“Qlobal dünya
nizamı”nın mahiyyəti və
onun zərərli nəticələrindən
qorunmaq zərurəti
Müəllifi Qərb dövlətləri
və onlara xidmət edən institutlar olan
düşünülməmiş qloballaşma siyasəti, digər
dövlətlərin və bütöv regionların
inkişafının regional, mədəni, dini, tarixi
determinantlarına məhəl qoyulmaması qlobal miqyasda
konfliktlərin və qeyri-sabitliyin artmasına gətirib
çıxarıb.
Ramiz
MEHDİYEV,
akademik
XX əsrin ikinci yarısında qloballaşmanın sürət götürməsi ilə insan fəaliyyəti planetar miqyas aldı, hətta kosmosa doğru irəliləməyə başladı. Bu isə ictimai inkişafın mümkün ssenarisini məhdudlaşdırdı, istiqamətinə təsir göstərdi. Qlobal istiləşmə, ozon təbəqəsindəki dəyişikliklər, biosferadakı uyğunsuzluqlar, bir sıra heyvan və bitki növlərinin kökünün kəsilməsi artıq bütün bəşəriyyət üçün təhlükə yaradır.
İnformasiya mexanizmi vasitəsilə təbiətin ən yüksək varlıqları olan insanların da davranışı qlobal güclərin mənafeyinə uyğun olaraq idarə olunur. Mənəvi mühitin dağılması üçün real təhlükə yaranmışdır. Sosial qütbləşmə və sosial-iqtisadi ziddiyyətlər dərinləşir. Ümumiyyətlə, demək olar ki, XX əsrin ll yarısından bəşəriyyət keyfiyyətcə yeni mühitdə yaşayır və onun fəaliyyətinin bütün sahələrində ( ekoloji, informasiya, sosial) qeyri-sabitlik getdikcə artır.
Akademik Ramiz Mehdiyevin bu yaxınlarda “Xalq qəzeti”ndə çap olunmuş “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti” adlı konseptual məqaləsində qloballaşma və saxta demokratiya pərdəsi altında Qərbin hegemonluq cəhdlərinin qaynaqları və nəticələri dərindən və obyektiv surətdə incələnmişdir.
Görkəmli filosof və dövlət xadiminin göstərdiyi kimi, SSRİ-nin süqutundan sonra: “Yeni müstəqil dövlətlərin yerləşdiyi coğrafi məkanlar mübarizə meydanına çevrilib. Mənafelərin kəskin toqquşması vahid iqtisadi şəraitə məhvedici təsir göstərir. Böhranın dərinləşməsi və beynəlxalq hüququn nəzarətindən kənarda qalan qaynar regionların əmələ gəlməsinə şərait yaradılması suveren milli qurumların inkişafı prosesinə hədsiz ziyan vurur, qarşıdurma vəziyyətində olan tərəflər arasında kompromislər axtarışı vəziyyəti son həddə qədər kəskinləşdirir”. ABŞ-ın Avropa müttəfiqləri də bu regionda hökmranlıqlarını öz mənafelərinə uyğun olaraq bərqərar etməyə çalışırlar: “Müasir dünyada böhranın genişlənməsində Avropa təsisatları və təşkilatları da az rol oynamırlar, onlar başqa dövlətlərdə və regionlarda yaranmış mürəkkəb problemlərlə bağlı qərarlar qəbul etmək hüququnu inhisarlaşdırmağa çalışırlar”.
Göründüyü kimi, milli təsərrüfatların iqtisadi, elmi-texniki, hüquqi və informasiya baxımından bir-birindən asılılığını kəskin şəkildə artıran qloballaşma, dünyanın inkişafında bir sıra səciyyəvi cəhətlərin meydana gəlməsinə səbəb olmuşdur.
Hər şeydən əvvəl, dünya iqtisadi birliyi keçmişdə bir-birindən az-çox asılı olan
ölkələrin məcmusundan ibarət idisə, indi bu birlik
vahid iqtisadi sistemə
çevrilməyə başlamışdır. Həmin
vahid iqtisadi sistemdə
milli təsərrüfatlar, sadəcə olaraq, beynəlxalq əmək bölgüsü
mexanizmi ilə deyil, öz miqyasına görə nəhəng, ümumdünya istehsal-satış strukturu, qlobal maliyyə
sistemləri və informasiya şəbəkələri
ilə bir-birinə “lehimlənərək” vahid
ümumdünya iqtisadi
orqanizminin ayrılmaz tərkib hissəsinə
çevrilmişlər.
XX əsrin ortalarına qədər xarici ticarət dövriyyəsi bütün dünyada ÜDM-in cəmi 10-16 faizini təşkil edirdisə, XXI əsrin əvvəlində kommersiya xidmətlərinin idxalı və ixracını da nəzərə aldıqda bu hədd 48 faizə çatmışdır. Son onillikdə dünya xarici ticarət dövriyyəsinin həcmi istehsaldan iki dəfə çox olmuşdur. Nəticədə, qlobal maliyyə piramidaları və onların himayədarları olan, ilk növbədə, ABŞ və onun müttəfiqləri müasir dünyada şəriksiz hökmranlıqlarını daha da artırdılar.
Qlobal maliyyə piramidalarının dünyada hegemonluğunun kökündə isə İkinci dünya müharibəsindən sonra Bretton-Vuds valyuta sistemi vasitəsilə ABŞ dollarına dünya pulu statusu verilməsi dayanır. Bu sistem və onun mühafizəçiləri olan BVF və Dünya Bankı bu hegemonluğun dayaq nöqtələridir. Bu piramidanın ən uca zirvəsində dayanan ABŞ, onların sayəsində və onları da idarə edərək öz mənafeyinə uyğun dünya nizamı yaratmışdır.
ABŞ qlobal kapitalizmi
idarə edir və istiqamətləndirir. ABŞ-ın və
dolların dünyada hegemonluğunun yaradılması və
qorunması üçün ona qarşı çıxan
bütün maneələr, onları yaradanlarla birlikdə yer
üzündən silinmişdir. Məlum olduğu kimi,
dolların dünyada hegemonluğuna qarşı çıxan
ilk ən güclü insan İosif Stalin olmuşdur. O,
Bretton-Vuds valyuta sistemini tanımadı. Sovet İttifaqı
kimi böyük bir məkanda dollar hegemonluq edə bilmədi.
Yalnız Stalin öləndən sonra SSRİ dünya valyuta
sisteminə qoşuldu. SSRİ-nin süqutunun səbəblərindən
biri dolların hegemonluğuna burada yolun açılması cəhdidir.
Səddam Hüseyn öz neft dollarlarını avroya
çevirmiş və bununla da öz qəbrini
qazmışdır. Qəddafi isə Afrika birliyini yaratmaq və
“qızıl dinarla” ticarət aparmaq, müstəqil valyuta- kredit
siyasəti yeritməyə cəhd etmişdir. Nəticəsi
isə çox faciəli oldu.
Qloballaşmaya, bir qayda olaraq,
inkişaf etməkdə olan ölkələrdə mənfi
münasibət bəslənilir. İnkişaf etmiş sənaye
ölkələrinin elmi və ictimai dairələrində isə,
adətən, bu proseslər pozitiv baxımdan dəyərləndirilir.
Lakin son vaxtlar sonuncular arasında bu proseslərə tənqidi
mövqedən yanaşanların da sayı artmaqdadır. Bu qəbildən
olan alimlərə görkəmli Amerika
iqtisadçısı, 2001-ci ildə iqtisadiyyat üzrə
Nobel mükafatı laureatı Cozef Stiqlis də aiddir. Onun
“Qloballaşma və narazılıqlar” adlı kitabı
dünyada böyük əks- səda doğurmuşdur.
C.Stiqlis akademik dairələrdə özünün fundamental
tədqiqatları ilə tanınmış və iqtisad elminin
müasir mərhələdə inkişafına əhəmiyyətli
təkan vermişdir. O, iqtisad elminin yeni sahəsi olan
“İnformasiya iqtisadiyyatının” banisi hesab olunur.
Alim C.Keyns nəzəriyyələrinin və
F.D.Ruzveltin “Yeni kurs”unun davamçısı kimi iqtisadiyyatda
dövlətin fəal rolunun tərəfdarıdır və
hesab edir ki, müasir kapitalizm təkmilləşə bilər
və təkmilləşməlidir. 1993-cü ildə C.Stiqlis ABŞ
Prezidenti B.Klintonun yanında iqtisadçı-məsləhətçilər
şurasının başçısı təyin
edilmişdir. 1997-2001-ci illərdə o, Dünya
Bankının baş iqtisadçısı və vitse-
prezident olmuşdur. Bu ona Beynəlxalq
Valyuta Fondunun (BVF) praktik fəaliyyəti ilə yaxından
tanış olmağa imkan vermiş və belə bir qənaətə
gəlmişdir ki, bu nəhəng təşkilatın fəaliyyəti
əksər hallarda qeyri-səmərəlidir.
“Nə üçün
bu qədər
faydalı nəticələrə malik olan qloballaşma kəskin
mübarizə predmetinə çevrilmişdir?” - sualına C. Stiqlis belə
cavab verir: “Beynəlxalq ticarət üçün
bazarların açılması bir çox ölkələrə
imkan verdi ki, onlar çox sürətli iqtisadi inkişafı
təmin edə bilsinlər. Lakin nəzərə almaq
lazımdır ki, beynəlxalq ticarət o zaman iqtisadi
inkişafı sürətləndirir ki, ixracat ölkənin
iqtisadi artımına təsir göstərir.” C. Stiqlis sürətlə
inkişaf edən və əhalisini varlandıran Asiya ölkələrini
buna misal göstərir. Bununla yanaşı, onun fikrinə
görə, qloballaşma tərəfdarları hesab edirlər
ki, qloballaşma tərəqqidir və inkişaf etməkdə
olan ölkələr, əgər səmərəli artıma
nail olmaq və kasıbçılığı aradan
qaldırmaq istəyirlərsə, mütləq onu qəbul etməlidirlər.
Lakin ölkələrin bir çoxu qloballaşmadan gözlədikləri
iqtisadi faydalara nail ola bilmirlər. Varlı
və kasıb ölkələr arasında mövcud olan
uçurumun daha da artması “üçüncü dünya”
ölkələrində əhalinin böyük əksəriyyətini
kasıblığın qəddar məngənəsində
saxlayır. Son illərdə dünyada adambaşına gəlirin
orta hesabla ildə 2, 5 faiz artımına baxmayaraq, kasıbçılıq
şəraitində yaşayan insanlar daha 100 milyon nəfər
artmışdır. Afrikada müstəqillik əldə
edildikdən sonra yaranmış böyük ümidlər
puç olmuşdur.
C.
Stiqlisin fikrinə görə, əgər qloballaşma
yoxsulluğun azaldılmasında bir şey edə bilməmişdirsə,
sabitliyin təmin edilməsində daha az nəticəyə
nail olmuşdur. Asiya və Latın Amerikasında
özünü göstərən böhranlar inkişaf etməkdə
olan ölkələrin hamısının iqtisadiyyatı və
sabitliyi üçün ciddi təhlükə yaratdı. O,
hesab edir ki, qloballaşma Rusiya və kommunizmdən bazar
iqtisadiyyatına keçən bəzi ölkələrdə
də gözlənilən nəticəni vermədi. Qərbin
verdiyi vədlərə baxmayaraq, yeni iqtisadi sistem bu ölkələrin
əhalisinin çoxu üçün onların kommunist liderlərinin
öncə gördüklərindən də pis nəticələr
doğurdu. Bazar iqtisadiyyatına keçid bu ölkələrdə
beynəlxalq iqtisadi təşkilatların sxemi əsasında
həyata keçirilmiş və bəzən çox pis nəticələr
əldə edilmişdir. Halbuki, öz proqramı əsasında
həmin prosesləri idarə edən Çində çox
böyük nəticələrə nail olunmuşdur.
Qloballaşma bir çox baxımdan neoliberal modelin sərt qanunları əsasında
inkişaf edir.
Bu modeldə isə dünya milli dövlətlərin
maraqlarının harmoniyası, onlarda olan müxtəlif təsərrüfat
ukladları və milli mədəniyyətlərin qorunması
prinsipi əsasında deyil, sosial darvinizm prinsipləri əsasında
inkişaf edir. Bu sərt qanunlara uyğunlaşa bilənlər
sürətlə inkişaf edir, uyğunlaşmayanlar isə
uduzurlar. Qlobal proseslərə uyğunlaşa bilməyən
ölkələr üçün iqtisadiyyatın daha
çox beynəlmiləlləşməsi onlar
üçün milli iqtisadiyyatı tənzimləmə
qabiliyyətinin daha da azalmasına yol açır. Bu ölkələrdə
bir çox iqtisadi proseslərin qlobal təbiəti ilə
onların milli təsərrüfat çərçivəsində
tənzimlənməsi arasında uyğunsuzluq artır.
Təbiidir ki, bu uyğunsuzluq
özünü müxtəlif ölkələrdə fərqli
dərəcədə göstərir. Çünki milli dövlətlər
qloballaşma proseslərini müxtəlif dərəcədə
həll ediblər, müxtəlif “çəkiyə” malikdirlər,
qlobal bazarlardan müxtəlif dərəcədə “fayda” və
ya “zərər” əldə edirlər. Bütün bunlar isə
mənafelər arasında ziddiyyətin yaranmasını
labüd edir. Çünki xarici satış bazarlarından,
beynəlxalq maliyyə ehtiyatlarından, texnoloji və idarəçilik
təcrübəsindən güclülər daha çox
istifadə edə bilirlər. Ona görə də
qloballaşmanın ümumbəşəri əhəmiyyət
kəsb edən problemlərindən biri bu prosesin ölkələr
arasında inkişaf səviyyəsi baxımından kəskin
fərqə necə təsir etməsi, qloballaşmanın
faydalarının ölkələr arasında necə
bölünməsi problemidir. Müasir mərhələdə
heç bir dövlət həmin proseslərdən kənarda
qala bilməz.
Lakin getdikcə
daha çox dərk
edilir ki, qloballaşmanın faydaları qeyri-bərabər
bölüşdürülür. Müasir beynəlxaq siyasi-iqtisadi
sistemdə azsaylı inkişaf etmiş sənaye ölkələri
aparıcı rol oynayır. Texnoloji və informasiya
inqilabları iqtisadi inkişafın xarakterini dəyişmişdir.
Qabaqcıl sənaye ölkələri və müəyyən
dərəcədə orta inkişaf səviyyəli ölkələr
üçün rifah səviyyəsinin
artırılmasında yeni imkanlar daha çox
yaranmışdır.
Bununla yanaşı,
tədqiqatlar göstərir
ki, XX əsrdə baş vermiş elmi-texniki inqilablar
inkişaf etməkdə olan ölkələrin və
keçid iqtisadiyyatı ölkələrinin sosial-iqtisadi tərəqqisinə
də ciddi təsir göstərmişdir. Belə ki, XX əsrdə
(100 il ərzində) ÜDM bütün dünyada 18, 8 dəfə
artdığı halda, inkişaf etməkdə olan ölkələrdə
27, 3 dəfə artmışdır. 2000-2009-cu illərdə
isə ÜDM- in orta illik artım sürəti inkişaf etməkdə
olan ölkələrdə inkişaf etmiş ölkələrə
nisbətən xeyli yüksək olmuşdur. Real həyat isə
göstərir ki, qloballaşmanın bəhrələrini ilk
olaraq güclü dövlətlərin mənimsəməsi nəticəsində
inkişaf etmiş ölkələrlə inkişaf etməkdə
olan ölkələr arasında fərq azalmır, əksinə,
daha da artır.
Bu haqda iqtisadi ədəbiyyatda kifayət qədər dəlillər
və faktlar mövcuddur. Məsələn: adambaşına düşən
ÜDM inkişaf etməkdə olan ölkələrdə
1900-cü ildə ABŞ səviyəsinin 11, 3 faizini təşkil
etdiyi halda, 2000-ci ildə 10,7 faizə enmişdir. Sürətli
artım olduğu halda həyat səviyyəsi bu ölkələrdə
ABŞ səviyyəsinə nisbətən daha da geriləmişdir.
Bu qlobal sistemi yönləndirən nəhəng dövlətlərin
yeni müstəmləkəçilik siyasətinin bariz nəticəsidir.
Qloballaşma prosesləri dərinləşdikcə
inkişaf etmiş ölkələrlə
inkişaf etməkdə olan ölkələr arasındakı
münasibətlər “Vaşinqton konsensusu” adlanan sənəddə
cəmləşmiş olan tövsiyələr (
BVF, Dünya bankı və digər beynəlxalq təşkilatların
) əsasında formalaşmağa başlamışdır. Həmin
sənəddə adıçəkilən ölkələrə
tövsiyə edilir ki, onlar bank, xarici ticarət, xarici
investisiyalar haqqında qanunvericiliyi daha da
liberallaşdırsınlar; vergiləri və büdcə xərclərini
ixtisar etsinlər; genişmiqyaslı özəlləşdirmə
tədbirlərini həyata keçirsinlər; inflyasiyanın
qarşısını qətiyyətlə alsınlar və
maliyyə vəziyyətlərini sabitləşdirsinlər;
xarici borcları restruksizasiya etsinlər.
Bu tövsiyələr C.Stinqlisin
göstərdiyi kimi, standart xarakter
daşıyırdı və heç də istənilən
müsbət nəticə vermədi: “BVF-nin bazarların
öz-özlüyündə kənar müdaxilə olmadan səmərəli
fəaliyyət göstərməsi kimi köhnəlmiş
fikirlərə əsaslanan siyasi kursu, bazar
iqtisadiyyatının düzgün istiqamətləndirilməsinə
və əhalinin maddi rifahının yüksəldilməsinə
səbəb ola biləcək, arzuolunan dövlət müdaxiləsinə
imkan yarada bilməmişdir. ”
İnkişaf etməkdə olan
ölkələrdə mövcud olan
köklü problemlərin həlli üçün inkişaf
etmiş ölkələrin və beynəlxalq təşkilatların
liberal görüşlərə əsaslanan tövsiyələri
ciddi tənqidə məruz qaldığı üçün
“Vaşinqton konsensusu”nun bir sıra müddəaları yenidən
nəzərdən keçirildi. Bu zaman liberal postulatların
bir sıra radikal müddəalarından, əslində, imtina
edildi və yeni islahat tədbirləri hazırlandı. Bu
tövsiyələr (müəllifi C. Stinqlis) “postvaşinqton
konsensusu” adını aldı. Bu zaman əvvəl verilmiş
tövsiyələr (məsələn, inflyasiyanın
boğulması, dövlət mülkiyyətinin irimiqyaslı
özəlləşdirilməsi, ticarət və maliyyə
bazarlarının liberallaşdırılması, xarici
borcların restruksizasiyası və liberal siyasətin digər
“alətləri” vasitəsilə maliyyə sabitliyinin
yaradılması) yenidən nəzərdən keçirildi.
Onu da qeyd etmək
lazımdır ki, qloballaşmanın verdiyi imkanlardan
bütün inkişaf etməkdə olan ölkələr
özləri də eyni dərəcədə istifadə etmirlər. Nəticədə, bu
ölkələr arasında da təbəqələşmə
sürətlənir. Onların arasından texnoloji
inqilabların və yeni beynəlxalq iqtisadi-maliyyə
mühitinin verdiyi üstünlüklərdən səmərəli
istifadə edən ölkələr (məsələn, Cənub-
Şərqi Asiya ölkələri) öz inkişaf səviyyələrinə
görə sənaye ölkələri ilə aralarında
olan fərqi aradan qaldırırlar. Lakin beynəlxalq təşkilatların
standart “reseptinə” və təbii istehsal amillərindən
istifadəyə əsaslanan ölkələrdə vəziyyət
ağır şəkildə qalmaqda davam edir, onların
dövlət borcları sürətlə artır,
istehsalın strukturunda hasilat sənayesinin payı yüksək
səviyyədə qalır.
Ona görə
də qlobal yeni
dünya iqtisadi nizamı zəif inkişaf etmiş ölkələrdə
insanların çoxu üçün yoxsulluq mənasına
gəlir. Bu,
müasir dövrdə elmi və siyasi dairələrdə ən
çox müzakirə olunan mövzulardandır. Lakin yoxsulluq
günümüzdə yalnız zəif inkişaf etmiş və
ya inkişaf etməkdə olan ölkələri deyil,
inkişaf etmiş ölkələr də daxil olmaqla
qloballaşmanın vəhşi təbiəti nəticəsində
böyük bir coğrafiyanı öz təsiri altına
almış olan ən ciddi sosial problemdir. Son dövrlərdə
aparılan araşdırmalar, yoxsulluq hüdudları içərisində
yaşayan insanların geri qalmış ölkələrlə
yanaşı, inkişaf etmiş ölkələrdə də
payının artdığını göstərir.
Qloballaşmanın sürətləndiyi, dünyanın
intensiv olaraq inteqrasiya proseslərinə
daxil olduğu 1990- cı ildən sonra bir çox ölkədə
gəlir bölgüsü daha da pozulmuşdur. 2012-ci ildə İqtisadi
İnkişaf və Əməkdaşlıq Təşkilatının
(OECD) hazırladığı
“OECD ölkələrində artan gəlir qeyri-bərabərliyi”
hesabatına görə, 2008-ci il qlobal iqtisadi
böhranından əvvəlki 20 il ərzində 22 OECD
ölkəsindən 17- də gəlir bölgüsündə
qeyri-bərabərlik artmışdır. Maraqlıdır ki,
dünya miqyasında yoxsul insanların yarısı,
dünyanın ən büyük 20 iqtisadiyyatına malik olan
G20 ölkələrində yaşayır. İnkişaf
etmiş ölkələrin bir tərəfində,
ultralüks həyat standartına malik olan azsaylı təbəqələrlə,
eyni ölkədə yalnız gündəlik
ehtiyaclarını belə ödəyə blməyən
milyonlarla insan mövcuddur.
Dünya Bankının statistikasına
görə, son 30 ildə dünyanın ən
güclü iqtisadiyyatına malik G20 ölkələrindəki
zəngin və yoxsullar arasında uçurum heç vaxt bu qədər
dərin olmamışdır. Qloballaşmanı daim müşayiət
edən böhranlar varlını daha da varlandırır,
kasıbı isə kasıblaşdırır. Məsələn,
2008-2010-cu illərdə baş vermiş qlobal maliyyə
böhranı dövründə ABŞ- ın
başçılığı ilə həyata keçirilən
pul siyasəti ultrasərvət sahiblərini daha da
varlandırmışdır. Belə ki, böhranın əvvəlində
ABŞ-ın beş böyük bankının cəmi
varidatı ABŞ iqtisadiyyatının 43 faizinə bərabər
idi. Böhran dövründə isə bu beş böyük bankın
varidatında 8,5 trilyon dollarlıq artım oldu: onların
payı ABŞ iqtisadiyyatının 56 faizinədək yüksəldi.
Beynəlxalq İşçi Təşkilatının (ILO)
2012-ci il “Qlobal Məşğuliyyət Hesabatına” görə,
bu böhrandan sonra 50 milyon nəfər işini itirmişdir.
Hazırda dünyada 1 milyard ac insan vardır.
Qloballaşma prosesində milli və ümumdünya iqtisadi mexanizmləri
öz rollarını da dəyişdirirlər. Belə ki, məlum
olduğu kimi, keçmişdə aparıcı rol milli təsərrüfatlara
məxsus idi. Müasir dövrdə isə dövlətlərüstü
maliyyə- əmtəə bazarları, istehsal- satış
strukturları formalaşdıqca, ümumdünya iqtisadi
münasibətləri bəşəri proseslərin tənzimlənməsində
aparıcı rol oynamağa başlamışlar. Hətta ən
inkişaf etmiş dövlətlərin də ölkədaxili
münasibətləri qlobal iqtisadiyyatın tələblərinə
uyğunlaşmaq məcburiyyəti qarşısındadır.
Bəşəri münasibətlərin tənzimlənməsində
ümumdünya iqtisadi münasibətlərinin aparıcı
amilə çevrilməsi isə, öz növbəsində,
beynəlxalq proseslərdə milli dövlətlərin rolunun
azalmasına gətirib çıxarır. Çünki onlar
milli sərhədlərdən kənarda baş verən və
müstəqil cərəyan edən ümumbəşəri
prosesləri tənzimləmək iqtidarında deyillər.
Bundan əlavə,
milli dövlətlərin
bağladıqları beynəlxalq müqavilələrə
uyğun olaraq, makroiqtisadi tənzimləmələr aparmaq
üçün gömrük sədləri, valyuta tənzimləmələri
və digər ənənəvi vasitələrdən istifadə
etmək hüquqları məhduddur. Onlar beynəlxalq iqtisadi təşkilatların,
nəhəng transmilli şirkətlərin tələblərinə
uyğunlaşmağa məcburdurlar. Başqa sözlə,
qloballaşma prosesində dünya iqtisadiyyatının əsas
hərəkətverici qüvvəsi olan transmilli sənaye və
bank korporasiyalarının gücü və təsir dairəsi
genişlənmişdir. Qlobal iqtisadiyyatın ənənəvi
subyekti olan milli dövlətlər isə müəyyən
baxımdan sıxışdırılmışlar. Onlar
“könüllü” olaraq, bir çox milli hüquqlarından
beynəlxalq hüquq normalarının lehinə imtina
etmişlər.
Lakin bütün
bunlar milli dövlətlərin
rolunun heç də azalması demək deyildir. Əksinə, müasir
dövrdə bəşəriyyətin inkişafının
mühüm xarakterik xüsusiyyətlərindən biri ölkə
daxilində gedən sosial- iqtisadi proseslərin tənzimləyicisi
kimi milli dövlətlərin rolunun durmadan artmasıdır.
Bazar iqtisadiyyatı tələb edir ki, dövlətlər
iqtisadiyyata, ən azı, iki məqsədlə geniş
müdaxilə etsinlər: birincisi, digər ölkələrin
iqtisadiyyatı ilə maksimum rəqabətqabiliyyətli olmaq,
ikincisi isə, maliyyə-kredit kimi yenidən bölgü
mexanizmindən istifadə etməklə ölkə daxilində
yaranan sosial və siyasi gərginliyi mümkün qədər
azaltmaqdır. Məhz həmin funksiyaların genişləndirilməsi
sürətlə artan qloballaşma prosesinin ən
mühüm əlamətlərindən biridir. Bu məsələ
keçid iqtisadiyyatı ölkələri üçün
xüsusən aktualdır.
Həqiqətən, dünya miqyasında mövcud ehtiyatlardan istifadə uğrunda rəqabət
mübarizəsinin əhəmiyyəti və daha da kəskinləşməsi
qlobal miqyas almışdır. Belə bir rəqabət mübarizəsində
təsərrüfat subyektlərinin uduzması nəticəsində
maddi, insani və hətta siyasi ehtiyatların mümkün
itkiləri də çox ciddi və bəzən qlobal əhəmiyyət
kəsb edə bilər. Təsadüfi deyildir ki, qloballaşma
prosesində aparıcı mövqeyə məhz təsərrüfat
subyektlərini məqsədli şəkildə tənzimləyən
dövlətlər çıxa biliblər. Çünki hər
hansı bir ölkədə mövcud olan rəqabət
üstünlüyünü qloballaşma prosesində ən səmərəli
şəkildə həyata keçirmək üçün
ölkənin bütün potensialından yalnız milli
dövlətlər maksimum istifadə edə bilərlər.
Qloballaşmanın real gedişi ölkə
potensialının milli dövlətlər vasitəsilə tam
mənası ilə rəqabət qabiliyyətinin yüksəldilməsinə
yönəldilməsini tələb edir. Dünyanı idarə
edən bir ovuc qlobal gücləri də ən çox qorxudan
məhz budur.
SSRİ dağıldıqdan sonra həmin qlobal güclər üçün
yeni hökmranlıq sahəsi açılmışdır:
“keçid iqtisadiyyatı ölkələri”.
Keçid iqtisadiyyatı ölkələrində
mərkəzləşdirilmiş
planlı iqtisadiyyatdan azad bazar iqtisadiyyatına transformasiya
prosesinin tarixdə analoqu yoxdur və qloballaşma
dövrünə təsadüf etdiyi üçün olduqca
mürəkkəbləşir. Bu ölkələrdə gedən
proseslər iqtisadi münasibətlərin
qloballaşmasının ayrılmaz tərkib hissəsidir.
Qloballaşma dövründə isə dünyanın iqtisadi
inkişafında ciddi dəyişikliklər baş vermişdir.
İnformasiya inqilabı, kapital axınının beynəlmiləlləşməsi
iqtisadi inkişaf modelində dərin keyfiyyət dəyişiklikləri
yaratmışdır.
Ticarətin və maliyyə bazarlarının liberallaşması bu ölkələr
qarşısında yeni perspektivlər açmaqla
yanaşı, yeni problemlər də yaradır. Bu ölkələrdə
ticarətin liberallaşması və maliyyə vəziyyətinin
sabitləşdirilməsi qapalı olan iqtisadiyyatın
açıq iqtisadiyyatla əvəz olunması prosesi ilə
paralel gedir. Bunun nəticəsində, həmin ölkələr
beynəlxalq əmək bölgüsünə daha çox cəlb
edilir və onlarda xarici ticarət dövriyyəsi sənaye
istehsalına nisbətən çox sürətlə
artır.
Xarici investorlar
isə neft- energetika və
maliyyə sahəsində daha çox fəallıq göstərirlər. Bu isə onlar tərəfindən
göstərilən xidmətlərin keyfiyyətinin
yaxşılaşmasına səbəb olmaqla, digər tərəfdən
“asılı kapitalizm” adlanan hadisənin baş verməsi
ehtimalını artırır. Bu asılılıqdan xilas
olmaq və müstəqil siyasət yeritmək istəyən
dövlətlər isə nəhəng qlobal güclərin qəzəbinə
düçar olur. Belə dövlətlərdən biri də
müstəqil Azərbaycandır.
Prezident
İlham Əliyev
2015-ci il oktyabrın 12-də Nazirlər
Kabinetinin iclasındakı çıxışında Azərbaycan
dövlətinin Qərbin ikili standartlarının mənfi təsirlərini
heçə endirməsi xəttini, haqlı olaraq, belə dəyərləndirilmişdir:
“Azərbaycanda düşünülmüş, müstəqil
siyasət aparılır. Biz öz yolumuzla gedirik. Bu yol
inkişaf yoludur, tərəqqi yoludur və bu yolda
böyük nailiyyətlərə imza atmışıq.
Müstəqil siyasət aparmağımız bizə bəzi
problemlər də yaradır. Çünki bu gün
dünyada qütbləşmə göz qabağındadır,
bu proses gedir. Böyük ölkələr öz təsir dairələrini
genişləndirmək istəyirlər və görəndə
ki, dünyada müstəqil, öz sözünü deyən,
heç kimdən çəkinməyən, prinsipial ölkə
var, əlbəttə, bu, onları qıcıqlandırır.
Ancaq bu, bizi narahat etməməlidir... Çünki mənim
üçün əsas məsələ ölkəmizin təhlükəsizliyi,
inkişafı və sabitliyidir. Ona görə, Azərbaycan
bundan sonra da müstəqillik yolu ilə gedəcək.”
Akademik Ramiz Mehdiyev bütün yuxarıda qeyd olunan məsələləri
strateji baxımdan şərh edən və ümumiləşdirən
“Avropa strukturlarının deqradasiyasının mənbələri
haqqında və ya Azərbaycana münasibətdə ikili
standartlar siyasəti” adlı əsərində qətiyyətlə
bildirir: “Azərbaycanın mövqeyi belədir və əgər
onun tərəfdaşları bərabərhüquqlu əməkdaşlıq
etmək istəyirlərsə, bu mövqe ilə
hesablaşmalıdırlar”. Filosof sözünə davam edərək
göstərir: “Heç kəsə lazım olmayan və
saysız- hesabsız qərəzli qətnamələrin təkrarlanması
Azərbaycan kimi müstəqil fəaliyyət kursu
yürüdən dövlətlərin siyasətinə təsir
göstərməyə yönəlib. Lakin Avropa Parlamentinin
deputatları anlamırlar ki, onların ram etmək, qorxutmaq cəhdləri
lap əvvəldən uğursuzluğa məhkumdur və Avropa
İttifaqının vəziyyətini
yaxşılaşdırmaq əvəzinə, daha da pisləşdirir”.
Dünyamalı VƏLİYEV,
AMEA-nın Z. Bünyadov adına
Şərqşünaslıq
İnstitutunun
Qərb-Şərq şöbəsinin
müdiri,
iqtisad üzrə elmlər doktoru
Xalq qəzeti.- 2015.-
27 noyabr.- S.8.