Azərbaycan Xalça Muzeyində

təqdimat – “Canlı əfsanə”

 

Azərbaycan Xalça Muzeyində Türkmənistan Prezidenti  Qurbanqulu Berdıməhəmmədovun  türkmən xalçalarına həsr olunmuş “Canlı əfsanə” kitabının təqdimatı keçirildi. Azərbaycan dilində təqdim olunan bu kitab Türkmənistanın Azərbaycan Respublikasındakı səfirliyi və Azərbaycan Xalça Muzeyinin  dəstəyi ilə nəşr edilib.

 

Əsrlər boyu insanlar türkmən xalçalarını “sirlərdən toxunmuş gözəllik” adlandırmışlar. Türkmən xalçalarının  özünəməxsus təsvir dili var. Bu dil qədim türk irsinin təsdiqidir. Xalça türklər üçün dünyanın rəmz və ornamentlə ifadə etmək vasitəsi olmuşdur.

Türk xalçaçılığı Kiçik Asiyadan tutmuş  Orta Asiya və Hindistana qədər olan ərazidə inkişaf etmişdir. Bu ərazilərdə müxtəlif özünəməxsus regionların mədəniyyətləri bir-biri ilə qarşılıqlı əlaqədə inkişaf etmişdir. Özlərinin region fərqlərinə baxmayaraq, bu xalçaları ümumi bədii və texnoloji cəhətlər birləşdirir.

Bu inkişaf etmiş xalça regionlarına, çoxəsrlik tarixə, zəngin mədəni ənənələrə, xalq sənətləri arasında  xalçaçılığın mühüm  yer tutduğu özünəməxsus incəsənətə malik olan Türkmənistan və Azərbaycan da daxildir. Azərbaycan və türkmən xalçaçılığı türk xalqlarının xalça sənətinin ümumi inkişaf məcrasında formalaşmışdır.

Bu regionların mədəni əlaqələri nəticəsində iki ölkənin xalça sənətinin inkişafın etnik köklərinin bir-birinə yaxınlığını və eyniliyini təsdiq edən cizgilər  meydana gəlmişdir.   Türkmənlərin və azərbaycanlıların etnogenetik qohumluğu məişət və mədəniyyətlərin oxşarlığını müəyyən etmişdir.  Azərbaycan xalçalarının naxişlarında bir çox qədim türk motivlərinə rast gəlinir. Bu da XIII-XV əsr məşhur Səlcuq xalçaları ilə bağlıdır.

Özünəməxsus türkmən xalçaçılıq sənəti bəşər tarixinin bir çox məsələlərinə aydınlıq  gətirən məxsusi dil  ilə  yazılmış  unikal tarixi bir  “kitabdır”. Təsadüfi deyil ki, türkmənlər xalçanı kitabla müqayisə edir. Bir türkmən məsəlində belə deyilir: “Xalçanı sər və mən sənə ürəyində olanı deyim.”

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun  “Canlı əfsanə”  kitabı türkmən xalçalarının tarixini, dünyəviliyini, mifologiyasını  və yaradıcı dəyərlərini açıb göstərir. Buradakı xalçaların ifadələri türkmən xalqının maddi və mənəvi mədəniyyətinin əbədiliyinin fəlsəfi  kökünü axtarıb tapır.   Türklər üçün xalça bir başqa aləm, heyrətamiz gözəlliyə malik yeni bir dünyadır. Bu gözəllik əsrlərlə yaranıb, qorunub, bu günümüzə çatmışdır.

Doğru demişlər ki, gözəllik yalnız xilas etmir, həm də yaradır. Gələcəyə ümidlə baxan, əllərinin və ruhlarının hərarətilə bu gözəlliyi yaradan türkmənlər təsəvvürlərində və arzularında, ümidlərində Ağcaqum çöllərinə çiçəkli bahar gəlmişdir və o bahar heç payıza, qışa çevrilmir. Ona görə də türkmən xalılarını mükəmməlliyin nışanı adlandırmaq olar. Türkmən mədəniyyətində xalça təkcə məişət anlayışı daşımır, həm də mifoloji və simvolik əhəmiyyətə malikdir.

Türkmən xalçaları hər ilməsi təbiət gözəlliyinin bütün rənglərini, allı-güllü çiçəkləri, Günəşin doğuşunu və batışını,  Altaylardan Xatınçaya doğru uzanan Günəş şəfəqlərinin hərarətini anladır. Kitabda haqqında söhbət açılan “Sakit şəfəq” xalçası tufanqabağı səmanın cazibəsi elə təsvir olunub ki, təbiətin bu əsrarəngizliyindən doymaq olmur, həmçinin bu xalçada dan yerinin sökülməsi, şəfəqin yer üzünə saçılması başlayır – həyat başlayır burdan. Türkmənlərə görə, musiqi, poeziya sözlərdə, səslərdə əks olunmuş həyatdırsa, xalçalar da  rənglərdə və rəmzlərdə əks olunmuş həyatdır.

Bitki motivləri türkmən xalçalarının əsas ornamentinə çevrilib. Al rəngin üzərində ağ-qara, qırmızı və digər naxışları ustalıqla yaradan xalçaçılar təbiətdən, aldıqları boyalara rənglərinə görə məcazi mənalar verir. Kitabda verilən güllü xalçalarda rənglər “çiçəyin ruhu” adlandırılır. Dörd ləçəkli çiçəklər isə ilin fəsillərini ifadə edir. “Dəniz xalçası” nda dəniz sanki ilmələrin dili ilə öz rəvayətini danışır. Bu, qadınlarını sahildə Allaha əmanət edib balıq üçün dənizin qoynuna gedənlərin rəvayətidir. “Altın əsrin altın gölləri (naxışları)” adlı xalça böyük yunan tarixçisi Sokratın “həqiqətə gedən yolun önünü kəsən ziddiyyəti dəf etmək çağrısı”nı xatırladır. Burada kainatın gerçəkləri aranır.

Kitabda deyilir ki, üzərində at təsvir olunmuş xalçalar türkmənlərin anlayışında murada yetişməkdir. At türkün miniyi deyil, dostu, silahdaşıdır. Axaltəkə atları da hər bir türkmənin  can dostudur. Axaltəkə rəssamların, şairlərin, həm da  xalçaçıların ilham pərisidir. Axaltəkə atları təsvir olunurkən fantaziyalar hədd-hüdud tanımır. At təsvir olunan xalçalar, eyni zamanda, insanın ruhu kimi təsvir olunur, uğur və xeyirxahlıqla eyniləşdirilir.

Türkmən xalçası təkcə dünya mədəniyyəti üçün nəsillərin yadigarı, yaradıcı zəhmətinin təcəssümü deyil, həm də qədim incəsənəti yeni-yeni mənalarla zənginləşdirən yaradıcı yeniliklər meydanı, dünya bədii xalçaçılığının inkişaf mənbəyidir. Türkmən xalçaları dünyanın böyük muzeylərini, saraylarını, iqamətgahlarını bəzəyir. Bu gün qədim adət-ənənəsini davam etdirən xalça ustalarının yaratdığı sənət əsərləri gözəllik və mükəmməllik etalonu olmalarını qoruyub saxlayır. 

 

Röya TAĞIYEVA,

Azərbaycan Xalça Muzeyinin direktoru,

sənətşünaslıq elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2015.- 20 noyabr.- S.6.