bir qurumun konfransında səsləndirilən bütün
çıxışlar və hətta, fikirlərin
hamısı bizim üçün önəmli və
maraqlı idi. Ancaq sessiyanın sədri,
Namibiyanın informasiya və kommunikasiya texnologiyaları
nazirinin müavini Stanley Mutumba Simataanın Azərbaycan
Prezidentinə söz verərkən bizim haqqımızda səsləndirdiyi
fikirlər istənilən azərbaycanlı üçün
məmnunluq gətirdi. Spiker qeyd etdi ki, Prezident İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası
sürətli iqtisadi artıma nail olaraq UNESCO-nun etibarlı tərəfdaşına
çevrilmiş və təşkilatımızın
mandatına uyğun bütün sahələrdə UNESCO-ya dəstək
göstərmişdir: “Zati-alilərinin “Bakı prosesi” təşəbbüsü
ilə çıxış etməsini xüsusi vurğulamaq
istəyirəm. Bu təşəbbüs iki fərqli
coğrafi regiona mənsub olan mədəniyyət nazirlərini
bir araya gətirməklə Avropa Şurası və İslam
Əməkdaşlıq Təşkilatını əhatə
edir. Ötən illər ərzində Azərbaycan mədəniyyətlərarası
dialoq üzrə üç dünya forumuna müvəffəqiyyətlə
ev sahibliyi edib və yaxın gələcəkdə
BMT-nin Sivilizasiyalar Alyansının yeddinci Qlobal Forumunu təşkil
edəcək. Bütün bunlar Azərbaycanın
mədəniyyətlərarası dialoqun təşviqinə
sadiq qalmasının göstəricisidir".
Bütün beynəlxalq
təşkilatların tribunasından çıxış edərkən
siyasətin və diplomatiyanın ən incə məqamlarından
belə məharətlə istifadə edən Azərbaycan
Prezidenti UNESCO tribunasından da müasir Azərbaycan həqiqətlərini
böyük məharətlə dilə gətirdi.
Dövlət başçımızın əvvəlcə,
noyabrın 13-də Parisdə baş vermiş dəhşətli
terror hadisəsi ilə bağlı Azərbaycan xalqı
adından Fransa xalqına dərin hüznlə
başsağlığı verməsi, Azərbaycan
xalqının Fransa xalqının kədərini
bölüşdüyünü dilə gətirməsi və
Fransa Respublikasının tarixində bu faciəli məqamda
xalqımızın Fransa xalqı ilə çiyin-çiyinə
dayandığını bildirməsi, sözün həqiqi mənasında,
Azərbaycan həqiqətləri idi. Eləcə
də, dövlət başçımızın “beynəlxalq
ictimaiyyət bu bəla ilə mübarizə aparmaq
üçün səylərini birləşdirməlidir” –
çağırışı da rəsmi Bakının bu məsələ
ilə bağlı illərdən bəri səsləndirdiyi təkliflərin
biri, yəni Azərbaycan həqiqəti idi.
Çünki: “Dünyanın heç bir ölkəsinə
bu cür hücumlara məruz qalmayacağı barədə
yüz faiz zəmanət verilə bilməz. Buna
görə də beynəlxalq ictimaiyyətin birgə səyləri
bizə bu bəla ilə mübarizə aparmağa kömək
edə bilər. Keçmişdə
çoxsaylı terror hadisələrinin qurbanı olmuş bir
ölkə kimi Azərbaycan terrorizmə qarşı
mübarizədə öz rolunu oynayır və bu rol beynəlxalq
ictimaiyyət tərəfindən qiymətləndirilir”.
Ölkəmizin
UNESCO ilə əməkdaşlığının tarixçəsini
yada salan, bu tarixçənin hər iki tərəfə kifayət
qədər üzağlığı gətirən
çoxsaylı faktlarla zəngin olduğunu qeyd edən
dövlət başçımız rəsmi Bakı tərəfindən
atılmış addımların götürülmüş
öhdəliklərin yerinə yetirilməli olduğunu
söylədi: “Azərbaycan UNESCO-nun fəal
üzvüdür. 23 ildən artıqdır, demək
olar ki, müstəqilliyini bərpa etdikdən dərhal sonra,
Azərbaycan UNESCO-nun üzvü olmuşdur və bəşəri
dəyərlərin təşviqində öz rolunu
oynamaqdadır. Azərbaycan, demək olar
ki, UNESCO-nun bütün konvensiyalarını və digər
hüquqi aktlarını imzalamış və ratifikasiya
etmişdir. 2003-cü ildə Azərbaycan
ilə UNESCO arasında mədəniyyət, elm, təhsil və
kommunikasiya sahələrində əməkdaşlıq
üzrə Çərçivə Sazişi
imzalanmışdır. Bu da Azərbaycana
UNESCO donorlarından birinə çevrilmək imkanı
vermişdir. Bu, ən zəif inkişaf
etmiş ölkələr qarşısında bizim öhdəliyimizdir”.
Dövlət başçımızın da
dediyi kimi, bu gün Azərbaycan beynəlxalq arenada etibarlı
tərəfdaş və təmsil olunduğu təşkilatların
fəal üzvüdür. Prezident fəxrlə yada
salır ki, bizim ən böyük siyasi və diplomatik
uğurumuz 2011-ci ildə 155 ölkənin dəstəyi ilə
BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməyimiz
olub: “Bu da beynəlxalq ictimaiyyət tərəfindən qlobal
arenada Azərbaycanın rolunun, uğurlu fəaliyyətinin
tanınması və bizim nailiyyətlərimizə hörmət,
etimad və minnətdarlıq əlaməti idi. Beynəlxalq
ictimaiyyətin etibarlı üzvü kimi Təhlükəsizlik
Şurasında sədrlik etdiyimiz iki il ərzində
biz diqqəti iki vacib məsələyə yönəltdik. Bunlar beynəlxalq terrorizmə qarşı mübarizə
və mədəniyyətlərarası dialoqdur. Əfsuslar olsun ki, müstəqillik illərinin lap əvvəlindən
Azərbaycan erməni təcavüzünün qurbanına
çevrilmişdir. Azərbaycanın beynəlxalq
səviyyədə tanınan ərazilərinin Ermənistan tərəfindən
işğalı bu günə kimi davam edir. Ermənistan tərəfindən yürüdülən
etnik təmizləmə siyasəti nəticəsində bir
milyondan artıq azərbaycanlı qaçqın və məcburi
köçkün vəziyyətinə
düşmüşdür. 250 min azərbaycanlı
Ermənistandan deportasiya olunmuş və etnik təmizləməyə
məruz qalmışdır, 750 min nəfər isə öz
ölkəmizdə məcburi köçkünə
çevrilmişdir”.
Məlum olduğu kimi, bu gün Avropanı və
bütövlükdə, dünyanı ən çox narahat edən
məsələlərdən biri də Avrasiyada yaşanan
miqrantlar problemidir. Bir tərəfdən hansısa dövlətin və ya
siyasətçilərin səhvi üzündən milyonlarla
insan yüz illərlə yaşadığı ata-baba
torpaqlarından, ən başlıcası Vətənindən
didərgin düşür, öz mədəniyyətini,
milli-mənəvi dəyərlərini itirmək qorxusu ilə
üz-üzə qalır, digər tərəfdən isə əksər
Avropa ölkələrinin əsrlərdən bəri
yaratdığı nizam, daxili sabitlik pozulmaq təhlükəsini
yaşayır. Kimin – didərgin
salınanınmı, yaxud milyonlarla köçkünü qəbul
edib yerləşdirmək çətinliyi ilə üzləşənlərinmi
– probleminin daha ağır olduğunu söyləməkdə
ekspertlər belə çətinlik çəkirlər.
Fakt isə ondan ibarətdir ki, hər iki tərəf
bu çətinliyi yaşayır. Digər bir fakt isə
ondan ibarətdir ki, Azərbaycan Respublikası həmin problemləri
hələ 20 il qabaq
yaşamışdı. Bəzi xarici dairələrin
havadarlıq edərək quduzlaşdırdığı Ermənistanın
işğalçılıq siyasəti bizə Avropanın bu
gün yaşadıqlarını ötən əsrin son
onilliyinin əvvəllərində yaşatmışdı.
Prezident İlham Əliyev Parisdə həmin faktları
bütün dünyanın eşidə biləcəyi tərzdə
yada saldı: “Bu gün televiziyada Avropanın üzləşdiyi
miqrasiya böhranı ilə bağlı reportajları izləyərkən,
əlbəttə ki, biz evlərini tərk etmək məcburiyyətində
qalan insanların ağrısını başa
düşürük. Eyni zamanda, biz bu prosesin
Avropada yaşayanlar üçün çətinliklər
törətdiyini də anlayırıq. Lakin,
eyni zamanda, 1992-1993-cü illəri xatırlayırıq.
Bu illər ərzində biz Azərbaycanda bir
milyona yaxın insanı yerləşdirməli idik. O
vaxtlar Azərbaycanın əhalisi təxminən səkkiz
milyondan bir az artıq idi. Beləliklə,
bu, dünya miqyasında adambaşına düşən
qaçqın və məcburi köçkünlərin
sayının ən yüksək göstəricisi idi. Qaçqın və məcburi köçkünlərin
cəmiyyətimizə inteqrasiyası üçün əlimizdən
gələni etdik. Bu gün onlar ölkəmizin
inkişafında çox vacib rol oynayırlar”.
Bütün bunlar haqqında – yəni Azərbaycan həqiqətləri
barədə əhatəli şəkildə danışan
dövlət başçımız, eyni zamanda, tədbir
iştirakçılarının diqqətini dünya həqiqətlərinin
üzərinə çəkdi. Həmin həqiqətlər isə əslində
dünya ictimaiyyətinin bəzi ikiüzlü və ikili
standartlardan əl çəkə bilməyən nümayəndələrinin
sifətinə endirilən sillə effekti yaradırdı: “ Biz BMT Təhlükəsizlik
Şurasının qəbul etdiyi qətnamələrin icra
mexanizmlərini təkmilləşdirməliyik ki, ikili
standartlara yol verilməsin. Çünki biz
hamımız bilirik ki, bəzi hallarda Təhlükəsizlik
Şurasının qətnamələri bir neçə
günə, hətta bir neçə saata icra olunur. Lakin bizim timsalımızda 20 ildən artıqdır
ki, danışıqlar masasında heç bir irəliləyiş
yoxdur, çünki Ermənistan sülh istəmir. Onlar bizimlə sülh şəraitində yaşamaq
istəmirlər. Onlar imkanları olduğu qədər
işğalçılıq siyasətini davam etdirmək istəyirlər
və əfsuslar olsun ki, bu günə qədər buna nail ola biliblər”.
Azərbaycan
Prezidenti dünyanın ən böyük humanitar təşkilatının
tribunasından Azərbaycan xalqının üzləşdiyi
humanitar fəlakətə necə böyük tolerantlıqla
münasibət bildirdiyini car çəkdi: “Siz bu vəziyyətlə
video və rəsmlərlə, internet vasitəsilə tanış ola bilərsiniz. Azərbaycanın
600-dən çox tarixi və memarlıq abidəsi erməni
silahlı qüvvələri tərəfindən tamamilə məhv
edilmişdir. Daxilində 40 min eksponat sərgilənən
22 muzey məhv edilmişdir. O cümlədən bizim
tarixi irsimizə aid olan qiymətli nümunələr muzeylərdən
oğurlanaraq sonradan müxtəlif hərraclarda
satılmışdır. Erməni
işğalçıları tərəfindən 10 məscid
yerlə-yeksan olunmuşdur. Buna baxmayaraq,
siz bu gün Bakının mərkəzində Azərbaycan
hökuməti tərəfindən bərpa olunmuş erməni
kilsəsini görə bilərsiniz. Bu,
multikulturalizmə olan yanaşmada bir fərqdir, bu, dini
tolerantlığa olan yanaşmada bir fərqdir və bu, bir
daha terrorizmin heç bir dinə, milli mənsubiyyətə aid
olmadığını nümayiş etdirir”.
Yeri gəlmişkən, bu gün dünyanın əsas
kütləvi informasiya vasitələri planetin müxtəlif
guşələrində rəvac verilən antiislam məzmunlu
tədbirlər haqqında qorxulu xəbərlər
yayırlar. Bəzi gözəgörünməz qüvvələr
bütün terrorların, guya müsəlmanlar tərəfindən
törədildiyini söyləməklə antiislam əhval-ruhiyyəni
daha da qızışdırmağa çalışırlar.
Azərbaycan Prezidenti Bakıda keçirilən
beynəlxalq tədbirlərdə dönə-dönə
söyləmişdir ki, terrorçunu cəzalandırmaqla bu
murdar əməlin qarşısını almaq mümkün
deyil, bunun üçün terroru törədən səbəblər
öyrənilməli və aradan qaldırılmalıdır.
Bundan başqa. Prezident
İlham Əliyevin dəfələrlə dediyi kimi, kiminsə,
kimdənsə qisas almaq üçün törətdiyi cinayət
əməlləri də daxil olmaqla, bütün terror əməllərinin
İslam dininin adı ilə bağlanılması tamamilə
yolverilməzdir. Dövlət başçımız
Parisdə də həmin məsələyə toxundu və
konkret mövqe ortaya qoydu: “İslamı terrorizmlə əlaqələndirmək
tamamilə qəbuledilməzdir”.
Dövlət başçımızın Paris səfəri
barədə qələmə aldığımız sətirləri
bilavasitə zamanın bəşər övladının
qarşısında qoyduğu sülh və barış məzmunlu
çağırışlarla bitirmək daha yerinə
düşərdi. Həmin çağırışı Prezident
İlham Əliyev Parisdə bu şəkildə dilə gətirdi:
“Bu gün mədəniyyətlərarası dialoqa heç
zaman olmadığı qədər böyük ehtiyac var.
“Bakı prosesi” təşəbbüsünü irəli
sürəndə dünyadakı vəziyyət tamamilə fərqli
idi. Bu gün etimadsızlığın səviyyəsinin
artdığını görürük. Müvafiq
tədbirlər görməsək, dini zəmində
qarşıdurmaların hamımız üçün daha da
böyük problemlərə gətirib
çıxaracağını görürük. Lakin biz sülh şəraitində yaşaya bilərik
və düşünürəm ki, Azərbaycan kimi ölkələrin
nümunələri bunu əyani şəkildə göstərir”.
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2015.- 20 noyabr.- S.1.