Yeni Azərbaycan Partiyası Azərbaycanın
aparıcı siyasi
qüvvəsi, Cənubi
Qafqazın ən
böyük partiyasıdır
Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, xalq partiyasıdır. Xalqımızın bütün təbəqələri, bütün yaş
qrupları partiyamızda birləşir və ölkəmizin uğurlu inkişafı üçün
öz fəaliyyətini göstərirlər.
Keçən qurultaydan ötən dövr ərzində partiyamız daha da güclənmişdir.
Partiyamıza böyük axın
vardır.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin
Yeni Azərbaycan Partiyasının V qurultayındakı
nitqindən
Bakı şəhəri, 7
iyun 2013-cü il
Bu gün
ölkəmizin ictimai-siyasi həyatında
özünəməxsus yeri və misilsiz xidmətləri
olan iqtidar
partiyasının təsis edilməsinin 23-cü ildönümünü qeyd
edirik. Dövlətçilik tarixi baxımından o qədər
də böyük
olmayan həmin müddətdə Azərbaycan
xalqı və milli dövlətimiz əsrlərə
bərabər inkişaf yolu
keçmişdir.
Geridə qalan illər ərzində Azərbaycan beynəlxalq aləmdə ən böyük zirvələrə çata bilmiş, dövlətimiz dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu, bizim diplomatiyamızın, siyasətimizin, dövlətçiliyimizin qələbəsidir, təntənəsidir. Azərbaycan bu gün qlobal problemlərin həlli ilə məşğul olan ölkələrdən birinə çevrilmişdir. Dövlət başçımızın dediyi kimi, bu gün beynəlxalq aləmdə bizim mövqeyimiz, səsimiz böyük əhəmiyyətə malikdir. Bütün bunlar ulu öndər Heydər Əliyevin siyasi dühasının məhsulu olan inkişaf strategiyasının nəticəsidir. Elə bu inkişafda xüsusi xidmətləri olan Yeni Azərbaycan Partiyasının özü də ümummilli liderimizin siyasi müdrikliyi nəticəsində ərsəyə gəlmişdir.
Ölkəmizin və regionun ən böyük siyasi təşkilatı olan YAP-ın beşinci qurultayında geniş məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci il həqiqətlərini xarakterizə edərkən demişdir: “ Yeni Azərbaycan Partiyasının əsas amalı dövlətçilik, müstəqillik, inkişaf, təhlükəsizlik idi. Partiyamız iqtidara gələndən sonra bu ideyalar, bu amillər Azərbaycanda reallığa çevrilmişdir. Təsadüfi deyildir ki, partiyanın yaranmasından bir il keçməmiş Azərbaycan xalqı öz sözünü demiş, antimilli qüvvələrin hakimiyyətdən getməsinə nail olmuş və israrla ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etmişdir. Partiyamızın tarixi müstəqillik tarixi ilə demək olar ki, üst-üstə düşür. Ulu öndər Heydər Əliyevin Azərbaycanda Prezident kimi fəaliyyəti də Yeni Azərbaycan Partiyasının güclü dəstəyi ilə tamamlanırdı. Heydər Əliyev və Yeni Azərbaycan Partiyası bizim siyasi xəttimizdir. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının, müstəqil Azərbaycan dövlətinin qurucusudur”.
Prezident İlham Əliyev beşinci qurultaydakı nitqində partiyamızın yaranmasından sonrakı illərdə, xüsusən, 2003-cü ildən sonra gənc müstəqil dövlətimizin keçdiyi inkişaf yoluna mərhələ-mərhələ nəzər salır və belə bir nəticəyə gəlir: “Görülən bütün bu işlər, əlbəttə ki, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki nüfuzunu da artırır. Yeni Azərbaycan Partiyasının siyasi səhnədə ciddi rəqibi yoxdur. Bu reallıqdır. Ona görə yox ki, biz kiməsə problem yaradırıq, yaxud da hansısa xüsusi imtiyazlara malikik. Hər bir siyasi qüvvə hansı çərçivədə fəaliyyət göstərirsə, biz də eyni çərçivədə fəaliyyət göstəririk. Sadəcə, ona görə ki, görülən işlər, islahatlar, insanların yaşayış səviyyəsinin qalxması, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi bizə olan inamı daha da artırır. Ancaq, əlbəttə ki, siyasi mübarizə aparılır və aparılmalıdır. Mən bir daha demək istəyirəm ki, Yeni Azərbaycan Partiyası siyasi davranış qaydalarını da müəyyən etmişdir və çox şadam ki, siyasi fəaliyyətlə məşğul olan əksər siyasi partiyalar bu sivil siyasi davranış qaydalarına əməl edirlər”.
Xatırladaq ki, müasir partiya tarixi predmetinə və ümumiyyətlə, partiyaların tarixinə nəzər saldıqda bir neçə mühüm həqiqətin şahidi oluruq. Bu amillər partiyaların yaranma zərurətində, qarşıya qoyulan məqsədlərdə və formalaşdırılan qurumun siyasi istiqamətində özünü daha aydın şəkildə göstərir. Məramı aydın olmayan bəzi siyasi qüvvələrin yaratdığı partiyalar istisna olmaqla, bütün partiyalar məhz zamanın çağırışına cavab olaraq ərsəyə gəlir və öz üzərinə düşən vəzifələri yerinə yetirir. Regionun ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası da məhz bu klassik tendensiyanın davamı kimi, zamanın çağırışlarına cavab vermək məqsədilə, ölkədəki və regiondakı ictimai-siyasi proseslərin əks-sədası olaraq, ən başlıcası isə xalqın arzu və istəklərinin reallaşdırılması üçün yaradılmışdı.
Kütləvi informasiya vasitələrindən məlum olduğu kimi, bəzi ekspert və politoloqlar yanlış olaraq belə düşünürlər ki, istənilən ölkədə yaranmış siyasi partiyanın fəaliyyəti ölkə daxilində reallaşdırılır və təkcə bu məhdud məkanı əhatə edir. Ancaq zaman sübut edir ki, həmin yanaşma kökündən səhvdir. Çünki partiya öz məramnaməsində qarşıya qoyduğu vəzifələri reallaşdırmaq üçün mütləq regionda və dünyada gedən prosesləri nəzərə almalı, reallıqlara əsaslanmalıdır. Fəxrlə deyə bilərik ki, bu sahədə də Yeni Azərbaycan Partiyası özünəməxsus nümunələr formalaşdırmış, dünya partiya tarixinə xüsusi töhfələr vermişdir. Bu töhfələr nədən idarət idi?
Əvvəla, Yeni Azərbaycan Partiyası ölkəmizdə və regiondakı bəzi siyasi partiyalardan fərqli olaraq cəmiyyətin qaymağı sayılan insanları öz ətrafında toplamışdır. Siyasi cəhətdən yetkin olmayan, məram və məqsədi cəmiyyət tərəfindən qəbul edilməyən, ictimai-siyasi mövqeyi bilinməyən adamların formalaşdırdığı güc mərkəzlərindən fərqli olaraq Yeni Azərbaycan Partiyasının məqsədi aydın, məramı bəlli idi. Ona görə də bu quruma tanınmış ziyalılar, siyasət, diplomatiya və iqtisadiyyat sahəsində təcrübəsi olan, cəmiyyət tərəfindən qəbul edilən insanlar üz tutmuşdular.
Mühasirə şəraitində, məhrumiyyətlər və məşəqqətlər içərisində yaşayan Naxçıvanda - adi bir neft lampasının işığında, fəqət, Heydər Əliyev kimi siyasət dahisinin misilsiz ziyası ilə ərsəyə gəlmiş Yeni Azərbaycan Partiyasının dünya partiya tarixi təcrübəsinə verdiyi növbəti töhfə partiya sədrinin liderlik məharəti və siyasi müdriklik səviyyəsi ilə bağlı idi. Bəzi xırda partiyalardan fərqli olaraq YAP-ın qısa müddətdə möhtəşəm qüdrətli bir siyasi gücə çevrilməsinin əsas səbəbi onun liderinin müdrikliyi idi.
Kimsə ətrafına 50-100 adam toplayıb özünü partiya sədri elan edirdisə, xalqın ziyalı zümrəsi özünə lider seçmək üçün Heydər Əliyevə müraciət etmiş, yeni yaradılan partiyaya məhz onun sədrlik etməsini istəmişdi. Bu, mühüm faktor idi. Çünki ziyalılar bilirdilər ki, ölkənin və regionun həmin günlərində Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələri reallaşdıra biləcək yeganə şəxsiyyət məhz ulu öndər Heydər Əliyevdir. Xalqın öndə gedən insanlarının qətiyyəti özünü yüksək səviyyədə doğrultdu və ümummilli lider Heydər Əliyevin siyasi müdrikliyi nəticəsində Yeni Azərbaycan Partiyası yuxarıda qeyd etdiyimiz kimi, qısa zamanda böyük siyasi gücə çevrildi. Yeni Azərbaycan Partiyası yaranmasından cəmi 6 ay sonra ölkədə siyasi hakimiyyətə gəlmək nümunəsi yaratmış oldu.
Ölkəmizin hərtərəfli uğurlarını görən və onları məhz həqiqət kimi qəbul etməyi vicdan borcu hesab edən əcnəbi ekspertlərin fikrincə, Yeni Azərbaycan Partiyasının ümumxalq məhəbbəti qazanmasının əsas səbəbi onun rəhbərliyində Heydər Əliyev kimi siyasət dahisinin olması idi. Bu partiyanın ümumxalq məhəbbəti qazanması isə ancaq və ancaq onun tezliklə siyasi hakimiyyətə gəlməsi ilə nəticələnə bilərdi. Bu, belə də oldu.
Azərbaycan ziyalılarının fikrincə, bu partiyanın tezliklə siyasi hakimiyyətə gəlməsinin əvvəlki iki səbəbi onun liderinin siyasət nəhəngi olması və üzvlərinin hamısının cəmiyyətdə sayılıb-seçilən insan kimi qəbul edilməsi idisə, üçüncü səbəbi də var idi. Bu səbəb həmin illərdə ölkəyə rəhbərlik edən insanların siyasi diletantlığı, cəmiyyət tərəfindən heç cür qəbul edilə bilməmələri, xalqın onlara inamının itməsi idi. 1988-ci ilin payızından etibarən ölkədə və regionda gedən ictimai-siyasi proseslərin heç biri Azərbaycan rəhbərliyi tərəfindən adekvat addımla qarşılanmamışdı. Daha doğrusu, ölkəyə rəhbərlik edən şəxslərin heç biri belə addım atmaq iqtidarında deyildi.
Bu, bir faktdır ki, SSRİ-ni qoruyub saxlamaq istəyən sovet rəhbərlərinin Azərbaycandakı milli-azadlıq hərəkatını boğmaq üçün törətdiyi 20 Yanvar faciəsi o vaxtkı respublika rəhbəri Əbdürrəhman Vəzirovun vəzifə kürsüsündən xəlvəti qaçmasına səbəb olmuş, Xocalı şəhərini yer üzündən silmiş ermənilərin vəhşiliyi və təcavüzkar hücumları qarşısında aciz qalmış Azərbaycan prezidenti Ayaz Mütəllibov da həmin rüsvayçılıqla üzləşmişdi.
Bunlar az imiş kimi, ölkənin ikinci prezidenti Əbülfəz Elçibəy də az sonra xəlvəti olaraq paytaxtdan qaçmışdı. Bunlar günün reallıqları idi və xalq dövlət başçısı vəzifəsində qətiyyətli, cəsarətli, mətanətli və heç bir təhlükədən çəkinməyən, eyni zamanda, siyasi prosesləri layiqincə qiymətləndirməyi bacaran, dövlət idarəçiliyində təcrübəsi olan bir insanı görmək istəyirdi. Bu insan Heydər Əliyev idi. Xalq onu siyasi hakimiyyətə dəvət etməklə milli dövlətçiliyimizə qurtuluş, ölkə əhalisinə nicat, regiona sabitlik, Yeni Azərbaycan Partiyasına isə möhtəşəm bir nüfuz qazandırmış oldu.
Ulu öndərin ölkənin aparıcı ziyalılarının və bütövlükdə, xalqın israrlı çağırışı, təkidli dəvətləri ilə siyasi hakimiyyətə qayıdışı ilə ölkədə daxili sabitlik yarandı, xalqın dövlətə inamı bərpa edildi, cəbhədə atəşkəsə nail olundu, yeni neft strategiyasının icrasına start verildi, gənc müstəqil dövlətimizin beynəlxalq aləmə inteqrasiyası sürətləndirildi, cəmiyyət həyatının bütün sahələrində köklü islahatlara start verildi və sair. Bütün bu proseslərin fonunda YAP ümumxalq partiyasına çevrildi.
Ümummilli liderin siyasi müdrikliyinin nəticəsi idi ki, gənclərin lideri kimi qəbul edilmiş, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev YAP sədrinin müavini, daha sonra isə sədrin birinci müavini seçildi. Bu seçim gənclərin Yeni Azərbaycan Partiyasına axınına səbəb oldu. Bu gün sırasında yüz minlərlə siyasi həmfikiri birləşdirən Yeni Azərbaycan Partiyasının xətti ilə Bakıda bir neçə beynəlxalq tədbir keçirilib. Dünyanın aparıcı siyasi partiyaları ilə hərtərəfli əməkdaşlıq edən YAP özünün bütün uğurlarına görə ulu öndər Heydər Əliyevin siyasi müdrikliyinə minnətdardır.
Fikrimizcə, partiyanın yarandığı günün növbəti ildönümü ilə bağlı qələmə aldığımız yazını tanınmış ziyalı, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun hələ 2001-ci ilin noyabrında Yeni Azərbaycan Partiyası haqqında söylədiyi bir həqiqətlə tamamlamaq daha çox yerinə düşərdi: “Yeni Azərbaycan Partiyasının qüdrəti onun başçısında idi. Etiraf etmək lazımdır ki, xalq, sadəcə olaraq, Yeni Azərbaycan Partiyasına daxil olmaq, onun ətrafında sıx birləşmək, qurub-yaratmaq eşqi ilə yox, həm də Heydər Əliyevin ətrafında birləşmək arzusu ilə çırpınırdı”.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2015.- 21
noyabr.- S.3.