Heydər Əliyev Fondu
“Mirzə Şəfi müəmması”na
işıq salan tədqiqatı
xaricdə nəşr etdirmişdir
Heydər Əliyev Fondu
yarandığı gündən apardığı xoşməramlı
layihələri ilə, xalqımızı sevindirən
işlər gerçəkləşdirməsi ilə
çağdaş tariximizə silinməz izlər
qoymaqdadır. Dünyanın və ölkəmizin görkəmli
sənətkarlarının irsinin təbliği, bəşəri
yazıçıların əsərlərinin nəşri,
musiqi, rəssamlıq, heykəltəraşlıq, milli geyim,
xalçaçılıq, dekorativ tətbiqi sənət, və
s. mədəni dəyərlərin tədqiqi və
qorunması ilə bağlı fondun gördüyü işlər
beynəlxalq aləmdə maraqla izlənilir.
Tədqiqatçı
alimlərin araşdirmalarına da fondun fəaliyyətində
geniş yer ayrılmışdır. Onlardan biri də
filologiya elmləri doktoru, professor Akif Bayramovun Mirzə Şəfi
Vazehin həyat və yaradıcılığına həsr
etdiyi əsərin nəşridir. Həmin monoqrafiya 2015-ci ildə
“Printed in Turkey” nəşriyyatinda çap olunmuşdur. Mirzə Şəfi
Vazehin yaradıcılıq
irsinin taleyi bəlalı olmuşdur.
Soydaşımızın alman şərqşünası Fridrix
Bodenştedtlə dostluq
münasibətlərinin nəticəsi
olaraq, alman dilinə tərcümə
edilən və əvvəlcə “Mirzə
Şəfinin nəğmələri”
adı ilə nəşr olunan seirləri qısa müddətdə Avropada geniş yayılaraq müəllifinə böyük
şöhrət qazandırıb.
Sonradan bu əsərlərin gözlənilməz
şöhrəti Bodenştedti
oxucuları aldatmağa
vadar edib. O, bildirib
ki, bu şeirlərin
müəllifi özüdür
və guya, Mirzə Şəfi alman şairinin yaratdığı poetik bir obrazdır. Beləliklə, o zamandan Mirzə
Şəfinin həyatı,
ədəbi və pedaqoji yaradıcılığı
haqqında qarışıq
məlumatlar, onun Bodenştedtlə olan münasibətləri haqqında
yanlış faktlar ortaya çıxıb.
Yüz ildən
çox bir vaxtda bu müəmmanın
araşdırılmasına Almaniyanın, Rusiyanın,
Azərbaycanın tanınmış
ədəbiyyatşünasları maraq göstəriblər. Lakin heç
biri bu problemə
nöqtə qoya bilməyib. S.Mümtaz, Ə.Seyidzadə, Ə.Abid, M.Rəfili, M.Ələkbərli, F.Qasımzadə,
İ.Yenikolopov — bu ədəbi münaqişəni
araşdıran tədqiqatçıların
tam olmayan siyahısıdır.
Filologiya
elmləri doktoru Akif Bayramov da
problemin tədqiqinə
qoşularaq ayrıca bir əsər ərsəyə gətirib.
Müəllifin çoxillik tədqiqatının
nəticəsində F. Bodenştedtin
tərcüməçilik fəaliyyəti qiymətləndirilmiş,
onun Mirzə Şəfi irsinin Avropada məşhurlaşmasında
rolu və plagiatlığı elmi cəhətdən sübut
edilmişdir. Akif Bayramovun əsas
xidməti odur ki, o, ilk dəfə Mirzə Şəfinin müəllifliyinin saxtalaşmasını
xronoloji ardıcıllıqla
sistemləşdirib. Alimin
tədqiqatında Moskvadakı
Rusiya Dövlət Kitabxanasından, Sankt-Peterburqdakı
Saltıkov-Şedrin adına kitabxanadan, M.F.Axundov adına Mərkəzi Dövlət
Kitabxanasından, Berlindəki
Humbolt adına Dövlət Universitetinin və Drezden şəhərinin kitabxanasından
əldə edilmiş
materiallardan ciddi sübutlar kimi istifadə olunub.
Elmi işin müvəffəqiyyətini
təmin edən amil odur ki,
soydaşımız Mirzə
Şəfinin həqiqi
müəllifliyinin təsdiq
olunması işinin yönünü düzgün
təyin edib: Bodenştedtin özünün
M.Şəfi haqqında
söylədiklərinin müqayisəli
analizi; hər iki ədibin müasirlərinin və indiki tədqiqatçılarının
onlar haqqında söylədiklərinin detallı
tədqiqi; M.Şəfinin
alman dilinə tərcümə edilmiş
irsinin və orijinalının tutuşdurulması.
A.Bayramov
elmi dəqiqliklə çox vacib sualın cavabını tapıb: niyə M.Şəfinin müəllifliyinin
sübutu bu qədər uzun çəkib? Müəllif
belə hesab edir ki, buna
səbəb aşağıdakılardır:
şairin avtoqraflarının
azlığı, Bodenştedtin
M.Şəfi haqqında
ziddiyyətli ifadələri,
alman yazarın şəxsi arxivinin tədqiq olunmaması, problemə dair alman mətbuatının və ədəbiyyatının
birtərəfli tədqiqi,
ikinci dərəcəli
mənbələrə istinad
və s. Monoqrafiyada
ilk dəfə, Bodenştedtin
müəllifliyini birmənalı
təkzib edən və poetik əsərlərin müəyyən
qisminin böyük Azərbaycan şairinə
məxsus olduğunu sübut edən müəlliflərin elmi tədqiqatlarının antologiyası
da təqdim olunub.
M. Şəfinin yaradıcılığını
öyrənən digər
ədəbiyyatşünasların səhvi onda olub ki, onlar
M.Şəfinin şeirlərini
Sədinin, Xəyyamın,
Hafizin, Caminin, Nasirin və başqalarının əsərləri
ilə qarışdırıblar. Onlar M. Şəfinin
adı ilə bağlı bütün alman nəşrlərinin mütərəqqi olduğunu
deyirdilər, halbuki Bodenştedtin özünə
məxsus olan nəşrlər dar elmi düşüncənin
məhsulu idi. Akif Bayramovun monoqrafiyasının
əksər hissəsi
alman alimlərinin M. Şəfinin əsərlərinin
tapılmasında və
ona məxsusluğunun
sübut olunmasında
oynadıqları rola həsr olunub. A. Berjenin, Q. Rozenin, B. Qrutanın, K. Zyundermeyrin mülahizələrinin qeyri-obyektivliyini
sübut edərək,
A. Bayramov bu mənbələrin M. Şəfi
yaradıcılığının öyrənilməsinə neqativ
təsirini də göstərib. A. Bayramovun
problemin həllində
şəksiz xidməti
və elmi obyektivliyi həm də odur ki,
o, F. Bodenştedtin həyat
və yaradıcılığını,
ədəbi xadim kimi güclü və zəif tərəflərini dərindən
tədqiq etməklə
yanaşı, M. Şəfinin
məşhur əsərlərinin
Avropa oxucusuna tanıdılmasında və
bu günə gəlib çıxmasında
müsbət rolunu da qeyd etmişdir.
Böyük çətinliklə bu əsərlərin M. Şəfiyə məxsus
olduğunu sübut edən ədəbiyyatşünaslarımız
dahi şairlərimizdən
birini xalqımıza qaytarıblar.
Yüz ildən çox detektiv tarixi olan Vazeh irsinin sirrinin açılması “Uilyam Şekspir” imzası ilə dünyaya dahiyanə əsərlər bəxş etmiş şəxsiyyətin tədqiqi prosesini xatırladır. Stradforlu Şekspirin bu irsin müəllifi ola bilməməsi sübut ediləndən sonra, həqiqi tədqiqat epoxası başlamışdı. Mark Tven Şekspiri “heç vaxt möcvud olmayan insanlardan ən nəhəngi” adlandırırmışdı. Nəhayət, sirrin açarını həyatını bu məsələyə həsr etmiş rus professoru İlya Qililov taparaq, Şekspir adı ilə dahi əsərlər yaradan şəxsin kimliyini müəyyən etmişdi: bu, ulu babaları Şervud meşələrini qoruyub bir-birinə ötürən Retlendin V qrafı Menners Rodjer idi. Akif Bayramov da dünya ədəbiyyatşünslığına oxşar xidməti göstərmişdir. İ.Qililovun da, A. Bayramovun da bir məqsədi olub: həqiqəti tapıb cəmiyyətə çatdırmaq. Hər iki tədqiqatçı öz süurlu həyatını yeganə problemin həllinə həsr ediblər. Qeyd edək ki, monoqrafiyanın rus dilində də çap olunması kitabın oxucu auditoriyasını artıraraq, Azərbaycan ədəbiyyatının korifeyi barədə həqiqəti xarici aləmə təqdim edəcək. Heydər Əliyev Fondunun və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu yöndə ardıcıl, məqsədli və nəcib fəaliyyəti məhz milli mədəniyyətimizin incilərini dünyaya tanıtmağa xidmət edir.
Ziyəddin
MƏHƏRRƏMOV,
Azərbaycan
Respublikasının
Prezidenti yanında Dövlət
İdarəçilik
Akademiyasının dosenti,
filologiya üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2015.- 22
noyabr.- S.4.