Azərbaycan mədəniyyəti:
inkişafın yeni mərhələsi
Müstəqilliyimizin bərpa
olunmasından ötən dövr ərzində ölkənin
mədəni həyatında baş verən əsaslı
yüksəlişi görməmək mümkün deyil. Bu
yüksəlişin əsasında ulu öndər Heydər
Əliyevin mədəniyyət sahəsində
başladığı islahatlar dayanır. Qeyd edək ki,
ümummilli liderin səyi nəticəsində Azərbaycanın
milli-mənəvi sərvətləri, xalqın
yaratdığı maddi və mənəvi dəyərlər
onun özünə qaytarıldı. Ümummilli lider deyirdi:
“Xalq bir cox xüsusiyyətləri ilə tanınır,
sayılır və dünya xalqları içərisində
fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi,
ən böyüyü mədəniyyətdir.”
Mədəniyyət və incəsənətin bir çox sahələri və köklü problemləri haqqında irəli sürdüyü qənaətlərində Heydər Əliyev xalqımızın mənəvi simasına güzgü tutan dəyərlərin təbliğini milli ideologiyanın, bütövlükdə, azərbaycançılıq ideologiyasının vacib və zəruri komponentlərindən biri olmaq şərti ilə ön plana çəkir, mədəniyyəti milli dövlətçilik məfkurəsinin başlıca tərkib hissələrindən biri sayırdı. Ulu öndər yaxşı bilirdi ki, sabahkı uğurlara yeganə təminat sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır.
Bu böyük şəxsiyyət mədəniyyəti xalqın tükənməz sərvəti hesab edirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan ulu öndər deyirdi: “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan mədəniyyəti sürətli inkişaf yoluna çıxarıldı. Dövlət başçısı qətiyyətlə bildirmişdir ki, “Qloballaşan dünyada Azərbaycan Respublikası və azərbaycanlılar özünün maddi-mənəvi və intellektual potensialına uyğun layiqli yer tutacaqlar”. Prezidentin bu uzaqgörən bəyanatı artıq real həllini tapmışdır. Xalqın iftixar mənbəyi olan mədəniyyətin çiçəklənməsi, yeniləşməsi prosesi get-gedə daha böyük vüsət alır. 2003-cü ildən sonra xalqın milli-mənəvi dəyərlərinə dövlət qayğısı ilbəil artdı, mədəniyyətin çiçəklənməsi, yeniləşməsi prosesi davam etdirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyətdə olduğu illərdə mədəniyyətimizin maddi-texniki bazası möhkəmlənmiş, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafına diqqət artırılmış, Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Son illər Azərbaycan mədəniyyətlərarası dialoq sahəsində çox mühüm tədbirlərin təşkilatçısı və iştirakçısı olmuşdur. Belə dialoqların aparılması Azərbaycan mədəniyyətinin beynəlxalq əlaqələrinə çox güclü təsir göstərir, onu yaxından tanıyırlar. Bu isə müstəqil Azərbaycanın dünyada həm də yüksək sivil ölkə kimi imicini möhkəmləndirməsinə imkan verir.
Mədəni həyatımızın zənginləşməsində Prezident İlham Əliyevin sərəncamları ilə təsdiq olunmuş dövlət proqramları əhəmiyyətli rol oynadı. Bu proqramların qəbul olunması onu göstərirdi ki, dövlətimiz milli mədəniyyətimizin qorunmasını, təbliğini və gələcək nəsillərə çatdırılmasını inkişafımızın prioritetlərindən hesab edir. Həmin proqramların bir xüsusiyyəti də bundadır ki, onlar bütövlükdə mədəniyyəti deyil, onun ayrı-ayrı sahələrini əhatə edir.
“Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” 10 illik bir dövr ərzində milli kinomuzun inkişafına xidmət edir. 2007-ci il fevralın 20-də Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” sərəncamı ilə təsdiq olunmuş bu proqram kinomuzun inkişafına təkan vermiş və bu illər ərzində “Buta”, “Tərsinə çevrilmiş dünya”, “Əlavə təsir”, “Vəkil haradadır?”, “Nabat” filmləri, müstəqil kino şirkətlərində isə “Sahə”, “Ölüm növbəsi”, “Aktrisa”, “Kabusun gözüylə” filmləri çəkilmişdir. Tamaşaçıların rəğbətini qazanmış “Qisas almadan ölmə”, “Ondan yaxşı qardaş yox idi”, “Mən evimə qayıdıram”, “Dolu”, “Canlı” bədii filmləri ərsəyə gəlmişdir. Bu günlər Azərbaycan filmlərinin nüfuzlu beynəlxalq kinofestivallarda uğurla nümayiş etdirilməsi milli kino sənətimizin uğurlarından xəbər verir.
Prezident İlham Əliyevin kitab və kitabxana işinə dair 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları böyük strateji əhəmiyyət kəsb edir. Dövlət rəhbəri, həmçinin “2007-2008-ci illərdə Azərbaycanda kitabxana fəaliyyətinin yaxşılaşdırılması haqqında” və “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında" sərəncamlar da imzalamışdır. Bu sərəncamın nəticəsidir ki, son illərdə istər klassiklərimizin, istərsə də dünya klassiklərinin əsərləri latın qrafikasında nəşr olunmuş və elektron kitabxana sistemi yaradılmışdır.
Ölkəmizdə 2008-2012-ci illəri əhatə edən “Muzey işinin inkişafına dair Dövlət Proqramı” qəbul edilməsi ilə yanaşı, ölkə başçısı muzeylərin yenidən qurulması ilə bağlı müxtəlif fərman və sərəncamlar imzalamışdır. Adıçəkilən Dövlət Proqramına uyğun olaraq Tarix və Ədəbiyyat muzeylərində təmir-bərpa işləri aparılmış, şərqdə analoqu olmayan Xalça Muzeyinin yeni binası istifadəyə verilmişdir.
Son illər ərzində respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında baş vermiş əlamətdar hadisələrin, inkişafın müsbət təsirinin bariz nümunəsi kimi milli teatr sənətinin dinamik inkişafını da qeyd etməmək mümkün deyil. Belə ki, 2009-cu ildə Prezidentin sərəncamı ilə təsdiq olunan “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı milli teatr sənətinin inkişafında əhəmiyyətli rol oynayır. Proqram və proqramlarda nəzərdə tutulan islahatlar daha çox cari məqsədlərə deyil, strateji niyyətlərə yönəlmişdir. Bu islahatların mütərəqqi xarakteri, milli teatr prosesinin inkişafına əhəmiyyətli təsiri heç birimizdə şübhə doğurmur. Bu istiqamətdə həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Dövlət Proqramı teatrlarımızın inkişafına, repertuar siyasətinin günün tələblərinə uyğun yeniləşməsinə, zəngin klassik irsin qorunub təbliğ olunmasına, teatrın yeni yaradıcı qüvvələrlə zənginləşməsinə güclü stimul yaratmışdır.Teatrlarımızın binaları əsaslı təmir olunmuş, onların tərtibatı müasir standartlara uyğunlaşdırılmışdır. Regionlarda da teatr sahəsinə diqqət artırılmış, yaradıcı potensial xeyli gücləndirilmişdir.
2012-ci ildə qəbul olunmuş və ölkəmizin həyatının bütün sahələrdəki prespektivləri müəyyənləşdirən “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasının, eləcə də Prezidentin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və müvafiq fəaliyyət planının uğurlu icrasının bariz nümunəsi və son illərdə xoreoqrafiya sənətinin inkişafına olan böyük diqqətin nəticəsidir ki, 30 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyası yaradıldı. Bu Akademiya Azərbaycan Respublikasında xoreoqrafiya sənəti ənənələrinin qorunması və inkişaf etdirilməsi zərurətini nəzərə alaraq, bu sahə üzrə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə təsis edilmişdir. Burada görüləcək işlər hələ çoxdur. Akademiyanın maddi-texniki vəziyyətinin müasir tələblərə cavab verməsi üçün dövlət səviyyəsində qərar verilməsi məqsədəuyğun olardı. Biz inanırıq ki, yaxın vaxtlarda belə bir qərar qəbul olunacaq və xoreoqrafiya sənəti üzrə Şərqdə ilk tədris ocağı olan Bakı Xoreoqrafiya Akademiyası milli xoreoqrafiya ənənələrini qorumaqla yanaşı, müasir dünyamızın tələbləri səviyyəsində yüksək ixtisaslı kadrlar hazırlayacaq.
Azərbaycan çoxəsrlik tarixə malik maddi mədəniyyət nümunələri ilə zəngin bir ölkədir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ölkə ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü 2001-ci ildə təsdiq edilmiş, yeni aşkar olunmuş abidələr mütəmadi olaraq daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına əlavə olunmuşdur. Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı isə Prezidentin 2013-cü il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmişdir. Hazırda Azərbaycan Respublikasının ərazisində bir çox tarix və mədəniyyət abidələri dövlət tərəfindən mühafizə olunur. Eyni zamanda, dövlət tarix-mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruqları fəaliyyət göstərir.
Təəssüf ki, tarixən Azərbaycanın mədəniyyət nümunələri milli, məhəlli münaqişələrin qurbanlarına çevrilməkdən sığortalanmayıb. Hər dövrün özü ilə gətirdiyi “səmum yeli” onların bir çoxunun daşını daş üstə qoymayıb. Ötən əsrin əvvəllərində və sonlarında ermənilərin məkrli, çirkin siyasəti nəticəsində yer üzündən silinən abidə və məbədlərimiz də az olmayıb. Həmin abidələr Azərbaycan xalqının tarixi və mədəniyyətinin zənginliyini və qədimliyini özündə əks etdirdiyi üçün belə qəddarcasına, vəhşicəsinə Yer üzündən silinmiş və ya erməniləşdirilmişdir. Belə ki, işğal olunmuş ərazilərdə qalan tarix-mədəniyyət abidələrini ya dağıdaraq izlərini silir, ya da onları erməni abidələri adı altında saxtalaşdırır. Maddi mədəniyyət nümunələrinin arasında təkcə Şuşa, Laçın və Qubadlının deyil, o cümlədən Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Kəlbəcərin ərazilərindəki sərvətlərimiz ya dağıdılmış, ya da ki, Ermənistana daşınmışdır.
İşğal altındakı Azərbaycan ərazilərində tarix-mədəniyyət abidələrinin kütləvi məhvi və saxtalaşdırılması 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına (Hərbi konfliktlər zamanı mədəni dəyərlərin qorunması haqqında maddə) ziddir. Konvensiyaya əsasən, hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətlərin qarşısında vəzifə kimi qoyur. Həmçinin işğal ərazilərində tarix-mədəniyyət abidələrinin dağıdılması və saxtalaşdırılması UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” konvensiyasının pozulmasıdır. Maddi irsimizlə yanaşı çoxəsrlik tarixi olan Azərbaycan mətbəxinin və digər qeyri-maddi sərvətlərimizin erməniləşdirilməsi siyasəti artıq neçə illərdir ki davam edir.
Bəşər mədəniyyətinin tərkib hissəsi olan maddi-mənəvi irsin qorunması beynəlxalq əhəmiyyət kəsb etdiyindən, onların mühafizəsi bu gün diqqət mərkəzindədir. Azərbaycan dövlətinin yürütdüyü humanitar siyasət nəticəsində respublika ərazisindəki mövcud tarixi, dini və mədəniyyət abidələrinin aşkar edilməsi və mühafizəsi istiqamətində çox böyük və məqsədyönlü layihələr həyata keçirilir ki, bu işdə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Məhz bu fondun reallaşdırdığı bir sıra regional, yerli və beynəlxalq layihələr əsasında xalqımızın maddi-mənəvi sərvətlərinin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması xüsusi fəaliyyət proqramına çevrilib. Bu gün maddi və mədəniyyət nümunələrimizin bir qismi UNESCO-nun dünya mədəni irs siyahısına salınmışdır.
Heydər Əliyev Fondu tərəfindən yaradılan “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisindəki “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi Azərbaycanın tarixi keçmişini qoruyub saxlamaqla yanaşı, qoruğun turizm mərkəzlərindən birinə çevrilməsinə imkan yaradır. Ötən müddət ərzində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun və “Qobustan” Milli Tarix-Bədii Qoruğunun ərazisində yerləşən abidələrin qorunması təmin edilmiş, əraziləri abadlaşdırılmış və yeni turizm marşrutları müəyyən olunmuşdur. Bu qoruqlar müasir tələblərə cavab verən turizm obyektlərinə çevrilməkdədir. Son illər ərzində Azərbaycan Respublikasının ərazisində “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğu, “Atəşgah məbədi” dövlət tarix-memarlıq qoruğu, “Keşikçidağ” dövlət tarix-mədəniyyət qoruğu və “Xınalıq” dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu yaradılmışdır.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanımın gərgin səyləri nəticəsində bu gün maddi və mədəniyyət nümunələrimizin bir qismi UNESCO-nun dünya mədəni irs siyahısına salınmışdır. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə indi muğama, aşıq və vokal sənətlərinə çox böyük diqqət yetirilir. Ötən illərin səs yazıları yenidən bərpa olunur, disklər, albomlar buraxılır. Xarici ölkələrdə UNESCO-nun xətti ilə dəfələrlə milli sənətimizin ən müxtəlif sahələrinin təbliğatına həsr olunan genişmiqyaslı tədbirlər keçirilir, konsertlər, sərgilər təşkil edilir. Bir sözlə, mədəniyyətimizə qayğı və diqqət dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşib.
Azərbaycan bu günlər mühüm beynəlxalq tədbirin keçirilməsinə hazırlıq işlərini davam etdirir. BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu gələn il aprelin 25-26-da Bakıda keçiriləcəkdir. Bununla bağlı Prezidentin sərəncamı ilə Təşkilat Komitəsi yaradılmış və hazırlıq işləri davam etməkdədir. İnanırıq ki, bu tədbir də Azərbaycan mədəniyyətinin təbliğində, mədəniyyətimizin beynəlxalq aləmə inteqrasiyasında əhəmiyyətli rol oynayacaq.
Bəli, bu gün Azərbaycan öz mədəniyyəti ilə dünyanı fəth edir. Ölkəmizin qüdrəti artdıqca milli-mənəvi dəyərlərimizin də inkişafı, təbliği və qorunması işinə diqqətin daha da artırılacağı şübhəsizdir.
Timuçin ƏFƏNDİYEV,
professor, Əməkdar elm xadimi,
Əməkdar incəsənət
xadimi
Xalq qəzeti.- 2015.- 27 noyabr.- S.11.