ABŞERON: əzmkarlıq
və yeniləşmə ruhu
güclənir
Abşeron ölkəmizin ən iri rayonlarından biri kimi son dövrlər adına və
böyüklüyünə layiq şəkildə də inkişaf
etməkdədir. Bu inkişaf
özünü, tərəddüdsüz
demək olar ki, həyatın
bütün sahələrində göstərir.
Bu baxımdan cari ilin ötən dövrü
də istisna təşkil etmir.
Bu dövrün sosial-iqtisadi
inkişafının yekunlarını təhlil edərkən aşkar görünür
ki, həyata keçirilən məqsədyönlu
tədbirlər nəticəsində Abşeronda
abadlıq-quruculuq işləri eyni uğurla davam etdirilmiş, rayon rəhbərliyi
əhalinin güzəranının
yaxşılaşdırılmasını və sosial problemlərinin həllini diqqətdə
saxlamışdır.
Ceyranbatanda nəhəng
kompleksin açılışı
Bu yaxınlarda, daha dəqiqi, oktyabrın 28-də abşeronluların da yaşayışına birbaşa təsirini göstərən bir hadisə baş verdi – dövlət başçısı İlham Əliyev Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışında iştirak etdi. Məlumdur ki, bu kompleksin və Ceyranbatan- Zirə magistral su kəməri layihəsinin həyata keçirilməsində əsas məqsəd Bakı şəhərini və Abşeron yarımadasının digər yaşayış məntəqələrini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etməkdir. Elə mahiyyətindən də göründüyü kimi, bu açılış , doğrudan da, tarixi əhəmiyyətə malik möhtəşəm bir hadisənin mücdəçisi oldu. Çünki məlum bölgənin sakinləri bəlkə də, yüzillərlə su qıtlığı çəkiblər və bu yenilik onlar üçün, necə deyərlər, birə beş əhəmiyyət kəsb edir. Bu, məsələnin önəmli bir hissəsi. Digər mühüm hissəsi də ondan ibarətdir ki, ölkə başçısının bu açılışda iştirakı onun həm də Abşeron rayonuna növbəti səfəri kimi rayonun tarixinə yazıldı. Bu səfər, heç şübhəsiz ki, son illər dinamik inkişaf yolunu seçmiş Abşeron rayonunu və abşeronluları növbəti və daha böyük uğurlara, nailiyyətlərə ruhlandırır, yeni zəhmət və hünər dastanları yaratmağa sövq edir.
“Şöhrət”li
və “Tərəqqi”li
idmançılar
“Bakı 2015” Birinci Avropa Oyunlarında ölkəmizin qazandığı uğurlarda abşeronlu idmançıların da payı var. Bu oyunlarda Abşeronu təmsil edən üç idmançıdan ikisi- Firdovsi Fərzəliyev karate üzrə qızıl, Hacı Əliyev isə sərbəst güləş üzrə bürünc medal qazandılar. Dövlət başçısı İlham Əliyev 29 iyun 2015-ci il tarixli sərəncamla Firdovsi Fərzəliyevi “Şöhrət” ordeni, Hacı Əliyevi isə “Tərəqqi” medalı ilə təltif etdi.
Bir daha xatılatmaq yerinə düşər ki, 17 gün ərzində Azərbaycanı qitənin idman mərkəzinə çevirmiş bu möhtəşəm idman tədbirində 50 ölkənin 6 mindən çox idmançı iştirak etmişdir. Yüksək səviyyədə təşkil olunan idman yarışında böyük uğurlara imza atan idmançılarımız 21 qızıl, 15 gümüş, 20 bürünc medal qazandılar.
Görülən
işlər çoxdur...
Cari ilin ötən dövründə rayonda sənaye məhsulunun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artaraq 90 milyon manata çatmışdır. İstehsal olunmuş sənaye məhsulunun 73 faizi qeyri-dövlət müəssisələrinin payına düşür. Həmin müəssisələrdə çalışan işçilərin orta aylıq əmək haqqı 451 manat təşkil etmişdir.
Ötən müddət ərzində Abşeron rayonunun büdcəsinin yerli gəlirlər proqnozu 25 milyon 791 min 968 manata qarşı 27 milyon 228 min 948 manat və ya 105,5 faiz yerinə yetirilmişdir (nəzərdə tutulduğundan 1436 980 manat çox). Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsindən büdcəyə 441 min manat vəsait cəlb edilmişdir.
Yeni salınmış yaşayış massivlərində telefona və genişzolaqlı internet xidmətlərinə təlabatı ödəmək məqsədilə 11328 nömrə tutumlu 19 yeni Elekton ATS quraşdırılmış, xətt şəbəkəsinin tikintisi başa çatdırılmışdır. Bu gün rayon üzrə 60-dan çox poçt xidməti həyata keçirilir.
Tikinti işlərinin həcmi 220 milyon 453 min manat olmuş, hündürmərtəbəli yaşayış binaları üzrə 252 min kvadmetrlik yaşayış fondunun tikintisi başa çatdırılmışdır.
54 min ədəddən çox ağac və dekorativ kol, 110 min ədəd mövsümü gül əklilmişdir.
Ailə üzvlərinin sayı 7282 nəfər olmaqla 1819 ailəyə ünvanlı sosial yardım təyin edilmiş rayon üzrə hər ailəyə orta hesabla 154.7 manat sosial yardım ödənilmişdir.
816 vətəndaşa pensiya təytinatı aparılmış, pensiyaçıların sayı 20732 nəfərə çatmış, rayon üzrə orta pensiyanın məbləği 187 manat təşkil etmişdir. Rayon üzrə əmək haqqı, pensiya və müavinətlərin vaxtında və plastik kartlarla ödənilməsi təmin edilmişdir.
Regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan Dövlət Proqramına uyğun olaraq rayonda 2541 yeni iş yeri yaradılmışdır ( bu göstərici 2003-cü ilin dördüncü rübündən başlayaraq indiyə kimi 23 840-a çatmışdır).
RİH başçısı yanında büdcədənkənar inkişaf və bərpa fondundan 339 şəhid ailəsi, əlil və imkansıza 84950 manat yardım göstərilmişdir.
“Hər şey yoldan
başlayır”
Bəli, tarixi və zamanı dəqiq bilinməyən bu məşhur deyim, demək olar ki, hər zaman öz aktuallığını qoruyub saxlamışdır. Çünki yeni və abad yollar eyni zamanda yüksələn həyat səviyyəsinin də carçısıdır. Qeyd etmək lazımdır ki, ümumiyyətlə, son illər bu sahədə Abşeronda xeyli işlər görülüb və hazırda da görülməkdədir. İlin ötən dövrünün statistikasına nəzər salanda mənzərə daha da aydınlaşır. Bu müddət ərzində yolların əsaslı və cari təmiri məqsədilə şəhər, qəsəbə və kəndarası yollara 93626 kvadratmetr asfalt örtük verilmiş, 59890 kubmetr sahəyə çınqıl tökülərək yayılmışdır. Eyni zamanda, 2014-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta yolunun Abşeron rayonunun ərazisinə düşən hissəsində işlər tamamlanmışdır.
İşığın
gur, suyun bolsa...
Belə demək mümkündür ki, Abşeron rayonunda əhalinin sabit şəkildə elektrik enerjisi və içməli su ilə təminatını yaxşılaşdıran bir sıra mühüm işlər görülmüşdür. Cari ilin ötən dövrü ərzində rayonun yaşayış məntəqələrində 20 yeni transformator quraşdırılmış, 10 yanmış transformator bərpa edilmiş, 26 transformator təmir edilmişdir. 269 dayaq və 42252 metr naqil dəyişdirilmiş, yaşayış məntəqələrinə 66 min metr uzunluğunda “SİB” kabel çəkilmiş, sayğac quraşdırılması davam etdirilmişdir.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, hazırda Xırdalan şəhərində 110 kilovoltluq yarımstansiyanın tikintisinə başlanılmışdır. Şəhərin baş küçə və yollarındakı elektrik kabelləri ləğv edilərək yeraltı kabellərlə əvəz edilir. Novxanı, Fatmayı və Məmmədli yaşayış məntəqələrində əhalinin sabit elektrik enerjisi təminatını yaxşılaşdırmaq məqsədilə 35 kilovoltluq yarımstansiyalar tikilərək istismara verilmişdir.
Bundan əlavə, 2015-ci ilin tarixə çevrilmiş dövründə rayonun kənd və qəsəbələrinə müxtəlif diametrli borularla 8.6 min metr uzunluğunda yeni içməli su xətləri çəkilmiş, 2322 metr uzunluğunda korroziyaya uğramış xətt dəyişdirilmiş, 1342 ədəd su sayğacı quraşdırılmış, eləcə də 3099 metr uzunluğunda kanalizasiya xətləri çəkilmişdir.
Aqrar sahəyə dövlət dəstəyi
Abşeronda son illər sənaye xeyli inkişaf yolu keçsə də, bura üçün xarakterik olan, əslində elə onun “Bakının biraddımlığında” rayon kimi yaradılmasını şərtəndirən əsas amil kimi aqrar sahə də tənəzzülə uğramayıb – hərçənd ki, yaxın keçmişdə bu acınacaqlı hal da yaşanmışdı – əksinə, müəyyən irəliləyişlərə imza atılıb. Qeyd etmək lazımdır ki, 2015-ci ilin ölkəmizdə kənd təsərrüfatı ili elan edilməsi ilə əlaqədar rayonda heyvandarlıq və bitkiçilik məhsulları istehsalının həcmi xeyli artmış, əhalidə və fermer təsərrüfatlarında qaramalın sayı 20257-yə, davarın sayı 106116-ya, quşların sayı isə 925 min başa çatmışdır. Ötən dövr ərzində 1613 ton ət, 33240 ton süd, 2822 sentner yun istehsal olunmuş, yumurta istehsalı isə 101 milyon ədədə çatmışdır. Hazırda dövlət və qeyri-dövlət müəssisələrində 141 hektar üzüm, 1590 hektar zeytun, 23,1 hektar zəfəran sahəsi mövcuddur. 143 hektar istixana sahələrindən 4546 ton məhsul yığılmış, 452 hektar əkin sahəsindən 690 ton taxıl toplanılmışdır. Yeri gəlmişkən, qeyd edim ki, 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramında rayonda heyvandarlıq, zeytunçuluq, zəfərançılıq, üzümçülük və istixana şəraitində tərəvəzçilik sahələrinin inkişafının dövlət tərəfindən dəstəklənməsi , eləcə kənd təsərrüfatının inkişafına xidmət edən infrastrukturun maddi texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuşdur.
Diqqət və qayğı
əsas şərtdir
Abşeron rayonunda məskunlaşmış 37 209 nəfər məcburi köçkünün qayğıları da həmişə dövlətimiz tərəfindən ən yüksək səviyyədə diqqət mərkəzində saxlanılmışdır. Buna ən bariz bir misal və son nümunələrdən biri kimi Heydər Əliyev Fondunun təşəbbüsü ilə hündürmərtəbəli binanın tikilməsini göstərmək olar. Xırdalan Ət emalı kombinatının ərazisində məskunlaşmış Kəlbəcər, Zəngilan və Füzuli rayonlarından olan 120 məcburi köçkün ailəsi üçün Xırdalan şəhərində tikilmiş bu hündürmərtəbəli binanın açılışı 2015-ci ilin mayında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə gerçəkləşmişdir. Eyni zamanda, hər il olduğu kimi, 2015-ci ildə də Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Fizuli, Qubadlı rayonlarının işğalı ilə əlaqədar həmin rayonlardan olan şəhid ailələri ilə rayon icra hakimiyyətində görüşlər keçirilmiş və onlara maddi köməklik olunaraq problemləri dinlənilmişdir.
Yaxşı təhsil, sağlam gənclik
Ötən dövrdə rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin normal fəaliyyəti üçün lazımi şəraitin yaradılması, infrastrukturun müasirləşdirilməsi istiqamətində bir çox işlər görülmüşdür.
Dövlət vəsaiti hesabına Xırdalan şəhərində, Aşağı Güzdək qəsəbəsində, Hökməli qəsəbəsinin “Nübar” yaşayış massivində, Masazır və Novxanı kəndlərində 6 qrupluq uşaq bağçası-körpələr evinin tikintisi davam etdirilmişdir. Bundan əlavə, rayonun daxili imkanları hesabına Masazır və Məmmədli kəndlərində tikilmiş 6 qrupluq uşaq bağçaları istismara verilmiş, Xırdalan şəhərində, Ceyranbatan qəsəbəsində, Fatmayı, Novxanı və Pirəkəşkül kəndlərində 4 qrupluq, eləcə də Saray qəsəbəsində 6 qrupluq, Mehdiabad qəsəbəsində 6, Görədil kəndində isə 4 qrupluq uşaq bağçası-körpələr evinin tikintisi isə davam etdirilmişdir.
Regionların inkişafı Dövlət Proqramına uyğun olaraq Ceyranbatan 1 saylı tam orta məktəbinin əsaslı təmirinə başlanılmışdır. Xırdalan şəhərində yerləşən Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tədris binası əsaslı təmir olunaraq cari ilin sentyabr ayında istifadəyə verilmişdir.
Məhz həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, 2014-2015-ci dərs ilinin yekunlarına görə rayonun ümumtəhsil məktəblərində böyük uğurlara nail olunmuşdur. Bu il ali məktəblərə sənəd vermiş məzunların 67,4 faizi tələbə adını qazanmışdır ki, bu göstəriciyə görə rayonun adı respublikada birincilər sırasındadır. Xatırladım ki, ali məktəblərə sənəd vermiş 1302 nəfər məzundan 877 nəfəri tələbə adını qazanmış, onlardan 108 nəfər 500-600 arası, 43 nəfər 600-dən çox, 1 nəfər isə 700 bal toplayaraq ən yüksək nəticə əldə etmişdir.
Bundan başqa, bu müddət ərzində rayonun bir müəllimi də ölkə Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində də müəyyən tədbirlər həyata keçirilmişdir. Dövlət başçısının müvafiq tapşırığına uyğun olaraq, 2015-ci ilin fevral -may aylarında 200 mindən çox rayon sakini tibbi müayinədən keçirilmişdir. Müayinə nəticəsində 2032 xəstəyə ambulator müalicə təyin edilmiş, 864 nəfər stasionar müayinə və müalicəyə göndərilmişdir.
Yeri gəlmişkən, ölkə Prezidentinin 17 aprel 2012-ci il tarixli sərəncamına əsasən Xırdalan şəhərində inşasına başlanmış rayon Mərkəzi Xəstəxanasının tikintisi hazırda da davam etdirilir.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin apardığı profilaktik tədbirlər nəticəsində epidemioloji vəziyyət sabit olmuşdur. Mərkəz işini rayon rəhbərinin təsdiq etdiyi yoluxucu xəstəliklərə qarşı kompleks tədbirlər planı əsasında qurmuş, görülmüş işlərin nəticəsində 2015-ci ildə bir çox yoluxucu xəstəliklərin sayı azalmış, bəzi xəstəliklər isə ümumiyyətlə qeydə alınmamışdır.
Mədəniyyət müəssisələrinin fəaliyyəti də xeyli canlandırılmış, bir sıra mədəni-kütləvi tədbirlər hazırlanıb həyata keçirilmiş, əlamətdar günlərdə, bayramlarda rayonun özfəaliyyət kollektivlərinin əhali qarşısında rəngarəng çıxışları təşkil olunmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə Xırdalan şəhəri uşaq musiqi məktəbinin xalq çalğı alətləri orkestri 2015-ci ilin mart və sentyabr aylarında Gürcüstan Respublikasının Tbilisi, Marneuli, Kutaisi, Qardabani və Bolnisi şəhərlərində təşkil olunmuş silsilə bayram tədbirlərində müvəfəqiyyətlə çıxış etmişlər. Bu cür tədbirlər Azərbaycan mədəniyyətinin təbliğində, Gürcüstanda yaşayan soydaşlarımızla mədəni əməkdaşlığın inkişafında, iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayır.
Rayonda dövlət gənclər siyasətinin həyata keçirilməsi, idmanın kütləvililiyin təmin edilməsi sahəsində də ciddi iş aparılmışdır. Xüsusilə respublikamızın ev sahibliyi etdiyi birinci Avropa Oyunları ilə bağlı Məşəl Proqramı çərçivəsində 2015-ci ilin iyun ayında Xırdalan şəhərində keçirilən möhtəşəm bayram tədbirində 30 mindən çox sakin iştirak etmiş və bu tədbir abşeronluların həyatında silinməz izlər buraxmışdır.
Ümumilikdə, 2015-ci ilin 9 ayında rayon gəncləri 2 respublika gənclər tədbirində, 11 beynəlxalq və 26 respublika idman yarışlarında iştirak etmişlər.
İdman yarışlarında 148 medal, o cümlədən 65 qızıl medal qazanılmış, bunlardan da 128-i Respublika yarışlarında, 20-i isə beynəlxalq yarışlarda əldə edilmişdir. Xüsusilə qeyd etmək istərdim ki, 2015-ci ilin sentyabr ayında ABŞ-ın Las Veqas şəhərində böyüklər arasında keçirilən güləş üzrə dunya çempionatında Abşeron güləş məktəbinin yetirməsi, dünya çempionu Hacı Əliyev yenidən bütün rəqiblərinə qalib gələrək 2-ci dəfə Dünya çempionu olmaqla sərbəst güləş üzrə ikiqat dünya çempionu adını qazanan ilk azərbaycanlı olmuşdur.
Sakinlərlə
görüşlər
Rayon icra hakimiyyətinin vətəndaşların müraciətlərinə, təklif, ərizə və şikayətlərinə həsas şəkildə yanaşmasını xüsusi vurğulamaq lazımdır. Rəsmi statistika belədir: 2015-ci ilin 9 ayında rayon icra hakimiyyətinə 2194 ərizə, təklif, və şikayət daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz azdır. Bu da sevindiricidir ki, müraciətləri doğuran səbəblər mütəmadi təhlil olunur, qaldırlan məsələlərin həlli ilə bağlı vətəndaşlara vaxtında və konkret cavablar verilir.
Digər bir əhəmiyyətli məsələni də vurğulamaq istəyirəm. Bu da vətəndaşların qəbulu ilə bağlıdır. Ötən müddət ərzində rayon icra hakimiyyəti başçısının keçirdiyi qəbullarda müraciəti dinlənilmiş, 642 vətəndaşın haqlı tələblərinin təmin olunması üçün lazımi tədbirlər görülür. Xüsusilə rayon rəhbərinin səyyar qəbullara üstünlük verməsi, hər həftənin beşinci günü qəsəbə və ya kəndlərdə sakinlərin problemlərinin dinlənilməsi razılıq doğurur. Sentyabrın 2-dən üzü bu yana Saray, Mehdiabad, Ceyranbatan, Qobu qəsəbələrində və Masazır kəndində 1500 nəfərə yaxın rayon sakininin iştirakı ilə səyyar qəbul-görüşlər keçirilmiş və burada qaldırılan məsələlərlə bağlı icra hakimiyyəti başçısının müvafiq tapşırıqları əsasında tədbirlər planı tərtib edilərək əlaqədar müəssisə və təşkilatlarla birlikdə həlli ciddi nəzarətə götürülmüşdür. Bu da məmnunluq hissi yaradır ki, belə qəbulların mütəmadi olması, hər həftə digər qəsəbə və kəndlərdə davam etdirilməsi nəzərədə tutulmuşdur.
2015-ci iln ən aktual məsələlərindən biri, heç şübhəsiz ki, noyabrın 1-də Milli Məclisə seçkilərin keçirilməsidir.
Bununla da bağlı rayon ərazisində fəaliyyət göstərən bütün seçki məntəqələrinə lazımi iş şəraiti yaradılmış, bəzi seçki məntəqələri əsaslı təmir olunmuş və məntəqələr zəruri avadanlıqlarla təmin edilmişdir. Nəticədə, abşeronlu seçicilər normal şəraitdə səsvermədə iştirak etmişlər.
Mən bu yazını Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın zəngilanlı şəhid ailələri ilə görüşdə səsləndirdiyi bir fikirlə tamamlamaq istəyirəm: Bizim əsas vəzifəmiz insanlara xidmət, onların qayğıları ilə maraqlanmaq, problemlərinin həllinə nail olmaqdır. Bundan ümdə məsələ yoxdur və möhtərəm Prezidentimiz İlham Əliyevin də bizə əsas tövsiyəsi və tapşırığı məhz elə budur!”
Səməd
HÜSEYNOĞLU
Xalq qəzeti.- 2015.- 21
noyabr.- S.6.